3
XX əsrin əvvəlləri Azərbaycan tənqidi-
realist ədəbiyyatının görkəmli nümayəndələ-
rindən olan Əliqulu Qəmküsar (1880-1919)
milli satirik şeirin və publisistikanın istedadlı
yaradıcılarından biridir. O, böyük demokrat
ədib Cəlil Məmmədquluzadənin başçılıq etdiyi
“Molla Nəsrəddin” ədəbi məktəbində özünə-
məxsus sanballı yeri və xüsusi mövqeyi olan
sənətkar kimi qəbul olunur. Cəlil Məmməd-
quluzadə mollanəsrəddinçilərin xidmətlərini
dəyərləndirərkən onlardan hər birinin ədəbiy-
yatdakı yerinin obyektiv qiymətini vermişdir.
Mirzə Cəlilin verdiyi qiymətlər yazıçı meyar-
larının ifadəsi olsa da, elmi dəyərləndirmələrlə
üst-üstə düşür, hətta bir çox hallarda ədəbiy-
yatşünaslıq elminə istiqamət verir. Belə ki,
Cəlil Məmmədquluzadənin Mirzə Ələkbər Sa-
birə verdiyi “ən qiymətli və nadir bir şairimiz”
qiyməti, Əli Nəzmini “ikinci Sabirimiz” ad-
landırması, Əbdürrəhim bəy Haqverdiyevi
“Molla Nəsrəddin” məcmuəsinin ibtidasından...
məcmuənin ən yavuq əməkdaşlarından və
məsləhətçi dərəcəsində yoldaşlarından biri”
hesab etməsi... Azərbaycan mollanəsrəddin-
şünaslıq elminin nəzəri qənaətləri səviyyəsində
ümumiləşir. Bu mənada, görkəmli yazıçının
Əliqulu Qəmküsar haqqındakı aşağıdakı mü-
lahizələri geniş mənada Azərbaycan elmi-ədəbi
ictimaiyyətinin fikri kimi səslənir: “Molla Nəs-
rəddin”də iştirak edən şairlər cərgəsində Cü-
vəllağı yoldaşımız (Əliqulu Qəmküsar – İ.H.)
fikir açıqlığı və... mövhumata qarşı şiddətli
tənqid və çıxışları ilə hətta Sabiri də qabaqla-
mışdı... Nə qədər ki, məcmuəmizin adı söylənilir,
onun əziz və qiymətdar qələm yoldaşlarının
qabaq sırasında Əliqulu Qəmküsarın – Cüvəllağı
bəyin adı həmişə zindəbad (yaşasın – İ.H.) al-
qışları ilə zikr olunacaqdır”.
Böyük ədibin dəyərləndirməsindəki Sabirlə
müqayisə zahirən mübahisəli görünə bilər.
Lakin nəzərə almaq lazımdır ki, Cəlil Məm-
mədquluzadə Əliqulu Qəmküsarı Mirzə Ələkbər
Sabirlə müqayisə edərkən sənətkarlıq səviyyə-
sindən, bədii istedadın dərəcəsindən söz
açmamışdı. Əlbəttə, nəinki “Molla Nəsrəddin”
ədəbi məktəbində, ümumən Azərbaycan satirik
şeirinin tarixində satira sənətkarlığı baxımından
Mirzə Ələkbər Sabirdən uca zirvə yoxdur. Mə-
sələnin bu cəhətini Cəlil Məmmədquluzadə də
“Sabir mərdi-mərdanə özünü tulladı “Molla
Nəsrəddin” meydanına... nərilti və gurultu ilə
dalbadal yazmaqda davam etdi”, yaxud “Sabir
heç kəsə yox, bəlkə Sicimqulu Sabirə oxşayıbdır”
kimi mülahizələri ilə dönə-dönə təsdiq edibdir.
Lakin “fikir açıqlığı və mövhumata qarşı şiddətli
tənqid və çıxışları” baxımından Əliqulu Qəm-
küsar mollanəsrəddinçi satirik şeirdə hər kəsdən
qabaqda idi. Nə üçün? Bunun bir çox səbəbləri
var idi. Əvvəla, Mirzə Ələkbər Sabir Şamaxının
dindar ailələrindən birində dünyaya gəlib, möv-
humatçı mühitdə böyüyüb formalaşmışdı. Əli-
qulu Qəmküsar isə “əsas sənəti papaqçı olan”,
“Culfa gömrükxanasında uzun müddət komis-
yonçu vəzifəsində işləyən” Məşədi Ələkbər
Nəcəfovun ailəsində tərbiyə almışdı. Culfa
gömrükxanası Rusiya tərəfindən idarə olunduğu
üçün ailə mühitində və yaxın ətrafda mövhumat
nisbətən arxa planda dayanırdı. İkincisi, Əliqulu
Qəmküsarın atası Məşədi Ələkbər Nəcəfovun
“Səba”, əmisi Məhəmmədhüseyn Nəcəfzadənin
“Fani”, ana babası Məşədi Əsədin “Məddah”
təxəllüsü ilə ictimai ruhlu şeirlər yazması onun
böyük ədəbiyyata hazırlanmasında ciddi rol
oynaya bilmişdi. Hətta Əliqulu Nəcəfov gənclik
illərində Məhəmmədhüseyn Hacı Nəcəf oğlunun
mövhumata qarşı mübarizəyə yönəlmiş açıq
və sərt ruhda yazılmış həcvlərini də dinləməli
olmuşdu. Belə həcvlərdən parçalar sonralar
Əliqulu Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun
Cəlil Məmmədquluzadənin mühitini şərh edən
xatirələrində yada salınmışdır. Üçüncüsü, Mirzə
Ələkbər Sabirin ədəbi taleyində Şamaxı mək-
təbinin müəllimi, görkəmli şair Seyid Əzim
Şirvaninin oynadığı mühüm rolu Əliqulu
Qəmküsarın da dünyagörüşünün inkişafında
Naxçıvandakı “Məktəbi Tərbiyə”nin müdiri,
tanınmış pedaqoq Məhəmməd Tağı Sidqi hə-
yata keçirmişdi. Bu məqamda onlar məktəb
illərində oxşar tale yaşamışlar. Dördüncüsü,
XIX əsrin sonu və XX əsrin əvvəllərində
canlanmaqda olan Şamaxı mühiti ilə müqa-
yisədə Naxçıvanda dünyəvilik və maarifçi
mühit daha çox inkişaf etmişdi. Və Əliqulu
Qəmküsarın yaxın ətrafı Naxçıvandakı maarifçi
mühitə çox bağlı idi. Naxçıvanda genişlən-
məkdə olan teatr hərəkatına Nəcəfovlar ailəsi
rəğbətlə yanaşırdı. Əliqulu Nəcəfovun dayıları,
Moskva Universi-
tetinin hüquq fa-
kültəsini bitirmiş
Fərəculla Şeyxov
və Səttarxan hərə-
katında iştirak et-
miş Nəsrulla Şeyxov Naxçıvan teatrının ya-
radıcılarından olmuşlar. Əliqulu Qəmküsar
özü də “Molla Nəsrəddin”ə gələnə qədər Cul-
fada yerli həvəskarlardan ibarət teatr truppası
yaratmış və Mirzə Fətəli Axundovun,
Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin
tamaşaya qoyulmasını təşkil etmişdi.
Beşincisi, Əliqulu Qəmküsar Culfada ya-
şadığı illərdə Səttarxan hərəkatında iştirak
etmiş, ədəbiyyata milli-azadlıq hərəkatı cəb-
həsindən gəlmişdi. Altıncısı, Şamaxı mühitində
çox vaxt təklənən Mirzə Ələkbər Sabirdən
fərqli olaraq, Naxçıvanda Əliqulu Qəmküsarın
tutduğu mövqeyi həmin dövrdə müdafiə edən
maarifçi qüvvələr çoxluq təşkil edirdi. XIX
əsrin səksəninci illərindən “Molla Nəsrəddin”in
nəşrinədək olan mərhələdə Naxçıvanda Avropa
və Rusiyada təhsil alıb gəlmiş böyük bir maa-
rifçi cəbhə cəmləşmişdi. Həmin maarifçi nəsil
köhnəlmiş həyat tərzinə qarşı birgə mübarizə
aparır, regionda məktəbi və teatrı inkişaf
etdirir, mətbuatla əlaqə yaradırdılar. Əliqulu
Qəmküsarın mənsub olduğu ailə də bu böyük
maarifçi hərəkata yaxın idi. Gənc Əliqulu
Qəmküsar da vaxtilə Cəlil Məmmədquluza-
dənin “huşyar” adlandırdığı maarifçi qüvvələrin
səsinə səs verənlərdən biri kimi yetişib for-
malaşmışdı. Yeddincisi, Əliqulu Qəmküsarın
açıq və sərt şeirlərinin bir çoxu onun Naxçı-
vandan Tiflisə köçüb, orada “Molla Nəsrəddin”
jurnalı redaksiyasında çalışdığı illərə təsadüf
edir. Mühitdən bir qədər uzaqda yaşayıb-ya-
ratmaq ciddi və açıq yazmaq üçün də müəyyən
üstünlüyə malikdir. Nəhayət, Əliqulu Qəm-
küsarın Naxçıvanda və Tiflisdə ikən Cəlil
Məmmədquluzadə ilə daha yaxın münasibət-
lərinin olması, “Molla Nəsrəddin” jurnalında
birlikdə çalışması da onun “fikir açıqlığı və
mövhumata qarşı şiddətli tənqid və çıxışlarına”
qüvvət verirdi. Bu məqamda, yəqin ki, fərdi
xarakterin də özünəməxsus rolu az deyildi.
