SEVİL
Ermənilərin Qarayev qısqanclığı
Flora Kərimova Ona çirkab atanlar beynəlxalq
məhkəməyə verilməlidir
Məlum olduğu kimi, 2008-ci il YUNESKO tərəfindən “Qara Qarayev ili” elan
olunub. Gələn il Azərbaycan bəstəkarlıq məktəbinin korifeylərindən olan dahi
bəstəkarın 90 illik yubileyi qeyd olunacaq. Bu ərəfədə isə ermənilər və ermənipərəst
qüvvələr növbəti təxribata əl atıblar. Böyük Britaniyanın ensiklopediyalarından
birində dünya şöhrətli musiqiçi erməni bəstəkar kimi təqdim edilib.
Bundan əlavə, K.Tomovun “Yaradıcı ittifaqlar: sovet bəstəkarlarının peşəkar
təşkilatları, 1939-1953-cü illər” kitabında yerləşdirilən məlumatda da Qara Qarayev
erməni bəstəkarı kimi göstərilib. Bir az öncə isə Qara Qarayevin dünya şöhrətli
“Yeddi gözəl” baletindən olan musiqi parçası “Radio Rossii” kanalında Xaçaturyanın
bəstəsi kimi təqdim edilmişdi. Onu da qeyd edək ki, Britanika ensiklopediyasının
redaksiya heyətinin üzvlərindən biri erməniəsilli Ronald Qriqor Sunnidir. Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinə istinadən www.day.az saytı yazır ki, ensiklopediyanın
Cenevrədə fəaliyyət göstərən əməkdaşları bu ilin iyununda ABŞ-a səfər ediblər və
Kanadadakı Azərbaycan səfirliyinə müraciət edərək ensiklopediyanın abonenti
olmalarını təklif ediblər. Lakin Azərbaycan tərəfi bildirib ki, R.Q.Sunninin
Azərbaycan haqqında təhrif olunmuş informasiyaları haqda rəsmi qaydada təkzib
aldıqdan sonra ensiklopediyaya üzv olmaları mümkündür. Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında bildirib ki, Qara Qarayevin hələ
sağlığında da barəsində məntiqsiz saxtakarlıqlara yol verilib və böhtan atan tərəf
həmişə tutarlı cavabını alsa da, yenə də çirkin əməllərindən geri çəkilmir. Növbəti
addımı da təhrif kampaniyasının yeni mərhələsi adlandırmaq olar. Odur ki, qurumun
mətbuat xidmətindən veilən xəbərə görə, nazirlik Böyük Britaniyanın və Rusiyanın
müvafiq təşkilatlarına kəskin etiraz məktubları ünvanlayıb. Məsələyə münasibət
bildirən müğənni Flora Kərimova təxribatı Qara Qarayevin 90 illik yubileyi ərəfəsində
süni çaxnaşma törətmək cəhdi kimi qiymətləndirdi: “Qara Qarayevin kim olduğunu,
hansı xalqın yetirməsi olduğunu bütün dünya yaxşı bilir. Sovet ensiklopediyasında da
bu barədə təsdiq olunmuş məlumatlar var. Erməni tərəfi hər dəfə belə gülünc addımlar
atdıqca özünü həm də ifşa edir. Qarayevi mənfur millətin nümayəndəsi kimi təqdim
etmək ona çirkab atmaqdır. Bu məsələlərə laqeyd yanaşmaq olmaz. Belə iftira ilə
məşğul olanlar beynəlxalq səviyyədə məhkəməyə cəlb olunmalıdır. Bu problemi
Azərbaycan arealından dünya miqyasına çıxarmaq lazımdır və tələb etmək gərəkdir ki,
belə növbəti yanlışqlar edilməsin. Əks təqdirdə bu məsuliyyətsiz, çirkab dolu
hərəkətlər davam edəcək”. Qeyd edək ki, Q.Qarayevin dünya səviyyəsində lazımi
şəkildə təbliğatının aparılmadığını demək düzgün olmazdı. Bəstəkarın əsərləri
vaxtaşırı dünya şöhrətli musiqiçlərin repertuarına daxil olur. Azərbaycanlı ifaçılar
beynəlxalq səviyyədə çıxışları zamanı onun musiqilərini ifa edirlər. Bundan başqa
www.qara-qarayev.musigi-dunya.az saytında onun haqqında yetərincə geniş məlumat
var. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olan dahi
bəstkarın yüzlərlə yetirməsi var və onlar Qarayev irsini dünyaya tanıtmaq yönündə
işlər görüblər. Lakin görünür, bu işlər yetərincə deyil ki, Azərbaycan xalqının
görkəmli oğluna qarşı hələ də qısqanc münasibətlər yaşanmaqdadır.
Yeni Musavat.‐2007.‐27 avqust.‐S.13.