Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
 
74 
M.Ə.Yurdaqulu və Ə.Cavadı türkçülük və istiqlalçılıq 
bir  müstəviyə gətirir. M.Ə.Yurdaqulun:  
 
Mən bir  türkəm, dinim, cinsim uludur,  
Sinəm, özüm atəş ilə doludur.  
İnsan olan vətəninin quludur (144, 479) 
 

 kimi deyimləri Ə.Cavadın:  
 
Soranlara mən bu yurdun  
Anladayım nəsiyəm:  
Mən çeynənən bir ölkənin  
Haqq bağıran səsiyəm!  (42, 138) 
siqlətindədir.  
Şair  Türkiyə  ədəbiyyatından,  xüsusilə  R.Tofiq  və 
M.Ə.Yurdaqul  şeirlərindən  təsirlənməsini  1937-ci  il  idti-
hamlarına  cavabında  da  danmamış,  bir  qədər  ehtiyatlı  və 
qeyri-müəyyən  şəkildə  münasibət  bildirmişdir:  «Bəziləri 
qeyd  edir  ki,  mən  Məmməd  Əmini  (M.Ə.Yurdaqulu  – 
A.M.) təqlid edirəm… Mən parçalarımı (istiqlal və  türkçü 
ruhlu  şeirləri  –  A.M.)  yazarkən  onu  heç  tanımamışam» 
(43,  200).  Bu  ikibaşlı  ifadədən  o  da  anlaşılır  ki,  onun 
M.Ə.Yurdaqul  yaradcılığına  marağı  və  sevgisi  şairi  
tanıyandan  xeyli  əvvəldir.  Yəni  özündən  öncə  şeirləri  ilə 
tanış olmuşdur. 
Ümumiyyətlə,  Ə.Cavadın  dil  haqqında  çox  maraqlı 
fikirləri  ilə  qarşılaşırıq.  O  əlinə  qələm  alandan  bəzi 
şeirlərini Osmanlı şeir üslubunda, ərəb-fars tərkibli, bəzək-
düzəkli  yox,  milli  xalq  dilində  yazmağa  çalışmışdır.  Elə 
ona  görə  də  ilk  mətbu  şeiri  olan  «Müdhiş  düşüncələrim» 
«Şəlalə»  jurnalının  baş  yazarı  X.X.Səbribəyzadənin 
qəzəbinə  gəlmişdi.  Ancaq  Ə.Cavad  İ.Qaspıralının 
ölümünə  həsr  etdiyi  şeirində  də,  sonralar  da  öz  əməlinə, 


 
 
75 
dilinə  sadiq  qaldı.  Bu  yolda  Füzuli  ənənələrinə  bağlı 
olduğunu  böyük  şairə  həsr  etdiyi  şeiri  də  təsdiqlədi.  Bu 
baxımdan  Ə.Cavadın  dili  H.Cavid,  A.Səhhət,  bəzən 
A.Şaiq  dilindən  də  seçilir.  O  zaman  İ.Qaspıralı, 
Ə.Hüseynzadə, Z.Göyalp və  başqaları tərəfindən başlanan 
ortaq  dil  məsələsi  gündəmdə  idi.  Bizə  belə  gəlir  ki, 
R.Tofiq,  M.Ə.Yurdaqul  və  Ə.Cavadın  dili  ortaq  türk  dili 
üçün  ən  yaxşı  örnək  idi,  Türkiyədə  də,  Azərbaycanda  da 
daha  geniş  yayılmışdı.  Odur  ki,  Ömər  Seyfəddin  (1884-
1920)  Azərbaycandakı  ədəbi  mühitdən  bəhs  edərkən 
deyirdi: «Ə.Cavad adlı  şairin  «Qoşmalar»  şeir kitabı  sanki 
İstanbulda  yazılmışdır»  (104).  M.Ə.Rəsulzadə  də  Azərbay-
canda  ortaq  türk  dili  məsələsindən  danışarkən  deyirdi: 
«Gərək Cavadın, gərəksə Cavidin şeirlərində kullandıqları 
lisan  İstanbulun  təkamül  etməkdə  bulunan  ədəbi  və  sadə 
lisanıdır» (189, 32).  
Ə.Cavad bu fikirdə idi ki, Osmanlı dilinin Azərbaycan 
ədəbiyyatına müəyyən təsiri olub. Bizcə burada o, «Füyu-
zat» və füyuzatçıların fəaliyyət dövründəki dillə bağlı mü-
bahisələrə  əsaslanır.  «Osmanlı  təsiri  özü  ilə  bərabər  pan-
türkizm  fikri  daşıyır»  fikrini  isə  onu  tənqid  edənlərin  dili 
ilə  səsləndirir.  Əslində  o  yaxşı  bilirdi  ki,  pantürkizm  elə 
türkçülükdür və bu həm Türkiyənin, həm də Azərbaycanın 
yeni görüşlü romantik sənətkarlarına o sıradan  Ə.Cavadın 
özünə də aiddir. Əgər nəzərə alsaq ki, Ə.Cavad bu fikirləri 
məhşər  ayağına  çəkildiyi  Azərbaycan  Şura  Yazıçılarının 
30  mart  1936-cı  ildəki  iclasında  deyib,  onda  burada 
ikibaşlı    məna  və  rəqibləri  yayındırmaq  məqsədi  də  yox 
deyil.  Hətta  bəzən  çaşqınlıq  da  özünü  göstərir.  Məsələn, 
şair  çıxışında  deyir:  «Azərbaycan  şivəsinin  Osmanlı 
şivəsindən  siması  çox  geridədir».  Sonra  isə  oxuyuruq: 
«Xalq  bayatısında  «Qaşların  qaradır,  gözlərin  almaz», 


 
 
76 
«Qızıl  gül  xəndan  oldu,  dərmədim  xəndan  oldu»,  «Sən 
öləsən»,  «Başına  dönüm»  və  s.  bu  təbirlər  gözəldir,  həm 
də  səmimidir.  Bu  xüsusiyyəti  Osmanlı  şivəsi  adama  ver-
mir»  (43,  199).  Düzdür,  burada  Ə.Cavad  bir  az  da  özünü 
müdafiəyə  çalışıb.  Ancaq  əslində  dil  məsələsində  onun 
açıq-aydın mövqeyi var idi. Bu barədə o hətta öz müəllimi 
H.Caviddən də seçilirdi. Ə.Cavad düz deyirdi ki, o zaman 
bir  qism  tələbə  T.Fikrət  dilinin  tərəfdarı  idi,  «qəliz 
ədəbiyyatı  mənimsəməyə  çalışırdılar.  İkinci  tərəf  isə  türk 
dilinin  sadələşməsi  üçün  qrup  halında  çalışırdı.  Şəxsən 
mən  Azərbaycan  xüsusiyyətinin  tərəfdarlığında  qal-
mışdım. …Mən «Şəlalə»yə o zaman bir şeir yazdım. Onlar 
mənə yazdılar ki, sən  istərsən ki, yazıların dərc olunsun, o 
zaman Osmanlı  dilində  yazmalısan» (43, 200). O isə  hələ  
1913-cü  ildə  yazdığı  «Dilimiz»  şeirində  məhz  Osmanlı 
ləhcəsində  yazmağa  çağıranları,  oda  «atəş»,  qaraya 
«siyah»,  dilə  «zəban»,  yağmura  «baran»,  qardaşa 
«bəradər» və s. deyənləri tənqid edirdi:  
 
Gün oldu şairlər göyə  çıxdılar,  
Bu yazıq millətə ordan baxdılar (42, 114). 
 
Ə.Cavad  burada  da  öz  yoluna  sadiq  qalır,  Türkiyədə 
də, Azərbaycanda da ortaq anlaşıqlı dil kimi qəbul edilmiş 
olan    sadə,  doğma  türkcəmizdə  yazıb  yaradır,  Türkiyə 
ədəbiyyatından  da  R.Tofiq,  M.Ə.Yurdaqul  kimi  onun 
ruhuna,  əqidəsinə  uyğun  şairlərin  yaradıcılığına  daha  çox 
maraq göstərir. 
Mütəxəssislərin  yekdil  qənaətinə  görə  ədəbiyyatda 
türkçülük  Məmməd  Əmin  Yurdaqulun  «Türkcə  şeirlər» 
kitabından başlayır. İnamla demək olar ki, məhz türkçülük 
və  millilik  ruhuna  görə  M.Ə.Yurdaqul  Ə.Cavad  yaradı-
cılığına güclü təsir göstərən birinci Türkiyə  şairidir. Hətta 


 
 
77 
XX  əsrin  əvvəllərində  Azərbaycan  dərsliklərində  Türkiyə 
şairlərindən  ən  çox  M.Ə.Yurdaqulun  əsərləri  mühüm  yer 
tuturdu.  M.Ə.Rəsulzadənin  bəzən  ikimənalı  şəkildə 
yozulan  «Namiq  Kamal  Məhəmməd  Hadini,  Əbdülhəqq 
Hamid  Hüseyn  Cavidi,  Məmməd  Əmin  bəy  də  Əhməd 
Cavadı oğulluğa qəbul etdilər. Azərbaycan məfkurəsi türk 
millətpərvərliyi məfkurəsi ilə izdivac etdi» (106,  35) fikri 
də  məhz  Ə.Cavadın  M.Ə.Yurdaqul  yaradıcılığından 
öyrənməsi anlamında, «ədəbi oğulluq» mənasında idi.  
Ə.Cavad  poeziya  yollarının  başlanğıcından  M.Ə.Yur-
daqul  ideyalarına  qovuşdu,  türkçülük  və  millətçilik  yolu-
nun  yolçusuna  çevrildi.  O  da  öz  ustadları  kimi,  klassik 
ədəbiyyatdakı  gül,  bülbül,  ay,  ulduz,  günəş  obrazlarını 
poeziyanın  vətən,  yurd,  el,  oba,  hürr,  istiqlal  simvollarına 
çevirdi. Odur ki, M.Ə.Yurdaqulun «Burak beni haykırayım» 
deyimini  «Mən  çeynənən  bir  ölkənin  haqq  bağıran 
səsiyəm!»  kimi  səsləndirirdi.  Çünki  hər  iki  şair  vətəni, 
milləti, Turanı eyni  müstəvidə görür, tərənnüm edir, onun 
yaralarını 
sağaltmağa  çalışırdılar.  M.Ə.Yurdaqulun 
«Əlimdəki  bu  üçtelli  saz  ilə  millətimin  fəlakətli  həyatını 
söyləyim»  kəlamını  Ə.Cavad  öz  istedadlı  avazı  ilə  «Mən 
bir  aşiqəm  ki,  bu  çaldığım  saz  dumanlı  dağlara  səs 
salacaqdır» şəklində ifadə edirdi. Hər iki şairdə türkçülük, 
turançılıq, açıq bir xalqçılıq və millətçilik qayəsi vardır.  
M.Ə.Yurdaqul «Anadolu hicran dolu köks kimi» deyə 
hayqırırdısa,  Ə.Cavad  «Vətənin  hilalsız  bucaqlarının» 
istiqlal günəşi ilə işıqlanacağı ümidini bildirirdi.  
M.Ə.Yurdaqulun əsgərin dilindən deyilən: 
 
Tanrım şahid, duracağam sözümdə,  
Millətimin sevgiləri özümdə,  
Vətənimdən başqa şey yox gözümdə 
Yar yatağın düşmən almaz, gedərəm! (144, 481) 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə