Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


İsrafil Abbaslının koroğluşünaslıq fəaliyyəti



Yüklə 0,67 Mb.
səhifə6/8
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#49905
1   2   3   4   5   6   7   8

İsrafil Abbaslının koroğluşünaslıq fəaliyyəti

Müasir Azərbaycan koroğluşünaslığının görkəmli si­ma­la­rından olan professor İsrafil Abbaslının mənəvi irsimizin bu möh­təşəm abidəsinin öyrənilməsinə aid ilk araşdırmaları 1970-80-ci illərdən başlayır. Bu tədqiqat­ların böyük qismi er­mə­ni əlif­basında yazıya alınmış və Ermənistanın arxivlərində və ədə­biyyat muzeylərində saxlanan «Koroğlu» variantlarının öy­rə­nilməsinə həsr olunub. Lakin bununla belə, İ.Abbasovun ak­tiv koroğ­luşü­naslıq fəaliyyəti 1990-cı ilərdən sonraya aid­dir.

Öz araşdırmalarını əsasən tarixi-tipoloji və tarixi-mü­qa­yi­səli metodlar əsasında aparmış alim, M.H.Təhmasib, B.A.Qa­rayev, V.M.Jirmunski, X.Ko­roğ­lu kimi tədqiqatçıların türk-Azərbaycan eposunun öyrənilməsi istiqa­mə­tində mü­əyyən­ləşdirdikləri xətti davam etdirsə də, onun tədqiqatları tək­cə folklorşünaslıqla məhdudlaşmayıb, ədəb-mədəni əla­qə­lər, mətnşünas­lıq, arxivşünaslıq kimi sahələri də əhatə edir (1; 2; 3; 4; 5; 6; 7; 8 və s.).

«Azərbaycan epo­sunun yayılma və təsir arealı» adlı mo­noq­ra­fiyasında İ.Abbaslı «Koroğlu»nun həm erməni əlif­ba­sında azərbaycanca yazıya alınmış, həm də ermənicə bizə çat­mış variant, qol və epizodlarının geniş təhlilini vermişdir. İ.Abbas­lının elm aləminə bəlli etdiyi həmin əlyazma mətnləri, əsasən, bunlardır:

I. Azərbaycan dilində olan mətnlər:

1. «Koroğlu nağılı» - yazılma tarixi XIX əsr. Eposun üç qo­lunu «Alı kişi – Rövşən», «Giziroğlu Mustafa bəy» və «Bolu bəy» əhatə edir. Matenadaranda saxlanılır.

II. Erməni dilinə tərcümədə aşkar olunan mətnlər:

1. «Koroğlu» 1908-1909-cu illər. Aşıq Qukasdan yazıya alı­n­ıb. Qeydə alan M.Qaraxanyan. «Koroğlunun törəyişi», «Ey­­vaz balı», «Dəmirçioğlu» qol­larını əhatə edir. Şeirlər Azər­baycan türkcəsindədir. Ermənistanda Ədəbiy­yat və İn­cə­sə­nət Muzeyinin Ədəbiyyat arxivində saxlanılır.

2. «Həsən paşanın nağılı». Q.Kələntəryan tərəfindən 1908-ci ildə yazıya alınıb. Nəsr hissə ermənicə, şeirlər isə azər­baycancadır. Ermənistanın Ədə­biy­yat və İncəsənət Mu­ze­yində (Ədəbiyyat arxivi) saxlanılır.

3. «Koroğlu». Yazıya alınma tarixi: 1913-cü ilə «Alı ki­şi», «Eyvazın nağılı» və «Koroğlunun ölümü» qollarını əhatə edir.

4. «Koroğlu»nun 1872-ci il Polis (Türkiyə) şəhərində çı­xan çapının ermənicə hissəsi. Tərcümə edən: C.Oskaryan, 1909-cu il.

5. «Koroğlu»nun 1909-cu il gürcücə çapının tərcüməsi, sət­ri tərcümə M.Andrasyana məxsusdur.

Son əlyazmalar da Ədəbiyyat və İncəsənət Mu­ze­yinin Ədə­biyyat arxivində saxlanılır (Bax: 195, 24-34).

Bununla yanaşı monoqrafiyada Aşıq Cəmali, Nəğməkar Hə­yat adlı aşıqlardan türkcədən tərcümə ediləni və 1879, 1900 və 1904-cü illərdə nəşr olunmuş variantlarının obraz, mo­tiv və süjet səviyyəsində digər variantlarla müqayisəsi apa­rıl­mışdır (195, 161-171).

İ.Abbaslı araşdırmalarında təkcə mətnlərin təhlili ilə ki­fa­yət­­lənməmiş, həmin mətnlərlə bağlı araşdırma aparmış er­mə­ni alim­lərinin tədqiqlərində çoxsaylı saxtakarlıq faktlarının da üstünü açmışdır. İ.Abbaslı «Koroğlu» eposunun «er­mə­ni­ləş­di­ril­məsi» cəhdinin fakt və arqumentlərə əsaslandır­maqla ay­dın ta­rixini müəyyənləşdirmiş, bu «işdə» kimin nə vaxt və nə kimi «əmə­yi» olduğunu erməni mənbələrinin öz material­la­rı əsa­sın­da sübuta yetirmişdir. Tədqiqatçı «Koroğlu» rəva­yət­lərinin er­mə­nilər arasında yayılmasının səbəbini, obyektiv ola­raq, Azər­bay­can mədəniyyət dairəsinin təsiri altında, kon­kret olaraq aşıq­lar tərəfindən gerçəkləşdiyi qənaətinə gəl­miş­dir.

İ.Abbaslı «Koroğlu» eposunun poetik xüsusiyyətlərinin təd­­qiqi istiqamətində də dəyərli araşdırmalar aparmışdır. Öz mü­­asirlərinin «Ko­roğlu»­da tarixi və ya mifik mahiyyətin əsas ol­­duğu barədə mübahisələrinə münasi­bə­tindən alim bi­rin­ci­lə­rin tə­rəfində çıxış edərək yazırdı: «Koroğlu» dastanında epik tari­xi­liyin inkişaf qatlarını izləyərkən başlıca olaraq iki cəhəti fərq­lən­dirmək lazım gəlir: eposu daha çox hansı epik abidələr qru­pu­na aid etmək lazımdır, o «mifik»dirmi, yoxsa daha çox ta­rixi sə­ciyyə daşıyır? Mə­sə­ləyə kompleks şəkildə ya­naşı­lar­sa, özgə sözlə, Koroğlu – Qoroğlu – Qurqulu silsiləsi nəzərə alı­narsa, is­tər mifik, istərsə də tarixiliyin ayrı-ayrı eposların sə­ciyyə­lə­ri­nə görə birinin o birindən fərqli üstünlük qaranti­ya­larını mü­şa­hi­də etmək mümkündür. Bizcə Azərbaycan «Ko­­roğlu»­su özü­nün ideya-məzmun axıcılığına, daha çox isə söy­kəndiyi tarixi hadisə­lərin epik­ləş­diril­mə­sinə görə, əsasən, ta­rixi mahiyyət da­şıyır. Bununla bəra­bər, epos mifik əlamət və təzahürlərdən də xali deyil. Lakin bu cəhət dastan­da apa­rı­cı şəkil almamış, əsas yeri tarixiliyin inikası tutmuşdur» (3, 58).

İ.Abbaslı «Koroğlu»nun kompozisiya qruluşunun xalq ro­manları üçün ənənəvi struktur mifik olduğunu və bu mər­hə­lər­­dən ibarət olduğunu qəbul edir:

1) qəhrəmanın anadan olması və təlim-tərbiyəsi;

2) məktubla, yaxud qiyabi yolla «buta» almaq, aşıq ol­maq;

3) məşuqəni əldə etmək üçün səfərə çıxmaq;

4) aşiqin, özgə sözlə, qəhrəmanın yolda qarşılaşdığı ma­neə­lər və onların dəf olunması macəraları;

5) aşıq ilə məşuqənin görüşü, döyüş və qələbə;

6) toyun təsviri və qəhrəmanın öz yurduna, vətəninə dön­­məsi (4, 81).

Eposun poetikası ilə bağlı müxtəlif məsələlərə toxunan alim, «Ko­roğ­lu»­da zaman və məkan, poetik fiqur və vasi­tə­lə­rin işlənmə məqamları, eposdakı şeirlərin formal və şəkli xü­su­siyyətləri, dili, obrazlar sistemi və s. məsələlərdən geniş bəhs etmişdir.

Eposun kompozisiyası ilə bağlı İ.Abbaslı yazır ki, «xalq ro­manının (yəni «Koroğlu»nun – A.İ.) hər bir qolu ayrı-ay­rı­lıq­da müstəqil, bitgin hekayət olsa da, bütövlükdə vahid bir sü­jet ətrafında birləşir. Bu süjet düzümü mühüm aparıcı xətt ki­mi inkişaf edərək eposu dolğun və möhtəşəm bir xalq epo­pe­­ya­sına çevrilmişdir» (4, 86).

İ.Abbaslı dastanın obrazlar sistemində iki tərəf müəy­yən­ləşdirir. Onun qənaətincə birinci qismə aparıcı qəhrə­man­lar (Koroğlu, Nigar xanım, Dəmiçioğlu, Aşıq Cü­nun, Eyvaz, İsa­balı, Dəli Həsən və b.), ikinci qismə isə «ötəri» (ke­çici) ma­hiyyətli obrazlar (Telli, Möminə xanım, Dolu, Dün­ya, Hü­rü, Aypara, Nərgiz, Məhbub, Mərcan və s.) daxildir.

Tədqiqatçıya görə, aparıcı qəhrəman qütbünü təşkil edən obrazlar əksər qollarda iştirak edir və bütün əsər boyu fə­aliyyət göstərirlər. İkinci qis­mi daxil obrazlar isə ayrı-ayrı qol­larda fəaliyyət göstərirlər. Araş­dır­maçıya görə bura, Nigar xa­nımdan başqa bütün qadın obrazlar və bütün mənfi sə­ciy­yə­li obrazlar (Həsən paşa, Cəfər paşa, Aslan paşa, Bolu bəy, Ca­mal pa­şa, Qəcəralı, Muş­tu­luq, Mehtər Murtuz, Keçəl Həmzə, Mah­mud paşa, Ərəb Reyhan, Xotkar Murad, Qaraxan, Ərəb paşa və b.) daxildir (4, 87).

«Koroğlu» şeirlərinin məzmun və ideya xüsusiyyət­lə­rinə toxunan alim, onları ümumilikdə tarixi qəhrəmanlıq nəğ­mə­ləri hesab etmişdir.

O, bu nəğmələrin mövzu, məzmun və ideya çalarına gö­rə aşağıdakı şəkildə təsnifini mümkün saymışdır.

1) tərif;

2) hərbə-zorba;

3) öyüdnamə;

4) çağırış;

5) arzulama;

6) təəssüflənmə;

7) oxşama-ağı (4, 88)

İ.Abbaslı təkcə erməni mənbələrində olan «Koroğlu» mətn­­lərinin öyrənilməsi, onların Azərbaycan və dünya koroğ­lu­şünaslığına tanıdılma­sında de­yil, həm də dastanın əvvəllər Xodz­ko variantı adı ilə məlum Paris nüs­xəsinin tədqiqində və azər­baycanca nəşrində xüsusi xidmətləri vardır.

İ.Abbaslının nəşrə hazırladığı mətn çapdan sonra bir çox tən­qid­lərə məruz qalıb. Geniş oxucu kütləsi üçün nəzərdə tu­tulmuş nəşrdə bir çox qüsurlar yer aldığından P.Xəlilov, M.Mə­simoğlu, A.Səməd və başqaları kitabı nəşrə hazır­la­yan­la­rı kəskin tənqid ediblər. Amma, bu yazılarda obyektiv mü­na­sibətdən çox təhrif və elmdən kənar mülahizələr yer alıb. Yalnız prof. P.Xə­lilovun araşdırması elmi üslubu ilə nisbətən se­çilir (83, 4).

Sözsüz ki, mübahisəli aspektlərin elmi-praqmatik əsas­lar­la şərhi onları doğuran səbəblərə aydınlıq gətirə bilərdi. Epos qəhrəmanı xalqın ideal­laş­dır­dığı qəhrəman kimi hər han­sı naqislikdən uzaqdır. Bu naqislik baş verər­sə, bu artıq, mət­nə yad, kənar təsiri göstərir. Paris nüsxəsini tədqiq etmiş E.Abba­sov yazır ki, Xodzko variantının kiçik auditoriya üçün söy­lən­məsi və adresatının xristian olması (həm də nüsxənin Av­ropa oxucusu üçün nəzərdə tutulması) ya aşığın, ya da əl­yaz­manı hazırlayanların mətnə müəyyən ele­ment­lər, epizodik ob­razlar və s. əlavə etməsinə imkan vermişdir (13, 32). Das­tan mətninə tərtibçilərin müdaxilə etməsi bəzən özünü aşkar gös­tərir. Ko­roğlunun Firəngoğlunu «əfv» etməsi, osmanlı ta­ci­rin mətndə sonradan dö­nüb erməniyə «çevrilməsi» və Ko­roğ­lunun onu öldürdüyünə görə peşi­man­­lığı kimi epizodların yal­nız Paris nüsxəsində mövcudluğu onların dastan mətnində, qey­də alınma zamanı müəyyən düzəlişlərin nəticəsi olduğunu göstərir.

Mətnə müdaxilə, əsasən, Azərbaycan dilində olan ilk əl­yaz­masının A.Xodzkonun sifarişi ilə fars dilinə çevrilməsi, fars­ca nüsxənin hazır­lan­ması prosesində baş vermişdir. Mətn­də bəzən vulqar ifadələrə rastlanılır ki, bu faktlar dastanı söy­lə­­yənin və dinləyici auditoriyasının əxlaqi-psixo­loji sə­viyyə­si­nin aşağı olmasından qaynaqlanmışdır. Çünki, «ifaçının şəx­siy­­yətinə bağlı amillər – onun peşəkarlığı, yaşı, cinsi, züm­rəvi-peşə, regional, dini-milli mənsubiyyəti, dil-nitq özəl­lik­lə­ri, yaddaşı, psixo­lo­gi­yası, zövqü, əxlaqı və s. folklor ör­nə­yin­də izini qoyur ki, «Koroğlu»nun Paris nüsxəsində də biz bu faktlarla qarşılaşırıq» (13, 31).

«Koroğlu»da qəhrəmanın Səfəvi şahına «loyal» müna­si­bəti və şiə təəssübkeşliyi, onun şiə İran mühitindən toplan­ma­sın­dan və aşıq sənətinin özünün genezis etibarilə Ələvi təri­qət­lərinə bağlılığından irəli gəlmişdir və təbii sayıla bilər.

Folklor örnəklərinin toplanması və çapa hazırlanması za­­manı mətnə müdaxilə 9-10 faiz həddini keçə bilməz. Das­ta­nın ikinci (təkrar) nəşrində (2005) həmin vulqar ifadələr mətn­dən çıxarılmışdır (113). Vulqar ifadələrin, qeyri-etik mə­qam­ların kütləvi tirajlı çap mətnində saxlanması məqsədə­uy­ğun deyil­dir. Amma əsərin ideyasına xələl gətirən, süni ar­tı­rıl­mış yerlərin (məsələn, erməni obrazı) çıxarılmaması çapın uğur­suz məqamlarıdır.

Paris nüsxəsində qəhrəmanın bir yandan dini təəssüb­keş­liyi, digər tərəfdən şərab içməsi kimi məqamlar, «Ko­roğ­lu»nun digər məlum variant­larında da rastlanılır və əslində sim­volik mahiyyətli olub sufi semantikaya malikdir.

Bütün bunlarla yanaşı, Paris nüsxəsi «Koroğlu»nun bizə mə­­lum ilk tam və qədim variantı olması səbəbilə eposun se­man­­tik strukturunun öy­rə­­nil­məsi, genezisi və dastan poeti­ka­sı­nın digər mühüm və az öyrənilmiş məsələlərinin (praq­ma­tika, şeirlərin semantikası, invariant-variant müna­si­bəti və s.) təd­qiqi üçün mühüm mənbədir və elm üçün əhəmiyyətli hadi­sə­­dir. Onun kütləvi oxucuya hesablanmış, Koroğlunu əsl xalq qəh­rəmanı mə­ziy­yətləri ilə təqdim edən şəkildə nəşri, həm­çi­nin «Koroğlu»nun daha mü­kəm­məl variantlarının gələcəkdə xa­­­rici dillərə tərcüməsi və tanıdılması isə qarşıda duran mə­sə­lə­lərdir.

Qeyd edək ki, 1997-ci ildə İ.Abbaslının çapa hazırladığı və geniş ön söz yazdığı Bakı nəşri (112) bu variantın tezliklə elmi dövriyyəyə geniş daxil olmasına şərait yaradıb.

Görkəmli tədqiqatçı bu variantla bağlı qənaətlərini «Ön söz»də ifadə edərək göstərir ki, «Eposun məzmunu, süjet axa­rı ilə tanışlıq belə bir qənaət doğurur ki, bu əlyazması sonrakı «Ko­roğlu» variantlarının əsasını, kökünü, mayasını, baş­lan­ğı­cı­nı təşkil etmiş, buradakı əksər məruzə və əhvalatlar sonrakı va­riantlarda (həmçinin ayrı-ayrı nəşrlərdə) bu və ya digər fərq­­­lərlə qorunub saxlanmışdır» (112, 7).

İ.Abbaslı, ümumilikdə, 1990-2000-ci illərdə əksər «Ko­roğ­lu» nəşr­lərinin tərtibçisi, ön söz, qeyd və şərhlərinin mü­əlli­fidir. O, 2000-ci ildə, prof. B.Abdulla ilə birlikdə «Ko­roğ­lu» dastanının arxiv materialları əsasında milli mətnini, geniş «Ön söz» və «Arxivin təsviri» ilə birlikdə rus dilində çap et­di­rir (220). Bu nəşrin əsasını Moskvada çıxan «SSRİ xalqları epo­su» və «Avropa və Asiya xalqlarının eposu» silsiləsi üçün ha­zırlanmış elmi-tədqiqat mətn təşkil edirdi. İyirmi beş qol­dan ibarət bu kitabın ön sözündə «Koroğlu»nun genezisi, ta­ri­xi semantikası, ilkin nəşrləri, öyrənilmə dərəcəsi və s. mə­sələ­lər işıqlandırılmışdır (220, 3-54).

2005-ci ildə həmin mətn nəfis tərtibatda Azərbaycan dilində işıq üzü görüb (120).




    1. Yeni «Koroğlu» mətnləri və müasir Azərbaycan koroğluşünaslığın­da metod axtarışları

1990-2000-ci illər koroğluşünaslığını xarakterizə edən baş­lıca əlamət­lərdən birini məhz köhnə tədqiqat üsullarından fərq­li metod axtarışları və yeni istiqamətlərin ortaya çıxması ilə xarakterizə olunur.

Bunun səbəbi bir tərəfdən Sovet İttifaqı dövründə bur­jua nəzəriy­yələri və metodları kimi yasaqlanmış elmi tədqiqat üsul­larından istifadə sərbəstliyinin yaranması idisə, digər tə­rəf­dən əvvəllər diqqət alınmayan və ya naməlum olan xeyli say­da yeni «Koroğlu» variantlarının və mətnlərinin ortaya çıx­ması idi.

Son illər nəşr olunmuş «Koroğlu» mətnlərindən xüsusi se­çi­lənlərə Paris və Tiflis nüsxələri, İ.Abbaslı və B.Abdul­la­nın arxiv materiallarını tam əhatə edən nəşri, A.Nəbiyevin Şir­van aşıqlarından topladığı qolları, E.Məmmədlinin Bor­ça­lı­dan topladığı qolları, Ə.Şamilovun hazırladığı Ə.Kamali va­ri­an­tını aid edə bilərik. 2004-cü ildə «Koroğlu» eposunun Jorj Sand tərcüməsi M.Abdullayeva və A.Vəkilova tərəfindən Azər­baycan dilində çapdan buraxılıb (119).

Paris və Tiflis nüsxələrindən ilk fəsildə geniş da­nış­mı­şıq. Elxan Məmmədlinin toplanıb «Qobustan» jurnalında çap et­dirdiyi iki qol sonradan İ.Abbasov və B.Abdullanın ha­zır­la­dı­ğı kitaba daxil edilib. «Koroğlunun Şirvan səfəri» adlı daha bir mətn S.Qəniyev tərəfindən əldə edilərək «Azərbaycan folk­loru antologiyası»nın «Şirvan folkloru» cildində verilib (26).

«Koroğlu»nun İsrafil Abbaslı və Bəhlul Abdullayevin tər­tibatı ilə 2000 (rus dilində) və 2005-ci ildə (Azərbaycan di­lin­də) işıq üzü görən nəşri Azər­bay­can Milli Elmlər Aka­de­mi­yası Nizami adına Ədəbiyyat İnstitutunun folklor arxivində saxlanan əlyazmalar əsasında hazırlanmışdır. Bu nəşrdə 25 qol-süjet yer almışdır:

1. Alı kişi. Söyləyəni Aşıq Əli, toplayanı H.Əlizadə;

2. Koroğluynan Dəli Həsən. Söyləyəni Aşıq Həsənbala, toplayanı Ə.H.Ta­hi­rov;

3. Koroğlunun İstanbul səfəri. Söyləyəni Aşıq Abbas, top­layanı H.Əli­zadə;

4. Aşıq Cünun. Söyləyəni Aşıq Əli, toplayanı H.Əli­za­də;

5. Koroğlunun Türkman səfəri. Söyləyəni Aşıq Əli, top­la­yanı H.Əlizadə;

6. Dəmirçioğlunun Ərzurum səfəri. Söyləyəni Aşıq Mir­zə, toplayanı H.Əli­zadə;

7. Koroğlunun Ərzurum səfəri. Söyləyəni Aşıq İbrahim Qa­raoğlu, top­layanı H.Əlizadə;

8. Durna teli. Söyləyəni Aşıq İsrafil, toplayanı H.Əli­za­də;

9. Koroğlunun Rum səfəri. Söyləyəni Aşıq İbrahim Qa­ra­oğlu, toplayanı H.Əlizadə;

10. Koroğluynan Bolu bəy. Söyləyəni Aşıq Sadiq, top­la­yanı H.Əlizadə;

11. Həmzənin Qıratı aparması. Söyləyəni Aşıq Qoca, top­layanı H.Əli­zadə;

12. Koroğluynan Ərəb Reyhan. Söyləyicisi və top­la­yı­cısı naməlumdur;

13. Koroğluynan Aypara. Söyləyəni Aşıq Cahandar, top­layanı Ə.H.Ta­hirov;

14. Koroğlunun Bəyazid səfəri. Söyləyəni Aşıq Əli, top­la­yanı H.Əlizadə.

15. Qulun qaçması. Söyləyəni Aşıq Mehdi Nəsiboğlu, top­layan namə­lum­dur;

16. Ağcaquzu. Söyləyəni Aşıq Aslan Kosalı, toplayan E.Məmmədli;

17. Pərzad xanımın Çənlibelə gəlməyi. Söyləyəni Aşıq As­lan Kosalı, top­la­ya­nı E.Məmmədli;

18. Mahru xanımın Çənlibelə gəlməyi. Söyləyəni Aşıq Hü­seyn Cavan, top­la­yanı M.Həkimov;

19. Koroğluynan Bəylər. Söyləyəni Əliş Səməd, top­la­ya­nı Ə.H.Tahirov;

20. Koroğlunun Ballıca səfəri. Söyləyəni Aşıq Muxtar, top­layanı H.Əli­zadə;

21. Koroğlunun Dərbənd səfəri. Söyləyəni Aşıq Vəli, top­layanı H.Əli­zadə;

22. Zərnişan xanımın Çənlibelə gəlməyi. Söyləyəni Aşıq Hüseyn Saraclı, toplayanı M.Həkimov;

23. Hasan paşanın Çənlibelə gəlməyi. Söyləyəni və top­la­­yıcısı ano­nimdir.

24. Mərcan xanımın Çənlibelə gəlməyi. Söyləyəni Ab­bas İman oğlu Vəli­yev, toplayanı Əli Qurbanov;

25. Koroğlunun qocalığı. Söyləyəni Aşıq Məhəmməd, top­layanı H.Əli­zadə.

Burada qeyd edək ki, bu işdə böyük xidməti olan B.Ab­dullayev, Paris nüsxə­sinin də çapa hazırlanmasında (o, daha əv­vəllər H.Əlizadə vari­antını çapa hazırlamış, müstəqillik dö­nə­mində isə Paris əlyazmanın Bakıya gətiril­məsində xüsusi səy gös­tərmiş, həm də kitabın redaktoru olmuşdur) əmək sərf et­miş, bununla yanaşı, «Ko­roğlu»nun nəşr problemlərindən bəhs edən ciddi məqa­lələr yazmışdır (15; 16; 25).

Arxivin təsviri əsasında hazırlanmış nəşrdə toplanmış qol­lar müxtəlif illərdə (1932-1991-ci illər arasında) Azər­bay­ca­nın fərqli bölgələrindən (Qa­zax, Dəvəçi, Bakı, Tovuz, Bor­çalı, Gən­­cə, Go­ranboy, Kəlbəcər, Ordubad) qeydə alınmışdır.

Dastanın aşıq repertuarından bütöv halda yazıya alın­ma­sı və çapının sonrakı mərhələsi folklorşünas A.Nəbiyevin adı ilə bağlıdır. O, bu işə 1964-cü ildə baş­la­­mış, ömrünün iyirmi ilə yaxın bir dövrünü dastanın toplan­masına həsr etmiş­dir. A.Nə­biyev topladığı qolları əvvəlcə ayrı-ayrılıqda müxtəlif jur­nal­larda, sonra özünün çapa hazırladığı «Azərbaycan das­tan­ları» kitabında vermişdir (28). 1999-cu ildə «Koroğlu»nun Və­li Xuluflu nəşrini geniş ön söz və şərhlərlə təkrar çapa ha­zır­lamışdır. Nəhayət, A.Nəbiyev top­la­dığı materiallar əsa­sın­da 2003-cü ildə irihəcmli «Koroğlu» mətnini nəşr etdirmişdir. Bu «vari­an­tın ən mühüm məziyyəti onun şifahi reper­tu­arın­dan dialektdə yazıya alınması, aşığın dilinə, dastan süjetinin ənə­nəvi strukturuna toxunul­ma­ma­sı­dır». Tər­tib­çi nəşrə yaz­dı­ğı ön sözdə qeyd edir ki, qolların çoxunu Azərbay­ca­nın şimal böl­­­gə­lərindən qeydə almışdır. A.Nəbiyevin nəsri «Ko­roğ­lu»nun 20 qolunu əhatə edir.

1. Rövşən, söyləyəni Dərbəndli Aşıq Vəli Alalıyev;

2. Koroğlunun İrəvana getməsi, söyləyəni Aşıq Mə­həm­məd;

3. Koroğluynan Nigar xanım, söyləyəni Aşıq Vəli;

4. Telli xanım, söyləyəni Aşıq Gülbala Həşimov;

5. Koroğlunun Dərbənd səfəri, söyləyəni Dərbəndli Aşıq Utul;

6. Eyvazın Çənlibelə getməsi, söyləyəni Dərbəndli Aşıq Yəhya Ağabəyov;

7. Koroğlunun Bağdada getməsi, söyləyəni Dərbəndli Aşıq Yəhya Ağabəyov;

8. Giziroğlu Mustafa bəyin Çənlibelə gəlməsi, söyləyəni H.Balayev;

9. Qıratın oğurlanması, söyləyəni Aşıq Vəli;

10. Mehbub xanımın Çənlibelə gəlməsi, söyləyəni Aşıq Məhəmməd;

11. Misri qılıncın oğurlanması, söyləyəni Aşıq Yarbaba Məhəmmədov;

12. Bənövşə xanımın Çənlibelə gəlməsi, söyləyəni Aşıq Gülbala;

13. Koroğlunun Bəyazidə getməsi, söyləyəni Aşıq Gül­ba­la;

14. Koroğlunun Ballıcaya getməsi, söyləyəni Aşıq Yarbaba;

15. Koroğluynan Bolu beg, söyləyəni dəvəçili Aşıq Həsənbala (qolu 1939 ildə Ə.Tahirov yazıya alıb);

16. Koroğluynan Ərəb İreyhan, söyləyəni Aşıq Yəhya;

17. Qaracaoğlanın Çənlibelə gəlməsi, söyləyəni Aşıq Utul;

18. Qıratın Hasan paşanı öldürməsi, söyləyəni Aşıq Və­li;

19. Koroğlunun ölümü, söyləyəni Aşıq Vəli;

20. Koroğlunun Türküstana getməsi, söyləyəni Aşıq Həm­­dulla (qolu 1964-cü ildə A.Xasıyev yazıya alıb) (121).

Bu nəşrdə başqa variantlarda rastlanmayan bir çox qol­lar, epizodlar və obrazlar diqqəti çəkir. Xüsusilə Koroğlunun ata-anası barədə nisbətən çox məlumat verilməsi («Rövşən» qo­lu), Misri qılıncı oğurlanması epizodu, Şah­ben­di­yar, Gü­lüm­leyla, Xoca Mahmud, Qaracaoğlan və başqa yeni obraz­lar ma­raq doğurur. «Koroğlu»nun Paris nüxsəsində İrəvan sər­da­rı kimi xatır­la­nan Hü­sey­nəli xan burada daha aktiv obraz kimi çı­xış edir. İstanbul xotkarı isə Mirzə Səlim adlanır. Əsərin so­nu orijinal sonluqla bitir: qocalmış Koroğlu, onun ardınca isə və­falı Qırat və Nigar xanım Ağ qayadan özlərini atırlar, Ko­roğ­­lu­nun meyiti qeyb olur.

«Koroğlu» qollarının toplanması, yeni-yeni variantların ta­pılması və çap işi 1990-2000-cı illərdə də davam etmiş və de­mək olar ki, xüsusi bir mərhələ təşkil etmişdir. 1996-cı ildə Əli Qurban özünün topladığı iki qolu – «Keçəl Həmzənin Qı­ra­tı aparması» və «Koroğlunun Quba səfəri»ni kitab halında çap etdirib (171). Lakin bu variant şöhrət qazanmamış və təd­qi­qatlara cəlb olun­mamışdır. İ.Sadığın yazdığı kimi, «bu ki­tab­da «Keçəl Həmzənin Qıratı aparması» qolu, demək olar ki, M.H.Təhmasib nəşrindəki eyni qolun təkrarıdır, hər ikisinin məz­munu da, süjetlər də, onların təsviri də eynidir, şeirləri də yurd hissələri də bir-birilə çox yaxından səsləşir. «Ko­roğ­lu­nun Quba səfəri» isə bütün göstəricilərinə görə «Koroğlu» epo­sundan zəifdir. Burada «Ko­roğlu»ya xas gö­zəl­lik, şirinlik ça­tışmır, hadisələrin sönüklüyü, süjetin soyuq­luğu, bədii təs­vir­lərin zəifliyi dərhal gözə çarpır» (164, 298).

Əli Kamali arxivində saxlanan və İran türklərindən – azər­baycanlılardan toplanmış bir variant haqqında Əli Şamil məlumat vermiş, bu mövzuda bir neçə məqalə yazmış və bir qo­lu da «Dədə Qorqud» jurnalında çap etdirmişdir (172, 114-116; 126, 117-132). Sonra Əli Şamil həmin variantı tam halda ça­pa hazırlamış, və kitab 2009-cu ildə çap olunmuşdur (115). Ə.Şa­milin məlumatına görə, Ə.Kamali (1944-1996) coşqun və­tənpərvər, çılğın bir millətsevər, bacarıqlı vəkil olsa da, pe­şə­kar folklorçu deyildi. Elə buna görə də arxivində olan qov­luq­lar nə arxivşünaslıq, nə də folklorşünaslıq baxımından pas­port­­laşdırılıb. Kiçik yaşlarından şeir həvəskarı olsa da, onu ədə­biyyata gətirən ölkədəki milli ayrıseçkiliyə etiraz ol­muş­dur. Məhkəmələrdə ayrı-ayrı adamların hüquqlarını müdafiə edən Əli Kamali bir millətin hüquqlarının tapdanmasına dözə bil­məmişdi. Soydaş­larına, millətinə atılan böhtanlara cavab ver­mək üçün ictimai-siyasi hərəkata qoşulmuş, İranda baş ve­rən inqilabın xalqların hüquq bərabərliyinə hörmətlə yana­şa­ca­ğına inanmışdı. Hətta inqilab günlərində söylənən şüarları top­layaraq 1982-ci ildə Tehranda öz pulu ilə nəfis tərtibatla çap etdirmişdi (172, 114).

Əli Kamalinin topladığı mətn dil-üslub özəlliklərindən baş­qa, çoxsaylı seçilən fərqli süjet və epizodlara malikdir. Bu­rada Ərəb Reyhanın və Mustafa bəyin də tərcümeyi-hallarına, Ko­roğlu və Eyvazla qohumluqlarına diqqət yetirilir. Bu va­ri­antda Koroğlunun valideyn­ləri, digər Azərbaycan variant­la­rın­­da olduğu kimi, aşağı təbəqə nümayəndələri deyil, yüksək züm­rəni təmsil edən insanlardır. Belə ki, Rövşənin ilxıçı oğlu de­yil, əsil-nəcabətli bir nəslin övladıdır onun atası Əli xan Xa­cə Mirzənin və Rum qeysərinin qızı Səlbi xanımın oğ­lu­dur.

Bu məsələyə diqqət çəkən Əli Şamil bunu dastançılıq ənə­nəsi üçün daha uyğun hal hesab edir və yazır: «Dastançılıq ənə­nələrimizdə qəhrəmanlar sadə xalqdan deyil, əsil­za­də­lər­dən seçilir. Qəhrəman hətta kasıb bir ailənin övladı kimi təs­vir edilsə də, sonda onun hansısa bir əsilzadədən olduğu, müx­təlif səbəblərdən kasıb ailəyə düşdüyü təsvir edilir. Bu ba­xımdan Əli Kamali arxivindəki «Koroğlu» dastanının va­riant­larında qəhrəmanın əsilzadə kimi göstərilməsi təbii gö­rü­nür» (115, 21).

Əli Kamalinin arxivi əsasında hazırlanmış kitab onun Qəz­vinin İpək kəndindən olan Aşıq Ələkbər Zəbulla oğlu Qur­banidən yazıya aldığı səkkiz «Koroğlu» qolundan başqa, ça­pa hazırladığı daha iki və sifarişlə qələmə aldırtdığı və ya top­latdırdığı altı müstəqil dastan mətnini əhatə edir.

Bu variantın 2009-cu il nəşri əsasən tədqiqatçı-alimlər üçün nəzərdə tutulmuş və bu səbəbdən bütün dialekt, nitq-ifadə və üslub xüsusiyyətləri saxlanılmışdır. Çapda hətta qol­ların başlıqları da aşıq ifasında olduğu kimi qeyd edilmişdir:

1. Bu Koroğlunun Çəmlibelə gəlməgidi və Ərəb Rey­ha­nı görməgidi;

2. Bu Koroğlunun dəgirmanda Qıratı Həmzəyə verməgi və onu geri almağıdır;

3. Bu Koroğlunun Nigar səfəriydi ki, getdi Nigarı gə­tir­di;

4. Bu Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi;

5. Bu Koroğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim;

6. Bu Eyvazın durna səfərinin dastanıydı ki, ərz elədim;

7. Bu da Eyvazın Türkmənə getməgidi və ata-anasını toyuna dəvət etməgidi;

8. Bu dastan Koroğlunun Bolu Sərdarı axtarmağıdı;

9. Dastani-Koroğlu və Nigar xanım;

10. Bu dastan Aşıq Cünunun qaçmağı dastanıdı;

11. Koroğlunun Türkmən səfəri;

12. Eyvazın durna gətirməyə getməsi;

13. Koroğlunun Silat səfəri;

14. Korğlunun Sərdar paşa dastanı;

15. Aşıq Cünunun Çəmlibeldən qaçması;

16. Koroğlunun Türkmən səfəri.

Qeyd edək ki, son iki qol («Aşıq Cünunun Çəmlibeldən qaç­ması» və «Koroğlunun Türkmən səfəri») Ə.Kamalinin si­fa­rişlə qələmə aldırtdığı materiallar əsasında çapa hazırladığı qol­lardır və bu səbəbdən kitabda, fərqli şəkildə olsa da, iki də­fə verilib. Eynilə, Aşıq Ələkbərdən yazıya alınmış süjet-qol­lar bir sıra hallarda məzmunca sifarişlə toplanmış və ya yazılmış mətn­lərdə təkrar olunub.

Sözsüz ki, bu variantın geniş tədqiqatı gələcəkdə apa­rı­la­caqdır və Ə.Kamalinin topladığı «Koroğlu» dastanı folklor abidəsi kimi öz layiqli qiymətini alacaqdır.

2009-cu ildə ilk dəfə nəşr olunmuş daha bir «Koroğlu» va­riantını da burada qeyd etmək lazım gəlir. Bu variant ya­zı­ya alınması barədə 1935-ci ildə «Ədəbiyyat» qəzetində mə­lu­mat verilmiş «Koroğlu»nun Krım-tatar versiyasıdır. Bakıda Ya­qub Zəki tərəfindən İvan Çoban oğlu Çobanovdan (qəzet mə­lumatında soyadı Çibanov kimi gedib – A.İ.) yazıya alın­mış dastan 74 il AMEA M.Füzuli adına Əlyazmaları İns­titu­tu­nun arxivində yatdıqdan sonra Folklor İnstitutunun elmi iş­çi­si İlqar Qasımov tərəfindən çapa hazırlanmış və Sim­fe­ro­pol­da işıq üzü görmüşdür (192).

«Koroğlu»nun Paris, Tiflis nüsxələri ilə tanışlıq, yeni top­lanmış müxtə­lif qolların ortaya çıxması alimləri yeni fakt­lar qarşısında qoyur, məsələlərə yeni yanaşma tələb edirdi.

Məlum olduğu, metod yunan mənşəli olub, «yol» mə­na­sın­dakı «metodos» sözündəndir, məqsədə tam nail olmanın üsu­lunu bildirir. Sovet ədəbiyyatşünaslığına görə (bu fikir hə­lə də aktuallığını itirməyib) ədəbi metod sinfi mahiyyət kəsb edir. Bu da onu ifadə edir ki, bədii əsərlə onu yaradanın dün­ya­görüşü arasında birbaşa əlaqə mövcuddur və tədqiqatçının da vəzifəsi bu əlaqəni aşkar etməkdir. Məhz bu əsas ten­den­si­ya marksizm-leninizm ideologiyasının hakim olduğu mər­hə­lə­də Azərbaycan ədəbiyyat­şünasları və folklorşünasları üçün prioritet təşkil etmişdir.

1990-2000-ci illər «Koroğlu» ilə bağlı tədqiqatlarda mü­qayisəli-tipoloji araşdırma metoduna daha çox üstünlük ve­rilir. Bunun bariz nümunələri kimi Mahmud Allahmanlı və Qüd­rət Umudovun yazılarını göstərə bilərik (19; 180). Xüsu­sən Q.Umudovun tədqiqatlarında dastan qəhrəmanlarının ti­po­­logi­yasının öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Təd­qi­qatçı əsasən «Koroğlu» ilə «Kitabi-Dədə Qorqud» das­tanları arasında tipoloji oxşar­lıqlardan geniş bəhs etmişdir. Q.Umudov qəhrəman tipinin epik ənənədə sabit və yad­daşdan-yaddaşa ötürülən keyfiyyətlərini müəyyənləş­dirməyə ça­lışmış və maraqlı nəticələr əldə etmişdir. Alim yazır: «Ümu­miyyətlə dastan yaradıcılığında bir ənənəvilik var. Bu, gə­ləcəyə ötürülür, necə ki, xalqın yaddaşından düşüncəsindən elə keyfiyyətlər var ki, gələcəyə süzülüb gəlir. Dastanlarda da bir başqa formada müxtəlif hadisə, epizod və qəhrəman ti­po­lo­giyasında təkrarlanır» (180, 483).

1990-cı illərdə Azərbaycan koroğluşünaslığında ilk dəfə mor­foloji təhlil metodu əsasında da dissertasiya yazılıb. Lakin bu­rada qeyd etmək lazımdır ki, «Koroğlu» eposuna morfoloji təh­lil metodunun tətbiqi təcrübəsinə folklorşünaslığımızda hə­lə 1980-ci illərdə rastlanırıq. Sözü gedən tədqiqat – Asif Ha­cı­ye­vin 1981-ci ildə dərc olunmuş «Koroğlu»nun morfolo­giyası ilə bağlı məqaləsi folklorşünaslığımızda dastan janrının mor­fo­loji struktur təhlili sahəsində uğurlu cəhdlərdən biri kimi xü­susi dəyərə malikdir (66, 23-25). Həmin məqalədə araş­dır­ma­çı eposun qol-süjetləri əsasında 7 funksiya və 27 situasiya mü­əyyənləşdirərək, onları əlifba sırası ilə işarələmiş, nəticədə «Ko­roğlu» qollarının A+B+V+Q+J+D+S şəklində ifadə oluna bi­ləcək formulunu almışdır (66, 24). Burada:

A – təhlükəni;

B – təhlükənin məlum olmasını;

V – hadisə yerini;

Q – təhlükəni dəf edəni;

J – qəhrəmanın düşmənlə qarşılaşmasını;

D – təhlükənin dəf edilməsi yolunu;

S – sondakı yeniliyi işarələyir.

Tədqiqatçının qənaətincə, 7 funksiyadan ibarət struk­tur­la 27 mütləq şəkildə dəyişən situasiya əsasında sonsuz miq­dar­da müxtəlif, bir-birini təkrar etməyən dastan, qol dü­zəlt­mək mümkündür (66, 24).

Lakin morfoloji tədqiqat metodunun «Koroğlu» epo­su­na geniş və monoqrafik səviyyədə tətbiqi, bundan 20 il sonra – 1990-cı illərin əvvəl­lərində gerçəkləşmişdir. «Koroğlu» möv­zusunda yazılmış bu maraqlı tədqiqat Həbib İdrisinin Azər­baycan və Anadolu versiyalarının müqayisəli və mor­fo­lo­ji təhlilindən ibarət dissertasiyasıdır (189). Müəllif V.Prop­pun mor­foloji təhlil metodunu «Koroğlu»ya tətbiq et­mək­lə hər iki versiyada müştərək motivləri müəyyənləşdirməyə ça­lı­şıb. H.İdrisinın araşdırma obyektini isə M.H.Təh­masibin 1975-ci il nəşri ilə M.Kaplan, M.Akalın və M.Bali tərəfindən ha­zırlanmış Anadolu variantı (1974) təşkil etmişdir. «Ko­roğ­lu»nun Anadoludan toplanmış və daha kamil nəşri sayılan bu va­riantı Ərzurumlu Behçət Mahirdən yazıya alınmışdır. H.İd­ri­sinin morfoloji-funksional təhlilə cəlb etdiyi bu variant «Ko­roğ­lu»nun 15 qolunu əhatə edir:


  1. Koroğlunun zühuru;

  2. Koroğlu ilə Dəmirçioğlu;

  3. Dəmirçioğlu – Reyhan Ərəb;

  4. Koroğlunun Eyvazı (Ayvazı) qaçırması;

  5. Koroğlu – Nığdeli Geyik Əhməd;

  6. Kosa Kənan – Dönə xanım;

  7. Koroğlu – Xan Nigar;

  8. Koroğlu – Xan Nigar – Hasan bəy – Telli Nigar;

9. Akşehir Telli Nigar cəngi;

10. Kəloğlanın Koroğlunun atını qaçırması;



  1. Kənan qolu;

  2. Bağdad qolu;

  3. Giziroğlu Mustafa bəy – Əfqanıstan-Gürcüstan.

  4. Bolu bəyi;

  5. Koroğlunun sonu.

Alim «Koroğlu» qollarını hərəsi 3-4 «hərəkət» olmaqla hissələrə ayırmış, hər «hərəkət tipini» bir motivlə və funksiya ilə adlandırmış (məsələn, «qəhrəmanın tanınması» tipi) və hər «hə­rəkət» daxilində ayrı-ayrı obrazlarla bağlı çoxsaylı funk­si­ya­ları süjet ardıcıllığı ilə cəmləmişdir. Bundan əlavə funk­si­ya­lara şərti işarələməklə hər süjetin – qolun morfoloji düs­tu­ru­nu müəyyənləşdirmək istəmişdir. V.Propun morfoloji təh­lil­lə­rindən çıxış edən Həbib İdrisiyə görə, «Koroğlu» qollarını və ya variantlarını iki funksiya cütlüyünün varlığına və ya yox­luğuna görə sinifləndirmək – klassifikasiya etmək olar. Bu iki funksiya cütlüyünü isə «xainlə mücadilə – qələbə» (şərti işa­rəsi H -1) və «çətin tapşırıq (zor vəzifə) – onun həlli» (şərti işa­rəsi M-N) təşkil edir. Məhz bu cütlüklərə əsasən «Ko­roğ­lu» qolları dörd hissəyə bölünür:

1. H-1 və M-N cütlüklərini ehtiva etməyənlər;

2. H-1 cütlüyünü ehtiva edənlər;

3. M-N cütlüyünü ehtiva edənlər;

4. H-1 və M-N cütlüklərinin hər ikisini ehtiva edənlər.

H.İdrisinin bütün qollarda hərəkətdaxili situasiyaları funk­siyalar kimi müəyyənləşdirmək və şərti işarələmək cəhdi ona gətirib çıxarıb ki, o, təkcə iki variantda 110-dan artıq funk­siyanı qeyd etməli olub. Məsələn:

a – ilk durum;

b1 – böyüklərin ayrılması;

b2 – ana babanın ölümü;

b3 – gənclərin ayrılması;

y1- qadağa;

y2 – istək və ya əmr;

g1 – istək və ya əmr yerinə yetirilir;

g2 – qadağanın pozulması;

A – xainlik (xəyanət);

A1 – bir nəfərin qaçırılması;

A2 – sehli vasitənin və ya yardımçının ələ keçirilməsi;

A4 – vasitələrə zərər yetirilir;

A5 – yamğalamanın digər formaları;

A6 – yaralama;

A7 – ortadan qeyb olmağa səbəbkarlıq;

A8 – Aldatma, qaçırma və ya təhvil alma;

A9 – qovulma;

A10 – dənizə atılma;

A11 – bir şəxsin yerinə keçmə və s.

Baxmayaraq ki, H.İdrisinin tədqiqatı özünəməxsus və ma­raqlı bir əsərdir, bu araşdırma sonrakı illərdə Azərbaycan ko­roğluşünaslarının diqqətindən kənarda qalmış və təd­qi­qat­larda, demək olar ki, istifadə olunmamışdır. H.İdrisinin təhlili formal-sintaktik xarakter daşımış, seman­tik və praqmatik as­pekt­lərə ümumiyyətlə toxunulmamışdır.

Onun araşdırması və Asif Hacıyevin «Koroğlu»nun mor­­­­foloji təhlili ilə bağlı məqaləsi sözügedən dastanın mor­fo­loji istiqamətdə öyrənilməsi ilə bağlı Azərbaycanda, hələ ki, ye­ganə araşdırmalardır.

Azərbaycan folklorşünaslığı üçün yeni araşdırma üsul­la­rından biri olan strukturalizm tədqiqat metodu isə 1930-cu il­lər­də formalizmin əsasında formalaşmağa başlamışdır (Praqa mək­təbi və onun nümayəndələri: Y.Mukarjovski, R.Ya­kob­son). Müharibədən sonra – 1950-ci illərdən struk­tu­ra­lizmin mər­kəzi ABŞ və Fransa olmuş (K.Levi-Stros, R.Bart, A.J.Qrey­­mas, J.Jenet, A.Dandis və başqaları) burada əsas tən­qid nəzəriyyələrindən birinə çevrilmişdir. Çox vaxt onun mey­dana çıxması dövrünü də XX əsrin ortaları - 1950-60-cı il­lərə aid edir və həmin əsrdə dilçilik sahəsində baş verən bö­yük inkişafın nəticələrinə bağlayırlar. 1950-ci illərin son­la­rın­da məşhur fransız alimi Klod Levi-Stros semiotikanı antropo­lo­gi­yaya tətbiq etməklə, strukturalizmin yeni bir formasının – struk­tur antropologiyanın əsasını qoyub. Struktur antro­polo­giya yarandığı andan etibarən Qərbin ədəbi tənqidinə güclü tə­sir göstərmişdir. Strukturalizm folklor fəaliyyətinin qeyri-şü­uri modelləşdirici və işarəvi-arxetipik mahiyyətə malik ol­ma­sı kimi özünün əsas dominant prinsiplərini isə freydizmdən və yunqçulardan almışdır. Bu tədqiqat metodu fin folklor­şü­naslıq məktəbinin artıq köhnəl­miş metodlarını tənqid edərək struk­tur modelləşdirməni elmi araşdırmanın əsas məqsədinə çevirmişdir.

Qeyd edək ki, 1960-cı illərdən SSRİ-də Y.M.Lotmanın rəh­bərliyi ilə Tartu strukturalist məktəbi fəaliyyətə baş­la­mış­dır. Struktu­ralistlər forma­listlərin ideyalarını təkmilləşdirdilər, forma və məzmunu bir-birinə qarşı qoymaqdan imtina etdilər. Bu da onların elmi nailiyyətlərinin humanita­riya­da önə keç­mə­sinə imkan verdi.

Dünya elmində geniş tətbiq olunmasına baxmayaraq, Azər­baycan folklorşünaslığında struktural-semiotik tədqi­qat­lar XIX əsrin sonu – XX əsrin əvvəllərinə aiddir. Bu tədqi­qat­lar sırasına A.Xəlilovun, E.Abbasovun, S.Rzasoyun «Ko­roğ­lu» dastanı ilə bağlı araşdırmaları aid oluna bilər.

Sırf struktur tədqiqatları ilə seçilən Ağaverdi Xəlilovun koroğ­lu­şünaslıq istiqamətində fəaliyyəti geniş olmasa da, san­balı və konsep­tuallığı ilə xüsusi seçilir. A.Xəlilov, həmçinin «Ko­roğlu»nun bir neçə variantını nəşrə hazırlamışdır. O, Mu­sa­yeva Xeyri Xankişi qızından yazıya alınmış «Koroğlu­nun Şir­van səfəri»ni 2003-cü ildə «Dədə Qorqud» jurnalında çap et­dirib (125, 103-113). Məzmun və süjetin orijinallığı, şeir­lə­rin poetik kamilliyi, dil-ifa özəlliklərinin gözlənilməsi, das­ta­nın pafosu və ideyası ilə tam uyğunluq bu qolun tezliklə popul­yar­laşmasına və «Koroğlu» mövzusunda tədqiqatlarda istifadəsinə imkan verir.

A.Xəlilov bir il sonra dastanın Tatar-tabol versiyasını yenə həmin jurnalda Azərbaycan dilinə tərcümə edərək (ori­ji­nal mətn də verilmişdir) ge­niş məqalə - ön sözlə çap et­dir­miş­dir (82, 136-151). Bu məqalədə müqa­yisəli təhlillə yanaşı, «Ko­roğlu»nun struktur semantikası ilə bağlı məsələlər öyrə­nil­­mişdir. A.Xəlilova görə, «Koroğlu» çevrəsinə daxil olan mətn­lər içəri­sində mərkəzi mövqeyi Azərbaycan «Koroğlu»su tu­tur. Bunun səbəbi, müəl­lifə görə, ilk öncə «Koroğlu» mi­fi­nin oğuz mənşəli olması ilə bağlıdır. «Orta Asiya və Tür­küs­tanda məhz dastançılıq dönəmində oğuz toplumunun azlıq təş­kil etməsi «Koroğlu» semantikasının transformativ im­kan­la­rını məhdud­laşdırmış, başqa sözlə, mifin epik təkamülünü tə­min edə bilmə­miş­dir. Ona görə də Orta Asiya «Koroğlu»su böl­gənin qeyri-oğuz toplusunda daha çox əsatiri mətnlər şək­lin­də gerçək­ləş­miş və oğuzların qərbə doğru hərəkət etməsi ilə o səfiyyədən çox uzağa getməmişdir. Yəni miflə onun folk­lor ifadəsi arasın­dakı məsafə, çox da genişlənməmişdir» (82, 136).

«Kitabi-Dədə Qorqud»un mif elementləri ilə «Koroğlu» das­tanındakı mifoloji məqamlar arasında müqayisələr aparan A.Xə­lilov onların əsas fərqini «insan-təbiət» və «heyvan-tə­biət» kimi ilkin binar oppozisiyalarda özünü göstərdiyi qə­na­ətinə gəlir. A.Xəlilov «Koroğlu» eposunda təsəvvüf (sufi) kon­­tekstini ön plana çəkir, dastanı «orta çağ təsəvvüf epo­xa­sının məhsulu» kimi qəbul edir. Alimə görə, bu dastanda Azər­baycanın Ağqo­yunlu və Səfəvilər dövr­lərindəki sosial-mə­­dəni gerçəkliyi, din, məzhəb və təriqət baxımından di­fe­ren­­sial­laşmamış Azərbaycan obrazlarının, turkman­larının Səfəvi-Osmanlı müna­sibət­­lərində­ki tarixi durumunun təza­hür­ləri aparıcı mövqedədir (82, 137-139).

«Koroğlu»nun Azərbaycan versiyası ilə tatar-tobol ver­si­yasını müqayi­sə edən araşdırmaçı mətnlər arasında üç sə­viyyədə – obrazlar, motivlər və süjet səviyyəsində tutuşdurma aparmışdır.

Elcin Abbasovun 2007-ci ildə yazdığı dissertasiyası «Ko­roğlu» dasta­nının poetikasının Pa­ris nüsxəsi əsa­sında öy­rə­­nilməsinə həsr olunmuş­dur (14). Məlum olduğu kimi, «Ko­roğlu» das­ta­nı­nın Paris nüsxəsi hələ XIX əsrdən Avropa dillə­ri­nə çev­ri­lə­rək nəşr olunmuş və bö­yük şöhrət qazan­mışdır. Qeyd edək ki, bu tədqiqatda, ilk növbədə, indiyədək çoxlu mü­ba­hisələrin predmeti olmuş və bəzən də orijinallığı şübhə al­tına alınmış Paris nüs­xə­si­nin Azərbaycan «Ko­roğ­lu»sunun va­ri­ant­­­larından biri olduğu inan­dırıcı arqument və faktlarla əsas­­lan­dırılmış və eyni zaman­da həmin mətnə müəllif müda­xi­ləsini əks etdirən məqam­lar aşkara çıxarılmışdır. E.Abbasov «Ko­roğ­lu» dastanının Paris nüs­xə­si ilə bağlı in­di­yədək Azər­bay­can folklorşü­naslığı üçün qaranlıq bir çox məqamlara ay­dın­lıq gətir­miş­dir.

Bundan əlavə, həmin araşdırmada, «Koroğlu» möv­zu­sun­da yazılmış digər tədqiqatlardan fərqli olaraq, eposun struk­tur qatları, sintaqmatik və paradiqmatik aspektləri, sin­xro­niya və diaxroniya uyumu öyrənilmiş, məntiqi-semiotik in­va­riant formullar müəyyən edilmişdir

Tədqiqatçı yazır ki, «Koroğlu» dastanı türk-oğuz epo­su­nun fasiləsiz davamı prosesində bir halqa olmaqla, əski mo­delləri birbaşa və ya dolayısı ilə təkrarlayır. Koroğlunun qol və ya variantlarda ayrı-ayrı düşmən şəhər­lərinə səfərləri sak­ral arxetipin paradiqmatik cərgələridir və qəhrəma­nın missi­ya­sı cəmiyyətdə harmoniyanın əbədiliyini təmin etməkdir. Struk­tur təhlil metoduna meyl edən alim, mətni şərtləndirən poetik şüur modelinin tapılması və mətn daxilində konfiqu­rasiya, konstruk­siyaların əmələ gəlməsini şərtləndirən mətniçi poetik struktur­yaratma mexanizlərinin öyrənil­məsinə xüsusi yer ayırmışdır. Tədqiqatını, əsasən das­ta­nın Paris nüsxəsi üzə­rin­də aparmış alim epos qollarının özəyində dayanan arxe­tip­ləri, invariant modeli ortaya çıxar­mış, «Ko­roğ­lu» süjet­lə­ri­nin funksional-semantik struktur baxımından para­diq­matik sıra­lan­­ma­sını müəy­yən­ləşdirmişdir (13, 109-118).

Ümumiyyətlə E.Abbasovun «Koroğlu» mövzusunda araş­dırmaları epos poetikası probleminin həllinə fərqli priz­ma­lardan işıq salınması baxımından seçilir və müasir Azər­bay­can koroğluşünaslığındakı yeni baxışları ifadə edir.

Bu yeniliklərdən biri də odur ki, E.Abbasov, hazırki Azər­baycan koroğluşünaslığında hakim olan folklor mətninə mifoloji-ritualistik yanaş­ma meyllərindən də uzaqlaşa bilmə­miş, dastanda həm yurd hissədəki, həm də şeir mətnlərindəki faktlardan çıxış etməklə «Koroğlu»da izini qoruyub saxlamış bir sıra qədim rituallar (hərb, toy, inisiasiya, andiçmə) bərpa et­məyə çalışmışdır.

Ümumilikdə, E.Abbasovun tədqiqatı daha çox semiotik ma­hiyyət daşımış və «Koroğlu» dastanında epik təfəkkürün spe­sifikasının üzə çıxarıl­masına xidmət etmişdir.

«Koroğlu» mövzusunda resenziya və məqalə müəllifi S.Rza­soyun, tədqiqatları isə, artıq deyildiyi kimi, ritual-mifo­lo­ji (neomifoloji) məktəbin və onun ritual-mifoloji nə­zəriyyə­si­nin ənənələrini və baxışlarını ifadə et­məklə ko­roğ­lu­şü­nas­lıqda xüsusi fərqlənir. Bu barədə yuxarıda bəhs olun­du­ğundan bu­rada onun üzərində dayanmayacağıq.

Son illər «Koroğlu» mövzusunda elmi axtarışların ümu­mi mənzərəsini yaratmaq cəhdi kimi AMEA Folklor İnsti­tu­tunda nəşr olunan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair təd­qiqatlar» məcmuəsinin bir cildinin (XXIX kitab) «Ko­roğ­lu» eposuna həsr olunmasını ayrıca qeyd etmək də lazımdır. Bu elmi məcmuədə dastanın poetikası, mifologiyası, tipolo­gi­yası, dili, nəşr və toplanma problemləri, tədqiq tarixi və s. möv­zusunda, hazırkı qənaətləri əks etdirən, 15 məqalə toplan­mış­dır. Məqalə müəlliflərinin əksəriyyətinin (H.İsmayılov, M.Cəfərli, F.Bayat, A.Xəlil, E.Abbasov, İ.Sadıqov və b.) elmi qə­naət­lə­rin­dən və «Koroğlu» mövzusunda əsərlərindən yu­xa­rıda bəhs etdiyimizdən, burada yalnız Kamran Əliyevin mə­qa­ləsi üzərində dayanmaq istərdik (54, 15-55).

K.Əliyevin tədqiqatı araşdırma tipinə görə «estetik» ya­naş­ma adlana bilər. Qırx səhifəlik geniş həcmli məqalədə müəllif dastanın mətnində tez-tez rastlanılan «dəli», «də­liqan­lı­lıq», «dəli nərə», «dəlisovlu­luq», «dəli könül», «dəli aşıq» ki­mi epitet, təyin və obrazların epik semantikasını araş­dır­mış­dır. Alimin araşdırmasında belə qənaətə gəlinir ki, qəh­rə­man­lıq dastanları yalnız xalqın təfəkkür tərzinin, düşüncə sis­te­mi­nin və yaradıcılıq imkan­la­rı­nın inikası deyil, həmçinin bundan da­ha artıq dərəcədə xalqın, etnosun fiziki gücünün nüma­yi­şi­dir (54, 47). K.Əliyev, bu məsələdə, sözsüz ki, haqlıdır, çünki epos xalqın öz gücünə inamını ifadə edir və onu qəhrəmanın tim­salında təcəssüm etdirir.


    1. Yüklə 0,67 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə