Mixail Averyanıç öz dostunu əvvəlcə İverski kilsəsinə apardı. O,
ürəkdən dua edir, gözlərindən yaş axıdaraq səcdəyə düşürdü, duanı
oxuyub qurtardıqdan sonra isə dərin bir ah çəkib dedi:
- Adamın etiqadı olmasa da, dua eləyəndən sonra, nədənsə, təskinlik
tapır. Siz də dua eləyin, əzizim.
Andrey Yefimıç pərt oldu və əyilib təsviri öpdü. Mixail Averyanıç
isə dodaqlarını şişirtdi və başını yırğalayaraq, pıçıltı ilə dua oxudu,
gözləri yenə yaşardı. Sonra Kremlə gedib tras-puşkaya və tsar-kolokola
tamaşa etdilər və hətta əlləri ilə də onlara toxundular.
Zamoskvoreçyenin mənzərəsini seyr etdilər. Spasitel kilsəsini və
Rumyantsev muzeyini ziyarət etdilər.
Naharı Testovun restoranında elədilər. Mixail Averyanıç saqqalını
tumarlayaraq xörəklərin adlarına xeyli baxdı və restoranlarda özünü öz
evindəki kimi sərbəst hiss edən bir qarınqulu kimi dedi:
- Görək bu gün bizi nəyə qonaq edəcəksiniz, mələk!
XIV
Doktor gəzir, baxır, yeyir, içir, lakin bircə şey hiss edirdi: Mixail
Averyanıçın hərəkətləri onun zəhləsini tökmüşdü. Öz dostundan
qaçmaq, gizlənmək istəyirdi, dostu isə onu gözdən qoymamağa və
mümkün qədər çox əylənməyə çalışırdı. Tamaşa ediləcək bir şey
olmayanda onu öz söhbətləri ilə əyləndirirdi. Andrey Yefimıç iki gün
dözdü, üçüncü gün xəstə olduğunu və buna görə də bütün günü evdə
qalacağını bildirdi. Dostu da onun xatiri üçün evdə qalacağını söylədi.
Doğrudan da dincəlmək lazımdır, yoxsa bu qədər gəzməyə ayaq davam
gətirməz. Andrey Yefimıç divana uzanıb üzünü divanın söykənəcəyinə
çevirdi və canını dişinə tutub dostunun boşboğazlığını dinləməyə
başladı; dostu qızğın-qızğın danışaraq inandırırdı ki, Fransa gec-tez
Almaniyanı darmadağın eləyəcək, Moskvada dələduz adamlar çoxdur
və atın zahirindən onun yaxşı-yamanlığını təyin etmək olmaz. Doktorun
qulaqları səs salırdı, ürəyi şiddətlə döyünməyə başlamışdı, bununla belə
ədəb gözləyərək dostunun çıxıb getməsini və ya susmasını xahiş edə
bilmirdi. Xoşbəxtlikdən Mixail Averyanıç nömrədə oturmaqdan darıxdı
və nahardan sonra gəzməyə çıxdı.
Andrey Yefimıç tək qalıb istirahət hissinə daldı. Divanda
qımıldanmadan uzanmaq və otaqda tək-tənha olduğunu düşünmək nə
qədər xoşdur! Tənhalıq olmadan həqiqi səadət mümkün deyil. İblis,
yəqin, başqa mələklərin bilmədiyi təkliyi arzuladığı üçün, Allaha
xəyanət etmişdir. Andrey Yefimıçın son günlər ərzində gördüklərini və
eşitdiklərini düşünmək istəyirdi, lakin Mixail Averyanıç heç cür onun
başından çıxmırdı.
“Axı o, dostluğundan, alicənablığından məzuniyyət götürüb buraya
gəlmişdir, - deyə doktor təəssüflə düşünürdü. – Bu dostluq
qəyyumluğundan daha pis şey yoxdur. Bunca xoşdil, səxavətli, nəşəli
olduğu halda yenə darıxdırıcı adamdır. Dözülməz dərəcədə cansıxıcıdır.
Həmişə ağıllı və gözəl sözlər danışan bunun kimi adamlara yaxından
baxdıqda küt olduqları anlaşılır”.
Bundan sonrakı günlərdə Andrey Yefimıç özünü xəstəliyə vurub,
nömrədən bayıra çıxmırdı. Dostu onu öz söhbəti ilə əyləndirməyə
başlayanda o, üzünü divanın söykənəcəyinə tutub darıxırdı, dostu
olmayanda isə bu vəziyyətdə uzanıb istirahət edirdi. Buraya gəldiyi
üçün özünə və gündən-günə daha boşboğaz və şitəngi olan dostuna
acığı tuturdu, öz fikirlərini ciddi, yüksək bir tonda qurmağa heç cür nail
ola bilmirdi, o öz xırdaçılığına acıqlanaraq düşünürdü: “Məni, İvan
Dmitriç deyən kimi, həqiqət əlinə alır. Ancaq bu boş şeydir... Evə
qayıdaram, yenə hər şey köhnə qayda ilə gedər...”.
Peterburqda da eyni vəziyyət oldu: o, bütün günü nömrədən bayıra
çıxmayıb divanda uzanırdı, yalnız pivə içmək istəyəndə ayağa dururdu.
Mixail Averyanıç hey onu Varşavaya getməyə tələsdirirdi.
Andrey Yefimıç yalvarıcı bir səslə deyirdi:
- Əziz dostum, mənim orada nə işim var? Siz tək gedin, mənə isə,
izn verin evə gedim! Xahiş edirəm!
Mixail Averyanıç etiraz edərək dedi:
- Heç cür əl çəkən deyiləm! Varşava misilsiz bir şəhərdir. Orada
mən beş il bəxtiyar həyat keçirmişəm.
Andrey Yefimıç dediyinə israr etmək iradəsi çatmadığından, canını
dişinə tutub Varşavaya getdi. Burada da nömrədən bayıra çıxmır,
divanda uzanır və özünə, dostuna və rusca başa düşmək istəyən
lakeylərə acığı tuturdu. Mixail Averyanıç isə, həmişəki kimi sağlam,
gümrah və nəşəli olub səhərdən axşama qədər şəhəri gəzir və köhnə
tanışlarını axtarırdı. Bir neçə dəfə o, hətta evdə də yatmamışdı. Bir dəfə
gecəni harada isə keçirdikdən sonra, səhər tezdən çox həyəcanlı bir
halda evə qayıtdı, rəngi bərk qızarmışdı, saçları dağınıqdı. Uzun zaman
otağı o küncdən-bu küncə gəzdi, nə isə dodaqaltı mızıldadı, sonra
birdən-birə dayanıb dedi:
- Namus hər şeydən vacibdir!
Bir qədər də gəzdikdən sonra ikiəlli başını qucaqladı və faciəli bir
səslə dedi:
- Bəli, namus hər şeydən vacibdir! Bu Babil şəhərinə gəlmək fikrinə
düşdüyüm dəqiqəyə lənətlər olsun! Əziz dostum, - deyə doktora
müraciət etdi, - mənə nifrət edin! Pullarımın hamısını qumara
qoymuşam! Xahiş edirəm, mənə beş yüz manat borc verin!
Andrey Yefimıç beş yüz manat sayıb dinməz-söyləməz dostuna
verdi. Mixail Averyanıçın rəngi hələ də utandığından və qəzəbindən
qırmızı idi, ağızucu mənasız bir and içərək, şapkasını geydi və bayıra
çıxdı. İki saatdan sonra qayıdıb kresloya sərildi və ucadan bir ah çəkib
dedi:
- Namus xilas edildi! Gedək, dostum, daha bu mənhus şəhərdə bir
dəqiqə belə qalmaq istəmirəm. Burada dələduzlar, Avstriya casusları
doludur!
Dostlar öz şəhərlərinə qayıtdıqda artıq noyabr ayı idi, küçələri qalın
qar örtmüşdü. Andrey Yefimıçın yerini doktor Xobotov tutmuşdu, o
hələ köhnə mənzilində olurdu, Andrey Yefimıçın gəlib xəstəxanadakı
mənzilini boşaldacağını gözləyirdi. Aşpaz qadın adlandırdığı kifir qadın
fligellərin birində yaşayırdı.
Şəhərə yeni bir xəstəxana dedi-qodusu yayılmışdı. Deyirdilər ki,
həmin kifir qadın nəzarətçi ilə savaşmışdır və nəzarətçi onun qabağında
diz çökərək üzr istəyir.
Andrey Yefimıç gələn kimi özünə yeni mənzil axtarmalı oldu.
Poçt müdiri ona qorxaqcasına dedi:
- Bağışlayın, soruşmağa cəsarət eləyirəm, dostum, vəsaitdən-zaddan
nəyiniz var?
Andrey Yefimıç dinməz-söyləməz pullarını sayıb dedi:
- Səksən altı manat.
Mixail Averyanıç doktoru anlamayaraq pərt halda dedi:
- Mən o barədə soruşmuram. Mən bilmək istəyirəm ki, ümumiyyətlə
nə kimi bir vəsaitə maliksiniz?
- Mən də sizə cavab verdim ki, səksən altı manat!.. Bundan başqa
heç nəyim yoxdur.
Mixail Averyanıç doktoru namuslu və nəcabətli bir adam hesab
edirdi, bununla belə onun heç olmasa iyirmi minə qədər pulu güman
edirdi. İndi isə Andrey Yefimıçın çox yoxsul olduğu və yaşamağa heç
mümkünü olmasığını bilib, nədənsə, birdən-birə ağladı və dostunu
qucaqladı.
Dostları ilə paylaş: |