BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2009
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 20-30-cu
İLLƏR SOVET TARİXŞÜNASLIĞINDA
Y.R.HƏSƏNOVA
Bakı Dövlət Universiteti
20-30-cu illərdə sovet tarixçilərinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı
yazılan əsərlər Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərinə təsadüf
etdiyindən bu əsərlər müəlliflərin faktları tam gizlədə bilməməsi, bəzən də hadisələrə
obyektiv münasibət nümayiş etdirmələri baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün
bu göstərilənlərlə yanaşı, 20-30-cu illər, xüsusilə də 20-ci illərə aid olan sovet
tarixşünaslığında elə əsərlərə rast gəlmək mümkündür ki, burada tarixi faktlar nəinki
təhrif edilmiş, hətta hadisələrə sovet totalitar rejimi şəraitində müəllifin obyektiv,
"sinifsiz" münasibəti əks olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bir sıra aspektləri N.Nərimanovun
əsərlərində də bu və ya digər dərəcədə işıqlandırılmışdır. Azərbaycanda sovet
hakimiyyətinin qurulmasının qatı tərəfdarı olan N.Nərimanovun məktubları və Mər-
kəzə göndərdiyi məlumatları AXC tarixini öyrənmək baxımından mühüm əhəmiyyət
kəsb edir. Bolşevik partiyasının fəal üzvü və Leninin yaxın silahdaşı olmuş N.Nəri-
manovun siyasi baxışları Müsavat və digər demokratik qüvvələrin siyasi baxışları ilə
ziddiyyət təşkil edirdi, onun Azərbaycanın gələcək siyasi taleyi ilə bağlı planları isə
özünün göstərdiyi kimi "Rusiyasız Azərbaycanın səadəti yoxdur" mülahizəsi ilə
məhdudlaşırdı. Azərbaycanın Rusiyadan ayrılıqda siyasi mövcudiyyəti ilə razı-
laşmayan N.Nərimanovun yazılarında bu tendensiya özünü daha açıq şəkildə göstərir.
Tədqiq edilən problemlə bağlı N.Nərimanovun Azərbaycan hökumətinin başçı-
sı Nəsib bəy Yusifbəyliyə ünvanladığı məktub xeyli maraq doğurur [6, 202-206].
N.Nərimanovun göstərilən məktubu bir növ baş nazir Yusifbəyliyə və onun şəxsində
bütün demokratik ruhlu Azərbaycan ziyalılarının tənqidi ilə başlayır, onları "millət",
"din" sözlərini işlətdiklərinə görə "geri qalmış adamlar" adlandırır [6, 202]. Bakıya
ingilis qoşunlarının daxil olması ilə bağlı hökumətin apardığı siyasəti tənqid edən
N.Nərimanov yazır: "Məlum anda siz nəinki ingilislərə qarşı düşməncəsinə çıxış
etməyə başladınız, əksinə onlarla o qədər dostlaşdınız ki, özünüz də xəbəriniz
olmadan müstəqilliyinizi itirdiniz" [6, 202]. Bu sətirləri yazan dahi "bolşevik rəhbəri"
görünür ya hadisələrə beynəlxalq münasibətlər kontekstində yanaşmaq istəmir, ya da
böyük ehtimalla Sovet Rusiyası tərəfindən verilən sifarişi yerinə yetirir. Qeyd etmək
lazımdır ki, müttəfiq qoşunları Bakıya Mudros müqaviləsinə görə daxil olmuşdu və
praktiki baxımdan onlara müqavimət göstərmək gənc Azərbaycan dövləti üçün
əhəmiyyətsiz idi. Hətta milli hökumət buna cəhd göstərsəydi belə, uğursuzluqla
qarşılaşardı.
176
Haqqında danışılan məktubunda N.Nərimanov bir daha Sovet Rusiyasının
Azərbaycana olan marağını açıqlayır: "Siz bilmirsiniz ki, Azərbaycan Bakı şəhəri ilə
birlikdə Sovet hakimiyyətinə münasibətdə xüsusi yer tutur?" [6, 205]. Bundan sonra
N.Nərimanov Sovet Rusiyasının Azərbaycana olan marağını daha açıq şəkildə izhar
edir: "Sovet Rusiyasının Gürcüstan və Ermənistanla əlaqələri xüsusi rol oynamır,
lakin Bakı-bu Sovet Rusiyasının əsas həyat mənbəyidir." [6, 205]. Göründüyü kimi
N.Nərimanov Sovet Rusiyasının Bakısız yaşaya bilməyəcəyini dilə gətirməklə yanaşı,
həm də Sovet Rusiyasının Azərbaycanla bağlı təcavüzkarlıq planlarını açıqlamış olur,
digər tərəfdən isə N.Nərimanov sanki Bakının Rusiyanın əlində olmamasına
təəssüflənir. Bütün bunlar, Rusiyanın Azərbaycan Xalq Cümhuriyyətinə qarşı
apardığı mübarizənin mahiyyətinin onun bir nümayəndəsi tərəfindən etiraf edilməsi
kimi qəbul oluna bilər.
