İtaliyalı onun da Milanda təcili bir işi olduğunu söylədi. Yekəpər amerikalı qadının
halına acıdı: “Həqiqətən, axmaq bir vəziyyətdir, mem, – dedi. – Bəlkə, qatar
sürətlə getsə, itirilən vaxtı qazanar”, – deyə təsəlli verdi.
İsveçli qadın:
– Hələ mənim bacım, bacım uşaqları! Onlar məni qarşılayacaqdılar, – deyib
ağlamağa başladı. – Onlara xəbər yollaya bilməyəcəyəm. Nə düşünəcəklər?
Başıma bir fəlakət gəldiyini sanacaqlar.
Mari Debenham:
– Burada nə qədər qalacağıq? – deyə soruşdu. – Bilən varmı? – Səsində səbirsizlik
vardı.
Ancaq Puaro qızın ”Toros ekspress“i dayandığı zaman olduğu qədər təlaşlı və
həyəcanlı olmadığını hiss etdi.
Xanım Habbard təkrar dil boğaza qoymadı:
– Bu qatarda heç kim heç nə bilmir. Bir çarə tapmağa çalışan da yoxdur. Bu
xaricilərdən bundan artıq nə gözləmək olar? Amerikada olsaydı, heç olmasa, nəsə
bir şey etməyə çalışardılar.
Arbetnot Puaroya dönüb, fransızca sözləri ingilislərə xas ləhcəylə çox diqqətlə
söyləyərək danışmağa başladı.
– Vous etes un directeur de la ligne, je crois, monsieur. Vous pouvez nous dire...1
Puaro gülərək onun səhvini düzəltdi.
– Xeyr, xeyr. – İngiliscə cavab verdi. – Mən o deyiləm. Məni dostum müsyö Bukla
qarışdırırsınız.
– Ah, bağışlayın.
– Eybi yoxdur. Belə şeylər olur. Mən indi onun əvvəl qaldığı kupedəyəm.
Müsyö Buk vaqon-restoranda deyildi. Puaro başqa kimlərin əskik olduğunu
görmək üçün ətrafına baxındı.
Knyaginya Draqomirova yox idi. Macar cütlük də gəlməmişdi. Retçetti, onun
ingilis nökərini və alman xidmətçini də görə bilmədi.
İsveçli qadın gözlərini sildi.
– Çox gülüncəm. Ağlamaq yersizdir. Nə olursa olsun, hər şey düzələr.
Ancaq onun bu əsl xristianlıqdan gələn hisslərini paylaşan yox idi o qədər də.
Hektor Makkuin narahatlıqla:
– Hər şey yaxşı və gözəldir, ancaq, – dedi, – ancaq məlum deyil, biz burada hələ
neçə gün qalacağıq!
Xanım Habbard göz yaşları arasından:
– Biz indi haradayıq, bu, hansı ölkədir, bunu bilən varsa, mənə desin, – dedi.
Yuqoslaviyada olduqlarını öyrənincə də:
– Axı bu Balkan ölkələrindən bundan artıq nə gözləmək olar, – dedi.
Puaro Mari Debenhama tərəf döndü.
– Təkcə siz səbirlisiniz, madmazel, – dedi.
Qız xəfifcə çiyinlərini çəkdi:
– Əlimdən nə gəlir?
– Siz əsl filosofsunuz, madmazel.
– Filosof olmaqdan ötrü insanın tərəfsiz olması lazımdır. Mən isə eqoistəm əslində.
Sadəcə olaraq, duyğularımı boş yerə xərcləməməyi, özümü yıprandırmamağı
öyrənmişəm.
Puaroyla danışmaqdan daha çox, yüksək səslə düşünürmüş
təsiri bağışlayırdı. Baxışları belçikalının başı üzərindən keçərək pəncərədən bayıra
axmış, yüksək qar yığınlarına dikilmişdi.
Puaro astadan:
– Sizin güclü xarakteriniz var, madmazel, – deyə mızıldandı. – İçimizdə ən güclü
xarakteri olan sizsiniz, sanıram.
– Nə danışırsınız! Ruhən məndən daha güclü olan birini tanıyıram.
– Və o...
Mari Debenham birdən-birə özünə gəldi: yad bir adamla, özü də bir əcnəbiylə
danışmağının, sanki, indi fərqinə vardı. Gülümsədi. Nəzakətli, amma
qarşısındakıyla arasında məsafə yaradan bir gülümsəmə idi bu.
– Ah... məsələn, bax o yaşlı qadın. Siz, hər halda, onu görmüsünüz. Çox çirkin
yaşlı bir qadındır. Ancaq onda insanı cəlb edən nəsə var. Nəsə kiçik bir şey xahiş
etsin, o saat bütün qatar qaça-qaça onun ayağına gəlib, istəyini yerinə yetirməyə
hazır olur.
– Bütün qatar dostum müsyö Bukun da hər hansı bir arzusunu yerinə yetirməkdən
ötrü qaçaraq gəlməyə hazırdır, – Puaro dedi. – Ancaq bunun səbəbi, onun şirkətin
müdirlərindən biri olmasıdır. Güclü xarakterinin olması deyil.
Mari Debenham gülümsədi.
Günorta yaxınlaşırdı. Bir neçə adam, o cümlədən Puaro vaqon-restoranda qaldı.
Belə bir situasiyada insan kollektiv arasında olub, vaxt öldürmək istəyir. Puaro
xanım Habbardın qızı haqqında və indi rəhmətlik olan əri mister Habbard
haqqında, onun səhərlər durub sıyıq yeməsi və gecələr arvadının toxuduğu
corabları geyinib yatması barədə yeni hekayələri dinləməli oldu.
Puaro isveçli qadının pozuq ingiliscəsiylə missionerlik mövzusunda danışdığı
şeyləri başa düşməyə çalışarkən bələdçilərdən biri ona yaxınlaşdı.
– İcazə verin, sizə bir şey söyləyim, müsyö.
– Buyurun, eşidirəm.
– Müsyö Buk sizə öz hörmətlərini çatdıraraq soruşmaq istəyir, lütfən, bir neçə
dəqiqəliyə onun yanına gedə bilərsinizmi?
Puaro ayağa qalxdı və isveçli qadından üzr istəyərək bələdçinin arxasınca yollandı.
Bu, onların deyil, başqa vaqonun bələdçisi idi, ucaboylu, yekəpər, sarışın bir adam
idi.
Puaronun vaqonunu adlayıb qonşu vaqona keçdilər. Bələdçi qapını döyüb Puaronu
içəri ötürdü. Bu, ikincidərəcəli bir kupe idi, Buk bu kupeni, görünür, irihəcmli
olduğuna görə seçmişdi, lakin buna baxmayaraq, içəri ağzına qədər dolu idi.
Buk üzbəüz tərəfdəki küncdə kiçik kresloda oturmuşdu. Pəncərənin yanındakı
küncdə balacaboylu, tökməbədənli, qarayanız bir adam vardı, bayıra, qarlara
baxırdı. Ortada uca boy-buxunlu bir adam olan mavi uniformalı qatar rəisi ilə
İstanbul-Kale yataqlı vaqonunun bələdçisi dayanaraq Puaronun keçməsinə mane
olurdular.
Buk:
– Ah, əziz dostum, nəhayət ki! – deyə bağırdı.– İçəri gəlin. Sizə ehtiyacımız var.
Pəncərənin önündəki adam yana çəkildi. Puaro gedib dostunun qarşısında oturdu.
Bukun üzündəki ifadədən qeyri-adi bir hadisə baş verdiyini anlamışdı.
– Nə olub? – deyə soruşdu Puaro.
– Heç soruşmayın! Əvvəlcə bu qarbasması və məcburi dayanma. Və indi də bu!...
Müsyö Bukun səsi yarıda kəsildi, yataqlı vaqon bələdçisi isə boğulurmuş kimi
əcaib bir səs çıxardı.
– İndi də nə?
– İndi də kupelərin birində ölü bir yolçu yatağında yatır. Bıçaqlayıblar onu.
Bukun sakit səsində ümidsizlik vardı.
– Bir yolçu dediniz? Hansı yolçu?
– Bir amerikalı. Onun adı... – Qarşısındakı siyahıya baxdı. – Retçett... Yox səhv
etmirəm... Retçettdir?
Bələdçi udqunaraq:
– Bəli, müsyö, – dedi.
Puaro bələdçiyə baxdı. Kişinin üzü kirəc kimi ağappaq idi.
– İcazə verin, bələdçi otursun, – dedi. – Bu saat bayılacaq.
Dostları ilə paylaş: |