Harold Pinter
Ad Günü
İngilis dilindən tərcümə
edəni Xəyalə Məmmədova
Üç pərdəli pyes
İştirak edirlər:
Petey
Meq
Stənli
Lulu
Qoldberq
MəkKen
Birinci pərdə
Dəniz kənarı şəhərdə yerləşən evin qonaq otağı. Aşağıdan soldakı zala aparan qapı.
Arxa qapı və yuxarıdan soldakı kiçik pəncərə. Mətbəx pəncərəsi arxadan mərkəzdə.
Yuxarıdan sağda mətbəx qapısı. Mərkəzdə stol və stullar. Petey əlində qəzet sol
qapıdan daxil olur və stulda əyləşir. Oxumağa başlayır. Mətbəx pəncərəsindən
Meqin səsi gəlir.
Meq. Bu sənsən, Petey? (Sükut) Petey, sənsən? Sükut. Petey?
Petey. Nədi?
Meq. Sənsən?
Petey. Hə, mənəm.
Meq. Necə? (Üzü görünür) Qayıtmısan?
Petey. Hə.
Meq. Sıyıq hazırdır. (O, gözdən itir və yenidən peyda olur). Bu da sənin sıyığın.
Petey qalxır və boşqabı ondan alır, oturur və yeməyə başlayır. Meq mətbəx
qapısından içəri girir.
Meq. Yaxşıdır?
Petey. Hə.
Meq. Bilirdim ki, yaxşıdır. (Stulda əyləşir) Qəzet almısan?
Petey. Hə.
Meq. Maraqlıdır?
Petey. Pis deyil.
Meq. Nə yazır?
Petey. Elə bir şey yazmır.
Meq. Dünən mənə maraqlı şeylər oxudun.
Petey. Hə. Bunu hələ oxuyub qurtarmamışam.
Meq. Maraqlı şey olanda deyəcəksən?
Petey. Hə.
Sükut.
Meq. Bu səhər çox işləmisən?
Petey. Yox. Elə bir neçə köhnə stulu bir yerə yığdım.
Bir az səliqə-sahman
yaratdım.
Meq. Hava yaxşıdır?
Petey. Gözəldir.
Sükut.
Meq. Stənli oyanıb?
Petey. Bilmirəm. Oyanıb ki?
Meq. Bilmirəm, mən də hələ görməmişəm.
Petey. Onda hələ oyanmayıb.
Meq. Onu görmüsən?
Petey. Mən elə indicə içəri girmişəm.
Meq. Yəqin hələ yatır.
Otağa göz gəzdirir, durub bufetə tərəf gedir və siyirtmədən bir cüt corab çıxarır.
İynə-sap götürüb stula qayıdır.
Meq. Səhər saat neçədə işə getdin, Petey?
Petey. Həmişəki vaxtda.
Meq. Qaranlıq idi?
Petey. Yox, elə də qaranlıq deyildi.
Meq. (Çitəməyə başlayır) Ancaq bəzən sən səhər işə gedəndə qaranlıq olur.
Petey. Qışda belə olur.
Meq. Doğrudan da qışda elə olur.
Petey. Hə, qışda hava gec işıqlanır.
Meq. Eh! Sükut. Nə oxuyursan?
Petey. Kiminsə təzəcə uşağı olub.
Meq.
Ola bilməz, kimin?
Petey. Bir qızın.
Meq. Kimin, Petey, kimin?
Petey. İnanmıram onu tanıyasan.
Meq. Adı nədir?
Petey. Meri Splət.
Meq. Tanımıram.
Petey. Tanımırsan.
Meq. Nəyi olub?
Petey. (Qəzeti oxuyur.) Qızı.
Meq. Oğlan deyil?
Petey. Xeyr.
Meq. Eh, biabırçılıq. İstərdim ki, balaca oğlum olsun.
Petey. Balaca qız da pis deyil.
Meq. İstərdim balaca oğlum olsun.
Sükut.
Petey. Yeyib qurtardım.
Meq. Dadlı idi?
Petey. Çox dadlı idi.
Meq. Sənə başqa şey də hazırlamışam.
Petey. Lap yaxşı.
Meq qalxır, boşqabı götürür və mətbəxə daxil olur. Sonra içərisində iki parça
qızardılmış çörək olan boşqabla qayıdır.
Meq. Al, Petey.
Petey qalxır , boşqabı alır, baxır və stula əyləşir. Meq yenidən daxil olur.
Meq. Dadlıdır?
Petey. Hələ dadına baxmamışam.
Meq. Mərc gəlirəm ki, bunun nə olduğunu bilmirsən.
Petey. Bilirəm.
Meq. Onda de nədir?
Petey. Qızardılmış çörək.
Meq. Düzdür.
O, yeməyə başlayır. Meq onun yeməyinə tamaşa edir.
Petey. Çox dadalıdır.
Meq. Bilirdim ki, dadlıdır.
Petey. Meq, dünən gecə çimərlikdə mənə iki kişi yaxınlaşdı.
Meq. İki kişi?
Petey. Hə.
Bilmək istəyirdilər ki, biz onlara bir neçə gecəlik yer verə bilərikmi?
Meq. Yer vermək? Burada?
Petey. Hə.
Meq. Neçə kişi?
Petey. İki.
Meq. Bəs sən nə dedin?
Petey. Dedim bilmirəm. Ona görə də dedilər ki, onlar yenidən baş çəkəcəklər.
Meq. Gələcəklər?
Petey. Dedilər gələcəklər.