7
haqqında bir vəsiyyət edə bilməməsi romanın taleyini də məchul, müəmmalı bir
problemə çevirdi. Xalq yazıçısı Anara minnətdarıq ki, Ənvər Məmmədxanlının
ömür abidəsini, ədəbiyyatımızın şah əsərlərindən biri olan “Babək” romanını
özünəməxsus bir həssaslıqla, ustadı Ənvər Məmmədxanlıya məhəbbətlə oxuculara
təqdim etdi.
Ənvər Məmmədxanlının yazıçı istedadı və mədəniyyəti dilə münasibətdən
başlayır. Onun dili ifadəlidir, canlıdır, şirindir. Eyni zamanda əqli-estetik nəzarət
altındadır, hətta belə demək mümkünsə, pedoqoji təmkinə malikdir. Onun
təqdimində ana dili olduğu gücdə görünür. Yazıçı sözdən səxavətlə istifadə edir,
lakin elə edir ki, bu, israfçılığa çevrilmir. Ənvər Məmmədxanlı nümunəvi olduğu
qədər də perspektivli dil təqdim edir.
Ənvər Məmmədxanlı həm sənətkar, həm də şəxsiyyət kimi nadir, təkrarsız
və müqayisəolunmaz idi. Onun övladı əsərləri idi. Ənvər Məmmədxanlı nəcabətli,
nikbin, vüqarlı, təmkinli insan idi. O, ədəbiyyatımıza lirik hekayə janrını gətirdi.
Onun “Buz heykəl” hekayəsi sözdən düzəldilmiş canlı bir abidədir. Uzun illər bu
hekayə bizim dərsliklərdə çap olundu və uşaqlar tərəfindən sevildi.
Ənvər Məmmədxanlının söz dünyası sirli-sehrli, çoxlarına əlçatmaz görünən
cazibəli, füsunkar bir aləm idi. O, zərgər kimi sözün üstündə işləyirdi. Sözə naxış
vururdu, məna verirdi. Onun qələmindən çıxan söz də ürək kimi çırpınırdı,
gülürdü, sevinirdi, oxuyurdu. Onun “Şərqin səhəri” əsəri əsasında yaranan tamaşa
Azərbaycan dramaturgiyasının incisi sayılır. Ənvər Məmmədxanlı nasirlərimiz,
dramaturqlarımız içərisində yeganə şair idi.
Xalq yazıçısı Anar yazır:
“Ənvər Məmmədxanlıda müdriklik, nuranilik, əqidəsinə sadiq qalmaq kimi
müsbət xüsusiyyətlər mövcub idi. Ənvər Məmmədxanlının qəribə, unikal yaddaşı
vardı. Haçan nə kitab oxumuşdusa, nə məlumat almışdısa hamısı yadında olardı.
Azərbaycan və dünya tarixinə, ədəbiyyatına, fəlsəfəsinə, müasir siyasətə aid
ensiklopedik biliklərə malik idi və onunla söhbət etmək bir universitet qurtarmaq
qədər zənginləşdirirdi, savadlandırırdı adamı. O, islam tarixini Azərbaycanda ən
dərindən bilən adamlardan idi. Onun yüksək zövqü, intelekti ,mədəniyyəti imkan
verirdi ki, o, ədəbi orqanlardan, nəşriatlardan birinin başında dursun. Lakin o,
bunlardan qaçırdı.”
Ənvər Məmmədxanlı deyirdi: “Allah mənə az çox istedad veribsə niyə mən
onun qədrini bilməməliyəm? Mənim həyatım da, xoşbəxtliliyim də yazı stolumun
arxasındadır. Yazanda yazıram, yazmayanda da başlayıram tərcüməyə. Yazmaq
sağ qolumdursa, tərcümə sol qolumdur. İkisidə ayrılmazdır bir-birindən. Ömrü
boyu qara çörəyim tərcümədən çıxıb.O, istedadından, bacarığından qətiyyən şöhrət
tapması üçün istifadə etmirdi. Çətin dolanırdı. Dərdini qəlbində bükülü gəzdirir,
8
onu heç kimə hətta ən yaxın adamlarına belə açmırdı. Onun həmdəmi yalnız qələm
və ağ kağızlar idi.”
Ənvər Məmmədxanlı o qədər gözəl, o qədər zərif, o qədər təravətli, o qədər
yeni ruhlu hekayələr yazırdı ki, onları oxumaqla doymaq olmur. Görkəmli
ədibimiz Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk
əsərlərində öz mövzuları, öz üslubu ilə ədəbi ictimayyətin xüsusi marağına səbəb
olaraq özünəməxsus yaradıcılıq yolu keçib.
Hələ ilk povesti olan “Bakı gecələri” Ənvər Məmmədxanlıdan artıq
yaradıcılıq yönümü müəyyənləşən bir yazıçı kimi danışmağa imkan verir. Cavan
yazıçı Bakının yalnız qəhramanların fəaliyyət meydanı, hadisələrin baş verdiyi
sadəcə bir fon kimi yox, qədim mədəniyyəti, nadir təbiyyəti, özünəməxsus kəskin
ziddiyyətləri olan, sürətlə dəyişib təkmilləşən, inkişaf edib irəliləyən, yeni üfüqlər
fəth edən ictimai münasibətlər şəhəri kimi təqdim edirdi.
Ənvər Məmmədxanlı müxtəlif janrlarda yazırdı. Lakin janr müxtəlifliyi
onun ifadə tərzinin eyni keyfiyyətdə qalmasına mane olmurdu. Onun nəsrində də,
dramaturgiyasında da psixologizm aparıcı qüvvədir.
Ənvər Məmmədxanlı kino sənətində istedadlı ssenarist kimi tanınır. Onun
yazdığı “Fətəli xan”, “Leyli və Məcnun”, “Babək” kimi ssenariləri əsasında
çəkilmiş filmlər bu gün öz tarixi baxımından aktuallığı ilə seçilir. Kino-
novellalarında yazıçı mahiyyətlə hadisənin optimal əlaqəsini müəyyənləşdirməyə
çalışırdı. “Leyli və Məcnun” kino-dastanında isə Ənvər Məmmədxanlı qeyri-adi
klassik həqiqətin birbaşa şərhçisidir; bu halda da müəllifin diqqət mərkəzində
zamanın mənəvi-əxlaqi xarakterindən daha irəli insanın xarakteri dayanır. Ənvər
Məmmədxanlının Məcnunu Füzulinin Məcnunundan fərqlənir; o mənada ki, XX
əsrin yazıçısı XVI əsrin kontekstini daha real-həyati məzmunda dərk edir, Məcnun
ideal axtarışlarında kifayət qədər konkret maneələrlə qarşılaşır, XVI əsrin deyil,
XX əsrin problemlərini həll etmək üçün baş sındırır, bu günün filosofu kimi çıxış
edir.
Ənvər Məmmədxanlı həyatsevər insan idi; gəncliyində dünyanın ləzzətlərindən
zövq almağı bacaran adam kimi yaşlı çağında da şövqündən, yaşamaq, düşünmək,
mübahisə etmək həvəsindən qalmamışdı. Amma bu nikbin təbiətli bir insanın ömrü
boyu “həyatı ağrımışdı”. O, lirik-romantik bir yazıçı idi. Həm də Ənvər
Məmmədxanlı 30-80-ci illəri əhatə edən yaradıcılığında lirik nəsrin bir ustadı kimi
də fəaliyyət göstərmişdi.
Oxucu Ənvər Məmmədxanlının əsərlərini oxuduqa onun qələminin
qüdrətinə, şeriyyətinə vurulduqca vurulur, onun insanlığının, şəxsiyyətinin,
vüqarının vurğunu olur. Onun “And” hekayəsində “sən hər fəsildə gözəliydin,
Azərbaycan” sözləri mənə elə gəlir ki, hər bir Azərbaycan vətəndaşını təsirləndirir.