İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 51
UOT 004.738.5:351/354:34;341.9
Mahmudov R.Ş.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
rasim72@gmail.com
İ
NTERNETİN TƏNZİMLƏNMƏSİNİN AKTUAL MƏSƏLƏLƏRİ
Məqalədə internetin tənzimlənməsinin aktual problemləri araşdırılır. O cümlədən
İnternet-yurisdiksiyanın müəyyən edilməsi, şəxsi həyat sirrinin və fərdi məlumatların
qorunması, İnternet-provayderlərin məsuliyyətinin müəyyən edilməsi, domen adları
sisteminin idarə edilməsi, spamlarla mübarizə, virtual məkanda intellektual mülkiyyət
hüquqlarının qorunması, kibercinayətkarlıq, elektron kommersiyanın tənzimlənməsi kimi
sahələrdə mövcud olan problemlər analiz edilir. Həmin problemlərin həll edilməsi üçün
İnternetin tənzimlənməsinin zəruriliyi əsaslandırılır.
Açar sözlər: İnternetin tənzimlənməsi, İnternet-yurisdiksiya, domen adları, İnternet-
provayder, spamlarla mübarizə, kibercinayətkarlıq, elektron kommersiya
Giriş
İnternet informasiya cəmiyyətinin əsas dayağı kimi qloballaşan dünyada ən mühüm
fenomenə çevrilməkdədir. Bu rəqəmsal texnologiya nəhəng informasiya, bilik
potensialını özündə əks etdirir, bəşəriyyətin milli-mədəni sərhədləri aşaraq, vahid qlobal
cəmiyyətdə birləşməsinə gətirib çıxarır. Qlobal İnternet şəbəkəsinin yaratdığı geniş
imkanlar insanların düşüncə tərzində, iş üsulunda, ünsiyyətində və sosial fəaliyyətində
böyük dəyişikliklərə səbəb olur.
Bütün bunların nəticəsində İnternet coğrafi sərəhədlərə əsaslanan beynəlxalq hüquq
normalarını və milli qanunları gücsüz vəziyyətə gətirir. İnternet texnologiyalarının
imkanları hesabına formalaşan virtual münasibətləri real dünya qanunları ilə idarə etmək
xeyli çətinləşir və bəzi hallarda hətta mümkün olmur. Virtual münasibətlərin
tənzimlənməsi bu mühitə xas olan yeni qanunların, normaların yaradılmasını, tətbiq
edilməsini zəruri edir.
İnternet mühitindəki transmilli fəaliyyət milli qanunvericiliklərlə beynəlxalq
praktika arasında da ziddiyyət yaradır. Hər bir ölkə öz yurisdiksiyası çərçivəsində
qanunlar qəbul etmək və onları tətbiq etmək hüququna malikdir. Yəni bu, onların suveren
hüquqlarıdır, yaxud dövlət suverenliyinin əsas prinsiplərindən biridir. Lakin İnternet
mühitində elə vəziyyət yaranır ki, bu suveren hüquq şübhə altına düşür və ziddiyyət
meydana çıxır. Bəzi hallarda müvafiq ziddiyyət hər hansı milli yurisdiksiya hüdudları
xaricindən olan böyük fəallıq hesabına yaranır. Yəni fəaliyyət müvafiq yurisdiksiya
hüdudlarından kənarda həyata keçirilirsə, həmin yurisdiksiyanın qanunları tətbiq etmə
qabiliyyətinə təsir göstərir.
Bundan başqa, İnternet istifadəçilərinin bir hissəsi qlobal şəbəkədə “məkansızlıq”
(“laməkan”) ideyasını yayaraq, özlərinin qanundan və dövlətdən asılı olmadıqlarını
bəyan edirlər və “suveren şəbəkə” uğrunda mübarizə aparırlar. Yəni İnternet
cəmiyyətlərinin nümayəndələri arasında belə bir fikir də geniş yayılıb ki, bu qlobal
şəbəkənin tənzimlənməsi vacib deyil, hətta qeyri-mümkündür. Həmin baxışlara görə,
İnternet şəxsiyyətlərarası unikal ünsiyyət vasitəsidir və heç bir dövlətə mənsub deyil.
İnternet resurslarına çıxış xüsusi hüquqlara aid olduğuna görə, onun qarşısında hər-hansı
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
52 www.jpis.az
inzibati maneə qoyula bilməz. Onların fikrincə, İnternet – tamamilə özünütənzimləyən
informasiya mühitidir. Onun istifadəçiləri bu qlobal resursdan istifadə qaydalarını sərbəst
şəkildə müəyyən etməlidirlər.
İnternetin inkişafının ilk vaxtlarında hətta belə bir fikir yayılmışdı ki, bu qlobal
şəbəkə milli sərhədləri aşacaq və dövlət suverenliyi prinsipini pozacaq. Qlobal şəbəkədə
söz azadlığının müdafiəsi, kiberməkanda sosial və hüquqi problemlərin tədqiqi ilə məşğul
olan Elektron Sərhəd Fondunun (Electronic Frontier Foundation) yaradıcısı və vitse-
prezidenti Con Perri Barlou
özünün məşhur “Kiberməkanın müstəqilliyi” adlı
Bəyannaməsində bütün dövlətlərə belə bir müraciət ünvanlamışdı: “Bizim aramızda sizə
yer yoxdur. Bizim toplandığımız yerdə siz yuxarı hakimiyyətə malik deyilsiniz. Bizim
üzərimizdə hökmranlıq etməyə sizin nə mənəvi haqqınız, nə də məcburetmə metodunuz
var. Siz nə bizi, nə də bizim dünyamızı tanımırsınız. Kiberməkan sizin sərhədlərinizdən
kənarda yerləşir” [1].
Lakin dövlətlər bu cür bəyanatlara fikir vermədilər və öz yurisdiksiyalarında söz
azadlığına senzura tətbiq etmək üçün qanunlar qəbul etdilər. Bu zaman xəbərdarlıq edildi
ki, bir yurisdiksiyada tətbiq edilən qaydalar digər yurisdiksiyalar üçün zərərli effekt verə
bilər. Bu isə həm İnternetin fəaliyyətinə mənfi təsir göstərə, həm də vətəndaş
hüquqlarının pozulmasına səbəb ola bilər. Bu arqumentlər də rədd edildi. Nəhayət, etiraf
edildi ki, İnternet heç də unikal bir sfera deyil, transmilli fəaliyyət həmişə tənzimləməyə
cəlb edilib.
Bu etirafdan sonra yeni təşəbbüslər yarandı. İnterneti kütləvi yayım vasitəsi kimi
tənzimləmək və artıq televiziyaya nəzarət sahəsində mövcud olan metodları (siyasi
senzura, filtirasiya) tətbiq etmək cəhdləri meydana gəldi. Həmçinin dövlətlər İnterneti
telefon sistemi kimi tənzimləməyə cəhd edirlər. Bundan başqa, dövlət hakimiyyət
orqanları müəllif hüquqları rejimini, diffamasiya və böhtan haqqında qanunları
“aktuallaşdıraraq”, onları yeni kommunikasiya infrastrukturunda tətbiq etməyə
başlayırlar.
Müxtəlif səbəblərdən İnternetin fəaliyyətini tənzimləyən ölkələrin sayı durmadan
artır. Buna səbəb kimi “milli təhlükəsizliyin təmin edilməsi”, “milli-mədəni normaların
və dini dəyərlərin mühafizə edilməsi”, “uşaqların pornoqrafiyadan və istismardan
qorunması”, “intellektual mülkiyyət hüquqlarının müdafiəsi” kimi arqumentlər irəli
sürülür.
İnternetin unikallığı ondan ibarətdir ki, hər hansı hüquqi və ya fiziki şəxsin, yaxud
dövlətin mülkiyyətində deyil. Ona görə də bu qlobal şəbəkənin heç bir seqmentində
mərkəzləşdirilmiş tənzimləmə, senzura və digər informasiyaya nəzarət metodları mövcud
deyil. Bunun hesabına istənilən informasiyanı heç bir məhdudiyyət olmadan əldə etmək
imkanı yaranır ki, nəticədə də informasiya sahiblərinin hüquqlarının pozulması halları
əhəmiyyətli dərəcədə artır. Ona görə də informasiya təhlükəsizliyinin təmin edilməsi
problemi və kompyuter cinayətkarlığı ilə mübarizə sisteminin yaradılması hazırda xüsusi
aktuallıq kəsb edir.
İnternet söz azadlığının reallaşdırılması üçün də əvvəllər mümkün olmayan
imkanlar yaradır. Lakin yeni azadlıq formasının meydana gəlməsi şəraitində şəxsi həyatın
toxunulmazlığı, şəxsi məlumatların təhlükəsizliyi və söz azadlığı getdikcə daha çox
pozulmaqdadır. Bu gün İnternetdən hüquqazidd istifadəyə dair faktları heç kim təkzib
edə bilməz. Qlobal şəbəkədə böyük həcmdə pornoqrafik, insanın şərəf və ləyaqətini
alçaldan, milli, dini ədavət yayan materiallar yerləşdirilir. İnternetdə müəllif hüquqlarının
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 53
pozulması, məxfi informasiyadan qanunsuz istifadə halları da kütləvi şəkil alıb. Dövlətin
milli təhlükəsizliyinə xələl gətirən İnternet materialları da böyük narahatlıq doğurur.
Ona görə də İnternetin tənzimlənməsi sahəsində ən mübahisəli məqamlardan biri də
məhz cəmiyyətin, dövlətin və şəxsiyyətin təhlükəsizliyi ilə insan hüquqları arasındakı
tarazlığın qorunub saxlanması ilə bağlıdır. İnternetdə bu təhlükəsizliyin təmin edilməsi
üçün şəxsi həyatın sirlərinə dair hüquqlardan qismən imtina edilməsi tələb edilir.
İnternetin təhlükəsizliyi və insan hüquqları arasındakı həmin balans daim bu və ya digər
tərəfin xeyrinə dəyişir. Təhlükəsizlik məsələlərinə diqqəti artırdıqda insan hüquqlarının
müdafiəsi zəifləyir. İnsan hüquqlarının çərçivəsini genişləndirdikdə isə dövlətin,
cəmiyyətin maraqları təhlükə altına düşür.
Daha bir problem ondan ibarətdir ki, İnternetin sürətli inkişafı bu sahədə yaranan
problemləri tənzimləmək üçün zəruri olan normativ-hüquqi aktların qəbulu prosesini
xeyli qabaqlayır. Ona görə də İnternetin tənzimlənməsi sahəsində həllini gözləyən ən
mühüm problemlərdən biri də məhz baş verən texnoloji yeniliklərə qanunvericilik
sistemlərinin çevik, adekvat reaksiya vermələrinin hüquqi mexanizmlərini işləyib
hazırlamaqdır.
Məqalədə yurisdiksiyanın müəyyən edilməsi, şəxsi həyatın toxunulmazlığı və fərdi
məlumatların qorunması, domen adları sisteminin idarə edilməsi, İnternet-provayderlərin
hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi, kibercinayətkarlıqla, spamlarla mübarizə,
intellektual mülkiyyət hüquqlarının qorunması kimi İnternetin tənzimlənməsinin aktual
problemləri araşdırılır.
İ
nternet-yurisdiksiyanın müəyyən edilməsi problemləri
İnternetin ayrı-ayrı seqmentlərinə münasibətdə dövlət yurisdiksiyasının hüdudları
ilə bağlı problem müasir hüququn ən mürəkkəb və mühüm məsələlərindən biridir. Bu
məsələ ilə bağlı iki yanaşma mövcuddur. Birincisi həm ölkə daxilində, həm də ölkə
hüdudlarından kənarda İnternet vasitəsilə ötürülən informasiya üzərində sərt nəzarətin
(senzuranın) tətbiqini nəzərdə tutur. Digər yanaşma İnternetə informasiya mübadiləsi və
istifadəçilərə maksimal əlverişli şərait rejimi yaratma vasitəsi kimi hüquqi tənzimləmə
çərçivəsi müəyyən etməklə hərtərəfli dövlət tənzimlənməsindən ibarətdir.
Bəzi ölkələr hesab edirlər ki, əgər informasiya resursu onların vətəndaşları üçün
əlyetərlidirsə, deməli, serverin fiziki yerləşdiyi yerdən asılı olmayaraq, onların
yurisdiksiyasına aiddir. Məsələn, Fransa və Avstraliya məhkəmələrinin qərarlarına görə,
ABŞ saytları həmin ölkələrin yurisdiksiyasında yerləşir, ona görə də bu ölkələrin
qanunlarına tabe olmalıdır [1]. Nəticədə bütün dünyada provayderlər çətin vəziyyətə
düşürlər. Onlar fiziki olaraq yerləşdiyi dövlətlərlə yanaşı, bir sıra digər dövlətlərin
yurisdiksiyasına da əməl etməli olurlar.
Qeyd etmək lazımdır ki, İnternetlə bağlı münaqişələrin, mübahisələrin sayı
durmadan artır. Amma yurisdiksiya məsələsindəki qeyri-müəyyənliklər bir sıra
problemlərin yaranmasına gətirib çıxardır [1]:
dövlətin öz ərazisində sosial münasibətləri tənzimləməsi üçün öz hüquqi
səlahiyyətlərini yerinə yetirməsi mümkün olmur;
ayrı-ayrı fiziki və hüquqi şəxslər öz məhkəmə hüquqlarından istifadə edə
bilmirlər.
İnternetin hüquqi təhlükəsizliyini təmin etmək olmur;
elektron kommersiyanın inkişafı ləngiyir;
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
54 www.jpis.az
İnternetin hüquqi baxımdan təhlükəsiz zonalara parçalanması təhlükəsi yaranır.
Yurisdiksiyanın müəyyən edilməsi ilə bağlı problem münaqişə eksterritorial
xarakterə malik olduqda (məsələn, münaqişədə müxtəlif dövlətlərin vətəndaşları iştirak
etdikdə və ya beynəlxalq tranzaksiya həyata keçirildikdə) yaranır. İnternetdə informasiya
yerləşdirərkən onun hər hansı bir ölkənin qanunvericiliyini pozub-pozmadığını bilmək
çox çətindir. Çünki İnternetdə yerləşdirilən istənilən material hər bir ölkədə əlyetərli olur.
Bu baxımdan, demək olar ki, İnternetdə hər bir fəaliyyət növü beynəlxalq xarakterlidir və
müxtəlif yurisdiksiyaların tətbiq edilməsinə səbəb ola bilər.
Yurisdiksiya problemini qabarıq şəkildə göstərən iki əyani və tez-tez istinad edilən
məhkəmə işi 1996-cı ildə Almaniyada baxılan CompuServe şirkəti və 2001-ci ildə
Fransada Yahoo! şirkəti ilə bağlı baxılan işlərdir [2].
Birinci işdə Almaniya məhkəməsi tələb etdi ki, ABŞ-ın CompuServe şirkəti
pornoqrafik materiallara çıxışı bağlasın. Şirkət Almaniya qanunvericiliyinə riayət etmək
üçün özünün ABŞ-dakı mərkəzi serverindən bu cür materialları silməli oldu. Nəticədə,
pornoqrafik materialların qanunla qadağan olunmadığı ölkələrdə də (ABŞ da daxil
olmaqla) vətəndaşlar bu materiallardan istifadə etməkdən məhrum oldular. CompuServe
şirkəti bu sahədə ən sərt normalara tabe olmalı oldu. Bu iş belə bir tendensiya yaratdı ki,
İnternet ən məhdudlaşdırıcı normalara tabe olacaq.
Yahoo! şirkəti ilə bağlı işin kökündə isə nasizmi təbliğ edən materialların
yayılmasını qadağan edən Fransa qanunvericiliyinin pozulması dayanırdı. Fransa
qanunları vətandaşlarına nasizmi təbliğ edən Yahoo!-nun saytına daxil olmağı qadağan
edir. Baxmayaraq ki, həmin sayt ABŞ-da fəaliyyət göstərir və bu ölkədə müvafiq
materialların yerləşdirilməsi qanunidir.
Ənənəvi hüquq prinsipləri baxımından CompuServe şirkətinin işi kimi məsələlərdə
qeyri-adi heç nə yoxdur. Əsas problem İnternetlə əlaqədar olan məhkəmə işlərinin
miqyasındadır, çünki demək olar, hər bir sayt və ya xidmət hansısa bir ölkənin
yurisdiksiyası altına düşə bilər. Beləliklə, kəmiyyət aspekti (işlərin sayı) yeni həll
yollarının axtarışını tələb edə bilər.
İnternetdə yurisdiksiya çoxluğu (müxtəlifliyi) probleminin həlli aşağıdakılar
vasitəsilə mümkün ola bilər [2]:
beynəlxalq xüsusi hüququ modernləşdirməklə;
milli qanunları unifikasiya etməklə;
arbitrajdan istifadə etməklə;
İnternet istifadəçilərinin kimliyini və yerini müəyyən etmək üçün texniki
imkanlardan (ilk növbədə, geolokasiya proqram təminatından) istifadə etməklə.
Şə
xsi həyatın toxunulmazlığının və fərdi məlumatların qorunması problemləri
Şəxsi həyatın toxunulmazlığının və fərdi məlumatların qorunması – İnternetin
tənzimlənməsinin bir-biri ilə sıx bağlı olan aspektləridir. İnformasiyanın qorunması şəxsi
həyatın toxunulmazlığını təmin edən hüquqi mexanizmdir.
Şəxsi həyatın toxunulmazlığı – insanın əsas konstitusion hüquqlarından biridir.
Şəxsi həyatın toxunulmazlığı hüququna aşağıdakılar daxildir [3]:
şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında informasiyanın
toplanmasının, saxlanmasının, istifadəsinin və yayılmasının qadağan olunması;
özü haqqında informasiyaya nəzarət etmək hüququ;
şərəf və ləyaqətin qorunması hüququ;
fərdi məlumatların qorunması hüququ
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 55
rabitə sirri hüququ;
mənzil toxunulmazlığı hüququ;
və s.
Fərdi məlumatlar – konkret insan haqqında, onunla eyniləşdirilən və ya eyniləşdirilə
bilən (maddi daşıyıcıda əks olunmuş) informasiyadır. Fərdi məlumatlara bioqrafik və
fərqləndirici (tanıdıcı) məlumatlar, şəxsi xarakteristika (xasiyyətnamə), ailə və sosial
vəziyyət, təhsil, peşə, xidmət və maliyyə vəziyyəti, sağlamlıq və s. vəziyyəti barədə
məlumatlar aid edilir [4].
İstifadəçilər İnternetdə işləyərkən onlar haqqında məlumatlar müəyyən şəxslər üçün
əlyetərli olur. Ümumiyyətlə, istifadəçi haqqında informasiyanın əldə edilməsi aktiv və
passiv ola bilər. Yəni müxtəlif xidmətlərdən istifadə hüququ əldə etmək üçün müəyyən
elektron formaların doldurulması, habelə veb-resursda müxtəlif informasiyadan istifadə
etmək üçün uyğun bölmələrin seçilməsi istifadəçinin aktiv fəaliyyətinin nəticəsidir.
Həmçinin istifadəçinin İnternetə qoşulmasının, proqram təminatından və informasiya
resurslarından, sistemlərindən istifadəsinin monitorinqini aparmaqla onun haqqında
passiv məlumat almaq mümkündür.
Bu məlumatlar istifadəçini birmənalı olaraq identifikasiya edə bilər (məsələn, onun
adı, soyadı, doğum tarixi, yaşadığı yer, peşəsi, iş yeri haqqında informasiyalar vasitəsi
ilə). Həmçinin bu məlumatlar istifadəçinin İnternetə qoşulmaq üçün istifadə etdiyi aparat-
proqram təminatının və informasiya sistemlərinin identifikasiyası üçün faydalı ola bilər.
Birmənalı şəkildə qeyd etmək olar ki, elektron poçtu və istifadəçilər tərəfindən sərbəst
şəkildə daxil edilən və onları identifikasiya etməyə imkan verən informasiyanı fərdi
məlumatlara aid etmək lazımdır.
