3.Azərbaycan ali təhsil sistemində inteqrasiya meyilləri və görülən işlər
1991‐ci ildə müstəqilliyini qazanan Azərbaycanın alternativsiz vahid hakim partiyanın siyasi hakimiyyətinin hökm sürdüyü və planlı iqtisadiyyata əsaslanan sosializm ictimai‐siyasi formasiyasından kapitalizm sisteminə keçməsi nəticəsində təhsil sisteminin də yeni şəraitə uyğunlaşdırılması zərurətə çevrildi. Bu zaman kosmetik dəyişiklilər aparmaqla mövcud təhsil sisteminin olduğu kimi saxlanılması və ya sovet təhsil sisteminindən tamamilə imtina edilməsi, nəhayət sosialist təhsil sisteminin onillərlə özünü doğrultmuş əhəmiyyətli ünsürlərini seçmək və beynəlxalq təhsil sistemlərinin nailiyyətlərini öyrənməklə yeni ictimai‐siyasi sistemin imkanlarını və Qloballaşan Dünyada Ali Təhsilin Perspektivləri və Aktual Məsələləri demokratik cəmiyyət quruculuğunun tələblərini nəzərə almaqla milli təhsil sisteminin qurulması təkliflərindən ibarət üç fərqli yanaşma mövcud idi. Təəssüflər olsun ki, hələ 1991‐ci ildə ciddi kompleks elmi‐tədqiqat işləri aparılması nəticəsində respublikanın rəhbər orqanlarına təqdim edilmiş “Azərbaycan Respublikasının milli təhsil konsepsiyası” həyata keçirilmədi. Həmçinin 1992‐ci ildə təsdiq olunan Təhsil Qanununa görə ölkənin ali məktəblərində ikipilləli ali təhsil sisteminə keçilməsi, bakalavr və magistratura pillələri üzrə kadr hazırlığının aparılması nəzərdə tutulsa da bir sıra obyektiv səbəblərdən bu məsələlərin əksəriyyəti kağız üzərində qaldı.Bəhs etdiyimiz məsələlərin həlli ancaq ümummilli lidеr Heydər Əliyevin Azərbaycanda siyаsi hаkimiyyətə qаyıdışındаn sonrа milli təhsil sisteminin qurulması məqsədilə yaradılmış komissiya tərəfindən Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq hazırlanmış “Təhsil islahatları proqramı”nın təsdiq edilməsindən və iki fərman imzalandıqdan sonra mümkün oldu. Bu sənədlər əsasında təhsil sistemində yеnilik və müasir texnologiyaların tətbiqi, islаhаtlаr istiqаmətində məqsədyönlü fəаliyyətə bаşlаndı. Təhsil sеktoru üçün büdcə vəsаiti аrdıcıl olаrаq ilbəil аrtırıldı, müəllimlərin sosiаl müdаfiəsi gücləndirildi və tədris müəssisələri şəbəkəsi təkmilləşdirildi. Xüsusilə, müstəqilliyin ilk dövründə fəaliyyətə başlamış özəl təhsil müəssisələrinin təşkili və dövlət qeydiyyatına alınması prosesində baş verən neqativ halların qarşısı alındı. Əfsuslar olsun ki, ilk dövrdə çoxlu sayda xarici təhsil müəssislərinin filiallarının fəaliyyətə başlaması, hətta xarici ölkələrdə fəaliyyət göstərən filialların Azərbaycanda, paytaxt ali məktəblərinin isə bölgələrdə filial açması özəl təhsil sistemini normal inkişaf məcrasından çıxarmışdı. Nəticədə, əsasən ali təhsil müəssisələrinin təşkili hesabına təktərəfli və əsassız şəkildə çoxalan, kifayət qədər mənfi imic qazanan özəl təhsil müəssisələri arasında həqiqətən Azərbaycan təhsilinin inkişafına xidmət edəcək qurumlar əlverişsiz şəraitdə fəaliyyət göstərməyə məhkum edildi. Məqsədi və verdiyi təhsilin səviyyəsi nəzərə alınmadan ictimaiyyət tərəfindən eyni münasibətlə qarşılaşan, sağlam rəqabət imkanından məhrum edilən bu qəbil təhsil müəssisələri xarici ölkələrlə müqayisədə lazımi güzəştlərdən istifadə edə bilmirdilər. Təəssüflər olsun ki, xalqımızın da tarixində kifayət qədər örnəkləri olan maarifçilik və xeyriyyəçilik kimi nəcib təşəbbüslərin dirçəldilməsinə, dövlətin yükünü azaltmaq kimi ülvi bir qayəyə xidmət etmək yerinə, qeyd etdiyimiz səbəblər ucbatından özəl təhsil sistemi bazar iqtisadiyyatı adı altında baş verən hərc‐mərcliyin qurbanı oldu. Nəhayət, böyük dövlət xadimi Heydər Əliyev tərəfindən özəl ali məktəblərin fəaliyyətinin tənzimlənməsi Təhsil Nazirliyinə həvalə olunduqdan sonra bu sahədə müəyyən stabillik yarandı. Ən başlıcası isə, iqtisadiyyatın və cəmiyyətin dayanıqlı inkişafının təmin olunmasında fəal mövqe nümayiş etdirən, müstəqil və məhsuldar iş icra etməyi bacaran sağlam vətəndaş formalaşdırmanın təhsil üzrə kompleks islahatın əsas məqsədinə çevrilməsi istiqamətində işlər görülməyə başladı.Sayları minimum həddə endirilmiş özəl ali məktəblər qarşısında maddi-texniki və tədris bazasının, kadr potensialının təkmilləşdirilməsi və təhsil səviyyəsinin yüksəldilməsi əsas tələb olaraq qoyuldu. Dövlət universitetlərindən yeddi ali təhsil müəssisəsinə muxtariyyət hüququ verildi. Ümumiyyətlə, Dünya Bankı ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, təhsilin bütün pillələri, onların hər birinin mövcud vəziyyəti, problemlərinin, onların həlli istiqamətində mərhələlər üzrə həyata keçiriləcək tədbirlərin öz əksini tapdığı bəhs etdiyimiz proqram çərçivəsində görülən işlər nəticəsində son beş ildə ali təhsil sistemində əhəmiyyətli dəyişikliklər baş verdi.
Avropaya inteqrasiyanın günün tələbi və qaçılmaz zərurət olduğu nəzərə alınaraq Azərbaycanda təhsil sisteminin də inteqrasiyası istiqamətində zəruri addımlar atıldı. Bu da ümumən təhsilin formaca və məzmunca zənginləşməsinə, yeni təlim texnologiyalarının tətbiqinə imkan verdi. Ən başlıcası, beynəlxalq əlaqələrin inkişafı və tədris prosesində İKT‐dən istifadə olunması üçün əlverişli imkan yarandı. Digər tərəfdən, Azərbaycan postsovet respublikaları üçün nəzərdə tutulmuş Tempus, Erasmus Mundus kimi bir sıra beynəlxalq təhsil layihələrinin fəal iştirakçısına çevrildi. Ənənəvi 5 illik təhsilin yerinə, ali təhsildə bakalavariat və magistratura olmaq şərti ilə ikipilləli təhsil sistemi tətbiq edilməyə başlandı, çoxballı qiymətləndirmə sistemi həyata keçirildi. Bununla da, Azərbaycan ali təhsilində “ikipilləliyin tam tətbiqi, təhsilalma prosesində tələbənin hüquqlarının və sərbəstliyinin genişlənməsi, məsuliyyətinin artırılması, tədris olunan kursun tam mənimsənilməsi, neqativ halların aradan qaldırılmasına lazımi şərait yaradan kredit sisteminə keçilməsi, təhsilin keyfiyyətinə nəzarətin səmərəli mexanizmlərini özündə birləşdirən müasir attestasiya və akkreditasiya sisteminin qurulması” kimi bir sıra mühüm yeniliklər həyata keçirildi.
Dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etdi.
Məhz yaşadığımız dövrün tələbinə uyğun olaraq məzmun etibarı ilə keyfiy‐
yətli inkişaf, və dəyişiklik yolunu tutan Azərbaycan təhsili ölkənin gələcək inkişaf
modelinin və insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı
başlandı. Dövlət başçısının təhsilə milli inkişafda prioritet sahə kimi yanaşdığı bir
şəraitdə bilavasitə Fondun təşəbbüsü ilə dövlət və özəl qurumların, habelə bəzi vətəndaş cəmiyyəti strukturlarının dəstəklədiyi «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində 2005‐ci ildə Azərbaycanın müxtəlif regionlarında 132 məktəb binasının inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO‐nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsindəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. 2005‐ci ildən etibarən Bolonya prosesinə qoşulmaqla Azərbaycan bir daha birmənalı şəkildə Avropa təhsil məkanına inteqrasiya prosesini dərinləşdirmək əzmini nümayiş etdirdi. Tamamilə könüllülük prinsipləri əsasında bu prosesə qoşulan ölkələr malik olduqları ali təhsil sistemlərində keyfiyyəti yüksəltmək və tərəfdaş ölkələr arasında ümumi qəbul olunmuş standartları tətbiq etmək üçün ciddi islahatların həyata keçirilməsinə dair müəyyən öhdəliklər götürdülər. Azərbaycan Bolonya prosesinə qoşulduqdan sonra ali təhsildə aparılacaq islahatların konturları yenidən müəyyənləşdirildi. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006‐2010‐cu illəri əhatə edən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. Həmin plana əsasən „Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu“ təsdiq olundu və yeni nəsil dövlət təhsil standartları işlənib hazırlandı. „Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə“ hazırlanıb təsdiq edildi. Xarici ölkələrdə təhsil alanlarının diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata keçirildi. Avropa Komissiyası, Avropa Şurası və UNESCO‐nun ekspertlərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış diploma əlavənin (Diploma Supplement) modeli əsasında ali təhsil haqqında diploma əlavənin nümunəsi hazırlandı. Həmçinin „Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) yeni siyahısı hazırlanaraq təsdiq edildi.Ancaq burada qeyd olunan köklü islahatlar heç də milli hökumətlərin yeniləşən ali təhsil sistemi ilə əlaqədar öz konsepsiyalarını başqalarına qəbul etdirməsi məqsədini daşımır. Əksinə, Bolonya bəyannaməsi standart və ya təktipli bir ali təhsil sisteminin qurulmasını deyil, universitetlərin müstəqilliyini təmin edən muxtariyyət prinsiplərinin, müxtəlifliliyin qorunub saxlanılması şərti ilə inteqrasiyanın həyata keçirilməsinə üstünlük verir. Bununla da siyasi bir qərar olmaqdan daha çox konkret icra tarixlərinin də əksini tapdığı mərhələlərə bölünmüş müştərək fəaliyyət planı olan sözügedən bəyannamə Avropanın ortaq problemlərinə həll yolları axtarıb tapılması məqsədinə xidmət edir. 2010‐cu ildə başa çatması nəzərdə tutulan prosesin qarşısında Avropa vətəndaşlarının işlə təmin olunma, sərbəst hərəkət etmə imkanlarını və Avropa ali təhsilinin beynəlxalq rəqabət gücünü artırmaq üçün ali təhsildə Avropa təhsil məkanı formalaşdırmaq vəzifələri də durur. Həmçinin kredit sisteminin tətbiq edilməsi, tələbə mobilliyini təşviq etmək məqsədi ilə milli təhsil sistemləri tərəfindən ortaq dərəcələndirmə sistemi kimi qəbul olunan və Avropa təhsil məkanına inteqrasiya üçün baza təşkil edəcək AKTS‐nin (Avropa Kredit Transfer Sisteminin) təşəkkülü prosesi davam edir. Distant (məsafədən) təhsil də daxil olmaqla fasiləsiz təhsil fəaliyyətini də əhatə edəcək bu sistemin tətbiqi nəticəsində müqayisə edilə biləcək meyar və metodlara əsaslanan ortaq keyfiyyət təminatı standartlarının qəbul edilməsi gözlənilir. Bununla belə, inteqrasiya prosesi çərçivəsində aparılması tələb olunan islahatların əhatə dairəsi, milli, regional və ya qlobal ehtiyaclara cavab verə bilən bir modelin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Milli, regional və qlobal ehtiyaclar nəzərə alındıqdan sonra qarşıya necə bir kadr hazırlığı aparılmalıdır sualına cavab axtarılmalıdır. Digər tərəfdən, qloballaşma prosesinin təsiri altında formalaşan yeni ictimai iqtisadi münasibətlərə keçid şəraitində meydana çıxan fərqli sosial‐mənəvi mühitə ənə‐nəvi üsullarla yanaşmağın yenidən nəzərdən keçirilməsi də az əhəmiyyət kəsb etmir. Ən başlıcası isə, gənc nəslə başqalarının fikrinə qarşı hörmətlə yanaşmaq hissi və dözümlülük nümayiş etdirmək vərdişinin aşılanması lazımdır. Son dövrdə Azərbaycanda bu isiqamətdə atılımış addımları nəzərə aldığımızda sözügedən prosesin uğurla başa çatdırılması üçün bilavasitə ali məktəblər qarşısında həllini gözləyən bir sıra məsələlərin durduğunu qeyd etmək lazımdır:
1.Tədris planlarının təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməli və təlimdə İKT‐nin tətbiqinə, fəal təlim metodlarından istifadə edilməsinə diqqət artırılmalıdır. Tələbələrə mücərrəd nəzəri biliklər aşılamaq yerinə, iş həyatında tələb olunan, həyata keçirilməsi mümkün və zəruri olan biliklərin verilməsini təmin etmək lazımdır.
2. Mövcud təlim‐tərbiyə sistemində müəllim‐tələbə münasibətləri kontekstində tələbələrin müəllimi seçmə hüququnu təmin edən bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Yeniləşən dünyanın tələblərinə uyğun olaraq getdikcə daha çox istiqamətverici rol oynamağa başlayan müəllimin özü də yeniləşməklə bərabər, onun təlim üsulları da dəyişməlidir. Müəllim tələbəyə necə öyrənməyin yollarını göstərməli, aldığı bilikləri təhlil və tətbiq etmək bacarıqları aşılamalıdır.
3. Yeni formalaşacaq tədris sistemi ilə varılması nəzərdə tutulan hədəflər və tələbələrə qazandırılması tələb olunan keyfiyyətlərin nədən ibarət olduğu dəqiq şəkildə müəyyən edilməlidir. Məzunların işlə təmin olunması üçün ali məktəblərlə işəgötürənlərlə yeni münasibətlərin formalaşması, əməkdaşlıq növlərinin axtarıb tapılması və əmək bazarının tələblərinin öyrənilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır.
4. Hər bir ali məktəb internet vasitəsi ilə tələbələrin istifadəsi açıq olan elektron kitabxana sisteminə malik olmalıdır.
5. Müxtəlif ölkələrdə yerləşən ali məktəblər arasında elmi‐texniki əməkdaşlığa, müəllim mübadiləsinə çeviklik qazandırmaq məqsədi ilə universitetlərarası əməkdaşlıq çərçivəsində daha çox müxtəlif qurumlarda fəaliyyət göstərən professor‐müəllim heyəti və tədqiqatçılar arasında müştərək elmi layihələrin həyata keçirilməsini, araşdırmaların aparılmasını təşviq etmək lazımdır.
6. Elmi tədqiqatların nəticələrinin, elmi‐metodik materialların mübadiləsi, təhsilin keyfiyyətinə nəzarət imkanlarının genişləndirilməsi məqsədi ilə səylərin artırılmasını təmin etmək üçün virtual təhsil müəssisələrinin və ümumdünya universitet şəbəkəsinin qurulmağa başladığı bir şəraitdə rəqabətə davamlılığın əlavə yolları axtarılıb tapılmalıdır.
7. Nəhayət, yuxarıda qeyd olunmuş vəzifələrin yerinə yetirilməsi üçün müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedaqoji və metodik ustalığa malik müəllim kadrlarının hazırlığı daima diqqət mərkəzində olmalıdır.
Dostları ilə paylaş: |