A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
14
inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların
qərarları;
Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə
ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər;
Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin
ödənilməsi ilə bağlı inzibati aktlar;
məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli
mühafizə orderləri.
“İcra haqqında” Qanunun 12‐ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay
müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını
təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun
rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay
müddətinədək uzadıla bilər. Qeyd olunan qanunun 82‐ci maddəsinə əsasən borclunu müəyyən
hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra
məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru
borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati
məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər
materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar
qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İcra sənədi
qərəzli olaraq yenidən icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb
olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin
rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göründüyü kimi, bu qanunda
məhkəmə qərarları ilə yanaşı digər orqanların qərarlarının məcburi icrası nəzərdə tutulur. İcra sənədi
üzürsüz səbəbdən icra olunmadıqda ilk öncə inzibati məsuliyyət yaranır. İnzibati Xətalar Məcəlləsinin
313‐1.1‐ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə
icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən
olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən
çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki, hüquqi və
vəzifəli şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunurlar. Bundan sonra, əgər icra sənədi qərəzli
olaraq icra edilmədikdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması haqqında ibtidai istintaq orqanına
təqdimat verilir. “İcra haqqında” qanunda icra sənədlərinin məhkəmə və ya digər orqanlar tərəfindən
qəbul olunmuş qərarlar əsasında verilməsindən asılı olmayaraq yenidən qərəzli olaraq icra
olunmamasına görə cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat verildiyi göstərilib. Bu
zaman Cinayət Məcəlləsinin 306‐cı maddəsi ilə, İnzibati İcraat haqqında Qanunun 82‐ci maddəsi
arasında ziddiyyət yaranır. Cinayət Məcəlləsinin 306.1‐ci maddəsinin tələblərinə görə isə qanuni
qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra
etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti
nəzərdə tutulmuşdur. Göründüyü kimi, burada ancaq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini,
hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməməyə görə cinayət məsuliyyəti nəzərdə
tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 306.1‐ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012 tarixli
qərarında qeyd olunub ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306‐cı maddəsində nəzərdə
tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 313‐1.1‐ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən
həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.
Göründüyü kimi, “İcra haqqında” Qanunun tələblərinə əsasən tək məhkəmə qərarları əsasında verilmiş
icra sənədinin deyil, digər orqanların qərarları nəticəsində verilmiş icra sənədlərinin də yenidən qərəzli
icra olunmamasına görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, bu barədə Cinayət Məcəlləsinə göstəriş
yoxdur. Belə olan halda, digər orqanların qərarları nəticəsində verilmiş icra sənədlərinin icra
olunmasında praktikada çətinliklər yaranır. Ona görə də, Cinayət Məcəlləsində bu barədə
dəyişikliklərin edilməsini zəruri hesab edirik.
15
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
Müsahibimiz Vəkillərin İntizam
Komissiyasının üzvü
Dilarə Əfrasiyabovadır.
MƏN UŞAQLIQDAN KİMİSƏ MÜDAFİƏ
ETMƏYİ ÖZÜMƏ BORC BİLMİŞƏM
‐ Dilarə xanım, əvvəla, vaxt tapıb “Azərbaycan vəkili” jurnalına müsahibə verdiyiniz üçün çox
sağ olun. İlk ünsiyyətdən hiss olunur ki, vəkilliyə bu peşəni sevərək gəlmisiniz və səhv etmiriksə,
25 ildən artıq müddətdir ki, Kollegiyanın üzvüsünüz. Sözün əsl mənasında, bu, “bir igidin ömrü”
qədər müddətdir. Bununla belə, nə vaxtsa “Axı nə üçün vəkil oldum?!” fikrini Sizə yaxın buraxan
hadisə ilə üz‐üzə gəlmisinizmi?
‐ Mən də öz tərəfimdən minnətdarlıq edirəm ki, məni öz jurnalınıza dəvət etmisiniz. Mən 1981‐ci
ildən Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan
Respublikası Vəkillər Kollegiyasında əvvəl, vəkil stajor, sonra isə AR‐nın Vəkillər Kollegiyasının
üzvü olmuşam. Beləliklə, 32 ildən çox müddətdir ki, mən bu şərəfli peşənin sahibiyəm. Vəkillik
mənim həyatımın ayrılmaz hissəsidir. Hərdən özözümə sual verirəm: “Əgər hüquq fakültəsini
təzədən bitirsəydim, yenidənmi vəkil olardımmı?” Niyə? Ona görə ki, vəkillik mənə ən böyük həyat
dərsi verib. Bununla özümə birmənalı olaraq cavab verirəm: “Bəli, yenidən vəkil olardım.” Amma
1981‐ci ildə universiteti bitirdikdən sonra mənim sənədlərimi təyinatla Ədliyyə Nazirliyinin Vəkillər
Kollegiyasının Rəyasət Heyətinə göndərəndə fikirləşmirdim ki, bu qədər vəkillik peşəsinə bağlı
olacağam. Onu da qeyd etmək istəyirəm ki, mənin 14 saylı hüquq məsləhətxanasına gəlməyim
təsadüfi olsa da, sonradan bu halı bir alın yazısı kimi qəbul edirəm. Çünki VK‐ya sənədlərimi
göndərəndə mən 4 nömrəli hüquq məsləhətxanasında işləmək istəyirdim. Amma o vaxt 14 saylı
hüquq məsləhətxanasının vəkili, Rəyasət Heyətinin üzvü hal‐hazırda AR‐nın VKnın Rəyasət
Heyətinin sədri Respublikada vəkilliyin inkişafı üçün əlindən gələni edən, hörmətli Azər Tağıyev
təklif etdi ki, məni 14 nömrəli hüquq məsləhətxanasına göndərsinlər. O vaxtlar həmin
məsləhətxanada ən savadlı, böyük nüfuza malik olan, vəkillikdə öz sözünü demiş vəkillər çalışırdı.
İndi də həmin ənənənə qorunub saxlanılmaqdadır. Mən bu gün də fəxr edirəm ki, 14 saylı hüquq
məsləhətxanasında çalışıram. Məsləhətxana mənə evim kimi əzizdir. Həmin məsləhətxanada
otaqların birində Rəyasət Heyəti yerləşirdi və məni həmin məsləhətxanada da vəkiliyə qəbul ediblər.
Bu məsləhətxanada mən böyük həyat məktəbi keçmişəm. Həmin məsləhətxanada mən vəkillərin
ən nüfuzlu adam olduqlarını görmüşəm. İnsanlarla necə davranırlar, onlara necə fədakarlıqla kömək
etməyə çalışırlar. Çalışmışam ki, onların dərdinə şərik olum. O ki qaldı sizin sualınıza, axı nə üçün
vəkil oldum?” Bu cavabı onunla əlaqələndirə bilərəm ki, mən uşaqlıqdan kimisə müdafiə etməyi
özümə borc bilmişəm.
‐ Əsl hüquqşünasların “gender” sözündən o qədər də xoşlanmadıqlarını hamı bilir. Çünki
daxilən hüquqşünas olanların və hüququn gözündə cinsindən asılı olmayaraq hamının bərabər
olduğu utopik bir cəmiyyət mövcuddur. Məhz bu bərabərliyə olan meyl bəzi hüquqşünas
qadınlara onların zərif cinsin nümayəndəsi olduqlarını unutdurur. Siz bu ab‐havanın təsirinə
tez‐tezmi düşürsünüz?