Ümumiyyətlə, informasiyanın toplanması informasiya resurslarının – veb-saytların
məzmunu ilə tanış olarkən; loq-faylların məzmununu işləyərkən; elektron poçtdan
istifadə edərkən (elektron məktubların başlıqları üzrə); provayderin modeminə
qoşularkən və s. hallarda həyata keçirilə bilər.
Aşağıdakılar istifadəçi və onun kompyuteri haqqında informasiya əldə etmək üçün
təşkilati-texniki imkana malikdirlər [5]:
istifadəçilərin daxil olduqları resursların sahibləri;
elektron məktubları qəbul edənlər;
istifadəçiyə xidmət göstərən provayder;
ən müxtəlif məkrli niyyətləri olan üçüncü şəxslər;
və s.
Yuxarıda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, istifadəçi
İnternetdə işləyərkən onun haqqında əldə edilən məlumatlar geniş imkanlara malikdir. O
cümlədən informasiya resurslarının keyfiyyətinin artırılması və İnternetdə biznes qurmaq
üçün həmin məlumatlardan istifadə edilə bilər. Bu məlumatların köməyi ilə resurs
istifadəçiləri üçün rahat iş şəraiti yaratmaq, həmçinin auditoriyanın tərkibini və
üstünlüklərini analiz etmək olar.
Göstərilənlər, sözsüz ki, istifadəçi haqqında məlumatların yayılmasına xidmət edir.
Brauzerlərin işləmə texnologiyası, proqram təminatının və əməliyyat sistemlərinin
informasiya təhlükəsizliyi sahəsindəki çoxsaylı qüsurlar, istifadəçilərin müdafiəsiz
olması, kompyuterlərinin imkanları və çatışmazlıqları barədə onlara məlumat
verilməməsi, provayder heyətinin səhlənkarlığı, habelə bədniyyətli şəxslərin əməlləri
İnternetdən informasiya əldə edən insanların informasiya hüquqlarının pozulmasına
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
56 www.jpis.az
gətirib çıxarır. Buna görə də, şəxsi həyat sirrinin və fərdi məlumatların qorunması üçün
İnternetdə optimal tənzimlənmə siyasətinin həyata keçirilməsi zərurəti ortaya çıxır.
Domen adları sisteminin idarə edilməsi problemləri
Domen adları sisteminin (Domain Name System – DNS) idarə edilməsi məsələsi
İnternetin fəaliyyəti ilə bağlı ən qızğın mübahisələrin predmeti kimi çıxış edir. DNS ilə
əlaqədar ictimai münasibətlərin təhlili üçün qeyd etmək lazımdır ki, mövcud domen
adları sisteminin bir sıra xüsusiyyətləri vardır [5]:
−
DNS bütün İnternet şəbəkəsi üçün vahid sistemdir və iyerarxik quruluşa
malikdir;
−
DNS könüllü bir sistemdir və insanlara sərbəst olan domen adlarını seçmək və
qeydiyyatdan keçirmək imkanı verir;
−
qeydiyyatdan keçirilmiş domenlər üçün onların İnternetin bütün ünvan
məkanında unikallığı təmin edilir;
−
iqtisadi sistem ödənişli əsaslara söykənir.
Yuxarıda göstərilən xüsusiyyətlərə əsaslanaraq qeyd etmək olar ki, domen adları –
mahiyyətinə görə fərdiləşdirmə vasitəsidir. Belə ki, istehlakçılara və istifadəçilərə virtual
məkandan səmərəli istifadə etməyə imkan verir.
Göstərilən ictimai münasibətlərdə domenin gələcək sahibi və qeydiyyatçı – bu və ya
digər yüksək səviyyəli domen zonasının domen adlarının verilənlər bazasına yazını daxil
etmək hüququ olan səlahiyyətli təşkilatdır. Qeydiyyat prosesində həmçinin vasitəçilərin –
İnternetdə xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan şəxslərin iştirakı mümkündür.
Bunlardan başqa, həmin münasibətlərdə domen adlarından istifadə ilə bilavasitə əlaqədar
olaraq provayderlər – domen sahibinin informasiya resursuna texniki dəstək üzrə xidmət
göstərən təşkilat da iştirak edir.
Göstərilən subyektlər arasında qeydiyyatçı mühüm rol oynayır [1]. Bu subyekt
domen adını seçmir, amma özünün xüsusi statusu hesabına bir inhisarçı kimi bütün
qeydiyyat və domen adlarından istifadə prosesləri üzərində təşkilati-texniki nəzarəti
həyata keçirmək imkanına malikdir. Yalnız qeydiyyatçıdan asılıdır ki, domen adı və onun
sahibi haqqında hansı informasiya DNS-server üzrə yayılacaq; nə vaxt bu və ya digər
adın sahibi dəyişəcək; nə vaxt qeydiyyat ləğv ediləcək və ünvan hamı üçün əlyetərli
olacaq, adın özünü isə yenidən qeydiyyatdan keçirmək mümkün olacaq.
Bu münasibətlərdə daha bir xüsusi məqam ondan ibarətdir ki, qeydiyyata alınmış
domenlər yüksək dövriyyə qabiliyyətinə malikdir. Belə ki, domen sahiblərinin dəyişməsi
(yenidən qeydiyyatı) prosesi olduqca qısa müddətdə yerinə yetirilir. Bu xüsusiyyət
İnternetin olduqca operativ mühit olduğunu bir daha təsdiq etsə də, sabit hüquqi
mexanizmlərin köməyi ilə, o cümlədən məhkəmə vasitəsilə öz maraqlarını qorumağa
çalışan resurs sahiblərinə əlavə problemlər yaradır.
Domen sahiblərinin bu adları qeydiyyatdan keçirərkən və onlardan istifadə edərkən
mülki dövriyyə iştirakçılarının hüquqlarının pozulması hallarına da tez-tez rast gəlinir.
Həmin adların qeydiyyatı və onlardan istifadə ilə bağlı mübahisələrə dair mövcud
məhkəmə praktikasına baxdıqda görmək olur ki, daha çox mülkiyyət hüququnun
obyektləri – firma adları və əmtəə nişanları ilə bağlı qanun pozuntularına yol verilir.
Bundan başqa, domen adlarının qeydiyyatı və istifadəsi zamanı həmçinin fiziki şəxslərin,
coğrafi obyektlərin, kütləvi informasiya vasitələrinin, idman komandasının, yaxud
məşhur bədii əsərlərin adları ilə bağlı da hüquq pozuntuları müşahidə olunur.
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 57
Domenlərin idarə edilməsinin mühüm hissəsi ticarət markalarının qorunması və
mübahisələrin həll olunmasıdır. İnternetin ilk dövrlərində domen adlarının qeydiyyatı
“birinci kim gəlsə, ona xidmət edilir” prinsipinə əsaslanırdı, yəni istənilən şəxs istədiyi
adı qeydiyyatdan keçirə bilərdi. Domen adlarının potensial dəyəri kiberskvottinq (domen
adlarının sonradan satmaq məqsədi ilə qeydiyyatı - möhtəkirlik) adlanan fəaliyyəti
meydana gətirdi. İki domenin eyni adla fəaliyyət göstərməsinin qeyri-mümkünlüyü
qeydiyyat hüququ ilə bağlı mübahisələrə gətirib çıxardı.
Doğrudur, 1999-cu ildə ICANN tərəfindən bu cür mübahisələri həll etmək üçün
beynəlxalq münsiflər məhkəməsi yaradıldı [6]. Lakin bu məhkəmə prosedurunun yalnız
.com, .net və .org domenlərinə aidiyyəti var, ölkə kodlarına əsaslanan domenlərin
fəaliyyətinə toxunmur. Həm də təcrübə göstərir ki, qeyd edilən məhkəmə proseduru
həmin mübahisələrin ədalətli həlli üçün o qədər də effektli vasitə deyil.
İ
nternet-provayderlərin məsuliyyətinin müəyyən edilməsi problemləri
Provayderlərin məsuliyyət problemi – dövlət siyasətinin təkcə İnternet sahəsində
deyil, ümumiyyətlə, milli təhlükəsizlik sferasında çox mühüm problemlərindən biridir.
Bir çox dövlətlərin nəzərincə, onlar İnternet üzərində nəzarətin yaradılmasının və
istifadəçilərin hüquq normalarına riayət etmələrinin təmin edilməsinin ən sadə, aşkar
mexanizmidir.
İnternet-provayderlərin göstərdikləri xidmətlərin müəyyən özəllikləri var. Provayder
informasiya münasibətlərinin təşəbbüskarı kimi çıxış etmir, ötürülən informasiyanın
məzmununu və istifadəçisini seçmir, informasiyanın məzmununa təsir göstərmir,
informasiyanı texniki standartlarda və protokollarda müəyyən edildiyi qaydaya uyğun
olaraq yalnız müəyyən müddət üçün saxlayır.
1990-cı illərdə - İnternetin canlanması zamanı provayderlər istifadəçilər tərəfindən
yerləşdirilən, yaxud baxılan materialların məzmununa və ya müəllif hüquqlarına görə heç
bir məsuliyyət daşımırdılar [1]. Belə bir fikir yayılmışdı ki, provayderlərə əlavə
təzyiqlərin edilməsi İnternetin gələcək inkişafına əngəl törədir. Lakin İnternetin
kommersiya əhəmiyyətinin artması və təhlükəsizlik məsələlərinin aktuallaşması
nəticəsində bir çox ölkələr provayderlərdən qanunlara riayət edilməsi aləti kimi istifadə
etməyə başladılar.
Provayderlərin məsuliyyəti onların təşkilati-texniki imkanlarına əsaslanır. Onlar
istənilən vaxt öz istifadəçilərinin ictimai informasiya münasibətlərinə təsir göstərə
bilirlər. Təsir forması müxtəlif ola bilər: informasiya mübadiləsinə qadağa qoymaqdan
başlayaraq üçüncü şəxsləri ötürülən informasiyanın məzmunu barədə məlumatlandırmağa
qədər.
Beynəlxalq praktikada provayderlərin məsuliyyəti ilə bağlı 3 cür yanaşma
mövcuddur [7]:
1.
Provayder istifadəçilərin heç də bütün fəaliyyətinə görə məsuliyyət daşımır.
Baxmayaraq ki, istifadəçilərin hər bir fəaliyyəti barədə provayderdə məlumat
olur.
2.
Provayder istifadəçilərin fəaliyyətinə görə o halda məsuliyyət daşımır ki,
informasiya mübadiləsi subyektləri ilə qarşılıqlı münasibətin və onlara göstərilən
xidmətlərin xüsusiyyətləri ilə əlaqədar müəyyən şərtləri yerinə yetirir.
3.
Provayder istifadəçilərin heç bir fəaliyyətinə görə məsuliyyət daşımır.
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
58 www.jpis.az
Spamlarla mübarizə problemləri
İnternetin fəaliyyəti zamanı meydana çıxan ən mühüm problemlərdən biri də
spamlarla mübarizə məsələsidir. Spam – kommersiya, siyasi və digər xarakterli reklamın,
yaxud başqa növ məlumatların onları qəbul etmək istəməyən şəxslərə kütləvi
göndərişidir [1].
Birincisi, spam – elektron məktubu qəbul edənin əvvəlcədən (ilkin) razılığını
almadan (“unsolicited”) göndərilən məlumatdır.
İkincisi, göndərişlər kütləvi xarakter daşıyır, yeni bir məlumat eyni zamanda çoxlu
sayda elektron poçt ünvanına göndərilir (bir sıra ölkələrdə bu xüsusiyyəti bildirmək üçün
“bulk” (ing. – “kütlə”) terminindən istifadə edilir).
Hər bir kəsin İnternetdəki elektron poçt ünvanına spam göndərilir. Bəziləri bunu
qaçılmaz sayır və naməlum şəxs tərəfindən göndərilən məktubu sakitcə silir, digərləri
hövsələdən çıxır və məktubu göndərənə, yaxud provayderə öz narazılığını bildirir. Elələri
də var ki, göndərilən hər məktubu diqqətlə oxuyur və hətta hərdən onlardan öz xeyri üçün
istifadə edir. Göstərilən bütün tip şəxslər İnternetdən, elektron poçtdan istifadə ilə bağlı
olan və müəyyən xüsusiyyətlər daşıyan ictimai informasiya münasibətlərinin
iştirakçılarıdır.
Spamla göndərilən məlumat spammerin məqsəd və vəzifələrindən asılı olaraq ya
kommersiya, ya da qeyri-kommersiya xarakterli ola da bilər. Bu əlamətlərinə görə
spamlar iki növə bölünür: kommersiya spamı (“unsolicited commercial e-mail” - UCE)
və qeyri-kommersiya spamı (“unsolicited bulk e-mail” - UBE).
Kommersiya spamlarına, əsasən, reklam məqsədilə göndərilən elektron məktublar
aiddir.
Qeyri-kommersiya xarakterli spamlardan, adətən, ictimai tədbirlərin keçirilməsi,
siyasi təbliğat və pornoqrafik materialların yayılması üçün istifadə edilir.
Sual ortaya çıxır ki, nəyə görə spamlarla mübarizə aparılır? Cavabı belədir:
•
birincisi, elektron poçt istifadəçiləri spamları qəbul etmələrinə sərf etdikləri
vaxta görə provayderlərə pul ödəməli olurlar.
•
ikincisi, spamlar kütləvi şəkildə göndərildiyinə görə, informasiya sistemləri və
resurslarını (həm elektron poçt yaddaşını, həm də poçt serverlərini) lazımsız
olaraq yükləməklə, onların fəaliyyətini çətinləşdirir.
•
üçüncüsü, spamlarda çox vaxt onu qəbul edəni aldadan məlumatlar olur və bütün
bunlar qanunsuz məqsədlərə xidmət edir.
Əgər spamın göstərilən birinci və üçüncü neqativ təsirini qiymətləndirmək çox
çətindirsə, ikinci halda mənfi təsiri provayderlər hamıdan yaxşı hiss edirlər. Belə ki,
razılaşdırılmamış məktublar məhz onların sistem və resurslarından istifadə etməklə
göndərilir və qəbul edilir.
İ
ntellektual mülkiyyət hüquqlarının qorunması problemləri
Bilik və ideyalar İnternetin təsiri ilə qloballaşan iqtisadiyyatda mühüm resursa
çevrilir. Onların əqli mülkiyyət hüququ formasında qorunmasının vacibliyi İnternetin
tənzimlənməsini zəruri edən əsas məsələlərindən biri kimi çıxış edir. Əqli mülkiyyət
hüquqlarının qorunması ilə bağlı məqamlar İnternetin tənzimlənməsinin müxtəlif
aspektləri ilə əlaqədardır. Belə ki, bilik və ideyalar mədəni irsin və sosial münasibətlərin
mühüm tərkib hissələri kimi, bir çox cəmiyyətlər üçün xüsusi dəyərə malikdir. Əqli
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 59
mülkiyyət hüququ həmçinin İnternetin inkişafı ilə bağlı disskussiyaların əsas
mövzularından biridir.
Şübhəsiz ki, cəmiyyətin maraqları baxımından, İnternetdə ədəbiyyat, incəsənət
əsərləri, filmlər, proqram təminatı və verilənlər bazası nə qədər çox olarsa, bir o qədər
yaxşıdır. Çünki İnternet texnologiyaları və xidmətləri operativ şəkildə və minimal xərclər
hesabına həmin mənbələri nəhəng istifadəçi auditoriyasına təqdim edə bilir ki, bu da
şəxsiyyətin və cəmiyyətin inkişafına xidmət edir. Lakin tez-tez bu və ya digər
materialların İnternetdə yerləşdirilməsi müəllif hüquqlarını pozur, yaxud buna şərait
yaradır. Beləliklə, informasiya mübadiləsi azadlığı müsbət tərəfləri ilə yanaşı, neqativ
nəticələrə də yol açır.
Qeyd etmək lazımdır ki, mətn hissələrini “kəsmək” və “əlavə etmək” imkanlarından
başlamış, audio-video faylların virtual mühitdə yayılmasına kimi mürəkkəb əməliyyatlara
qədər İnternet texnologiyalarının inkişafı ənənəvi müəlliflik hüququ konsepsiyasını zərbə
qarşısında qoydu. İnternet vasitəsilə cüzi xərclər hesabına müxtəlif materialları köçürmək
və bütün dünyaya yaymaq imkanı yarandı [2]. Bu imkanlar material müəlliflərinin
maraqları və cəmiyyətin yaradıcılıq fəaliyyətinə, ictimai biliklərə marağı arasındakı
kövrək tarazlığı təhlükə altında qoyur.
Materialların məhdudiyyətsiz köçürülməsinin qarşısının alınması və eyni zamanda,
həmin materiallardan istifadə imkanının saxlanılması İnternetin tənzimlənməsi ilə bağlı
ən çox baş sındırılan məsələlərdən biridir. Bu gün maraqları iri səsyazma və multimedia
şirkətləri tərəfindən təmsil edilən müəlliflik hüquqlarının sahibləri öz hüquqlarını daha
fəal şəkildə qoruya bilirlər, nəinki sıravi istifadəçilər. İctimai maraqlar isə hələ kifayət
qədər dəqiq formalaşmayıb və lazımi səviyyədə qorunmur.
İnternetdə intellektual mülkiyyət hüquqlarının qorunması probleminə qarşı
mübarizə kompleks xarakter daşımalıdır. Bu, aşağıdakılarla əlaqədardır [8]:
müvafiq hüquq pozuntuları təkcə İnternetdə yox, həm də digər İKT vasitələrində
baş verir;
bu vasitələrdən istifadə etməklə aşağıdakı hüquq pozuntuları törədilir: plagiatlıq;
əqli mülkiyyət hüququ obyektləri ilə qanunsuz ticarət; İnternet-mağazalar
vasitəsilə icazəsiz məhsulların alqı-satqısı;
ən müxtəlif əqli mülkiyyət hüququ obyektləri müvafiq qanun pozuntularının
obyekti kimi çıxış edir;
müvafiq qanun pozuntuları transmilli (qlobal) xarakter daşıyır;
müvafiq qanun pozuntuları bir çox hallarda digər ictimai-təhlükəli əməllərlə -
ziyanlı proqramların, spamların yayılması, fərdi məlumatların işlənmə
qaydasının pozulması və s. ilə müşahidə olunur.
Kibercinayətkarlıqla mübarizə problemləri
İnternetin unikal texnoloji xüsusiyyətləri bir sıra cinayət əməllərinin həyata
keçirilməsi üçün əlverişli mühit yaradır. Qlobal şəbəkənin tənzimlənməsi sahəsində
hüquqi boşluqların olması bu cür neqativ halların qarşısının alınmasını xeyli çətinləşdirir.
İnternet həm ənənəvi cinayətlərin daha rahat şəkildə həyata keçirilməsi, həm də yalnız bu
qlobal şəbəkəyə məxsus olan, geniş ictimaiyyətə məlum olmayan yeni cinayət növlərinin
reallaşdırılması üçün əlverişli mühit kimi çıxış edir [9].
İnternetin imkanlarından cinayətkar elementlər fəal şəkildə istifadə edirlər, terrorçu
təşkilatların narkotik, silah, reklamı və satışının həyata keçirildiyi, pornoqrafik
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
60 www.jpis.az
materialların yerləşdirildiyi, həmçinin irqçi, millətçi, ekstremist yönlü saytlar qlobal
şəbəkədə geniş yayılıb. Bu virtual məkanda cinayətlərin yüksək sosial təhlükəliliyi
transmilli xarakter daşıyır. Yəni müvafiq fəaliyyətin fəsadları geniş insan dairələrini və
müxtəlif ölkələri əhatə edir.
Artıq İnternetdən geniş istifadə edilən ölkələrdə kompyuter sistemləri və İnternetlə
bağlı cinayət əməlləri ümumi hüquq pozuntuları sırasında mühüm yer tutur. İnternet
mühitində cinayətkarlıq hallarının sürətlə artması, ilk növbədə, bu qlobal şəbəkənin
xüsusiyyətləri – açıqlığı, hamı üçün əlyetərli olması, heç bir dövlətin və ya təşkilatın
nəzarətində olmaması ilə bağlıdır. Həmçinin İnternetin fəaliyyəti ilə bağlı effektli hüquqi
tənzimləmə mexanizmlərinin olmaması, yurisdiksiya probleminin mövcudluğu, eləcə də
hüquq-mühafizə orqanlarının hələ bu sahədə peşəkar olmamaları kiberməkanda cinayət
əməllərinin sayının artmasına şərait yaradır.
Bu gün istənilən dövlətin milli infrastrukturu İnternet şəbəkəsi ilə sıx bağlıdır. Ona
görə də İnternet-cinayətkarlıq hər bir dövlətin milli təhlükəsizliyi üçün ciddi təhlükəyə
çevrilib. Lakin İnternet qlobal xarakterə malik olduğu üçün heç bir dövlət bu sahədəki
cinayətkarlıqla təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Ona görə də İnternet-
cinayətkarlıqla effektli şəkildə mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq,
beynəlxalq-hüquqi tənzimləmə mexanizmlərinin işlənməsi, bütün dövlətlərin öz səylərini
birləşdirmələri zəruridir [10].
Kriminal faktlara dair statistik məlumatların təhlili də göstərir ki, kibercinayətkarlıq
halları digər analoqları ilə müqayisədə daha sürətlə artmaqdadır. Ekspertlər bunun əsas
səbəbi kimi cinayətkarların minimal risk hesabına vətəndaşlara və təşkilatlara daha çox
maliyyə ziyanı vurmaq imkanını göstərirlər.
Artıq İnternet-cinayətlərin ənənəvi cinayət hallarını üstələyəcəyi, iqtisadi və siyasi
proseslərə daha geniş şəkildə təsir edəcəyi proqnozlaşdırılır. Uğurlu tənzimləmə və
mübarizə siyasətinin həyata keçiriləcəyi halda, İnternet-cinayətkarlığın artım tempinin
aşağı salınması da istisna edilmir.
Kibercinayətkarlıqla hüquqi müstəvidə mübarizəyə başlanması 2000-ci illərin
əvvəllərinə təsadüf edir. Beynəlxalq təşkilatlar ayrı-ayrı dövlətlərə tövsiyə edirlər ki, öz
cinayət qanunvericiliklərinə kibercinayətlər haqqında xüsusi müddəalar əlavə etsinlər. O
cümlədən BMT-nin Baş Assambleyası tərəfindən bu istiqamətdə bir neçə qətnamə qəbul
edilib. Həmçinin 2003-cü ildə ATƏT İnternet dələduzluğu ilə mübarizədə dövlətlərə
kömək etmək məqsədilə müvafiq sahə üzrə əsas prinsiplər hazırlanır [11].
2003-cü ildə Budapeştdə Avropa Şurası tərəfindən imzalanan Kibercinayətkarlıq
haqqında Konvensiya isə hələlik müvafiq sahədə ən mühüm sənəd kimi çıxış edir [8]. Bu
Konvensiyaya qoşulan dövlətlər müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə və
beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsilə cəmiyyəti kibercinayətlərdən
qorumaq məqsədi daşıyan cinayət hüququ sferasında ümumi siyasətin aparılması barədə
öhdəlik götürürlər. Bu beynəlxalq müqavilə İnternet infrastrukturunun cinayət
əməllərindən qorunması üzrə ümumi prinsiplərin hazırlanmasına yönəlib və qlobal
şəbəkə ilə bağlı hüquq pozuntularının məhkəmə istintaqının prosedurunu müəyyən edir.
Konvensiya üzv dövlətlərin aşağıdakı cinayət növlərinin milli səviyyədə
qanunvericilik aktlarına daxil edilməsini nəzərdə tutur:
•
kompyuter məlumatları və sistemlərinin məxfiliyi, bütövlüyü və istifadəsi ilə
bağlı cinayətlər;
•
kompyuter vasitələrindən istifadə yolu ilə həyata keçirilən cinayətlər;
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 61
•
məlumatların məzmunu ilə bağlı cinayətlər;
•
müəllif hüquqlarının və əlaqəli hüquqların pozulması ilə bağlı hüquq
pozuntuları.
Elektron kommersiyanın tənzimlənməsi problemləri
İnternet vasitəsilə reallaşdırılan elektron kommersiyanın inkişafını ləngidən əsas
problemlərdən biri onun hüquqi tənzimlənməsi ilə bağlıdır. Bu sahədə bütün dövlətlər
üçün vahid tənzimlənmə siyasətinin həyata keçirilməsi tələb edilir. Çünki milli
səviyyələrdə qlobal məkandan təcrid olunmuş hüquqi rejimlərin müəyyən edilməsi
beynəlxalq elektron ödənişlərin həyata keçirilməsində hüquqi ziddiyyətlər yaradır.
Bütövlükdə, elektron kommersiyanın normal fəaliyyətinin və inkişafının təmin
edilməsi üçün İnternetin tənzimlənməsi sahəsində aşağıdakı bir sıra məsələlərin həlli
vacibdir [12, 13]:
genişzolaqlı İnternetdən istifadənin və keyfiyyətli xidmətin təmin edilməsi
multimedia sahəsində (məsələn, audio-video məhsulların yayılması) elektron
kommersiyanın sürətli inkişafının ən vacib şərtlərindən biridir;
internetin təhlükəsizliyinin təmin edilməsi elektron kommersiya mühitinin
etibarlılığını və davamlılığını yüksəltməlidir; Bu, istehlakçıların müvafiq sahəyə
etimadının möhkəmləndirilməsi üçün zəruri şərtlərdən biridir.
informasiyanın şifrələnməsi maliyyə əməliyyatlarının həyata keçirildiyi şəraitdə
kommunikasiyaların qorunması üçün olduqca vacibdir;
yurisdiksiya məsələlərinin həlli elektron kommersiyanın etibarlılığının təmin
edilməsi, xüsusən də, istehlakçı hüquqlarının qorunması baxımından vacibdir;
qeyri-maddi məhsullarla bağlı alqı-satqı əməliyyatlarının həcminin artması ilə
əlaqədar əqli mülkiyyət hüququnun qorunması elektron kommersiya üçün xüsusi
əhəmiyyət kəsb etməyə başlayır;
elektron imzadan istifadə alqı-satqı əməliyyatlarının həyata keçirilməsini
asanlaşdırır və identifikasiya problemini həll edir;
elektron kommersiya prosesində alıcılar haqqında çoxlu informasiya
toplandığına görə fərdi məlumatların qorunması şəxsi həyatın müdafiəsi
baxımından aktuallıq kəsb edir.
Elektron kommersiya sahəsində həllini gözləyən mübahisəli məqamlardan biri də
audio-məhsulun alıcıya necə çatdırılmasından (kompakt-diskdə (maddi forma) və ya
İnternet vasitəsilə (qeyri-maddi formada)) asılı olaraq onun təsnifatının dəyişib-
dəyişməməsi ilə bağlıdır [2]. Son nəticədə eyni audio-məhsul onun alıcıya necə
çatdırılmasından asılı olaraq fərqli əmtəə statusu alır və fərqli vergi və gömrük
ödənişlərinə cəlb edilir. Bu baxımdan, müvafiq təsnifatın aparılması çox vacibdir, çünki
əmtəə və xidmət satışına müxtəlif hüquq normaları tətbiq edilir.
Elektron kommersiyanın tənzimlənməsi istehlakçıları vicdansız reklamdan,
keyfiyyətsiz əmtəə və xidmətlərdən, oğurluqdan və şəxsi maliyyə məlumatlarının
(məsələn, ödəmə kartları haqqında informasiyanın) qanunsuz ötürülməsindən və s.
qorumalıdır [14]. Elektron kommersiyanın yeni səciyyəvi xüsusiyyəti istehlakçı
hüquqlarının beynəlxalq səviyyədə qorunması zərurətidir. Halbuki bu xüsusiyyət ənənəvi
ticarət üçün prioritet məsələ deyil. Əgər əvvəllər istehlakçılar beynəlxalq müdafiəyə nadir
hallarda ehtiyac duyurdularsa, elektron kommersiyanın inkişafının nəticəsi kimi getdikcə
daha çox ticarət sövdələşmələri milli sərhədlərdən kənara çıxır. Bununla əlaqədar
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
62 www.jpis.az
yurisdiksiya ilə bağlı məsələnin aktuallığı artır. Yəni beynəlxalq miqyasda elektron
kommersiyanın tənzimlənməsi problemlərinin aradan qaldırılması İnternet-yurisdiksiya
məsələləri həll edilmədən mümkün deyil [15].
Nəticə
Beləliklə, yuxarıda qeyd edilən məsələlər İnternetin tənzimlənməsi zərurətini aktual
məsələ kimi ortaya qoyur. İnternet getdikcə dövlətin, cəmiyyətin, insanın fəaliyyət
sferalarına daha geniş və daha dərin nüfuz etməyə başlayır. Gerçək dünyada olduğu kimi,
virtual məkanda da dövlətin, cəmiyyətin və ayrı-ayrı insanların maraqları, mənafeləri
təmsil olunur. Nəzərə alsaq ki, dövlətin əsas funksiyalarından biri ictimai münasibətləri
tənzimləmək, vətəndaşların hüquq və azadlıqlarını təmin etməkdir, deməli, İnternetin
tənzimlənməsi zəruri məsələdir. Lakin İnternet hər hansı bir dövlətə məxsus olmadığı,
bütün dünyanı əhatə etdiyi üçün onun ümumi fəaliyyətinin və ayrı-ayrı seqmentlərinin
tənzimlənməsi də qlobal miqyasda həyata keçirilən bir proses olmalıdır. Bunun üçünsə
milli maraqlar nəzərə alınmaqla bütün dünya dövlətlərinin səylərinin birləşdirilməsi,
birgə fəaliyyət göstərmələri vacibdir. Əks halda, İnternetin bütün dünyaya xidmət edən
qlobal şəbəkə kimi inkişafı, bütövlüyünün qorunması böyük problemə çevrilə bilər.
Ə
dəbiyyat:
1.
Наумов В.Б ., Право и Интернет: Очерки теории и практики, М.: Книжный дом
«Университет», 2002. 432 с.
2.
Kurbalija J., Gelbstein E., Internet Governance: Issues, Actors and Divides,
DiploFoundation, 2005., 183 p.
3.
www.iot-visitthefuture.eu/fileadmin/.../Directive_95_46_EC_part_2.pdf
4.
Хужокова И. М. Право на неприкосновенность частной жизни в системе прав
человека // Сравнительное конституционное обозрение. 2007. № 2.
5.
Серго А.С., Интернет и право, “Бестселлер”, 2003. – 272 с.
6.
www.icann.org
7.
Савельев А.И., Гражданско-правовое регулирование договоров между клиентом
и Интернет-провайдером в сети Интернет, автореферат диссертации на
соискание ученой степени кандидата юридических наук, Москва, 2008,
http://law.edu.ru
8.
Бабкин С.А., Интеллектуальная собственность в Интернет. Изд-во: Центр
ЮрИнфоР, 2006., 512 с.
9.
Əliquliyev R.M., Mahmudov R.Ş., İnternet fenomeninə çoxaspektli baxış. Ekspress-
informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: “İnformasiya Texnologiyaları”
nəşriyyatı, 2010, 96 s.
10.
Əliquliyev R.M., Mahmudov R.Ş., İnternetin tənzimlənməsi problemləri. Ekspress-
informasiya. İnformasiya cəmiyyəti seriyası. “İnformasiya Texnologiyaları”
nəşriyyatı, 2010, 115 s.
11.
www.osce.org
12.
Богдановская И.Ю., Правовое регулирование электронной коммерции:
зарубежная практика, Доклад на II Всероссийской конференции «Право и
Интернет: теория и практика»,
www.ifap.ru
13.
Зажигалкин
А.В.,
Mеждународно-правовое
регулирование
электронной
коммерции, Автореферат диссертации на соискание ученой степени кандидата
юридических наук,
www.russianlaw.net
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 63
14.
Пластинина Н.В., Дистанционные покупки., Изд-во: Дашков и К, 2009, 160 с.
15.
Под ред. Попондопуло В.Ф., Международное торговое право., М.: Омега-Л,
2005, 472 с.
УДК
004.738.5:351/354:34;341.9
Махмудов
Р.Ш.
Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
rasim72@gmail.com
Актуальные
вопросы регулирование Интернета
В статье исследуются актуальные проблемы регулирования Интернета. В том числе
анализируется такие проблемы как определение Интернет-юрисдикции, защита личной
жизни и персональных данных, определение ответственности Интернет-провайдеров,
управление системой доменных имен, борьба со спамами, защита интеллектуальной
собственности в виртуальной среде, киберпреступность, регулирование электронной
коммерции. Обосновывается необходимость регулирования Интернета для решения
данных проблем.
Ключевые
слова: регулирование Интернета, Интернет-юрисдикция, доменные
имена, Интернет-провайдер, борьба со спамами, киберпреступность, электрон-
ная коммерция.
Mahmudov R.Sh.
Institute of Information Technology ANAS, Baku, Azerbaijan
rasim72@gmail.com
Actual problems of regulation of the Internet
The article deals with current problems of Internet regulation. Problems in areas suchas
determination of Internet jurisdiction, protection of privacy and personal information,
determination of liability of Internet providers, management of domain name system, fighting
against spam, intellectual property rights protection in virtual space, cyber crime, regulation of
electronic commerce has been analyzed as well. The necessity of internet regulation in solving
these problems is justified.
Keywords: Internet regulation, Internet jurisdiction, domain names, Internet provider,
spam fighting, cybercrime, e-commerce
Dostları ilə paylaş: |