Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyevə açıq məktub
Hörmətli cənab Prezident!
Müsəlman dünyasında parlament üsul-idarəsi ilə ilk demokratik respublikanın yaradıcısı olaraq demokratik proseslərin lideri olmuş bir ölkənin nümayəndələri kimi; həmçinin bu respublikanın baniləri və maarifçilərimiz tərəfindən bəyan edilmiş və regionda, eləcə də ondan kənarda böyük təsir buraxmış liberal islahatlar və azadlıq ideyalarının varisləri kimi biz Sizi Azərbaycanın Cənubi Qafqazda və ondan kənarda Avropaya inteqrasiya və demokratikləşmə proseslərində lider olması üçün hər cür şəraiti yaratmağa çağırırıq.
Azərbaycan regionda nəinki iqtisadiyyatda, həmçinin liberal siyasi islahatlar sahəsində də lider olmaq üçün bütün imkanlara– zəngin insan və təbii ehtiyatlara, əhalinin yüksək təhsil və mədəni səviyyəsinə, 100 ildən çox demokratikləşmə tarixi və ənənələrinə, islahatlara və tərəqqiyə açıqlığa sahibdir.
Demokratik təsisatların mövcud olmadığı şəraitdə resursların ədalətli bölgüsü və sosial rifah da mümkün deyildir. Biz Sizi öz çıxışlarınızı yalnız iqtisadi və sosial məqsədlərlə məhdudlaşdırmamağa, əvəzində ölkənin tezliklə Avropa strukturlarına inteqrasiyasına nail olmasını şərtləndirəcək demokratikləşmə və siyasi islahatlar sahəsində konkret proqram açıqlamağa çağırırıq. Demokratiya quruculuğu hərtərəfli və dayanıqlı olmalıdır. Bundan əlavə, yetkin demokratik nəzarət təsisatlarının yoxluğu şəraitində neft resurslarının hasilatı gedən ölkələrdə bir qayda olaraq islahatların ciddi ləngiməsi təhlükəsi mövcuddur.
Bunun üçün də biz Sizə aşağıdakılarla müraciət edirik:
-
Bütün səviyyələrdə siyasi azadlıq ideyasının təbliğatı, çünki azad insan həm islahatların bələdçisi, həm demokratik cəmiyyət quruculuğunun hədəfi, həm də onun əsas dəyəridir. Liberalizasiya proseslərini guya müşayiət edən qeyri-sabitlik barəsində arqumentlər isə inandırıcı deyil, çünki Azərbaycan xalqı ənənəvi olaraq sülhsevər və qanuna tabe xalqdır.
-
Siyasi mədəniyyətin inkişafı üçün güclü vasitə olan televiziyanın azad siyasi debatlar, demokratiyanın əsaslarının öyrədilməsi və sair məqsədlər üçün intensiv istifadəsi. Müstəqilliyimin əldə edilməsindən artıq 18 il keçir və əgər bütün bu müddət ərzində zamanın tələbinə uyğun olaraq televiziya öz üzərinə düşən işi görsəydi biz artıq başqa ölkə olardıq!
-
Bütün jurnalistlərin və siyasi məhbusların azad edilməsi – hətta bir jurnalistin belə həbsxanada olması hələ 20-ci əsrin əvvəllərində liberal azadlıqları olan bir ölkə üçün utancvericidir!
-
Yüz il öncə olduğu kimi yenə də məhkəmələrin real müstəqilliyinin təmin edilməsi.
-
Azad mətbuat , qeyri hökümət təşkilatları və həmkarlar təşkilatlarının – azad cəmiyyətin əsas inkişaf vasitələri olan – inkişafı yolunda olan hüquqi və inzibati maneələri aradan qaldırmaq.
-
Siyasi partiyaların fəaliyyəti üçün hər cür şəraitin yaradılması. Fəal və əsl müxalifətin mövcudluğu – güclü və çiçəklənən dövlətin qarantıdır.
-
Hər bir azərbaycanlının zəngin potensialının ölkənin iqtisadiyyatı və çiçəklənməsi naminə sərf olunması üçün heç də məmurlara deyil, hər bir ölkə vətəndaşına azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər cür şərait və imkanların yaradılması.
Cənab Prezident! Birinci Azərbaycan Demokratik Respublikasının rəhbərləri xalqın əsl nümayəndələri və rəhbərləri kimi bütün beynəlxalq konfranslarda öz xalqının avropalı olması və Avropaya inteqrasiyaya hazır olması ideyasını təbliğ etmişlər. İndi, 100 il sonra, 93% savadlılığa sahib bir xalqın demokratiyaya və Avropa heyat tərzinə “mentalitetinə” görə hazır olmaması barədə arqumentlər tamamilə məntiqsizdir. Avropa İttifaqı tezliklə Şərq Əməkdaşlığı siyasətini qəbul edəcək və bu, azadlığın və plüralizmin ümumi dəyərləri əsasında bizim Avropaya daha dərindən inteqrasiya bacarıqlarımızı sübuta yetirmək üçün unikal imkan yaradacaqdır. Biz islahatlar və demokratikləşmə sahəsini münasibətlərimizdə prioritetlər sırasına daxil etməklə bu imkandan hərtərəfli istifadə etməliyik.
Biz əminik ki, heç də “Yaxın Şərq” tipli modernləşmə deyil, məhz Azərbaycan demokratiyasının bərpası və onun inkişafı azərbaycanlıların potensialının gerçəkləşməsinə kömək edəcəkdir və bunu azərbaycanlılar artıq bir dəfə sübuta yetirmişlər. Regional güclər arasında manevr etmək bacarığı tək deyil, azad cəmiyyət yaratmaq qabiliyyəti xalqın yüksək səviyyəsinin və onun dünya sivilizasiyasına layiqli töhfəsinin ən yaxşı sübutudur.
-
Leyla Əliyeva – Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru
-
Rəhman Bədəlov –fəlsəfə elmlər doktoru, professor.
-
Əli Abbasov – fəlsəfə elmləri doktoru, professor, AMEA-nın fəlsəfə və hüquq institunun şöbə müdiri
-
Zəfər Quliyev – Turan İnformasiya Agentliyinin analitik şöbəsinin rəhbəri, müstəqil politoloq
-
Novella Cəfəroğlu – D. Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri
-
Mehman Əliyev – Turan İnformasiya Agentliyinin direktoru
-
Hikmət Hacızadə - politoloq, Gənclər Mərkəzinin sədri
-
Elçin Behbudov – İşgəncələr əleyhinə Azərbaycan Milli Kommitəsinin sədri
-
Şahin Hacıyev – Nəcəf Nəcəfov adına fondunun icraçı direktoru
-
Səadət Bənənyarlı – Beynəlxalq İnsan Hüquqları Müdafiə Cəmiyyətinin Azərbaycan Milli Qrupunun sədri
-
Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri
-
Anar Məmmədli – Seçkilərdə Monitorinq və Demokratik Tədris Mərkəzinin sədri
-
Leyla Yunus – Sülh və Demokratiya İnstitutunun sədri
-
Vəfa Cəfərova – “Dalğa” Gənclər Hərəkatının sədri
-
Elçin Abdullayev – Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri
-
Rafiq Təmrazov – Bərabər İmkanlar İctimai Birliyinin sədri
-
Sevil Allahverdiyeva – Qadın Problemləri Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri
-
Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarının Müdafiəsi Kommitəsinin sədri
-
Əvəz Həsənov – Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri
-
Fikrət Cəfərov – Davamlı İnkişaf Uğrunda İctimai Birliyinin sədri
-
Mətanət Müslümqızı – Media Hüquqları Mərkəzinin sədri
-
Elxan Mehdiyev – Sülh və Munaqişələrin Həlli Mərkəzinin direktoru
-
Çingiz Sultansoy – müstəqil jurnalist
Dostları ilə paylaş: |