ZüLFİYYƏ İsmayil



Yüklə 88,73 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü88,73 Kb.
#23659


 

ZÜLFİYYƏ İSMAYIL  

AMEA Naxçvan Bölməsi 

e-mail: ismayilzulfiyye@yahoo.com 



 

TÜRK-İSLAM MƏDƏNİYYƏTİNİN QƏDİM BEŞİYİ  QARABAĞLAR: TARİXDƏ VƏ 

GÜNÜMÜZDƏ 

 

Naxçıvan  Muxtar  Respublikasında  ...Qarabağlar  kəndinin  ayrıca  böyük  tarixi  vardır. 

Qarabağlar  kəndində  800  il  bundan  öncə  yaranmış  türbə  göstərir  ki,  bura  necə  böyük  bir 

mədəniyyət  mərkəzi  olubdur.  Vaxtilə  burada  çox  istedadlı  insanlar  yaşayıb,  bu  kənddən  böyük 

şəxsiyyətlər, alimlər, böyük müəllimlər çıxıbdır. 

Heydər ƏLİYEV 

Azərbaycan xalqının ümummilli lideri 

 

Türk-İslam mədəniyyətinin qədim beşiyi olan Qarabağlar Azərbaycanın və Şərqin ən qədim 



sivilizasiya  mərkəzlərindən  biridir.  Kiçik  Qafqaz  dağ  silsiləsinin  ətəklərində  yerləşən  bu  məkanın 

tarixi  barədə  müxtəlif  fikirlər  mövcuddur.  Mənbələrdən  bəzilərində  Qarabağlar  şəhərinin 

bünövrəsinin Şirvanşah Mənuçöhr tərəfindən qoyulduğu güman edilir. Digər qisim tədqiqatçılar isə 

şəhərin  təşəkkül  tarixini  IX  əsrə  bağlayırlar.  “XIII-XIV  əsrlərdə  Hülakülər  dövlətinin  əsas 

mərkəzlərindən  olan  Qarabağlar  orta  əsrlər  Azərbaycanın  ən  inkişaf  etmiş  şəhərlərindən  və 

mədəniyyət beşiklərindən olub. Bu faktları həmin dövrə məxsus olan mənbələr də təsdiqləyir (7, s. 

6).  

Qarabağlardan həmişə orta əsrlərin bir çox məşhur səyyah və tədqiqatçıların əsərlərində öz 



gözəl iqlimi, əhalisi, tarixi abidələri, memarlıq əsərləri ilə geniş bəhs olunub. Qarabağlar haqqında 

məhz  həmin  səyyah  və  tarixçilərin  bu  gün  qiymətli  mənbə  adlandırdığımız  kitab-qeydlərində  çox 

maraqlı və qiymətli məlumatlar vardır. XV əsr salnaməçisi təbrizli Nizaməddin Şami “Zəfərnamə”,  

XVII-XVIII  əsrlər  türk  tarixçisi  İbrahim  Əfəndi  “Tarix”,  XVII  əsr  səyyahı  Evliya  Çələbi  “Tarixi 

səyyah”,  Fəzlullah  Rəşidəddin,  Xanıkov,  Moryer,  Tavarnye  kimi  alimlər  və  səyyahlar  əsərlərində 

Qarabağların  adına  əfsanələr  bağlanan  təkrarsız  memarlıq  abidələrindən,  karvansara  və 

məscidlərindən  heyranlıqla  bəhs  etmiş,  çox  qiymətli  məlumatlar  vermişlər.  XVII  əsrin  böyük  türk 

səyyahı və dövlət xadimi Evliya Çələbi “Tarixi səyyah” əsərində bu şəhərin coğrafi, etnoqrafik, dini 

və  siyasi  vəziyyəti  haqqında  dolğun  və  ətraflı  məlumat  vermiş,  Qarabağlar  kəndinin  zəngin  və 

özünəməxsus tarixi, torpağının  bərəkəti,  insanlarının zəhmətkeşliyi  və  mədəni zənginliyi  haqqında 

da çox bəhs edib. Meyvə bağları təkcə Evliya Çələbini deyil, bu yerlərə gələn hər bir adamı heyran 

qoyub.  



 

Şərqlə  Qərb  arasında,  günbatanla  gündoğanı  birləşdirən  yolların  tam  ayrıcında  yerləşən 



Qarabağlar, demək olar ki, Böyük İpək Yolunun və onun ayrı-ayrı tirələrinin keçdiyi möhtəşəm bir 

mərkəz  kimi  Azərbaycanın  orta  əsr  şəhərləri  arasında  xüsusi  əhəmiyyətli,  strateji  mövqeyi  ilə 

məşhur  olmuşdur.  Türklərin  “İbn  Bəttutə”si  Qarabağları  təsvir  edərkən  bu  kəndin  qədim  tarixə 

malik olmasından da çox bəhs edir. Zəngin  tarixə malik olan  Qarabağlar  ərazisində Azərbaycanın 

qədim  şəhərlərindən  biri  mövcud  olmuş,  mühüm  karvan  yolları  ayrıcında  yerləşən  şəhər  xarici 

ölkələrlə  ticarət  əlaqəsi  qurmuşdur.  Türk  səyyahı  Evliya  Çələbi  də  XVII  əsr  “Səyahətnamə” 

əsərində  Qarabağları  böyük  bir  şəhər  kimi  təsvir  etmişdir.  Onun  məlumatına  görə,  XVII  əsrdə 

Qarabağlarda  təqribən  50  min  adam  yaşayırdı.  10  min  ev,  70  məscid,  40  minarə,  karvansara, 

hamam,  bazar  və  s.  var  idi.  XVII-XVIII  əsrlərdəki  müharibələr  və  daxili  çəkişmələr  nəticəsində 

şəhər tənəzzül etmişdir  (12). 

