- 1 -
“Beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində
müstəqilliyi”
Elmi rəhbər: h.e.d., professor İbrahim Quliyev
Milli Aviasiya Akademiyasının doktorantı
Xəlilov Zafiq Zakir oğlu
Annotasiya
Məqalədə beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində
müstəqilliyinin nəzəriyyədə təsbit olunan şərtlər əsasında ayrı-ayrılıqda ətraflı
şərh edilməsi və beynəlxalq hava hüququnun bu şərtlərə nə dərəcədə cavab
verdiyini əks etdirərək bu sahəyə daha təkmil anlayışın verilməsi məsələləri
araşdırılmışdır.
Beynəlxalq hava hüququ tənzimlədiyi münasibətlər baxımından müasir
hüquq sistemində önəmli rola malikdir. Beynəlxalq hava hüququ daha çox mülki
aviasiya ilə bağlı münasibətləri tənzimləyən hüquq sahəsi kimi xarakterizə olunur.
Müasir beynəlxalq hava hüququnu beynəlxalq hüquq daxilində müstəqil sahə kimi
qəbul etmək və elmi cəhətdən əsaslandırmaq məqalə mövzusunun aktuallığını
sübut edir.
Beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində müstəqilliyini
nəzəriyyədə təsbit olunan şərtlər əsasında ayrı-ayrılıqda ətraflı şərh etmək və
beynəlxalq hava hüququnun bu şərtlərə nə dərəcədə cavab verdiyini əks etdirərək
bu sahəyə daha təkmil anlayışın verilməsi məqalənin əsas məqsədi hesab olunur.
Bu məqsədə nail olmaq üçün aşağıda göstərilən məsələlərin həlli xüsusilə
vacibdir:
- Beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində müstəqilliyini
müəyyənləşdirmək üçün nəzəriyyədə təsbit olunmuş xüsusi şərtlərə istinad edilərək
onları ayrı-ayrılıqda və ətraflı şərh etmək;
- Beynəlxalq hava hüququnun bu şərtlərə nə dərəcədə cavab verdiyini əks
etdirərək bu sahəyə daha təkmil anlayış vermək;
Beynəlxalq hüquq daxilində hər zaman hər hansı hüquq sahəsinin müstəqil
statuslu kompleks sahə olub-olmaması diskussiya mövzusu olmuşdur. Konkret
olaraq beynəlxalq hava hüququnun beynəlxalq hüququn müstəqil sahəsi olmasını
müəyyənləşdirmək üçün xüsusi şərtlər mövcuddur. Ümumilikdə müəyyən hüquq
sahəsinin beynəlxalq hüququn müstəqil sahəsi olması aşağıda göstərilən xüsusi
şərtlər əsasında müəyyənləşdirilir:
-
spesifik ictimai münasibətlər dairəsi;
-
bu münasibətləri tənzimləyən spesifik xarakterli hüquq normaları;
-
bu münasibətlər dairəsinin geniş ictimai əhəmiyyəti;
-
böyük həcmli normativ-hüquqi mənbənin olması;
-
həmin hüquq sahəsini tənzimləyən spesifik hüquqi prinsiplərin olması;
- 2 -
-
qeyd olunan spesifik münasibətləri tənzimləyən universal kodifikasiya
edilmiş normaların olması; [ 12, c., 22;]
Beynəlxalq hava hüququ yuxarıda sadalanan bütün şərtlərə cavab verir. Bu
məsələləri ardıcıl surətdə araşdıraq.
Spesifik ictimai münasibətlər dairəsi. Beynəlxalq hava
hüququ
nəzəriyyəsindən məlum olduğu kimi, beynəlxalq uçuşlar və beynəlxalq daşımalar
bir vaxtda həyata keçirilir, lakin hüquqi nöqteyi-nəzərdən ayrı-ayrılıqda
tənzimlənir. Beynəlxalq hava hüququnun obyekti də, məhz beynəlxalq uçuşlar və
beynəlxalq daşımalar sahəsində meydana gələn spesifik dövlətlərarası aviasiya
münasibətləri hesab olunur.
Bununla bağlı olaraq beynəlxalq uçuşlar sahəsində münasibətləri aşağıdakı
şəkildə təsnifatlaşdırmaq olar:
a)
Dövlətin ərazisi üzərindən beynəlxalq uçuşun həyata keçirilməsi üçün
bilavasitə olaraq dövlətlər arasında yaranan münasibətlər;
b)
Hökumətlərarası aviasiya təşkilatları çərçivəsində dövlətlər arasında yaranan
münasibətlər;
c) Dövlətlərarası və hökumətlərarası aviasiya təşkilatları arasında olan
münasibətlər; [7, с.,16.]
Hava məkanından istifadə edərək beynəlxalq hava əlaqələrinin həyata
keçirilməsi ilə bağlı beynəlxalq hava hüququnun tənzimlədiyi münasibətlər bu
sahəni beynəlxalq hüququn digər sahələrindən fərqləndirməyə imkan verir.
Məsələn, beynəlxalq kosmos hüququ dövlətlərin kosmosdan istifadə ilə bağlı
münasibətlərini, beynəlxalq dəniz hüququ isə dövlətlərin dünya okeanından
istifadə ilə bağlı münasibətlərini və s. tənzimləyir. [14, с. 28-29] Bu bir daha
beynəlxalq hava hüququnun digər hüquq sahələrindən fərqli olaraq spesifik ictimai
münasibətlər qrupunu tənzimləməsini aydın şəkildə ifadə edir.
Ş.Vişer, N.N.Fedoşev və digər bir çox hüquqşünas alimlər beynəlxalq hava
hüququna verdikləri tərifdə bu hüquq sahəsinin obyekti kimi haqlı olaraq konkret
formada hava məkanından istifadə ilə bağlı dövlətlərarası aviasiya münasibətlərini
qeyd edirlər. [15, с., 20-23; 16, c., 30]
Qeyd etməliyik ki, dövlətlərarası aviasiya münasibətlərinin yaranma əsası
dövlətlərarası və hökumətlərarası hava əlaqələri haqqında Sazişlərdir. Məhz bu
Sazişlərlə bütün dünya üzrə nəzərdə tutulan dövlətlərarası hava əlaqələri
reallaşdırılır. Bu nöqteyi-nəzərdən
adıçəkilən
alimlərin
vurğuladıqları
dövlətlərarası aviasiya münasibətlərinin beynəlxalq hava hüququnun obyekti kimi
qəbul olunması məqsədəmüvafiqdir.
Bu münasibətləri tənzimləyən spesifik xarakterli hüquq normaları. Qeyd
olunan normaların spesifikliyi ilk öncə beynəlxalq hava hüququnun predmetinin
onun universal xarakterli normaları kontekstində, birinci, aviasiya məzmunlu
olması, ikincisi isə yalnız mülki aviasiyaya aidiyyatıdır. [3, səh., 284] Beynəlxalq
hava hüququnun tənzimləmə predmeti (obyekti) və bu sahədə yaranan hüquq
münasibətləri ilə bağlı hüquq ədəbiyyatında müxtəlif fikirlər mövcuddur.
[15, с., 20.] Hüquqşünas alim Y.N.Maleyev “Beynəlxalq hava hüququ” adlı
monoqrafiyasında hüquq sahəsinin predmeti və obyektini eyniləşdirir. Lakin qeyd
etməliyik ki, hüquq sahəsinin predmeti dedikdə münasibətlərin tənzimləndiyi
- 3 -
normalar, obyekt dedikdə isə tənzimlənən münasibətlər dairəsi nəzərdə tutulur. Bu
yanaşma təbii ki, beynəlxalq hava hüququna da aid edilir.
Kanada hüquqşünası N.M.Matte 1980-ci ildə hava naviqasiyasının beynəlxalq
hava hüququnun yeganə predmeti olması barədə özünəməxsus tezis irəli
sürmüşdür. [15, с., 23.]
