- 23 -
tərpədirdi. Eyvaz artıq eşitmirdi qadını, bayaqdan bəri gözünü çəkmədiyi
bədənini, üzünü, dodaqlarını da görmürdü. Harasa getmişdi. Harasa, lap uzaqlara.
Ulduzlardan da dərinə qonmuşdu. Ağrı var idi içində. Harası ağrıdığını isə tapa
bilmirdi.Bu an Aqilə, Züleyxaya və hətta Basata da paxıllıq edirdi. Aqilə,ona görə
ki, bu cür gözəl, mərd arvadı var idi. Adam da heç bu cür qadını qoyub Bakıya
gələr? Görəsən Aqil necə oğlandı? Yəqin yaraşıqlı olar...Hə, yaraşıqlıdı ki, Banu
ona görə hər əziyyətə dözür də. Xasiyyəti də gözəldi. Bir sözlə bu cür qadını
hərtərəfli təmin etməyi bacaran biridi. Hmm, ay Aqil, Aqil, hardasan görəsən?
Züleyxaya da Banunun bacısı olduğundan paxıllıq etdi. Elə Basata da Banunun
oğlu olduğundan. Nədir, deməli eqom Banuya bağlıdı? Yox Eyvaz, bu gic-gic
fikirləri çıxart başından. Sənə Banu filan lazım deyil. Bankir Eyvaz kimi sənin
üçün ölən belə Banuları yada sal. Qəribədi, varlı olmağın da özünəməxsus və
məsuliyyətli çərçivəsi olur. Bu çərçivədə sən Eyvaz Əliyevsən. Ancaq ağıllı söz
danışan, ağıllı düşünən, ağıllı iş görən ağıllı iş adamı. İstədi-istəmədi qalstuk
taxan, kostyum geyinən, əti bıçaqla kəsib, çəngəllə yeyən, ürəyinə əmr etməyi
bacaran, işçilərinə cins fərqi qoymadan nəzarət edən etiketli müdür. Onun ixtiyarı
yoxdu çərçivədən çıxmağa, hətta boylanmağa da. Əks halda özünəhörmət hissi
vicdanına şikayət ərizəsi göndərər. O axı kübar ailə uşağıdı. O axı bahalı
oyuncaqdı. O axı proqramlaşdırılmış robotdu. O axı sahibkardı. O həyatdan
şikayət edə bilməz. Buna ixtiyarı yoxdu. Bu ixtiyarı ona verən olmayıb. Səhər
açılandan gecə düşənə qədər yazılmış rejimi olub. Özüylə görüşməyə vaxtı
olmayıb. Yatağına girmək istəyən xanımlarla növbəsindən tutmuş, onu
evləndirmək istəyən valideynlərinin hər gün bir qızı ona tərifləmələrinə qədər hər
kəsdən, hər şeydən doymuşdu...
-Ayvaz,bilırsan neca istayıram qaçım bu ölkadan.
-Hara?
-Əşi,hara oldu. Basatı da götürum qaçım. Ayvaz, san heç başqa ölkalarda
olmusan?
- 24 -
Eyvaz demək olardı ki, uşaqlıqdan bütün dünyanı gəzmişdi. Lap əvvəl
valideynləri, sonra tək, sonra iş yoldaşları, sonra dostları, sonra məşuqələri ilə
gəzmədiyi ölkə, şəhər qalmamışdı. Ən sevdiyi ölkə isə İtaliya idi. Böyük Bakıya
bənzədirdi bu ölkəni, amma Bakıdan fərqli orda çox şey önə qaçmışdı.Bakıdan
fərqli İtaliya və digər ölkələrdə insanlar bir-birinə gülümsəyirdilər. Eyvaz bu
gülüşə də paxıllıq edirdi. Nədi? Bunların dərdi, xəstəsi yoxdu? Əsəbləri belə
sakitdi? Pulları belə çoxdu? Yadına Türkiyədə bir ağsaqqalın bu haqda ona
danışdığı maraqlı hekayə düşdü.
Gülənlər ölkəsi
İlk dəfə o ölkəni Magellan səyahət etmişdi. Elə özü kəşf etmişdi bu maraqlı
ölkəni. Adi insanlardan fərqli olaraq bu ölkədə hamı gülürdü. Təzə doğulmuş
körpədən tutmuş,ayağı gorunda olan qocaya kimi. Onları ağlatmaq olmurmuş,
əsəbləşdirmək olmurmuş. Hətta Magellanın dənizçilərindən biri dözməyib,
onlardan birini ona güldüyünə görə kötəkləmişdi də, amma kötəklənən adam
ağrını qəh-qəhəylə çəkir, gülməyi beyinə işləyirdi. Hər şeyə, hər sözə, hər kəsə
gülən bu insanlarla danışmaq, nəysə öyrənmək mənasız, həm də çox əsəbləşdirən
iş idi. Çox sakit təbiətli Magellan özü də əsəbləşmişdi bu xaos qarşısında.Nəhayət
gülən insanların içindən bir nəfər, dərisi sümüyünə yapışan, budaq nazikliyində
olan qoca çıxdı. Magellana yanaşdı. Gülmürdü.Tam ciddi, eybəcər siması vardı.
Magellan ondan onların niyə güldüyünü soruşdu. Kişinin cavabını Magellan ölənə
kimi unutmayacaqdı.
-Onlar üç şey bilmirlər. Pulun, pisliyin və ağlamağın nə olduğunu. Ona görə
həmişə gülürlər.
-Hə,olmuşam...
- 25 -
-Hansı olkalarda?
Eyvaz çörək satan kişiyə danışdığı səyyah yalanını məcburiyyət qarşısında
Banuya da danışdı...
***
-Vurmaqla aran necədi?
-Belə də toydan-toya. Dostlarla ayda-ildə bir dəfə filan, belə...
-Onda sən içməzsən.
-Olmaz içməyəsən? Yəni öz işindi əlbəttə, amma çox içirsən deyəsən.
-Cavid, mən kefimdən içmirəm.Gecə donmayım deyə içirəm. Yorğanımdı mənim
araq.
Cavid Alikə uşaq evində böyüdüyünü uydurmuşdu. Heç kiminin olmadığını
demişdi. Alikin vecsizliyi, dərin çuxurlarda parlayan gözləri isə həmişə harasa
görünməzliyə baxır, ordan ilhamlanırdı yaşamağa. Cavid elə bu dəqiqə Aliki
anası kimi doğa bilərdi, onu xilas edə bilərdi bu zibildən. Bunu düşünməkdən
zövq alırdı, amma tələsmək istəmirdi. Özü istəyirdi uçurumları saymağı. Orda
göyərçin görmək idi məqsədi. Alik onun kitabı idi. Onu oxumamış rəfin ən
yüksək nöqtəsinə qoymaq istəmirdi. Bəlkə də bezdirici suallar Alikin heç xoşuna
da gəlmirdi, amma çox təmkinlə hər suala cavab verirdi. İxtisasca psixoloq olan
Cavid də çox məharətlə təsir göstərə bilirdi "xəstəsinə". Hiss edirdi ki, bu bomjun
həyat tarixçəsi haqda film çəkilsə, ilin filmi nominasiyasının qalibi olar. Əsas
məsələ isə Aliki şübhələndirmədən duyğularını rəqs etdirib, danışdırmaq idi.
Parkda kalan yemək-içmək var idi. Yarımçıq yeyilən dönərlər, dişlənmiş
bulkalar, bir-iki qurtum içilmiş şirələr, qazlı sular qarınlarını doydurmuşdu Cavid