2-ci Mühazirə/Lecture 2
A
Yunanlar. Elmi məktəblər
Avropanın cənub-şərqində, Ege sahillərində və Kiçik Asiyanın (Asia Minor)
qərb (Ege) sahillərinə İoniya, Doria və Aeoliya adlı üç yunan tayfası köç edib
məskən saldılar. Yunan şəhərlərini/polislərini müəyyən kollektiv (xalqın, daha
doğrusu kübarların) idarəetməsi olan, hökmdarların hökmünün mütləq
olmadığı kiçik dövlətlər adlandırmaq olar. Dənizçlik və ticarətdə finikiyalılar
zəiflədi, onların yerini yunanlar tutdu. Yunanlar, belə görünür ki,
finikiyalılardan yazı sistemini-əlifbanı da mənimsədilər; finikiyalıların
samitlərdən ibarət hərflərinə saitlər əlavə etdilər. Ümumiyyətlə, əlifbanın
Misir-Babilistan arası bir yerdə yarandığını güman etmək olar (başqa variant
gözə dəymir, daha doğrusu, ağla gəlmir). Şəhərlər liman və ticarət
mərkəzlərinə çevrildilər. Bir şəhərdə işi düz getməyən, hokmdarın və ya güclü
bir dəstənin qəzəbinə keçən ağıllı adam başqa yunan şəhərinə gedə bilirdi
(Renessans və sonrakı dövr Avropasında olduğu kimi). Mərkəzləşmiş avtoritar
dövlətlərdə bu mümkün olmur. Yunan dini insanların həyat tərzini özündə əks
etdirən bir din idi, ehkamçı deyildi. Bu dində tanrılar güclü olsalar da, insanlar
onlarla razılaşmaya bilir, mübarizə edirlər (İbrahimi dinlərlə müqayisədə
yunanların Tanrılar panteonunda demokratiyaya yer verilirdi – belə demək
mümkündür.
Kiçik Asiya sahillərində və İtaliyanın cənubunda məskən salan yunanlar əsasən
azad insanlar idilər, mədəniyyət və texniki inkişafda digər yunan məskənlərini
qabaqlayırdılar. Misirdə və qismən də Babilistanda intellektual həyat əsasən
kahinlərin əlində cəmləşmişdi. Orada əhalinin əsas hissəsi kəndlilər idi,
suvarma sistemi inkişaf etmişdi, hakimiyyət güclü mərkəzdə cəmləşmişdi.
Yunanlarda isə elm əsasən dünyəvi xarakter daşıyırdı.
Qədim dövr əsərlərin böyük əksəriyyəti bizə gəlib çatmayıb. Aristotelin (və
bəzi digər filosofların) əsərlərində əvvəlki dövr alim və filosoflardan söhbət
açılsa da, onlar tam deyil və Aristotel onlardan “öz nüfuzunu möhkəmlətmək
üçün istifadə edirdi və onun məlumatları nadir hallarda tam obyektiv idi”
(A.Pannekuk, səh. 108).
Mərkəzdə yer tutan İoniya (şimalda Aeollia, cənubda Doria) öz zəka qüdrəti ilə
seçilirdi. Yunanıstanda mitosdan (Homer, Hesiod) loqosa keçid (ilk filosoflar)
baş verdi. Homer möcüzə deyil, mif şairi idi. Hesiod filosof deyildi, amma
fəlsəfi düşüncə sahibi idi! İlk Yunan olimpiadası (-776) Homer-Hesiod dövrünə
yaxın bir vaxtda baş tutdu – belə demək mümkündür; Homerin nə vaxt
yaşadığı mübahisəlidir, daha çox “-8”-ci və “-7”- ci əsrlər deyilir, daha əvvəl
də tam istisna olunmur, Hesiod haqqında “-8”-_ci əsrin ikinci yarısı və “-7”-ci
əsrin birinci yarısı tarixi üzərində durulur. İlk filosoflar (Fales, Anaksimandr,
Anaksimen,Pifaqor) İoniyalı (ilk üçü Miletus`lu, sonuncu-Samoslu) idi,
“tarixin atası” Herodotus Dorianlı (Halikarnas, indiki Bodrum, Türkiyə) olsa
da, kitabını İoniya ləhcəsində yazmışdı. Fales suyu, Anaksimen havanı əsas
element (hər şey əsas elementdən alınır) sayırdılar. Ünsür/element sözünü ilk
dəfə Platonun işlətdiyi güman olunur.Kainatın quruluşu, bilik və hisslərin
məhdudluğu barədə mülahizələr söyləyən İoniya filosofları daha genişəhatəli
və daha dərin klassik yunan fəlsəfəsinə və elminə yol açdılar. Fales və Pifaqor
“ilk” filosof-riyaziyyatçılar sayılırlar, yunan ənənəsi bunu deyir. Lakin Fales və
Pifaqordan əsərlər qalmayıb (“ilk” şairlərdən-Homer və Hesiod`dan fərqli
olaraq!). Fales və Pifaqora aid edilən riyazi nəticələrin və fəlsəfi ifadələrin
məhz onlara məxsus olduğunu sübut edilmir, ikinci halda sanki
“Pifaqorçular”ın müəlliflik haqqı Pifaqordan az deyil (Aristotel`in fikri də
buna yaxındır).
