“Yol hərəkəti haqqında“ qanun


FƏSİL V Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları



Yüklə 0,57 Mb.
səhifə5/10
tarix26.11.2017
ölçüsü0,57 Mb.
#12919
1   2   3   4   5   6   7   8   9   10

FƏSİL V

Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları

Yol hərəkəti qaydaları aşağıdakı kimidir:

  1.           Yol hərəkətinin iştirakçıları:

  1.           yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər;

  2.           yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bə'zi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar;

  3.           yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar;

  4.           yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar;

  5.           hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına mə'lumat verilməsini tə'min etməlidirlər);

  6.           yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər;

  7.           nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına tə'sir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər.

  1.           Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər.

  2.           Yol hərəkəti iştirakçılarının:

  1.           təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək;

  2.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən məhkəməyə şikayət etmək;

  3.           hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlardan yol hərəkət şəraiti haqqında mə'lumat almaq hüquqları vardır.

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri

  1.           Mexaniki nəqliyyat vasitəsinin sürücüsü:

  1.           sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş e'tibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;

  2.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin I-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır;

  3.           yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu tə'min etməlidir;

  4.           yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir;

  5.            hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir;

  6.           konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təhciz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını tə'min etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini tə'min etməlidir;

  7.           dayanaraq qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalları verən operativ nəqliyyat vasitəsinə üstün keçid hüququ verməlidir;

  8.           istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin tə'siri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir;

  9.           yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır;

  10.           hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını tə'min etməlidir;

  11.           yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini tə'min etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur;

  12.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən saö əlindəki üfüqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır;

  13.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü tə'sir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir;

  14.           nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir;

  15.           tə'cili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır.

  1.           Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məs'uliyyət daşıyır.

  1.           Mexaniki nəqliyyat vasitələri:

  1.           tə'cili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə;

  2.           yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər tə'xirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir.

  Qeyd:

    1. bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün nəqliyyat vasitəsinin təqdim edilməsi tələbi diplomatik korpusa və digər şəxslərə məxsus nəqliyyat vasitələrinə şamil edilmir;

    2. nəqliyyat vasitəsindən istifadə etmiş şəxslər sürücünün tələbi ilə yol getmə müddətini, gedilmiş məsafəni, özünün soyadını, vəzifəsini, xidməti vəsiqəsinin nömrəsini, işlədiyi təşkilatın adını göstərməklə arayış verməli və ya yol vərəqəsində qeyd aparmalıdırlar, tibb işçiləri isə sürücüyə müəyyən edilmiş nümunədə arayış verməlidirlər;

    3. nəqliyyat vasitəsinin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim edilməsi ilə əlaqədar xərclər nəqliyyat vasitəsi sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir.

  1.           Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı:

  1.           nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir;

  2.           zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Tə'cili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır;

  3.           başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;

  4.           hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir;

  5.           əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüz'idirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkd razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

  1.           Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:

  1.           nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq;

  2.           nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, sükan arxasında telefonla danışmaq;

  3.           hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək;

  4.           nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət qadağandır.

  1.           Mexaniki nəqliyyat vasitəsinin sürücüsü Beynəlxalq yol hərəkətində iştirak etdikdə:

  1.           nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;

  2.           nəqliyyat vasitəsində onu qeydə almış dövlətin dövlət qeydiyyat nişanı və fərqlənmə nişanı olmalıdır.

Maddə 38. Velosipedçinin vəzifələri

          Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolağları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün:



  1. texniki cəhətdən saz və lazımınca təhciz olunmuş velosipeddən istifadə etməlidir;

  2. velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.

Maddə 39. Mal-qara ötürənlərin vəzifələri

Mal-qara ötürənlər:

  1. mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər;

  2. sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmiryollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər;

  3. mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər.

Maddə 40. Piyadanın vəzifələri

  1. Piyada:

  1.           səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol qırağı ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər);

  2.           dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir;

  3.           yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir(mühərriksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər);

  4.           ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır);

  5.           hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır;

  6.           yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;

  7.           qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar);

  8.           dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;

  9.           görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir;

  10.           sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.

  1.           Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sür'ətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.

  1.           Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.

  1.           Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sag tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol tərəfdə müşaiyətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda - ağ,
    arxada - qırmızı işıq fənəri tutmalıdırlar.

  1.           Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşaiyəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.

Maddə 41. Sərnişinin vəzifələri

 Sərnişin:



  1.           nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (cərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın);

  2.           hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır;

  3.           təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kəməri bağlamalı, motosikletdə isə motoşlem geyinməlidir.

Maddə 42. Hərəkətə başlama, manevr etmə

  1.           Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

  1.          Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur.

  1.          Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir.

  1.          Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir.

  1.          Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.

  1.          Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.

  1.          Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi saga dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir.

  1.          Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi tə'min olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın.

  1.          Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən tramvaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qıragından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir.

  1.          Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sag tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir.

  1.          Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sür'əti azaltmalıdır. Yola giriş yerində sür'ətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir.

  1. Aşağıdakı hallarda geriyə dönmək qadağandır:

  1. piyada keçidlərində

  2. tunellərdə;

  3. körpülərdə, estakadalarda və onların altında;

  4. dəmir yol keçidlərində;

  5. ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə;

  6. ictimai nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.

  1.          Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir.

  1.          Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır.

Maddə 43. Avtomagistrallarda hərəkət

  1.           Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər.

  1.           Avtomagistrallarda:

  1.           piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sür'əti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkəti;

  2.           icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti;

  3.           5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq;

  4.           geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək;

  5.           geriyə hərəkət etmək;

  6.           sürmə tə'limi keçmək qadağandır.

  1.           Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir.

  1. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə