Avqust 2016 İş yeri statistikası açıqlanıb


Məşğulluq niyə leqallaşmır?



Yüklə 0,53 Mb.
səhifə20/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   17   18   19   20   21   22   23   24   25

Məşğulluq niyə leqallaşmır?


29.08.2016

rovshan-agayev-yeni1
        Rövşən Ağayev

Əmək müqavilələrinin elektronlaşdırılması ilə bağlı qərarın icraya başlamasından 2 il ötür. Hələ başlanğıcda gözləntilər vardı ki, yeni mexanizm əmək bazarında qeyri-rəsmi məşğulluğun leqallaşmasına töhfə verəcək, müqaviləsiz işçi çalışdıran sahibkarlarda qeyri-formal əmək münasibətlərindən qaçmağa məsuliyyət yaradacaq. Amma ötən dövrün nəticələri göstərir ki, müqavilə ilə çalışanların sayında artım baş verməyib, əksinə, azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2016-cı ilin əvvəlinə ölkə üzrə məşğul olan işçi qüvvəsinin cəmi 32 faizi əmək müqaviləsi əsasında çalışıb. Bu kateqoriyadan olan işçilərin sayı 1,496 milyon nəfər olub. Halbuki 2013-2014-cü illərin yekunlarına görə, həmin göstərici 1,520 milyon nəfər olmuşdu. Göründüyü kimi, elektron müqavilə mexanizminin tətbiqi dövründə əmək müqaviləsi ilə çalışanların sayında 24 min nəfər (1,6%) azalma qeydə alınıb. Əvvəlki illə müqayisə etsək, 2015-ci ildə rəsmi əmək müqaviləsi ilə çalışanların sayı ən çox emal sənayesində və tikinti sektorunda azalıb. Emal sənayesi üzrə azalma 9,3 min nəfər (9%) olub və bu sektorda çalışan muzdlu işçilərin sayı 93,6 min nəfərə enib. Tikintidə azalma 15,5 min nəfər (14,3%) olub və sektorda çalışan muzdlu işçilərin sayı 92,7 min nəfərə düşüb. İl ərzində emal sənayesində məşğul olan 230 min nəfərdən 40 faizi, tikinti sektorunda məşğul olan 230 min nəfərdən 28 faizi, ticarət sektorunda çalışan 695 min nəfərdən 41 faizi əmək müqaviləsi əsasında çalışan işçilər olub.

Azərbaycandan fərqli olaraq inkişaf etmiş ölkələrdə işçi qüvvəsinin ən azı 90 faizi, bir sıra keçid ölkələrində isə 80-85 faizi rəsmi işəgötürənlə imzalanan əmək müqavilələri əsasında fəaliyyət göstərir. İnkişaf etmiş ölkələrdə özünüməşğul əhalinin payı 7-8 faizə, işəgötürənlərin xüsusi çəkisi isə 6-7 faizə çatır. Müqaviləsiz çalışanların payının yüksək olduğu ölkələr inkişaf etməkdə olan və geridə qalmış ölkələrdir. Məsələn, qeyri-rəsmi fəaliyyət göstərən işçi qüvvəsinin ümumi məşğulluqda payı Latın Amerikası ölkələrində 55 faiz, Afrika ölkələrində 80 faiz ətrafında, Asiya ölkələrində isə 45-85 faiz intervalındadır.

Dünyada muzdlu işçilər kateqoriyasına işəgötürənlə əmək müqaviləsi bağlayan işçi qüvvəsi aid edilir. Oxşar yanaşma Azərbaycanda da tətbiq olunur. Milli qanunvericiliyə görə, yazılı əmək müqavilələri vasitəsilə əmək şəraitini, vəzifə və öhdəlikilərini dəqiqləşdirən işçilər muzdlu işçilər adlandırılır. Bu kateqoriyaya daxil olmayan məşğul əhali isə işəgötürənlər və özünüməşğul əhali hesab edilir. Dünya təcrübəsində özünüməşğul işçi qüvvəsi həm də qeyri-rəsmi məşğul əhali adlandırılır. Çünki özünüməşğulluq rəsmi qeydiyyata alınmır, onların vergi orqanları və sosial müdafiə fondları qarşısında vergi öhdəliklərləri yaranmır.

Nazirlər Kabinetinin 2014-cü ilin iyununda qəbul elədiyi 183 saylı qərar əmək müqavilələrinin elektronlaşdırılmasını nəzərdə tutur. Bu qaydalara əsasən, müqavilənin bağlanması, onlara dəyişiklik edilməsi (yaxud xitam verilməsi) elektron qaydada elektron informasiya sistemində qeydiyyata alınmalıdır. Hər bir işəgötürən əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsinin bildirişini elektron informasiya sisteminə daxil etməyə öhdəlik daşıyır. İnzibati Xətalar Məcəlləsinə görə, qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi qüvvəyə minmədən işçi çalışdıran işəgötürənlər üçün sərt cəzalar var. Məsələn, hüquqi şəxslər 20-25 min manat intervalında cərimə edilə bilər. Vergi Məcəlləsinin 58-ci maddəsinə görə də sahibkarlar muzdlu işçiləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müqavilə bağlamadan əmək fəaliyyətinə cəlb etdikdə müqaviləsiz çalışdırılan hər bir işçi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Göründüyü kimi, ağır sanksiyalar, əmək müqavilələrinin elektronlaşdırılması ilə bağlı yeni mexanizm işçi qüvvəsinin leqal çalışmasına heç bir töhfə verməyib. Qeyri-formal məşğulluq gizli iqtisadiyyatın yaratdığı fenomendir. Ona görə məhz kölgə iqtisadiyyatının sərhədləri daraldılmalıdır. Sahibkarlar kölgə iqtisadiyyatına yalnız işçi qüvvəsinə görə vergi və xərclərdən yayınmaq üçün üstünlük vermirlər. Səbəb həm də odur ki, onlar dövriyyəni gizlətməklə ƏDV-dən və digər dövriyyə vergilərindən, gəlirlərini gizlətməklə mənfəət vergisindən yayına bilirlər. Gizli iqtisadiyyatda çalışan biznesin dövriyyə və mənfəət vergilərindən yayındırdıqları hesabına real qazancları qeyri-rəsmi məşğulluğa görə qazanclarından daha böyükdür. Ona görə problemin əsas səbəbinin üzərinə getmədən məsələnin çözümü yoxdur.

Vergi qanunvericiliyi biznesin dövriyyə və mənfəət vergilərindən yayınması üçün mükəmməl mexanizmlərin tətbiqinə tam nail olsa, gizli işçi qüvvəsini leqallaşdırmaq indikindən daha asan olacaq. Əlavə olaraq Əmək Müfəttişliyinin qanundakı sanksiyalardan effektiv istifadə mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırmasına ehtiyac var. Bu qurum üzərində media və vətəndaş cəmiyyətinin müntəzəm nəzarəti olduqca önəmlidir.

Amma şübhəsiz ki, bu problemin yaranmasında sahibkarların muzdlu işçilərə zəruri sosial zəmanətlər (məzuniyyət, istirahət, sosial risklərə görə müavinətlər, pensiya hüququnun təmin olunması) verilməsini özləri üçün izafi öhdəlik və ağır yük hesab etməsi də mühüm rol oynayır. Bu səbəbdən onlar imkan düşdükdə əmək münasibətlərinin rəsmiləşdirməkdən yayınmağa üstünlük verirlər.

Yeri gəlmişkən, dünyada əmək müqavilələrinin bağlanmasını təşviq etməklə bağlı müxtəlif yanaşmalar var. Məsələn, türkiyəli mütəxəssislər hesab edir ki, rəsmi sektorun qeydiyyatsız məşğulluğa üz tutması bəzi hallarda sahibkarların kredit ehtiyaclarının qarşılanmaması ilə bağlı olur. Türkiyə sənayesində 200 mindən artıq kiçik və orta sahibkarlıq subyekti var. Ölkədə sənaye istehsalının 90 faizə, sənayedə məşğulluğun isə 55 faizə qədəri həmin subyektlərin hesabına təmin edildiyi halda sənaye sektoruna yönəldilən kreditlərin heç 10 faizi də onlara çatmır. Zəruri maliyyə ehtiyaclarını qarşılaya bilməyən kiçik firmalar bir çox hallarda alternativ yol olaraq sosial öhdəliklərdən yayınmaqla xərclərə qənaət etməyə can atır. Ötən əsrin 90-cı illərinin sonlarında Türkiyədə leqal məşğulluğun payı 40 faizdən az idisə, hazırda 55 faizə yaxınlaşır. Türkiyə hökuməti 2006-cı ildən etibarən “Qeydiyyatsız məşğulluqla mübarizə layihəsi” icra edir.

Fransanın da bu sahədə maraqlı təcrübəsi var. Əvvəla, bu ölkədə qeyri-rəsmi məşğulluqla mübarizə üzrə nazirliklərarası daimi büro fəaliyyət göstərir. Qanunvericiliyə görə, bütün sahibkarlar boş iş yerinə işçi götürmək üçün öncədən elan verməlidirlər. Həmin elanın dövlət məşğulluq orqanına göndərilməsi məcburidir. Əgər hər hansı işəgötürən elansız işçi qəbul edərsə və həmin faktı rəsmi qurumlar aşkarlayarsa, bu, qeyri-rəsmi məşğulluqdan istifadənin yoxlanılması üçün dəlil ola bilər. Fransada əmək müqaviləsiz çalışdırmaya görə sahibkarlara qarşı çox sərt cəzalar var. Pul cəriməsinin məbləği 15-100 min avro intervalında dəyişir. Qanunvericilik müəssisənin bağlanması, məhsulların müəssisədən alınaraq hərraca çıxarılması, müəssisənin müəyyən müddətə tenderlərə qatılmasına qadağa qoyulması, sahibkarın həbsi kimi sərt cəzalara da imkan verir.

Almaniyada isə hələ 60 il öncə (1957-ci il) “Qeydiyyatsız məşğulluqla mübarizəyə dair” qanun qəbul edilib və həmin qanunda qeyri-rəsmi muzdlu məşğulluğu aradan qaldırmaq üçün cəza tədbirləri əks olunub. 1999-cu ildə ölkədə qeydiyyatsız məşğulluqla mübarizə məqsədi ilə vergi islahatları aparılıb, həmin islahatlar çərçivəsində gəlir vergisinin dərəcələri azaldılıb, gəlir vergisindən azadolmaların əhatə dairəsi genişləndirilib. Bunun ardınca qəbul olunan başqa bir qanun – “Özünüməşğulluğun təşviqinə dair” qanun vasitəsilə muzdlu işçilərin və özünüməşğulluların statusunu təyin etmək üçün meyarlar müəyyənləşdirilib. Bu ölkədə qeydiyyatsız muzdlu məşğulluqdan istifadəyə görə çox sərt cəzalar mövcuddur. Lakin Almaniyada təkcə sahibkarlar deyil, muzdlu işçilər üçün də cərimə nəzərdə tutulur. Məqsədli edilib-edilməməsindən asılı olaraq muzdlu işçilər 2500-5000 avro məbləğində cəriməyə məruz qalır.

Beynəlxalq təcrübədə rast gəlinən mükəmməl mexanizmlərin Azərbaycan şəraitində tətbiqi imkanları analiz edilməklə yanaşı qısa müddətdə problemin həlli üçün bəzi təcili addımların atılması vacibdir. Söhbət hansı addımlardan gedə bilər? Sahibkarların muzdlu işçiyə görə ödədiyi sosial sığorta yükünün (22%) bir hissəsi işçinin üzərinə keçirilə bilər. Çünki sosial sığorta işçiyə lazımdır, sahibkarı yox, onu risklərdən sığortalayır.

Digər bir addım əmək müqavilələrinin icrasına nəzarət edən dövlət qurumlarının işinin səmərəliliyinin yüksəldilməsi ola bilər. Söhbət ilk növbədə əmək müfəttişliklərinin yoxlamalarının səmərəliliyinin artırılmasından və müqavilələrin icrasına məsul qurumların arasında əməkdaşlığın daha effektiv formalarının tapılmasından gedir. Xüsusilə də əmək müfəttişliklərinin işçi sayı elə planlaşdırılmalıdır ki, hər il fəaliyyətdə olan işəgötürülənlərin müəyyən hissəsini müayinə etmək onların imkanı daxilində olsun. Məsələn, Beynəlxalq Əmək Təşkilatının 2004-cü ildə hazırladığı hesabata görə, orta hesabla il ərzində müayinəyə cəlb olunan işəgötürənlərin 1 müfəttişə düşən sayı Danimarkada 19, Litvada 14, Estoniyada 23, Türkiyədə 67 müəssisə olub. Mütəxəssislər hesab edir ki, il ərzində 1 müfəttişə düşən yoxlanılan müəssisələrin sayı optimal olmalı və işçinin fiziki imkanlarına uyğunlaşdırılmalıdır.

Beynəlxalq Əmək Təşkilatının ekspertləri əmək müfəttişliklərinin fəaliyyətinin effektivliyini təmin edən əsas göstəricilər kimi 1 müfəttişə düşən məşğul əhali sayı və 1 müfəttişə düşən işəgötürən sayı göstəricilərindən istifadə etməyi təklif edir. Aparılan araşdırmalar göstərir ki, hazırda Azərbaycanda həmin göstəricilərin səviyyəsi dünyadakı orta göstəricilərə uyğundur. Azərbaycanda Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi aparatı və yerli qurumlarının birlikdə 365 nəfər ştatı, o cümlədən 300-dən artıq müfəttişi var. Bu o deməkdir ki, Azərbaycanda 1 müfəttişə düşən məşğul əhali sayı 13 min 600 nəfər təşkil edir. Həmin göstərici inkişaf etmiş ölkələrdən Almaniyada 1000 nəfərdən bir qədər çox, Estoniyada 1300 nəfərdir. Beynəlxalq təcrübədən çıxış etdikdə Azərbaycanda məşğul əhalinin sayı baxımından əmək müqavilələrinə nəzarəti həyata keçirən müfəttişlərin sayı xeyli azdır.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə