sizdən yüksək və hər bir cəhətcə məlumatlı hesab edirəm. Mənim
başıma ağıl qoymayın.
Andrey Yefimıç dediklərinin anlaşılmadığını təəssüf edərək sakitcə
dedi:
- Mən sizi heç də öz etiqadıma cəlb etmək iddiasında deyiləm. İş
bunda deyil, dostum. Məsələ onda deyil ki, siz iztirab çəkmisiniz, mən
yox. İztirab və sevinc keçicidir. Bunlardan əl çəkək. İş ondadır ki, siz
və mən fikirləşirik, bir-birimizdə düşünmək və mühakimə etmək
qabiliyyəti olduğunu görürük; bu hal, əqidələrimiz nə qədər müxtəlif
olursa-olsun, bizi həmrəy edir. Bilsəniz, dostum, ümumi səfihlik,
korazehinlik, kütlük zəhləmi nə qədər tökübdür və hər dəfə sizinlə
söhbət eləməkdən nə qədər xoşlanıram! Siz ağıllı adamsınız, mən
sizdən zövq alıram.
Xobotov qapını bir verşok qədər aralayıb palataya baxdı; başında
kalpak olan İvan Dmitriçlə doktor Andrey Yefimıç yataqda yan-yana
oturmuşdular. Dəli üz-gözünü qırışdırır, diksinir və ya rəşə ilə xalatına
bürünürdü, doktor isə, başını aşağı dikib, sakitcə oturmuşdu, üzü
qırmızı, qüssəli idi, onda bir acizlik ifadəsi vardı. Xobotov çiyinlərini
qısıb gülümsündü və Nikitanın üzünə baxdı. Nikita da çiyinlərini çəkdi.
Ertəsi gün Xobotov feldşerlə birlikdə fligelə gəldi. Hər ikisi
dəhlizdə durub içəridə gedən söhbəti dinləməyə başladı.
Xobotov fligeldən çıxarkən dedi:
- Bizim qoca, deyəsən, çox qorxub.
Sergey Sergeiç təmiz silinmiş çəkmələrin bulamasın deyə,
gölməçələrin kənarı ilə üsulluca keçərək:
- Pərvərdigara, biz günahkar bəndələrinin günahından keç! – deyə
ah çəkdi. – Sözün düzü, hörmətli Yevgeni Fyodorıç, mən bunu çoxdan
gözləyirdim.
XII
Bu əhvalatdan sonra Andrey Yefimıç hər tərəfində əsrarəngiz şeylər
müşahidə etməyə başladı. Mujiklər, xəstə baxıcıları və xəstələrona rast
gəldikdə sualedici nəzərlə ona baxır və sonra pıçıldaşırdı. Nəzarətçinin
qızı Maşaya xəstəxana həyətində rast gəlməyi sevən doktor, indi də,
qızın başını sığallamaq üçün təbəssümlə ona yaxınlaşdıqda, nədənsə qız
ondan qaçırdı. Poçt müdiri Mixail Avreyanıç dinlərkən əvvəlki kimi
“Tamamilə doğrudur demir, anlaşılmaz bir pərtliklə “hə-hə” deyə
mızıldayır, dalğın-dalğın və kədərlə ona baxırdı, nədənsə o öz dostuna
araq və pivəni tərgitməyi məsləhət görməyə başlamışdı, lakin mərifətli
adam olduğundan, o bunu açıq söyləmirdi, eyhamla deyirdi: gah
misilsiz adam olan bir nəfər batalyon komandirindən, gah da yaxşı bir
polk keşişindən danışırdı, bunlar çox içməkdən xəstələnmişdilər, lakin
içkini tərgidən kimi tamamilə sağalmışdılar. İş yoldaşı Xobotov iki-üç
dəfə Andrey Yefimıçın yanına gəlmişdi; o da spirtli içkiləri tərgitməyi
məsləhət görürdü və heç bir bəhanə olmadan bromlu kalium içməyi
məsləhət görürdü.
Avqust ayında Andrey Yefimıç bələdiyyə rəisindən bir məktub aldı.
Rəis çox mühüm bir məsələ üçün onun gəlməsini xahiş edirdi. Andrey
Yefimıç təyin olunmuş vaxtda bələdiyyə idarəsinə, orada qoşun rəisini,
qəza məktəbinin ştat nəzarətçisini, bələdiyyə idarəsi üzvünü, Xobotovu
və kök, sarışın bir cənab gördü, bu axırıncını Andrey Yefimıça həkim
sifətilə təqdim etdilər. Polyak familiyası çətin tələffüz edilən bu həkim
şəhərin otuz verstliyində olan at zavodunda yaşayırdı, indi yolüstü
şəhərə gəlmişdi.
- Burada sizin işinizə dair bir ərizə var, - deyə hamı bir-birilə
görüşüb stol başına oturduqdan sonra bələdiyyə idarəsinin rəisi, Andrey
Yefimıça müraciət etdi. – Yevgeni Fyodoriç deyir ki, baş korpusda
aptekin yeri darısqaldır, onu fligellərdən birinə köçürmək lazımdır.
Əlbəttə, bu, düzələn şeydir, ancaq əsas odur ki, fligeli təmir etmək
lazım gələcəkdir.
Andrey Yefimıç bir az düşündükdən sonra dedi:
- Bəli, təmirsiz keçinmək mümkün olmayacaq. Məsələn, apteki
küncdəki fligelə köçürtsək, buna, məncə, azı beş yüz manat pul sərf
etmək lazımdır. Bu, səmərəsiz xərcdir.
Bir az susdular.
Andrey Yefimıç sakit səslə sözünə davam etdi:
- Mən hələ on il əvvəl rəsmi məlumat vermişdim ki, bu xəstəxana
hazırkı halında, şəhərin vəsaitini nəzərə aldıqda, onun üçün bəzəkdən
başqa bir şey deyil. Xəstəxana qırxıncı illərdə tikilmişdir, lakin o
vaxtlar vəsait imkanı bambaşqa idi. Şəhərimiz lazımsız tikililərə və
artıq vəzifələrə çox böyük məbləğlər sərf edir. Mənim zənnimcə, başqa
qayda olsaydı, bu pullara iki nümunəvi xəstəxana saxlamaq olardı.
Bələdiyyə idarəsinin rəisi cəld dedi:
- Nə olar, gəlin təzə qayda qoyaq!
- Bu xüsusda öz rəyini demək şərəfi mənə artıq nəsib olmuşdur: tibb
işlərinin zemstvo ixtiyarına verilməsini məsləhət görmüşəm.
Sarışın həkim:
- Bəli, bəd olmaz, pulları zemstvoya verin o da oğurlasın, - deyə
güldü.
Bələdiyyə idarəsinin üzvü də gülərək:
- O daha ümumi qaydadır, - deyə onunla razılaşdı.
Andrey Yefimıç əzgin və tutqun bir baxışla sarışın həkimə baxıb
dedi:
- Ədalətli olmaq lazımdır.
Yenə susdular. Çay gəldi. Nədənsə bərk pərtləşmiş qoşun rəisi əlini
stolun üstündən Andrey Yefimıçın əlinə yavaşca toxundurub dedi:
- Bizi lap yaddan çıxarmısınız ha, doktor. Amma orası var ki, siz
rahibsiniz; kart oynamırsınız, qadınları xoşlamırsınız. Bizimlə oynamaq
sizi darıxdırır.
Hamı qanacaqlı bir adam üçün bu şəhərdə yaşamağın nə qədər
qüssəli olduğundan danışmağa başladı. Nə ağıllı-başlı teatr var, nə
musiqi var, bir neçə gün bundan əvvəl klubda düzəldilmiş rəqs
gecəsində iyirmi nəfər xanım olduğu halda, yalnız ikicə kavaler vardı.
Gənclər rəqs etmir, ya bufetin ətrafında hərlənir, ya da kart oynayırdılar.
Andrey Yefimıç yavaşca, heç kəsə baxmadan, danışmağa başladı ki,
təəssüf olsun, şəhərlilər öz həyat energiyasını, öz qəlbini və ağlını kart
oynamağa və dedi-qoduya sərf edirlər, vaxtlarını maraqlı söhbətlə və
mütaliə ilə keçirtməyi bacarmır, ağlın verdiyi zövqdən istifadə etmək
istəmirlər. Yalnız ağıl maraqlı və gözəldir, qalan nə varsa xırda,
əhəmiyyətsiz və alçaq şeylərdir. Xobotov öz iş yoldaşlarına diqqətlə
qulaq asırdı. Birdən o soruşdu:
- Andrey Yefimıç, bu gün ayın neçəsidir?
Cavab aldıqdan sonra, o sarışın həkim, öz bacarıqsızlığını duya-
duya imtahan edən adamlar kimi, Andrey Yefimıçdan bu günün adını ,
ildə neçə gün olduğunu və 6 №-li palatada doğrudanmı qəribə bir
peyğəmbər yaşadığını soruşmağa başladı.
Sonuncu suala cavab verərkən Andrey Yefimıç qızarıb dedi:
- Bəli, o, xəstədir, ancaq çox maraqlı gəncdir.
Ona daha heç bir sual vermədilər.
Andrey Yefimıç dəhlizdə paltosunu geyərkən, qoşun rəisi əlini onun
çiyninə qoydu və köksünü ötürərək dedi:
- Biz qocaların istirahət etmək vaxtı çatıbdır.
Andrey Yefimıç bələdiyyə idarəsindən çıxarkən, bu adamların onun
əqli qabiliyyətini yoxlamaq üçün təyin edilmiş bir komissiya olduğunu
anladı. Ona verilən sualları xatırlayıb qızardı və nədənsə, ömründə ilk
dəfə təbabət elminə bərk yazığı gəldi. Həkimlərin indicə onu tədqiq
Dostları ilə paylaş: |