Sovet beynəlxalq hüquq nəzəriyyəsində beynəlxalq hava hüququnun predmeti
bu şəkildə müəyyən olunurdu: “hava məkanından istifadə və beynəlxalq hava
əlaqələrinin təşkili ilə bağlı fəaliyyət”; Rusiya hüquq ədəbiyyatında həm də,
ümumi şəkildə beynəlxalq hava hüququnun predmetinin formulu aşağıdakı
qaydada nəzərdə tutulur: “hava məkanından istifadə məqsədi ilə bağlı olan”.
“Beynəlxalq hava hüququ” adlı monoqrafiyanın müəlliflər kollektivi qeyd olunan
hüquq sahəsinin predmetini bu şəkildə müəyyən edirlər: “Beynəlxalq hava
əlaqələrinin həyata keçirilməsi və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə hava məkanından istifadə etməklə bağlı dövlətlərarası münasibətlər”;
[15, с., 20]
M.İ.Lazarev beynəlxalq hava hüququnun predmetini aşağıdakı qaydada
müəyyənləşdirir: “Hava məkanında beynəlxalq uçuşların tənzimlənməsi və onların
təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə olan fəaliyyət”;. [15, с. 23]
Hüquqşünas alimlər V.S.Qryaznov və Y.M.Kolosovun fikrincə, hava
məkanından istifadə prosesində dövlətlərin qarşılıqlı münasibətləri beynəlxalq
hava hüququnun predmeti hesab olunur. [14, с., 29]
N.V.Mironovun fikrincə isə beynəlxalq hava hüququnun hüquqi tənzimləmə
predmetini beynəlxalq hava əlaqələri, tədqiqat və digər məqsədlərlə hava
məkanından istifadə ilə bağlı dövlətin hüquq və öhdəlikləri təşkil edir. [15, с. 23]
Hüquqşünas alim B.P.Yeliseyevin fikrincə, beynəlxalq uçuşların və beynəlxalq
hava daşımalarının yerinə yetirilməsi sahəsində yaranan münasibətlər beynəlxalq
hava hüququnun tənzimlənmə predmeti hesab olunur. Bununla yanaşı o, konkret
mənada beynəlxalq hava hüququnun tənzimlənmə predmetinə aşağıdakıları aid
edir:
-
Beynəlxalq və milli hava daşımalarının həyata keçirilməsi məqsədi ilə
dövlətlərin suveren hava məkanında uçuşlar;
-
Beynəlxalq hava daşımalarının həyata keçirilməsi məqsədilə beynəlxalq
hava məkanında uçuşlar;
-
Hava məkanının istifadəsində dövlətlərin əməkdaşlığı;
-
Hava məkanının rejimi və hava daşımalarının təhlükəsizliyi;
-
Hava məkanının çirklənmədən beynəlxalq – hüquqi müdafiəsi;
[10, с.159, 165]
V.D.Bordunov və A.N.Vereşaqin kimi hüquqşünas alimlər də, beynəlxalq hava
hüququnun predmetini xarakterizə edərkən bu sahəyə aid olan normaları sturktur
çərçivəsində iki qrupa ayırırlar: 1) Hava məkanının rejimi, beynəlxalq uçuşlar və
beynəlxalq hava daşımalarını tənzimləyən normalar; 2) Kommersiya əsaslı
beynəlxalq hava əlaqələrini tənzimləyən normalar. [
8,
с., 34]
Beynəlxalq hava hüququnun obyekti yuxarıda da qeyd etdiyimiz kimi, hava
məkanından istifadə ilə əlaqədar dövlətlərarası aviasiya münasibətləri hesab
olunur. Hesab edirik ki, bu hüquq sahəsinin predmeti isə hava məkanından istifadə
- 4 -
ilə əlaqədar münasibətləri tənzimləyən spesifik xarakterli beynəlxalq – hüquqi
normaların məcmusunu ehtiva edir. Fikrimizcə, hava məkanından istifadə ilə
əlaqədar münasibətləri tənzimləyən normaların da öz növbəsində yuxarıda
göstərildiyi kimi V.D.Bordunov və A.N.Vereşaqin kimi hüquqşünas alimlərin
qənaətinə əsasən 2 qrupa ayrılması daha məqsədəuyğun hesab oluna bilər. Məhz
qeyd olunan sahəyə aid olan beynəlxalq hüquqi normalar da, özlüyündə bu sahə
daxilində böyük həcmli normativ-hüquqi mənbəni yaradır.
