25.05.87.
HANI
Ellər dağa gedir, yaylağa çıxır,
Bəs mənim gülşənli yaylağım hanı?
Bir zaman döşündə at süzdürdüyüm
Dərəli-təpəli oylağım hanı?
Göynərəm qəlbimi həsrət deşəndə,
Mərd gülməz qardaşı oda düşəndə.
Ürəyim qan olur yada düşəndə,
Aşıqlı, mağarlı o çağım hanı?
Ulu oğuzlardan yadigar qalan,
Dar gündə qolunu boynuma salan...
Tüstüsü gözümün məlhəmi olan
Dədə-baba yurdum, ocağım hanı?
Görəsən nə imiş taledən payım,
Tapdandı qismətim, hər haqqı sayım.
Hanı "Tərsə çayım", "Əyricə" çayım,
Havam, suyum hanı, bulağım hanı?
Eldar, həsrət qaldım şah ocağına,
Anamın yanmayan son çırağına.
El gəlib çıxardı Göyçə dağına,
Hanı Göyçə adlı torpağım, hanı?
21.07.90
BORCLUYAM
Bütün dünya çəmən ola, gül ola,
Öz çölümə, çəmənimə borcluyam.
Yüz dağ ola, yüz yağışlı, çənli gün,
Öz dağıma, öz çənimə borcluyam.
Tufanlara sinə gərəm bu yerdə,
Hər qarışa həyat verəm bu yerdə.
Yüz il belə dövran sürəm bu yerdə,
Yoxuşuma, bələnimə borcluyam.
Coşğun çayın zümzüməsi avazım,
Bir nəğmədən pozuldumu tarazım?!
Özgə verən ləziz xörək nə lazım,
Bircə cadlıq öz dənimə borcluyam.
Ürək versən qayalarım dil açar,
Öpə bilsəm buz bulaqlar gül açar.
Bir can desəm dənizlərim nur saçar,
Tufan görmüş yelkənimə borcluyam.
Günəş eşqim, qollarıma qüvvət ver,
Tariximə babam kimi şöhrət ver.
Sabah mənim bu günümə qiymət ver,
Bu gün üçün dünənimə borcluyam.
Qartal yaşı qarışsa da yaşıma,
Canım qurban baharıma, qışıma.
Əməyimi torpağıma, daşıma,
Mən özümü Vətənimə borcluyam.
8.04.82.
APARAQ
Mənsur üçün
Bu cənnətdən kim əliboş dönər heç,
Qayıdanda gəl yetkinlik aparaq.
Heç olmasa buz bulağa yalvarıb,
Bal tamından bir şirinlik aparaq.
Doya bilsən doy, xətirli meşədən,
Umsuq oldum bu ətirli meşədən.
Boz arana bu çətirli meşədən
Özümüzlə bir sərinlik aparaq.
Təbiətdən gəl səxavət öyrənək,
Bir ədalət, bir mərhəmət öyrənək.
Şah palıddan bir dəyanət öyrənək,
Qayıdanda biz dərinlik aparaq.
Min-min şükür bu mənalı səfərə,
Dön Eldarın ürəyində təpərə.
Bu Nabranı o ədalı şəhərə
Təşbih üçün bircə günlük aparaq.
5.08.2004
DOXSAN BİRİ DƏ YOLA SALDIQ
Doxsan biri də yola saldıq,
İzimizi yandıra-yandıra.
Bu ildən də
Öz yumruq payımızı aldıq.
Zamanın
Damarını sındıra-sındıra,
İtkilər verdik,
İgid oğullar itirdik,
Yerimiz-yurdumuz dağıldı.
Başımıza gələn
Nə həqiqətdi,
Nə də nağıldı...
"Böyük qardaşlarımız
"Qısqırdı yenə-itlərini,
Qısqırdı üstümüzə.
Yenə də gözümüzü açıb
Görə bilmədik
Girənlər kimdi qəsdimizə?!
Neçə ki, görə bilməmişik,
Kimdir atan gülləmizi,
Kimdir bağlayan əlimizi?
Çoxlu sədd çıxacaq qarşımıza,
Yüz oyun açılacaq başımıza.
Doxsan biri də yola saldıq,
Beş gün mərhumiyyətdə,
Bir gün dirilikdə.
Çox şükür ki,
Yola saldıq daxsan biri
Qarbaçovla birlikdə!
31.12.91.
BU YAŞIMDA
Sevincimi kaman edib
Çalaydım mən bu yaşımda.
Son baharın buludu tək,
Dolaydım mən bu yaşımda.
Səbri böyük, qulağı dinc,
Ömür qısa, dövran gülünc.
Bir dodağa qonan sevinc
Olaydım mən bu yaşımda.
Mamır bitməz çöllərində,
Qayıq üzməz göllərində.
Bir gözəlin əllərində
Solaydım mən bu yaşımda.
Dost bildiyim özgə yönlü,
Cavanlığım qara günlü.
Küsdürdüyüm sınıq könlü
Alaydım mən bu yaşımda.
Bezərkən dövrün qəsdindən,
Şadlanaydım qəm üstündən.
Yolunu sinəm üstündən
Salaydım mən bu yaşımda.
Sənlə yola yoldaş olub,
Gəncliyimlə sirdaş olub.Eldar,
Göyçədə daş olub
Qalaydım mən bu yaşımda.
10.03.92.
KƏNDİMİZ YERİNDƏ
Bu gecə kəndimizə getmişdim
Yollar, tanış yollar, tanış cığırlar,
Dərələr, təpələr könlümə həmdəm.
Dünyada nə qədər qəribəlik var,
Əbədi deyilmiş sızıltı, ələm.
Əbədi deyilmiş hicranın özü,
Ayrılıq taleyə dəyən daş imiş.
Vətəndən gen düşmək əyməsin bizi,
Bu acı imtahan, bir təlaş imiş.
Qovuşdum doğmalar uyuyan yerə,
Doğma sifətləri, üzləri gördüm,
Açıldı qarşımda o bənd, o bərə,
Mehriban baxışlı gözləri gördüm.
Kəndimiz yerində, evlər yerində,
Adamlar hamısı sağ-salamatdı.
Özgə bir dəmi var xeyrin, şərin də,
Ay Allah, nə gözəl, nurlu həyatdı!
Ömrü burda tapam, burda itirəm,
Bu cənnət məkanım saf duyğu imiş.
Əl atdım bir ovuc torpaq götürəm,
Sən demə bu oyun bir yuxu imiş.
8.12.92.
VAR
Toxun o sazın telinə,
Telində Göyçə dərdi var.
Bəmi sənin, zili mənim,
Zilində Göyçə dərdi var.
Sinənə endir, danışdır,
Odunu söndür, danışdır.
O sazı dindir, danışdır,
Dilində Göyçə dərdi var.
Ayrılıq dağlar Eldarı,
Susdurub, çağlar Eldarı.
Qınama ağlar Eldarı,
Könlündə Göyçə dərdi var.
1.11.04.
DEDİLƏR
Sevimli dayım oğlu Əkbərin
50 yaĢı münasibəti ilə.
Dostları ilə paylaş: |