Azərbaycan döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti



Yüklə 284,97 Kb.
səhifə9/10
tarix29.04.2022
ölçüsü284,97 Kb.
#86134
1   2   3   4   5   6   7   8   9   10
bankin likvidiliyi və onun idarə olunması metodları

Bankların idarəetmə strukturu- Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən AuditnKomitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur ( Banklar haqqında Azərbaycan Respublikasının Qanunu maddə23).

Bankın təşkilati strukturu Səhmdarların Ümumi Yığıncağı və ya onun verdiyi səlahiyyətlər əsasında Müşahidə Şurası tərəfindən təsdiq edilir. Təşkilati strukturun tərkibinə ən azı aşağıdakı funksiyaları daşıyan bölmələr daxil edilməlidir:

1. müştərilərlə birbaşa iş;

2. risklərin idarə edilməsi;

3. bank əməliyyatları;

4. inzibati və yardımçı xidmət.

Bankın təşkilati strukturu Mərkəzi Banka təqdim edilir.

Bank fəaliyyəti ilə əlaqədar müxtəlif risklərin səmərəli idarə edilməsi məqsədi ilə Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydalarına müvafiq daxili komitələr yaradılır. Hər bir komitəyə İdarə Heyətinin bu sahəyə cavabdeh olan üzvü sədrlik edir. Hər bir bankda idarəetmə orqanlarının və struktur bölmələrin fəaliyyətini tənzimləyən əsasnamələr tərtib edilir. Əsasnamələrdə idarəetmə orqanlarının və struktur bölmələrin tərkibi, funksiya və səlahiyyətləri, fəaliyyət qaydaları müəyyən edilir. Əsasnamələr və onlara edilən bütün dəyişikliklər Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) təqdim edilir.

İdarəetmə orqanlarının əsasnamələri Səhmdarların Ümumi Yığıncağı tərəfindən təsdiq edilir. İdarəetmə orqanlarının əsasnamələrində ayrıca olaraq onların sədrlərinin səlahiyyətləri müəyyən edilməlidir. Səlahiyyətlərin həcmi müəyyən edilərkən qanunvericiliyin tələbləri və bank fəaliyyətində risklərin azaldılması məsələləri nəzərə alınmalıdır.

Bankın fəaliyyətinə nəzarəti həyata keçirən Müşahidə Şurası Səhmdarların Ümumi Yığıncağının verdiyi səlahiyyətlər əsasında bankın bütün siyasətlərinin və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Səhmdarlar qarşısında bankın ümumi fəaliyyətinə görə Müşahidə Şurası, bankın cari fəaliyyətinə görə İdarə Heyəti məsuliyyət daşıyır.

Banklarda korporativ idarəetmə standartlarinin tətbiqi qaydaların 10-cu bölməsinə uyğun olaraq yaradılan komitələrin əsasnamələri bankın Müşahidə Şurası tərəfindən təsdiq edilir. Komitələrin əsasnamlərində qərarların qəbul edilmə qaydası göstərilməlidir. Bankın filial, şöbə və nümayəndəlikləri istisna olmaqla digər struktur bölmələrin əsasnamələri İdarə Heyəti tərəfindən, daxili audit bölməsinin əsasnaməsi isə Audit Komitəsi tərəfindən təsdiq edilir. Bankda hər bir fəaliyyət növü üzrə əməliyyatın həyata keçirilməsi və risklərin idarə-edilməsi ilə bağlı daxili qaydalar və prosedurlar İdarə Heyəti tərəfindən tərtib olunur və Müşahidə Şurası tərəfindən təsdiq edilir. Bu sənədlərdə hər bir fəaliyyət növünün həyata keçirilməsi qaydası tam və açıq müəyyən olunur. Bankda hər bir vəzifə üzrə vəzifə təlimatı olmalıdır. Vəzifə təlimatları struktur bölmələrin rəhbərləri tərəfindən təsdiq edilir və işçilər tərəfindən imzalanır. Vəzifə təlimatında vəzifə üzrə funksiya, səlahiyyətlər və məsuliyyət müəyyən olunmalıdır.

Likvidliyin idarə olunması prosesi

Bank tərəfindən onun fəaliyyətinin müxtəlif sahələrinin idarə edilməsi və nəzarəti üzrə ən azı aşağıdakıları əhatə edən likvidliyin idarə olunması prosesi formalaşdırılmalıdır:

Aktivlərin idarə olunması üzrə:

- müxbir hesablardakı qalıqların monitorinqi;

- kreditləşmə həcminin monitorinqi

- kredit portfelinin keyfiyyətinin monitorinqi;

- kreditlər üzrə faiz dərəcəsinin monitorinqi;

- bankın qiymətli kağızlar portfelinin monitorinqi;

- repo əməliyyatları üzrə alınmış qiymətli kağızların monitorinqi;

- təminat qismində istifadə oluna bilən aktivlərin monitorinqi;

- likvidliyin adekvat səviyyədə saxlanması məqsədilə satıla bilən əsas və digər qeyri-likvid vəsaitlərin monitorinqi.

Öhdəliklərin idarə olunması üzrə:

- son illərin tendensiyaları, mövsümi amillər, faiz dərəcəsinin dəyişdirilməsinə həssaslıq və digər makroiqtisadi amillər nəzərə alınmaqla, bank tərəfindən cəlb edilmiş vəsaitlərin həcminin monitorinqi;

- depozitlərin həcminin monitorinqi (o cümlədən, bankların və digər hüquqi şəxslərin depozitləri, “overnayt” əməliyyatları);

- depozit və digər öhdəliklər üzrə ödəmə müddətlərinin monitorinqi;

- bankın əsas öhdəliklərinin kreditorları üzrə daimi monitorinqin aparılması və onlarla əlaqələrin dəstəklənməsi;

- öhdəliyin növü, öhdəlik üzrə kreditor və onun yerləşdiyi ərazi nəzərə alınaraq öhdəliyin mənbələri üzrə cəmləşmənin monitorinqi;

- balansarxası öhdəliklərin monitorinqi.

Likvidlik “qəp”lərinin bankdaxili təhlili. Bankın fəaliyyətinin xüsusiyyətləri, aktiv və öhdəliklərinin strukturu və tərkibi, onların dinamikasındakı tarixi meyllər, habelə mövsümi və digər amillər nəzərə alınaraq likvidlik “qəp”lərinin bankdaxili təhlili ayda bir dəfədən az olmamaq şərti ilə aşağıdakı kimi aparılmalıdır:

Bankdaxili “qəp” təhlili üçün istifadə edilən ödəniş müddətləri ən azı ani, 1-7, 8-15, 15-30, 30 gündən bir ilədək aylıq dövrləri, həmçinin illik olaraq 1-2, 2-3, 3- 5 illik və 5 ildən çox olan dövrləri əhatə etməlidir. Qeyd olunmuş ödəniş müddətlərinin bölgüsü zəruri hallarda bank tərəfindən daha qısa müddətlərlə müəyyən edilə bilər.

Aktiv və öhdəliklərin ödəniş müddətləri üzrə bölüşdürülməsi müvafiq müqavilələrdə qeyd olunan müddətlərə, aktivlərin satışı imkanlarına konservativ baxışa, cəlb olunmuş vəsaitlərin həcminin dinamikasına dair fərziyyələrə əsaslanmalıdır. “Qəp” təhlili aparılarkən aktiv və öhdəliklərin yalnız əsas məbləği (faizlər istisna olmaqla) nəzərə alınmalıdır.

Bankın milli və xarici valyutada olan nağd vəsaitləri tam məbləğdə “ani” ödəniş müddətinə aid edilməlidir. Mərkəzi Bankda və digər banklarda olan müxbir hesablar, banklarda yerləşən “overnayt” depozitləri kimi aktivlər və bankda digər bankların müxbir hesabları, hüquqi və fiziki şəxslərin tələbli depozitləri, bankların “overnayt” depozitləri kimi öhdəlikləri tam məbləğdə “ani” ödəniş müddətinə aid edilə və ya aktiv/öhdəliklərin hər bir növü üzrə bankın müəyyən etdiyi meyarlara uyğun hesablanmış həcmdə bir neçə ödəniş müddətləri arasında bölüşdürülə bilər. Qeyd olunan meyarlar keçmiş dövrlərin statistik məlumatlarına və tarixi meyllərin təhlilinə əsaslanmalıdır.

“Qəp” təhlilinin aparılması zamanı bank müddətli öhdəlikləri müvafiq müddətlərə tam məbləğdə və ya onların dəyərinin real likvid həcmində aid edə bilər. Bank öhdəliyinin müvafiq ödəniş müddətində real likvid həcmi onun həmin müddətdə bankın hesab etdiyi ən yüksək ehtimalla icra oluna biləcək hissəsidir. Öhdəliklərin real likvid həcminin müəyyən edilməsi üçün bank öhdəliklərin hər bir növü üzrə müvafiq meyarlara, keçmiş dövrlərin statistik məlumatlarına və tarixi meyllərin təhlilinə əsaslanmalıdır. Meyarların adekvatlığının təmin edilməsi üçün onlara bankın rəhbərliyi tərəfindən mütəmadi olaraq yenidən baxılmalıdır.

Vaxtı keçmiş kreditlər, əsas vəsaitlər, qeyri-maddi aktivlər, digər hüquqi şəxslərdə investisiyalar, digər müddətsiz aktivlər və bankın kapitalının tərkib maddələri “qəp” təhlilində sonuncu (ən uzunmüddətli) ödəniş müddətinə aid edilməlidir.

bank xarici valyutada olan likvidlik mövqeyinə nəzarəti həyata keçirmək məqsədilə xarici valyuta üzrə ayrıca “qəp” təhlili aparmalı, ödəniş müddətlərinin bölgüsü cədvəlində manat ekvivalentində əks etdirməli, habelə xarici valyutaya olan ümumi tələbatı qiymətləndirməlidir.

Xarici valyuta üzrə “qəp” təhlilinin nəticələrini nəzərə alaraq bank xarici bazarlardan borc vəsaitlərini əldə etmə imkanına, yerli bazarda müvafiq valyutanın mənbəsinin mövcud olmasına, bir valyutanın digər valyutaya dərhal konvertasiya edilməsi imkanlarına, məzənnənin dəyişməsinə və bununla bağlı aktivlərin qiymətində baş verən mənfi meyllərə daimi monitorinqi həyata keçirməlidir.

“Qəp” təhlili aparılarkən fərdi və kumulyativ mənfi likvidlik qəpləri təhlil olunmalı və bank tərəfindən bu Qaydaların tələblərinə əsasən müəyyən edilmiş limitlərlə müqayisə edilməlidir.

“Qəp” təhlilinin nəticələri müvafiq qaydada sənədləşdirilməli və rəhbərliyə təqdim edilməlidir. “Qəp” təhlilinin nəticələrinə əsasən müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərarlar bankın səlahiyyətli şəxsi/bölməsi tərəfindən hazırlanmalı və təsdiq edilməsi üçün bankın İdarə Heyətinə təqdim edilməlidir.

Ani likvidlik əmsalı üzrə normativ. Hər bir bank yüksək likvidli aktivlərin orta gündəlik qiymətinin yüksək likvidli (cari) öhdəliklərin orta gündəlik məbləğinə olan nisbət əmsalını ən azı 30 faiz səviyyəsində saxlamalıdır.

Yüksək likvidli (cari) öhdəliklər kimi təsnifləşdirilmiş ödəniş müddəti 8 gündən 30 günədək olan öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar) bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır.

Bankın kreditorları və depozitorları (Mərkəzi Banka və digər banklara olan bütün borclar daxil olmaqla) qarşısında vaxtı keçmiş öhdəlikləri mövcud olduqda, ani likvidlik normativinə riayət etməsindən asılı olmayaraq, bankın ani likvidlik üzrə normativi pozulmuş hesab edilir.

Limitlərin müəyyən edilməsi. Bankdaxili qaydalarda bankın həcminə (aktivlər, kapital, müştəri bazası, əməliyyatlarına əsasən müəyyənləşir), xüsusiyyətlərinə və maliyyə vəziyyətinə uyğun adekvat likvidliyin təmin edilməsi məqsədilə ən azı aşağıdakı limitlər müəyyən edilməlidir:

- ən azı 0-7, 0-30, 0-90, 0-180, 0-365 gün və bir ildən çox ödəniş müddətləri üzrə kumulyativ mənfi likvidlik “qəpi”nin ümumi aktivlərə nisbəti üzrə limit;

- öhdəliklər üzrə bir kreditorun və ya əlaqəli kreditorlar qrupunun (fiziki və hüquqi şəxslər, banklar, beynəlxalq və digər maliyyə institutları) üzərinə düşən bank öhdəliklərinin maksimal məbləği və ya ümumi öhdəliklərə nisbətinin maksimal həddi;

- bankın ödəniş müddəti bir ildən çox olan bütün öhdəlikləri üzrə əsas borcla bağlı illik ödənişlərin bu öhdəliklərin ümumi məbləğinə nisbətinin maksimal həddi.

Bankdaxili qaydalarda limitlərə riayət olunmasına nəzarət prosedurları, o cümlədən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə prosedurlar, habelə müəyyən olunmuş limitlərin likvidliyin faktiki göstəriciləri ilə müqayisə edilməsinin dövriliyi öz əksini tapmalıdır. Bankın cari və proqnozlaşdırılmış likvidlik mövqeyinin adekvatlığının təmin edilməsi məqsədilə bankdaxili qaydalarla müəyyən edilmiş limitlərə mütəmadi olaraq yenidən baxılmalıdır.

Limitlərin pozulması halları onların səbəbləri göstərilməklə sənədləşdirilməli və bankın rəhbərliyinə təqdim edilməlidir. Bankdaxili qaydalarda limitlərin pozulması səviyyəsindən asılı olaraq bankın likvidliyinin idarə olunması prosedurlarının dəyişdirilməsi üzrə görüləcək tədbirlər müəyyən edilməlidir.

Likvidlik əmsallarının təhlili. Likvidlik riskinin profilindən asılı olaraq likvidlik mövqeyinin və likvid vəsaitlərə tələbatın qiymətləndirilməsi, hərtərəfli təhlili, habelə təhlilin nəticələrinin rəhbərliyə təqdim edilməsi üzrə bank tərəfindən prosedurlar müəyyən edilməlidir. Bank öz likvidliyinin təhlili üçün bu Qaydaların 5.3 və 5.4-cü bəndlərində qeyd olunmuş normativ və limitlərə əlavə olaraq aşağıdakı likvidlik əmsallarından istifadə edə bilər:

- Əmsal 1: Yüksək likvidli aktivlərin ümumi aktivlərin məbləğinə olan nisbəti.

- Əmsal 2: Cari aktivlərin yüksək likvidli (cari) öhdəliklərə olan nisbəti (cari likvidlik əmsalı). Cari aktivlərə yüksək likvidli aktivlərdən əlavə ödəniş müddəti 30 gün, yaxud bundan az olan aktivlər daxildir.

1-ci və 2-ci əmsalların azalma meylləri yüksək keyfiyyətli aktivlərin azalmasını, yaxud bankın adətən qısa müddətlərə cəlb edilmiş dəyişkən vəsait mənbələrinə daha çox arxalanmasını göstərir. Bu azalma təkcə likvidlik vəziyyətinin pisləşməsi meylini deyil, həmçinin maliyyələşdirmə strategiyasında baş vermiş məqbul hesab edilən dəyişiklikləri də göstərə bilər.

- Əmsal 3: Yüksək likvidli (cari) öhdəliklərin aktivlərin ümumi məbləğinə olan nisbəti. Bu əmsal aktivlərin qısamüddətli öhdəliklərlə maliyyələşdirilməsi səviyyəsini ölçür. Bu rəqəmin yüksək olması bankın qeyri-sabit maliyyələşmə mənbələrindən yüksək asılı olmasını göstərir.

- Əmsal 4: Yüksək likvidli (cari) öhdəliklərin ümumi öhdəliklərin məbləğinə olan nisbəti. Bu əmsal ilk problemlər yarandıqda bankı tərk edə biləcək vəsaitləri qiymətləndirir. Əgər bankda iri məbləğdə yüksək likvid öhdəliklər mövcuddursa, bank daha ciddi fövqalədə likvidlik planı hazırlamalıdır.

- Əmsal 5: Kreditlərin depozitlərə olan nisbəti. Bu əmsalda kreditlərə banklararası kreditlər istisna olmaqla digər müştərilərə verilmiş xalis kreditlər (zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar çıxılmaqla), depozitlərə isə bankların depozitləri istisna olmaqla bankda olan müştərilərin depozitləri aiddir. Bu əmsal bankın hesabına kredit portfelinin maliyyələşdirilməsi səviyyəsini qiymətləndirir. Əmsalın artımı bankın daha çox qeyri-sabit maliyyələşmə mənbələrinə (məsələn, qısamüddətli borclar) üstünlük verdiyini göstərir.

- Əmsal 6: Girov qoyulmuş qiymətli kağızların bütün qiymətli kağızlara olan nisbəti. Bu əmsal likvidliyə olan tələbatı ödəmək üçün istifadə edilə bilməyən, girov qoyulmuş qiymətli kağızların faizlə ifadəsini göstərir.

- Əmsal 7: Yerli maliyyə bazarlarından cəlb olunmuş vəsaitlərin cəminin xarici bazarlardan cəlb olunmuş vəsaitlərin cəminə olan nisbəti. Bu əmsal bankın yerli və xarici bazarlardan cəlb edilmiş vəsaitlərinin cəmləşməsinin tənzimlənməsi üçün nəzərdə tutulur

- Əmsal 8: Tələbli depozitlərin və bankların müxbir hesablarının sabit qalıqlarının cəminin öhdəliklərin ümumi məbləğinə nisbəti. Bu əmsal tələbli depozitlərin və müxbir hesabların sabit qalıqlarının öhdəliklərin hansı hissəsini təşkil etdiyini müəyyən edir. Sabit qalıq dedikdə bir il ərzində hesabda sabit olaraq qalan və hesabdan çıxarılmayan məbləğ başa düşülür.

Erkən xəbərdarlıq sistemi. Bank mümkün kritik vəziyyətləri təhlil edən, likvidlik mövqeyinin mənfi dəyişməsi riskinin artmasını və əlavə maliyyələşdirməyə tələbatın yaranmasını müəyyən edən və izləyən erkən xəbərdarlıq sisteminə və prosedurlara malik olmalıdır.

Erkən xəbərdarlıq sistemi daim nəzarət altında olan kəmiyyət və keyfiyyət meyarlarından ibarət olmalıdır. Erkən xəbərdarlıq sistemi ən azı aşağıdakı meyarları əhatə etməlidir:

- aşağı likvidli və/və ya qeyri-likvid aktivlərin, xüsusən də yüksək likvidli öhdəliklər hesabına maliyyələşən aktivlərin izafi artımı;

- aktiv və öhdəliklərin növləri üzrə cəmləşmənin artımı;

- likvidlik “qəp”lərinin artımı;

- öhdəliklər üzrə ödənişlərin orta ölçülmüş müddətinin azalması;

- müəyyən edilmiş limitlərdə mütəmadi müşahidə olunan yaxınlaşma, daxili və prudensial limitlərin pozulması;

- bankın gəlirlik göstəricilərinin kəskin aşağı düşməsi, aktivlərin keyfiyyətinin və ümumi maliyyə vəziyyətinin pisləşməsi;

- bankın səhmlərinin, istiqrazlarının və digər qiymətli kağızlarının qiymətlərinin aşağı düşməsi;

- bank tərəfindən vəsaitlərin cəlb olunması ilə bağlı xərclərin artması;

- bankın kreditorları tərəfindən əlavə təminat barədə tələbin irəli sürülməsi;

- banka açılmış kredit xətlərinin bağlanması;

- müddətləri başa çatmamış depozitlər də daxil olmaqla depozitlərin geri çağırılması;

- uzunmüddətli vəsaitlərin cəlb edilməsində çətinliklər;

- qısamüddətli öhdəliklərin yerləşdirilməsində çətinliklər;

- banka mənfi təsir göstərə bilən ictimai məlumat;

- reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərin aşağı düşməsi;

- bankın reputasiyasının pisləşməsi.

Stress-test və ssenarilərin təhlili. Bankın likvidlik mövqeyinin effektiv proqnozlaşdırılması üçün bank ayda bir dəfədən az olmayaraq likvidlik vəziyyətinin stress-testini həyata keçirməlidir.

Stress-testin ssenarisinin hazırlanmasında banka və onun fəaliyyətinin xüsusiyyətlərinə (bank əməliyyatlarının və məhsullarının növünə, cəlb edilmiş vəsaitlərin mənbələrinə) aid olan, bazarda cari və proqnozlaşdırılan vəziyyətlə bağlı fərziyyələr, habelə reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərin təsiri kimi meyarlar əsas götürülməlidir.

Stress-testin keçirilməsi zamanı müqavilə ilə müəyyən edilən müddətli aktiv və öhdəliklərin məbləğlərinin hər zaman onların likvid dəyərini real əks etdirmədiyi nəzərə alınmalıdır.

Stress-test üçün fərziyyələr aşağıdakılardan ibarət ola bilər:

- Aktivlər üzrə stress-test:

- kreditlərin vaxtında qaytarılmaması və ya gecikdirilməsi (kredit riski ilə əlaqədar yaranan likvidlik riski);

- mərkəzi Bank tərəfindən məcburi ehtiyat normasının dəyişdirilməsi;

- bankda likvid aktivlərin həcminin azalması;

- bazarda likvid aktivlərin dəyərində dəyişikliklərin müşahidə olunması.

- Öhdəliklər üzrə stress-test:

- müddətli öhdəliklərin sahibləri tərəfindən vəsaitlərin vaxtından əvvəl geri götürülməsi;

- cari və müxbir hesablarda vəsaitlərin azalması;

- müştərilərin depozitlərinin valyutasının dəyişdirilməsi;

- iri depozitlərin geri çağırılması;

- banklar və digər maliyyə qurumlarından alınmış vəsaitlərin vaxtından əvvəl geri çağırılması;

- kredit xətləri üzrə müqavilə şərtlərinin pozulması (vaxtından əvvəl bağlanması, nəzərdə tutulmuş vəsaitlərin tam həcmdə və ya vaxtında ayrılmaması).

- Aktiv və öhdəliklərə təsir edən fərziyyələr:

- faiz dərəcəsinin dəyişməsi;

- inflyasiya dərəcəsinin dəyişməsi;

- valyuta məzənnəsinin kəskin dəyişməsi.

Bankın xaricdə yerləşən filial, törəmə struktur və törəmə banklarının likvidliyi üzrə stress-test bank tərəfindən əvvəlcədən müəyyən edilmiş qaydada ayrıca olaraq həyata keçirilə bilər. Belə halda stress-testin nəticələri bankın baş ofisinə təqdim olunmalıdır.

Bank tərəfindən likvidlik vəziyyətinin dəyişməsinin inkişafının “ən pis”, “ən yaxşı” və “ehtimal olunan” ssenariləri tərtib olunmalı və yuxarıda qeyd olunan fərziyyələr daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar müəyyən edilməlidir. Hər bir ssenari bütün balans və balansarxası maddələrə tətbiq edilməlidir. Maddələrdə baş verən dəyişikliklər təhlil olunmalı və bankın likvidliyinin və maliyyə göstəricilərinin proqnozlaşdırılmasında nəzərə alınmalıdır.

Stress-testdə irəli sürülən fərziyyələr bankın müvafiq komitəsi tərəfindən təsdiq edilməlidir. Stress-testin və ssenari təhlilinin nəticələri bank rəhbərliyinə və bankın digər əlaqəli əməkdaşlarına təqdim edilməlidir.

Stress-testin və ssenari təhlilinin nəticələrinə əsasən bankın strateji planına, habelə limitlərə və likvidliyin idarə olunması qayda və prosedurlarına zəruri dəyişikliklərin edilməsinə dair qərarlar bankın müvafiq komitəsi tərəfindən hazırlanmalı, Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

Likvidliyin təmin edilməsi üzrə fövqəladə hallar planı. Bankın davamlı fəaliyyətinin təmin olunması məqsədi ilə bankda fövqəladə hallarda likvid vəsaitlərin cəlb edilməsi və aktivlərin minimal zərərlə likvid vəsaitlərə çevrilməsi prosedurlarını özündə əks etdirən plan olmalıdır (bundan sonra- “fövqəladə plan”).

Bu plan bankın strukturuna, fəaliyyətinin xüsusiyyətlərinə, risk profilinə, əməliyyatlarının həcminə, fəaliyyət göstərdiyi regiona uyğun müəyyənləşdirilməlidir. Bankın likvid vəsaitlərə tələbatı, habelə bank üçün əhəmiyyətli ödənişlər və onların həyata keçirilməsində prioritetlər nəzərə alınmaqla fövqəladə planda likvid vəsaitlərin gözlənilməz çatışmazlığı zamanı potensial maliyyələşmə mənbələri dəqiq müəyyən edilməli, bankın real əldə edə biləcəyi vəsaitlər, bunun üçün tələb olunan müddət və xərclər göstərilməlidir.

Fövqəladə plan bankın bir çox əlaqəli struktur bölmələrinin (Riskləri idarəetmə komitəsi, Xəzinədarlıq, Aktiv və passivləri idarəetmə komitəsi, İnformasiya texnologiyaları, ödəniş sistemləri və maliyyə xidməti) iştirakı ilə hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir. Planda fövqəladə vəziyyətə reaksiya vermə prosedurları və bu vəziyyətdə bankın daxilində dəqiq vəzifə və səlahiyyət bölgüsü öz əksini tapmalıdır.

Mövcud şəraitə uyğunluğu baxımından fövqəladə plana rübdə bir dəfədən az olmayaraq yenidən baxılmalı və təsdiq edilməlidir. Planın aktuallığının təsdiqlənməsi üçün planda öz əksini tapmış fərziyyələr stress-testləşməlidir.

Likvidliyin idarə olunması üzrə fövqəladə planda aşağıdakılar öz əksini tapmalıdır:

- cəlb edilmiş vəsaitlərdən ən sabit hesab olunan vəsaitlərin həcmi və tərkibi;

- likvid vəsaitlərin gözlənilməz çatışmazlığı ilə əlaqədar bankın cəlb olunmuş vəsait mənbələrinin azalmasının ehtimal olunan dərəcələri baxımından həmin vəsait mənbələrinin təsnifatı;

- likvid vəsaitlərin gözlənilməz çatışmazlığı vəziyyətinin ilkin əlamətləri yarandıqda təxirəsalmadan azalması gözlənilən müddətli və müddətsiz öhdəliklər;

- bankın əlavə vəsaitlər, o cümlədən əlavə kapital cəlb etməsi mənbələri və imkanları (prudensial normativ və bankdaxili limitlərə riayət edilməsi və digər tələblərin yerinə yetirilməsi nəzərə alınmaqla);

- likvid vəsaitlərin gözlənilməz çatışmazlığı yarandıqda bankın fasiləsiz fəaliyyətinin davam etdirilməsi üçün ehtimal olunan maksimal müddət.

Planda təminat qismində istifadə oluna və ya dərhal satıla bilən aktivlər müəyyən edilməlidir.



Cəlb olunmuş vəsaitlərin mənbələrinin diversifikasiyası.

Bank öz fəaliyyətinin xüsusiyyətlərindən, məhsullarının və fəaliyyət göstərdiyi bazarların növündən asılı olaraq vəsait mənbələrini diversifikasiya etməlidir.

Cəlb olunmuş vəsaitlərin diversifikasiyası aşağıdakı kimi olmalıdır:

- depozitlərin müxtəlif növləri üzrə;

- depozitlər istisna olmaqla, digər cəlb olunan vəsaitlərin müxtəlif növlərinin (məsələn, bankın kommersiya qiymətli kağızları) bankın öhdəliklərinin təminatı qismində istifadə edilməsi üzrə;

- əmanətçilərin/kreditorların (fiziki və hüquqi şəxslər, Mərkəzi Bank, digər dövlət təşkilatları, banklar və digər maliyyə institutları və s.) müxtəlif növləri üzrə;

- coğrafi yerləşmə, ölkə, region üzrə.

Diversifikasiya komponentlərinin mövcud şəraitlərə adekvat olunmasının təmin edilməsi məqsədilə onlara rübdə bir dəfədən az olmayaraq yenidən baxılmalıdır.

Təminatların idarə olunması. Balans və balansarxası əməliyyatlar üzrə əlavə vəsaitlərin cəlb olunmasına zərurət yarandıqda təminat qismində istifadə oluna bilən aktivlərin daimi monitorinqi həyata keçirilməlidir. Bank bu aktivlərin dərhal, mümkün qədər az zərərlə istifadəsinə heç bir hüquqi, normativ və ya bankdaxili məhdudiyyətlərin olmamasını təmin etməlidir.

Filialların likvidliyi. Bankın filialı tərəfindən həyata keçirilən əməliyyatların həcmi və məbləği nəzərə alınaraq bankdaxili qaydalarda filialların likvidliyinə qarşı tələblər, onların likvid vəsaitlərinin idarə olunması üzrə prosedurlar və likvidlik mövqelərinə dair hesabatlıq sistemi müəyyən edilməlidir.

Filialların likvidliyinin idarə olunması sistemi bankın müəyyən etdiyi ödəniş müddətləri ərzində likvid vəsaitlərə tələbatın planlaşdırılmasını, habelə filialın likvid vəsaitlərinin səviyyəsinin təmin edilməsi və/və ya artırılması məqsədilə bankın baş ofisi və digər filialları ilə qarşılıqlı əməkdaşlıq mexanizmlərini əhatə etməlidir.

Hesabatlıq sistemi və hesabatların təqdim edilməsi

Bankdaxili hesabatlıq sistemi. Bankın rəhbərliyi likvidliyin vəziyyəti barədə mütəmadi, gözlənilməz hallar baş verdikdə isə dərhal məlumatlandırılmalıdır.

Bankın hesabatlıq sistemində bu Qaydaların 5-ci bəndində qeyd olunmuş likvidliyin idarə olunması prosesləri əhatə olunmalıdır. Bundan əlavə bank rəhbərliyinin, habelə müvafiq səlahiyyətli əməkdaşlarının məlumatlandırılması məqsədilə hesabatlıq sistemi aşağıdakı məlumatları özündə cəmləşdirməlidir:

- öhdəliklərin cəmləşməsi barədə məlumat: ən iri vəsait təminatçıları/öhdəliklərin sahibləri, onların fəaliyyət sahələri və coğrafi ərazi üzrə toplanması, resursların növü (cari hesab, müddətli depozit, banklararası kredit), vəsaitin məbləği, faiz dərəcəsi və digər məlumatlar;

- ən qısa müddət ərzində satıla bilən aktivlərin siyahısı;

- hazırda təminat qismində yerləşdirilmiş və əlavə vəsaitlər tələb olunarsa təminat qismində yerləşdirilə və ya gələcəkdə yenidən maliyyələşdirilə bilən aktivlərin siyahısı;

- kreditlərin və digər öhdəliklərin geri qaytarılması, gələcəkdə əldə ediləcək əsas vəsaitlərin və uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üzrə plan (bankdaxili) və proqnozlar (bankdankənar təsir nəzərə alınmaqla);

- aktivlərin gəlirliyi və bank əməliyyatlarının aparılması üçün müxtəlif resursların dəyəri (maliyyələşmə mənbələri üçün mövcud olan və proqnozlaşdırılan qiymətlər);

- bazarda mövcud vəziyyətin, habelə öhdəliklərinin diversifikasiyası məqsədilə bankın bazara çıxış imkanlarının və qısa müddət ərzində aktivlərin satılmasını təmin edə bilmək bacarığının qiymətləndilməsi üzrə mütəmadi məlumat.

Menecment İnformasiya Sistemi (MİS). Aşağıdakıların həyata keçirilməsi məqsədi ilə bankda adekvat informasiya sistemi yaradılmalıdır:

- gündəlik likvidlik riskinin ölçülməsi, izlənməsi və ona nəzarət olunması;

- likvidliyin təhlili üçün ödəniş müddətlərinin təyin edilməsi və dəyişdirilməsi;

- müəyyən edilmiş prosedurlara və limitlərə riayət olunmasının yoxlanılması;

- likvidlik göstəricilərindəki meyllərin izlənməsi;

- normativ tələblərlə və bankdaxili qaydalarla müəyyən edilmiş formada müxtəlif hesabatların hazırlanması.

MİS erkən xəbərdarlıq sistemində qeyd olunmuş meyarların dinamikasını izləmək və hər hansı bir göstərici kritik həddə çatdıqda bank rəhbərliyini məlumatlandırmaq imkanına malik olmalıdır.

MİS hər bir valyuta növü üzrə, habelə bankın ümumi valyutalarının cəmi üzrə likvidlik mövqeyinin hesablanmasına imkan yaratmalıdır.

MİS tərəfindən hazırlanan hesabatlar mütəmadi olaraq bankın Müşahidə Şurasına, İdarə Heyətinə və müvafiq əməkdaşlarına təqdim olunmalıdır.

Likvidlik riskinin idarə olunmasına daxili nəzarət. Bankın daxili nəzarət sistemi likvidliyin idarə olunması proseslərinə adekvat nəzarətin həyata keçirilməsini təmin etməlidir. Daxili nəzarət sisteminin əsas komponenti likvidliyin idarə olunması sisteminin səmərəliyinin mütəmadi müstəqil qiymətləndirilməsi və bu sistemə zəruri dəyişikliklərin edilməsi barədə tələblərin irəli sürülməsidir. Belə qiymətləndirmələrin nəticələri müvafiq qaydada sənədləşdirilməli və bankın rəhbərliyinə təqdim edilməlidir.

Mərkəzi Banka hesabatların təqdim edilməsi. Bankın likvidlik mövqeyinə dair məlumat, o cümlədən ödəniş müddətlərinin bölgüsü və ani likvidlik üzrə hesabatlar prudensial hesabatlıq sistemində nəzərdə tutulmuş forma və qaydada hazırlanmalı və prudensial hesabatın tərkibində Mərkəzi Banka təqdim olunmalıdır.

Məlumatların istifadəçilərə təqdim edilməsi. Bankın likvidlik riski üzrə məlumatın istifadəçilərə təqdim edilməsi Mərkəzi Bankın müvafiq normativ xarakterli aktı ilə tənzimlənir. Bununla yanaşı bankdaxili qaydalarda bankın sabitliyi barədə əlavə məlumatların açıqlanmasına dair tələblər müəyyən edilə bilər.

Nəticə

Dövlət müstəqilliyinin 28 ilini geridə qoymuş Azərbaycan Respublikasında iqtisadiyyatın bir çox sahələrində olduğu kimi bank sektorunda da çoxsaylı tədbirlər görülmüşdür. Lakin, son 4-5 il üzrə ölkənin iqtisadi həyatında baş verən hadisələr göstərmişdir ki, müvafiq sahədə görülməsi ümdə olan tədbirlər çoxdur. Banklar iqtisadiyyatın qan-damar sistemini təşkil etdiyindən onlara tələbat həmişə olacaqdır. Çünki, bu hal həm dövlətin, həm də vətəndaşların marağında olan məsələdir. Banklar sayəsində pulun dövriyyəsi çoxalır və əhalinin bir çox tələbatları ödənilir. Müvafiq səbəbləri nəzərə alsaq, bu sahədə mütərəqqi tədbirlərin görülməsi məcburiyyətə çevrilib. Xüsusilə, son illərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların müştəri məmnuniyyətini təmin edəcək səviyyədə gördükləri işlər təqdirəlayiqdir. O cümlədən, bəzi bankların öz mobil tətbiqlərini təqdim etmələri, kreditlərin verilməsində bankların göstərdikləri ehtiyatlılıq, kredit verilişində müştərilərdən bir sıra vacib sənədlərin tələb edilməsi və b. hallar kredit təşkilatlarının daha etibarlı səviyyədə fəaliyyət göstərmələrinə şərait yaratmışdır.

Ümumi götürəndə Azərbaycanda son illər ərzində baş verən hadisələr göstərmişdir ki, bir çox banklar likvidlik məsələsinə həssas yanaşma göstərmirlər. Nəticə etibarilə, bankların bir çoxu fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmışdırlar. Bu acı təcrübə göstərdi ki, banklar öz likvidlik durumlarının nəzarətinə xüsusilə diqqət yetirməlidirlər. Ortaya çıxan hallar vasitəsilə bəlli olmuşdur ki, banklar kreditləşmə məsələsində daha ehtiyatlı hərəkət etməlidirlər.

Son illər ərzində dünya bazarında Azərbaycan neftinin qiymətinin aşağı düşməsi, milli valyutanın dəyər itirməsi, makroiqtisadi şəraitin dəyişməsi, işgüzar fəallığın azalması, devalvasiyaya qədər dollar ilə kredit götürmüş fiziki şəxslərin müvafiq hadisə baş verdikdən sonra yeni məzənnə ilə kredit ödənişlərini yerinə yetirmək məcburiyyətində qalmaları və bu səbəbdən bank və müştərilərlə mübahisələrin yaranması, eləcə də bu halın toplumda banklara olan etibarın azalmasına səbəb olmuş, bankların kredit portfelində ploblemli aktivlərin yaranması ilə nəticələnmişdir. Banklara olan etibarın itməsi müştərilərin depozitə yönəltdikləri vəsaitlərini geri çəkməsinə səbəb olmuş və külli miqdarda vəsaitin dövriyyədən çıxmasına şərait yaratmışdır.

Bunu nümunə gətirmək yerinə düşər ki, 2015-ci ildə ölkənin aparıcı banklarından biri olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-də baş verənlərin ölkənin maliyyə vəziyyətinə ağır zərbə vurması və bankı düşdüyü çətin durumdan çıxarmaq üçün hökumətin işə əl qoyması ölkənin maliyyə-büdcə sistemini zəiflətmişdir. Bu kimi hallar bankların bazarı tərk etməsinə səbəb olmuşdur.

Acı təcrübə Azərbaycanda bu istiqamətdə işlərin görülməsilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bankların sağlamlaşdırılması və rentabelliyinin yüksəlməsi üçün kompleks tədbirlər nəzərdə tutulub. Xüsusilə, bu sənədlə nəzərdə tutulmuş tədbirlərdən biri Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının banklara kapital və uzunmüddətli likvidlik dəstəyinin göstərilməsi məqsədilə yeni alətlərin yaradılması istiqamətində görüləcək işlərdir. Eyni zamanda, Maliyyə Sabitliyi Şurası və Maliyyə Monitorinqi Xidməti kimi qurumların yaradılması halı bu istiqamətdə görülən tədbirlərə töhfə vermişdir

Bununla belə, fəaliyyətini davam etdirən banklar ləğv olunmuş bankların təcrübəsini nəzərə alaraq kredit portfellərində problemli aktivlərin yaranması və çoxalması hallarını aradan qaldırmaq iqtidarında olmasalar da, mümkün qədər bu kimi mənfi halları məhdudlaşdırmalıdırlar. Banklar müştərilərin maliyyə vəziyyətlərini dərindən təhlil etməli, onların rəsmi gəlirləri əsasında kreditləşmə həyata keçirməlidirlər. Mövcud riskləri nəzərə alaraq müvafiq iş görülməlidir. Çoxsaylı tədbirlər sayəsində bank-müştəri münasibətləri qaydaya düşər, banka etibar artar və nəticədə bankların likvidlik problemləri daha az səviyyədə mövcud olar. Bundan savayı bank likvidliyi mövzusunda çoxsaylı elmi-tədqiqat işləri aparılmalı, kitablar, monoqrafiyalar dərc olunmalıdır.


Yüklə 284,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə