- 29 -
Bu zahirən tör-töküntü görünən şəxsiyyət əslində çox güclü iradə, dözüm və
ürəyə malik idi. Bəli, şəxsiyyət. Çünki, Alik həqiqətən bir adi insanın təsvir edə
bilməyəcəyi çətinlikli həyat dramı qəhrəmanı idi. Bu gün burda ölsə idi, heç
kimin vecinə də olmayacaqdı. Nə o qırmızı kirəmitli damın altında yaşayanların,
nə günlərini bu parkda sevişərək keçirən aşiqlərin, nə də hər gün ona araq verən
kafe işçilərinin. Nə də olmasa onlar üçün Aliksiz həyat Alikli həyatdan
fərqlənmir. Kral öldü,yaşasın kral məsəli kimi. Bomj öldü, yaşasın bomj. Nə çox
Bakıda Aliklər...
***
Artıq üç ay idi ki, Toğrul bu göydələn tikintisində fəhləlik edirdi. Rayondan
gələn dörd nəfər iş yoldaşı ilə yataqxanada qalırdı. Eyvazdan və Caviddən fərqli
olaraq onun vəziyyəti daha yaxşı idi. Normal yeyir-içir, çarpayıda yatırdı. Heç
kimə ehtiyac üçün ağız açmırdı. Aldığı maaşla keçinə bilirdi. Hərdən
axşamüstülər təkbaşına şəhəri gəzməyə çıxırdı. Özünə qapanmaq üçün kifayət
qədər vaxtı olurdu. Heç olmadığı dalanlar, tinlər, küçələr isə bitib tükənmirdi.
Bəzən sahibi olduğu mağazalara uzaqdan baxır, gülümsəyirdi. İndiki görkəmində
öz dükanına girib nəsə alsaydı da tanımazdılar onu. Gözlər sanki beyinin idarə
etdiyi fotoaparatdı. Kimi çəkmək istəyir onu görür. Adi, sıradan bir alıcını
"çəkmək" üçün o fotoaparatın vaxtı olmur...
İki gün idi bir kafeyə dadanmışdı. Bu cür, elitadan çox uzaqda olan kafelərdə
demək olar heç olmamışdı və təzə gördüyü mühitdə özünü tapmışdı sanki.
Tapıntılarından biri də,qaldığı yataqxananın ikinci mərtəbəsində yaşayan Günay
idi...
Günay Qubadan Bakıya təhsil almağa gəlmişdi qardaşıyla bərabər. Toğrul ilk
dəfə onu küçədə görmüşdü. Sarışın, göy göz, ağ sifət bu qız Toğrulu özünə bənd
etmişdi elə o ilk dəfədən. Elə o ilk dəfədən Toğrul Günayla tanışlıq üçün
- 30 -
bəhanələr axtarırdı. Çox vaxt saatlarla birinci mərtəbədə, blok girişində dayanar
ikinci mərtəbədəki yaşıl qapının açılmasını gözləyərdi. Əzbərləmişdi bu qapının
səsini. Qapı açılan kimi pilləkanlara qaçardı ki, Günayla üzbə-üz çıxsın. O yuxarı,
Günay aşağı düşərdi. Günay blokdan çıxan kimi isə cəld aşağı düşər, nəzərləriylə
onu yola salardı.Yaxınlaşmağa ürək eləmirdi.Hər halda Toğrulun düşüncəsində
Günay kimi bir qızın yolda kiminləsə danışması, kiminləsə tanış olması
mümkünsüz bir şey idi...Nəsə başqa bir yol olmalı idi. Bir tərəfdən də qardaş
amilinə böyük önəm verənlərdən idi Toğrul. İstəməzdi Günayın qardaşı onu səhv
anlasın.
Adəti üzrə yenə yatıb qalmışdı. İş yoldaşı Nəriman qapıdan "Dur ay Toğrul,
gecikəcəksən" -deyib qışqırdı və qapını çırpıb, getdi. Azər və Rəşad da artıq
getmişdilər. Toğrul birtəhər yataqdan qalxa bildi.
Qapını arxasıyca açarlayıb, açarı həmişə gizlətdikləri ayaqaltı əskisinin altına
qoydu. Pilləkanları 2-2 düşüb,blokdan çıxdı...Əlini cibinə atdı siqaret üçün və
siqareti yatağının altında unutduğu yadına düşdü. Evə çıxmağa tənbəlik etdi. Odur
ki,dükana getməyi qərarlaşdırdı. Dükana girəndə Günayı gördü orda. Ağ
köynəkdə, qara qısa ətəkdə. Saçını yığmışdı arxadan...Toğrul gözünü çəkə
bilmirdi bu gözəllikdən. Satıcı qadın narazı halda nəsə deyinir, Günaya nəsə başa
salmağa çalışırdı. Günay isə çox sakit səslə satıcıya cavab verirdi. Pərt olmuş, bir
az da əsəbi siması var idi. Satıcı qadın isə get-gedə səsini ucaldırdı. İndi aydın
başa düşülürdü onun dedikləri. Günaygili dükana borclu idilər və borclarını
ödəməyə söz verdikləri tarix keçdiyindən satıcı qadın Günaya heç nə vermək
istəmirdi. Toğrul da əsəbləşdi bu mənzərəyə. Günay xahiş etdikcə, satıcı qadın
daha da üstünə qoyurdu minnətləri, uca notları. Nəhayət bu mübahisəyə Günay
son qoyub dükandan çıxdı.Toğrul satıcıya yanaşıb Günaygilin borcunu soruşdu.
Satıcı tərs-tərs Toğrula baxıb, üzünü elə turşutdu ki, elə bil var-yoxunu
söymüşdülər üzünə. Vərəqləri çək-çevir edib dodaqaltı mızıldadı:
-68 manat 80 qepik.
Toğrul pulu ödədi və bir siqaret qutusu da götürüb dükandan çıxdı...
- 31 -
Günay artıq çoxdan getmişdi...Toğrul onların borcunu ödəməklə qızın gözünə
girmək niyyəti daşımırdı. Bu cür cılız insan deyildi Toğrul. Sırf insanlıq üçün
etmişdi bunu. Öz-özünə düşünürdü.Birdən səhv anladılar məni, onda necə? Necə
olacaq, deyərəm ki, pulunuz olanda verərsiz. Hesab edin ki, borclusuz yenə,
amma bu dəfə it sifət qadına deyil, mənə. Həmin qadından fərqli olaraq mən sizi
tələsdirmirəm. Nə vaxt olar verərsiz. Hə, gözəl fikirdi...
***
Eyvaz Banu ilə bərabər Banunun həyat yoldaşı olan Aqili axtarırdı. Hərdən dəli
bir ehtiras gəlirdi ona. Banuyla bağlı xəyallar qurar, bu xəyallardan ləzzət alardı.
Dörd ay idi bir yerdə qalmalarına baxmayaraq Banu Eyvaza qarşı soyuq idi və
Eyvaz gözəl anlayırdı ki, Banu ərinə sadiq qadınlardandı. Bəlkə də elə bu sadiqlik
cəlb edirdi onu Banuya...Günortalar falçılıq edər, gecələr isə Banunun kəndçisi
olan Zarina gildə qalırdılar. Zarina fahişəliklə məşğul idi. Gündüzləri yatır,
gecələri isə "iş" başında olardı. Banu ilə onu ancaq kəndçi, doğma torpaq anlayışı
bağlıyırdı. Banunu küçədə görən Zarina çox yalvarmışdı Banu gecələri onlarda
qalsın...Fahişələrin ürək yumşaqlığı barədə nə vaxtsa Eyvaz hekayə yazsaydı,
hökmən Zarinadan da bir şeylər qeyd edəcəkdi. Bu aylar ərzində Eyvaz çox
müşahidə etmişdi Zarinanı. Hətta 1-2 dəfə onunla yatmışdı da, amma bu
qadındakı şirindil, qarşısındakı insana hörmət, optimizm bəzən fahişə damğasını
unutdururdu...Gözəl idi, amma Banu qədər deyil. Bu Eyvazın dəyişməz fikri idi...
Banu Eyvaza əl falını öyrətmişdi...
-Bax,bu xətti gorursan Ayvaz?
-Hə...
Dostları ilə paylaş: |