Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
233
na sahibdir. Açıq cəmiyyət, Berqsonun təbirincə desək, hər bir fərdin yeni “so-
sial orqanizm” ərsəyə gətirə biləcəyi münbit məkandır. Müasir rusiyalı fəlsəfə
tədqiqatçısı A.F.Zotov özünün “Müasir Qərb fəlsəfəsi” adlı kitabında Berqsonun
“açıq cəmiyyəti” “qapalı cəmiyyətlə” qarşılaşdırdığını xüsusi olaraq vurğulayır
və fikirlərinə onu da əlavə edir ki, fransız filosofunun siyasi cəmiyyət haqqın-
dakı mülahizələri onun intellektin fəlsəfəsinə dair düşüncələri ilə həmahəng
səslənir.
Belə ki, “Yaradıcı təkamül” adlı kitabında hissiyyatla intellekti iki fərqli
qütb kimi qarşı-qarşıya qoyan Berqson qapalı cəmiyyətlərin “intellektin
dağıdıcı gücünə” daima müqavimət göstərdiyini yazır. Bu müqavimətin
təşkilində “qapalı cəmiyyətin” əsas müttəfiqi “ətalətdə olan din” və mənəvi
borc hissləridir. Mənəvi borc dedikdə qapalı cəmiyyətlərdə başa düşülən əsas
anlayışlar adət və ənənə məfhumlarıdır. Yəni “qapalı cəmiyyət” istənilən yeni-
liyi əsrlərlə bərqərar olmuş adət-ənənənin, idarə üsulunun və həyat tərzinin
dəyişilməsinə cəhd kimi qiymətləndirir, müvafiq olaraq da bu cəhdə qarşı
var gücü ilə mübarizə aparır. Berqson çox düzgün qeyd edir ki, bu iki anlayış,
yəni ənənəçilik və yeni fikir bir-birinə qarşı amansız şəkildə duran iki fərqli,
barışmaz fikir tərzidir [4, s.95-97].
Qapalı cəmiyyətlərdə əsas hərəkətverici qüvvə “müharibə instinktidir” və bu
cür cəmiyyətlərin şüarı da məhz gücdən irəli gələn təfəkkür tərzindən qaynaq-
lanır: “Hakimiyyət iyerarxiya və sabitlikdir”. Sadə dillə desək, qapalı cəmiyyət
sabit iyerarxiyaya tabe olan güclü və sabit hakimiyyətin olmasını özündə ehtiva
edir. Belə cəmiyyətlərdə sabitliyin pozulması ənənəvi iyerarxiyanın dağılması-
na və hakimiyyətin zəifləməsinə gətirib çıxarır ki, bu da mühafizəkarlar üçün
məqbul olmayan inkişaf ssenarisidir. Tarix isə sübut edir ki, iyerarxiyanın pozul-
masına gətirib çıxaran başlıca amil tənqidi fikrin meydana gəlməsidir. Ənənəvi
quruluşu tənqid edən intellekt cəmiyyətin gələcək inkişafı üçün yeni idarəçilik
modelləri təklif etməyə başlayır ki, həmin modellərin hər biri öz növbəsində
mühafizəkar hakimiyyətlə ziddiyyət təşkil etməkdədir. Sonralar Popper
tərəfindən oxşar interpretasiyada irəli sürülmüş “açıq cəmiyyət” modeli özünün
tam təzahür formasında bir sıra şərtlərin olmasını nəzərdə tutur. V.A.Baçinin
özünün politologiyaya dair ensiklopedik sorğu lüğətində bu şərtlərin sayını 11
olaraq göstərir: 1) insanların ənənələrin mahiyyətinə, qadağalara və hakimiyyət
orqanlarının fəaliyyətinə tənqidi yanaşması; 2) dövlət strukturlarının, sosial
münasibətlərin, fərdlərin həyat fəaliyyətinin rasional əsaslara söykənməsi; 3)
dini dəyərlərin dünyəviləşməsi, daha doğrusu, insanların fəaliyyətini yönəldən
əsas mənəvi dəyərlərin sağlam təfəkkürə və humanizmə əsaslanması; 4) hər
bir fərdin onun təfəkkürü tərəfindən diqtə olunan təşəbbüsləri həyata keçirə
bilməsi üçün zəruri olan hərtərəfli azad mühitin yaradılması; 5) intellek-
tual azadlığın inkişafına imkan yaradan sosial şəraitin yaradılması; 6) fərdin
özünü sübut etməsinə və mənsəb pilləsi ilə yüksəlməsinə imkan verən il-
kin şərtlərin bərqərar edilməsi; 7) cəmiyyətin sosial münasibətlərin daima
təkmilləşdirilməsinə doğru məqsədyönlü şəkildə irəliləmək niyyətinin olması;
8) ayrı-ayrı fərdlərin, təfəkkür və iradələrin mütərəqqi mübarizəsi üçün tələb
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
234
olunan mühitin yaradılması; 9) cəmiyyətin siyasi həyatının bütövlüklə zorakılığı
istisna edən hüquq sisteminə tabe edilməsi; 10) mülki hüququn tamamilə fərdi
azadlıq prinsiplərinə uyğunlaşdırılması; 11) cinayət hüququnun və onunla bağ-
lı olan qanunvericilik fəaliyyətlərinin mənəvi əsaslar əsasında icrası, xüsusilə də
günahsızlıq prezumpsiyası anlayışı üzərinə oturdulması [2, s.168-169].
