7
atmaqda davam edirlər. Birdən evin arxa tərəfindən güllə səsi, arxasınca da
Xudunun «namərd, al, bu da sənin payın» deyən səsi eşidilir. Sonra məlum olur ki,
Xudu evin arxa tərəfindəki ayaqyolunda gizlənmiş ev sahibini vurubmuş. Milislər
evin arxa tərəfinə keçmək istədikdə Xudu öndə gələn milisi vurub qışqırır: Bir
gülləm qalıb, mən sizə yox, özümə təslim oluram - deyə sonuncu gülləni sinəsinə
sıxır.
Sadəddin kişi şahidi olduğu bu hadisəni mənə qəhərdən boğula-boğula
danışıb Xudunun igidliyinə, cəsarətinə bütün kəndin heyran qaldığını və onun
haqqında o zaman xalq arasında qəribə əfsanələr dolaşdığını dedi.
İkinci arzum budur ki, 1930-cu ildə xalq hərəkatını boğmaq üçün
canfəşanlıq göstərən və bu uğurda ölən kommunistlər üçün Şəkidə ucaldılmış
həmin abidənin yerində kommunistlərə qarşı vuruşan, canlarını ədalət yolunda
fəda edən üsyan qəhrəmanlarına abidə ucaldılsın. Çünki kommunistlər üçün
ucaldılan o abidənin ömrü zorakılığın üstündə bərqərar olan quruluşun ömrü qədər
oldu. Arzu etdiyim abidə isə həmin zülmə qarşı çıxan Bəhram bəy, Hüseyn bəy,
Qaçaq Abbas, Mustafa bəy Əlicanbəyov, Hafiz Əfəndi kimi haqq uğrunda
canlarını qurban verənlər üçün ucaldılacağından onun ömrü xalqın ömrü qədər
olacaq.
8
GİRİŞ
Sovet hakimiyyətinin XX əsrin 20-ci illərində fərdi kəndli torpaqlarını
birləşdirərək kollektiv təsərrüfatlara çevirmək və beləliklə taxıl məhsullarının
istehsalı, satışı sahəsində dövlətin inhisarçı mövqeyini təmin etmək məqsədi ilə
Azərbaycanda apardığı aqrar siyasət xalqın kəskin narazılığına səbəb oldu.
Kəndlilər kütləvi kollektivləşmə siyasətini haqlı olaraq onları torpaqdan,
əməklərinin nəticələri üzərində sərəncam vermək hüququndan məhrum edəcək
müdhiş bir bəla kimi qarşıladılar. Bu bəlanın qarşısını almaq üçün aparılan
mübarizədə xalqımız minlərlə övladını qurban verdi.
Məhz səbəb olduğu çoxsaylı faciələrə və ağır sosial-iqtisadi nəticələrə
görə böyük öndərimiz M.Ə. Rəsulzadə kolxoz quruluşunu “Azərbaycanın ən ağrılı
yeri, daim qanayan yarası” adlandırmışdır.
Xalqın torpaqla bağlı ümidlərinin üstündən xətt çəkən kütləvi
kollektivləşmə siyasəti Azərbaycanın bir çox bölgələrində üsyan həddinə yüksələn
müqavimət hərəkatı ilə üzləşdi. Müqavimət hərəkatının yalnız sosial-iqtisadi
xarakteri ilə deyil, həm də siyasi mahiyyəti ilə fərqlənən şərəfli səhifələrindən biri
də 1930-cu ilin aprel ayında baş vermiş Şəki üsyanıdır. Şəkidə yüksələn, sonra isə
Qax, Zaqatala, Balakən və məmləkətimizin digər qəzalarına yayılan üsyanların
siyasi xarakterə malik olması rəsmi sənədlərdə də öz təsdiqini tapmışdır.
Üsyan ərəfəsində Şəkidə sosial-iqtisadi və mənəvi-psixoloji durum
olduqca gərgin idi. Hakimiyyət qurumları «düşmən ünsürlərlə» mübarizə şüarı
altında xalqın maddi və mənəvi həyatına qarşı zorakılığı gündəlik davranış
normasına çevirmişdilər. «Mübariz allahsızlar cəmiyyəti»nin üzvləri tərəfindən yüz
illərin sınağından çıxmış gözəl adət-ənənələr, milli və dini dəyərlər hörmətsiz
münasibətə məruz qalırdı.
Bolşevik rejiminin inzibati metodlara, ağır vergi sisteminə əsaslanan
iqtisadi siyasəti Şəki sənətkarlığını, manufaktura təsərrüfatını iflasa uğratmış, elə
bu səbəbdən də əhalinin güzəranı olduqca ağırlaşmışdı. Belə iqtisadi siyasətin
özülündə duran başlıca məqsəd azad sənətkarlığı ləğv etmək hesabına istehsal
vasitələri üzərində dövlətin inhisarçı mövqeyini təmin etmək idi. Beləliklə 1920-ci
ildən başlayaraq yalnız doğma vətən torpağına deyil, həm də xalqın maddi və
mənəvi dünyasına, həyat və düşüncə tərzinə qarşı yönələn təcavüz 1930-cu ildə
Şəkidə yüksələn üsyanın başlıca səbəbləri idi.
Doğrudur 1930-cu ilin aprelində Şəkidə baş vermiş hadisələr haqqında
fərqli fikirlər və mülahizələr də mövcuddur. Həmin mülahizələrin mahiyyəti budur
ki, Sovet hakimiyyətinin xüsusi xidmət orqanları 1920-ci il aprel işğalından
əvvəlki dövrə məxsus əxlaqi-etnik baxışları, iqtisadi münasibətləri, istiqlaliyyət
düşüncəsini təmsil edən sosial zümrəni məhv etmək məqsədilə həmin üsyanın
9
başlanması üçün təhrikedici rol oynamışlar. Əslində bu sayaq niyyətlərin
mövcudluğundan asılı olmayaraq bolşevik rejiminin mahiyyətindən irəli gələn
sosial-iqtisadi münasibətlərin törətdiyi ziddiyyətlər müqavimət hərəkatı üçün
obyektiv şərtlər olaraq qalır.
Yüzlərlə insanın qətlindən irəli gələn kədər hissindən, milli sərvətin tərkib
hissəsi hesab edilən yüksək əxlaq və zəka sahibi olan şəxslərin məhvindən doğan
təəssüf hissindən çıxış etsək Şəki üsyanının əhəmiyyətindən daha çox qanlı rejimin
qara niyyətlərinə rəvac verdiyini düşünmək olar. Lakin bolşevik rejiminin insan
iradəsinə qarşı yönələn zorakılığı, insan düşüncəsini qəlibə salmaq niyyəti, azad
sənətkarlığı və fərdi kəndli təsərrüfatlarını sıradan çıxarmaq üçün apardığı iqtisadi
siyasət xalq qəzəbini zəruri edirdi. Şəkililər rəsmi hakimiyyət orqanlarının
düşündüyü təxribat xarakterli niyyətlərdən asılı olmayaraq, yüz illər ərzində
formalaşmış, həyatlarının mənasına çevrilmiş dəyərlər uğrunda mübarizəyə
qalxmışdılar.
1930-cu ildə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Şəkidə baş
verən üsyanların mahiyyəti tariximizə məxsus olan digər proseslər kimi kobud
təhrifə məruz qalmışdır.
Üsyanın yuxarıda sadalanan obyektiv səbəblərinin üstündən xətt çəkilməsi,
onun türk, ingilis kəşfiyyatının təhriki ilə imtiyazlardan məhrum edilmiş bir ovuc
keçmiş istismarçının əli ilə törədildiyinin iddia edilməsi və yaxud xüsusi xidmət
orqanlarının iradəsinin nəticəsi kimi subyektiv amillə əlaqələndirilməsi hərəkatın
mahiyyətinin təhrif edilməsinə xidmət edir.
Üsyançıların həqiqi niyyətlərindən bəhs edən rəsmi sənədlər isə tamam
başqa mətləblərdən xəbər verir.
Uzun müddət «tamamilə məxfidir» qrifi altında qıfılda saxlanılan Xalq
Komissarı Qorçayevanın Azərbaycan qəzalarındakı siyasi vəziyyət haqqında
Şkiryatova ünvanladığı 445 saylı məktubda bildirilir: «Zaqatala-Nuxa qəzasında
üsyançıların əsas şüarı Qafqazın azad edilməsidir”.
1
Göründüyü kimi, Zaqatala-Nuxa qəzasında Sovet rejiminə qarşı çıxan
qüvvələr nəinki Azərbaycanı, hətta bütün Qafqazı bolşevik əsarətindən xilas
etməyi düşünürdülər.
Hörmətli oxucular, böyük şairimiz Bəxtiyar Vahabzadənin 1930-cu il Şəki
üsyanı haqqında ağrı, kədər yüklü söhbətlərini dəfələrlə dinləmişdim. O, uşaqlıqda
şahidi olduğu hadisələrdən, böyüklərdən eşidib yaddaşına həkk etdiyi
mətləblərdən, üsyan yatırılarkən Şəki camaatına tutulan amansız divandan, atasının
qaçaqlara yardım göstərməkdə ittiham edilərək həbs olunmasından yana-yana
danışardı. Və hər dəfə bu məsələni öyrənib qələmə almağı məsləhət görərdi.
1
Azərbaycan Resp. Nazirlər Kabineti yanında Baş Arxivlər idarəsi. f. 12, s. 4, iş 57, v. 8