Qeyd olunanlarla bərabər, beynəlxalq təşkilatların beynəlxalq hava hüququnun
müqavilə normalarının hazırlanmasında əsas rol oynamasını xüsusilə vurğulamaq
lazımdır: məsələn, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO), Beynəlxalq Hava
Nəqliyyatı Assosiasiyası (İATA), Mülki Aviasiyanın Avropa Konfransı (EKAK),
Aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Avropa Təşkilatı
(Avronəzarət) və s.
Bu münasibətlər dairəsinin geniş ictimai əhəmiyyəti. Beynəlxalq hava hüququ
münasibətlərinin dövlətlər və beynəlxalq ictimaiyyət üçün əhəmiyyətinin isbat
edilməsi nöqteyi-nəzərindən hər hansı xüsusi sübutun olmasına ehtiyac yoxdur.
Bu gün hava nəqliyyatı sərnişini qısa müddətdə və rahat şəraitdə Yer kürəsinin
istənilən məntəqəsinə çatdıra bilən sürətli nəqliyyat vasitəsi növüdür. Ümumilikdə
beynəlxalq hava nəqliyyatı dünya infrastrukturunun mühüm tərkib hissəsi olaraq
daima dövlətlərin və beynəlxalq təşkilatların əsas diqqət mərkəzindədir. Hava
nəqliyyatının köməyi ilə hal-hazırda beynəlxalq birliyin bütün üzvləri arasında
mühüm beynəlxalq nəqliyyat əlaqələri yaranmışdır. Doğrudan da, aviasiya
sahəsində elmi-texniki inkişaf və bu inkişafın beynəlxalq münasibətlərə xüsusi
təsiri müasir dövrdə beynəlxalq hava hüququnun ictimai əhəmiyyətini ön planda
saxlayan mühüm amildir.
Böyük həcmli normativ-hüquqi mənbənin olması. Yuxarıda da,
vurğuladığımız kimi, beynəlxalq hava hüququnun tənzimlədiyi münasibətlərin
müxtəlif aspektlərinə dair çoxsaylı beynəlxalq müqavilələr mövcuddur. Müasir
beynəlxalq hava hüququnun geniş normativ bazası aşağıdakılardan ibarətdir:
-
Universal müqavilə: 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya
haqqında Çikaqo Konvensiyası;
-
Kommersiya hüquqları haqqında müqavilələr: müntəzəm beynəlxalq
hava əlaqələrinə aid olan “Beynəlxalq hava əlaqələri zamanı tranzit
haqqında” Saziş (və ya “İki hava azadlığı haqqında” Saziş) və 1944-cü ildə
imzalanmış Beynəlxalq hava nəqliyyatı haqqında Saziş (və ya “Beş hava
azadlığı haqqında” Saziş);
-
Qaydaların unifikasiyası ilə bağlı olan konvensiyalar: Beynəlxalq hava
daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üzrə Konvensiya (1929-
cu il Varşava Konvensiyası) və onu əvəz edən Beynəlxalq hava daşımalarına
aid olan bəzi qaydaların unifikasiyası üzrə 1999-cu il Konvensiyası (1999-cu
il Monreal konvensiyası). Bu konvensiyalar beynəlxalq hava əlaqələrinin
həyata keçirilməsi zamanı beynəlxalq hava daşmalarının bəzi qaydalarının
tətbiqinin vahid rejimini müəyyən edir. Qeyd olunan qrupa həm də, Yer
səthində əcnəbi hava hava gəmisinin üçüncü şəxslərə vurduğu ziyanın
- 5 -
ödənilməsi haqqında 1952-ci il Konvensiyası (1952-ci il Roma
Konvensiyası) aiddir.
-
Hava gəmilərinin qaçırılması və ələ keçirilməsi ilə mübarizə haqqında
konvensiyalar: Hava gəmisində törədilən hüquq pozuntuları və bəzi digər
aktlar haqqında 1963-cü il Konvensiyası (1963-cü il Tokio konvensiyası),
Hava gəmilərinin qeyri-qanuni ələ keçirilməsi ilə mübarizə haqqında 1970-
ci il Konvensiyası (1970-ci il Haaqa Konvensiyası), Mülki aviasiyanın
təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında
1971-ci il Konvensiyası (1971-ci il Monreal Konvensiyası), 1988-ci ildə
Monreal Konvensiyasına əlavə olunan və beynəlxalq mülki aviasiyaya
xidmət edən hava limanlarında qeyri-qanuni zorakılıq aktlarına qarşı
mübarizəyə yönəldilmiş protokol, Plastik partlayıcı maddələrin aşkar
edilməsi məqsədilə nişanlanması haqqında 1991-ci il Konvensiyası;
-
Hava gəmilərinin lizinqi zamanı kreditorların maliyyə maraqlarının
müdafiəsinin təminatı ilə bağlı normaların unifikasiyası üzrə
konvensiyalar: Səyyar avadanlıqla bağlı münasibətlərdə beynəlxalq
təminatlar haqqında Konvensiya və ona əlavə olunan aviasiya avadanlığı
üzrə 2001-ci il Protokolu. (2001-ci il Keyptaun konvensiyası).
Qüvvədə olan beynəlxalq hava hüququnun normativ bazasının vacib hissəsini
regional müqavilələr təşkil edir: 1956-cı il Avropada qeyri-müntəzəm hava
əlaqələri zamanı kommersiya hüquqları haqqında çoxtərəfli Saziş; 1967-ci il
Avropa mülki aviasiya konfransı üzvləri arasında müntəzəm hava əlaqələri zamanı
tariflərin müəyyən olunma qaydası haqqında Saziş; 1971-ci il Cənub-Şərqi Asiya
dövlətləri Asssossiasiyası (ASEAN) üzvlərinin qeyri-müntəzəm hava əlaqələri
zamanı kommersiya hüquqları haqqında Saziş, və s.
3 minə yaxın sayı olan hava əlaqələri haqqında ikitərəfli sazişlər beynəlxalq
hava hüququ sistemində xüsusi yerə malikdir. [7, c., 13-14]
Bununla yanaşı hesab edirik ki, hüquqşünas alim V.D.Bordunovun müəyyən
etdiyi yuxarıdakı normativ baza sisteminə həm də, müvafiq dövlətin daxili
qanunvericiliyi də, aid edilməlidir. Məsələn, “Azərbaycan Respublikasının dövlət
sərhədi haqqında qanunu”, “Azərbaycan Respublikasının Aviasiya haqqında
qanunu”, Azərbaycan Respublikası Prezidentinin bu sahəyə aid olan fərman və
sərəncamları, Nazirlər Kabinetinin müvafiq sahədəki qərarları və digər aidiyyəti
dövlət orqanlarının normativ-hüquqi aktları.
Hüquq sahəsini tənzimləyən spesifik hüquqi prinsiplərin olması.
Beynəlxalq hüququn ümumqəbulolunmuş prinsipləri ilə bərabər beynəlxalq hava
məkanından istifadə ilə əlaqədar yaranan münasibətləri tənzimləyən xüsusi hüquqi
prinsiplər də mövcuddur. Azərbaycan hüquqşünas alimləri L.H.Hüseynov,
R.F.Məmmədov,
E.Ə.Əliyev
rus
hüquqşünas
alimləri
A.P.Movçan,
A.N.Vereşaqin, Y.N.Maleyev, B.P.Yeliseyev, V.A.Svirkin, V.İ.Baronov,
V.A.Batır, V.İ.Lipunov, İ.V.Qetman – Pavlova, P.N.Bryukov, N.M.Çerpunova,
İ.N.Qlebov və s. qeyd olunan xüsusi hüquqi prinsiplərə aşağıdakıları aid edirlər:
-
Öz hava məkanı üzərində dövlətin tam və müstəsna suverenliyi prinsipi;
-
Açıq hava məkanında uçuş azadlığı prinsipi;
-
Beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi prinsipi;
- 6 -
[1, səh. 260-262; 2, səh. 592-595; 3, səh., 286; 14, с. 36; 15, с. 28; 10, с. 168 –
170; 4, с. 97; 9, с. 637-638; 6, с. 176; 17, с. 206-207; 11 с. 140-141]
Rus hüquqşünas alimi V.D.Bordunov “Beynəlxalq hava hüququ” adlı
monoqrafiyasında yuxarıda nəzərdə tutulan prinsiplər arasında həm də qarşılıqlılıq
prinsipinin adını çəkir. [7, c., 47] Hüquqşünas alim N.N.Fedoşevin “Beynəlxalq
hüquq” dərsliyində qeyd olunanların sırasına hava gəmilərinin qeyri-qanuni
müdaxilə aktlarından müdafiə olunması və əcnəbi dövlətin fiziki və hüquqi
şəxslərinin hava gəmilərinə vurulan ziyanın ödənilməsi kimi prinsiplər də aid
edilir. [16, c., 31] A.X.Sayidov isə hava gəmisinin qeydiyyatı əsasında onun
mənsubiyyətinin tanınması prinsipini yuxarıda göstərilən prinsiplər sırasında
xüsusi vurğulayır. [18
]
Hüquqşünas alimlər K.A.Bekyaşev və M.E.Volosov isə dövlətlərarası
müqavilələr əsasında kommersiya uçuşlarının (və ya “hava azadlıqların”-ın)
birindən istifadə etmə prinsipini də beynəlxalq hava hüququnun xüsusi - hüquqi
prinsipləri sırasına aid edirlər. [5, c., 32]
Hesab edirik ki, yuxarıda qeyd edilən 3 prinsip beynəlxalq hava hüququnun
əsasını təşkil edərək beynəlxalq hava hüququ formalaşmağa başladığı dövrdən
etibarən bu sahənin təməlində durur. Bununla yanaşı müasir dövlətlərarası hava
əlaqələrinin hüquqi tənzimlənmə praktikasına istinad edərək hüquqşünas alim
V.D.Bordunovun qeyd etdiyi qarşılıqlılıq prinsipinin də qeyd olunan 3 prinsiplə
bərabər beynəlxalq hava hüququnun istiqamətverici prinsipləri sırasına aid
olunması daha doğru olardı. Hüquqşünas alim N.N.Fedoşevin və A.X.Sayidovun
qeyd etdiyi prinsiplər isə bu baxımdan beynəlxalq hava hüququnun istiqamətverici
prinsipləri sırasına aid edilməyərək yalnız köməkçi xarakter daşıyır. Yuxarıda
göstərilən K.A.Bekyaşev və M.E.Volosovun fikri ilə razılaşmayaraq hesab edirik
ki, “hava azadlıqların”-dan istifadə olunma məsələsi dövlətlərarası qarşlıqlı
müqavilə ilə müəyyənləşdirilərək öz hava məkanı üzərində dövlətin tam və
müstəsna suverenliyi prinsipi ilə bağlı olub bu prinsipin tərkibində nəzərdən
keçirilməlidir. Nəticə etibarilə hava azadlıqlarından istifadə olunması ayrıca
prinsip kimi xarakterizə edilə bilməz.
Spesifik münasibətləri tənzimləyən universal kodifikasiya edilmiş
normaların olması. Beynəlxalq hava məkanından istifadə ilə bağlı münasibətlər
sahəsində universal beynəlxalq-hüquqi aktlarla bərabər kifayət qədər bu
münasibətləri regional səviyyədə tənzimləyən kodifikasiya edilmiş normalar da,
mövcuddur. Birinci növbədə beynəlxalq uçuşlar sahəsində dövlətlərarası
əməkdaşlığın ümumi prinsiplərini müəyyən edən, hava nəqliyyatının fəaliyyətini
və onun təhlükəsizliyinin təmin edilməsini tənzimləyən 1944-cü ildə imzalanmış
Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasını mütləq surətdə qeyd
edilməlidir. Bununla yanaşı bu sahədə kodifikasiya edilmiş mühüm normaları
özündə birləşdirən bir çox digər beynəlxalq-hüquqi aktların da adını çəkə bilərik:
1944-cü ildə imzalanmış Beynəlxalq hava nəqliyyatı haqqında Saziş (və ya “Beş
hava azadlığı haqqında” Saziş), Beynəlxalq hava daşımalarına aid olan bəzi
qaydaların unifikasiyası üzrə Konvensiya (1929-cu il Varşava Konvensiyası) və
onu əvəz edən Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası
üzrə 1999-cu il Konvensiyası (1999-cu il Monreal konvensiyası), Hava gəmisində
- 7 -
törədilən hüquq pozuntuları və bəzi digər aktlar haqqında 1963-cü il Konvensiyası
(1963-cü il Tokio konvensiyası), Hava gəmilərinin qeyri-qanuni ələ keçirilməsi ilə
mübarizə haqqında 1970-ci il Konvensiyası (1970-ci il Haaqa Konvensiyası) və s.
Yuxarıda qeyd olunan şərtlər beynəlxalq hava hüququnun beynəlxalq hüququn
müstəqil sahəsi olmasını aydın şəkildə isbat edir. Beynəlxalq hava hüququ hava
məkanından istifadə ilə əlaqədar münasibətləri tənzimləyərək beynəlxalq hüququn
müstəqil sahəsi kimi göstərilən bütün kriteriya və şərtlərə cavab verən və
tərkibində mühüm institutları birləşdirən beynəlxalq-hüquqi norma və prinsiplərin
məcmusudur. (2 №-li sxem)
Hüquqşünas alimlərin beynəlxalq hava hüququna verdikləri təriflərin
əksəriyyətində hava məkanından istifadə ilə əlaqədar münasibətlər məsələsi ön
plana çıxır. Məhz bu münasibətlər beynəlxalq hava hüququnun əsas istiqamətini
ortaya çıxarır. Bu baxımdan da hesab edirik ki, beynəlxalq hava hüququna
veriləcək qısa və dolğun tərifdə qeyd olunan cəhət xüsusi vurğulanmalıdır. Eyni
zamanda tərifdə bu münasibətlərin spesifikliyi nöqteyi-nəzindən dövlətlərarası
aviasiya münasibətləri şəklində qeyd olunması mütləq qaydada nəzərə alınmalıdır.
Bununla yanaşı tərifdə beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində
müstəqilliyinə də xüsusi önəm verilməlidir. Fikrimizcə bu hüquq sahəsinin
tərifinin aşağıdakı şəkildə olması daha məqsədəuyğundur:
Beynəlxalq hava hüququ hava məkanından istifadə ilə əlaqədar
dövlətlərarası aviasiya münasibətlərini tənzimləyən normaların məcmusu
kimi beynəlxalq hüququn müstəqil sahəsidir.
2 №-li sxem
- 8 -
“Самостоятельность международного воздушного права в рамках
международного права”
Аннотация
Научный руководитель: д.ю.н., профессор Кулиев Ибрагим Орудж оглы
Докторант Национальной Академии Авиации Халилов Зафиг Закир
оглы
В статье рассматриваются вопросы интерпретации в отдельности
самостоятельности международного воздушного права в рамках
международного права на основе условий предусмотренных в теории и
сформулирование более совершенного понятия к этой области отражая
насколько международной воздушное право отвечает этим требованиям.
"The independence of international air law under international law"
SUMMARY
Researcher supervisor: Kuluyev İ.O., Prof Dr. of Law.
Researcher: Khalilov Z.Z., doctorate of National Aviation Academy
The issues of interpretation in a separate an independence of international air
law in the framework of international law based on the conditions stipulated in the
formulation of a theory and more advanced concepts in this area reflecting the
extent of how international air law meets these requirements.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI:
1.
L.H.Hüseynov. ”Beynəlxalq hüquq” Bakı – 2012;
2.
R.F.Məmmədov. ”Beynəlxalq hüquq” Qanun - 2003;
3.
E.Ə.Əliyev. “Beynəlxalq nəqliyyat hüququ” dərslik. Bakı: «SeNa» MMC
nəşriyyat - poliqrafiya müəssisəsi, 2009;
4.
Баронов В. И., Батырь В. А., Липунов В. И. Международное право в
схемах и таблицах : учебное пособие – M.: Издательство «Альфа-
Пресс», 2011;
5.
Бекяшев К. А., М. Е. Волосов «Международное право в схемах»
Издательство: Проспект 2012 г.;
6.
Бирюков П.Н.
«Международное право» учебное пособие. М.: Юристъ.
1998;
7.
Бордунов В.Д., Международное воздушное право. Учебное пособие.
М.: НОУ ВКШ «Авиабизнес», Изд-во «Научная книга» 2007;
- 9 -
8.
Бордунов В.Д., Верещагин А.Н., Международное воздушное право:
Кн. 1. М, 2002.
9.
Гетман-Павлова И.В. «Международное право» учебник для бакалавров
M.: Издательство «Юрайт», 2013;
10.
Елисеев Б.П, Свиркин В.А. «Воздушное право». Учебник. Москва :
Издательско – торговая корпорация «Дашков и К». 2013.
11.
Глебов И.Н. “Международное право” Издательство: Дрофа, 2006 г.;
12.
Ковалев А.А. «Международное экономическое право и правовое
регулирование международной экономической деятельности» : М.:
Научная книга, 2007, c., 22.
13.
Лукашук И. И. «Международное право»: Особенная часть: Учебник:
Изд. М.: Волтерс Клувер, 2008. с. 162.;
14.
Отв. ред. Мовчан. А.П. «Международное воздушное право». Книга 1,
М.: Наука, 1980.
15.
Малеев Ю.Н. «Международное воздушное право. Вопросы теории и
практики.» М.: Междунар. отношения, 1986;
16.
Федощева Н.Н. Международное право в схемах и определениях.
Учебное пособие, Москва - Издательство: Книжный мир, 2009 г.;
17.
Чепурнова Н.М. “Международное право” : Учебно-методический
комплекс. – М.: Изд. Центр ЕАОИ, 2008;
İnternet resursu:
18.
Саидов А.Х. Международное право в схемах и определениях, 2004 г.
http://схемо.рф/shemy/yurisprudencija/saidov-a-h-mezhdunarodnoe-pravo-
v shemah-i-opredelenijah-2004-g/242.html
Document Outline - Məqalədə beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində müstəqilliyinin nəzəriyyədə təsbit olunan şərtlər əsasında ayrı-ayrılıqda ətraflı şərh edilməsi və beynəlxalq hava hüququnun bu şərtlərə nə dərəcədə cavab verdiyini əks etdirərək bu sahəyə ...
- Beynəlxalq hava hüququ tənzimlədiyi münasibətlər baxımından müasir hüquq sistemində önəmli rola malikdir. Beynəlxalq hava hüququ daha çox mülki aviasiya ilə bağlı münasibətləri tənzimləyən hüquq sahəsi kimi xarakterizə olunur. Müasir beynəlxalq hava h...
- Beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində müstəqilliyini nəzəriyyədə təsbit olunan şərtlər əsasında ayrı-ayrılıqda ətraflı şərh etmək və beynəlxalq hava hüququnun bu şərtlərə nə dərəcədə cavab verdiyini əks etdirərək bu sahəyə daha təkmil a...
Dostları ilə paylaş: |