Kiçik Asiyadakı şəhərlər arasında Miletus həm iqtisadi-siyasi (onlar Qara
dəniz, Kiçik Asiyanın qərb sahilləri, Yunanıstanla Qara dəniz arası/Hellespont
və Nil sahillərində koloniyalar qurdular), həm də elmi cəhətdən birinci oldu
(Miletus- İoniya-Kiçik Asiya Məktəbi). Miletuslu filosofları Aristotel
fiziklər (fizikoi/physikoi) adlandırırdı (yəni təbiətşünas!), onlar təbiəti fövqəl
olmayan vasitələrlə öyrənirdilər, dini olmayan (elmi) baxışlar ortaya atırdılar.
Pifaqordan sonra Cənubi İoniya Məktəbivə ya Magna Graecia
Məktəbiadlandıra biləcəyimiz digər filosoflar –Ksenofan (Xenophanes),
metafizik məntiqin əsasını qoyanParmenid və Zeno, həmçinin Empedokles
İtaliyanın cənubunda və Siciliya adasında (yunanların məskən saldıqları Böyük
Yunanıstanda/Magna Graecia`da)fəaliyyət göstərirdilər
.
Onlar xüsusi halda
hərəkətin nə olduğunu, bu barədə paradoksları araşdırır, təbiətlə təmasda
hisslərin rolunu anlamağa çalışırdılar.
Milet-İoniya məktəbinin son böyük nümayəndəsi sayılan filosof/fizik
Anaksaqoras (Clazomenae şəhərindən) Afinaya gələn (20 yaşında) və orada
fəaliyyət göstərən ilk məşhur filosof sayılır. Milet yunan dünyasının ən şərqi
idi, Şərqlə (Misir, İkiçayarası,...) təması ən güclü olan bölgəsi idi; Şərqin şəfəqi
bura tez çatırdı. Yunanlar elmi başlamadılar, onlar elmə deduktiv güc verdilər,
sistemli elmi metod yaratdılar, bəzəkli və cazibəli mif dünyasını mücərrəd
fəlsəfi düşüncə (fəlsəfi spekulyasiya) və elmi düşüncə ilə əvəz edib fəlsəfi və
riyazi sistemlər qurdular.
Yunanlar da Misirlilər və Mesopotamiyalılar kimi ədədləri yazı sistemi ilə, bu
halda öz əlifbaları ilə ifadə edirdilər. Əvvəlcə 1, 2, 3 və 4 rəqəmləri uyğun
sayda vertikal xətlərlə, 5 rəqəmi Π və ya Γ hərfi ilə, 6, 7 (Γ I I), 8 və 9 hərfinin
yanında (sağ tərəfində uyğun sayda vertikal xətlərlə ifadə edilirdi. 10, 100,
1000, 10000 üçün də xüsusi hərflər istifadə olunurdu. 50 rəqəmi Γ və onun
altında 10-u göstərən (kiçik ölçüdə) işarə ilə göstərilirdi (yəni 50 = 5 ∙10). 500,
5000 və 50000 bənzər şəkildə ifadə edilirdi. Buna Attik rəqəm-işarə sistemi
deyilir. Roma rəqəmləri bənzər ideya üzərində qurulmuşdu. Hardasa “-3” -cü
əsrdə tamamilə əlifba üzərində qurulan yeni bir rəqəm-işarə sistemi meydana
çıxıb hakimiyyəti ələ aldı; buna İonia işarələmə sistemi deyilir (bu sistem daha
əvvəl mövcud olsa da, o vaxt əsasən Attik sistem işlədilirdi). 1-dən 9-a kimi
rəqəmləri, onluqları (10,...,90) və yüzlükləri (100,...,900) ifadə etmək üçün 27
hərfə ehtiyac yaranır (digər rəqəmlər bu daxil olunanların vasitəsilə ifadə edilə
bilir). Yunan əlifbasında cəmi 24 hərf vardı, lazım olan daha üç işarə üçün
köhnədən mövcud olub əvəz olunan əlifbanın üç hərfindən istifadə olundu (6,
90 və 900 rəqəmləri üçün). 1-dən başlayıb bir-bir artan rəqəmləri işarə edən
hərflər əlifba sırasına əsasən seçilmişdi (1, 2, 3, 4,...üçün uyğun olaraq Α, Β, Γ,
Δ,...; 700, 800, 900 üçün uyğun olaraq Χ, Ψ, Ω işlənilirdi). Minliklər üçün
(1000,...,9000) üçün 1,...,9-u ifadə edən hərflərin yanına (əsasən sol aşağı
küncünə) bir cizgi/ştrix qoyulurdu, 10000-dən böyük rəqəmləri ifadə etmək
üçün 10000-dən əvvəl gələnlərin sağına bir nöqtə qoyub nöqtənin sağına təbii
düzülüşdə sonrakı hərflər yazılırdı. Əvvəllər yunan yazısı ancaq baş hərflərdən
ibarətdi, sonralar kiçik hərflər də daxil edildikdə, İonia rəqəm-işarə sistemi də
kiçik hərflərlə ifadə olundu. Məsələn, 333 ədədi İonia sistemindəbelə yazılır:
τλγ (γ=3, λ=30,τ=300).
B. İlk yunan (Miletli) fizik-filosoflar
Pifaqor və onun yaşca böyük müasiri, yunanların ilk filosofu və elm adamı
sayılan Miletli Fales (t.“-624”- t.“-546”) Misir və Babilistana uzunmüddətli
səfərlər etmiş, oralarda (xüsusilə Misirdə) yaşamış, oradan Yunanıstana elm və
bilik (və mistik görüşlər) gətirmişlər (Falesin Misirə getməsi və həndəsi
teoremlərinin olması haqqında Eudemos məlumat vermişdir). Fales
həndəsəsinin, demək olar ki, tamamilə Misir həndəsəsi olduğu fikri
mütəxəssislər tərəfindən qəbul edilib. Ənənəyə görə Fales`in dairə və üçbucaq
haqqında bəzi teoremləri olub və ya o, Misirdən gətirdiyi riyazi xassələri
deduktiv yolla isbat etməyə çalışıb. Deduktuv riyazi üsulun tətbiqi xeyli
sonralara (təqribən iki əsr sonraya) aid olduğu üçün “Fales teoremləri”
haqqında fikirlər folklora yaxın sayıla bilərlər. Fales`in siyasətlə məşğul
olduğu, iş adamı kimi fəaliyyət göstərdiyivə dövlət xadimi olması haqqında
rəvayətlər mövcuddur. Fales haqqında əfsanə olmayan doğru məlumat yox
dərəcəsindədir. Diqqətə layiq məlumat Falesin Midiya və Lidiya arasındakı
savaş zamanı günəş tutulmasını (“Ay Günəşlə Yerin arasına girdi”) öncədən
xəbər verməsidir. “-585”-ci il 28 mayda baş verən bu hadisə (Herodot: “gündüz
gecəyə döndü”), deyilənə görə, Falesin məşhurlaşmasına səbəb olmuşdu
(savaşan tərəflər qorxub sülh sazişi bağlamışdılar!). Falesin bu Günəş
tutulmasını doğrudan da öncədən xəbər verə bilməsi çox da ağlabatan deyil.
Bəziləri Falesin Babilistan astronomiyasından bəhrələnərək Günəş tutulmasını
öncədən xəbər verə biləcəyini deyirlər. “O (Fales) nəyin çətin olduğunu
soruşana “özünü tanımaq”, nəyin asan olduğunu soruşana isə “başqasına ağıl
vermək”deyə cavab vermişdir (L. Diogenes). Falesin fəlsəfi-elmi fikri hər
şeyin sudan yarandığını (Kainatın “arxe”si/kökü/cövhəri/ana maddəsi sudur)
söyləməsidir; üstəlik, dünya suyun üzərində üzür (Aristotel). Buna bənzər
fikirlərə Mesopotamiya və yunan mifologiyalarında da rast gəlinir. Fales 7
müdriklərdən biri (birincisi) idi; bu müdriklərin içində Afina qanunlarının
müəllifi sayılan Solon da vardı. “Fales zamanından uzaqlaşdıqca, qədim
müəlliflər daha səxavətlə onun ayağına riyazi və astronomik kəşflər
yazıblar”
(O. Neugebauer, səh. 144).
Milet-Kiçik Asiya məktəbinin Falesdən sonrakı (və Falesin yaşca kiçik dostu
və tələbəsi) “fizik”i Miletli Anaksimandros(“-610”-“-547”)olub. Ənənəyə
görə Anaksimandr şifahi söhbətlərlə kifayətlənməyən, yazan ilk məlum filosof
sayılır. İlk məlum dünya (ecumenos) xəritəsinin müəllifi olub (ənənəyə görə).
(Miletli Hekateus daha geniş və dəqiq məlum dünya xəritəsinin müəllifi
sayılır; o, öz xəritəsinə bəzi ölkə və bölgələr haqqında bilikləri də əlavə
edibmiş). Xəritədə bir qapalı iç su, yəni Aralıq dənizi, onun ətrafında torpaq,
yəni yunanlara məlum olan Avropa, Afrika və Asiya bölgələri və torpağı hər
tərəfdən əhatə edən su, yəni okean göstərilibmiş. Anaksimandr başlanğıc təməl
maddəni, arxe`ni apeiron (kəmiyyətcə sərhədsiz, hüdudsuz, keyfiyyətcə qeyri-
müəyyən demək olduğu güman edilir) adlandırmışdı (yəni heç bir xüsusi
keyfiyyətə malik olmayan universal maddə?!). Apeiron daimi hərəkətdədir və
bu zaman bir haldan digərinə keçə bilir. Apeyrondan iki əkslik – isti və soyuq,
onların təmasından isə su əmələ gəldi. Suyun quruması od, torpaq və havanın
əmələ gəlməsinə səbəb oldu. Anaksimander kainatda bir-birinə zidd olan şeylər
arasında mübarizə getdiyinə işarə vurmuş, dünya haqqında fikirlərində
tanrılara xüsusi yer ayırmamışdır. O, çox mühüm fikir ortaya atdı: göy qübbəsi
çox böyük, yer müstəvisi isə kiçikdir. Buna görə yerin kənarları-üfüq göyə
dirənmir, hava ilə əhatə olunmuş Yer fəzada sərbəst asılmışdır (yəni yerin
altında da başımızın üstündəki göy qübbəsinə bənzər şey var). Yer silindrik
şəkildədir (hündürlüyü enindən üç dəfə kiçik), üstəlik, Göy qübbəsinin hər
nöqtəsindən
(
bütün səma cisimlərindən) eyni uzaqlıqdadır, nə aşağı, nə yuxarı
uça bilməz və dünyanın mərkəzində “müvazinətdədir”. Bununla dünyanın da
sferik şəkildə olduğu irəli sürüldü. Bu, Falesdən xeyli irəliyə getməkdir; bu
halda Günəşin qərbdə batıb şərqdən çıxmasını da izah etmək olurdu: Günəş
qərbdən silindrin altından keçməklə şərqə gəlir. Kainatın mərkəzində duran
“Yerin hərəkət etməst üçün bir əsas yoxdur” (Aristotel bu fikirlərə etirazını
maraqlı bir bənzətmə ilə bildirir: bir adam bütün yeməklərin ondan eyni
məsafədə olduğunu görüb yerindən tərpənməyə əsas görmədiyi üçün acından
ölməli imiş. De Caelo. Bax: “Buridan eşşəyi” ideyası Aristoteldə
varmış!).Anaksimander`ə görə əvvəllər torpağın üzəri su ilə örtülü imiş. Həyat
suda başlayıb, sonra torpaq üzərinə çıxıb. O, canlıların təkamülü haqqında
fikirlər söyləyib, “İnsan ilk əvvəl indiki kimi olsaydı, o heç vaxt sağ qalmaz,
yaşaya bilməzdi” (Plutarx). Buna bənzər görüşlər (balıq-insanlar,
amfibiyalar!?) qədim Babillərdə də olub, Anaksimander`in onlardan öyrənə
biləcəyi istisna olunmur. Anaksimander`in bəzi astronomik hesablamalara baş
vurduğu deyilir. Neugebauer`in “Yerin sferik şəklinin kəşfi səmanın sferik
olması və səma cisimlərinin dairəvi hərəkəti fikrinə gətirib çıxarmalı idi” fikri
(N. səh. 154)
, zənnimcə, doğru deyil, səma cisimlərinin dairəvi hərəkət
etdiklərini müşahidə etmək sanki daha sadə və aydın görünür, Yerin kürə şəkilli
olması isə “sağlam düşüncə”nin nəticəsi kimi alınmır. Anaksimandr Kainatın
sferik şəkildə olduğuna gəlib çıxmış, lakin Yerin silindrik şəkilli olduğunu
düşünürdü.
