LEYSAN YAĞIŞLARI, DOLU Leysan yağışları dedikdə, topa yağış buludlarından sutka ərzində 15-20 mm-dən artıq iri yağış damlaları (diametri 7 mm-ə qədər) şəklində yüksək intensivlikdə düşən yağıntılar nəzərdə tutulur. Dünyada ən güclü leysan Vunionvilldə (ABŞ) 1956-cı ilin iyulun 4-də qeydə alınmış, dəqiqədə 31,2 mm yağıntı düşmüşdür. Havay adalarında yağıntı (1913-cü il) dəqiqədə 21 mm təşkil etmişdir. 1860-1861-ci ildə Çerapunçidə (Hindistan) il ərzində 26461 mm yağıntı düşmüşdür. Respublikamızda leysan yağışları ən çox Böyük Qafqazın cənub yamacında təkrarlanır. Maksimal yağıntılar Əlibəy meteor. stansiyasında dəqiqədə 10,7 mm (10-17 iyun 1959-cu il), Damarçik (Kişçayın qolu) stansiyasında 6,50 mm (30 iyun 1953-cü ildə), Qəbələdə – 6 mm (22 iyun 1959-cu ildə) qeydə alınmışdır. Cənub yamacda leysan yağışları əsasən yaz və payızda (bəzən yayda) aprel və oktyabr aylarında günün ikinci yarısında, axşam, bəzən isə gecə saatlarında müşahidə edilir. Yağıntı yaradan proseslər qərbdən hərəkət etdikdə şiddətli leysanlar Şəki-Zaqatala, şərqdən qərbə hərəkət etdikdə isə Oğuz-İsmayıllı-Şamaxı bölgəsində baş verir. Leysan yağışların intensivliyi dəniz səviyyəsindən 600-1200 m yüksəklikdə dəqiqədə 4,0-6,0 mm, 1700-2000 m-də 9,0-11,0 mm-ə çatır. İl ərzində şiddətli
leysanlar ən çox Zaqatala, Qax, Şəki, Qəbələ rayonlarında (4-8 dəfə), ən az isə Şamaxıda qeydə alınmışdır. Şiddətli leysan yağışları həmçinin Şuşa-Laçın, Kəlbəcər-İstisu, Lənkəran zonalarında da baş verir. Respublikanın düzən rayonlarında, Abşeronda və Naxçıvan MR-də tək-tək hallarda leysanların intensivliyi dəqiqədə 2-4 mm müşahidə edilir (Cabbarov M.A., 1978). Leysan yağışları güclü torpaq eroziya prosesinə, sürüşmələrə, uçqunlara, sellərə, daşqınlara səbəb olur. Yolları, kommunikasiya sistemlərini yararsız hala salır, şəhər nəqliyyatının
normal fəaliyyətini pozur, yollarda tıxaclar əmələ gətirir. Kanalizasiya qurğuları yağış sularını tam ötürə bilmir, gətirilmiş zibil və s. asılı materiallar kanalizasiya qurğularını müvəqqəti sıradan çıxarır, yaşayış evlərinin zirzəmiləri, yağış suları ilə dolur. Bakı şəhərində belə hallar hər 3-5 ildən bir-iki dəfə təkrar olunur. 2002-xi il mayın 14-də Masallıda,mayın 25-də Sabirabadda, iyulun 6-7-də Qusar, Xaçmaz.
Quba və Dəvəçidə, iyunun 30-da və iyulun 1-də Zaqatalada, noyabrın 9-10-da Lənkəranda baş vermiş leysan yağışlar bu rayonların təsərrüfatlarına
külli miqdarda zərər vurmuş, dağıntılara səbəb olmuşdur (Babaxanov, Paşayev, 2004). Külli miqdar yağıntılar Bakı şəhərində də müşahidə olunur. Məsələn, 25 dekabr 2005-ci il gecə başlayan yağış 26 dekabrda da bütün günü davam etdi,
yollarda gölməçələr, palçıq yığınları əmələ gəldi, Badamdar
yolunda sürüşmə baş verdi, şəhərdə nəqliyyatın iş rejimi pozularaq iflic vəziyyət yarandı, avtomobillərin qəza hadisələri çoxaldı.