SƏNƏTKAR VƏ ZAMAN
Nazilə ƏSƏDLI. İlyas müəllim, Siz təbiətən nikbin adamsınız. Ancaq 80 illik yubileyinizdə -
Opera və Balet teatrında tanınmış aktyor Mikayıl Mirzənin ifasında «Apardı sellər Saranı»
hekayəniz bizi çox kövrəltdi. O səhnəni unuda bilmirəm. Sözsüz ki, bu rəvayəti qələmə alanda
bugünkü faciələrimizdən çox-çox uzaq idiniz. İndi düşmən atlı olub, biz piyada. Artıq neçə ildir
ki, Oğuz elləri namərd əlində dustaqdır. Qaçqınlıq, köçkünlük, didərginlik yazılıb taleyimizə.
Qənirsiz Azərbaycan gözəli düşmən əlinə keçməmək üçün Arazın sularına atdı özünü. Araz
kükrədi, coşdu... Sellər apardı Saraları... Araz isə, günahları azmış kimi bir günah da qazandı.
Adı qaldı qan Araz...
İlyas ƏFƏNDİYEV. Biz yaşlı nəsil müharibənin hər üzünü görmüşük. Aclığını da, soyuğunu da,
ölüm-itimini də. Ancaq xəyanətdən başqa. Biz bir qarış torpaq üçün vuruşmuşuq, tırtıllar altında
əzilmişik, ancaq məğlub olmamışıq. Vətən, torpaq müqəddəsdir. Özü də minillik tarixə, qədim
mədəniyyətə malik Azərbaycan kimi bir ölkə. Bu torpağın hər qarışı qızıldır. Və hər qarış
üstündə əsrlər boyu cəngavərlər qan töküblər. Torpaq bizlərə əmanətdir. Onu gözümüz kimi
qorumalıyıq. Bu müharibədə də xəyanətlər olmasaydı, biz bir ovuc erməni cəlladları qarşısında
sınmazdıq. Əslində bu, sovet imperiyasından doğan şovinist siyasətin faciəsidir... Mən
Qarabağın Füzuli şəhərində anadan olmuşam. Mənim də ana vətənim bu gün düşmən əlindədir.
Lakin mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Çünki Azərbaycan xalqının
vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni
təlatümünün coşub-kükrəyən dövrüdür.
Prezidentimizin dərin, çevik, həssas fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının
aydın xarici siyasəti bu gün dünya arenasında görkəmli yer tutmaqdadır. Vaxtilə dünya
diplomatiyasının mənzərəsini seyr edərkən, rəhmətlik şairimiz Məhəmməd Hadi ürək ağrısı ilə
yazırdı: «Yox millətimin xətti bu imzalar içində». İndi iftixarla, qürurla deyirik: «Var millətimin
xətti bu imzalar içində». Azərbaycanın minillik tarixə malik mədəniyyəti, incəsənəti var.
Azərbaycanın milli dramaturgiyası, incəsənəti var. Azərbaycanın milli dramaturgiyası Şərq
aləminin aynasıdır. Yəni, dünyanı heyran edəcək bir xəzinəmiz var. Bu, böyük səadətdir.
Muğamlarımız var ki, özünəməxsusluğu ilə dinləyiciləri məftun edir. Və nəhayət, bu gün
Azərbaycanı dünya səviyyəsinə çıxaran yeraltı və yerüstü xəzinələrimiz, sərvətlərimiz var.
Dünya, azərbaycanlıları sülhsevər bir xalq kimi tanıyır.
Nazilə ƏSƏDLİ. İlyas müəllim, söz ki, mədəniyyətdən düşdü, mədəniyyətin bir qolu da
ədəbiyyatdı - mənəvi qaynaqlardır, yaradıcılıqdır. Uzun illər yaradıcılığa, kitab nəşrinə, belə
demək mümkündürsə, hər cür imkan, şərait vardı. Bir məhdudiyyətdən savayı, ürəyimizin
dərinliyindəki həqiqətləri deməkdə, yazmaqda sərbəst deyildik. Bu gün isə, fikir, söz azadlığı,
mövzu, düşüncə sərbəstliyimiz var. Lakin bazar iqtisadiyyatının tərəzisi tənzimləyir elə
ədəbiyyatı da, yazıçılığı da, yaradıcılığı da.
İlyas ƏFƏNDİYEV. Elədir. Tarix boyu hər bir inqilab zamanı mədəniyyətdə, incəsənətdə
müəyyən müddət sarsıntı, dəyişiklik olur. Azərbaycanda yeni Müsavat hökuməti qurulanda nə
qədər yeni nəşrlər, ədiblər meydana çıxdı. Əhməd Cavad, Hüseyn Cavid poeziyası yeni
yüksəkliyə qalxdı. İşıqlı ziyalılarımız Əlibəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və onun nəşr
etdiyi «Molla Nəsrəddin» ətrafına toplaşan ziyalılar sonralar 70 ilin repressiyası dövründə
totalitar quruluşun məngənəsində boğuldular. Lakin öz sözlərini dedilər. Kommunist rejiminin,
kommunizm demoqogiyasının hay-küyünə uymadılar.
Ötən il mən Bəxtiyar Vahabzadənin «sandıq şeirləri»ni dinləyəndə, düşündüm ki, elə həmin
repressiya illərində də, Azərbaycanın əsl həyati şeirləri yaranırmış. Və nə yaxşı ki, yaranırmış.
Doğrudur, şablon - yəni, dövrün ab-havası ilə səsləşən ədəbiyyat, vulqar ədəbiyyat daha çox
meydana çıxırdı. Əsrin əvvəllərində erməni zülmünə qarşı vuruşan laçınlı qəhrəman Soltan bəy
cəllad Andronikin qoşununa dağ çəkib, qüvvələrini pərən-pərən salıb. Uzun illər onun haqqında,
nəinki bir qəhrəmanlıq əsəri yazılıb, hətta o, pislənib, lənətlənib. Qeyd edim ki, bu 70 ilin
ədəbiyyata müsbət təsiri də olub. Dilimiz, mədəniyyətimiz inkişaf edib. İnsanlar mədəniyyətə
yaxınlıq vərdişi qazanıblar. Musiqidə, rəssamlıqda, kino yaradıcılığında müvəffəqiyyətlərimiz az
olmayıb. Ümumiyyətlə, bu 70 illik sovet rejiminin amansızlığına baxmayaraq, Azərbaycan
mədəniyyəti yaşayıb, tərəqqi tapıb. Bu dövrün üstündən asanlıqla xətt çəkmək düz olmaz. Yəni,
taleyimizin üstündən xətt çəkə bilmərik. Sevindirici haldır ki, yeni nəsil bütün bunlardan uzaqdır.
Və əsl həqiqəti dərk eləyir. Artıq 10-20 il bundan əvvəl bu günümüzlə səsləşən əsərlər
yaranırdı...
Nazilə ƏSƏDLİ. Bəs, bu günün ədəbiyyatı hansı təməllər üzərində qurulmalıdır?
İlyas ƏFƏNDİYEV. Qəhrəmanlıq, vətənpərvərlik, şücaət üzərində. Sovet rejimində
vətənpərvərlik, torpaq, yurd sevgisi gənclərimizə təlqin olunmayıb. Bəlkə də elə onun nəticəsidir
ki, fərarilik, alçaqcasına torpaq alqı-satqısı, xəyanət nəticəsində torpaqlarımıza düşmən
yiyələnib. Zaman ötəcək, ürəklərdə, beyinlərdə çözələnən, saralmış əsgər məktublarında yaşayan
müharibə illərinin ağrılarından bəhs edən sanballı əsərlər yaranacaq. Tolstoyun məşhur «Hərb və
sülh» əsəri Napoleonun hücumundan neçə illər sonra yarandı.
Onu deyim ki, Azərbaycan istedadlar beşiyidir. Azərbaycan ədəbiyyatı - tarixi, kökü olan bir
ədəbiyyatdır. Bayağı ədəbiyyat isə, zamanın hökmü ilə ölümə məhkum olur, yəni, o ötəridir,
əbədi deyil.
Nazilə ƏSƏDLİ. Bəs, İran və Azərbaycan ədəbiyyatında eynilik, oxşarlıq, tarixi əlaqə barədə nə
deyə bilərsiniz?
İlyas ƏFƏNDİYEV. Qeyd etdiyim kimi, mən Arazqırağı Qarabağdanam. O zona İranla
həmsərhəddir. İranla bizim, yəni, yerli camaatın əlaqəsi tarixən sıx olub. Hər iki tərəfdən
qohumluq da olub. Bizim ellərdə Qaçaq Süleyman adlı məşhur bir igid vardı. Onun arvadı iranlı
qızı olub. Oğlunun adı da Tehran idi. İndi mən bu qəhrəman haqqında ssenari yazmışam. Onun
əsasında televiziya filmi çəkilib.
Ziyalılarımız klassik İran ədəbiyyatına xüsusi maraq göstəriblər. Mənim atam və anam da
savadlı olublar. Anam hələ mən uşaq ikən Şərq ədəbiyyatından, Firdovsidən, Ömər Xəyyamdan,
Sədidən, Hafizdən, «Şahnamə» qəhrəmanlarından maraqla danışardı.
Şərqin böyük klassiklərinin əsərlərindəki nəsihətamiz fəlsəfi fikirlər əsrlər boyu yaradıcı
ziyalılarımıza mənəvi qida verib. Azərbaycanın və İranın böyük şairi Şəhriyar hər iki dildə - ana
dili Azərbaycan dilində və fars dilində gözəl sənət nümunələri yaratmışdır. Onun ən gözəl cəhəti
bundan ibarətdir ki, ulu, qədim xalqının ruhunu, mənəvi aləmini, arzularını, istəklərini, həyat
tərzini duyaraq, boyük səmimiyyətlə yaradıcılığına gətirmiş və poeziyasında yaşatmışdır.
Şəhriyar, xüsusilə də, «Heydərbabaya salam» poeması ilə ürəklərə, qəlblərə əbədi yol tapıb.
Gözəl səsli müğənnimiz Rübabə Muradovanın ifasında səslənən «Heydərbabaya salam» mahnısı
onu Azərbaycanda daha çox sevdirdi.
Nazilə ƏSƏDLİ. İlyas müəllim, siz 20-dən artıq dram əsərinin, neçə-neçə romanın, hekayənin
müəllifisiniz. Əsərlərinizdə Cənubi Azərbaycan mövzusuna da çox toxunursunuz...
İlyas ƏFƏNDİYEV. Mənim yaradıcılığımdan Cənubi Azərbaycan mövzusu qırmızı bir xətlə
keçir. İstər «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Qəribə oğlan», «Bizim qəribə
taleyimiz», «Sevgililərin cəhənnəmdə vüsalı», «Tənha iydə ağacı» və digər pyeslərdə İran
həyatından götürülmüş müəyyən obrazlar, hadisələr öz əksini tapıb.
Haşiyə. Yazıçı-dramaturq İlyas Əfəndiyevin yaradıcılığı onu sevən milyonlarla oxucu və
tamaşaçı üçün qiymətlidir. Teatr canlı həyat deməkdir. İlyas Əfəndiyevin yaratdığı dram əsərləri
səhnəyə bir canlanma, həyat eşqi gətirdi. Teatra tamaşaçı axını, meyl, maraq artdıqca, yeni
aktyor nəsli yetişdi. Bu gün isə, iqtisadi çətinliklər üzündən təmir işləri başa çatmayan Milli
Dram Teatrımız tamaşaçılarından bir az uzaq düşüb. Lakin bu müvəqqəti çətinlikdir. Əsrləri
adlayıb keçən xalqı, milləti əbədi yaşadan onun mədəniyyətidir. Mədəniyyət heç zaman, heç
vəchlə tənəzzülə uğraya bilməz. Yubiley tədbirləri zamanı «11-yas Əfəndiyev teatrı» özünün
qanuni statusunu aldı. Yəni, Azərbaycanda Cavid, Cabbarlı teatrından sonra «İlyas Əfəndiyev
teatrı» yarandı. Mətbutda bu barədə çox yazılıb. Hətta respublika, Rusiya mətbuatında, Türkiyə
mətbuatında yazıçı canlı klassikdə adlandırılmışdır. Türkiyədə qastrol səfərində olan Milli Dram
Teatrımızın aktyorlarının ifasında dramaturqun iki əsəri böyük müvəffəqiyyətlə oynanıldı.
«Sevgililərin cəhənnəmdə vüsalı», «Bizim qəribə taleyimiz» haqqında 30-dan çox qəzet xoş
sözlər yazdı. Ədibin uzun illər zəhməti bahasına yazılmış bir sıra romanları, hekayələri xarici
dillərə tərcümə olunub. Görkəmli alimlər tərəfindən İlyas Əfəndiyev yaradıcılığı barədə 6 kitab
yazılıb. Müəllifləri professor Yəhya Seyidov, professor Yaşar Qarayev, professor Y.Ismayılov,
dosent Aida Salayeva, Emin Əfəndiyevdir.
Nazilə ƏSƏDLİ. Söhbətimizi ömrünüzün böyük bir hissəsini həsr etdiyiniz dramaturgiyaya,
teatra, səhnəyə yönəltmək istərdim.
İlyas ƏFƏNDİYEV. Azərbaycan Milli Teatrı mədəniyyətimizin bir qolu kimi bütün Şərq
aləmində ən güclü teatrdır. Hələ inqilabdan əvvəl Azərbaycan teatrında «Ölülər», «Müsibəti
Fəxrəddin» kimi məşhur əsərlər səhnəyə qoyulub. Yəni, səhnəmiz şərəfli bir həyat yolu keçib.
Nazilə ƏSƏDLİ. Mənim fıkrimcə, səhnədə oynanılan klassik ruhlu, bəzən də müasir dövrün əksi
olan tamaşalar tamaşaçı nəzərindən heç vaxt kənarda qalmayacaq. Buna sübut sizin
əsərlərinizdir. İlyas müəllim, bir mövzuya da toxunaq. Bir yazıçı kimi sizin bəşəriyyəti saflığa,
paklığa, ədalətə səsləyən islam dini - yəni əxlaq, təfəkkür, fəlsəfə mənbəyi barədə
düşüncələrinizi eşitmək maraqlı olardı. Bu gün bir-biri ilə düşmənçilik edən bəşər övladlarını bir
ilahi səs, bir ilahi kəlmə birləşdirərək möcüzələr yaratmırmı?
İlyas ƏFƏNDİYEV. Mən hələ uşaq ikən Allaha inanmışam, Tanrıya itaət eləmişəm. Atam-anam
da inanan olublar. Atam rus dilində təhsil almasına baxmayaraq, Quranı gözəl oxuyurdu.
Rəhmətlik anam da müqəddəs dinimizə etiqad edirdi. Mən bu fikirdəyəm ki, İslam dini çox işıqlı
mahiyyətə malik, proqressiv bir dindir. Əslində İslam böyük bir mənəvi sərvət, elm mənbəyidir.
Ancaq bu şərtlə ki, o, bisavad, cahil mollaların əlinə düşməyə. İslamda əsl ziyalılığa məxsus bir
əhvali-ruhiyyə, daxili gozəllik var. Lakin bunu meydana çıxaranlar lazımdır. Böyük İslam
dininin mahiyyətini başa düşən alimlər bu işi görə bilərlər. O ki, qaldı bisavad mollalara, onlar
İslamı cürbəcür nadanlıq səviyyəsinə endirirlər. Müqəddəs kitabımızda - Məhəmməd (s)
Peyğəmbərin nazil etdiyi Qurani-Kərimdə, əslində, misilsiz fəlsəfi fıkirlər var.
Nazilə ƏSƏDLİ. «Şəhriyar»ın yaradıcılarına arzularınız?..
İlyas ƏFƏNDİYEV. Arzu edirəm ki, «Şəhriyar» yaşasın, daha zəngin olsun. Dünya
mədəniyyətini işıqlandırsın. Səhifələrində ziyalı sözünə, yazıçı tövsiyələrinə daha çox yer versin.
Nazilə ƏSƏDLI. Müsahibə üçün çox sağ olun.
«Şəhriyar» qəzeti, 24 mart 1995-ci il