Anaksimen (“-585”-“-528” ) Anaksimanderin dostu və tələbəsi sayılır. O, hər
şeyin havadan əmələ gəldiyini söyləyirdi; od, külək, bulud, su, torpaq və daş,
ümumiyyətlə hər şey isti və soyuq havanın müxtəlif sıxlıq və seyrəkliyi,
kondensə olunması nəticəsidir (sıxlaşan hava soyuq, seyrəkləşən hava isti
əmələ gətirir; su və torpaq havanın sıxlaşması, od-alov havanın
seyrəkləşəməsinə borcludur). Burada kəmiyyətin keyfiyyətə keçməsi fikrini
görmək mümkündür! Onun səma haqqında təsəvvürləri də çox sadəlövh idi
(bugünün baxımından). Anaksimen Yeri düz, müstəvi, “havada bir yarpaq kimi
üzən”şəkildə təsəvvür edirdi (Anaksimander`ə görə geriləmə). Ruh insanı
saxlayan kimi hava və nəfəs də dünyanı əhatə edir. Hava özü (təbii halda)
görünmür, ancaq hərəkət, nəm, soyuq və isti onu görünən edir. O, hərəkəti
əbədi sayır və dəyişmələrin səbəbi olduğunu deyirdi. Anaksimandr və
Anaksimenin sadəlövh fizikası Miletli Falesə aid edilən kəşflərə qarşı təbii
olaraq şübhə doğurur. Lakin Anaksimen`i planetlərlə digər ulduzlar arasında
fərqi görən ilk yunan filosofu sayanlar var. Anaksimen in maraqlı fikri qeyd
olunmalıdır: Günəş öz işığına malikdir, Ay və bir çox digər səma cisimləri
Günəş işığını əks etdirməklə işıqlı görünürlər. Anaksimander`in poetik,
Anaksimen`in bəlağətdən kənar sadə yazı üslubu olduğu deyilir (L. Diogenes).
Hava və suyun dəyişməsi göz qabağında olduğu halda, torpağın dəyişkənliyi
görünmür; yəqin bu səbəbdən ilk filosoflar torpağı ilk maddə kimi
götürməyiblər.
C. Heraklit
Sonrakı nəsildən Heraklit/Herakleitos (?”-540”-“-480“) Miletusdan bir az
şimalda-Efesus`da doğulmuşdu. Odu/Atəşi - ən dinamik maddəni əsas element
sayan, Heraklit “bu dünyanı tanrılar və insanlardan heç biri yaratmamışdır; o
hər zaman od/atəş olmuşdur, indi atəşdir və hər zaman atəş olaraq qalacaqdır”
deyir (“Kosmosu heç bir Allah və ya insan yaratmayıb, o, həmişə gah
alovlanan gah da sönən əbədi canlı od olub. Belədir və belə də olacaq”). Yanan
şeylər dəyişir (yanıb alov olur), yandıran alov özü isə dəyişmir! Əksliklərin
mübarizəsi dünyanın ahəngini müəyyən edir. Heraklit həm də dialektikanın
banilərindən biri sayılır; “hər şey axır və hərəkət edir, dayanan heç nə yoxdur”,
“eyni çaya heç vaxt iki dəfə girmək mümkün deyil” (“çünki... su o su deyil,
dəyişib, hər zaman yeni sular gəlir”). Platona görə eyni çaya heç bir dəfə də
girilməz, çünki hər şey hər an dəyişir, eyni olan heç nə yoxdur. Heraklit
arasıkəsilməz dəyişmənin dünyada hakim olduğunu, əsas prinsip olduğunu irəli
sürürdü. Təbiətdəki nisbi qərarlılığı (dünyanın ahəngini), görünən sifətini o,
əksliklərin mübarizəsi, əks qüvvələrin tarazlılığı (müvazinəti, balansı) və bu
mənada əksliklərin vəhdəti ilə izah edirdi. “Savaş hər şeyin atası və
hökmdarıdır. O, bəzilərini Tanrı, bəzilərini insan edər, bəzilərini kölə, bəzilərini
azad edər”. Anaksimander`ə görə əksliklərin savaşi haqsızlıqdır, Heraklitə görə
isə əksinə, haqqın və ədalətin özüdür, “hər şey savaşla doğulub savaşlaortadan
qalxar”. “İnsanların arzu etdikləri hər şeyi əldə etmələri yaxşı deyil”. Gerçəyi,
ətrafı hər zaman görməyə çalışmaq lazımdır, “təbiət gizlənməyi sevir”, “oyaq
olanların dünyası ortaqdır, amma yatanların hər biri öz dünyalarına dönür”.
Heraklitus hisslərin aldadıcı ola biləcəyini deyir, hisslərə deyil, idraka (Loqosa)
əsaslanmağı zəruri sayırdı. Duyğuların özündən çox onların yozumu, təhlili
mühümdür, “gözlər və qulaqlar insan üçün pis şahidlərdir - əgər onlar barbar
ruhlara sahibdirlərsə”. Yaxşı və pisin, doğru və yalanın nisbi olduğunu deyir,
“dəniz suyu ən təmiz və ən çirklidir; balıqlar onu içə bilir və onlar üçün o
xilasedicidir, bunun əksinə, insanlar üçün o içilməz və öldürücüdür”. Paradoks
və sirli-müəmmalı-tapmaca şeyləri (puzzle) sevdiyi üçün müasirləri onu
paradoksoloq və ya qaranlıq/zülmət/tutqun Heraklit adlandırmışdılar.
Kübarlıq tərəfdarı olan Heraklit demokratiya deyilən quruluşu heç sevmirmiş,
hətta ona düşmən olduğu deyilir. “Doğru olan tək bir şəxsin iradəsinə itaət
etməkdir”. “-549”-dan sonra İoniya (Kiçik Asiya sahilləri) get-gedə perslərin
əlinə keçməyə başlamışdı), “-479”-da Milet də təslim olmuşdu. Lakin bu dövr
perslər tərəfindən şəhərlərə özünüidarə haqqı, idarəetməli olanları seçmək
haqqı tanınmışdı.
Heraklitin dili nəsr olmaqla ifadəsi gözəl, atmacalı, qısa və mənalı, poetik,
bəzən də çətin anlaşılandır (Nietzsche`nin “Zərdüşt belə demişdi” əsərinin dili
ilə Heraklit`in dili arasında yaxınlıq müşahidə edənlər var). Heraklit filosof idi,
təbiətşünas kimi güclü deyildi.
D. Pifaqor və Pifaqor məktəbi. Magna Graecia məktəbi
Pifaqor məktəbi Yunanıstanda ilk elmi məktəb, akademiya sayıla bilər.
Samoslu Pifaqor (t.“-570/560” – t.“-495/480”) riyaziyyat, fəlsəfə, din və
siyasət adamı idi. Pifaqorun həyatı haqqında məlumatlar dəqiq deyil,
ziddiyyətlidir, sübut edilməsi çətindir, əfsanələrlə doludur. Pifaqor onun
ideyalarını və həyat tərzini bölüşmək istəyən, ondan dərs almaq istəyən
tələbələri, o cümlədən qadın tələbələribaşına yığmışdı. Pifaqor məktəbi bir
qardaşlıq, bir təriqət (bir siyasət!?), bir araşdırma mərkəzi, mistik və rasional
ünsürlərin bir-birinə qaynayıb-qarışdığı nəzəri məktəb, qapalı və sirli bir
cəmiyyət kimi şərh oluna bilər. Pifaqorla tələbələri arasında bir mürid-mürşid
münasibətləri vardı. Pifaqor məktəbi sonrakı dövrlərin sufi hərəkatı, sufi
məktəbləri ilə qarşılaşdırıla bilər. Tələbələr diqqətlə seçilir, sonra müəyyən
sınaq müddətindən (bu, bir neçə il uzana bilərdi) keçməli idilər (sınaqda
olanlar Pifaqor görmür, ancaq onun səsini pərdə arxasından eşidə bilirdilər;
sınaqdan keçib ruhları saflaşandan sonra Pifaqoru görə bilirdilər). Pifaqor
məktəbində riyaziyyatla məşğul olmaq saflaşmanın əsas yolu sayılırdı
(Van der
Varden, səh. 129).
Pifaqora daha yaxın olanlar (daxili tələbələr-öyrənənlər,
oxuyanlar-“matematiklər”) ciddi təhsil alır, riyazi yanaşma ilə öyrənir, digərləri
(kənardakılar-dinləyicilər-“akusmatiklər”) daha sadə, xülasə şəkilli dərslərə
qulaq asırdılar. Pifaqor “matematika” (“öyrənilmiş”, “o şey ki, öyrənilib”)
sözünün müəllifi olduğu güman edilir. Pifaqorun ölümündən sonra
“matematiklər”lə, “akusmatiklər” arasında ziddiyyətlərin artdığı deyilir.
Matematiklər elmi fəaliyyəti mühüm sayır, qadağalara az fikir verir,
akusmatiklər isə mühafizəkar idilər, dini-mistik qaydaları qorumaq istəyir,
matematikləri Pifaqor təriqətinə dönük çıxmaqda suçlayırdılar.
Pifaqorun gəncliyində Falesin yanına getdiyi və Falesin ona Misirə getməyi
məsləhət gördüyü deyilir. Pifaqor guya 22 il Misirdə yaşamış, sonra əsir düşüb
Babilistana aparılmış, 12 il orada qalmış, hətta hind müdrikləri ilə təmas
qurmuşdu... Pifaqorun Misirdən həndəsəni, Babilistandan ədədlər, musiqi
nəzəriyyəsi və digər elmləri öyrənib gətirdiyi güman olunur
(Van der Varden, səh.
411)
.
Pifaqor fövqəlgücə malik rəhbər, əlahiddə insan şöhrəti qazanmışdı (özünün
və tələbələrinin səyi ilə). Pifaqorçulara görə üç növ düşünən varlıq mövcuddur:
Tanrı, insanlar və Pifaqor kimilər. Pifaqor məktəbinə xüsusi bir həyat tərzi xas
idi. Xüsusi mənəvi və dünyəvi dəyərlər sistemi olub, deyilənə görə xüsusi
pəhriz sistemi olub. Deyilənə görə Pifaqor bütün canlıları bir-birinə qohum
sayırdı. Ruh ölməzdir və bədən öləndə ruh digər canlılara,o cümlədən
heyvanlara keçir. Görünür ki, bu səbəbdən Pifaqor məktəbində ət
yemirdilər...Pifaqor ruhun ölməzliyi və köç etməsi fikrinə Misir-hind təsiri ilə
gəlmişdir deyənlər var. Platon bu ideyanı inkşaf etdirdi, “bədən ruh üçün bir
zindandır” dedi.
Pifaqora aid edilən (özü və tələbələri tərəfindən) mistik güc və uyğun şöhrət
təsadüfi deyil ki, Pifaqorun siyasətə qarışmasına gətirib çıxarmışdı. O, Samoslu
idi (Ege dənizində Miletus yaxınlığında ada), siyasi səbəbdən (Samos
hökmdarı Polikrates`lə yola getməyib)oranı tərk edib İtaliyanın cənubunda
yerləşən və yunan koloniyası olan Croton`a getmiş, öz məktəbini orada
qurmuş(“-530”-da), ardıcılları başqa yerlərə də yayılmışdı. Lakin yenə də
siyasi səbəbdən (guya hakimiyəti ələ keçirmək istəyirmiş; və ya bəlkə
qısqanclıqdan?) onun məktəbi dağıdılmış, özü və ardıcılları təqib olunmuş,
deyilənə görə bir çox tələbələri öldürülmüşdü.Bundan sonra Pifaqorçuların ən
azı bir hissəsinin qitə-Yunanıstana köçdüyü deyilir.
İtaliyanın cənubu və Siciliya bir yerdə yunan elmi və fəlsəfəsinin çiçəkləndiyi,
vüsət tapdığı bir məkan, bir məktəb idi. Bura Magna Graecia adı almışdı.
Müxtəlif zaman kəsiklərində bu məkanda fəaliyyət göstərənlər arasında
Ksenofanes, Empedokles, Zenon, Parmenides, Filolaus`un adlarını çəkmək
olar. Arximedes də bu məkanda, Siciliyada, Sirakuz şəhərində yaşamış,
yaradıcılıqla məşğul olmuşdu.
Fales ilk filosof (Yunanıstanda) kimi qəbul olunsa da, Pifaqor “filosof”
sözünün müəllifi sayılır (əslində ilk Miletli filosofları Aristotel haqlı olaraq
“fizik” adlandırmışdı, onlar təbiətşünas idi; Pifaqor isə filosof və riyaziyyatçı
olub). Pifaqor “sən müdriksənmi?” sualına belə cavab veribmiş: yox, mən
ancaq müdrikliyi sevənəm. Yəni, o, özünü “filosof” adlandırmışdı. Pifaqora aid
edilən sözlər, ideya və kəşflərin bir çoxunun pifaqorçulara aid olduğu fikri
mövcuddur. Təbiəti (kosmologiya, musiqi,...) riyazi modellər vasitəsilə
öyrənmək üsulu (“hər şey ədəddir”, kainatın canı, arxe`si ədəddir) məhz
Pifaqor tərəfindən irəli sürülmüş, sonra Platon tərəfindən davam etdirilmişdir.
Pifaqorçular ədədləri mistik gücə malik gerçəklik kimi qəbul etmişdilər.
“Pifaqorçu adlananlar elmlərlə məşğul olan ilk şəxslər idi...Onlar belə fikir
yürüdürdülər ki...bütün aləm bütövlükdə harmoniya və ədəddir”
(Van der Varden,
səh. 113)
. Bu fikrin digər bir tərcüməsi:
Matematikaya (elmə?!) özünü həsr
edən ilk insanlar olan Pithaqorçular deyə adlandırılanlar...düşünmüşlər
(ki)...bütün şeylər... rəqəmlərlə ifadə edilə bilir
(Aristotel. Metafizik, A5, 9856;
türkcəyə tərcümə)
. Pifaqorun (ideyalarının) Platona çox böyük təsir göstərdiyi
doğru sayılır. Pifaqor fəlsəfə və riyaziyyatı birləşdirmiş, həyat və kainatın
ahəngi haqqında təlim inkişaf etdirmiş, Pifaqor məktəbi fəlsəfi-dini həyat tərzi
və riyaziyyata marağı ilə məşhurlaşmış, Pifaqorçuluq geniş yayılmışdı.
Pifaqorun yazdığı mətn qalmayıb (Fales də, Sokrates də, Pirron da belə olmuş,
Anaksimandr isə yazıya əl atmış imiş). Pifaqor məktəbində yazmaq qadağan
olunmuşdu. Bu qadağa matematiklər tərəfindən pozuldu və bir müddətdən
sonra yazmağa izin verildi. “Pifaqora istinad edilən söz, fikir və kəşflərin çoxu
bütövlükdə onun məktəbinə məxsusdur” fikri mövcuddur. Hətta həndəsədə
Pifaqor teoremi adlanan riyazi nəticənin (“düzbucaqlı üçbucaqda hipotenuzun
kvadratı katetlərin kvadratları cəminə bərabərdir”
- şəkil
) çox-çox qədimdə
Babilistanda (Pifaqordan təqribən 12 əsr əvvəl!) məlum olduğu məlumdur (“bu
teoremin isbatı kimə məxsusdur?” sualının da tam aydın cavabı yoxdur). Bu
teoremin Pifaqora məxsus olduğunu ilk dəfə Pifaqor zamanından təqribən 5 əsr
sonra söyləmişlər (Ciceron, Plutarx). “Şübhə etmirəm ki, Pifaqorun adı ilə
bağlı hər şey təmiz əfsanədir və heç bir tarixi dəyəri yoxdur”
(Neugebauer, səh.
151)
Pifaqorçulara görə insanlar doğulduqları vaxtdan səma sferalarının (Günəş, Ay,
planetlərin yerləşdikləri sferaların) musiqisinə alışdıqları üçün onu eşitmirlər;
Pifaqor özü eşidirmiş. Həmin musiqilər bir yerdə vahid harmonik bir melodiya
(bir orkestr) kimi səslənir... Səma cisimləri mərkəzdən olan məsafələri
baxımından daha sürətlə (uzaqda olan) və ya daha yavaş (yaxında olan) dövr
edirlər; daha sürətli olanlar daha zildə, daha yavaşlar isə bəmdə səs çıxarırlar
(oxuyurlar). Planetlər arasındakı məsafə müsiqi ladlarına uyğun gəlir, Yer-Ay
məsafəsi = Günəş-Mars = 1 ton, Ay-Merkuri = Merkuri-Venera = Venera-
Günəş =Mars-Yupiter = Yupiter-Saturn = Saturn-tərpənməz ulduzlar sferası =
½ ton, Üstəlik 1 ton intervalı müəyyən məsafəyə bərabər hesab edərək
Pifaqorçular planetlər arasındakı məsafəni də hesablayırdılar (bu məsafələrə
görə, Pifaqorçuların planetləri bir-birinə həddən artıq yaxın idilər).
Pifaqorçuların akustika və musiqinin riyazi əsaslarını kəşf etdikləri deyilir.
Harmoniya tam ədədlərin bəlli nisbətləri ilə bağlıdır. İki titrəyən simin
uzunluqları nisbəti 1/2, 2/3, 3/4,...kimi olduqda xoş səslənmə, konsonans əmələ
gəlir. Yəni musiqi intervalları ancaq tam ədədlər nisbəti ilə, səs tonları
rəqəmlərlə ölçülür. Oktava, quint/kvinta və ya beşdə bir və quart/kvarta və ya
dörddə bir uyğun olaraq 2:1, 3:2, 4:3 uzunluqlar nisbəti deməkdir (ən
həmahəng interval oktava, sonra kvintadır (kvinta kvarta`dan böyükdür).
Ədədlər sanki fiziki hadisəni (səs) müəyyən edir, ədədlər sanki formaya
malikdir (ədədi münasibətlərdən həndəsəyə?!). Pifaqorçular simi xətkeşlə
ölçüb ona 12 barəbər hissədən ibarət kimi baxmış (mütəhərrik, yeri dəyişdirilə
bilən körpücüklər vasitəsilə) və 6, 8, 9, 12 bölgü sırası ilə konsonansı
bildirmişlər; 6 burada 2:1 (yəni 12:6) nisbətini, 8 burada 3:2 (yəni 12:8)
nisbətini, 9 isə 4:3 (yəni 12:9) nisbətini göstərir). Bu, musiqi nəzəriyyəsində
Pifaqor şkalası adlanır. Pifaqorçular bənzər konsonansı göstərilən nisbətlərdə
su ilə doldurulmuş (dolu və yarımdolu, ...) qabın səslənməsi vasitəsilə də
nümayiş etdirməyə çalışmışlarmış. K. Ptolomey “Musiqi nəzəriyyəsi”
kitabında Pifaqorun həmahəng intervalları haqqında danışmışdır.
Pifaqor məktəbində ilk dörd tam ədədin xüsusi rolu vardı. Bir (1) mühüm ədəd,
nöqtə, başlanğıc, atom idi. İki (2) düz xətt əmələ gətirir (iki nöqtədən bir düz
xətt keçirmək olur); bir düz xətt üzərində olmayan üç nöqtə müstəvini
müəyyən edir; bir müstəvi üzərində olmayan 4 nöqtə cisim müəyyən edir. Bu
dörd ədəd tetrada əmələ gətirir. Musiqi intervalları da ilk dörd ədədin nisbətləri
ilə müəyyən edilir. İlk dörd ədədin cəmi ondur (1+2+3+4=10). On müqəddəs
ədəddir, kainatı/kosmosu bildirir, bütün ölçülərin cəmidir.
Şəkil.
Pithaqorçu
andı: əbədi təbiətin qaynağı və kökünü-tetradanı ruhumuza daxil edənə and
olsun!
Tək ədədlər kişi, cüt ədədlər qadın xassəlidirlər. Ədədlər mistikası və Pifaqorla
bağlı əfsanələr az deyil. Məsələn, düzbucaqlı üçbucağın hipotenuzu onun
katetləri ilə ölçüyəgəlməz (ölçülməz) ola bilər, yəni √2 ədədinin irrasional (iki
tam ədədin nisbəti şəklində göstərilə bilməyən) olmasını kəşf edən Pifaqorçu
Hippasos, (deyilənə görəMetapontumlu,Magna Graecia) “loqos”dan
(rasionallıqdan, normal ədəddən, ağıldan, dildən,..) kənara çıxdığı üçün özünü
dənizə atıb boğulmaqla günahını yumaq və ya cəzasını çəkməyə məcbur
olmuşdu (o, “-6”-cı əsrin sonları və əsasən “-5”-ci əsrdə yaşamışdır).
Hippasos`un sükut qaydasını ilk pozan olduğu və Pifaqor qardaşlığını tərk
etdiyi də deyilir. Kürə içində çəkilmiş dodekaedri qurmaq üsulunu tapan
Pifaqorçunun da özünü dənizə atdığı deyilir. Bu kəşflərin Pifaqordan sonra
edildiyi daha ağlabatandır. Aristotel ölçüyəgəlməzliyin isbatı ideyasının tək və
cüt ədədlərlə bağlı olduğunu eşidibmiş (riyazi isbatın əsasında doğrudan da bu
ideya dayanır). Ölçüyəgəlməzlik yunan riyazi düşüncəsinə həndəsi düşüncə
tərzi verdi, ədədlərin təbiəti və cəbr ilə bağlı məsələləri həndəsi yanaşma ilə
anlamağa yönəltdi (Babillərin əksi!?)
Yerin müstəvi disk və ya silindr deyil, kürə şəklində olması fikrini yunanlar
Pifaqora aid edirlər; bunun sonrakı nəsil Pifaqorçulara aid olması da istisna
edilmir.
Dağlara doğru hərəkət edən insan (və ya sahilə yaxınlaşan gəmini
müşahidə edən insan) dağı (gəmini) yuxarıdan aşağıya hissə-hissə
görür, yəni əvvəlcə dağın təpəsini (dor ağacının uclarını), sonra ortasını
və axırda ətəyini (gəminin gövdəsini) görür. Bu, yerin qabarıq olması
ilə izah oluna bilərdi.
Pifaqor dünyada elmi-dini-mistik cərəyanların gücləndiyi dövrdə yaşayıb.
Çində Konfutsi və Lao Tszı, Hindistanda Budda, Persiyada Zərdüşt Pifaqor
dövrünə yaxın zamanda yaşamış, fəaliyyət göstərmişlər; Zərdüşt`ün zamanı
məlum deyil, bir ənənəyə görə “-6-cı əsr”, digər fikirlərə görə daha əvvəl
yaşamışdır. Pifaqorun Zərdüştlə/Zarat`la görüşdüyü rəvayəti də mövcuddur
(Porfirios, L. Diogenes). Empedokles, Herodotus və Platon Pifaqora böyük
hörmət bəsləmiş, Heraklit və Aristotel - o qədər də yox. Heraklit`ə görə: “çox
şey bilmək ağlı tərbiyə etməz; əgər etsəydi Hesiod, Pifaqoras, Ksenofanes və
Hekaitos`u yetişdirərdi”, üstəlik, “Pifaqoras yalançıların başıdır”). Pifaqorun
rasional və irrasionalı özündə ehtiva etməsi, təriqətçiliyi və mümkündür ki,
siyasi oyunlara qarışması (ümumiyyətlə, çox şeyi bir-birinə qarışdırması)
Heraklitin xoşuna gəlməmişdi. Platon Pifaqorçu idi.
Ksenofones (“-570”-“-498”+) Magna Graecia məktəbinin nümayəndəsidir,
Pifaqorun müasiri və deyilənə görə Anaksimandrın tələbəsi olub. Efesus
yaxınlığındakı Kolofon`da doğulmuş, 545-ci ildə Perslərin fəthi səbəbilə oranı
tərk edib Siciliyaya getmiş, orada fəaliyyət göstərmiş fəlsəfi düşüncəli bir
şairdir. O, Tanrının tək (mükəmməl?!) və bənzərsiz olduğunu deyir, Homer və
Hesiodu onların təsvir etdikləri və insanların bütün sifətlərini özlərində ehtiva
edən “utanmaz” tanrılara görə tənqid edirdi (“...insanlar arasında nə qədər ayıb
və qüsur varsa, hamısını tanrılara yükləmişlər”). Ksenofon bir şeirində
Pifaqorun ruhun canlılara keçməsi fikrinə aid bir əhvalat danışır: Pifaqor iti
döyən bir adama “dur, onu döymə, o bir dostun ruhudur, səsindən tanıdım”
deyibmiş.
Herodotus b.e.ə. 6-cı əsrin ikinci yarısında Krotonlu həkimlərin Yunan
dünyasında ən yaxşı sayıldıqlarını deyir (III, 131). O, Krotonlu Demokedes`in
(b.e.ə. 6-cı əsrin ikinci yarısı) dövrünün ən yaxşı həkimi adlandırır. Əsir düşən
və 1-ci Darius sarayına gətirilən Demokedes Daranın ayağını və bir qədər
sonra onun arvadı Böyük Kirius`un qızı Atossa`nın döşündəki şişi müalicə
edibmiş. O, Darius`un sarayında ilk yunan həkimi olub (saraylarda Misirli
həkimlər daha yaxşı tanınırdılar). Demokedes Yunanıstana gedən nümayəndə
heyətinə bələdşilik edir və vətəni Krotona qaçır. Demokedes`in Pifaqorçulara
qoşulduğunu deyənlər olub (hətta onun Pifaqorçular əleyhinə qalxan üsyanda
öldürüldüyü də deyilir).
Dostları ilə paylaş: |