180
uşaqların mənəvi tərbiyəsi bəhanəsi altında mərkəzlər yaradırlar. Onların məqsədi xalqımızın arasında
ifrat xristianlıq və islam təbliğatı aparmaq, xüsusilə uşaqları dini təriqətlərə cəlb etməkdir.
Belə hallara yol verilməsi, yaxud hər hansı şəkildə nəzarətsizlik uşaq hüquqlarının kobud şəkildə
pozulmasına səbəb olan ağır nəticələrə gətirib çıxarır ki, artıq ləngimədən bunların qarşısını qanun yolu
ilə almaq vaxtı çoxdan çatmışdır. Məsələn, humanitar yardım adı altında bir sıra yetim qızların çadra
örtməyə məcbur edilərək dini məktəblərə və xeyriyyə cəmiyyətlərinə cəlb olunması, evlilik yaşı çatdıqdan
sonra isə xaricə ötürülərək orada yerli vətəndaşlara ərə verilməsi, əslində isə satılmasına dair misallar
vardır və bunların da qarşısı vaxtında alınmalıdır.
Lakin bütün bu deyilənlər heç də xarici təşkilatların hamısının Azərbaycana qara niyyətlə gəldiyinə
dəlalət etmir. Belə ki, uşaq hüquqlarının qorunması, yetim və kimsəsiz uşaqlara yardım əli uzatmaq üçün
Azərbaycana gələn və dövlətin dəstəyi ilə qarşılanan təşkilatlar da sayca az deyildir. Belə təşkilatlardan
biri də Avstriyanın "SOS Kinderdorf İnterneşnl" təşkilatıdır.
1949-cu ildə Avstriyanın İmst şəhərində ilk dəfə "SOS uşaq kəndi"nin salınması ilə görkəmli
humanist pedaqoq Herman Qmayner tərəfindən əsası qoyulmuş "SOS Kinderdorf İnterneşnl" təşkilatı
sonralar dünyanın 130-dan çox ölkəsində uşaq kəndləri yaratmış, on minlərlə uşaq və yüzlərlə qadın
bunlarda rahatlıq tapmışdır. Bu təşkilatın Azərbaycana gəlişi ölkə başçısı Heydər Əliyevin beynəlxalq
aləmdə artan nüfuzu və respublikamızda yaranmış ictimai-siyasi sabitlik sayəsində mümkün olmuşdur.
1997-ci ildə "SOS Kinderdorf İnterneşnl" təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında əldə
olunmuş razılaşmaya əsasən ilk layihə olan "Bakı SOS Uşaq Kəndi"nin tikintisi üçün Bakının Xətai
rayonu ərazisində 4,5 hektar sahə ayrılmış və əlaqələndirmə işləri Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə tapşırılmışdı. 1999-cu il iyulun 16-da "SOS uşaq kəndləri - Azərbaycan assosiasiyası"
yaradıldı. "Sevil" Azərbaycan Qadınları Məclisinin sədri Sevil xanım Əliyeva onun prezidenti seçildi.
Türkiyənin "Enka" şirkəti "Bakı SOS uşaq kəndi"nin tikintisinə başlamış və qısa müddətdə - bir il
ərzində işi başa çatdırmışdır. Kəndin ərazisində Avropa standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və
6 digər yardımçı bina tikilmiş, onlar müasir mebel və avadanlıqla təchiz edilmişdir. Ailə evlərinin hər
birində 8-10, ümumilikdə isə uşaq kəndində 100-dən artıq yetim, kimsəsiz uşağın yaşaması və tərbiyə
olunması nəzərdə tutulmuşdur. 2000-ci il noyabrın 2-də "Bakı SOS uşaq kəndi"nin istifadəyə verilməsinə
həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak və çıxış etmişdir. Ölkə başçısı
uşaq kəndinin yaranması tarixindən və əhəmiyyətindən ətraflı bəhs edərək öz çıxışını təntənəli mərasimə
toplaşanlara müraciətlə aşağıdakı sözlərlə bitirmişdi: "Arzu edirəm ki, hər birinizin övladı müstəqil
Azərbaycanda yaxşı təhsil almaq, böyümək imkanı əldə etsin. Arzu edirəm ki, hamı birlikdə uşaqlara,
xüsusən kimsəsiz uşaqlara qayğını artırsın".
Ölkə başçısının bu ülvi arzusu heç şübhə yoxdur ki, yaxın gələcəkdə uşaqlara dövlət qayğısını əks
etdirən yeni qanunvericilik aktlarında və onların sürətlə həyata keçirilməsini təmin edən tədbirlərdə öz
təzahürünü tapacaq və respublikanın bütün imkanlı vətəndaşlarının xeyriyyəçilik fəaliyyətini artırmağa
çağıran proqram kimi səslənəcəkdir. Hələlik isə onu demək olar ki, 2001-ci ilin iyununda "SOS
Kinderdorf İnterneşnl" təşkilatı ilə əldə olunmuş yeni razılığa əsasən, Azərbaycanda yaxın vaxtlarda
ikinci "SOS-Uşaq kəndi" salınması barədə layihənin hazırlanmasına başlanmışdır.
181
Son söz
1991-ci ilin 18 oktyabr günü Azərbaycan milli tarixinin dönüş nöqtəsi olub xalqımızın yenidən öz
dövlətinə, öz taleyinə, öz ölkəsinə sahib çıxdığı gündür. Buna görə də həmin gün ən yeni tariximizə qızıl
hərflərlə yazılmış gün kimi daxil olmuşdur.
Dünyanın siyasi-ictimai mənzərəsində baş verən dəyişikliklər, eləcə də xalqların istiqlal
duyğularının boğulması üzərində qurulmuş SSRİ adlı nəhəng imperiyanın dayaqlarının sarsılması
nəticəsində Azərbaycan bu əsrdə ikinci dəfə idi ki, özünün milli müstəqillik duyğularından, milli istiqlal
məfkurəsindən doğan müstəqil dövlət yaradırdı. Ürəklərə enmiş üçrəngli, "ulduzu Aya sığınan" bayraq
illər ötdükdən sonra bir 18 oktyabr günü yenidən yüksələrək ən yeni tariximizi bəzədi.
On il bundan əvvəl Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi
ilə başlanan bu yol 20 yanvar faciəsindən keçib gələn bir yol idi. Heç bir günü rahat, hamar və asan
keçilməyən bu yolda Xocalı dəhşəti kimi bir dəhşət də yaşanacaqdı.
Öz müstəqilliyini əldə edən zaman Azərbaycan olduqca ağır bir vəziyyətdə idi. Davakar
separatizmin və terrorçuluğun bütün dəhşətləri ilə üzləşdiyimiz Qarabağ faciəsi özünü büruzə verdi.
Ermənistanın bizə qarşı ərazi iddiaları nəticəsində torpaqlarımız düşmən tapdağı altına düşdü. Qaçqınlıq
tariximizin bir-birindən dəhşətli səhifələri yazıldı. Ana torpaq parça-parça olmaq təhlükəsiylə qarşı-
qarşıya qalmışdı. Bir millət, xalq olaraq varlığımızın "olum, ya ölüm" günü idi...
Bu gün - yeni minilliyin və yeni yüzilliyin qovuşuğunda, əsrin və minilliyin ilk ilində
müstəqilliyimizin on yaşı tamam olmaqdadır. Lakin Azərbaycan Respublikası indiki halı ilə əsrin onda
birini yaşamış olan hələ gənc və təcrübəsiz bir dövlətdən daha çox zəngin dövlətçilik ənənəsinə malik bir
dövlət təsiri bağışlayır və bu, həqiqətən də belədir. Milli istiqlalına qovuşmaqla məhz müstəqilliyi
sayəsində bütün gələcək irəliləyişlərinin əsasını qoyan Azərbaycan xalqı onu yüksəlişdən qoyan imperiya
əsarətindən, uçurumdan birdəfəlik qurtulmuşdur.
Əsl həqiqətdə də Azərbaycan dövləti və dövlətçiliyi son on ildə sanki əsrə bərabər bir ömür
yaşamışdır. Üstəlik, 1991-ci ildən 2001-ci ilədək ötən zaman ərzində, yəni keçən on ildə yaşadıqları da
bir dövlət kimi onu və vətəndaşını daha yetkin etmişdir. Belə bir yetkinlik isə eyni zamanda "ulu
əcdadların ən qiymətli mirası olan istiqlaliyyət eşqinin" minillərlə ölçülən tarixindən, bir sözlə, bu günkü
dövlətçiliyimizin qan yaddaşına hopan zəngin tarixi təcrübədən gəlir.
Azərbaycanın XX əsr tarixinə nəzər yetirək: tarix boyu öz milli azadlığı və müstəqil dövlətini
yaratmaq uğrunda mübarizə aparan xalq 1918-ci ilin 28 may günündə öz ideallarına uyğun bir
cümhuriyyət qurmuşdu. Cəmi 23 ay yaşamasına baxmayaraq, hələ Azərbaycan Xalq Cümhuriyyəti sübuta
yetirmişdi ki, heç bir qüvvə bu xalqın azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə
qadir deyildir. Əsrin sonlarında tarix bir daha şahid oldu ki, azərbaycanlılar bir xalq olaraq minillərin
dövlətçilik təcrübəsini varlığında yaşada-yaşada gəlir. Həmin minillərin təcrübəsidir ki, tarix üçün bir göz
qırpımı qədər qısa sayılacaq zamanda - onca ildə Azərbaycan dövlətçiliyi bu qədər dərdlərin, ağrıların
içində belə möhkəmlənə-möhkəmlənə bu günlərə gəldi və qəddini birdəfəlik düzəldərək inamlı
addımlarla indi də yeni minilliyin yeni sabahlarına doğru irəliləməkdədir.
Tam müstəqil milli dövlət olmasa belə, Azərbaycan Sovet Sosialist Respublikası dövründə də milli
dövlətçilik idealları yaşandı. Bu dövrdə, çəkilən bütün məhrumiyyətlərə, ayrı-ayrı illərdə xalqın milli-
mənəvi dəyərlərinə sağalmaz yaralar vurulmasına baxmayaraq, xüsusilə 1969-1982-ci illərdə müdrik
siyasi rəhbərlik sayəsində həyatın bütün sahələrində nəhəng potensial əldə olundu ki, məhz həmin
potensial da illər sonra - XX əsrin sonunda yenidən qovuşduğumuz müstəqillik şəraitində respublikamız
üçün çox gərəkli oldu. Çox təəssüf ki, sonralar "idrakı sönük başçıların qəfləti"ndən bu potensiala ağır
zərbələr vuruldu və guya sovet mirası olduğundan "neobolşevik" əhvalı ilə onun dağıdılması üçün güclü
səylər də göstərildi. Lakin xoşbəxtlikdən bütün bunlara anarxiyadan sabitliyə keçid dövründə son
qoyuldu.
Kommunist ideologiyası və siyasi sistemindən qətiyyətlə imtina etmiş xalqımız totalitar sovet
rejiminin buxovlarından azad olaraq müstəqil dövlət quruculuğu yollarında, milli əməl və milli iradə
sahəsində tam birlik nümayiş etdirərək artıq öz tarixinin ən yeni səhifəsini açmış, milli və ümumbəşəri
dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq
istiqamətində addımlar atmağa başlamışdı.
Bu gün müstəqil Azərbaycan dövlətinin on illik tarixinin qısa təhlili göstərir ki, məhz suverenliyin
həyata keçirildiyi ictimai-siyasi mühitdə millətin taleyüklü problemləri ilə bağlı Azərbaycan dövləti bütün
hallarda milli mənafelərdən çıxış etmişdir.
Doğrudur, bu on ilin ilk illəri bizə nə qədər ağrı-acılar yaşatdı, lakin bütün ağrı-acıları ilə bu, bizim
müstəqillik tariximizin ayrılmaz parçasıdır. Müdriklər deyirlər ki, tarix bütün ibrət dərslərindən ən
182
böyüyüdür. İbrət alınmadıqda isə tarix təkrar yaşanır. Bir daha yaşanmasın deyə keçmişdə yaşanılanların
heç biri unudulmamalıdır.
Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən
müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunurdu. Respublikamız bu yolda
totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələrini, erməni separatizminin
və Ermənistanın Azərbaycana hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və
vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri
və onların doğurduğu nəticələri aradan qaldırmaq məcburiyyətində qalmışdı.
Müstəqillik əldə etdikdən sonra, Azərbaycanın zəngin iqtisadi və mənəvi-intellektual
potensialından istifadə etməklə, onun siyasi-iqtisadi və strateji mənafelərinə uyğun olan müstəqil
dövlətçiliyinin möhkəmləndirilməsi üçün geniş perspektivlər açılsa da, ölkənin hakimiyyət strukturlarının
və müxalif siyasi qüvvələrinin yaranmış vəziyyəti düzgün qiymətləndirməməsi, əlverişli imkanlardan
səmərəli istifadə etməməsi, ümummilli mənafelərin ayrı-ayrı qrupların cılız iddialarına qurban verilməsi
daxili ictimai-siyasi vəziyyəti gərginləşdirir, ölkənin beynəlxalq mövqelərini zəiflədir və bununla da gənc
suveren dövlətin inkişafına ciddi zərbə vurulurdu.
1991-1993-cü illər Azərbaycanın müstəqil inkişafı tarixində ictimai- siyasi durumun daha da
kəskinləşməsi, müstəqil dövlətçiliyi süquta sürükləyən neqativ təzahürlərin meydana çıxması və təhlükəli
xarakter alması dövrü kimi səciyyələndirilə bilər.
Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Heydər
Əliyevin ardıcıl səyləri ölkə daxilində və ölkə xaricindəki pozucu qüvvələrin Azərbaycanın ərazi
bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi.
Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq
təhlükəsindən xilas oldu.
Danılmaz həqiqətdir ki, ölkənin həyati mənafelərinə xidmət edən, dövlətin strateji maraqları
üzərində qurulmuş, hərtərəfli işlənib hazırlanmış, özünün aydın, konkret vəzifə və istiqamətləri,
prinsipləri ilə seçilən, ardıcıl və prinsipial siyasi xətt yalnız 1993-cü ilin ikinci yarısından etibarən
yürüdülməyə başlanmışdır.
Ötən dövrdə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri ölkənin ərazi
bütövlüyünə və müstəqilliyinə ağır zərbə vuran, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirən bir faktor
kimi Ermənistanın təcavüzünün dəf edilməsi və onun vurduğu ağır sosial-iqtisadi və mənəvi yaraları
aradan qaldırmaqdan ibarət idi. Azərbaycan ordusunun qurulması sahəsində həyata keçirilən geniş və
qətiyyətli tədbirlər onun döyüş qabiliyyətinin yüksəlməsinə və düşmənə layiqli cavab verməsinə imkan
yaratdı. 1993-cü ilin sonu - 1994-cü ilin əvvəlində milli ordumuzun uğurlu əməliyyatları düşmənin
niyyətlərini puça çıxardı və atəşkəsin əldə olunması üçün zəmin yaratdı.
1994-cü ilin sentyabrında dünyanın nüfuzlu neft şirkətlərinin daxil olduğu konsorsiumla
imzalanmış "Əsrin müqaviləsi" Azərbaycana irihəcmli kapital qoyuluşuna və respublikamızın digər
qlobal beynəlxalq iqtisadi layihələrdə iştirakına yol açdı. Lakin ictimai-siyasi sabitliyin təmin olunması və
dövlət quruculuğu yolunda atılan uğurlu addımlar eyni zamanda öz cılız siyasi iddialarından əl çəkməyən
müəyyən daxili destruktiv qüvvələri və onların xarici havadarlarını da hərəkətə gətirdi.
Azərbaycanın milli mənafelərinə düşmən kəsilmiş həmin qüvvələr müstəqil dövlətçiliyimizə qarşı
açıq çıxış etməkdən çəkinməyərək, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında qanunsuz silahlı
dəstələrin iştirakı ilə dövlət çevrilişinə cəhdlər etdilər. Heydər Əliyevin qətiyyəti və dövlətçiliyin
qorunması naminə həyata keçirilən tədbirlər sayəsində bu cəhdlərin qarşısı alındı. Çevriliş cəhdlərinin
iflasa uğraması göstərdi ki, Azərbaycan dövləti artıq davamlı olaraq xalqın böyük əksəriyyətinin
dəstəyinə arxalanır. Bununla da 90-cı illərin əvvəllərindən formalaşmış və ölkəmizin imicinə güclü ziyan
vurmuş praktikaya - silahlı qüvvələrdən istifadə edərək, zor tətbiqi yolu ilə hakimiyyətə gəlmək ənənəsinə
birdəfəlik son qoyuldu. Azərbaycanda real vətəndaş müharibəsinin və gənc müstəqil dövlətin süqutu
təhlükəsinin qarşısı alındıqdan sonra həyata keçirilən siyasi xətt 1995-ci ildə ölkənin ictimai-siyasi
həyatında sabitliyin təmin olunmasına, siyasi, iqtisadi, hüquqi islahatların həyata keçirilməsinə
başlamaqla, demokratik dəyərlərə söykənərək bilavasitə vətəndaş cəmiyyəti quruculuğu vəzifələrinin
yerinə yetirilməsi ilə məşğul olmağa şərait yaratdı.
Azərbaycan dövləti öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Dövlətin
dayaqlarının möhkəmlənməsi və ictimai-siyasi sabitliyin bərqərar edilməsi dövlət quruculuğu işlərinin,
əsaslı sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsinə imkan yaratdı. Məhz bu dövrdən etibarən,
Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsi istiqamətində köklü
siyasi, sosial-iqtisadi və hüquqi islahatların ardıcıl şəkildə həyata keçirilməsi işinə başlanıldı.
183
Respublikamızın daxilində gedən demokratik proseslər və iqtisadi dəyişikliklər də əlavə
olunmaqla, uğurlu xarici siyasət dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilatların və qurumların
diqqətini Azərbaycana yönəltdi, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın
yaranmasına və inkişafına əlverişli zəmin yaratdı.
Azərbaycan xalqının əsas məqsədlərindən biri kimi qanunun aliliyinə və cəmiyyətin bütün
üzvlərinin firavan həyatına, azad və sərbəst fəaliyyətinə təminat verən vətəndaş cəmiyyətinin bərqərar
edilməsinin başlıca prinsipləri yeni mərhələnin başlanğıcını qoyan Konstitusiyada qanunvericilik yolu ilə
təsbit edildi; xalqın yüksək siyasi mütəşəkkilliyi şəraitində 1995-ci il noyabrın 12-də müstəqil
Azərbaycan Respublikasında ilk parlament seçkiləri keçirildi. Elə həmin gün referendum yolu ilə
müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Konstitusiya Azərbaycanda demokratik dövlət və
vətəndaş cəmiyyəti qurulmasının əsas istiqamətlərini və hüquqi prinsiplərini müəyyən etdi.
Qanunçuluğun möhkəmlənməsi, sosial-psixoloji gərginliyin tədricən aradan qalxması, cəmiyyətdə
baş verən proseslərin gerçək demokratik müstəviyə keçirilməsi müstəqil dövlətin siyasi və hüquqi
əsaslarının möhkəmləndirilməsi sahəsində ciddi və cəsarətli tədbirlər görülməsi ilə müşayiət olunurdu.
1995-ci ildə seçilmiş demokratik parlament ölkəmizdə həyata keçirilən demokratik islahatların
qanunvericilik bazasının yaradılması sayəsində ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, yeni siyasi-
iqtisadi sistemin qurulmasına öz töhfəsini verdi.
Azərbaycanın tarixi keçmişi ilə, "millətimizin adət-ənənələri ilə, xalqımızın bu günü və gələcəyi ilə
bağlı milli ideologiya"nın təşəkkülü üçün real zəmin də məhz həmin vaxtlarda yarandı.
1998-ci ildə Azərbaycan Respublikasının Prezidentliyinə, 1999-cu ildə Bələdiyyələrə, 2000-ci ildə
Milli Məclisə keçirilmiş seçkilərdə namizədlərin hamısına bərabər şəraitin yaradılması, seçicilərin öz
iradəsini azad, demokratik və obyektiv ifadə etməsi üçün zəruri tədbirlərin görülməsi respublikamızın
demokratiya və vətəndaş cəmiyyəti yolunda ardıcıl surətdə irəliləməsinin real təzahürü oldu.
2001-ci ilin əvvəlində isə Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə
qovuşması dövlətçiliyimiz tarixində böyük əhəmiyyət daşıyan hadisəyə çevrildi.
Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmlətmək və ölkəmizin dünya birliyinə
inteqrasiya olunması üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli, ardıcıl
siyasətin nəticəsidir ki, respublikamız planetin siyasi xəritəsində özünəlayiq yer tutmuş, regionun və
beynəlxalq aləmin qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqe qazanmışdır. Məhz bu
siyasətin nəticəsidir ki, indi "imzalar içində öz xətti olan" Azərbaycan dövləti hazırda bölgədə və dünyada
baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə layiqincə təmsil olunur, baş verənlərə öz
münasibətini bildirir və milli mənafeləri əzmlə qoruyur.
İnsanların ictimai-siyasi şüur və özünüdərkinin yetkinliyi, əlbəttə, vətəndaş cəmiyyətini
səciyyələndirən əsas amillərdəndir. Bu mənada yalnız yetkin cəmiyyət və güclü dövlət öz vətəndaşlarının
hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının
qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət
quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş imkanlar açmışdır.
Beləliklə də, az bir zamanda çox böyük işlər görülmüşdür. Bu işlərdən ən böyüyü, əlbəttə,
demokratik sistemli Azərbaycan Respublikasının yaradılmasıdır. Azərbaycan xalqının öz sərvəti olan
Azərbaycan dövlətçiliyi onillik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb
yol keçmişdir. Yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan ona qarşı hələ də
davam etməkdə olan hərbi təcavüzə və onun ağır nəticələrinə baxmayaraq, bütün potensialını səfərbər
edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir. Müstəqilliyin ilk on ili ərzində
gerçəkləşən milli ideyaların gücü ilə Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm və
qətiyyətli addımlarını atmaqda davam edir.
İnanırıq ki, "Azərbaycan Respublikası 1991-2001" kitabı gələcəyə daha inamla baxa bilmək üçün
keçmişə nəzər salmağın gərəkli olduğunu dərk edən oxucuya onu aydın sabahlara aparan bir yolda
müstəqillik tariximizin bu mühüm dövründən "külü deyil, odu götürməsində" yaxından köməklik
göstərəcəkdir.
184
Azərbaycan Respublikası 1991-2001
Texniki redaktor Ə.Güləliyev
Kompüter tərtibatı A.Tağızadə, E.Məcidov
Çapa imzalanıb 10.10.2001. Formatı 60x90
Ofset kağızı. Ofset çapı. Fiziki çap vərəqi 17,5. Tirajı 1000.
Sifariş № 284.
"QIZIL ġƏRQ" MƏTBƏƏSİ
XXI-Yeni Nəşrlər Evi
Dostları ilə paylaş: |