- 22 -
ümumbəşərinin sintezindən keçir. «Milli» anlayışı iki fərqli məzmun yükünə ma-
likdir. Birincisi, hər bir millət üçün spesifik olan, onu fərqləndirən xüsusiyyətləri,
ikincisi, fərqli cəhətlərlə ümumi cəhətlərin vəhdətini ehtiva edir.
İnsan müəyyən bir millətə mənsub olmazdan əvvəl insandır. Və milliyyətin-
dən asılı olmadan bütün insanlar üçün ümumi, zəruri olan cəhətlər vardır. «Etnik-
milli» anlamı müxtəlif qrupların insanlarını fərqləndirən cəhətləri əhatə etdiyinə
görə məzmunca kAsıbdır, solğundur. Sözün geniş mənasında «milli» anlamı isə hər
bir insana məxsus zəruri şərtləri də əhatə etdiyindən, zəngin və daha tutumludur.
İnsanı səciyyələndirən keyfiyyətlərdən çoxu, onun maddi ehtiyacları, intel-
lekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə daşıyır. Əsrlər boyu əvvəlki
nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki sərvətlər bütün
insanlar üçün ünvanlanmışdır. Lakin bu və ya digər millətə mənsub olan adamlar
müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoruyub saxlayırlar. Bunlar etnik-
milli xüsusiyyətlərə aiddir. Milli dildən fərqli olaraq riyaziyyatın dili, kompüterin
dili, texnikanın dili qlobal səciyyə daşıyır. Daha doğrusu, bu dilləri bilən insanlar
da millətlər kimi qruplaşıb öz aralarında ünsiyyətə girirlər.
Bu baxımdan, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, yeni ictimai birlik
normaları yaranır və onlar hətta «etik» birliklərə nisbətən daha dayanıqlı ola
bilərlər. Xüsusən, qloballaşma şəraitində internet və s.-nin açdığı məkan məh-
dudiyyətindən azad olan belə yeni birliklərin formalaşması və bəşəriyyətin elə bil
ki, çalxalanıb yeni strukturlar kəsb etməsi olduqca əlamətdar proseslərdir və
bunlara biganə qalmaq olmaz.
Bu yeni rakursdan baxdıqda «milli» anlayışının da yenidən dəyərləndirilmə-
sinə, onun məzmununa daxil olan yeni məna çalarlarına xüsusi diqqət yetirilməli-
dir. Ona görə də, yenidən «fərdi Mən», «milli Mən» və «ümumbəşəri Mən» anlayış-
larına qayıtmaq, «milli» anlamının mahiyyətinə də yenidən nəzər salmaq tələb olunur.
Milli fəlsəfi fikir dünyanın bir insanla münasibətini, bir insanın dünyaya
şəxsi, fərdi münasibətini əks etdirməkdən fərqli olaraq milli Mənlə dünya
arasındakı münasibəti ifadə edir. «Milli Mən» «fərdi Mən»dən və «ümumbəşəri
Mən»dən fərqli olduğu kimi onun dünyaya münasibəti də fərqlidir.
Bəs dünya milli Mən prizmasından necə görünür?
Əlbəttə, əsl böyük fəlsəfə fərdi Mənlə dünya arasındakı münasibəti əks et-
dirir. Belə ki, fərdi Mən ümumbəşəri və milli Mənləri ehtiva etmək imkanına malik
olduğundan, daha zəngindir. Lakin fərdi Mən heç də həmişə özünü dərk edə bilmir.
Ayrı-ayrı fərdlərin özünüdərk yolu milli və ümumbəşəri özünüdərklərin ancaq
müəyyən elementlərini ehtiva edir. Daha doğrusu, fərdi özünüdərkdə duyğu
komponenti, intuitiv komponent, irrasional komponent daha böyük sahəni əhatə
edir. Rasionallaşmış məqamlar isə azlıq təşkil edir. Bu baxımdan, fərdi şüur daha
zəngin olsa da, daha çox qeyri-müəyyəndir və rasionallaşmış hissənin faizinə görə
- 23 -
geri qalır. Ümumbəşəri şüur, ümumbəşəri özünüdərk əsrlər boyu insanların
dünyaya münasibətinin rasionallaşmış ifadəsidir. Burada duyğudan, emosiyadan
(xatirədən, nisgildən və s.) daha çox koqnitiv biliklər əhatə olunur. Lakin insanın
dünya haqqındakı bilikləri müxtəlif iyerarxik pillələrdə təzahür edir. Fəlsəfə məhz
ən ümumi biliklər əsasında, ən ümumi qanunların dərki sayəsində dünyanın
ümumiləşmiş mənzərəsini yaratmağa çalışır.
Hansı ölkədə yaşamasından, hansı milləti təmsil etməsindən asılı olmayaraq
filosoflar dünyanı bir insan meyarı ilə, insan prizmasından, ümumbəşəri dəyərlər
mövqeyindən dərk etməyə çalışır və dünyanın, insan–dünya münasibətlərinin
müxtəlif modellərini, konsepsiyalarını hazırlayırlar.
Lakin insan öz milli və fərdi prizmalarından dünyaya münasibətini bildirirsə
burada da ümumiləşdirmək üçün yararlı olan rasional biliklər toplanır. Hər bir
fərdin öz dünyası olduğu kimi öz fəlsəfəsi də var. Müxtəlif fərdlərin fəlsəfəsini
yığıb, vahid ortaq məxrəcə gətirmək mümkün deyil. Daha doğrusu, fəlsəfənin
özünə məxsus toplanma qaydaları vardır. Bu qaydalar elmi biliklərin toplanması və
sənət əsərlərinin, bədii təəssuratların toplanmasından fərqlidir.
Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq,
milləti təmsil etmək səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan, milli özünüdərk
baryerini keçmiş olan tək-tək şəxsiyyətlərin – filosofların fəlsəfi konsepsiyaların-
dan, bu konsepsiyaların şəbəkəsindən ibarət olur.
Əlbəttə, emosiyadan, hissiyatdan təəssüratın irrasional məqamlarından azad
olmuş rasional biliklər toplusu fəlsəfi duyumun, insanın dünyaya münasibət
mənzərəsinin tam təsfirini verə bilməz. Konkret münasibət, küll halında təəssurat
rasionallaşdıqca kasadlaşır, solğunlaşır və informasiyanın çox cüzi hissəsi sax-
lanılmış olur. Lakin idrak prosesi də elmi səviyyədə bununla səciyyələnir ki,
burada birinci fokus məsafəsindəki rasional biliklər ayrı, ikinci fokus
məsafəsindəki rasional biliklər ayrı və sair və s. yığılaraq sonradan toplana bilirlər.
Və toplanmadan alınan mənzərə hər biri ayrılıqda solğun olan informasiyaları
gücləndirir, yenidən mürəkkəb ierarxik bir strukturun rasional obrazı yaranır. Bu-
rada bir növ interferensiyaya uyğun tamamlama gedir.
Milli fəlsəfi fikir dedikdə, ilk növbədə, hər bir ölkənin görkəmli filosofları,
onların əsərləri yada düşür. Belə bir fikir formalaşıb ki, müasir dövrdə milli fəlsəfi
fikrin formalaşması və təbliği üçün əsas vəzifə fəlsəfə tariximizin öyrənilməsi və
tədris edilməsidir. Bu məqsədlə Bəhmənyarın, Nizaminin, Ş.Sührəverdinin, Şəbüs-
tərinin, Nəiminin, Nəsiminin, Fizulinin, nisbətən yeni dövrdə A.Bakıxanovun,
M.F.Axundovun, Mirzə Kazım bəyin fəlsəfə əsərlərini və ya bədii
yaradıcılıqlarındakı fəlsəfi fikirləri öyrənmək, nəşr etmək, yaymaq vəzifəsi ön
plana çəkilir. Bizcə, bütün bunlar, əlbəttə, lazımdır. Lakin, ilk növbədə, məhz
fəlsəfi fikir tariximizin öyrənilməsi baxımından.
Dostları ilə paylaş: |