10
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
olmayan şəxslər ədalət mühakiməsinə zəruri çıxış imkanlarını təmin etmək naminə məhkəmə
xərclərindən azad olunurlar. Bundan əlavə, hər bir təqsirləndirilən şəxsə müdafiə hüququnun təmin
olunacağı qarantiyası verilir [9]. Qeyd olunan məsələlərin Xartiya səviyyəsində nəzərdə tutulması
o deməkdir ki, bütün AB ölkələri bu şərtlərə dönmədən əməl etməlidirlər.
Hazırkı tədqiqiat üçün maraqlı olan aspektdə AB ölkələrinin konstitusiyaları ilə yanaşı, digər
ölkələrin müvafiq konstitusion normalarınının analizi məqsədəuyğudur. Ümum dünya təcrübəsini
mümkün qədər əhatə etmək üçün, müxtəlif kontinentlərdə yerləşən ölkələrin təcrübəsinə müraciət
edəcəyik.
Məsələn, Yaponiya Konstitusiyasının 37‐ci maddəsinə görə, cinayət işləri üzrə təqsirləndirilən
şəxslər istənilən halda yardım üçün peşəkar vəkilə müraciət edə bilərlər; təqsirləndirilən şəxs bunu
etməyə özü qadir olmadıqda, vəkil dövlət tərəfindən təyin olunur [10].
Hindistan Konstitusiyasının 39‐cu maddəsi “Hər kəs üçün bərabər ədalət mühakiməsi və
ödənişsiz hüquqi yardım” adlanmaqla belə bir mətni təsbit edir: “Dövlət ədalət mühakiməsini hər
kəsə bərabər imkanlar əsasında təmin edir. Müvafiq qanunvericilik aktarı və ya proqramları yaxud
digər üsullarla yaradılmış qarantiyalar ədaləti təmin etməli və hər hansı vətəndaşa iqtisadi və ya
digər xarakterli imkansızlığı üzündən huquqi yardım göstərilməməsi hallarını istisna etməlidir
[11].
İsveçrə, Norveç və digər zəngin və yüksək inkişaf etmiş ölkələrin “əsas qanun”larına baxdıqda
belə, bu hüququn qüvvəsinin məhz insanın maliyyə vəziyyəti ilə əlaqləndirildiyini görürük. Belə ki,
məsələn, İsveçrə Konstitusiyanın 29‐cu maddəsinin 3‐cü hissəsində göstərilir ki, kifayət qədər
vəsaiti olmayan hər kəs sərbəst hüquqi yardım almaq hüququna malikdir. Bundan başqa, hər kəs
öz hüquqlarının müdafiəsi üçün zəruri olan hədlərdə ödənişsiz hüquqi təmsilçilik hüququna
sahibdir [12].
Yuxarıda sadalanan ölkələr arasında İsveçrə hüquqi yardım almaq hüququnun konstitusion
səviyyədə ən əhatəli şəkildə tənzimləndiyi ölkə kimi qeyd oluna bilər. Konstituion normalar bu
hüququ nə hansısa məhkəmə işləri, nə də yardımın konkret növü ilə məhdudlaşdırmır. Bütün
mümkün hallar üçün əsas şərt, şəxsin ödəniş qabiliyyətinə malik olmamasıdır. Fikrimizcə, bu cür
yanaşma ən düzgün və məntqili variantdır, belə ki, şəxs müvafiq xidmətlərə görə ödəniş etmək
iqtidarındadırsa, bu zaman dövlətin xərc çəkməsi haqlı olaraq istina edilir. Yox əgər şəxsin kifayət
qədər maliyyə resursu yoxdursa, nəinki məhkəmə işlərinə baxılmasında, habelə hüquqi məsələlər
üzrə məsləhətlər almasını dövlət hesabına təmin etmək məqbuldur, çünki məhz bu cür
məsləhətləşmələr bir çox hallarda hüquqi münasibətlərin məhkəmə səviyyəsinə çatmadan məqbul
şəkildə həllinə zəmin yaradır və əks halda yarana biləcək daha böyük xərclərin qarşısını alır.
Braziliya Konstitusiyanın 5‐ci maddəsinin LV hissəsində göstərilir ki, məhkəmə və ya inzibati
proseslərin tərəflərinə və ittiham altında olan bütün şəxslərə vaxtında və tam müdafiə hüququ,
habelə bunun üçün zəruri olan imkan və vasitələr təmin edilir. Eyni maddənin LXXIV hissəsində
isə göstərilir ki, maddi ikanlarının yetərsiz olduğunu sübut edən hər kəsə hüquqi yardım dövlət
tərəfindən ödənişsiz qaydada təqdim olunur [13]. Maraqlıdır ki, Braziliyada əhalinin həyat səviyyəsi
İçveçrədəki kimi yüsək olmasa da, dövlət öz vətəndaşlarına istənilən növdən olan hüquqi yardıma
konstitusion qarantiya verir. Bu hal insan hüquq və azadlıqlarının dövlət tərəfidən yüksək səviyyədə
qayğı və müdafiəsinə dəlalət edir.
Ukrayna Konstitusiyasında bu hüququ tənzimləyən 59‐cu maddə hər kəsin hüquqi yardım
almaq hüququna malik olduğunu bəyan edir, habelə göstərilir ki, qanunla nəzərdə tutulmuş hallarda
bu hüquq əvəzsiz qaydada təqdim edilir. Hər kəs öz hüquqlarının müdafiəsi üçün vəkil seçimində
sərbəstdir. İttihamdan müdafiə hüququnun təmin edilməsi, məhkəmələrdə və digər dövlət
orqanlarında işlərin baxılması zamanı hüquqi yardımın təqdim edilməsi üçün Ukraynada Vəkillər
Kollegiyası fəaliyyət göstərir [14]. Konstitusiya hüquqi yardım almaq hüququnu genişləndirici
norma ilə nəzərdə tutmasına (hüquqi yardımın konkret növləri ilə məhdudlaşdırmır) rəğmən,
maraqlıdır ki, bu hüququ təmin edən subyektlərin dairəsini faktiki olaraq məhdudlaşdırır.Belə ki,
təminat mexanizminin Vəkillər Kollegiyası ilə əlaqələndirilməsi bu işin yalnız kollegiya üzvü olan
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
11
vəkillərlə aid edilməsi anlamına gəlir. Lakin Ukrayna Konstitusiya məhkəməsi müvafiq qərarında
bu məsələni şərh edərkən qeyd etmişdir ki, “...məhkəmələrdə və digər dövlət orqanlarında işlərin
baxılması zamanı hüquqi yardmın təqdim edilməsi üçün Ukraynada Vəkillər Kollegiyası fəaliyyət
göstərir” cümləsi şəxsin hüquqi (yuridik) yardım almaq üçün öz mülahizəsi ilə vəkil seçmək
hüququnu nəzərdə tutur; bu norma, əgər Ukrayna qanunları ilə konkret məhdudiyyətlər
göstərilməmişdirsə, hüquqi yardım üçün digər şəxslərin yardımından istifadə imkanlarını istisna
etmir [15]. Göründüyü kimi, Ukrayna Konstitusiyası Vəkillər Kollegiyasına göndəriş etsə də,
Konstitusiya Məhkəməsinin qərarı bu hüququn yalnız Vəkillər Kollegiyası ilə məhdudlaşdırılmasını
təkzib edir. Bu hal konstitusion normalar və onların rəsmi şərhi arasında ziddiyət kimi görünə bilər.
Fikrimizcə, məhz Konstitusiya səviyyəsində hüquqi yardım işinin bütün subyektlərinə aid edilməsi
daha məntiqli olardı.
Rusiya Federasiyasının Konstitusiyası da hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququnu
genişləndirici mənada qarantiya altına alır. Belə ki, qanunla nəzərdə tutulmuş hallarda hüquqi
yardımın ödənişsiz əsaslarla göstərildiyi təsbit olunur. RF Konstitusiyanın 48‐ci maddəsinə uyğun
olaraq, saxlanılmış, həbs olunmuş, cinayət törətməkdə ittiham olunan hər kəs saxlanıldığı, həbs
olunduğu, yaxud ittihamın elan edildiyi andan vəkilin (müdafiəçinin) yardımından istifadə etmək
hüququna sahibdir [16].
Beləliklə, başqa ölkələrin analoji konstitusion normalarının müqayisəli təhlili bizə bu qənaətə
gəlməyə əsas verir ki, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquqi yardm almaq
hüququnu kifayət qədər yüksək səviyyədə tənzim edir. Konstitusiyanın 61‐ci maddəsi hər kəsin
yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna malik olduğunu və qanunla nəzərdə tutulmuş
hallarda bu hüququn ödənişsiz, yəni dövlət hesabına göstərildiyini təsbit edir. Maddənin III hissəsinə
görə, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət
törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Lakin bu norma ödənişsiz hüquqi yardım almaq hüququnun yalnız cinayət işləri ilə
məhdudlaşdırılmasını müəyyən etmir, sadəcə olaraq, cinayət işləri üzrə hüquqi yardım almaq
hüququnun hansı andan işə düşdüyünü göstərir. Başqa sözlə, Azərbaycan Respublikasının
Konstitusiyası hüquqi yardım almaq hüququnu hüquqi yardımın konkret növləri ilə
məhdudlaşdırmır.
Beləliklə, araşdırmanın nəticələrini aşağıdakı kimi xülasə edə bilərik. Əvvəla qeyd edək ki,
müxtəlif kontinentlərdə yerləşən ölkələrin təcrübəsinə müraciət etməklə biz bu hüquqla bağlı dünya
reallıqlarını mümkün qədər geniş əhatə etməyə çalışdıq. Aydın oldu ki, ölkələrin bir‐birindən coğrafi
uzaqlığı, fərqli dövlət quruluşları, hər birinin öz unikal konstitusiya tarixi, mədəni və sair fərqlərin
mövcudluğuna rəğmən, bu vacib sosial‐hüquqi faktor, yəni aztəminatlı insanların ödənişsiz hüquqi
yardımla təmin olunma məsələsi bütün dünya ölkələrinə xas olan universal dəyərdir, hər bir ölkənin
qanunvericiliyində bu və ya digər formada təsbit edilmişdir.
Qanunvericilik sistemləri nəzərdən keçirilən bir çox ölkələrdə, xüsusən Avropa Birliyi
ölkələrinin konstitusiyalarında ödənişsiz hüquqi yardım almaq hüququnun mühakimə icraatı
çərçivələri ilə məhdudlaşdırıldığını görürük, bununla belə, mühakimə icraatına aid olmayan
məsələlərdə də bu hüququn realizəsi imkanları mövcuddur. Bunlar müvafiq qanunvericilik
aktlarında detallı şəkildə tənzim edilir. Ümumi qaydalar belədir ki, hüququi yardıma ehtiyacı olan
şəxslərə bu hüququn ödənişsiz təqdim olunması üçün riayət edilməli müəyyən prosedurlar tətbiq
olunur. Xüsusən, şəxsin ödəniş qabiliyyətinə malik olmamasının müəyyən edilməsi: gəlirlərin (rəsmi
maaş, müavinətlər, digər hər hansı yolla əldə olunan pul vəsaitləri, pula çevrilə bilən əmlak və digər
aktivlər) və hər cür əsaslı xərclərinin aşkar olunması; ödənişsiz hüquqi yardıma iddia edə şəxsin
öhdəliklərinin təmin edilməsi, habelə nəzərə alınmalı olan digər şərtlər (ailə vəziyyəti, himayəsində
olanların sayı və sair məslələr).
Son olaraq qeyd edək ki, hər kəsin hüquqi yardım almaq hüququnu tənzim edən konstitusion
normaların maksimal keyfiyyət və effektivlik şərtlərinə nail olmaq üçün bu normalar hüquqi
yardımın konkret növləri ilə məhdudlşdırılmamalı, onun hər cür mümkün növlərini əhatə etməlidir.
Fikrimizcə, yalnız bu halda yüksək qanunvericilik texnikasına nail olmaq və müvafiq hüquq
münasibətlərinin effektiv fəaliyyətini təmin etmək mümkündür.