Məlum olduğu kimi, müasirləri Əliqulu Qəm-
küsarın xarakterindəki açıq ruhu müşahidə
etmişdilər. Görkəmli yazıçı Əbdürrəhim bəy
Haqverdiyev Qəmküsarı yad edərkən onun
“gözəl natiq, şirin zəban, dərin fikirli, geniş
məlumat sahibi və insanı təəccübə gətirən
hafizəli bir vücud” olduğunu ayrıca qeyd et-
mişdir. Heç şübhəsiz, Əliqulu Qəmküsarın
satirik əsərlər yazarkən “Cüvəllağıbəy” im-
zasını seçməsi də onun xarakterindəki açıq
və sərt cizgiləri diqqət mərkəzinə çəkməyə
imkan verir.
Göründüyü kimi, Əliqulu Qəmküsar Azər-
baycan mollanəsrəddinçi satirik ədəbiyyatının
tanınmış nümayəndəsidir. Onun yaradıcılığı
Mirzə Ələkbər Sabirin satirik şeir məktəbi
istiqamətində yaranan ədəbiyyatda xüsusi yer
tutur. O, XX əsrin əvvəlləri Azərbaycan rea-
list-satirik şeirinin və publisistikasının böyük
vətəndaşlıq cəsarətinə malik olan mübariz
təmsilçisidir. Əliqulu Qəmküsar dövrün, hakim
təbəqələrin təzyiqlərindən heç vaxt çəkinmə-
miş, ciddi satirik ədəbi sözü şax deməyi ba-
carmışdır. Pristavın simasında hakim təbəqə-
lərin, ictimai quruluşun, müstəmləkəçilik si-
yasətinin tənqidinə həsr edilmiş satirası ədə-
biyyatda sənətkarın vətəndaşlıq cəsarətinə
nümunə sayıla bilər:
Bir əsr idi çıxmışdı ki, meydanə pristav,
Məxluqu gətirmişdi bütün canə pristav.
Çıxsaydın əgər gəzməyə kəndlərdə görərdin,
Min zülm eləyir rəncbərə, dehqanə pristav.
Satirik şairin yaradıcılığında adlı-ünvanlı
satirik şeirlərin çox olması onun böyük və-
təndaşlıq cəsarətinin konkret ifadəsidir. Ədə-
biyyatşünaslıq elmində müşahidə olunduğu
kimi, “onun şeirləri çox zaman adi, gündəlik
həyati hadisə və vaqiələrin təsvirindən ibarət
olmuşdur”. Məsələnin bu cəhəti Əliqulu Qəm-
küsarı müasirlərindən fərqləndirir. O, satirik
şeirləri və publisistikası ilə cəmiyyətin gündəlik
həyatıyla üz-üzə idi. Vətəndaş satirikin Molla
Mahmud Çakərə, Xalid Xürrəm Səbibəyza-
dəyə, “şipyon axundlara”, “müxəmməsçilərə”...
kimi ünvanlı şeirlərində müraciət olunan
hadisə və faktlar açıq və ümumiləşmiş şəkildə
ifadə olunur. Cəmiyyət həyatının ən müxtəlif
dairələrinə nüfuz edib, gerilik və fanatizmi
şiddətlə tənqid atəşinə tutan Əliqulu Qəmküsar,
sözün böyük mənasında, mollanəsrəddinçi,
satirik ədəbiyyatın “cüvəllağısı” idi:
Yetdin yetənə, yetməyənə bir təpik atdın,
Vicdanını, imanını bircə pula satdın,
Şeyxi, qazını, xanı, bəyi bir-birə qatdın,
İcma eləyib qıldılar axır sənə nifrət.
Tutdun yaxasından Bakının həftədə yazdın,
Milyonçu, zavodçu deməkdən beynini qazdın,
Uprava, qlavnı bağırıb kefləri pozdun,
Saldın Bakıya həftədə bir şuri-qiyamət.
Bir çox bədii-publisist əsərlərindən, o cüm-
lədən “Qələm qardaşım Kefsizə” adlı şeirindən
göründüyü kimi, Əliqulu Qəmküsarın sənətinin
məramında, son nəticədə, milli mənafe, icti-
mai-mədəni tərəqqi ali məqsədə çevrilir. O,
cəhalət dəmirini döyüb sındırmaq yollarında
millətinə bələdçilik etmək vəzifəsini ləyaqətlə
həyata keçirmişdir:
Sənlə mən nə edə billik bu qədər məxluqə,
Ya sözü ciddi yazaq, ya çevirək şuxluqə,
Hey çalış, hey çabala, baxma vara, yoxluqə,
Yazasan, yazmayasan, bir kəsə təsir etməz,
Çox soyuqdur bu dəmir, döymə ki,
təğyir eləməz.
XX əsrin əvvəlləri Azərbaycan satirik şei-
rində yaranmış taziyanə janrında yazdığı yığ-
cam və kəsərli satiraları ilə Əliqulu Qəmküsar
ictimai mühitə qüvvətli şəkildə təsir göstərə
bilmişdir. Şairin “dəyənəklər” adlandırdığı
taziyanələri geriliyin və cəhalətin başı üstündə
dəyənək zərbəsinə çevrilmişdir. Qəmküsarın
satirik dəyənəkləri mollanəsrəddinçi ədəbiy-
yatın batman qılıncı, qamçısı funksiyasını
həyata keçirmiş, tərəqqiyə yol açmışdır:
Bildir cümələrdə dükan açmazdı cəmaət,
Səd şükün, bu il qaldırılıbdır belə adət.
Hər ildə müsəlman edə gər bunca tərəqqi,
Bir az keçər, aləm deyər: əhsən, belə millət!
Azərbaycan satirik şeirində Əliqulu Qəm-
küsarın “dəyənəkləri” böyük Mirzə Ələkbər
Sabirin ədəbiyyata gətirdiyi taziyanə janrının
bədii təcrübədə daha da genişlənməsinə, küt-
ləviləşməsinə şərait yaratmışdır.
Əliqulu Qəmküsar ruhani despotizmi əley-
hinə yazılmış satiraları ilə xalqın gözünü
açmaq, milləti mənəvi əsarətdən xilas etmək
məqsədində olmuşdur. “Dolaşma”, “Axund”,
“Sinəzən”, “Hacılar”, “Mollanın” kimi təsirli
satirik şeirlərində, “Babı”, “Qara bayram”,
“Məşədi”, “Mir Bağırlar”, “Şəriətdə şərm yox-
dur” və sair məqalələrində həqiqi dindən uzaq
olub, məmləkətin və xalqın inkişafında buxova
çevrilən mövhumatçıların niyyətləri açıqlan-
mışdır. Onun yalançı dinçiliyin tənqidi möv-
zusunda yazılmış satiralarında məşhur “Ölülər”
əsərinin ruhu görünür. O, biçarə milləti əsarət
altına salan axundların obrazını xalqa çatdırmağı
vətəndaşlıq borcu saymışdır:
Ey mənbəri-peyğəmbəri murdar edən axund,
Ey millətin işıq gözünü tor edən axund.
Mollanəsrəddinçi ədəbiyyatın meydana çı-
xardığı satirik publisistika Cəlil Məmməd -
quluzadənin ədəbi kəşfidir. Cəlil Məmməd -
quluzadəyə qədərki Azərbaycan mətbuatında
satira ünsür səviyyəsində mövcud idi. “Molla
Nəsrəddin” jurnalında isə satira əsas ədəbi is-
tiqaməti müəyyən edirdi. “Molla Nəsrəddin”
Azərbaycan satirik mətbuatının ilk və ən yüksək
nümunəsi idi. “Molla Nəsrəddin” ədəbi mək-
təbində satirik şeirləri və ya hekayələri ilə
tanınan ədiblərin böyük əksəriyyəti həm də
publisistika ilə məşğul olurdu. Bununla belə,
satirik publisistika sahəsində Cəlil Məmməd-
quluzadədən sonra ardıcıl fəaliyyət göstərənlər
daha çox Ömər Faiq Nemanzadə, Əli Nəzmi
və Əliqulu Qəmküsar olmuşdur. Cəlil Məm-
mədquluzadə Azərbaycan satirik publisistikasını
yaratmış və bu sahədə ən uca zirvəni fəth et-
mişdir. Ömər Faiq Nemanzadənin publisistikası
daha çox analitik xarakter daşıyıb, təhlil və
izahları ilə diqqəti cəlb edir. Buna görə də
Ömər Faiqin əksər publisistik əsərlərində satira
ikinci planda dayanır. Əli Nəzminin publisistika
nümunələri yığcam satirik miniatürlər təsiri
bağışlayır. Bütün bunlar mollanəsrəddinçi pub-
lisistikanın rəngarəngliyini, üslub müxtəlifliyini
nümayiş etdirir. Əliqulu Qəmküsarın satirik
publisistikası isə Cəlil Məmmədquluzadə notları
üstündə köklənmiş kəsərli mətbu əsərlərdir.
Bəzən naşirlərin Cəlil Məmmədquluzadə ilə
Əliqulu Qəmküsarın publisist əsərlərini qarışıq
salmaları həm də hər iki sənətkarın publisistikası
arasındakı mövzu ilə üslub yaxınlığından irəli
gəlir. Əliqulu Qəmküsarın publisist məqalələri
ədəbiyyatda Cəlil Məmmədquluzadənin satirik
publisistika ənənələrinin daha da möhkəmlən-
dirilməsinə xidmət etmişdir. Qəmküsarın mahir
qələmindən çıxmış “İrəvana səyahətim”, “Sta-
tistika”, “Şeytan fəhləsi”, “Tiryək”, “Metrik
şəhadətnaməsi”, “Qarğalar” və sair kimi pub-
lisistik məqalələri mollanəsrəddinçi satirik
publisistikanı daha da zənginləşdirən əsərlərdir.
İctimai kəsər, vətəndaşlıq mövqeyi, cəsarətli
münasibət, yığcamlıq və konkretlik Əliqulu
Qəmküsar publisistikasının səciyyəvi xüsu-
siyyətlərini təşkil edir. Ədibin “Şeytan fəhləsi”
felyetonunda mollanəsrəddinçi publisistikanın
ən yaxşı xüsusiyyətləri, mübariz ruhu, ümu-
miləşdirmə gücü bütün aydınlığı ilə görünür.
“Şeytan fəhləsi” felyetonu qələm fəhləsi Əliqulu
Qəmküsarın ciddi həyati müşahidələrinin və
satirik publisistika sahəsindəki məharətinin
qabarıq ifadəsidir: “Qafqaz şəhərlərinin, kənd-
lərinin hansı birisinə güzarın düşsə və müsəlman
hissəsinə keçsən, diqqətlə bax, gör harada bir
təmiz, qəşəng, səliqəli, hissiz, tüstüsüz otaq
varsa ki, oradan pitinin ətri bir ağaca kimi
vurur və gəlib-gedəni az qalır bihuş etsin, bil
ki, ora qəhvə dükanıdır. Və o camaat ki, gördün
dövhadövr, bəzisi dizi üstə və bəzisi çöməlib
və bəzisi bardaş qurub əyləşib hey qəlyan, çu-
bux, papirus çəkir pülüyür göyə və gah-gah
iqtisadi, ictimai, siyasi söhbətlər edir, bil ki,
onlar oranın çilenləridir. Və hər vaxtda ki,
gördün iki nəfər rubəru əyləşib qonçinka oy-
nuyurlar və ətrafdan bir yığın adam çiyin-
çiyinə durub boydahaboyda eliyir və bu onu
basıb soxulur qabağa, o bunu itələyir və hamısı
gözlərini zilliyiblər karta tamaşa eləyirlər, bil
ki, onlar da şeytan fəhləsidirlər ki, ayaq üstə
durmaqdan gözlərinə qara su enibdir”.
“Molla Nəsrəddin” jurnalında Cəlil Məm-
mədquluzadənin felyetonları ilə mövzu və
ideyaca Mirzə Ələkbər Sabirin onu tamam-
layan satirik şeirlərinin bir yerdə, eyni başlıq
altında verilməsi ənənəsi mövcuddur. Bu, tən-
qidi-realist ədəbiyyatın bütövlüyünü, tamlığını,
mollanəsrəddinçi ədiblərin əqidə və sənət bir-
liyini nümayiş etdirən əhəmiyyətli ədəbi ha-
disədir. Eyni zamanda həmin düşünülmüş
forma “Molla Nəsrəddin” jurnalının daha oxu-
naqlı, cəlbedici olmasına, digər satirik jurnal-
lardan fərqlənməsinə də kömək etmişdir.
Əliqulu Qəmküsar mollanəsrəddinçi ədə-
biyyatda publisistika ilə satirik şeirin növbə-
ləşməsi ənənəsinə yenilikçi münasibət bəslə-
yərək “Molla Nəsrəddin” jurnalında iki müəl-
lifin əvəzinə özünün yazdığı felyetonla satirik
şeiri bir yerdə təqdim etmişdir. Bu, “Molla
Nəsrəddin” ədəbi məktəbində Əliqulu Qəm-
küsara məxsus novatorluqdur. Eyni yazıda
felyetonla satirik şeirin bir-birini tamamlaması
ilə yanaşı, həm də hər ikisinin yüksək bədii
səviyyədə alınmasına nail olmaq Əliqulu
Qəmküsarın istedadının gücünü, yaradıcılıq
imkanlarının genişliyini nəzərə çarpdırır.
“Niyə qəzetə və məcmuə satılmır?”, “Şeytan
fəhləsi”, “Məhkəmeyi-ürfiyyə” felyetonlarının
davamı kimi təqdim edilən satirik şeir nümu-
nələri bütöv bir əsərin üzvi tərkib hissələri
təəssüratı yarada bilir. Qəzet-jurnal alıb oxu-
mağa meyilli olmayan, buna “şeytan işi” kimi
baxan həmvətənlərinin gözünü açmağa çalışan
Əliqulu Qəmküsar “Niyə qəzetə və məcmuə
satılmır?” felyetonunun publisistika hissəsində
belə hallara dair ölkənin müxtəlif guşələrindən
alınmış xəbərlər verir, bunun ardınca isə içə-
risində “Molla Nəsrəddin” deyilən jurnalı
alma, az pis əməl eylə. Huşun-başın olsun,
özünü duzəxə salma, bir tövbə gəl eylə” kimi
misralar da olan satirik şeirini oxuculara çat-
dırmışdır. Hətta şeirin sonluğunda formanı
dəyişmiş, aşağıdakı yığcam və təsirli misralarla
yazını bitirmişdir:
Bir belə zərafət
Olmaz, a cəmaət.
Oldu bu cür işlər,
İslamidə bidət.
Bilməm bu nə sözdür,
Nə nəqli-hekayət?
Kimdir deyən aya?
Qaldı dala millət...
Milyon dəfə olsun
Lənət, ona, lənət!
Göründüyü kimi, Əliqulu Qəmküsar pub-
lisistikada da, satirik şeir sahəsində də iste-
dadlıdır. O, bütövlükdə “Molla Nəsrəddin”
dövrü Azərbaycan satirik ədəbiyyatının gör-
kəmli nümayəndəsidir. Əliqulu Qəmküsar ic-
timai satiranı həyata daha da yaxınlaşdıraraq
cəmiyyətdə gedən proseslərlə əlaqələndir-
mişdir. Əliqulu Qəmküsar təkcə vətəndaşlıq
cəsarəti nümayiş etdirən satirik şeirləri və
məqalələri ilə deyil, özü də ictimai fəaliyyəti
ilə daim mübarizə meydanında olmuşdur.
Akademik İsa Həbibbəylinin “Ədəbi şəxsiyyət və zaman”
çoxcildliyinin II cildi nəşr olunmuşdur. Kitabda Naxçıvanın
görkəmli ədəbi simaları haqqında məqalələr də yer almışdır.
Bugünkü nömrədən etibarən həmin məqalələri “Şərq qapısı”nın
oxucularına təqdim edirik.
Ardı 4-cü səhifədə
Əliqulu Qəmküsarın ədəbi taleyi:
sənətdə və həyatda