9
oyunlar onları seyr edən tamaşaçılar üçün əyləncə, vaxtın xoş keçirilməsi məqsədi
daşımışdırsa, iştirakçılar üçün o, sınaq, ciddi həyata hazırlıq üçün fiziki və mənəvi
tərbiyə vasitəsinə çevrilmiş, yeniyetmə və gənclərə qüvvət, cəldliklə yanaşı
qorxmazlıq, cəsurluq, cəldlik, özünə inam və s. aşılamışdır.
Mənəvi mədəniyyət son əsrlərdə sivilizasiyanın, elmi-texniki tərəqqinin
inkişafı ilə əlaqədar olaraq etnik mənsubiyyətin əsas göstəricisi kimi çıxış etməkdədir
və XIX əsr mədəniyyətlərin mübarizəsi əsri kimi özünü göstərdiyinə görə,
Azərbaycan xalqının mənəvi mədəniyyətinin öyrənilməsi və təbliği, eyni zamanda
gələcək nəslə çatdırılması qarşıya əsas məqsəd kimi qoyulmalıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının çoxəsrlik, çoxsahəli və zəngin
mənəvi mədəniyyəti etnoqraf alimlərimiz tərəfindən yetərincə və tələb olunan
səviyyədə araşdırılmamışdır. Bu baxımdan oxuculara təqdim edilən üçüncü cildin işıq
üzü görməsi problemin əhəmiyyətini artırır, dərin məna və məzmunu ilə diqqəti cəlb
edir. Əlbəttə, xatırlatmaq lazımdır ki, bu zəngin və tükənməz irsin bütün sahələrini
eyni dərəcədə işıqlandırmaq imkan xaricindədir və qeyri-mümkündür. Bu, hər şeydən
əvvəl, çöl-etnoqrafik materiallarının və tədqiqat əsərlərinin nisbətən azlığından, tam
olmamasından, müqayisəli metoddan istifadə edilməməsindən irəli gəlir. Ona görə də
Azərbaycan dilində ilk dəfə olaraq belə əhatəli şəkildə fundamental əsərin ərsəyə
gətirilməsində bəzi çatışmayan cəhətlərə, zəif məqamlara, iradlara və xırda nöqsanlara
da rast gəlmək mümkündür. Bütün bunlara baxmayaraq, bu kitabdan oxucuların
Azərbaycan xalqının mənəviyyatı haqqında dolğun, tam məlumat alacaqlarına əminlik
hasil etmək olar.
Ümid edirik ki, bərəkətli torpağını, əvəzsiz vətənini, doğma xalqını və millətini
qəlbən sevən mütəxəssislər, alimlər, müdrik insanlar, tələbkar oxucular, öz
sevinclərini, arzu, tələb və təkliflərini bildirəcək, monoqrafiyanın gələcəkdə dolğun,
əhatəli və məzmunlu çıxmasına köməklik göstərəcəklər.
Əsərin uzun illər hazırlanması, yazılması və ərsəyə gəlməsində Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi
etnoqrafiya şöbəsinin əməkdaşlarının xüsusi xidmətləri də unudulmamalı və yaddan
çıxarılmamalıdır. Üçüncü cildin müzakirəsində dəfələrlə iştirak edən alimlərin
köməyi, çoxsaylı informatorların məlumat və müddəaları minnətdarlıqla qeyd
edilməlidir. Kitabın hazırlanmasına və müzakirələrin təşkilinə böyük əmək sərf edən,
artıq dünyalarını dəyişən görkəmli etnoqraflardan Şahpələng Quliyevi və Tofiq
Kərimovu minnətdarlıqla yad edir, "ruhları şad olsun" - deyirik.
Cildin nəşrə hazırlanmasında Səfər Aşurovun, Nəcəf Müseyiblinin, Təranə
Quluzadənin, Gülmirə Qasımovanın, illüstrativ materialların çəkilməsində rəssam
Solmaz Hüseynovanın əməyini xüsusi qeyd etmək lazımdır.
Teymur Bünyadov
Akademik
10
XALQ BAYRAMLARI
NOVRUZ BAYRAMI
Azərbaycan torpağının əzəli, əbədi sakinləri - ulu əcdadlarımız ilkin ibtidai
təfəkkür dövründə gündüzlə gecənin, Günəşlə Ayın bir-birini əvəz etməsini, göy
gurultusunu, ildırım çaxmasını, yağışın, qarın yağmasını, birdən-birə hər yanın
dumana bürünməsini, havaların gah isti, gah soyuq, şaxtalı olmasını və təbiətdəki
digər dəyişmələri, başvermələri möcüzə hesab etmişlər. Onlar möcüzə saydıqları bu
hadisələrə qarşı çıxmaq, onları öz istəklərinə uyğunlaşdırmaq, hətta tabe etmək üçün
cürbəcür tədbirlərə əl atmışlar. Bu tədbirlər zamanı görülən işlərin ahənginə uyğun
olaraq avazlanan səslər - nəğmələr get-gedə stabilləşməyə, bütöv halda ayinə,
mərasimə, nəhayət, bayrama çevrilməyə başlamışdır.
Bu səbəbdən də bilavasitə işlə, əməklə, ümumi şəkildə xalqın təsərrüfat həyatı
ilə bağlı yaranan və mənəvi mədəniyyətin tərkib hissələrindən olan, eyni zamanda
tarixin əski çağlarından dövrümüzədək cilalana-cilalana gələn ayin, mərasim və
bayramlara adi məişət aktı kimi yox, daha çox müəyyən sosial-mədəni məzmunlu,
əxlaqi-estetik ideyalar ifadə edən fakt kimi baxılmalıdır. Bayram və bu bayramın
mərasimləri, ayinləri, eləcə də burada oxunulan nəğmələr, müxtəlif məzmunlu
əyləncələr, göstərilən tamaşalar xalqın sosial durumunu, adət-ənənəsini, məşğuliyyət
növlərini və bunlara münasibətlərini əks etdirir. Başqa sözlə, "hər bir xalqın müəyyən
sistemə salınmış bayram mərasimləri bənzərsizliyi, təkraredilməzliyi və milli koloriti
etibarilə fərqlənən əsil xalq yaradıcılıq abidəsidir, bütöv sənət əsəridir". Bu abidənin,
əsərin çoxçeşidli mərasimlərində xalqın həyat tərzi, məişəti, güzəranı, arzu və
düşüncələri, inamı, bir sözlə, dünyaya baxışı əks etdirilir.
Bəlli olduğu üzrə, hər bir xalqın həyatında, məişətində çoxlu bayramlar vardır.
Bununla belə, bu bayramlar arasında biri öz mərasimlərinin, ayinlərinin, oyun və
əyləncələrinin, tamaşalarının zənginliyi ilə seçilir, sevilir, məşhur olur. Sözsüz ki,
Azərbaycan xalqının da elliklə keçirdiyi belə bir bayram Novruz bayramıdır.
Bilavasitə baharın, yazın, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə
böyük təntənə ilə hər il keçirilən Novruz bayramı, sözsüz ki, birdən-birə başlanmır.
Belə ki, qədim azərbaycanlı da varlıqdakı bütün nəsnə və hadisələrin, hətta ilin fəsil,
ay, günlərinin məzmunundakı mahiyyəti ayrıca dəyərləndirmiş, əlamətlərinə, kəsb
etdikləri xüsusiyyətlərə görə onlara adlar da vermişdir. Bu münasibət öz əksini bir el
söyləməsində də qorumuşdur:
Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
İlin dörd fəslini səciyyələndirən bu nümunədə, göründüyü tək, yay bolluq,
firavanlıq, var-dövlət "yığıb gətirən" fəsil, yaz "cənnət bağı", payız olan-olmazı