Milli hökumətə qarşı tutduğu düşmənçilik mövqeyinə baxmayaraq N.Nəri-
manov Azərbaycanla bağlı bir sıra qiymətli məlumatlar vermişdir. Bu tip məlumatlara
ən çox onun "Azərbaycandakı vəziyyət haqqında Moskvada şifahi məlumat"ının
yazılarında verilmişdir [6, 220-225]. Azərbaycana qarşı Denikin təhlükəsindən bəhs
edərkən müəllif onun hərbi əməliyyatlar həyata keçirmək haqqında düşünmədiyini,
Zaqafqaziyanı diplomatik və təbliğat yolu ilə ələ keçirməyə cəhd etdiyini yazır.
Bakıda Denikinin dayaqları haqqında müəllif yazır: "Bakıda Denikin əksinqilabının
ocağı Podşibyakininin başçılığı altında olan "Russovetdir"" [6, 221].
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bəzi səhifələrini əks etdirən əsər-
lərdən biri də Bakı Soveti qurumunun rəhbəri, türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən mart soyqırımının təşkilatçısı Stepan Şaumyanın oğlu Suren Şaumyanın
"Bakı kommunası" əsəridir [12]. Hadisələrin bir çoxunun yaxın iştirakçısı olmuş
müəllifin tarixə münasibətdə çox zaman açıq etiraf mövqeyində durması onun
əsərinin tədqiq edilən mövzu baxımından daha da əhəmiyyət daşımasına səbəb olur.
Müəllif göstərilən əsərində çox zaman ziddiyyətli fikirlər irəli sürsə də, onun
məlumatları qeyd olunduğu kimi açıq etiraf xarakteri daşıyır. S.Şaumyan Bakı
kommunası qoşunlarının ölkənin qərbinə-Gəncəyə etdiyi yürüş zamanı, sovet
qoşunlarının törətdiyi əməlləri belə təsvir edir: "Tərkibinin çoxunu daşnaklar və
daşnak kimilərdən ibarət olan komandir heyəti özlərini yerli türk əhalisinə mü-
nasibətdə meydan oxuyurmuş kimi aparırdılar. Təhcizatın pisliyindən dərinləşən
çapovulçuluq, qarət geniş vüsət alırdı. Bir çox hərbi rəislər böyük miqdarda xalça,
qoyun sürüləri müsadirə edərək onlarla alver edirdilər" [12, 29]. S.Şaumyan ordu sıra-
larındakı bu özbaşınalığı partiya təşkilatının zəifliyi ilə izah edərək göstərir ki, orduda
komandanlıqdan daha çox Erməni Milli Şurası nüfuza malik idi. "Bu amil ona gətirib
çıxardı ki, kəndlilər bizim ordunun timsalında onları bəy və xanların zülmündən
qurtarmaq üçün köməyə gələn xilaskar, müttəfiq əvəzinə düşmənlərini görməyə
başladılar, bu da daha çox musavatçıların dəyirmanına su tökürdü" [12, 30]
S.Şaumyanın bu acı etirafını bir daha sovet tarixçilərinin guya yerli əhalinin sovet
qoşunlarını dəstəkləməsi, hətta onlara kömək etməsi kimi cəfəng fikirlərini puça
çıxarır.
Azərbaycanlılardan ibarət qoşun hissələrində azərbaycanlı zabit kadrların
olmamasına toxunan Şaumyan yazır: "Burada da köməyə qonşu Gürcüstan "de-
mokratik respublikası" gəldi. Menşeviklərin başçılıq etdiyi Gürcüstan hökuməti
proletar Bakısına qarşı müsəlman burjuaziyasına pulla, komandir heyəti və digər
şeylərlə kömək etdi" [12, 31]. Tarixi sənədlərlə təsdiqlənməyən bu mülahizəni irəli
177
sürən Şaumyan Bakı kommunasının türk qoşunlarını öz ərazisindən buraxmamaq
haqqında Gürcüstan hökumətilə danışıqlara girməsini etiraf etsə də, bu haqda
sənədlərin olmadığını bəhanə gətirib məsələnin üzərindən keçir [12, 31]. O, hətta
daha da irəli gedərək Gürcüstan hökumətini türk qoşunlarını öz ərasizindən buraxdığı
üçün satqın da adlandırır [12, 33].
Sovet tarixçilərinin Biçeraxovun cəbhəni buraxıb getməsini onun Sovet ha-
kimiyyətinə xəyanəti kimi qiymətləndirməsinə baxmayaraq Şaumyan Biçeraxovun
Bakı kommunası qarşısındakı xidmətini belə təsvir edir: " Biçeraxovun sayəsində
düşmən hücumu Kürdəmirdə ləngidildi, bu da bizim hakimiyyətimizin daha yarım ay
mövcudluğu, bu isə öz növbəsində Rusiyaya daşınan yeni on milyon pudlarla neft
demək idi" [12, 35]. Müəllif bununla bir daha Bakı kommunasının Azərbaycanın neft
sərvətlərini talayaraq Rusiyaya göndərməsi faktını təsdiqləyir, bu isə öz növbəsində
Bakı kommunasının antixalq siyasətinin digər tərəfini üzə çıxarır.
20-30-cu illər nəşr edilmiş əsərlər sovet təbliğat maşınına xidmət etsə də,
ümumilikdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənmək baxımından əhə-
miyyətsiz sayıla bilməz. Tarixçi A.İsgəndərovun qeyd etdiyi kimi "bolşevik ideya-
larına yüksək xidmətləri ilə yanaşı, bəzi məsələlərdə obyektivlik nümayiş etdirdikləri
üçün onların əksəriyyəti 30-cu illərin repressiyalarının qurbanı oldu" [3, 97].
Burdan Azərbaycanın 1917-1920-ci illər tarixinə həsr edilən 20-30-cu illər
tarixşünaslığında elmi cəhətdən çatışmayan təkcə onların təbliğat xarakteri daşıması
deyil, həm də əsərlərdə Bakıda baş verən hadisələrin geniş surətdə işıqlandırılması,
bunun fonunda isə bölgələrin diqqətdən kənarda qalması və hadisələrin hakim rejimə
sərf edən tərzdə şərh edilməsidir. Lakin yuxarıda göstərildiyi kimi müəlliflərin bəzi
məsələlərdə obyektivlik nümayiş etdirmələri, bu əsərlərdə 1917-1920-ci illərdə
Azərbaycanda baş verən mürəkkəb hadisələrin xronikasının yaradılması, indi
əlimizdə olmayan bir sıra qiymətli məxəzlərin elmi dövriyyəyə gətirilməsi onları
Azərbaycan tarixinin 1917-1920-ci illər dövrünün bəzi məsələlərinə münasibətdə
əvəzsiz mənbəyə çevirir.
Azərbaycanın 1917-1920-ci illər tarixinin tədqiq olunmasında mühüm əhə-
miyyət daşıyan əsərlərdən bir neçəsi Y.Ratqauzerə məxsusdur [4; 8]. Müəllif "Bakıda
inqilab və vətəndaş müharibəsi" əsərində ən çox "vətəndaş müharibəsi" adlandırdığı
mart soyqırımına toxunsa da, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Bakı
Sovetinin süqutu və bütün bunlarla əlaqədar baş verən bir sıra hadisələrə münasibət
bildirmişdir. Y.Ratqauzer Azərbaycana turk hərbi yardımının hadisələrin sonrakı
gedişinə mühüm təsir göstərdiyini vurğulasa da, bununla yanaşı Bakı Sovetinin
məğlubiyyətinin əsas səbəbini erməni zabitlərinin və onların tabeçiliyində olan ordu
hissələrinin fərariliyində görür. O, bolşevik cəbhəsinin zəifləməyə başlamasını belə
izah edir: "24-25 iyunadək Bakı cəbhəsində nizami türk orduları hələ yox idi, 15
iyunda Yelizavetpolda yaradılmış Azərbaycan hökuməti adlanan qurumun bölmələri
ilə vuruşmaq lazım gəlirdi. Pis silahlanmış bölmələrə qarşı durmaq o qədər də çətin
deyildi və ilk dövrlərdə Qırmızı Ordu bir sıra qələbələr əldə etmişdi, lakin artıq iyulun
ikinci yarısından etibarən erməni zabitlərinin başçılığı altında olan erməni
hissələrindən ibarət Bakı hökumətinin başlıca qüvvələri cəbhəni sabotaj etməyə
başladılar" [8, 97]. Məsələni bu cür qoyan Ratqauzer Bakı kommunasının yalnız
erməni hərbi dəstələrinə arxalanması faktını təsdiq edir.
Ratqauzer ümumiyyətlə Bakını Azərbaycanın və azərbaycanlıların paytaxtı
hesab etmir, ona Rusiyanın bir əyaləti, lakin olduqca mühüm, mərkəz üçün həyati
178
əhəmiyyət daşıyan bir bölgə kimi baxır. O, bununla bağlı eserlərin çıxış yolu kimi
Bakıya ingilislərin dəvət edilməsini görmələrini və bunu geniş xalq kütlələri arasında
təbliğ etmələrinə toxunaraq yazır: "Aydın idi ki, Sovet Rusiyası tərəfindən kömək
göstərməyə daha böyük əsas var idi, ingilislərin dəvət edilməsi isə Sovet Rusiyasının
Bakı ilə əlaqəsini kəsmiş olurdu" [8, 206]. Ratqauzer bununla Bakının Sovet Rusiyası
üçün böyük əhəmiyyət daşımasını göstərməklə yanaşı, digər tərəfdən, Denstervillin
başçılığı altında gələn ingilis qoşunlarının sayca az və hərbi cəhətdən əhəmiyyətsiz
olmasını da qeyd edir. Buna baxmayaraq Ratqauzer Sovet Rusiyasının da göndərdiyi
qüvvələrin hərbi baxımdan əhəmiyyətsizliyini özünəməxsus populizmlə belə izah
edir: "Hərbi baxımdan gələn bölmə həlledici əhəmiyyət kəsb edə bilməzdi, lakin o,
Mərkəzi Sovet hökumətinin Bakı proletariatına öz azadlığını saxlamağa hər bir qüvvə
və imkan daxilində kömək etməyə hazır olmasının sübutu idi" [8, 204]. Göründüyü
kimi Ratqauzer Sovet Rusiyasının Bakıya olan marağını gizlətməyə çalışmır. Lakin
müəllif bütün bunları "proletar Bakısına kömək" və s. kimi populist mülahizələrlə ört-
basdır etmək istəyir.
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə baş verən kəndli
iğtişaşlarına münasibət bildirən Ratqauzer bu barədə ziddiyyətli mülahizələr irəli
sürür. Göstərilən dövrdə Azərbaycanda, xüsusilə Gəncə-Qazax bölgəsində baş verən
kəndli çıxışlarını yalnız hökumətin yarıtmaz aqrar siyasəti və torpaqsızlıqla bağlı
olduğunu yazan müəllif, digər tərəfdən bunun bir səbəbinin də vəziyyətdən məharətlə
istifadə edən bolşeviklərin təbliğatı olduğunu etiraf edir: " İnqilabi hərəkat Qazax
qəzasında bilxassə sol "Hümmətçi" olan yoldaş Əliyevin fəaliyyəti nəticəsində çox
böyük bir qüvvəyə çatmışdı" [4, s.20]. Məsələ ilə bağlı Ratqauzer fikrini belə
yekunlaşdırır: "Bolşevik təbliğatı Azərbaycan kəndliləri içərisində özünə münasib bir
zəminə bulmuşdu" [4, 22].
Ratqauzer sözügedən əsərində "Müsavat diplomatiyası" başlığı altında Azər-
baycan Xalq Cümhuriyyətinin xarici siyasətinə də toxunmuşdur. Ratqauzer ənənəvi
sovet streotiplərinə uyğun olaraq Azərbaycanın müstəqil olmadığını, onun əvvəl
Türkiyənin, sonra isə İngiltərənin işğal dairələrinə düşdüyünü, eləcə də Azərbaycan
hökumətinin özünün müstəqilliyə can atmadığını sübut etməyə çalışır. Bununla
yanaşı müəllif özü öz fikrini təkzib etməli olur: "Lakin bu göstərdiyimiz hallar
Azərbaycan nazirlərinin yüksək siyasətlə məşğul olmalarına və Cümhuriyyət ərazisini
genişləndirmək üçün planlar tərtib etmələrinə mane olmadı" [4, 53]. Elə isə sual
olunur: bu necə işğal edilmiş ölkə idi ki, onun nazirləri fəal xarici siyasət xətti həyata
keçirirdi? Görünür, müəllif əvvəlki mülahizəsinin faktlarla təkzib ediləcəyini nəzərə
almamışdır.
20-ci illərin ikinci yarısında Sovet tarixşünaslığında Azərbaycan Xalq Cüm-
huriyyətinin xarici siyasətinin bəzi aspektlərinin araşdırılmasına cəhd göstərilməsi
meylləri müşahidə olunmağa başlayır. Bu baxımdan müvafiq problemin araşdırıl-
masına ilk cəhd A.Rayevski tərəfindən göstərilmişdir.
