43
Film Fiction | Yanvar, №5
KOSMOS
Film: Kosmos
Rejissor: Reha Erdem
Ölkə: Türkiyə- Bolqarıstan
Janr: Fantaziya, art xaus, dram
İl: 2009
İMDB xalı: 7.2
Film Fiction xalı: 8.5
Son illərin ən gözəl art xauslarından biri.
Reha Erdemin illərdən sonra böyük kinoya
qayıtması həqiqətən əla alındı. “Həyat var”
filminin ardınca “Kosmos” filmi ilə nəyə qadir
olduğunu bir daha sübut etdi.
Filmin xronometrajı 122 dəqiqə olsa da
hadisələr bir göz qırpımında, həm də qarışıq
şəkildə cərəyan edir. Utopik bir film də
adlandırmaq olar “Kosmos”u. Reha Erdemin bu
filmi kinomanlara Paolo Pazolininin
“Teorema”sını, Trierin “Doqvill”ini xatırladacaq.
İndi isə bir az ətraflı...
Dağları aşaraq təngnəfəs bir nəfər kəndə
doğru qaçmaqdadır. Bu zaman çaya düşən bir
uşaq görünür. Həmin bir nəfər bu uşağı xilas
edir. Uşağın bacısı isə qardaşının çayda
boğulduğuna əmin olduğundan bu naməlum
insanın qardaşını diriltməsini, bu insanın şəfalı
olması xəbərini verir atasına. Və beləliklə
naməlum, özünü Kosmos kimi təqdim edən
qonaq sərhəddə yerləşən kiçik bir kəndin
sevimlisinə çevrilir. Bir-birinin ardınca xəstəliyi
olan insanlara şəfa verən Kosmosu heç vaxt
yemək yeyərkən, yatarkən görmək mümkün
deyil. Qidası ancaq bol şəkər və çaydı. O
asanlıqla yüksək ağaclara dırmaşa, ən nazik
budaqlarında rahatlıqla otura bilir. Xilas etdiyi
uşağın bacısı ilə isə aralarında mənəvi bağlılıq
yaranır. Bir-birilərini quş səsləri çıxararaq
axtarır və heyvanlar kimi oynayırlar. Kəndin hər
insanı onu tanıyır və bu çox kiçik kənd get-gedə
onu sıxmağa başlayır. Kömək etdiyi insanlarda
axtardığı sevgini görmür. Özünü Allah qonağı
adlandırsa da insanlar onunla ünsiyyətdən, onu
anlamaqdan qaçırlar. Beləliklə anlaşılmazlıqlar
yaranır və bu anlaşılmazlıqlar dözülməz həddə
çatmağa doğru gedir.
Kosmos obrazında Reha Erdemin nəyi və
ya kimi anlatmaq istədiyi tam açıqlanmır. Ən
maraqlısı odur ki, rejissor bu filmdə Freyd və
Nitşe fəlsəfəsini ortaq nöqtəyə gətirib
Kosmosun obrazı ilə. Sevginin hər şeyə qadir
olmasını anlatmağa çalışan qəhrəman həm də
insanın heyvandan fərqini tapmaqda acizdir.
Yəni demək olmaz ki, Kosmos necə bir insandır.
Yaxşı ya pis. Onda bu xüsusiyyətlər yoxdur.
Haradan gəldiyi məlum deyil, hara
gedəcəyi də bilinmir. Tərki dünya bir halı var və
asanlıqla hər kəsin rəğbətini qazana bilir. Film
olduqca gözəl alınıb. Təsadüfi deyil ki, 2009-cu
il “Antalya film festivalı”nda film “Ən yaxşı film”,
“Ən yaxşı rejissor”, “Ən yaxşı görüntü rəhbəri”,
“Özəl jüri mükafatı” nominasiyalarında laureat
oldu. Bundan başqa daha 3 beynəlxalq film
festivallarında qalib oldu. Bir maraqlı faktı da
nəzərinizə çatdırım ki, filmdə “Daşlı qala”
mahnısından elə azəricə istifadə olunub. Əgər
qarlı qış, uzun və qarmaqarışıq art xaus
həvəskarısınızsa, bu film izlənməsi gərəkən
ekran əsəridir.
44
Film Fiction | Yanvar, №5
Ben X
Film- Ben X
Rejissor- Nik Baltazar
Ölkə- Belçika
Janr- Psixoloji, dram
İl: 2007
İMDB xalı- 7.5
Film Fiction xalı: 8.0
2007-ci il istehsalı olan filmin rejissoru
Nik Baltazardır. Filmin ssenarisi elə rejissorun
“Nothing Was All He Said” romanı əsasında
ekranlaşdırılmışdır. Rejissor müsahibələrindən
birində qeyd edib ki, romanı real hadisələrə
əsaslanaraq yazıb. Mükafat sarıdan kasad olsa
da, film çox uğurlu alınıb. Qeyd edim ki, bu
rejissor kimi Nikin ilk və hələ ki uzun metrajlı
film kimi tək işidir.
“Ben X” psixoloji yüklü çox ağır bir
filmdir. Film Ben adlı autizm xəstəsi olan bir
oğlanın başına gələnlərdən bəhs edir. O
ətrafındakı həmyaşıdlarından çox seçilir.
Həddindən çox özünə qapalı biridi. Elə bu da
onu ətrafındakılardan fərqləndirir. Həyatının
çox hissəsini “Ben X” niki ilə qeydiyyatda olduğu
“ArchLord” adlı onlayn oyunu oynamaqla
keçirir. Həyatında ona ən yaxın olan biri oyunda
onunla birgə iştirak edən, realda heç vaxt
görmədiyi Skarlet adlı bir qızdır. Ben həddən
artıq bu oyuna qapılır. Hətta real həyatı da
oyunun bir hissəsiymiş kimi təsəvvür edir. Artıq
hər kəsdən bezib. Hər günü eyni səhərlə açdığı
anasından, böyük qardaşlıq etməyə məcbur
olduğu balaca qardaşından, heç vaxt ona lazımi
anlarda nə məsləhət verəcəyini bilməyən
atasından.
Ben “Archlord”da ən güclü, sayılıb
seçilən oyunçulardan biridir. Lakin real
həyatında heç də belə biri deyil. Belə olmağa
özünü məcbur etsə də autizm xəstəsi
olduğundan bu ona istədiyi kimi olmağa imkan
vermir. Məktəbdə hər kəs ona lağ edir, onu ələ
salır, heç kim dostluq etmir. Ən çox onu narahat
edən isə məktəbin Desmet və Boqert adlı ən
avara uşaqlarıdı. Hər dəfə ona qarşı sərt hərəkət
etsələr də, iyrənc zarafatları ilə Beni bezdirsələr
də Ben həmişə susur. O heç kimi dinləmir, heç
kimlə danışmırdı. Artıq hər şeydən cana
doymuşdu. Və o ölmək istəyirdi.
Valideynləri uşaqlıqdan onun
digərlərindən fərqli biri olduğunu anlamışdılar.
Buna görə də onu bir çox psixoloq, həkim
yanına aparmışdılar. Ben əqli cəhətdən heç
kimdən geri qalmırdı. Əksinə onun hər kəsdən
üstün zəkası var idi. Amma özü ola bilmirdi.
İstədiyi kimi biri olmaq?! Bunun üçün addım ata
bilməyəcək qədər qorxaq, cəsarətsiz biri idi,
“Ben X” kimi virtual dünyada çox güclü biri olsa
da. Amma hər şey bir gün dəyişir. Skarletin
onunla görüşmək istəməsindən sonra hər şey
dəyişir.
Filmdə baş verən hadisələr o qədər də
real həyatınızda gördüklərinizdən fərqlənmir.
Hər yerdə “Ben” kimi insanlar var. Bəlkə elə siz
də onlardan birisiniz və ya əksinə onun kimiləri
qəbul etməyib uzaqlaşanlardan, yaxud Desmet
və Boqert kimi belə insanları alçaldanlardan.
Fərq etmir siz bu personajlardan hansına
bənzəyirsiniz. Çünki bu filmdə hamının dərs
götürə biləcəyi şeylər var. Filmə baxmaq
lazımdı. Və baxarkən filmin ortalarında artıq
filmin necə bitəcəyini bildiyinizi zənn
edəcəksiniz. Amma film sizin düşündüyünüz
kimi bitməyəcək. Ona görə də sona kimi baxın.
45
Film Fiction | Yanvar, №5
ALLEGRO
Film: Alleqro
Rejissor: Kristoffer Boe
Ölkə: Danimarka
Janr: Art xaus / Mistika / Psixoloji dram
İl: 2005
İMDB xalı: 6.6
Film Fiction xalı: 8.0
Əvvəlcə sizə bir qədər filmin rejissoru
Kristoffer haqqında məlumat verim. Bu rejissor
özünəməxsus dəstxətti və psixoloji müəllif
filmləri çəkməsi ilə tanınır. Böyük kinoya qısa
metraj filmlərlə gələn rejissor “Yenidənqurma”
(Reconstruction) filmi ilə məhşurlaşıb. Az büdcə
ilə gözəl sənət əsərləri yaratmağa qadirdi.
Filmləri gərgin psixoloji aura və monoxron
effektli operator işi ilə seçilir. Kameranın daim
hərəkətdə olması DOQME, xüsusən Lars Von
Trier üslubunu xatırladır.
Bu filmi də nağıl kimi danışan kəs var
tamaşaçıya. Bu dəfə qəhrəman pianoçu
Zetterströmdür. Zetterström Andrea adlı bir
qadına aşiqdir. Lakin ona naməlum qalan səbəb
üzündən Andrea onu tərk edir. Zetterström isə
yaşadığı Kopenhageni tərk edib, uğur ardınca
yollanır. O böyük uğurlar qazanır. Məşhur
pianoçu kimi hər yerdə sevilir. Andreanı da
unudur. Büsbütün unudur. Ona öz pianosu
kömək edir. Unudulanlar arasında çox şey var.
Zetterström isə bunların fərqinə belə varmır.
Sadəcə yaşayır və həyatın mənasını pianoda
görür. İllər keçib. İndi Kopenhagendə, dəqiq
desək Kopenhagenin Zetterström yaşayan
ərazisində naməlum, mistik “Zona” yaranıb. Bu
zona 3 küçəni əhatə edir və ora giriş-çıxış
mümkün deyil. Adrea da məhz “Zona”da qalan
insanlar arasındadır. Bir gün Zetterströmun
yanına bir nəfər gəlir və Kopenhagendə baş
verən qəribə hadisə haqqında danışır. O, inadla
Zetterströmu inandırmağa çalışır ki, “Zona”da
baş verənlərlə pianoçunun keçmişi birbaşa
bağlıdır. Zetterström bu xəbərin düzgünlüyünü
araşdırmaq üçün illər sonra Kopenhagenə
konsert vermək bəhanəsi ilə qayıdır. “Zona”da
baş verənləri anlamaq isə ona heç də asan deyil.
Keçmişi unutmaq, ya sadəcə yada salmaq
istəməmək? Bunlardan hansı daha doğrudur?
Vaxtında deyilməyən sözlər insana bəzən bir
ömür bahasına başa gəlir. Sonda Andreanın
Zetterströmü tərk etmə səbəbi, “Zona”nın
mənası tamaşaçıya məlum olur. Heç bir “happy
end” olmadan, real bir hadisə kimi də başa çatır.
Adi bir ayrılıq dramına qeyri-adi tərzdə baxmaq
istəyirsinizsə bu gərgin atmosferdə keçən
qarmaqarışıq film tam sizlikdir.
46
Film Fiction | Yanvar, №5
Tree of Life
Film: Həyat ağacı
Rejissor: Terens Malik
Janr: Dram
Ölkə: ABŞ
İl: 2011
İMDB xalı: 7.1
Film Fiction xalı: 8.5
Filmin ideyası Terens Malikin ağlına hələ
70-ci illərin sonunda gəlmişdi. Onda filmin adı
da “Həyat ağacı” deyil, “Q” idi. 2006-cı ildə
filmin çəkilişlərinə başlandı. Baş rolları Mel
Gibson və Kolin Farel canlandıracaqdı. Amma
filmin çəkilişi sonradan dayandı. 2007-ci ilin
oktyabrında isə filmin yenidən çəkilməsinə
qərar verildi. Bu dəfə baş rolları Şon Penn və Hit
Ledcer ifa edəcəkdilər. Lakin Hit Ledcerin
ölümü onun rolunu Bred Pitə nəsib etdi.
68 yaşlı rejissorun bu filmi ötən ilin Kann
festivalında baş mükafatı “qızıl palma budağı”nı
qazandı.
Haqqında ətraflı nəsə yazmaq üçün deyil
bu film. Bir insanın taleyidi. Onun əmələ
gəlməsi, doğuluşu, böyüməsi və tərbiyəsi.
Filmdəki hadisələr 11 yaşlı uşağın gözü ilə
verilir. Uşaq böyümək ərəfəsində suallara özü
cavab axtarır. Valideynlərinin, qonşularının,
qardaşlarının sayəsində qayğı, sevgi, “olar”-
“olmaz”ları qavrayır. Bu ona o qədər də xoş
deyil. Çünki ona xoş olan şeylər “olmazlar”dı,
qadağalardı. Bu isə onu qəddar edə bilər.
Nə zaman dincəlmək, ruhunuzu
rahatlatmaq istəsəniz bu filmə baxın. Çalışın
sakit aurada baxasınız. Terens Malik həyatı
boyu cəmi 6 film çəkib. Rejissor bu filmi ilə
sanki illərlə hamıdan gizli topladığı duyğular
kompozisiyasını, bütün potensialını ortaya
qoyub. Mükəmməl bir film ərsəyə gətirib. 138
dəqiqəlik uzun musiqi kimi gələcək bu film sizə.
Heç bir gözlənilməz sonluq filan olmadan da
bitəcək. Filmin estetikası, fəlsəfəsi, önəmi
haqqında uzun-uzadı danışmaq olar. Həqiqətən
son illərin ən gözəl filmlərindən biridi. Ən
başlıcası film nəinki uşaqlara, yaşından asılı
olmayaraq hər bir tamaşaçıya gözəl tərbiyə verə
bilər. Ağıllı filmdir.
P.S. Sonda bir şeyi qeyd edim. Filmi
ortabab sayanlar yoxdu. Baxanlar iki cür fikir
bildirirlər. Yarısı mükəmməl sənət adlandırsa
da, digər yarısı rejissoru darıxdırıcı, mənasız
kadr yığınında günahlandırır.
47
Film Fiction | Yanvar, №5
Elena
Film: Elena
Rejissor: Andrey Zvyaqinsev
Ölkə: Rusiya
Janr: Art xaus, dram
İl: 2011
İMDB xalı: 7.7
Film Fiction xalı: 9.0
Andrey Zvyaqinsevin filmlərinə baxanlar
yəqin ki, artıq bilirlər ki, bu rejissor öz dəst-
xətti ilə Rusiya sərhədlərini aşmış bir
rejissordur. “Qayıdış”, “Sürgün” kimi gözəl sənət
əsərlərinin yaradıcısı bu dəfə də heyran etməyi
bacardı.
İmkanlı təqaüdçü Vladimir 8 il ona
baxıcılıq etmiş Elena adlı qadınla nigaha girir.
Və artıq bu nigahdan 2 il keçir. Elena Vladimirlə
10 il əvvəl tibb bacısı işlədiyi xəstəxanada tanış
olub və onların hər ikisinin ilk evliliklərindən
övladları var. Elenanın oğlu ailəli və iki uşaq
atasıdır. İşləmir. Onun ailəsini Elena, daha dəqiq
desək Elenanın Vladimirdən aldığı pullar
dolandırır. İndi isə Elenanın nəvəsi məktəbi
bitirib və ali məktəbə girməsə hərbi xidmətə
getməlidi. Buna isə nə valideynləri, nə də nənəsi
Elena razı deyil. Elena nə olur olsun nəvəsini
oxutmaq üçün lazım olan pulları tapmalıdır.
Bunun üçünsə Vladimirlə danışmalıdır. Vladimir
Elenadan heç nə əsirgəmir, heç nə gizlətmir.
Elena Vladimirin seyfinin koduna qədər hər şeyi
bilir. Bu etimadı çoxdan qazanıb. Yeganə
problem isə Vladimirin Elenanın nəvəsinə lazım
olan pulu vermək istəməməsidir. Burada
diqqəti Vladimirə cəmləsək onun haqqlı
olduğunu görərik. “Nə vaxta qədər mən onun
ailəsini dolandırmalıyam? Eşşək boyda adamdı,
getsin canı çıxsın işləsin. Belə etdikcə onları
daha da qudurduruq. Getsin oğlu da əsgərliyini
çəksin. Bərkə-boşa düşsün, bilsin ki, pul
asanlıqla qazanılmır.” Amma Elenanın nənəlik
instinkti onu Vladimiri anlamağa heç cür izn
vermir. Uzun mübahisələrdən sonra Vladimir
pulu ödəyəcəyini söz verir. Elena öz həyatını
çoxdan itirmiş bir insandır və onun üçün “mən”
anlayışı ailəsinə aiddir. Onun üçün oğlu,
nəvələri, gəlini hər şeydir. Vladimirlə 10 illik
dam belə onun bu sevgisini azaltmayıb, əksinə
get-gedə Vladimir ona əngəl olmağa başlayıb. Və
bir gün Vladimir infarkt keçirir. İndi o yataq
rejimində Elenadan asılıdır. Elenanın nəvəsinin
əsgərlik vaxtına isə hər gün daha az qalır.
Vladimirdən söz verdiyi pulu istəyir Elena...
Amma infarkt keçirmiş və xəstəxanada uzun
illərdən sonra sevimli qızı ilə barışan Vladimir
sözünü tutmur. Pulu vermir. Bununla da
hadisələri faciəyə sürdürür...
Filmdə olan 3-4 dəqiqəlik bütöv kadrlar
Nuri Bilge Ceylan filmlərini yada salır. Olduqca
sakit və eyni zamanda təsviri mümkün olmayan
dramatizm yüklü bir filmdi. İlk baxışdan hər şey
sakit baş verir, amma hadisələrin məğzində
insan hissləri, faciəsi, fəryadı gizlənir. Bir
ananın və bir nənənin sevdikləri uğrunda nələrə
qadir olmasını göstərir. Və çox içdən gələn bir
filmdi “Elena”. Sanki kiminsə həyatını izləyirsən.
Filmin kulminasiyası yoxdur. Belə filmlərdə
kulminasiya olmur. Amma sonda bir kadr var.
Həmin kadrın məhz o cür çəkilməsinə görə və
filmin məhz bu cür bitdiyinə görə rejissoru ayaq
üstdə alqışlayıram. Rejissor həmin kadrla mesaj
verib. Yəni bu cür də ola bilərdi amma olmadı.
Yəni sadəcə bitmədi. Davam etdi... Baxanda
anlayacaqsız hansı kadrdan söhbət gedir.
Şiddətlə tövsiyyə edirəm bu filmi sizə hörmətli
film sevərlər. Əminəm ki, zövqünüzü oxşayacaq.
Film “Kann”da təqdim olundu və “Jüri prizi”
(Böyük Jüri mükafatından söhbət getmir)
qazandı.
48
Film Fiction | Yanvar, №5
AFİŞA
Ölkə: Böyük Britaniya
İl: 2010
Rejissor: Reyf Fayns
Baş rollarda: Reyf Fayns,Cerard Batler, Brayan Koks ,Vanessa
Redqreyv
Janr: triller, dram, tarix
Kinoteatr: Park Cinema, Azərbaycan kinoteatrı
1 fevrala kimi seansda
Şekspirin məşhur faciəsinin müasir ekranlaşdırılması...
Ölkə: ABŞ
İl: 2012
Rejissor: Juli Enn Robinson
Baş rollarda: Ketrin Xayql, Ceyson O’Mara, Con Lequizamo,
Deniel Sanjata
Janr: savaş, triller, komediya, kriminal
Kinoteatr: Park Cinema, Azərbaycan kinoteatrı
1 fevrala kimi seansda
Keçmişdə qadın alt paltarı satan Stefani Plam özünə yeni iş
tapıb.O kişi ovuna çıxır ki, böyük məbləğdə mükafat qazansın.
Onun əsas silahı-qadın intuisiyası və hündür kabluklu
dəbdəbəli tuflilərdir. Lakin, hətta onlar, onun əsas məqsədi
olan, arzuların kişisi qarşısında acizdir. O gözəldir,
hazırcavabdır, çox təhlükəlidir, həm də o Stefaninin keçmiş
sevgisidir.
49
Film Fiction | Yanvar, №5
Ölkə: ABŞ
İl: 2011
Rejissor: Ceyson raytman
Baş rollarda: Şarliz Teron, Petton Osvalt, Patrik Uilson,
Elizabet Rizer
Janr: drama, komediya
Kinoteatr: Park Cinema
1 fevrala kimi seansda
Yeniyetmələr üçün romanlar yazan və doğma şəhərə, artıq
evlənmiş sevgilisinin axtarışına çıxan, yazıçı xanım haqqında
traqkomediya.
Ölkə: Fransa
İl: 2011
Rejissor: Olivye Marşal
Baş rollarda: Jerar Lanven, Çeki Kario, Daniel Düval, Dimitri
Storoje
Janr: drama, kriminal
Kinoteatr: Park Cinema
1 fevrala kimi seansda
70 illərdə asanlıqla bankları qarət edən, Fransanın ən məhşur
quldur dəstəsinin tarixi.
50
Film Fiction | Yanvar, №5
Ölkə: ABŞ
İl: 2012
Rejissor: Stiven Soderberq
Baş rollarda: Cina Karano, Uen MakQreqor, Maykl Duqlas,
Antonio Banderas
Janr: savaş, triller
Kinoteatr: Park Cinema, Azərbaycan kinoteatrı
1 fevrala kimi seansda
Mellori Keyn-xüsusi agentdir. O gəncdir, ağıllıdır və gözəldir.
Vaxtaşırı beynəlxalq xüsusi xidməti rəhbəri, Kennet onu
tapşırıqların yerinə yetirilməsi üçün çağırır. Bəzən bu
tapşırıqların hökümət tərəfindən həyata keçirilməsi üçün
icazəsi olmur. Lakin bir neçə əməliyyat uğursuzluqla
bitdiyindən sonra, Mellori başa düşür ki, ikili oyunun
piyadasıdır. Bütün istedadını, təcrübəsini istifadə edərək, o
gərək beynəlxalq axtarışdan gizlənsin, satqınlığa görə qisasını
alsın və öz ailəsini müdafiyə etsin...
Ölkə: Russiya
İl: 2011
Rejissor: Vladimir Toropçin
Baş rollarda: Nikita Efremov, İvan Oxlobıstin, Artur
Smolyaninov, Liya Axedjakova
Janr: cizgi, ailəvi
Kinoteatr: Park Cinema
1 fevrala kimi seansda
Cəngavərlər haqqında trilogiyanın yaradıcılarından. Rus
nağıllarının qəhrəmanlarını yeni sərgüzəştlər, təhlükələr və
məzəli əhvalatlar gözləyir.
51
Film Fiction | Yanvar, №5
VİKTORİNA
Hörmətli oxucular, dekabr sayımızdakı “viktorina” suallarına tam olaraq düzgün cavab verən
yeganə şəxs Elmira Eldarlı oldu. Təbrik edirik! Həmin sualların cavabları ilə sizləri də tanış edirik:
1. “Millət Larri Flinta qarşı” filmində qalmaqallı jurnalın təsis olunmasından söhbət gedir. Həmin
bu qalmaqallı və məşhur jurnalın adı?
Cavab: Hastler
2. “Mənə film nədir soruşanda mən həmişə onun filmlərini misal göstərirəm. Çünki, əsl kino
məhz onun çəkdikləridi mənim üçün.” Bu sözləri rejissor Takeşi Kitano hansı rejissor haqda söyləyib?
Cavab: Akira Kurosava
3.“Ən yaxşı film” nominasiyasında Oskar
qazanmış yeganə “lal” (səssiz) film hansıdı?
Cavab: Qanadlar (The wings)
4. Rejissor Frenk Darabont Stiven Kinqin hansı
əsərinin sonluğunu dəyişərək ekranlaşdırıb?
Cavab: Duman (The mist)
5. Şəkilli sual. Şəkildə gördüyünüz obraz hansı
filmdəndir, obrazın və aktyorun adı nədir?
Cavab: Coker (The Joker)
Cek Nikolson (Jack Nicholson)
Bu dəfəki viktorina suallarının düzgün cavablarını elektron ünvanımıza (
film.fiction@box.az
) ən
tez göndərən oxucumuz Lars Von Trierin filmlərindən ibarət DVD disk qazanacaq. Beləliklə suallar:
1. Andrey Tarkovskinin hansı filminin Hollivud istehsalı remeyki var?
2. Bu aktyor dünya kinosu tarixinə 3395 (!) filmdə rol alması ilə düşüb. Söhbət hansı aktyordan
gedir?
3. Jurnalımızın ilk sayında hansı rejissorla müsahibə təqdim olunmuşdu?
4. “Xöşbəxtlik- yaxşı sağlamlıq və pis yaddaş deməkdir.”- Bu məşhur sözlərin müəllifi hansı
aktrisadı?
5. Kventin Tarantinonun 2011-ci ildə ən yaxşı hesab etdiyi film hansıdır?
Dostları ilə paylaş: |