Maddə 304. Dəniz protesti
304.1. Gəmi üzərkən və ya dayanarkən gəmi sahibinə əmlak tələblərinin irəli sürülməsi
üçün əsas ola bilən hadisə baş verdikdə, gəmi kapitanı sübutların təmin edilməsi məqsədi
ilə dəniz protesti haqqında bəyanat verməlidir.
304.2. Dəniz protestinin məqsədi hadisənin baş verdiyi şərait və yaranma səbəbləri
barədə, o cümlədən vurulan zərər və zərərin qarşısını almaq və ya azaltmaq üçün
görülmüş tədbirlər barədə mümkün qədər tam məlumat verməkdir.
Maddə 305. Dəniz protesti haqqında bəyanat
305.0. Dəniz protesti haqqında bəyanat:
305.0.1. Azərbaycan Respublikasının limanlarında - notariusa;
305.0.2. xarici limanlarda — Azərbaycan Respublikasının konsulluq idarəsinin
vəzifəli şəxsinə və ya xarici dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
bu dövlətin səlahiyyətli vəzifəli şəxsinə verilir.
Maddə 306. Dəniz protesti haqqında bəyanatın verilmə müddəti
Hadisə limanda baş verdikdə, dəniz protesti haqqında bəyanat hadisənin baş verdiyi
andan başlayaraq 24 saat ərzində verilir. Hadisə gəmi səfərdə olduğu zaman baş
verdikdə, dəniz protesti haqqında bəyanat gəminin və ya kapitanın gəldiyi ilk limanda 24
saat ərzində verilməlidir.
Maddə 307. Dəniz protesti haqqında bəyanatın gecikdirilmə ilə verilməsi
307.1. Əgər hadisə səfər zamanı baş veribsə, hadisədən sonra birinci limana girişlə
əlaqədar xeyli vaxt və vəsait itirilməsinin qarşısını almaq üçün dəniz protesti haqqında
bəyanat gəminin və ya kapitanın hadisədən sonra gəldiyi birinci liman olmayan limanda
verilə bilər.
307.2. Əgər dəniz protestini bu Məcəllənin 306-cı maddəsində müəyyən edilmiş
müddətdə bəyan etmək mümkün olmazsa, bunun səbəbləri dəniz protesti haqqında
bəyanatda göstərilməlidir.
Maddə 308. Yükə vurulan zərərə münasibətdə dəniz protestinin bəyan edilməsi
Baş vermiş hadisə nəticəsində gəmidəki yükə zərərin vurulduğunu güman etmək üçün
əsas olduqda, dəniz protesti haqqında bəyanat yük anbarları açılanadək verilməlidir.
Dəniz protesti haqqında bəyanat verilənədək gəmidən yükün boşaldılması yalnız son
dərəcə zərurət olduqda həyata keçirilə bilər.
Maddə 309. Sübutlar
309.1. Dəniz protesti haqqında bəyanatda ifadə edilmiş halları təsdiqləmək üçün gəmi
kapitanı bəyanat ilə eyni zamanda, yaxud özünün və ya gəminin limana gəldiyi və ya
hadisənin, əgər hadisə limanda olmuşdursa, baş verdiyi andan başlayaraq yeddi gündən
artıq olmayan müddət ərzində gəmi jurnalını və gəmi kapitanı tərəfindən təsdiq edilmiş
gəmi jurnalından çıxarışı tanış olmaq üçün notariusa və ya Azərbaycan Respublikasının
konsulluq idarəsinin vəzifəli şəxsinə, yaxud xarici dövlətin səlahiyyətli vəzifəli şəxsinə
təqdim etməlidir.
309.2. Gəmi jurnalı məhv olduqda dəniz protesti haqqında bəyanatda gəmi jurnalının
məhv olduğu şərait və səbəblər göstərilməlidir.
Maddə 310. Dəniz protesti haqqında aktın tərtib olunması
Notarius və ya Azərbaycan Respublikasının konsulluq idarəsinin vəzifəli şəxsi gəmi
kapitanının bəyanatı, gəmi jurnalındakı qeydlər, gəmi kapitanı və zərurət olduqda gəmi
heyətinin digər üzvləri ilə aparılan sorğu əsasında dəniz protesti haqqında akt tərtib edir
və onu imzası və gerbli möhürlə təsdiq edir.
Maddə 311. Xarici dövlətlərin konsulluq idarələri tərəfindən dəniz protesti
haqqında aktın tərtib olunması
Xarici gəmilərin kapitanlarından dəniz protesti haqqında bəyanatın qəbulu və dəniz
protesti haqqında aktların tərtibi xarici dövlətlərin Azərbaycan Respublikasındakı
konsulluq idarələri tərəfindən qarşılıqlıq əsasında həyata keçirilə bilər.
XXV fəsil. Pretenziyalar, iddialar və iddia müddəti
Maddə 312. Dənizlə yük daşınması iştirakçılarının məsuliyyəti üçün əsas ola bilən
halların təsdiqlənməsi
312.1. Yük daşıyanların, göndərənlərin, alanların və sərnişinlərin məsuliyyəti üçün əsas
ola bilən hallar kommersiya aktları və ya ümumi formalı aktlarla təsdiqlənir. Xarici
limanlarda bu hallar həmin limanlarda mövcud olan qaydalara müvafiq olaraq təsdiqlənir.
312.2. Kommersiya aktı aşağıdakıların təsdiqlənməsi üçün tərtib olunur:
312.2.1. həqiqi yükün və ya baqajın adı, kütləsi və ya yerlərinin sayı ilə daşınma
sənədində göstərilənlər arasında uyğunsuzluğun;
312.2.2. yükün və ya baqajın zədələnməsinin;
312.2.3. sənədsiz yükün və ya baqajın, habelə yüksüz və ya baqajsız sənədin
aşkar edilməsinin;
312.2.4. oğurlanmış yükün və ya baqajın daşıyıcıya qaytarılmasının.
312.3. Aktların forması və tərtib edilmə qaydası, habelə aktların tərtib edilməsini tələb
etməyən halların təsdiqlənmə qaydası bu Məcəllənin 3.2-ci maddəsinə uyğun qəbul
edilən qaydalara müvafiq olaraq müəyyənləşdirilir.
Maddə 313. Daşıyıcıya pretenziyanın verilməsi
313.1. Yükün kabotajda daşınması ilə əlaqədar daşıyıcıya iddia verilənədək ona mütləq
əvvəlcədən pretenziya verilməlidir.
313.2. Pretenziyalar yükün daşınmasını həyata keçirən daşıyıcıya və əgər daşıma icra
olunmamışdırsa, dənizlə yük daşınması müqaviləsinə müvafiq olaraq bu daşımanı icra
etməli olan daşıyıcıya verilir.
313.3. Yükün qarışıq daşınması hallarından irəli gələn pretenziyalar yükü axırıncı
məntəqəyə çatdıran daşıyıcıya verilir.
Maddə 314. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi
314.1. Pretenziya və iddia vermək hüququnun, yükgöndərən tərəfindən yükalana və ya
əksinə, habelə yükalan və ya yükgöndərən tərəfindən ekspeditora yaxud sığortaçıya
verilmə halları istisna olmaqla, digər şəxslərə verilməsinə yol verilmir.
314.2. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi konosamentdə və ya
digər daşınma sənədində müvafiq qeydin olması ilə təsdiqlənir.
Maddə 315. Pretenziyanın verilmə qaydası
315.1. Pretenziya yazılı şəkildə verilir. Yükün itirilməsi və ya zədələnməsi barədə
pretenziyaya daşınma sənədlərindən başqa, pretenziyanı vermək üçün hüququ, habelə
göndərilən yükün miqdarını və dəyərini təsdiqləyən sənədlər əlavə olunmalıdır. Daşınma
sənədlərinin əsli təqdim olunur.
315.2. Pretenziyaya bu Məcəllənin 315.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə
olunmadıqda, daşıyıcının pretenziyanı aldıqdan sonra iki həftə müddətində onu
baxılmadan geri qaytarmaq hüququ vardır. Daşıyıcı göstərilən müddət ərzində müvafiq
qaydada tərtib edilməmiş pretenziyanı geri qaytarmadıqda, pretenziya baxılmaq üçün
qəbul olunmuş hesab edilir.
Maddə 316. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın verilmə
müddəti
Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziya daşıyıcıya iddia müddəti
ərzində verilə bilər.
Maddə 317. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın baxılma
müddəti
317.1. Daşıyıcı dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyaya bir ay
müddətində baxır və bu müddət ərzində pretenziya verənə pretenziyanın etiraf və ya rədd
edilməsi barədə yazılı məlumat verir.
317.2. İddia müddətinin axımı dənizlə yük daşınması müqaviləsindən yaranan
pretenziyanın daşıcıya verilən gündən etibarən pretenziyaya cavab alınanadək və ya
cavab üçün müəyyən edilmiş müddət qurtaranadək dayandırılır.
Maddə 318. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üzrə iddia
müddəti
318.1. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üçün iddia müddəti bir
ildir.
318.2. Göstərilən müddət aşağıdakı qaydada hesablanır:
318.2.1. yükün itirilməsinə görə zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə
— yükün verilməli olduğu gündən otuz gün keçəndən sonra, qarışıq daşımada isə
— yükün daşınmaya qəbul edildiyi gündən dörd ay keçəndən sonra;
318.2.2. yükün zədələnməsi, çatdırılmasının gecikdirilməsinə görə zərərin
əvəzinin ödənilməsinə və artıq ödənmiş daşınma haqqının qaytarılmasına yaxud
əskik ödənilmiş daşınma haqqının tutulmasına dair tələblər üzrə — yükün
verildiyi gündən, yük verilmədikdə isə — yükün verilməli olduğu gündən; .
318.2.3. gəminin verilməməsinə və ya gecikdirilmə ilə verilməsinə görə zərərin
əvəzinin ödənilməsinə, gəminin boşdayanması üçün haqqa və yükün vaxtından
əvvəl yüklənməsinə və ya boşaldılmasına görə mükafata dair tələblər üzrə —
yükün daşınması başladığı və ya başlanmalı olduğu aydan sonrakı ay qurtardıqda;
318.2.4. bütün digər hallara dair tələblər üzrə — tələbin irəli sürülməsinə əsas
olan hadisə baş verdiyi gündən.
Maddə 319. Digər tələblər üzrə iddia müddəti
319.1. Beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsindən, dəniz
sığorta müqaviləsindən, habelə gəmilərin toqquşmasından və xilasetmə əməliyyatlarının
həyata keçirilməsindən doğuran tələblər üzrə iddia müddəti iki ildir. Bu müddət aşağıdakı
qaydada hesablanır:
319.1.1. beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsinə
dair tələblər üzrə:
319.1.1.1. sərnişinin sağlamlığı pozulduqda — sərnişin sahilə çıxdığı
gündən;
319.1.1.2. daşınma zamanı sərnişin öldükdə — sərnişinin sahilə çıxmalı
olduğu gündən;
319.1.1.3. daşınma zamanı sağlamlığının pozulması nəticəsində sərnişin
sahilə çıxdıqdan sonra öldükdə — sərnişinin öldüyü gündən, o şərtlə ki,
sərnişinin sahilə çıxdığı gündən üç ildən çox olan müddət keçməsin;
319.1.1.4. sərnişinin baqajı itirildikdə və ya zədələndikdə — tarixlərdən
hansı birinin gec gəlməsindən asılı olaraq — baqajın düşürüldüyü və ya
düşürülməli olduğu gündən;
319.1.2. dəniz sığorta müqaviləsindən doğuran tələblər üzrə — iddiaya hüququn
yarandığı gündən;
319.1.3. gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsinə dair
tələblər üzrə — gəmilərin toqquşduğu gündən;
319.1.4. xilasetmə əməliyyatlarından doğuran tələblər üzrə — xilasetmə
əməliyyatları başa çatdığı gündən.
319.2. Yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, dəniz agentliyi
müqaviləsindən, taym-çarterdən, berbout-çarterdən və ümumi qəzadan doğuran tələblərə
iddia müddəti bir ildir. Bu müddət aşağıdakı qaydada hesablanır:
319.2.1. yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, dəniz
agentliyi müqaviləsindən, taym-çarterdən və berbout-çarterdən doğuran tələblər
üzrə — iddia hüququ yarandığı gündən;
319.2.2. ümumi qəzadan doğuran tələblər üzrə — dispaşın tərtib edildiyi gündən.
319.3. Bu Məcəllənin 248-ci maddəsində nəzərdə tutulmuş reqress tələbləri üzrə iddia
müddəti bir ildir. Bu müddət müvafiq məbləğin ödənilməsi günündən hesablanır.
Maddə 320. Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli
maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair
tələblər üzrə iddia müddəti
Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması
nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar, zərərçəkənin belə zərərin
vurulduğunu bildiyi və ya bilməli olduğu gündən üç il ərzində ödənilir. Lakin,
gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair
iddialar çirkləndirməyə səbəb olmuş hadisənin baş verdiyi gündən altı il keçəndən sonra,
dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin
ödənilməsinə dair iddialar isə — belə zərərə səbəb olmuş hadisənin baş verdiyi gündən
on il keçəndən sonra verilə bilməz.
Maddə 321. ümumi müddətlərin tətbiq edilməsi
Əgər Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə
tutulmayıbsa, bu Məcəllədə iddia müddəti müəyyən edilməyən tələblər üçün Azərbaycan
Respublikasının mülki qanunvericiliyində müəyyənləşdirilmiş ümumi iddia müddətləri
tətbiq edilir.
Maddə 322. ümumi qəza halında iddia müddətinin axımının dayandırılması
Tələbin məbləğinin hesablanması ümumi qəza üzrə hesablaşmalardan asılı olduğu halda,
iddia müddətinin axımı ümumi qəzanın mövcudluğu haqqında dispaşerin qərar qəbul
etdiyi gündən maraqlı tərəfin dispaşı aldığı günə kimi dayandırılır.
Maddə 323. Özgəsinin pul vəsaitlərindən istifadəyə görə faizlər
323.1. Bu Məcəllədə nəzərdə tutulmuş münasibətlərdən doğuran tələblər ödənildikdə,
ödənilən məbləğə kreditorun yaşadığı yerdə, kreditor hüquqi şəxs olduqda isə onun
olduğu yerdə mövcud olan bank faiz dərəcəsi əlavə edilir.
323.2. Faizlər müvafiq məbləğin ödənilməsinə dair yazılı tələbin verildiyi gündən
məbləğin ödənildiyi günə kimi hesablanır.
323.3. Bu Məcəllənin 323.1 və 323.2-ci maddələrində müəyyən edilmiş qaydalar ümumi
qəzanın bölüşdürülməsi qaydasında zərərin əvəzinin ödənilməsinə dair tələblərə şamil
edilmir.
XXVI fəsil. Tətbiq edilən hüquq
Maddə 324. Tətbiq edilən hüququn müəyyənləşdirilməsi
324.1. Xarici vətəndaşların və ya xarici hüquqi şəxslərin iştirakı ilə, o cümlədən mülki
hüquq obyekti Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, ticarət
gəmiçiliyindən yaranan münasibətlərə tətbiq edilən qanun Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinə, bu Məcəlləyə, digər qanunlara və Azərbaycan
Respublikasının tanıdığı ticarət gəmiçiliyi adətlərinə müvafiq olaraq müəyyənləşdirilir.
324.2. Bu Məcəllə ilə nəzərdə tutulmuş müqavilənin tərəfləri müqavilə bağlayarkən və ya
sonradan razılaşma əsasında həmin müqavilə üzrə onların hüquq və vəzifələrinə tətbiq
edilən qanunu seçə bilərlər. Belə razılaşma olmadıqda, bu Məcəllənin qaydaları tətbiq
edilir; belə razılaşmanın mövcudluğu sərnişinin həyatına və ya sağlamlığına zərərin
vurulmasına, yükün və baqajın itirilməsinə və ya zədələnməsinə yaxud onların
gecikdirilmə ilə çatdırılmasına görə bu Məcəlləyə müvafiq olaraq məsuliyyətinin aradan
qaldırılmasına və ya azaldılmasına səbəb olmur.
Maddə 325. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları
325.1. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları, habelə belə hüquqların əldə
edilməsi, verilməsi və ya itirilməsi gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə
müəyyənləşdirilir.
325.2. Digər dövlətin bayrağı altında müvəqqəti üzmək hüququ verilmiş gəmiyə olan
əşya hüquqlarına gəminin bilavasitə bayrağın dəyişdirilməsindən əvvəl qeydə alındığı
dövlətin qanunu tətbiq edilir.
325.3. Əgər gəminin inşa edilməsi haqqında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa,
inşa edilməkdə olan gəmiyə hüquqlar gəminin inşa üçün qəbul edildiyi və ya inşa edildiyi
dövlətin qanunu ilə müəyyənləşdirilir.
Maddə 326. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti
326.1. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti və gəminin istismarı ilə bağlı olan gəmi
heyəti üzvlərinin arasında yaranan münasibətlər gəminin bayrağı altında üzdüyü
dövlətinin qanunu ilə müəyyənləşdirilir.
326.2. Gəmi sahibinin və xarici vətəndaş olan gəmi heyəti üzvlərinin münasibətlərini
tənzimləyən müqavilədə başqa hal nəzərdə tutulmadıqda, gəmi sahibi və gəmi heyəti
üzvləri arasında olan münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə
tənzimlənir. Gəmi sahibi və gəmi heyəti üzvlərinin tətbiq edilən qanunun əmək
müqaviləsini seçmələri gəmi heyəti üzvlərinin əmək şəraitinin pisləşməsinə səbəb
olmamalıdır.
Maddə 327. Batmış əmlaka hüquqlar
327.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində
batmış əmlaka hüquqlar Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilir.
327.2. Açıq dənizdə batmış gəmilərə, onların yükünə və digər əmlakına gəminin bayrağı
altında üzdüyü dövlətinin qanunu tətbiq edilir.
Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan
münasibətlər
328.1. Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə müqaviləsindən, dəniz
agentliyi müqaviləsindən, dəniz sığorta müqaviləsindən, dəniz vasitəçiliyi
müqaviləsindən, taym-çarter və berbout-çarterdən yaranan münasibətlər müqavilədə
tərəflərlə nəzərdə tutulmuş dövlətin, dənizlə sərnişin daşınması müqaviləsindən yaranan
münasibətlər isə — sərnişinin biletində göstərilən dövlətin qanunu ilə tənzimlənir.
328.2. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, onların
müqavilədən yaranan münasibətləri aşağıda göstərilənlərin təsis edildikləri, əsas fəaliyyət
və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir:
328.2.1. dənizlə yük daşınması müqaviləsində — daşıyıcının;
328.2.2. dəniz agentliyi müqaviləsində, taym-çarter və berbout-çarterdə — gəmi
sahibinin;
328.2.3. yedəkləmə müqaviləsində — yedəkçi gəmi sahibinin;
328.2.4. dəniz vasitəçiliyi müqaviləsində — sifarişçinin;
328.2.5. dəniz sığorta müqaviləsində — sığortaçının.
Maddə 329. ümumi qəza
329.1. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, ümumi qəzadan
doğuran münasibətlər ümumi qəzaya səbəb olan hadisədən sonra gəmi səfərini başa
çatdırdığı limanın dövlətinin qanunu ilə tənzimlənir. ümumi qəza nəticəsində mənafeləri
toxunulan bütün şəxslər bir dövlətə mənsubdurlarsa, həmin dövlətin qanunu tətbiq edilir.
329.2. Əgər ümumi qəza Azərbaycan Respublikasında bölüşdürülürsə, onun qaydası bu
Məcəllənin 16-cı fəslində müəyyən edilmiş qaydalara müvafiq olaraq tənzimlənir.
Maddə 330. Gəmilərin toqquşmasından yaranan münasibətlər
330.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində
gəmilərin toqquşmasından yaranan münasibətlər Azərbaycan Respublikasının qanunu ilə
tənzimlənir.
330.2. Gəmilər açıq dənizdə toqquşduqda və mübahisəyə Azərbaycan Respublikasında
baxıldıqda bu Məcəllənin 17-ci fəslində müəyyən edilmiş qaydalar tətbiq edilir.
330.3. Bir dövlətin bayrağı altında üzən gəmilərin toqquşmasından yaranan
münasibətlərə, gəmilərin toqquşduğu yerdən asılı olmayaraq, həmin dövlətin qanunu
tətbiq edilir.
Maddə 331. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərdən yaranan
münasibətlər
331.0. Gəmilərdən neftlə çirkləndirmədən zərər vurulduqda, bu Məcəllənin 18-ci fəslində
müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:
331.0.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərə;
331.0.2. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq
və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.
Maddə 332. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan
zərərdən yaranan münasibətlər
332.0. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı zərər vurulduqda, bu
Məcəllənin 19-cu fəslində müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:
332.0.1. Azərbaycan Respublikasının ərazisində vurulan hər hansı bir zərərə;
332.0.2. Azərbaycan Respublikasının ərazisində ətraf mühitin çirkləndirilməsi
nəticəsində vurulan zərərə;
332.0.3. Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda ətraf mühitin
çirkləndirilməsi nəticəsində vurulan zərərdən fərqli olan zərərə, əgər belə zərər
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmidə daşınan
təhlükəli və zərərli maddələrlə vurulubsa;
332.0.4. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq
və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.
Maddə 333. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlər
333.1. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlərə tətbiq
ediləcək hüquq barədə tərəflərin razılaşması olmadıqda, xilasetmə əməliyyatının
aparıldığı dövlətin qanunu tətbiq edilir.
333.2. Xilas edən və xilas edilən gəmilər bir dövlətin bayrağı altında üzdükdə, xilasetmə
əməliyyatının aparıldığı yerdən asılı olmayaraq, həmin dövlətin qanunu tətbiq edilir.
Maddə 334. Gəmi sahibinin məsuliyyətinin hüdudları
Gəmi sahibinin məsuliyyətinin hüdudları gəmi bayrağı dövlətinin qanunu ilə
müəyyənləşdirilir.
Maddə 335. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri
Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilədə
müəyyənləşdirilən normalar bu Məcəllədə nəzərdə tutulan normalardan fərqlənərsə, onda
beynəlxalq müqavilənin normaları tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 22 iyun 2001-ci il
№ 146-IIQ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul
2001-ci il, № 7, maddə 444) («VneshExpertService»).
Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin
Siyahısı
1. 19 dekabr 2006-ci il tarixli
203-IIIQD
nömrəli qanun - «Azərbaycan» qəzeti, 30
dekabr 2006-cı il, № 294.
2. 1 may 2007-ci il tarixli
324-IIIQD
nömrəli qanun - «Azərbaycan» qəzeti, 25 may
2007-ci il, № 113.
3. 17 aprel 2007-ci il tarixli
320-IIIQD
nömrəli qanun - «Azərbaycan» qəzeti, 24 iyun
2007-ci il, № 137.
4. 16 iyun 2007-ci il tarixli,
389-IIIQD
nömrəli qanun - «Azərbaycan» qəzeti, 21 avqust
2007-ci il, № 185.
5. 20 oktyabr 2009-cu il tarixli,
890-IIIQD
nömrəli qanun - «Azərbaycan» qəzeti, 24
dekabr 2009-cu il, № 286.
6. 1 fevral 2010-cu il tarixli,
951-IIIQD
nömrəli qanun - «Respublika» qəzeti, 18 mart
2010-cu il, № 60.
7. 29 may 2012-ci il tarixli,
371-IVQD
nömrəli qanun - «Respublika» qəzeti, 10 iyul
2012-ci il, № 150.
8. 15 fevral 2013-cü il tarixli,
559-IVQD
nömrəli qanun - «Respublika» qəzeti, 12 mart
2013-cü il, № 55.
© VneshExpertService
Document Outline
Dostları ilə paylaş: |