Elm adamları həmişə bu kəndin türk-islam  tarixində yeri və rolundan maraqlı faktlarla bəhs 

ediblər.  V.H.Əliyevin,  V.B.Baxşəliyevin,  M.M.Seyidovun  və  digərlərinin    Damlama,  Qalacıq, 

Govurqala,  Qaravuldaş  Zağası,  Pullu  göl  və  b.  yerlərlə  bağlı    apardıqları  arxeoloji  qazıntların 

nəticələri  Qarabağların  Qafqazın  ən  qədim  yaşayış  yeri  olduğunu  təsdiqləmişdir.  Əvəzsiz  elmi 

mahiyyətə  malik  olan    tədqiqatlar  Qarabağların  dünəni  haqda  məlumatları  tarixin  daş  yaddaşının 

dili  ilə  gələcək  nəsillərə  ötürmüşdür.  AMEA-nın  müxbir  üzvü  Vəli  Əliyev  Qarabağlar  haqqında 

yazmışdır  ki,  burada  mövcud  olan  möhtəşəm  memarlıq  abidələri,  türbə  və  minarələr  XIII-XIV 

əsrlərdə Qarabağlar şəhərinin varlığına dəlalət edir. Yalnız qədim və orta əsr möhtəşəm şəhərlərinə 

məxsus  bütün  əzəmətli  xüsusiyyətləri  -  yeraltı  tunellər,  təkrarsız  memarlıq  inciləri;  qalalar, 

sikloplar,  mükəmməl  şəhərsalma  planı,  əlverişli  müdafiə  xüsusiyyətləri  və  s.  diqqəti  cəlb  etməklə 

böyük elmi maraq doğurur (2, s. 13). AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev isə belə qeyd edir ki, 

Orta  əsrlərdə  ticarət  və  sənətkarlıq  mərkəzinə  çevrilən  Qarabağlar  həmçinin  müəyyən  vaxtlarda 

inzibati  mərkəz rolunu oynamışdır. Şəhərin  yaranma tarixi  haqqında dəqiq  məlumat yoxdur. Onun 

inkişaf  etmiş  dövrü  IX-XVII  əsrlərə  aiddir  (1).  Bu  fikirlə  bağlı  arxeoloq-alim    M.M.Seyidov 

Damlamada  tədqiqat  apardıqdan  sonra  belə  bir  nəticəyə  gəlmişdir  ki,  “Qarabağlar  qədim  yaşayış 

məskənlərinin  yerində  yaranmış,  uzun  təkamül  yolu  keçmiş  orta  əsr  möhtəşəm  Azərbaycan 

şəhəridir”  (2,  s.  12).    Azərbaycanın  orta  əsr  şəhərləri  içərisində  zəngin  mədəniyyəti,  ulu  tarixi, 

qüdrətli memarlıq inciləri, iri ticarəti, qaynar, çoşqun şəhər həyatı ilə fərqlənən Qarabağlar belə bir 

yüksəlişə yalnız uzun bir tarixi inkişaf yolu ilə gəlib çata bilərdi.  

Bu kənddə Azərbaycan memarlığının görkəmli abidəsi - Qarabağlar türbəsi kimi bütövlükdə 

Şərqin, İslam  mədəniyyətinin  ən gözəl abidələrindən,  incilərindən biri ucalır. Burdakı  mədəniyyət 

izləri  kəndin  tarixi  qədimliyinə  şahidlik  çəkir.  Burada  mövcud  olan  zəngin  xalq  yaradıcılığı 

ənənələri  kəndin  qədim  tarixinə  açılan  bir  qapıdır.  Zəngin  tarixi  və  memarlıq  abidələri  də 

Qarabağlar kəndinin uzaq tarixi və mədəni zənginliyindən xəbər verir. 




 

Tarixçilərin  apardıqları  tədqiqatlara  görə,  Hülakülər  zamanında  Qarabağlar  Azərbaycanın 



əsas mədəni-mənəvi, ictimai-siyasi mərkəzlərindən biri olmuşdur. Böyük bir imperiyanın yaradıcısı, 

qüdrətli  bir  dövlətin  banisi  Elxani  hökmdarı  Hülakü  xanın  xanımı,  həmin  dövlətin  idarəçiliyində 

fəal  rolu  olmuş  Quti  xatunun  şərəfinə  qoşa  minarəli  came  məscidinin  yanında  (1332-1337)  XIV 

əsrdə  tikilən  məqbərə  məhz  bu  qədim  türk-oğuz  yurdu  Qarabağlardadır.  Bu  kənd  dünya 

mədəniyyətinin incilərindən hesab olunan türbə kompleksinə ev sahibliyi etməklə zəngin və qədim 

bir  mədəniyyətin  beşiyi  hesab  olunur.  Azərbaycan  xatirə  memarlığının  mütərəqqi  ənənələrini 

yaşadan bu abidə  memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Şərqdə öz memarlıq  məktəbi  ilə 

şöhrətlənən,  məşhur  Mömünə  Xatun  türbəsinin  memarı  Əcəmi  Naxçıvani  memarlıq  məktəbinin 

davamçısı  memar  Əhməd  Əyyub  oğlu  Əli  Hafiz  Naxçıvani  yaradıcılığının  nümunəsidir  (5;  6). 

Tanınmış  alim  Cəfər  Qiyasi  Qarabağlar  türbəsi  haqqında  yazır:  “Azərbaycan  orta  əsr  xatirə 

memarlığının geniş yayılmış tipi qülləvari türbələridir. Belə “qülləvari türbələr” adlandırılan xatirə 

tikililəri, əsasən, oğuz türklərinin yaşadığı Anadolu, Azərbaycan və Xorasanda lokallaşıb. Bunun ən 

mükəmməl  örnəklərindən  biri  XIV  yüzillikdə  Qarabağlarda  ucaldılıb”  (3,  s.  30).  Alim  daha  sonra 

qeyd  edir  ki,  bu  memarlıq  kompleksindəki  Qoşa  minarə  XII  əsrin  sonu  XIII  əsrin  əvvəllərində, 

türbə  isə  XIV  əsrdə  inşa  olunmuşdur.  Qarabağlar  abidələri  bir  kompleks  şəklində  olub,  buraya 

türbə, qoşa minarə  və bu  iki abidənin  arasında  yerləşən dini  binanın qalıqları daxildir.  İndiyə  kimi 

ən  böyük  ensiklopediyalardan  tutmuş,  ən  məşhur  memarlıq  mütəxəssislərinə  qədər  bu  kompleksə 

daxil  olan  Quti  xatunun  şərəfinə  tikilmiş  türbə  geniş  şəkildə  araşdırılmışdır.  Qoşa  minarənin  isə 

yalnız adı çəkilmiş, bəzi məqamlarda tikinti texnikası və memarlıq üslubu  baradə yazılmışdır. Hələ 

XVII  əsrdə  Evliya  Çələbi  Qarabağlarda  40  minarəli  came  məscid  olduğunu  qeyd  etmişdir.  İndi 

yalnız  Qoşa  minarəsi  qalan  həmin  dini  tikili  came  məscid  olmuşdur.  Came  məscidlər  iri  yaşayış 

məntəqələrində  fəaliyyət  göstərərək  dövlət  idarəsi  və  kütləvi  ibadət  yeri  kimi  tanınmışdır.  Onlar 

cəmiyyətdə  ictimai-siyasi,  iqtisadi  məsələlərin  həll  olunmasında,  mədəni-maarif  işinin 

aparılmasında  dövlətə    köməkçi  rolunu  oynayırdı.  Hökmlər,  fitvalar  və  s.  sənədlər  əhaliyə  məhz 

came  məscidlərin  minbərlərindən  bildirilirdi.  Akademik,    görkəmli  türkoloq,  islamşünas 

V.V.Bartold  yazır  ki,  came  məscidlər  ancaq  ibadət  yeri  olmayıb,  eyni  zamanda  dövlət 

yığıncaqlarının  və  ictimaiyyətin  toplanış  yeri  idi.  Orada  dövlət  xəzinəsi  saxlanılır,  müəllimlər 

mühazirə oxuyur, dərs keçir, məhkəmə qurulur və ictimai işlər aparılırdı (11). 

Qarabağların  bu  möhtəşəm  memarlıq  abidəsinin  üzərindəki  Quran  ayələri  və  ya  dini 

məzmunlu  kəlamlar  da  diqqəti  cəlb  edir.  Bununla  bağlı  AMEA-nın  müxbir  üzvü  Hacıfəxrəddin 

Səfərli  yazır:  “Kəngərli  rayonunun  Qarabağlar  kəndindəki  türbənin  üzərində  Qurani-Kərimdən  bir 

neçə  ayə  (XL-16;  LXVII-1-6)  yazılmış,  türbənin  gövdəsində  kaşılı  kərpiclərin  ustalıqla 

düzəldilməsi  nəticəsində  yaradılan  romblar  içərisində  dəfələrlə  təkrar  olunan  islam  doktrinası  – 

“Allahdan  başqa  Allah  yoxdur!  Məhəmməd  Allahın  elçisidir!  Allah  ona  yar  olsun!”  -  sözləri 




 

yazılmışdır”  (8,  s.  12).  Qarabağlar  türbəsi  memarın  hüdudsuz  fantaziyasının  real  mücəssəməsidir. 



Yeraltı  və  yerüstü  hissələrdən  ibarət  türbə  Naxçıvan  memarlıq  məktəbinə  xas  olan  monumental 

xatirə  abidəsidir.  “Portalın  giriş  qapısının  fantastik  zənginliyi,  həndəsi  simmetriyaları,  qibtə 

ediləcək səlisliyi baxanı valeh edir. Kufi xətlə bəzədilmiş türbə başdan-ayağa “Allah-Allah”  sözləri 

ilə  örtülmüşdür.  Bu,  ustad  Əhməd  Əyyub  oğlunun  dahi  memar  olması  ilə  yanaşı,  onun  dövrünün 

ictimai-siyasi  vəziyyətlərini  dəqiq  anlaması  və  şah  əsərlərinin  gələcəyinin  düzgün  və    zərər 

görmədən  yaşamasının  qeydinə  qalan  böyük  ağıl,  fəhm  və  zəkasından  qaynaqlanmışdır.  Belə  ki, 

əsas bəla olan hücum və qarətlər dövrün bir çox əzəmətli tikililərinin və nadir memarlıq incilərinin 

varlığına  son  qoysa  da,  Qarabağlar  türbəsinin  üzərində  yazılan  müqəddəs  kəlamlar  onun 

dağıdılmasının qarşısını almışdır” (9). Qarabağlar türbəsi təkcə öz əzəmətli quruluş və gözəlliyi ilə 

deyil,  portalın  üzərindəki  ağ,  qara,  yaşıl  və  firuzeyi  kaşıların  baxanı  heyrətə  salan  ağıl  və  zəkanın 

vəhdətindən irəli gələn daxili imkanların sərhədlərinin göstəricisidir. Lirika, harmoniya, məhəbbət, 

nisgil,  əzəmət,  müqəddəs  pıçıltı,  bəşəri  təravət,  ölməzlik,  cazibə  tamaşaçını  heyrəti  və  bütün  

bunların  hamısı  “Allah-Allah”    əzəməti  ilə  tamamlanır.  Bu  cür  rənglərin  və  hərflərin  böyüklüyü 

onun uzaqdan da daha aydın və rahat oxunmasını təmin edir. 

Türbə  ilə  bağlı  maraqlı  məqamlardan  biri də  budur ki,  “dörd tərəfdən qapıya  bənzər  forma 

(açırım)  olmasına  baxmayaraq,  yalnız  şimal  tərəfdə  giriş  qapısı  var”  (3,  s.  67).  Bəzi  xarici 

şərqşünaslar  göstərirlər ki, bunlar pəncərə olub, portala bənzər şəkildə bəzədilmişdir. İsa Əzimbəyli 

Məddah  başqa  cür  izah  edir:  “Müsəlmanların  əqidəsinə  görə  insan  su,  od,  torpaq,  külək  kimi  4 

ünsürdən  əmələ  gəldiyi  üçün  türbədəki  4  açırım  buna  işarədir”.  O  həmçinin  bunların  4  ərəb 

xilafəsinə - Ömərə, Osmana, Əbübəkirə və Əliyə işarə” olduğunu da qeyd edir. Türbədəki kitabələri 

Ə.Ələsgərzadə də oxumuş  və  bu barədə “Nizami  dövrü Azərbaycan abidələri” kitabında  məlumat 

vermişdir.  O  qeyd  edir  ki,  əsas  yazılar  6,  7,  8,  9,  10-cu  silindirdə  olmuş,  Quranın  ayə  və 

surələrindən ibarətdir. Qalan silindirlərdəki yazılar ovulub tökülmüşdür. Mütəxəssislərin oxuduqları 

yazıların Quranın 67-ci surəsinin 1-6-cı ayələrindən götürüldüyünü qeyd edirlər. 

 

 

Kənd  camaatı,  ələlxüsus  da  nisbətən  yaşlı  əhali  bu  abidə  ilə  bağlı  maraqlı  və  əhəmiyyətli 



əhvalatlar  danışır.  Deyilənə  görə,  abidənin  üzərində  “Güneyin  qüzeyində,  qüzeyin  güneyində” 

yazılıb. Bu isə, abidəni inşa etdirən şəxsin gələcəkdə türbənin təmiri üçün gizlətdiyi maddi vəsaitin  

yerini  bildirən  gizli  şifrə  rolunu  oynayırmış.  Kənd  ağsaqqallarının  anlatdığına  görə,  Davud  adlı 

gürcü  bir  neçə  nəfər  geoloq  ilə  kəndə  gəlir,  əsasən  türbənin  ətrafında  dolaşırmışlar.  Onların  qəfil 

“yoxa çıxdıqları” gecədən sonra  sağdakı qoşa  minarədə oğurlanmış sandığın  yeri  hamını  heyrətə 

gətirir.  Alimlərin  və  yaşlı  adamların  dediklərinə  görə,  Qarabağlar  türbəsinin  sərdabəsində  olan 

meyidi də 1939-40-cı illərdə gizli şəkildə oğurlayıb Moskvaya aparmışlar və ondan bir daha xəbər 

çıxmamışdır.  




 

Türk-islam maddi-mənəvi mədəniyyətinin ən gözəl nümunələrindən olan, dünya mədəniyyət 



xəzinəsinin nadir incilərindən sayılan Qarabağlar Qoşa minarə və türbə memarlıq kompleksi Sovet 

hakimiyyəti  dövründə  nəzarətdən  kənarda  qalıb.  Bu  möhtəşəm  abidə  Azərbaycan  dövlət 

müstəqilliyi  qazanandan  sonra  diqqət  mərkəzinə  gətirilib.  Bəhs  etdiyimiz  bu  kompleks  2018-ci  il 

üçün  İslam  mədəniyyətinin  paytaxtı  seçilən  Naxçıvanın  memarlıq  incilərindən  birini  təşkil  edir. 

Abidədə  hazırda  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  “Qarabağlar  Türbə 

Kompleksinin bərpası və tədqiq olunması haqqında”kı 4 iyul 2016-cı il tarixli  Sərəncamına əsasən 

dövlət qayğısı ilə təmir-bərpa işləri həyata keçirilir. 

Qarabağlar minilliklərin, əsrlərin, qərinələrin möcüzəli sirdaşı, yadigarıdır. Qədim  tarixin və 

islam  mədəniyyətinin  əzəmətli  ünvanı,  müqəddəs  beşiyi  olan  bu  kənddə  günümüzə  qədər  gəlib 

çatmış, bu gün də kənd camaatı tərəfindən mühafizə olunan inam yerləri də çoxdur. Onlar vaxtilə 

cəmiyyətin  dini-ideoloji,  sosial-siyasi  və  ziyarətgah  mərkəzi  rolunu  oynamışdırlar.  “Bu  kənd 

(Qarabağlar – Z.İ.) təbiətcə də, memarlıq baxımından da, dini dəyərlər etibarı ilə də çox zəngindir” 

(2, s. 10).  

AMEA-nın  müxbir  üzvü  M.S.Nemətova  respublikamızda  olan  ziyarətgah-pirləri  4  qrupa 

bölür: Şiə imamlarının övladları ilə əlaqədar yaranmış pirlər, qədəmgah kimi yaranan pirlər, şəhid 

məzarları  ilə  əlaqədar  yaranmış  ziyarətgahlar,  dərmanlı  bitki  növləri,  mineral  su  və  s.  ilə  əlaqədar 

yaranmış  ziyarətgahlar  (10).  Bu  qəbildən  olan  yerlərin  əksəriyyətinə  Qarabağlar  kəndində  rast 

gəlmək mümkündür. Haqqında əfsanələrin dolaşdığı Asnı piri kəndin yuxarı başında, Asnı çayının 

sahilində  yerləşir.  Asnı çayının qaynağı  xalq arasında  müqəddəs pir kimi ziyarət olunur. Asnı piri 

su-çay  müqəddəsliyinin  ifadəsidir.  Kənd  camaatının  inancına  görə,  Asnının  gözəsində  qurban 

kəsmək  o  çayın  suyunu  bollaşdırır  və  qurumağa  qoymur.  Suyun  gözəsinə  murdar  bir  şey  atmaq 

suyu murdarlayır. Çayın qırağında bitən ağaca niyyət edib, hərə bir parça kəsiyi bağlayır. Ələlxüsus 

da, övladı olmayan gəlinlər  niyyət edər, parça bağlayar, bəzən də  beşik asıb  yellədər və ürəyində 

dua edərlər. Niyyəti qəbul olan insanlar gətirib qurban kəsərlər. 

Həqiqətən  də,  Qarabağlar  çoxsaylı  tarixi  abidələrə  sahib  olduğu  kimi,  qoynunda  yer  alan 

Asnı  piri  ilə  də  bu  tarixə  əfsanəvilik  gətirir.  Asnı  nəinki    Qarabağların,  hətta  qonşu  kəndlərin  də 

böyük  piri  sayılıb.  “Qarabağlar  kəndinin  yaxınlığında  yerləşən  Asnı  ərazisindəki  qаyаlаrın 

аrаsındаn çıхаn gur bulаq хаlq tərəfindən müqəddəsləşdirilmiş və ziyаrətgаhа çеvrilmişdir. Bulаğın 

ətrаfındаkı kol və ağaclar da хаlq tərəfindən müqəddəs hеsаb еdilir. Yaxınlıqdakı Asnı pirində isə 

orta  əsrlərə  aid  iki  məzar  yerləşir.  Məzarların  üzərindəki  sinədaşlarının  yazılarının  oxunması 

nəticəsində  epiqraflar  bu  məzarların  XIV  əsrə  aid  olduğu  qənaətinə  gəlmişlər  (4,  s.  27).  Asnı  bol 

sulu  çay  olmaqla  yanaşı,  bir  neçə  yüz  il  bundan  əvvəl  də  əhalinin  böyük  ehtiramla  ziyarət  etdiyi 

müqəddəs  məkan  olmuşdur.  Deyilənlərə  görə,  bura  böyük  bir  zaviyə  olmuşdur.  Burada  o  dövrün 

çox  böyük  ruhani  alimlərindən,  şeyxlərindən  ikisi  dəfn  olunmuşdur.  Onlardan  biri  Şeyx  Əli  İbn 




 

Fəttah, digəri isə İmam Cəfər Sadiq Əleyhissəlamın nəslindən olan 7-ci nəvəsi Şeyx Əbu Kəbir İbn 



Mühənnah Əl Asınnıdır. Bu şəxsin Hülakü xanın islama yüksək dəyər verməsində böyük rolu olan 

imam  övladıdır.  Yerli  əhali  bu  şəxsiyyətə  sağlığında  böyük  ehtramla  yanaşmışlar  və  vəfatından 

sonra  isə  qəbirləri  ziyarətgaha  çevrilmişdir.  Kəndin  ağsaqqallarının    dediyinə  görə,  burada  ocaq 

evliyaları olub ki, onların da neçə-neçə zaviyələri varmış. 

Orta çağda Qarabağlarda mövcud olmuş bir çox məscidlər kompleksindən qalan son məscid 

binasını da sovet dönəmində bolşeviklər anbara çevirmişdilər. Bunu da ürək ağrısı ilə deməliyik ki, 

kənddə  dağıntiya  məruz  qalan  təkcə  abidə,  məscid  və  s.  deyildi,  ziyarətgah  sayılan  müqəddəs 

saydığımız bütün məkanlarımız bu acınacaqlı taleyi yaşamışdılar. İndi respublikamızın hər yerində 

olduğu kimi Qarabağlarda da kənd məscidi, Asnı piri yenidən, əsaslı şəkildə  bərpa olunaraq xalqın 

istifadəsinə verilmişdir. 

Tarixən  Namaz  bulağı  da  kənd  əhalisinin  müqəddəs  saydıqları  məkanlardan  biri  olub. 

Məlumdur  ki,  mədrəsə  olan  yerdə  dindarlar  daha  çox  olur.  Namaz  bulağında  dəstəmaz  alan 

dindarlar elə onu ətrafında da namazlarını qılıb, ibadət ediblər. 

Qarabağlar camaatının müqəddəs saydıqları məkanlar kənddə  çoxluq təşkil edir. Xüsusən, 

Tək çalı - bura övladı olmayan qadınların daha çox ziyarət etdikləri yerdir. Məlumdur ki, su və ağac 

kultu  islamaqədərki  inancla,  digər  müqəddəs  məkanlar  isə  islami  dəyərlərlə  bağlıdır.  Bütün  bu 

faktlar Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin ən bariz izləridir.   

Qarabağlar kəndinin Bəydilli  məhəlləsində, Qarabağlar türbəsindən aşağıda  Qənimət ocağı 

yerləşir.  Yaranması  X  əsrə  təsadüf  edən  bu  ocaq  ata  Ahdi  Qarabağiyə  xas  olub.    Kənd  əhalisinin 

Asnı pirindən sonra daha çox müqəddəs baxdıqları məkan Qənimət ocağıdır. 

 Kəndin  ən  müqəddəs  yerlərindən  biri  də  İmamzadə  adlanır.  AMEA-nın  müxbir  üzvü 

Hacıfəxrəddin Səfərli İmamzadələrlə bağlı fikirlərində belə qeyd edir: “Naxçıvan ərazisində və ona 

yaxın  yerlərdə,  vaxtı  ilə  Azərbaycan  torpağında  olan  digər  yaşayış  məskənlərindəki  bir  sıra 

ziyarətgahlar  da  xalq  tərəfindən  imam  Museyi-Kazimin  övladları  ilə  əlaqələndirilir”  (8,  s.  104). 

Məlumdur  ki,  İmam  Museyi-Kazımı  zəhərləyib  öldürdükdən  sonra  onun  övladları,  yaxınları  təqib 

olunublar.  Bu  təqiblərdən  qaçaraq  Azərbaycanın  müxtəlif  bölgələrinə  və  Naxçıvana  pənah 

gətiriblər.  Onun  qulamları  ilə  qaçan  həddi-buluğa  çatmamış  xələfləri  də  Qarabağlarda  dəfn 

olunmuşdur. Əlbəttə, bu yerli əhalinin nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatan fikirləridir. 

İmamın övladları burada dəfn olunduğundan qəbirlər ziyarətgaha çevrilmiş, Səfəvilər zamanında isə 

onların  məzarları  üzərində  tikililər  inşa  edilmişdir.  Qarabağlar  imamzadəsi  indi  böyük  bir 

qəbristanlıqda  yerləşir.  Kəndin  ən  qocaman  sakinlərinin  dediyinə  görə,  əvvələr  burda  yalnız  üç 

qəbir  və  onların  üzərində  tikili  varmış.  Tikililərdən  birinin  içərisindəki  lövhədə  məzarın  İmam 

Museyi-Kazım Əleyhissəlamın 17-ci nəvəsi  İmamzadə Hacı Seyid Xeyrullah Ahdi Qarabağiyə aid 

olduğu  yazılmışdır  (XII  əsr).  Daha  sonralar  bu  imamzadəyə  yaxın  ərazidə  XIX  əsrin  sonlarında 




 

Həcc ziyarətinə gedən Baxşəli kişi və digər iki hacını dəfn ediblər. Ondan sonra Kərbəlayi, Məşədi 



və  şəcərəyə  sahib  ağır  seyid  nəslindən  olanlar  da  həmin  imamzadənin  ətrafında  dəfn  olunub.  İndi 

həmin  ərazi  geniş  kənd  qəbristanlığıdır.  Hər  Novruz  bayramının  axır  çərşənbəsində,  demək  olar, 

bütün kənd bura ziyarətə axışır. İmam Museyi-Kazımın nəslindən olanların qəbirləri ziyarət olunur, 

İmamzadənin  yaxınlığında  dəfn  olunan  seyid  övladlarının,  müqəddəsliyinə  inandıqları  şəxslərin 

qəbirləri  üstünə  gedir  və  onların  bir  çoxuna  nəzirlər  qoyur,  şam  yandırır,  dualar  oxuyur,  dilək 

diləyirlər.  

Qarabağlarda  müqəddəs  məkanların  olması    bu  ulu  torpağın    Türk-İslam  dəyərləri  

baxımından nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Bölgələrimizdə  çox az yer tapılar 

ki, orada kompleks şəkildə müqəddəs məkanlar bir yerə toplansın; Asnı piri, Qənimət ocağı, Namaz 

bulağı,  İmamzadə,  Tək  çalı,  Yulqunlu  və  s.  olsun  və  min  illərlə    xalqın  müqəddəs  məkanına 

çevrilsin.  

Qarabağlardakı müqəddəs inam yerlərinin bir qismi insanların qədim inamları, türkçülüklə, 

bir qismi isə  islami dəyərlərlə bağlıdır. Məsələn, Qarabağlar kəndində  Yulqunlu  deyilən geniş bir 

ərazi  var  ki,  insanlar  bura  çox  qədim  zamanlardan  sitayiş  etmişlər.  Ümumtürk  kontekstində 

baxdıqda  Yulqun  bütün  türklərin  müqəddəs  baxdığı  bitkidir.  Bu  bitki  Qarabağlar  kəndinin  qərb 

tərəfində  geniş  bir  ərazidə  bitdiyindən  kənd  camaatı  həmin  ərazini  Yulqunlu  adlandırmış    və 

əsrlərdir  ki,  ora  yerli  əhalinin  ziyarətgahı  olub.  Orada  nəzir-niyaz  paylamış,  niyyət  etmiş, 

bütövlükdə  inam  mərkəzi  kimi  baxmışlar.  Sovetlər  zamanında  bütün  qadağalara  baxmayaraq, 

Məhərrəmlik və ya başqa dini mərasimlər bu ərazidə keçirilmişdir.  

 

 



Yuxarıda qeyd etdiyimiz  müqəddəs məkanlarımız  yüz illərdir ki, inanc, ümid, pənah ocağı 

kimi  tanınır.  Bu  kənddə  çox  böyük  Evliyaların  məzarları  var.  Belə  ki,  tarixən  Qarabağların  dini-

ideoloji, mədəni-siyasi həyatında onların oynadığı müstəsna rolların tədqiqi mühüm əhəmiyyət kəsb 

edir.  Onlar  özlərindən  sonra  möhtəşəm  məktəb  qoymuşlar.  Təəssüflər  olsun  ki,  sovet  ideologiyası 

bu mühüm amillərin üzə çıxarılmasına hər cəhətdən mane olmuşdur. Ölkəmizin hər yerində olduğu 

kimi, sovet rejiminin ateizm təbliğatı nəticəsində mədəni irsimizin bu sahəsi - ziyarətgahlar, pirlər, 

xanəgahlar  məhv  edildi  və  ya  qadağalar  qoyuldu.  İslam  dini  ilə  sıx  bağlı  olan  bu  abidələrə  qayğı 

göstərilməmiş,  onlar  unudulmuş,  baxımsız  hala  düşmüş,  uçub  dağılmış,  bir  sıra  hallarda  qəsdən, 

bilərəkdən məhv edilmişdir. Bütün bu məhrumiyyətlərə baxmayaraq, yerli əhali əsrlər boyu ictimai-

siyasi quruluşdan asılı olmayaraq bu abidələri qoruyur. Bunlar bizim ümumxalq sərvətimiz, bütün 

müsəlman  aləminin  qiymətli,  dəyərli  abidələridir.  Müstəqillik  illərində  mədəniyyət  abidələrini,  

inanc yerlərimizin yenidən qurulması və əsaslı təmiri üçün respublika rəhbərliyi tərəfindən müvafiq 

sərəncamlar imzalanmış, genişmiqyaslı işlər başlanmışdır və bu işlər bu gün göz qabağındadır. Bu, 

dövlətimizin öz milli, dini dəyərlərinə göstərdiyi münasibətdir. Bu gün muxtar respublikamızın hər 

yerində olduğu kimi Qarabağlarda da dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən 



 

tikilir.  Orta  əsrlərə  aid  bir  kitabədə  yazıldığı  kimi:  “Bizim  böyüklüyümüzə  inanmaq  istəmirsənsə, 



ucaltdığımız tikililərə bax”(4, s. 8). 

Beləliklə,  Qarabağlar  kəndi  malik  olduğu  bu  qədim  tarix  və  zəngin  mədəniyyətilə 

bəşəriyyətin  ilkin  yaşayış  məskənlərindən,  dünyaya  yeni  intibah  bəxş  etmiş  Türk-İslam 

mədəniyyətinin  məskəni  olan  Naxçıvanımızın  diqqət  çəkən  tarix  və  mədəniyyət  ocaqlarından 

biridir.  Kənd  turizminin  inkişafı  baxımından  da  bu  yurd  yerimiz  özünəməxsus  zəngin  və  əlverişli 

şəraitə malikdir. Tarixin böyük bir şöhrət daşıyan ünvanlarından biri kimi Qarabağlar dünəni və bu 

günü ilə qədim və müasir tariximizin ən parlaq səhifəsini yazır.  

Bütün bunlar Qarabağların dünənidir. Keçmişdə olduğu kimi bu gün də Qarabağlar şöhrətinə 

şöhrət  qatır.  Qədim  kənd  tarixiliklə  müasirliyin  qovuşduğu  bir  məkana  çevrilir.  Muxtar 

respublikamızda  aparılan  abadlıq-quruculuq  və  yeniləşmə  işləri  qədim  yurd  yeri  olan  Qarabağlar 

kəndindən də  yan keçməmişdir.  Kəndlərimizin  sosial-iqtisadi  vəziyyətini  yaxşılaşdırmaq tədbirləri 

bu  kəndə  də  böyük  töhfələr  verib.  Muxtar  respublika  rəhbərinin  qayğısı,  diqqəti  və  təşəbbüsü  ilə 

Kəngərli  rayonunun  ən  qədim  və  iri  kəndlərindən  olan  Qarabağlar  kəndi  də  simasını  dəyişmiş, 

sözün əsl mənasında, tarixiliklə müasirliyi birləşdirən, Kəngərli rayonuna gözəllik və tarixilik qatan 

başdan-başa abad, gülüstan bir yurda çevrilmişdir. 

Ta  qədimlərdən  14  kəndi  birləşdirən  bu  nahiyə  həmçinin  gözəllik  məkanı,  bir  gülüstan, 

bağlar  yeri  kimi  tanınmışdır.  Qarabağlar  kəndinin  çox  da  məşhur,  özünəməxsus  gözəlliyi  olub. 

Qarabağların məşhur bağları, mədəniyyət abidələri, qədim tarixə malik olan yurd yerləri əsərlərdə, 

mənbələrdə  heyrətlə  xatırlanır.  Qarabağlar  kəndinin  Kiçik  Qafqazın  Dərələyəz  dağ  silsiləsinin  ulu 

Araza,  cənuba  doğru  üz  tutub  getdiyi  çox  mənzərəli,  şəfalı  bir  ərazidə  bərqərar  olması,  füsünkar 

təbiəti,  uca,  göz  oxşayan  dağları,  yamyaşıl  dərələri,  yovşan,  kəklikotu  qoxan  təpələri,  uzun-uzadı 

yamacları,  təmiz  havası,  saf,  dumduru  suları,  buz  bulaqları,  həmçinin  yaşam  tərzi,  adət-ənənəsi, 

etnoqrafiyası,  mədəniyyəti  və  nəhayət,  qədim    tarixi  özündə  yaşadan  abidələri  həmin  kəndin  incə 

ruhlu  şairlərinin  qələminə  mövzu  olub  və  bədii  şəkildə  vəsf  edilib.  Bu  müqəddəs  torpağın 

yetirmələri  olan  onlarla  qələm  sahibi  -  Firudin  Şimşək,  Əkbər  Əkbərov,  Cabbar  Bəydilli,  Asəf 

Rzayev,  Həcər  Mirhəsənqızı,  Səlim  Əlioğlu,  Kamil  Nağıyev,  Rasim  Rza,  Zülfiyyə  İsmayıl  və 

digərləri  kəndi  özlərinin  nəsr  və  nəzm  nümunələrində  şöhrətləndirib,  haqqında  maraq  dolusu 

təəssürat yaradıblar. 

Qarabağların dünəni haqqında bir çox alimlər dəyərli və elmi faktlar versələr də, düşünürük 

ki,  hələ  də  elmi  ictimayyəti  lərzəyə  gətirəcək  faktlar  üzə  çıxarmaq  mümkündür.  Həqiqətən  də, 

qədim  mədəniyyətin  və  sivilizasiyanın  beşiyi  olan,  türk-oğuz  yurdu    Qarabağlar  o  qədər  zəngin 

mədəniyyətə  və  tarixə  malikdir  ki,  bu  kəndin  monoqrafik  tədqiqi  naxçıvanşünaslığa,  bütövlükdə 

tarix elmimizə böyük fayda verə bilər.  

 



 

ƏDƏBİYYAT 



 

1.

 



Baxşəliyev V.B. 

Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 304 s.

 

2.

 



Eminov A. Unudulmaz alim, müdrik insan. Bakı: Çaşıoğlu, 2009, 152 s.  

3.

 



Qiyasi C.Ə. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991, 49 s. 

4.

 



Nağıyev K. Qəmli illər kitabı. Bakı: Şirvannəşr, 2006, 120 s.  

5.

 



Naxçıvan abidələri ensiklopediyası.İstanbul:Bakanlar Medya, 2008, 519 s. 

6.

 



Naxçıvan tarixi. Üç cilddə, I c.,  Naxçıvan: Əcəmi, 2013, 452 s. 

7.

 



Tavernier  J.B.  Tavenier  Seyahatnamesi  (Editör:  Stefanos  Yerasimos,  Çeviren:  Teoman 

Tunçdogan). İstanbul: Yayınevi, 2006, 343 s. 

8.

 

Səfərli  H.Y.  Naxçıvanın  türk-islam  mədəniyyəti  abidələri.  Naxçıvan:  Əcəmi  NPB,  2017, 



216 s.  

9.

 



Zaman  Ş.  Qarabağları  tərənnüm  edirəm  (Şeirlər,  poemalar  və  hekayələr).  Bakı:  Nurlan, 

2007, 184 s.  

10.

 

 https://az.wikipedia.org/wiki/Məşədixanım_Nemətova 



11.

 

www.runivers.ru.  Электронная  библиотека  Руниверс  ›  Авторы  Бартольд,_  Василий_ 



Владимирович

 

12.



 

www.academia.edu/.../Evliya_Çelebi_Seyahatnamesinde_Az... 



Yüklə 88,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə