Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 197,59 Kb.
səhifə3/15
tarix26.08.2018
ölçüsü197,59 Kb.
#64412
1   2   3   4   5   6   7   8   9   ...   15
 Cinayətə hazırlıq

 

28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.

28.2. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 29. Cinayət etməyə cəhd



 

Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

 

Maddə 30. Cinayət törətməkdən könüllü imtina etmə



 

30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.

30.2. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.

30.3. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.

30.4. Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur.

30.5. Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.

 

7-ci fəsil



CİNAYƏTDƏ İŞTİRAKÇILIQ

 

Maddə 31. İştirakçılıq



 

İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.

 

Maddə 32. İştirakçılığın növləri



 

32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.

32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.

32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.

32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

 

Maddə 33. Cinayətin iştirakçılarının məsuliyyəti



 

33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.

33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.

33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.

33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur.

33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.

 

Maddə 34. Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi



 

34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

34.3. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.

34.4. Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təºkilat) hesab olunur.

34.5. Cinayətkar birliyin (cinayətkar təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar belə birliyin (təşkilatın) üzvü (üzvləri) tərəfindən, habelə cinayətkar birliyin (cinayətkar təşkilatın) tapşırığı ilə həmin birliyin üzvü (üzvləri) olmayan şəxs (şəxslər) tərəfindən törədilən cinayət, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab olunur.

34.6. Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır. Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar.

34.7. Bu Məcəllənin Xüsusi hissəsinin maddələri ilə nəzərdə tutulmayan hallarda mütəşəkkil dəstənin yaradılması onun törədəcəyi cinayətə hazırlığa görə cinayət məsuliyyətinə səbəb olur.

34.8. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur.

 

Maddə 35. Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi)



 

35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur.

35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.

 

8-ci fəsil



ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR

 

Maddə 36. Zəruri müdafiə



 

36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.

36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.

36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.

 

Maddə 37. Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması



 

37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır.

37.2. Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların törədilmiş əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulması şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 38. Son zərurət



 

38.1. Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.

38.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 39. Əsaslı risk



 

39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.

39.2. Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə və risk edən şəxs bu Məcəllə ilə qorunan obyektlərə zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir.

39.3. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə müşayiət olunan risk əsaslı hesab edilmir.

 

Maddə 40. Əmrin və ya sərəncamın yerinə yetirilməsi



 

40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət məsuliyyəti daşıyır.

40.2. Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur.

40.3. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur.

 

UÇÜNCÜ BÖLMƏ



CƏZA HAQQINDA

 

9-cu fəsil



CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ

 

Maddə 41. Cəzanın anlayışı və məqsədi



 

41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

 

Maddə 42. Cəzanın növləri



 

42.0. Cəzanın növləri aşağıdakılardır:

42.0.1. cərimə;

42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;

42.0.3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;

42.0.4. ictimai işlər;

42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə;

42.0.6. islah işləri;

42.0.7. hərbi xidmət üzrə məhdudlaşdırma;

//çıxarılıb//

42.0.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;



//çıxarılıb//

42.0.11. intizam xarakterli hərbi hissədə saxlama;

42.0.12. müəyyən müddətə azadlıqdan məhrum etmə;

42.0.13. ömürlük azadlıqdan məhrum etmə.

 

Maddə 43. Əsas və əlavə cəzalar



 

43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, //çıxarılıb// müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir.

43.2. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.

43.3. xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə //çıxarılıb// və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir.

 

Maddə 44. Cərimə



 

44.1. Cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.

44.2. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. 

44.3. Cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər.

44.4. Cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər. 

 

Maddə 45. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə



 

45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.



45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

 

Maddə 46. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə



 

46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.

46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.

46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

 

Maddə 47. İctimai işlər



 

47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

47.2. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.

47.3. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.

47.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

47.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;

47.4.2 hamilə qadınlara;

47.4.3 himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;

47.4.4 pensiya yaşına çatmış qadın və kişilərə;

47.4.5 hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara.

 

Maddə 48. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə



 

Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.KM2

 

Maddə 49. İslah işləri



 

49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir.

49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

49.3. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.

 

Maddə 50. Hərbi xidmət üzrə məhdudlaşdırma



 

50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.

50.2. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

50.3. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz.

 

//çıxarılıb////çıxarılıb//

 

//çıxarılıb////çıxarılıb////çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb//

 

Maddə 52. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma



 

52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.

52.1-1. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. 

52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir:

52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə;

52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə;

52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə;

52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə;

52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiº ºəxslərə;

52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya I qrup əlili olan ºəxslərə;

52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. 

52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin 52.1-52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir. 

 

//çıxarılıb////çıxarılıb//

 

//çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

Maddə 54. İntizam xarakterli hərbi hissədə saxlama



 

54.1. Hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir.

54.2. Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.

 

Maddə 55. Müəyyən müddətə azadlıqdan məhrum etmə



 

55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrindəyerləşdirilirlər. 

55.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 

55.3. İctimai işlərvə ya islah işləri azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə üç aydan az müddətə də təyin oluna bilər.

55.4. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi iyirmi ildən, hökmlərin məcmusu üzrə isə iyirmi beş ildən artıq ola bilməz. 

 

Maddə 56. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi



 

56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir:

56.1.1. ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində;

56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;

56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; 

56.1.4. cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində;

56.1.5. ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün — həbsxanalarda.

56.2. Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər.

56.3. Cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir.

56.4. Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər:

56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə;

56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı.

 

Maddə 57. Ömürlük azadlıqdan məhrum etmə



 

57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

57.2. Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

57.4. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.

 

10-cu fəsil



CƏZANIN TƏYİN EDİLMƏSİ

 

Maddə 58. Cəzanın təyin edilməsinin ümumi əsasları



 

58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir.

58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

 

Maddə 59. Cəzanı yüngülləşdirən hallar



 

59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:

59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi;

59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;

59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi;

59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;

59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;

59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;

59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;

59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;

59.1.9. könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə;

59.1.10. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi.

59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.

 

Maddə 60. Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi



 

Bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 

 

Maddə 61. Cəzanı ağırlaşdıran hallar



 

61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:

61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi;

61.1.2. cinayətin ağır nəticələrə səbəb olması;

61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi;

61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə;

61.1.5. psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin, habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunması;

61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi;

61.1.7. cinayətin müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi;

61.1.8. cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına qarşı törədilməsi;

61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsi;

61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi;

61.1.11. cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi;

61.1.12. cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən və ya sənədlərindən istifadə etməklə törədilməsi;

61.1.13. cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi.

61.2. Cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.

 

Maddə 62. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi



 

62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

 

Maddə 63. Başa çatmayan cinayətə görə cəza təyin edilməsi



 

63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.

63.2. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz.

63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

63.4. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.

 

Maddə 64. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi



 

64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.

64.2. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır.

 

Maddə 65. Residivə görə cəzanın təyin edilməsi



 

65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.

65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

65.3. Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.

 

Maddə 66. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi



 

66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

66.2. Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz.

66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.

66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

 

Maddə 67. Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi



 

67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

67.2. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.

67.3. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. 

67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

67.5. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

67.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur.

 

Maddə 68. Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası



 

68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə:

68.1.1. intizam xarakterli hərbi hissədə saxlamanın bir günü;

//çıxarılıb// 

68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü;

68.1.4. ictimai işlərin səkkiz saatı bərabər tutulur.

68.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur.

 

Maddə 69. Cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması



 

69.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, //çıxarılıb// intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır.

69.2. Bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər.

69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, //çıxarılıb// islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

69.4. Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir.

 

Maddə 70. Şərti məhkum etmə



 

70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama//çıxarılıb// və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.

70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.

70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.

70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.

70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.

 

Maddə 71. Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması



 

71.1. Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər.

71.2. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.

71.3. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxara bilər.

71.4. Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir.

71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu Məcəllənin 71.4-cü maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir.

 

DÖRDÜNCÜ BÖLMƏ



CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ

 

11-ci fəsil



CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ

 

Maddə 72. Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə KMQ



 

72.1. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

72.2. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər.

 

Maddə 73. Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə



 

İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

 

Maddə 74. Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə



 

Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

 

Maddə 75. Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə KM1



 

75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;

75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 

75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 

75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.

75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.

75.4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz.

75.5. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. 

 

12-ci fəsil



CƏZADAN AZAD ETMƏ

 

Maddə 76. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə



 

76.1. Məhkəmə islah işləri, //çıxarılıb// intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

76.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər.

76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:

76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;

//çıxarılıb//

76.3.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.

76.4. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz.

76.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.

76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum:

76.6.1. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər;

76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir;

76.6.3. qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ehtiyatsızlıqdan cinayət törədildiyi və məhkəmə tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edildiyi halda da cəza həmin qaydalar üzrə təyin olunur.

 

Maddə 77. Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə



 

77.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

77.2. Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.

77.3. Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə bu Məcəllənin 42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün bu Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.

 

Maddə 78. Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə



 

78.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

78.2. Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

78.3. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

78.4. Bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər.

 

Maddə 79. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması



 

79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.

79.3. Uşaq səkkiz yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.

79.4. Cəzaçəkmənin təxirə salındığı müddətdə məhkum edilmiş şəxs yeni cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.

 

Maddə 80. İttiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə



 

80.1. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur:

80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə;

80.1.2. az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə; 

80.1.3. ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə; 

80.1.4. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə.

80.2. Məhkum edilmiş şəxs cəzanı çəkməkdən boyun qaçırdıqda, icra müddətinin axımı dayanır. Bu halda icra müddətinin axımı həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.

80.3. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində icra müddətinin tətbiq olunması məsələsini məhkəmə həll edir. Məhkəmə icra müddətini tətbiq etməyi mümkün saymadıqda, həmin cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.

80.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. 

 

13-cü fəsil



AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ

 

Maddə 81. Amnistiya

 

81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.



81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

 

Maddə 82. Əfvetmə



 

82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

82.3. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər.

82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

 

Maddə 83. Məhkumluq



 

83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir. KM

83.3. Aşağıdakı hallarda:

83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;

83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;

83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;

83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. KM3

83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.

83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

 

BEŞINCI BÖLMƏ



YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ

 

14-cü fəsil



YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ

 

Maddə 84. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti



 

84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.

84.2. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

 

Maddə 85. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri



 

85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:

85.1.1. cərimə;

85.1.2. ictimai işlər;

85.1.3. islah işləri;

85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə.

85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir.

85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

85.4. Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.

85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:

85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;

85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində.

 

Maddə 86. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi



 

86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.

86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.

 

Maddə 87. Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu



 

87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir.

87.2. Nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.

87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak vəziyyəti və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə qoyulur.

87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını, müvafiq dövlət orqanının icazəsi olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək vəzifəsi də müəyyən edilə bilər. Bu tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də nəzərdə tuta bilər.

 

Maddə 88. Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə



 

88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:

88.2.1. xəbərdarlıq;

88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək;

88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;

88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.

88.3. Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur.

88.4. Yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir.

 

Maddə 89. Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi



 

89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.

89.2. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayanı yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayan göstərilən müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır. 

89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər. 

 

Maddə 90. Yetkinlik yaşına çatmayanların şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi



 

90.0. İslah işlərinə və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar:

90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;

90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;

90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.

 

Maddə 91. Müddətin keçməsi



 

Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır.

 

Maddə 92. Məhkumluğun ödənilməsi müddətləri



 

92.0. Şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir:

92.0.1. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay;

92.0.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;

92.0.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə.

 


Yüklə 197,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə