ovsunlardan istifadə edirlər. Şəkidə qadınlar soyuqdəymə xəstəliyini müalicə etmək məqsədilə
xəstənin kürəyinə bardaq qoyanda aşağıdakı ovsunu da oxumağı unutmazlarmış:
“Əmün-dəmün bu olsun,
Axır qəmün bu olsun”.
Yuxarıda söylənilənlərdən göründüyü kimi, qədim türk xalq təbabətində ovsunlardan geniş istifadə
etmişlər. Əfsunlar xalq arasında ovsunlar kimi də tanınır. Türk tayfalarının ilkin magik
təsəvvürlərinin məhsulu olan əfsun-ovsunlar müəyyən mərhələdə erkən insanın gündəlik məişət
həyatında, dərketmə, həyatı özü bildiyi kimi ifadə etmə və onun üzərində tam hökmranlığa nail olma
prosesində mühüm mövqe tutmuşdur. Əfsun sözün gücünə inamı əks etdirən bir janrdır. Xalq arasında
əfsunların bir neçə növü geniş yayılmışdır: təbiət qüvvələrini ram etmək üçün yaranan əfsunlar;
insanın həyat və yaşayışını təmin edən bitki və heyvanları qorumaq məqsədi ilə yaranan əfsunlar;
insanın gündəlik məişəti və sağlamlığı ilə bağlı yaranan əfsunlar. “Qurdağzı”, “Diş ağrısı”,
“Dəmirov”, “Boğazgəlmə” və s. kimi əfsunlar çox məşhurdur. Ovsunların yaranmasında xalq
inanclarından geniş istifadə edilmişdir. Əldə olan materiallar əsasında bu maraqlı janrı aşağıdakı
mövzular üzrə qruplaşdırmaq olar; təbiət hadisələrini ram etmək üçün yaranan ovsunlar, insanın
yaşayışını təmin edən bitki və heyvanları qorumaq üçün yaranan ovsunlar, insanların gündəlik
məişətləri və sağlamlığı ilə əlaqədar ovsunlar.
Mənim yadımdadır, hardasa 6-7 yaşım vardı. Çeçələ barmağımda ziyil əmələ gəlmişdi. Məni
incitməsə də, utanırdım barmağımda ziyil olmasına görə. Bir dəfə yıxıldım və həmin ziyil zədələndi.
Bir müddətdən sonra onun yanında ikinci ziyil əmələ gəldi. Yadımdadır ki, bir gecə pəncərədən
baxanda səmada ay bərq vururdu. Dəyirmi parlaq ay bütün gecəni aydınlatmışdı. Anam dedi, təzə ay
doğub. Süpürgədən bir balaca çubuq qopardı və aşağıdakı sözləri deyərək ziyilin üstünə çəkdi:
“Təzə ay, səni xoş gördük,
Bu ziyili burdan boş gördük”.
Təqribən bir aydan sonra ziyil orda yox idi. Mən peşəkar həkiməm. Belə müalicə üsullarına skeptik
yanaşıram. Başqa sözlə desək, inanmıram. Görünür, aldığım zədədən sonra ziyil onsuz da yoxa
çıxacaqdı. Təsadüfən anamın keçirdiyi bu ritual ilə üst-üstə düşüb. Sadəcə onu demək istəyirəm ki,
bugünkü dövrümüzə qədər gəlib çıxan bu kimi rituallar məhz qədim dövrün şamançılığından
qaynaqlanır.
Həmin dövrdən günümüzə qədər gəlib çıxan çox belə ayinlər var. Məsələn, Şəkidə cümə axşamları
verilən, adına deyilən ehsan yeməkləri şamanizmdəki ruhları yad etmə mərasiminin qalığından başqa
bir şey deyildir. Eyni sözləri Novruz bayramı günlərində ocaq üzərindən atlanmağa da aid etmək olar.
Türklərin böyük hökmdarlarının məlum bir günü vardı ki, həmin gün onun üçün böyük od qalanardı.
Bu oda qurbanlar verilər və dualar oxunardı. Alovun dilləri göyə yüksələrdi. Əgər onun rəngi yaşıla
çalardısa, bərəkətli yağışa və bol məhsula, ağımtıl olardısa, qıtlığa, qırmızı rəngdə olardısa,
müharibəyə, sarıya çalardısa, xəstəlik və epidemiyaya, qara rəng üstünlük təşkil edərdisə, xaqanın
ölümünə və ya uzaq yolçuluğa yozulardı.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, şamanlar odun şər ruhları qovmaq gücündə olduğuna inanır
və ondan daim bu məqsədlə istifadə edirdilər. Ümumiyyətlə, qədim türklərin inanclar sistemində od
qoruyuculuq və təmizləyicilik funksiyalarına sahib vasitə kimi nəzərdən keçirilməkdə idi. Odla bağlı
inanclar uzun müddət bir çox türk xalqlarının məişətində və gündəlik həyatında özünə möhkəm yer
tutmuşdur. Məsələn, Novruz bayramı zamanı odun üzərindən atılmaq və bu zaman “ağırlığım-
uğurluğum oda” söyləmək deyilənlərə ən gözəl misaldır.
Şəkililər inanırdılar ki, od insanlara özü ilə birlikdə ölüm gətirən ruhları qovmaq, eləcə də insanın
ölmüş qohumlarının ruhlarının onun həyatına müdaxilə etməsindən qorumaq gücündədir.
Türklər odun həm də müxtəlif xəstəliklərdən qoruma gücünə sahib olduğuna inanırdılar. Ondan
müxtəlif insan və heyvanları xəstəliklərdən qurtarmaq vasitəsi kimi istifadə edirdilər. Əski türklər
“diri odun”, yəni başqa od və məşəl vasitəsi ilə əldə edilməyən, təbii yolla – sürtünmə vasitəsilə
alınan odun daha böyük gücə sahib olduğu qənaətində idilər. Odur ki, xəstəliyə düçar olan adam və
heyvanı sağaltmaq üçün “diri od”dan istifadə edilərdi. Bunun üçün kənddəki bütün ocaq və məşəllər
söndürülər, bundan sonra çölün ortasına palıd kötüyü gətirər, onu başqa ağacla tüstülənənə qədər
sürtər və nəhayət, “diri od” əldə edərdilər. Dərhal ocaq qalayar, onun üzərində yumurta qaynadar və
bu ocaqdan bütün evlərə yanar od aparılardı. Daha sonra isə iki böyük ocaq qalanar, kəndin bütün
əhalisi və mal-qara bu ocaqların arasından keçirilərdi ki, xəstəliklərdən uzaq olsunlar.
Toy günü gəlini iki yanan şamla müşayiət edər, üç dəfə ocağın başına dolandırar və onu odun
qoruyucu qüvvəsinə tapşırardılar. Yeni doğulmuş uşağın köynəyini oda tutar, sonra geyindirərdilər.
Qədim inanclara görə, axşam vaxtı evdən od çıxarmaq, kimsəyə od vermək olmazdı, əks halda xeyir-
bərəkət çəkilə bilərdi. Hələ qədimdən Azərbaycanda camaat yığışıb gənc ailə üçün ev tikər və ilk
vaxtlar onların, od istisna olmaqla, lazımi ehtiyaclarını təmin edərdilər. Gənclər isə özləri çaxmaq
daşı tapıb od yandırmalı idilər. Bu, insanların xoşbəxtliyi öz əli ilə qazanmasının, ailənin möhkəmliyi
üçün vacib şərt olduğuna işarədir. Ocağın külünü təzə ay doğanda çıxarıb xəlvət yerə tökərdilər.
Odun üstündən keçməzdilər. Ocağın közünü iti əşyalarla qarışdırmazdılar. Yaşlı nəslin bəzi
nümayəndələri indiyədək “od sahibinin” insanı müxtəlif bəlalarla, xəstəliklərlə, xüsusilə də ev rahat-
lığını pozan bədbəxtliklərlə cəzalandıra biləcəyinə inanırlar.
Şaman dünyagörüşünə görə, xəstəlik bizi əhatə edən, görünən və görünməyən dünyaların və varlıqla-
rın insan üzərindəki təsirinin nəticəsində meydana gəlir. Şamanlıq sisteminə görə, xəstəlik insanın
canlı bir varlıq olan təbiət ilə əlaqəsini zamanla pozaraq xaotik hala düşürməsinin, başqa sözlə,
təbiəti nəzərə almamasının nəticəsindən başqa bir şey deyildir. Ruhlar kimi düşünülən xarici dünya
insanın bütün həyatını bu və ya digər şəkildə müəyyənləşdirir. Şaman insan vücudunda enerji qayna-
ğını və xəstəlik nöqtələrini yaxşı bilməklə insanları soyuq, isti və buxar tiplərinə ayırmaqla fizioloji
təsnifat yaratmışdır. Şaman inancına görə, göydən gələn güc istilik və atəş xarakterlidir. Yerdən gələn
güc isə soyuqluq və buzla eyniləşdirilir. Bədəndə atəşlə suyun mövcud olması buxar yaradır ki, bu da
vücudun əsl gücü kimi başa düşülür. Beləliklə, insan vücudunda istilik, soyuqluq və buxar vardır ki,
bu da göy, su və yer güclərinin insan bədənində yerləşməsini təyin etmiş olur. Bu üç ana gücün insan
orqanizminə təsiri və qarşılıqlı əlaqələri çox qədim zamanlardan şamanların sistemləşdirməyə və
müalicə seanslarında istifadə etməyə çalışdıqları Asiya xalq təbabətinin əsasıdır və təməl qaynağıdır.
Heç kəsə sirr deyil ki, bütün türk xalqlarında olduğu kimi, Azərbaycan xalqının da ailə həyatında
övladın böyük rolu var. Toy mərasimi tamamilə qurtarandan sonra yeni evlənənlərin hər zaman tan-
rıdan ilk istəyi övlad dünyaya gətirmək olur. Toydan sonra qurulmuş yeni ailənin qarşılıqlı
münasibətləri, evlənənlərin üzərinə düşən vəzifələr və böyük məsuliyyət mühüm məsələlər kimi ön
plana çıxır. Evlənmə yalnız iki gəncin cütləşməsi demək deyildir. Burada ailənin həyata keçirdiyi
funksiyalar özünü göstərir. Ailənin funksiyalarına nəslin davam etdirilməsi, təsərrüfatın idarə
olunmasında iştirak, ailədaxili münasibət və övlad tərbiyəsi daxildir. Lakin bu və ya digər səbəb
Dostları ilə paylaş: |