Maddə 42.
Nikah müqaviləsi bağlanarkən, dəyişdirilərkən və pozularkən
kreditorların hüquqlarına təminat verilməsi
42.1. Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər
(arvad) öz kreditoruna (kreditorlarına) məlumat verməlidir. Bu vəzifəni yerinə
yetirmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz
öhdəliklərinə görə məsuliyyət daşıyır.
42.2. Kreditor (kreditorlar) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən
nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək
hüququna malikdir.
Dördüncü bölmə
Valideynlərin və uşaqların hüquq və vəzifələri
10-cu fəsil
Uşaqların mənşəyinin müəyyən olunması
Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları
Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş
qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi
44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını
təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda
doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı
tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında
məhkəmə tərəfindən müəyyən olunur.
16
44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın
pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün
ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab
olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının
müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini
müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum
edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi
əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın
doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda
gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra
hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın
valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.
44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun
razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu
və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının
müəyyən olunması
45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə
ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin,
uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına
çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu
zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun
mötəbərliyini nəzərə ala bilər.
45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən
şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual
qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında
qeyd
46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə
uşağın valideynləri kimi qeyd olunurlar.
17
46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd
ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya
atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə
valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında
şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının
və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun
implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar
nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum
haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar.
46.5. Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına
yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın
valideynləri kimi yazıla bilərlər.
Maddə 47. Atalığa, analığa dair mübahisə açma
47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında
şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə,
uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq
yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də