Lakin Berqson tərəfindən nəzəri əsasları hazırlanmış, Popper tərəfindən isə
müvəffəqiyyətlə təbliğ edilmiş “açıq cəmiyyət” fəlsəfəsinin vaxtilə bir sıra ta-
nınmış mütəfəkkirlər tərəfindən haqlı olaraq tənqid edilməsi də heç kim üçün
sirr deyil. Məsələn, F.Nitsşe demokratiyanı və ümumiyyətlə, açıq cəmiyyətin
özündə ehtiva etdiyi əksər azadlıqları insanın tərəqqisi üçün ziyanlı hesab
edirdi. Nitşenin fikrincə, açıq cəmiyyətin, yəni demokratiyanın tam mənada
təntənəsi aristrokratik ruhu məhv edir, əvəzində isə hakimiyyət “cəmiyyətin
tozu” olan sıravi xalqın əlinə keçir. Təbii ki, Nitşenin fikirlərini birmənalı şəkildə
şərh etmək düzgün olmazdı, lakin bu fikirləri birmənalı şəkildə rədd etmək də
doğru deyil. Ən azından ona görə ki, bəşər övladının kosmosu fəth etməsinə
baxmayaraq, onun siyasi təfəkkürü hələ də Popperin haqqında danışdığı açıq
cəmiyyəti tam mənada bərqərar etməyə imkan vermir. İnsanın siyasi təfəkkürü
mükəmməllikdən uzaqdır və hər bir fərdin ayrılıqda irəli sürdüyü təşəbbüs heç
də rasional ola bilmir [4, s.97].
Doğrudur, söz azadlığı prinsipi nöqteyi-nəzərindən hər kəsin bu və ya digər
məsələyə dair mülahizələrinə səbrlə qulaq asmaq mütləqdir, yalnız heç kəs
bu fikirlərin hamısının sağlam təfəkkürün məhsulu olduğuna təminat verə
bilməz. Bunun üçün də güclü dövlətçilik ənənələri formalaşdırmaq istəyində
olan ölkə əsla hər bir ideyanın hakimiyyət mexanizmlərinə nüfuz etməsinə im-
kan verməməlidir. Dövlətçiliyini demokratiyaya və ictimai fikrə qurban verən
ölkələrin isə faciə ilə qarşılaşdıqlarını tarix dəfələrlə sübut edib. Nümunə kimi
deyə bilərik ki, 1933-cü ildə azad seçki ilə hakimiyyətə gələn və öz ideyalarını
asanlıqla hakimiyyətin ən yuxarı eşelonlarına qədər yaymağa müvəffəq olan
nasistlər sonradan həm alman xalqını, həm də bütün Avropanı hansı faciələrlə
üz-üzə qoydu. Bu mənada kommunist təhlükəsi yarandığı zaman ABŞ-ın və
bir sıra aparıcı Avropa dövlətlərinin öz ərazilərində kommunist partiyalarının
fəaliyyətinə qadağa qoyması gələcək faciələrin qarşısını alan hərəkət kimi
qəbul edilə bilər.
Heç şübhə yoxdur ki, açıq cəmiyyətlərin bütün dünyada tam təntənəsinə
maneə yaradan başqa bir mühüm tarixi-siyasi amil müharibələrdir. Bəşəriyyət
tarixində ilk müharibələr başladıqdan və dövlət təşəkkül tapdıqdan sonra
müharibələr əsas genişlənmə faktoru qismində çıxış etmişdir. Müasir dövrdə
müharibələrin aparılma vasitələri dəyişdirilsə də, onların mahiyyətində ciddi
dəyişikliklər baş verməyib. Yenə də əsas məqsəd qarşı tərəfi neytrallaşdırmaq,
onun tabeliyindəki qüvvələri bütün mümkün vasitələrlə zərərsizləşdirməkdən
ibarətdir. Bu isə açıq cəmiyyətin demokratik formalaşma prinsiplərinə
tamamilə ziddir. Yəni əgər açıq cəmiyyət fəlsəfəsi dövlət quruculuğunu və ic-
timai münasibətləri demokratik və sivil başlanğıclar əsasında nəzərdə tutursa,
müharibə fəlsəfəsi bütünlüklə güc amilinə söykənir [5].
Dostları ilə paylaş: |