VİVO
Rəşid bəy və Səadət xanım
24
ki, heç bir maneə onu ayıra bilməz. İndi sən mənə söylə görüm, biz ayrılandan
bəri nə görüb, nə eşidibsən?
Əziz bu işin onu və ağasını nə qədər təhlükələrə düçar edəcəyini bir
qədər düşündükdən sonra belə cavab verdi:
- Bu gün bir az xırda-xuruş şey almaq üçün bazara getdim, iki-üç dükan
keçməmişdim ki, birdən bir səs-küy qopdu. Bütün dükançılar və müştərilər
dükanlardan çıxdılar, hamı səs gələn küçəyə tərəf yüyürdü, mən də onların
dalınca getdim. Bir evin eyvanına çıxıb tamaşa etdim, gördüm ki, toy atlısına
bənzər bir dəstə atlı gəlir. Gəlin aparmağa gəldikləri görünürdü.
Dəstənin başında iki nəfər gözəl geyinmiş atlı, yedəklərində qar kimi
dümağ, cilovu bəzəkli bir at gəlin üçün aparılırdı. Hər iki tərəfdən piyada
həbəşi gəlirdi. Dalda zurna-balaban çalınır, bir dəstə pəhləvan mil oynada-
oynada gedirdi. Bunlardan sonra at boyda iki qatıra qoşulmuş, qızıl-gümüş ilə
bəzənmiş bir təxt-rəvan gəlirdi.
Bu dəstənin içərisində iki nəfər də yengə qadın vardı. Onların üzləri
rübənd ilə örtülü olsa da, çalğıçıları, xanəndələri, rəqs edən mütrübləri və
cənkiləri görə bilirdilər. Bu iki yengədən sonra bir neçə qadın təxt-rəvanın
dalınca at üstə gəlirdi... Nəhayət, qiymətli paltarlar geymiş iki yüz atlının
başında bir qırmızı libaslı şəxs gəlirdi.
Mən bu adamın kim olduğunu soruşdum. Dedilər ki, bu Əsgər ağanın
əmisidir. Mənim ağam, şəhərdən sizə gətirdiyim qəmgin əhvalat budur.
Bu hekayə Rəşid bəyi çox həyəcana gətirdi. Onun bütün bədəni
hiddətindən titrədi, qara qaşları çatıldı, gözlərindən od parladı, əsəbi bir
hərəkətlə bığını bura-bura sükut edib xəyala daldı.
Gecənin qaranlığı şəhəri bürüməyə başlarkən, Rəşid bəy atının belinə
sıçrayıb, Əzizə dalınca gəlməsini əmr etdi və Səadətin evinə tərəf çapdı. Onun
səbirsizliyi o dərəcə idi ki, getdikcə yolun uzandığını zənn edirdi. Gecə,
möminlərin qəlbi kimi sakit, xainlərin və canilərin könlü kimi qaranlıq və
xəyanətkar idi. Əgər bü iki yolçunun nəfəs alması və atlarının tappıltısı
hərdənbir eşidilməsəydi, onların varlığına belə şübhələnmək olardı. Rəşid bəy
bir kəlmə də olsa danışmırdı. O, Səadətin evinə girməyə bir yol axtardısa da,
VİVO
Rəşid bəy və Səadət xanım
25
heç bir çarə tapmadı. Səadətin evinin hər tərəfi hasar və qapı darvazaların,
xüsusən gecələr qıfıllı olmasını o, indi xatırladı.
Kimsəyə görünmək istəmədiyi üçün camaat girən küçə qapısından
girməyi heç fikrinə belə gətirmirdi, əksinə, gəl-get olmayan bir yerdən yol
axtarırdı. Nəhayət, gecə yarısından bir saat keçmiş o evin dal tərəfinə keçdi.
Burada Rəşid bəy atından enib, atı Əzizə tapşırdı və onu gözləməsini əmr etdi,
özü isə bir yol tapmaq üçün ora-bura boylanmağa başladı. Yol tapmayıb təkrar
Əzizin yanına qayıtdı.
- Əzizim, gəl mənə kömək et, - dedi. - ümidsizlikdən başımı itirmişəm,
yolda çəkdiyim planı yaddan çıxartmışam. Bu məlun hasar mollaların bizə hər
gün söylədiyi sirat körpüsündən də bədtər maneə oldu. Mən isə indi bu hasarın
qabağında çarəsiz və avara dayanmışam! Mən öz cənnətimə girə bilmirəm,
pərəstiş etdiyim mələyimə çata bilmirəm! Ah... Nə olaydı ki, bu hasarın
qabağında mənim axır nəfəsim çataydı, bu ağacların dibində mənim həyatım
bitəydi! Kim bilir neçə dəfə Səadətin mehriban nəzəri bu ağaclara düşmüşdür.
Onun sərməstedici səsini eşitmək üçün neçə dəfə bütün təbiət müğənniləri
buraya toplanmışdır?
Əziz, ağasının halından çox mütəəssir olub atları hasarın yanına sürdü
və ağasına atın birinin üzərinə qalxmasını işarə etdi. Bu surətdə Rəşid bəy atın
üstündə ayaq üstə durub əlini divarın başına yetirdi. Hasarın üstünə çıxıb
asanlıqla sürüşüb həyətə düşdü və tez Səadətin pəncərəsinə tərəf yüyürdü.
Pəncərədən zəif bir işıq gəlirdi. Səadət pəncərənin yanında Şamah ilə söhbətə
məşğul idi. «Mənim gələcək taleyim, bu söhbətdədir. Bu söhbət məni ya
çıxılmaz bir bəlaya və ya böyük bir səadətə sövq edəcəkdir» - deyə Rəşid bəy
diqqətlə söhbətə qulaq asmağa başladı. Səadət dayəsinə deyirdi:
- Ah! Əziz dostum, nə yaman günlərə qaldım. Mənim başımda nə
bəlalar varmış? Nə çıxılmaz bir çətinliyə düşdüm. Mən sabah Əsgər ağanın
elçiləri gətirdiyi cehizi və nişanları qəbul edib, onun əmisinə qoşulub getməyə
məcburam! Xeyr! Rəşid bəyə vəfasızlıq göstərməkdənsə, ona verdiyim sözdən
dönməkdənsə, mən ölməyə razıyam!
VİVO
Rəşid bəy və Səadət xanım
26
Bilmirəm, ifadəmin nöqsanlı olmasındanmı, yoxsa bu yazdığım dilə
kafi dərəcədə aşina olmadığımdanmı, nəhayət, öz qəhrəmanlarımla şiddətlə
maraqlandığımdanmı, Səadətin bu sözlərinin Rəşid bəyə olan təsirini tərif
etməkdən acizəm. Rəşid bəyin ağzından çıxan sevinc qışqırığı Səadətin
diqqətini ona cəlb etdi. Səadət gecənin bu vaxtında onun gəlməyindən diksinib
həyəcanından bir söz söyləyə bilməyərək mat qaldı.
Rəşid bəy bir müddət danışa bilməyib, nəhayət, özünü topladı və
Səadətə müraciətlə:
- Ey mənim ruhum! Ey mənim Səadətim, - dedi, - artıq vaxt yetişdi, bu
saat ya verdiyin vədə əməl etməlisən, ya mənimlə əbədilik ayrılığı qəbul
etməlisən. Aman, yalvarıram sənə, gün doğmamış gedək! Əgər mənim bu
təklifimi rədd etsən, həyatın mənim gözümdə bir qiyməti qalmaz, mən sənin
gözünün qabağında bu xəncəri ürəyimə sancaram və sənin ayaqlarını öz
qanımla boyaram.
Səadət bu sözləri eşitdikdə və sevgilisinin sinəsinə dirənmiş olan
xəncəri gördükdə «Gedək!» - deyə bağıraraq huşsuz düşdü. Bir dəqiqə
itirmədən Rəşid onu qucağına götürüb yola düşdü. Vəfalı dayə ona bələdçilik
edib, kiçik bir qapını açıb onu küçəyə çıxartdı. Rəşid bəy qapıdan çıxan kimi
atının üstünə sıçrayaraq sevgilisini də qucağına basıb, Şamah ilə vidalaşdı və
onunla görüşməyi vəd etdi. Sonra ata bir mahmız vurdu, yorulmaz, vəfalı Əziz
də dalınca, şəhərdən uzaqlaşmağa üz qoydu.
Möhtərəm ağalar! Siz bu hekayəni oxuduqda Səadətin tərifini uzaqdan
eşitməklə Rəşid bəyin bütün dünyanı tərk etməyə hazır olmasını, özünü
bağban və dilənçi surətinə salmasını və nəhayət, ikinci dəfə görüşdükdə onu
qaçırmasını gördünüz. Mən əminəm ki, siz bu hekayəni uydurma və imkandan
xaric bir şey zənn edəcəksiniz.
Yox, ağalar! Siz ki, bütün həyatınızı qadınlar məclisində keçirirsiniz,
onların zərif səslərini, lətif söhbətlərini dinləyirsiniz. Şərq ölkələrində bir
qadının ancaq bir baxışının, hətta ancaq qadın adının cavan oğlanlara nə
dərəcədə təsir etdiyini bilmirsiniz. Bu cavanlar üçün qadınların səsində nə
qədər lətafət olduğunu və onların dodaqlarından qopan ilk sevgi kəlməsinin
Dostları ilə paylaş: |