A.Rayevskinin AXC-nın xarici siyasəti ilə bağlı yazmış olduğu ilk irihəcmli
əsəri "İngilis müdaxiləsi və Müsavat hökuməti" adlanır [9]. A.Rayevski göstərilən
əsərində ciddi-cəhdlə AXC hökumətinin antixalq siyasəti yürütdüyünü, Azərbaycanı
İngiltərənin müstəmləkəsinə çevirmək cəhdlərini sübut etməyə çalışır. Müttəfiq
qoşunlarının [A.Rayevskiyə görə onların tərkibində Fransa və ABŞ nümayəndələri
olsa da bu ordu yalnız İngiltərənin mövqeyini müdafiə edirdi]. Bakıya daxil olması
kimi beynəlxalq əhəmiyyətli hadisəni şərh edən A.Rayevski ümumilikdə AXC-ni
179
beynəlxalq münasibətlər sistemindən təcrid edərək, hadisəni lokal zəminə salır, ona
yalnız ingilis - "müsavat" qarşılıqlı əlaqələri kontekstində baxır. A.Rayevskinin
şərhindən belə aydın olur ki, guya, Respublikanın elan olunmasından ingilislərin
gəlişinədək Azərbaycanda Türkiyə işğal rejimi mövcud olmuşdur. İngilis qoşunlarının
Bakıya gəlməsi haqqında qərara hökumətin münasibətini müəllif belə aydınlaşdırır:
"24 saata öz mövqelərini 180 dərəcə dəyişən müsavat rəhbərləri yeni ağaya itaət
etmək üçün tələsik Ənzəliyə getdilər" [9, 32]. Əslində məsələni dövrün beynəlxalq
münasibətləri kontekstində qoymaq istəməyən müəllif hökumətin Azərbaycanın
müstəqilliyini tanıtmaq cəhdlərinə kölgə salaraq, sovet tarixşünaslığında özünə geniş
yer tapmış "müsavatçıların Azərbaycanı ingilis müstəmləkəsi boyunduruğuna salmaq
cəhdləri" haqqındakı mülahizələri sübut etməyə çalışır. Müəllif Ənzəli danışıqlarının
nəticəsini belə təsvir edir: "Azərbaycan-tanınmır. Bakı işğal edilir. Tomson-general-
qubernatordur. Azərbaycan qoşunları-Bakıdan rədd olur" [9, 33]. Lakin Ənzəli
danışıqları Azərbaycan üçün əhəmiyyətsiz deyildi. Bu haqda C.Həsənov haqlı olaraq
yazır: "Bütün çətinliklərə baxmayaraq Azərbaycan nümayəndələrinin Ənzəlidəki
danışıqları əhəmiyyətsiz deyildi. Azərbaycandakı və ümumən Transqafqazdakı
vəziyyətin bəzi mühüm cəhətləri haqqında general Tomsonla faydalı fikir mübadiləsi
edildi, ən başlıcası isə Azərbaycanın Paris sülh konfransında iştirak edəcəyi və
Bakıya erməni hərbi hissələrinin daxil olmayacağı barədə V.Tomson öz üzərinə
təhəddüdlər götürdü" [2, 147].
İngilislərin Bakı ilə bağlı planlarına geniş şəkildə toxunan Rayevski yazır:
"Azərbaycanın işğalının lap əvvəlindən onu Rusiyaya vermək ingilis-hind məktəbinin
generalı olan Tomsonun məqsədlərinə daxil deyildi" [9, 36]. Tomsonun Bakıda
verdiyi bəyanatlara, xüsusən onun Bakını Rusiya ərazisi kimi tanıması barədə verdiyi
bəyanata toxunan müəllif, bunu bir tərəfdən Antantanın üzvü olan Fransanın "Vahid
və bölünməz Rusiya" planın tərəfdarı olması, digər tərəfdən isə Tomsonun
Azərbaycan hökumətinə təzyiq göstərmək istəməsi ilə izah edir [9, 37-38].
Rayevski ingilis komandanlığının neft siyasətinə toxunarkən Azərbaycan
neftinin ingilislər tərəfindən talan olunması, neft məhsullarının kütləvi surətdə daşınıb
aparılması fikirləri ilə razılaşmır. O, statistikaya əsaslanaraq göstərir ki, ingilislər
tərəfindən 5 ay ərzində Batuma 3134 ton neft, yaxud illik daşınmanın 15%-i
göndərilmişdi [9, 71]. Rayevski bununla ingilis komandanlığının Bakı neft mə-
dənlərindən istədikləri qədər neft götürmək imkanları olduğu halda, onların buna
çalışmadıqlarını sübut etməyə çalışır. Müəllif ingilislərin hərəkətini bununla izah edir:
"İngilis komandanlığı bir neçə milyon pud neftin zəbt olunmasına tələsmirdi, belə ki,
bu Azərbaycanın Britaniya imperiyasının tərkibinə tamamilə daxil edil-məsi
perespektivindən irəli gəlirdi" [9, 71]. Müəllifin götürdüyü statistik məlumatları digər
məlumatlarla müqayisə etməməsi onun bu qənaətə gəlməsinə səbəb olmuşdur.
Statistik məlumatlar göstərir ki, 9 ay ərzində –1918-ci ilin dekabrında 1919-cu ilin
avqustunadək ingilislər Bakıdan 113,5 milyon manatlıq, başqa sözlə, 30 milyon puda
qədər neft aparmışdılar [1, 230].
A.Rayevskinin Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiyasının öyrənil-
məsinə verdiyi ən mühüm töhfə onun Paris sülh konfransında iştirak edən Azərbaycan
nümayəndə heyətinin məlumatlarını 21 səhifədən ibarət giriş sözü ilə birlikdə nəşr
etdirməsindən ibarətdir. Rayevski yazdığı giriş sözündə hadisələri təhlil etməyə
çalışsa da, Dünya müharibəsinin son mərhələsində və müharibədən sonrakı
tənzimləmə dövründə Azərbaycanda baş verən hadisələrə və gedən proseslərə
180
beynəlxalq münasibətlər kontekstində yanaşmır, bu da öz növbəsində müəyyən
məsələlərə münasibətdə müəllifin qərəzli və yanlış nəticələr çıxarmasına səbəb olur.
20-30-cu illərdə sovet tarixşünaslığında Bakı kommunasının, "26 Bakı Ko-
missarlarının" tarixinə xeyli əsər sərf edilmişdir. Bakı kommunasının tarixi Azər-
baycan Xalq Cümhuriyyətinin tarixi ilə sıx surətdə bağlı olduğundan həmin əsərlərdə
Cümhuriyyət tarixinin bəzi səhifələri işıqlandırılıb. Q.Şteynin Bakı Kommunasının
tarixinə həsr etdiyi eyni adlı əsəri [11] populyar oçerk janrında olmaqla bərabər
tədqiq edilən mövzu baxımından müəyyən əhəmiyyət daşıyır.
Şteyn özündən əvvəlki müəlliflərdən daha da irəli gedərək Azərbaycan hö-
kumətini belə səciyyələndirir: "İyunun 15-i bəy-xan əksinqilabi təşkilatı formalaş-
dırıldı: Yelizavetpolda Azərbaycan hökuməti yaradıldı" [11, 67]. Müəllif məsələyə
sırf ideoloji cəhətdən yanaşır, xalqın iradəsini əks etdirən Milli Şuranın təşkil etdiyi
hökuməti, "əksinqilabi təşkilat" adlandırır. Hökumətin Bakını azad etmək üçün atdığı
addımları Bakıya qarşı türk-müsəlman yürüşü kimi səciyyələndirən Şteyn qarşıya
Bakı Kommunasının "yaxşı silahlanmış türk ordularına" hansı qüvvələrlə müqavimət
göstərəcəyi sualını qoyur. Müəllif Qırmızı Ordunun döyüş qabiliyyəti haqqında yazır:
"Qırmızı Ordu kifayət qədər böyük süngüyə malik idi, lakin unutmaq lazım deyil ki,
onun əhəmiyyətli hissəsini keçmiş daşnak ordu hissələri təşkil edirdi" [11, 67-68].
Müəllifin bu etirafı əslində Bakı Kommunasının bir erməni-daşnak təşkilatı olması
mülahizəsini irəli sürməyə əsas verir. Doğrudan da əhali arasında nüfuzu olmayan
Kommuna müsəlmanlara qarşı qanlı siyasətini həyata keçirmək üçün əlverişli şərait
gözləyən daşnaklardan başqa heç kimə istinad edə bilməzdi. Kommunanın əhali
arasında nüfuzu olmadığını Şteynin daha bir məlumatı da təsdiq edir. Müəllif yazır:
"İyunda səfərbərlik elan edildi, lakin onun nəticələri olduqca əhəmiyyətsiz idi: o
orduya kifayət qədər komplektləşmə vermədi" [11, 68]. Lakin müəllif səfərbərliyin nə
üçün nəticəsiz qaldığını izah etmir.
Şteyn Kommunanın süqutunu əsasən daşnakların və digər partiyaların xəyanəti
ilə əlaqələndirməyə çalışaraq yazır: "Bakının süqutunun səbəbi hərbi uğursuzluqlarla
nə qədər bağlı idisə, arxadakı satqınlıqla, başlıca olaraq sazişçi və millətçi partiyaların
biabırçı xəyanətləri ilə də bir o qədər bağlı idi" [11, 70]. Müəllif bununla yanaşı
daşnakların müsəlman əhaliyə qarşı tutduqları düşmənçilik münasibətini bolşevik
mövqeyindən olsa da etiraf edir: "Yürüş zamanı daşnaklar ətraf kəndlərdə qarətlə
məşğul olaraq, kəndliləri hiddətləndirir və onları Sovet hökumətinə qarşı qoyurdular"
[11, 71]. Bolşeviklərin iddia etdikləri kimi proletariatın böyük bir hissəsinin onları
dəstəkləməsini nə üçün Azərbaycan-türk qoşunlarının hücumu zamanı nümayiş
etdirilmədiyini isə Şteyn belə izah edir: "Bakı fəhlələri davamlı aclıqdan
üzülmüşdülər, onlar fasiləsiz mübarizədən yorulmuşdular və eyni zamanda onları
cəbhədəki ağır vəziyyət həyacanlandırır və hərbi uğursuzluqlar qorxudurdu" [11, 71].
Müəllifin bu fikirləri artıq fəhlə sinfinin də bolşeviklərin hakimiyyətindən cana
doyduğunu və bolşeviklərin demək olar ki, proletariat arasında olan az-çox
dayaqlarının itirilməsi qənaətinə gəlmək imkanı verir.
AXC-nin mühüm problemlərindən birini təşkil edən ordu quruculuğu məsələsi
20-30-cu illər Sovet tarixşünaslığında A.Steklov tərəfindən işlənilmişdir [10]. Sovet
tarixşünaslığına məxsus olan və ciddi nöqsanlardan xali olmayan A.Steklovun
Azərbaycan ordusuna həsr etdiyi bu əsəri Azərbaycan Xalq Cümhuriyyətində aparılan
ordu quruculuğunu öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
181
AXC-nın torpaq və kəndli siyasətinə həsr edilmiş ilk əsərin müəllifi N.Pçelin
hesab oluna bilər. "Müsavat dövründə kəndli məsələsi" adlanan bu əsərdə [7] müəllif
Zaqafqaziya Seyminin fəaliyyəti dövründən tutmuş Bakı Soveti də daxil olmaqla
AXC-nin hakimiyyəti dövründə hökumətlərin torpaq və kəndli siyasətini şərh etməyə
cəhd göstərmişdir.
Əsərinin birinci fəslində əsasən köhnə statistikaya əsaslanan Pçelin XX əsrin
əvvəllərində Azərbaycan kəndindəki sosial qruplar, torpağın onlar arasında bö-
lünməsinə, icarədarlıq və s. məsələləri aydınlaşdırmağa cəhd göstərir və bütün bu
problemlər fonunda Sovet tarixçilərinin metoduna uyğun olaraq Müsavat partiyasının
sosial proqramını kəskin tənqid edir. Müsavat partiyasının bəy və xanların
hüquqlarını müdafiə etməsi kimi mülahizələri sübut etməyə çalışan müəllif,
müsavatçıların Zaqafqaziya Seymində aqrar qanunun layihəsinin müzakirə edilməsi
zamanı, müzakirəni dayandırmaq tələbi irəli sürərək, guya bununla hakim sinfin
tərəfini tutmaqda təqsirləndirir [7, 10]. Pçelin göstərir ki, "bolşeviklərlə və onları
Zaqafqaziyada təmsil edən Bakı Kommunası ilə mübarizə aparan Müsavat hökuməti
demokratik, hətta inqilabi vədlərinə əməl etmədi, öz yaranmasının birinci günündə
mürtəce burjua-mülkədar siyasəti həyata keçirməyə başladı" [7, 11]. Müəllif bu
fikrini hökumətin Zaqafqaziya Seymi tərəfindən qəbul olunan aqrar qanununun
həyata keçirilməsinin təxirə salması ilə əsaslandırır. Məlumdur ki, ölkədə hərc-
mərcliyin hökm sürdüyü bir şəraitdə əhalinin müxtəlif sosial qrupları arasında qar-
şıdurmaya səbəb ola biləcək bu qanun layihəsinin qeyri-mükəmməlliyini anlayan
hökumət bu addımı atmışdı.
Azərbaycan hökuməti Bakıya köçdükdən sonra da aqrar məsələnin həll
edilməsinə biganə münasibət bəslədiyini iddia edən Pçelin yazır: "Müsavatçılar aqrar
məsələnin həll edilməsinə tələsmirdilər" [7, 22]. Dövrün sənədləri sübut edir ki,
hökumət gələcək ictimai tərəqqinin aqrar məsələnin birbaşa və uğurlu həllindən asılı
olmasını dərk edirdi. Bu məsələ 3-cü hökumət kabinetinin bəyanatında xüsusi yer
tuturdu. Bəyanatda deyilirdi: "Kəndli və fəhlə ünsürlərinin təminatı qayğısı
hökumətin başlıca vəzifəsi olmalıdır. Torpaq kəndliyə havayı verilməlidir" [13].
Bununla yanaşı Pçelin yenə də hökumətin bu məsələyə biganə qalmasını iddia edir:
"Müsavatçılar burjua-mülkədar hökuməti dəftərxana yazışmaları ilə aqrar qanunu
hazırlığı haqqında danışıqla məşğul idi" [7, 23]. Qeyd etmək lazımdır ki, torpaq
haqqında qanunun müzakirəsinin aylarla uzadılması hökumətin süründürməçiliyi
deyildi, bu hər şeydən əvvəl qanunu işləyib hazırlayan parlament komissiyasının
tərkibinin siyasi cəhətdən rəngarəng olması, partiyaların arasında gedən siyasi
mübarizə ilə bağlı fikir ayrılıqlarının və ixtilafların olması və s. ilə bağlı idi. Torpaq
məsələsinin radikal həlli bir çox sosial qrupların, xüsusilə iqtisadi cəhətdən qüvvətli
olan qrupların narazılığına səbəb olardı. Bütün bunları nəzərə alan M.Ə.Rəsulzadə
məsələ ilə bağlı deyirdi: "…bu məsələdə tələskənlik, eləcə də həddən ziyadə uzatmaq
eyni dərəcədə mənfi nəticələrə gətirib çıxara bilər" [14].
Marksist-tarixçi Y.Burçalovun 26 Bakı komissarlarının tarixinə həsr etdiyi
əsərində [5] Bakı Sovetinin fəaliyyəti ilə yanaşı, gənc Azərbaycan Xalq Cüm hu-
riyyətinin tarixinin ilkin səhifələri də işıqlandırılmışdır. Tarixi əsərdən daha çox
Stalinə mədhiyyəni xatırladan bu əsər əsasən tarixi reallıqdan uzaq bəzi mülahizə-
lərlə–Stalinin birbaşa Zaqafqaziyada bolşevik təşkilatlarına rəhbərlik etməsindən
tutmuş "Bakıya alman-türk təcavüzü" kimi mülahizələrlə zəngindir. Burçalov Os-
manlı hökumət tərəfindən Azərbaycana ağır günlərində göstərilən yardımı puça
182
çıxarmaq üçün türklərin Zaqafqaziya siyasətini belə xarakterizə edir: "Türk
imperialistləri müsavatçıların köməyilə hərəkət edirdilər. Onlar öz mülklərini
Əfqanıstanın özünə kimi çatdırmaq üçün Zaqafqaziyanı, Şimali Qafqazı, hətta
Türküstanı da özlərinə tabe etmək istəyirdilər. Türklər Almaniyanın Avropada
oynadığı rolu Asiyada oynamaq istəyirdilər" [5, 32]. Bununla müəllif türklərin Bakıya
gəlişi probleminə "panturanizm" kontekstində yanaşmağa cəhd göstərir. Lakin
məlumdur ki, Qafqaza az hərbi qüvvə ilə daxil olan türk komandanlığı Azərbaycanı
ona yad olan ünsürlərdən təmizləməkdən başqa bir tədbir görməmişdi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi 20-30-cu illər tarixşü-
naslığında hakim sovet rejiminin "sosial sifarişinə" uyğun təhrif olunaraq, Cümhu-
riyyətin bütün fəaliyyəti "antixalq" siyasəti kimi qələmə verilmişdir. Bununla yanaşı,
bu dövrün tarixşünaslığına dair yazılmış əsərlərdə mövcud faktların hələ tamamilə
təhrif olunmaması hiss olunur, bir sıra qiymətli mənbələrin dövriyyəyə cəlb olunması
sonrakı dövrlərdə onlardan obyektiv istifadə olunması üçün şərait yaradır.
ƏDƏBİYYAT
1.
"Azərbaycan arxivi", 1989, №1-2.
2.
Əzizbəyova P.Ə. Azərbaycanda sovet hakimiyyətinin qələbəsində böyük rus xalqının
qardaşlıq köməyi. Bakı: 1954, 351 s.
3.
İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı.1918-
1920. Bakı: Adiloğlu, 2006, 396 s.
4.
Ratqauzer Y. Şura Azərbaycanı uğrunda mübarizə. Bakı: 1929, 109 s.
5.
Бурджалов Э. 26 Бакинских комиссаров. Москва, 1938. Очерки истории комму-
нистической партии Азербайджана. Баку: 1985, т. Ы, 109 с.
6.
Нариманов Н. Избранные произведения. т.ЫЫ. Баку: 1989, 403 с.
7.
Пчелин Н. Крестьянский вопрос при Мусавате (1918-1920 гг.). Баку: 1931, 214 с.
8.
Ратгаузер. Я. Революция и гражданская война в Баку. Û часть 1917-1918 гг. Б.: 1927, 198 с.
9.
Раевский А. Английская интервенция и мусаватское правительство (к истории
интервенции и контрреволюции в Закавказье). Баку: 1927, 216 с.
10.
Стеклов А. "Армия Мусаватского Азербайджана". Баку: 1928, 149 с.
11.
Штейн Г. Бакинская Коммуна. Баку: 1928, 114 с.
12.
Шаумян С. Бакинская коммуна. Баку: 1927.
13.
"Азербайджан" гязети, 29 декабря 1918 г.
14.
"Азербайджан" гязети, 7 декабря 1919 г.
АЗЕРБАЙДЖАНСКАЯ ДЕМОКРАТИЧЕСКАЯ РЕСПУБЛИКА
В СОВЕТСКОЙ ИСТОРИОГРАФИИ В 20-30-х ГОДАХ
Я.Р.ГАСАНОВА
РЕЗЮМЕ
В статье исследуется период истории Азербайджанской Демократической
Республики в произведениях советских историков 1920-30-х годов. Автор старался
показать особое значение этих произведений в том что, они были изданы в первые годы
установления советской власти в Азербайджане и поэтому факты не могли скрыватся.
На ряду с этим история Азербайджанской Демократической Республики в
историографии 20-30-х годов соответственно господствующему советскому режиму и
183
«социальному заказу» искажалось, а вся деятельность Республики представлялась как
«анти народная» политика. Все это было анализировано в статье, а также было показано
критическое отношение к произведениям которые рассмаривались в статье.
AZERBAIJAN PEOPLE REPUBLIC IN THE 20-30-th
OF SOVIET HISTORIOGRAPHY
Y.R.HASANOVA
SUMMARY
Works of Soviet historians written in 1920-1930 which related with Azerbaijan People
Republic are investigated in the article. The author tries to show that these works which
meeting to the first years of the establishment of the Soviet Power in Azerbaijan, assume
special importance from point of view can conceal full of the objective truths related with
Republic history. Thereto, history of Azerbaijan People Republic were distorted in the 20-30-
th of Soviet historiography according to “social order” of Soviet regime, all activities of
Republic were written as politics of “anti-people”.
All of these have been analised and objective truths have been revealed in the article.
184
Dostları ilə paylaş: |