yerində alaq otları da bitməyəcəkdir. Daha dükançıdan xəcalət çəkmək,
vecsiz Xobotovla, Mixail Averyanıçla dostluq etmək nə deməkdir?
Bütün bunlar boş və mənasız şeylərdir.
Lakin bu cür mühakimələr daha kömək etmirdi. Yer kürəsinin
milyon il sonrakı halını təsəvvürünə gətirən kimi, çılpaq qayalığın
arxasından uzunboğaz çəkməli Xobotov və ya gərgin bir surətdə
qəhqəhə çəkən Mixail Averyanıç görünür və hətta onun xəcalətli
pıçıltısı da eşidilirdi: “Varşavada aldığım borcu, əzizim, bu yaxında
verəcəyəm... Arxayın ol”.
XVI
Bir dəfə Mixail Averyanıç nahardan sonra dostunun yanına gəldi;
Andrey Yefimıç divanda uzanmışdı. Elə bu zaman Xobotov da
təsadüfən gəldi, özü ilə bromlu kalium gətirmişdi. Andrey Yefimıç
yerində ağır-ağır dikəldi və əllərini divana dayayaraq oturdu.
Mixail Averyanıç sözə başladı:
- Bu gün, dostum, rəngin dünənkinə nisbətən xeyli durulmuşdur.
Qoçaq adamsınız! Vallah, qoçaqsınız!
Xobotov əsnəyə-əsnəyə dedi:
- Əlbəttə, sağalmaq lazımdır. Söz yox ki, bu üzüntü sizi təngə
gətiribdir.
Mixail Averyanıç nəşə ilə dedi:
- Sağalmağınıza söz ola bilməz. Hələ yüz il də yaşayacağıq! Bəs nə!
- Yüz il olmasa da, heç olmasa iyirmi il yaşayarıq, - deyə Xobotov
təsəlli verdi. – Eybi yoxdur, əzizim, ruhdan düşməyin... Bu qədər qüssə
çəkdiniz, yetər.
Mixail Averyanıç:
- Biz hələ özümüzü göstərəcəyik – deyə qəhqəhə çəkdi. – Hələ
özümüzü göstərəcəyik! Gələn il, Allah qoysa, Qafqaza gedərik və oranı
başdan-başa at belində gəzərik – hop-hop! Hop! Qafqazdan qayıdanda
da, ölməsək, sağ qalsaq, toy elərik. – Mixail Averyanıç hiyləgərcəsinə
göz vurdu. – Sizi, bizim əziz dostumuz, evləndirərik... Bəli
evləndirərik...
Andrey Yefimıç birdən səbr kasasının dolduğunu hiss etdi; ürəyi
bərk-bərk döyünməyə başladı. Cəld yerindən durub pəncərəyə yanaşdı
və:
- Bu bayağılıqdır! – dedi. – Məgər bayağı danışdığınızı
anlamırsınız?
O, yumşaq və nəzakətlə danışmaq istəyirdi, lakin iradəsinə zidd
olaraq yumruqlarını düyünlədi və başından yuxarı qaldırıb rəşəli bir
səslə bağırdı:
- Məni rahat buraxın! – Rəngi pul kimi qızarmışdı, bütün bədəni
əsirdi. – Rədd olun Buradan! İkiniz də rədd olun!
Mixail Averyanıç və Xobotov ayağa qalxdılar və əvvəlcə ona
heyrətlə, sonra isə qorxu ilə baxmağa başladılar. Andrey Yefimıç yenə
bağırırdı:
- Hər ikiniz rədd olun! Kütün biri kütlər! Mənə sənin nə dostluğun
lazımdır, nə də dərmanın, kütün biri küt! Nə qədər bayağılıq! Nə qədər
rəzillik!
Xobotov və Mixail Averyanıç karıxmış halda bir-birinə baxdılar,
dal-dalı çəkilib dəhlizə çıxdılar. Andrey Yefimıç bromlu kalium
şüşəsini qapıb onların dalınca tulladı, şüşə cingilti ilə kandara dəyib
qırıldı. Sonra omların dallarınca yüyürüb ağlar səslə bağırdı:
- Rədd olun buradan! Cəhənnəm olun başımdan!
Qonaqlar çıxıb gedəndən sonra Andrey Yefimıç titrətmə-qızdırmalı
adam kimi əsərək, divana uzandı və uzun zaman:
- Küt adamlar! Axmaqlar! – deyə təkrar etdi
Hirsi soyuyandan sonra ilk əvvəl başına belə bir fikir gəldi ki,
zavallı Mixail Averyanıç indi yəqin bərk inciyib və ürəyi sınıbdır, nə
qədər dəhşətli bir hal! Əvvəllər heç vaxt belə şey olmazdı. Bəs mənim
ağlım və mərifətim hanı? Mənim idrakım və fəlsəfi laqeydliyim hanı?
Doktor xəcalətindən və təəssüfündən bütün gecə yata bilmədi,
səhəri isə saat ona yaxın poçt idarəsinə gedib müdirdən üzr istədi.
Bundan mütəəssir olmuş Mixail Averyanıç içini çəkərək:
- Gəlin, dünənki əhvalatı heç yada salmayaq, - dedi və onun əlini
bərk sıxdı. – Keçmişi yada salanın gözü çıxsın. Lyubovkin! – deyə
ucadan elə bağırdı ki, bütün poçtalyonlar və camaat diksindi. – Stul ver
görək. Sən gözlə! – deyə barmaqlıq arasından ona sifarişli məktub
uzadan qadının üstünə qışqırdı. – Görürsən ki, başım qarışıqdır! – Sonra
üzünü Andrey Yefimıça tutubnəzakətlə dedi: - Keçmişi yada salmasaq
yaxşıdır. Oturun, əzizim, xahiş edirəm.
O bir dəqiqəliyə dizlərini sığalladıqdan sonra dedi:
- Sizdən incimək heç mənim fikrimə belə gəlməzdi. Xəstəliklə
zarafat olmaz, dostum. Sizin dünənki tutmanız doktorla məni qorxutdu,
sonra uzun-uzadı sizin haqqınızda danışdıq. Əziz dostum, niyə siz öz
xəstəliyinizlə ciddi məşğul olmursunuz? Heç bu yarayan işdir?
Dostluğumuza ərk eləyib açıq danışmağıma sizdən üzr istəyirəm, - deyə
Mixail Averyanıç pıçıldadı, - sizin yaşayışınız olduqca pis şəraitdə
keçir: darısqallıq, natəmizlik, qulluq edəniniz yox, müalicə üçün
vəsaitiniz yox... Əziz dostum, doktorla bərabər sizdə bir xahişimiz var,
məsləhətimizə əməl edin: xəstəxanada yatıb özünüzü müalicə etdirin!
Orada yemək də, qulluq da, müalicə də var. Söz yanınızda qalsın,
Yevgeni Fyodorıç ətiacı adam olsa da, məlumatlıdır, ona tamamilə bel
bağlamaq olar. Mənə söz verib ki, sizinlə məşğul olar.
Andrey Yefimıç poçt müdirinin səmimiliyindən və birdən-birə
yanaqlarında işıldayan göz yaşlarından mütəəssir olub, əlini döşünə
qoydu və:
- Hörmətli dostum, buna inanmayın! – deyə pıçıldadı. – Onların
sözünə inanmayın! Yalan danışırlar! Mənim xəstəliyim yalnız bundan
ibarətdir ki, iyirmi il ərzində bu şəhərdə yalnız bircə ağıllı adam
tapmışam, ancaq o da dəlidir. Məndə heç bir xəstəlik yoxdur, ancaq
mən çıxış yolu olmayan bir tilsimə düşmüşəm. Fərqi yoxdur, mən hər
bir şeyə hazıram.
- Xəstəxanada yatmağınız məsləhətdir, əziz dostum.
- Məndən ötrü heç fərqi yoxdur, istər lap qəbir olsun.
- Ancaq, dostum, xahişim budur, söz verəsiniz ki, Yevgeni
Fyodorıçın dediklərinə qulaq asacaqsınız.
- Söz verirəm. Ancaq təkrar edirəm, hörmətli dostum, mən tilsimə
düşmüşəm. İndi hər şey, hətta dostlarımın səmimi müdaxiləsi belə,
bircə şeyə - mənim məhv olmağıma sövq edilibdir. Mən məhv oluram
və bunu mətanətlə etiraf edirəm.
- Fikir etməyin əzizim, sağalarsınız.
Andrey Yefimıç əsəbi halda dedi:
- Bu sözlərdən nə çıxar? Ömrünün axırında, mənim indi keçirdiyim
haləti keçirməyə adam tək-tək tapılar. Sizə desələr ki, məsələn,
böyrəkləriniz xarabdır və ürəyiniz şişibdir, özünüzü müalicə etdirməyə
başlarsınız və ya sizə dəli, yaxud da cani desələr, xülasə, adamların
diqqəti sizə cəlb olunsa, - bilin ki, çıxılmaz bir tilsimə düşmüsünüz. Bu
tilsimdən çıxmağa can atdıqda, yolunuzda daha da azacaqsınız. Bu cür
vəziyyətdə təslim olmaq lazımdır, çünki heç bir insan qüvvəsi sizi bu
fəlakətdən qurtara bilməyəcəkdir. Məncə belədir.
Barmaqlığın dalındakı adamlar getdikcə artırdı. Andrey Yefimıç
müdirin işinə mane olmasın deyə, ayağa qalxıb xudahafizləşməyə
başladı. Mixail Averyanıç, xəstəxanada yatacağına dair ondan bir daha
söz aldı və onu bayır qapıya qədər ötürdü.
Dostları ilə paylaş: |