ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə18/50
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73531
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

___________________Milli Kitabxana__________________
Yarı illət, yarı zillət,
Yarı töhmət qazanmışıq.
Xəstə sevgi, ölü həsrət,
Yetim millət qazanmışıq.
XOCALIM, AY XOCALIM
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!
Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan "allah"lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!
Neçə ki yer üzündə yamanlar, pislər yaşar,
İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!
Quruyub cadar olmuş dodaqlara nə deyim?
Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xocahm, ay Xocalım!


___________________Milli Kitabxana__________________
Nə möcüze göstərim, nə cürə imkan tapım,
Qan itirən kəslərin damarına qan tapım?
Hansı yolu seçim ki, dərdinə dərman tapım,
Amansız cəmiyyətdə sənə nə aman tapım?
Millətəmi güvənim, torpaqdanmı güc alım?
Xocalım, ay Xocalım!
Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri qala yıxım, bürc alım,
Xocalım, ay Xocalım!
Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,
Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.
Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha,
Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha,
Haqqımı qaytarmağa bir ömür də borc alım,
Xocalım, ay Xocalım!
Töküldülər üstünə quduz kimi, ac kimi,
Şumladılar yer kimi, qırdılar ağac kimi,
Dağıtdılar çöllərə əsir, yalavac kimi.
Səni qaldırammasam başım üstə tac kimi,
Tarixin yaddaşında çətin qalxım, ucalım,
Xocalım, ay Xocalım!
Bizdən ürək istədin, ürək vermədik sənə,
Bizdən kömək istədin, kömək vermədik sənə,
Bizdən qanad istədin, lələk vermədik sənə.
Aylarla su vermədik, çörək vermədik sənə,
Buraxdıq özbaşına əlimizdən cənnəti,
Sənsiz nəyimə gərək Məkkə görüm, Hac alım,
Xocalım, ay Xocalım!
Təzədən yandı xallar muğamın nəvasında,
Bayquşlar ötür bu gün bülbülün yuvasında.


___________________Milli Kitabxana__________________
Biqeyrət oğulların şan-şöhrət havasında,
Kəmfürsət övladların vəzifə davasında,
Harayına çatmağa tapılmadı macalım,
Xocalım, ay Xocalım!
Yerbəyer eləməmiş sevincimi, dərdimi,
Bir-birindən seçməmiş mərdimi, namərdimi,
Əjdahalar əlindən qurtarmamış yurdumu.
Tanrının qırmancına döndərməmiş ordumu.
Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,
Xocalım, ay Xocalım!
XOCALIM, ay XOCALIM!!!
31 yanvar 1997
DƏRD
Hər çiyin tab gətirməz,
Ağır yükdü dərd daşı.
Daşıyırsan həyatda
Kişi kimi dərd daşı.
Enər gözə çən kimi,
Düşər saça dən kimi.
Damla daş dələn kimi,
Dəlib deşər dərd daşı.
Əzər-tikər, qum eylər,
Kotan çəkər, şum eylər.
Dərd əridər, mum eylər
Sərt qayanı, sərt daşı.
Mərd yaşamaq gərəkdi.
Sərt yaşamaq gərəkdi.
Dərd daşımaq gərəkdi,
Möhkəm dayan, mərd daşı.


___________________Milli Kitabxana__________________
CANIMIZ
Ömür-gün səhrasında,
Səfil olan canımız.
Qəzası, müsibəti
Qəfil olan canımız,
Həyat bir udum nəfəs,
Dünya beş günlük həvəs.
Hər yanı zindan, qəfəs,
Qıfıl olan canımız.
Enib dərdin şəhrinə,
Düşüb qəmin qəhrinə.
Sehrbazlar sehrinə
Tifil olan canımız.
Ölüm ahıl, biz çağa,
Boğaz yemdi bıçağa.
Axır beş arşın ağa
Təhvil olan canımız.
GÜNAHSIZ GƏLİRİK
Dünyanı min dəfə dağıtmaq olar,
Bu qədər qan tökən silahlar ilə.
Həyatda hər şeylə bacardı insan,
Bacara bilmədi tamahlar ilə.
Gedir insan oğlu, yolu çaş gedir,
Üzdən qan süzülür, gözdən yaş gedir.
Bu torpaq üstündə hey savaş gedir,
Dil tapa bilmirik timsahlar ilə.
Zamanın ovcunda mum olur qaya,
Qum olub dağılır çeşməyə, çaya.


___________________Milli Kitabxana__________________
Günahsız gəlirik qoca dünyaya,
Dünyadan gedirik günahlar ilə.
Kimdi fikir verən amana, aha,
Ölüm ucuz olub, yaşamaq baha.
Allahın özü də bacarmır daha
Özü yaratdığı "allahlar" ilə.
BAZAR YOLU
Bir məzar yoludu bu bazar yolu,
Yoxsullar bu yolla ölümə gedir.
Cibi boş, ürəyi dərd ilə dolu,
Alverə getmir ki, zülümə gedir.
İnsandı, onun da nəfsi, tamahı,
İnsandı, onun da iştahası var.
Yerdə arxası yox, göydə pənahı
Elə yeriyir ki, sanki yası var.
Evinə qayıdır əl boş, üz qara,
Nisgildən, ağrıdan, azardan gəlir.
Könül tikə-tikə, can para-para,
Xortdamış ölüdü, məzardan gəlir.
KÖNÜLSÜZ DƏRVİŞ
Yoxsul bir həsirdi, bir Məmmədnəsir,
Nə atı, nə də ki, arabası var.
Könülsüz dərvişdi düşər yollara,
Bir dəmir çarığı, bir əbası var.
Allahım, mən deyim kimə bağışla,
Bağışla, hər bəxti kəmə bağışla.
Bədbəxtə bir uçuq kümə bağışla,
Desinlər onun da xarabası var!


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə