“Qanun”.-2010.-№06.-S.3-10.
HÜQUQİ DÖVLƏT İDEYASININ YARANMASI VƏ İNKİŞAFI
Quliyev Aqşin İsabala oğlu,
hüquq elmləri üzrə fəlsəfə doktoru
Hüquqi dövlət problemi qədim dövrün, orta əsrlərin və Yeni dövrün qabaqcıl fikirli ziyalılarını, mütərəqqi
ideyalı mütəfəkkirlərini həmişə düşündürmüşdür. Hüquqi dövlət nədir, bu ideya nə vaxt meydana gəlmiş və necə
inkişaf etmişdir, hüquqi dövlətin məqsədi və təyinatı nədən ibarətdir - bu kimi suallar baxışlarından və
mükalimələrindən asılı olmayaraq filosofların, hüquqşünasların, sosioloqların və tarixçilərin praktiki olaraq həmişə
diqqət mərkəzində olmuşdur. Maraqlıdır ki, bu dövlət tarixi inkişafın ayrı-ayrı dövrlərində qanunun dövləti,
ədalətin dövləti, ümumrifah dövləti və ya qanunçuluq dövləti kimi adlarla adlandırılmışdır.
Hüquqi dövlət ideyasının mənası və məzmunu mütəfəkkirlərin, siyasi və ictimai xadimlərin bir qismində
bəzən digər mütəfəkkirlərin və dövlət xadimlərinin həmin ideyanın mənasına və məzmununa dair fikirləri ilə
üst-üstə düşməmişdir. Məsələn, mütəfəkkirlərin bir qismi hüquqi dövlət ideyasını son həddə xüsusi mülkiyyətlə,
müəyyən siniflərin və təbəqələrin zənginliyi, özgə əməyindən müxtəlif formalarda istifadə ilə əlaqələndirmiş, digər
mütəfəkkirlər isə bunların tamamilə əksini söyləmişdir.
Hələ XVI yüzillikdə ingilis monarxiyasının lord-kansleri və "Utopiya" əsərinin müəllifi Tomas Mor deyirdi
ki, xüsusi mülkiyyət şəraitində nə ədalət, nə bütün cəmiyyətin rifahı, nə də ən yaxşı dövlət quruluşu haqqında
danışmaq qeyri-mümkündür. Belə baxışlar və mühakimələr sonrakı yüzilliklərdə də mövcud olmuşdur. Şübhəsiz ki,
yanaşmalar öz xarakterinə görə həm oxşar, həm də ziddiyyətli səciyyə daşımışdır. Lakin məsələnin mahiyyəti bunda
deyil. Hüquqi dövlətin necə adlandırılmasından asılı olmayaraq, o, həmişə qanunun, qanunçuluğun, xeyir və
ədalətin, humanizmin dövləti kimi təsəvvür və təqdim edilmiş, bənzəri olmayan dövlət qismində ideyalarda
yaşamışdır. Hüquqi dövlət bəzən, hər şeydən əvvəl, varlıların, sonra isə artıq cəmiyyətin qalan təbəqə və siniflərinin
hakimiyyətinin mövcud olduğu dövlət quruluşu kimi səciyyələndirilmişdir.
Hüquqi dövlət məsələsi zəmanəmizdə də geniş müzakirə olunan əsas mövzulardan biridir. Hüquqi dövlətə
belə böyük diqqətin əsas səbəbi təkcə onun yaranmış ideyasının humanist ideya olmasında deyil, həm də bu
ideyanın ən adekvat rəsmiləşdirilməsi və səmərəli şəkildə həyata keçirilməsi yollarının axtarılmasından ibarətdir.
Hüquqi dövlət ideyasının, eləcə də hüquqi dövlət nəzəriyyəsinin humanist ideyaları növündə rüşeymləri,
hökmran sinfin demokratizm, azadlığın bərqərar olması və qorunması, hüququn və qanunun hökmranlığı
prinsiplərinə geniş və ya məhdud iddiaları hələ Qədim Yunanıstanın, Romanın, Hindistanın, Çinin və Qədim
dünyanın digər sivilizasiyalarının mütəfəkkir filosoflarının tarixçilərinin, yazıçılarının öz dövrü üçün qabaqcıl olan
mükalimələrində izlənilmişdir.
Qədim yunan filosof - idealisti Platonun məşhur "Dövlət", "Siyasət", "Qanunlar" dialoqlarında belə bir
mülahizə yürüdülürdü ki, qanunun qüvvəsinin olmadığı və onun kiminsə hakimiyyəti altında olduğu yerdə dövlətin
məhvi labüddür. Müvafiq surətdə qanunların bir neçə insanın mənafeləri naminə bərqərar olduğu yerdə söhbət
dövlət quruluşu haqqında deyil, ancaq daxili iğtişaşlar barəsində gedir.
Platon deyirdi: "...Biz dövləti onun əhalisinin zümrələrindən birini deyil, bütövlükdə dövləti xoşbəxt etmək
üçün yaradırıq. Lakin ədaləti belə dövlətdə tapacağımıza, pis dövlət quruluşunda isə ədalətsizliyi görəcəyimizə və
bu müşahidələr əsasında bizi uzun zaman məşğul edən məsələni həll etməyə ümid etmişik. İndi biz təxəyyülümüzdə
elə bir xoşbəxt dövlət qururuq ki, orda yalnız kimsə deyil, bütövlükdə hamı xoşbəxt olsun (2, s. 126).
Artıq eramızdan əvvəl VI yüzillikdə Afina dövlətinin demokratik əsas üzərində təşkili prosesində qüvvənin
və hüququn birliyi ideyasını yeddi yunan müdriklərindən biri hesab olunan Solon öz islahatlarında həyata
keçirməyə başlamışdır. Solon öz islahatlarının mahiyyətini belə ifadə edirdi: "Hamını mən azad etdim. Buna isə
qanunun hakimiyyəti, qüvvənin və hüququn birliyi ilə nail oldum" (4, s. 21). Aristotelin qeyd etdiyi kimi, Afinada
demokratiya məhz Solondan başladı.
Ümumiyyətlə, dövlətçiliyin yalnız ədalətli qanunların hökmranlıq etdiyi yerdə mümkün olması haqqında
fikir ardıcıl olaraq Heraklit, Platon, Aristotel, Siseron və bir çox digər antik mütəfəkkirlərin yaradıcılığında inkişaf
etdirilmişdir. Məsələn, hüququn və dövlətin zəruri daxili qarşılıqlı əlaqəsinin nə qədər hüquqi dövlət ideyası üçün
əhəmiyyətli olduğunu Aristotel belə ifadə edirdi: "Ədalət anlayışı dövlət haqqında təsəvvürlə bağlıdır, belə ki,
ədalətin ölçüsünə xidmət edən hüquq siyasi ünsiyyəti tənzimləyən normadır" (5, s. 380).
Aristotelə görə demokratik dövlətlərdə qanunlar həlledici rola malikdir. Məhz qanunun aliliyi ölkədə
nizam-intizam yaradır. Əslində mütəfəkkir bu fikirləri ilə hüquqi dövlət haqqında danışır və yazırdı: "Qanunun
həlledici rol oynadığı demokratik dövlətlərdə demaqoqlara yer yoxdur, orda yaxşı vətəndaşlar birinci yerə qoyulur.
Lakin harda ki, ali hakimiyyət qanuna əsaslanmır, orda demaqoqlar peyda olurlar. Ali hakimiyyət çoxuna, hər kəsə
ayrılıqda deyil, hamıya ancaq bir yerdə məxsus olur" (1, s. 142).
Böyük mütəfəkkir əsas üstünlüyü qanunun hakimiyyətinə verirdi. Onun fikrincə, bərabərliyi məhz qanunun
hakimiyyəti yaradır və bu, ədalətin tələbidir. Aristotelə görə, "...ədalət tələb edir ki, bütün bərabərlər hansı dərəcədə
tabeçilikdə bulunursa, o dərəcədə də hökm sürməlidir və hər kəs növbə ilə həm hökm sürməli, həm də tabeçilikdə
bulanmalıdır. Burda artıq bizim işimiz qanunla əlaqəlidir, yaxud qayda elə qanunun özüdür ki var. Buna görə
vətəndaşlar arasında kiminsə birinin deyil, qanunun hökm sürməsi yaxşı olardı. Buna əsasən, hətta hakimiyyətin bir
neçə adamın əlində olması yaxşı hesab edilsə belə, bu axırıncıları qanunu qorumaq və ona xidmət göstərmək üçün
təyin etmək lazımdır" (1, s. 124). Göründüyü kimi, Aristotelin nəzərində hüquqi dövlət qanunun hökmranlıq etdiyi
dövlətdir.
Hakimiyyətlərin bölgüsü nəzəriyyəsinin sonrakı inkişafı üçün antik dövr mütəfəkkirlərinin (Aristotelin,
Polibinin, Siseronun və başqalarının) idarəçiliyin "düzgün" (qanunun hökmranlıq etdiyi forma) və "qeyri-düzgün"
(özbaşınalıq) formalarının fərqləndirilməsi haqqında söhbətin getdiyi müddəaları xüsusi əhəmiyyət kəsb etmişdir.
Aristotel xüsusən də "qarışıq" idarəçilik formasına üstünlük vermişdir. Həmin üstünlük ondan ibarət idi ki,
"qarışıq" idarəçilik formasında müxtəlif sadə "düzgün" idarəçilik formalarının dəyəri əlaqələndirilirdi. Aristotelin
fikrincə, "...dövlət quruluşu formalarının müxtəlif olmasını, onların sayını və onların sayının uyğunluğunu yaddan
çıxarmaq olmaz. Yaxşı qanunları da, dövlət quruluşu formalarından hər kəs üçün münasib olanını da qabaqcadan bu
cür nəzərə alıb onlara diqqət yetirmək lazımdır. Müəyyən dövlət quruluşuna tətbiq etməklə qanunları çıxarmaq
lazımdır - belədə də onların hamısı çıxır - əksinə, dövlət quruluşunu qanunlara tərəf çəkib gətirmək lazım deyil.
Doğrudan da dövlətlərdə vəzifələrə aid olan qayda dövlət quruluşunu şərtləşdirir, yəni onların bölgüsü üsulu ali
hakimiyyətin xarakterini üzə çıxarır, hər bir siyasi münasibətin son məqsədini müəyyən edir. Amma qanunlar
müəyyən dövlət quruluşunun nə ilə səciyyələndiyini fərqləndirməlidir" (1, s. 132). Aristotel dövlətin "qarışıq"
idarəçilik forması haqqında danışarkən "Afina politiyasına" daha böyük üstünlük verirdi.
Hüquqi dövlət ideyasının xarakteristikası üçün Mark Tulli Siseronun siyasi-hüquqi təlimində ehtiva olunan
ümumi birlik kimi müddəanın böyük əhəmiyyəti olmuşdur. Dövlətə xalqın işi, malı kimi tərif verən Siseron izah
edirdi ki, "xalq hansısa tərzdə bir yerə toplaşmış adamların istənilən birliyi deyil. O, hüquq və mənafelər birliyi
məsələlərində bir-biri ilə sazişlə bağlı olan çoxsaylı adamların birliyidir" (12, s. 20). Siseronun fikrincə, dövlət
təkcə öz azad üzvlərinin ümumi mənafelərinin ifadəsi kimi deyil, həm də eyni zamanda müəyyən mütəşəkkil -
hüquqi təsisat, "ümumi hüquq qaydası" kimi razılaşdırılmış hüquqi ünsiyyətdir (12, s. 24).
Humanist motivlər, cəmiyyətdə məşğuliyyətindən və mövqeyindən asılı olmayaraq, bütün insanların mənəvi
azadlığı haqqında ideyalar Senekanın çoxsaylı traktatlarında xüsusilə ucadan və tələbkarlıqla səslənirdi. Onun
"Xoşbəxt həyat haqqında", "Mərhəmət haqqında", "Ruhun sakitliyi haqqında", "Lutsiliyə mənəvi məktub" adlı
traktatları, "Medeya", "Aqamemnon", "Edip" faciələri xüsusilə diqqəti cəlb etmişdir. Senekanın "Danışan alətlərin"
- kölələrin müdafiəsi üçün çıxışı son dərəcə təqdirəlayiqdir.
Senekanın siyasi-hüquqi təliminə uyğun olaraq bütün insanlar öz aralarında o mənada bərabərdirlər ki, onlar
taleyin hakimiyyəti altında eyni cür olmaqla, "birgə köləlik yoldaşlarıdırlar. Seneka öz dostu Lutsiliyə yazırdı:
"Mən sənin yanından gələnlərdən sevinclə bilirəm ki, sən öz kölələrinlə yaxınların kimi davranırsan. Bu sənin ağıl
və savadından irəli gəlir. Onlar kölədirlərmi? Xeyr, insandırlar. Onlar kölədirlərmi? Xeyr, onlar sənin ev
qonşularındır. Onlar kölədirlərmi? Xeyr, əgər xarıtlayırsansa, onlar sənin birgə köləlik yoldaşlarındır, fortunanın
hakimiyyəti sənin də, onların da üzərində eynidir". Daha sonra: "Mənə kiminsə kölə olmadığını göstər. Kölələrlə
diqqətli ol, özünü lovğalanmadan yüksəkdə göstər: qoy onlar səndən qorxmasın, sənə hörmət etsinlər..." (3, s. 469,
471).
Belə demokratik və humanist motivlər yüzillikləri adlayaraq sonrakı dövlətlərin və hüquqa dair baxışlarına
və doktrinalarına hopmuşdur. Belə humanist ideyalara uyğun olaraq cəmiyyətdə və dövlətdə şər, zorakılıq və
özbaşınalıq deyil, hüquq və qanun zəfər çalmalıdır. Bu kimi motivlər təkcə Qədim Yunanıstanda və Romada deyil,
eləcə də Qədim Hindistanda, Çində və Azərbaycanda da inkişaf etmişdi. "Şüur şeylərdən doğur və şeylərdə də ölür"
və ya "Həyat ölüm kökü, ölüm isə həyatın köküdür" tipli formulalarda uyuyan aləm haqqında sadəlövh materialist
təsəvvürlərlə yanaşı, məsələn, Çində ən qədim dövrlərdə filosoflar və hüquqşünaslar tərəfindən ölkədə hökmran
quldarlıq quruluşuna dair belə bir fikir irəli sürülürdü ki, "dövlətdə qanuna əsaslanan qayda şahlıq etməlidir".
Təsdiq edilirdi ki, əgər hökmdar ömrünün sonunadək təhlükəyə məruz qalmaq istəmirsə, o, ədalətli olmalı, "ölkənin
idarə olunması isə asayişə uyğun olmalı", sakitlik olmalıdır. Ölkədə qayda yaratmaq olmaz, çünki "ölkə ədalətlə
idarə olunur".
Əlbəttə ki, bu qəbildən olan fikir və mülahizələri olduqları kimi birbaşa müasir hüquqi dövlət
konsepsiyasını formalaşdıran ideya və prinsiplər sisteminə daxil etmək sadəlövhlük olardı. Bu həm də ona görə
mümkün deyildir ki. Həmin ideya və fikirlər heç də həmişə məntiqiliyə, müəyyənliyə və ardıcıllığa malik
olmamışdır. Bundan başqa, onların bəzilərinin "Hüquqi dövlət" nəzəriyyəsinin təşəkkülü prosesinin texniki
başlanğıcını qoymuş ideya və görüşlərlə radikalcasına ziddiyyət təşkil etməmələrinə baxmayaraq bunları bilavasitə
göstərilən sistemlə üzvi sürətdə əlaqələndirmək olmaz. O cümlədən, məşhur Çin filosofu Lao Tszının
mühakimələrini - postulatlarını misal göstərmək olar. Lao Tszının ideyalarına uyğun olaraq "qanunların və əmrlərin
yetişdiyi vaxt oğruların və quldurların da sayı artır; "Hökumətin sakit olduğu zaman xalq sadəlöhv olur. Hökumət
fəal olduqda, xalq bədbəxt olur"; "dövləti kiçik, xalqı isə nadir etmək lazımdır".
Lakin belə mühakimə və əqli nəticələrin özünəməxsusluğuna baxmayaraq, qədim humanist fikir, dövlətə və
hüquqa dair görüşlər və o dövrün qabaqcıl fikirli mütəfəkkirlərinin mütərəqqi ideyaları, şübhəsiz ki, nəticədə
hüquqi dövlət nəzəriyyəsinin təməlini təşkil edən humanist görüşlərin və ideyaların bütün sonrakı inkişaf prosesinin
ilkin əsasına xidmət etmişdir.
Məlumdur ki, hüquqi dövlət haqqın-da indiki konsepsiyaların yaradılması prosesinin tam başa çatmasına
hələ çox qalırdı. Bunun üçün uzun intellektual yol, hətta yüzillik deyil, minillik lazım gəlmişdir. Bununla belə,
başlanğıc son dərəcə ümidverici olmuşdur. Başlıcası həmin yoldan kənara çıxmamaq idi.
Feodalizmdən burjua münasibətlərinə keçid dövründə siyasi hakimiyyət və onun bütün hüquqi təşkilat
üçün formal bərabərliyi problemləri həlledici əhəmiyyət kəsb etmişdir. Hakimiyyətlərin bölgüsünə əsaslanan nizami
sistem bir şəxsin, orqanın və ya ittifaqın hakimiyyət inhisarçılığım rədd edirdi.
K. Marksın sözlərinə görə, "feodalizmin əksinə olaraq burjua cəmiyyətinin hüquqi təsəvvürlərinin klassik
ifadəçisi" XV yüzilliyin ingilis mütəfəkkiri Con Lokk olmuşdur (9, s. 371). C.Lokkun izahında hüququn
hökmranlığın ideyası dövlət növündə təzahür edir. Burada qanunun aliliyi mövcuddur. Məhz qanun təbii qanunların
nə fərdin azadlıqlarının özgəniinkiləşdirilməməsini tanıyır. Belə cəmiyyətdə hakimiyyətlərin bölgüsü - qanunverici
hakimiyyətə, icra hakimiyyətinə və federativ hakimiyyətə bölgü vardır. C.Lokk məhkəmə hakimiyyətini icra
hakimiyyətinə, xarici icra hakimiyyətini isə federativ hakimiyyətə aid edirdi. Mütəfəkkir hüququn hökmranlıq
etdiyi belə dövləti despotizmə (idarəçiliyin bütün qalan növlərinə) qarşı qoyurdu.
C.Lokk dövlətin hüquqi əsasını və mənbəyini təşkil edən xalq suverenliyi və ictimai müqavilə ideyasına
arxalanaraq, "hakimiyyətin hər cür qanunsuz təzahürlərinə müqavimət göstərməyin qanuniliyi doktrinasının"
əsaslandırılması mövqeyindən çıxış edirdi (8, s. 116). C.Lokk hüquqi dövlətçilik şəraitində hüququn klassik liberal
doktrinasının bir çox müddəalarını rəhbər tutur və fərdlərin azadlığını ön plana çəkirdi. Mütəfəkkir yazırdı:
"Hökumətin hakimiyyəti altında olan insanların azadlığı ondan ibarətdir ki, insanlar həyat üçün daimi olan qaydaya,
cəmiyyətdə hər kəs üçün ümumi olan rifaha malik olsunlar və burda müəyyən edilən, yaradılan qanunverici
hakimiyyət olsun; bu, qanunun qadağan etmədiyi bütün hallarda əməl edilməli olan azadlıqdır və o, başqa insanın
özbaşına iradəsindən daimi asılılıqda olmalıdır" (8, s. 16-17). Burada C.Lokk tərəfindən fərdin azadlığının
əsaslandırılmış hüquqi prinsipi sonradan hamı üçün bir növ hüquqi aksioma çevrilmiş "qanunla qadağan olunmayan
hər şeyə icazə verilir" formulasından yalnız qismən fərqlənir.
Hüquqi dövlət nəzəriyyəsinin inkişafı üçün növbəti, xüsusən də XVIII-XX yüzilliklərin mütəfəkkirləri
tərəfindən çox işlər görülmüşdür. Hüquqi dövlət nəzəriyyəsinin bir sıra müddəaları, o cümlədən qabaqcıl sosial -
siyasi fikrin daşıyıcıları olan, özbaşınalıq və qanunsuzluq əleyhinə mübarizə aparan Ş.L.Monteskye və bir çox
başqa mütəfəkkirlərin səyilə inkişaf etdirmişdir.
XVIII yüzilliyin fransız hüquqşünası Ş.L.Monteskyenin yaradıcılığında hakimiyyətlərin bölgüsü haqqında
yeni təsəvvürlər özünün müntəzəm təhlilini tapmışdı. Hər bir dövlətdə hakimiyyətin üç növünü - qanunvericilik,
icra və məhkəmə hakimiyyətini fərqləndirən Monteskye qeyd edirdi ki, onların sui-istifadələrin qarşısını alması
üçün müxtəlif hakimiyyətlərin bir-birini qarşılıqlı sürətdə dəstəkləyə bildiyi qaydanın olması zəruridir. Dövlət
quruculuğuna aid olan siyasi azadlıqların təmin edilməsinin başlıca şərti hakimiyyətlərin bölgüsü və onların
bir-birini qarşılıqlı surətdə dəstəkləməsidir. Bu, Monteskyenin əsas siyasi və dəyişməz mövqeyi idi.
Ş.L.Monteskyenin siyasi-hüquqi təliminə uyğun olaraq siyasi azadlıqların digər aspekti vətəndaşın
təhlükəsizliyindən ibarətdir. O, belə təhlükəsizliyi təmin edən vasitələr içərisində cinayət qanunlarının keyfiyyətinə
və ədalət mühakiməsinin aparılmasına mühüm əhəmiyyət verirdi. Mütəfəkkir yazırdı: "Əgər vətəndaşın təqsirsizliyi
qorunmursa, deməli, onun azadlığı da qorunmur. Cinayət mühakimə icraatı zamanı rəhbər tutulmalı olan ən yaxşı
qaydalar haqqında məlumatlar bütün dünyada insanlıq üçün vacibdir. Həmin məlumatlar artıq bəzi ölkələrdə əldə
edilmişdir və başqa dövlətlər tərəfindən də qavranılmalıdır" (11, s. 318).
C.Lokkun və Ş.L.Monteskyenin, hər şeydən əvvəl, hakimiyyətlərin bölgüsü və vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi haqqında təlimləri sonrakı illərdə təkcə hüquqi dövlətçiliyə dair nəzəri təsəvvürlərə
deyil, həm də erkən burjuaziya dövrünün konstitusiya qanunvericiliyinə və dövlət-hüquqi praktikasına görkəmli
təsir göstərmişdir. Bu təsir, məsələn, Amerika Birləşmiş Ştatlarının 1787-ci il Konstitusiyasında, Fransanın 1789-cu
il insan və vətəndaş hüquqları Bəyannaməsində müfəssəl şəkildə təzahür etmişdir. O cümlədən adı çəkilən
Bəyannamənin 16-cı maddəsində bəyan edilən "hüquqlardan istifadənin təmin edilmədiyi cəmiyyətdə
hakimiyyətlərin bölgüsü aparılmır və o, konstitusiyaya malik deyil" müddəası son dərəcə diqqətəlayiqdir.
Bəyannamənin 5-ci maddəsi daha böyük maraq doğurur. Orada deyilir: "Qanun yalnız cəmiyyət üçün
zərərli olan əməlləri qadağan edə bilər. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və heç kəs qanunla
nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz". Bu, həmin hüquqi prinsipin ilk qanunvericilik
təsbitidir.
Hüquqi dövlət nəzəriyyəsinin fəlsəfi cəhətdən əsaslandırılması ilə XVII yüzilliyin böyük alman filosofu
İ.Kant çıxış etmişdir. Mütəfəkkir yazırdı: "Dövlət hüquqi qanunlara tabe olan insan çoxluğunun birliyidir" (6, s.
233). İ.Kanta görə, dövlətin rifahı yüksək dərəcədə dövlət quruluşunun hüquqi prinsiplərlə razılaşdırılmasından
ibarətdir. Hakimiyyətin bölgüsünün (qanunverici, icra və möhkəm hakimiyyətinin) olub-olmamasından aslı
olmayaraq, Kant idarəçiliyin aşağıdakı iki formasını fərqləndirir və qarşı-qarşıya qoyurdu:
1) respublika (mahiyyətinə görə bu, hüquqi dövlətin özüdür);
2) despotiya.
İ.Kant yazırdı: "Respublikaçılıq - icra hakimiyyətinin (hökumət) qanunvericilik hakimiyyətindən
ayrılmasının dövlət prinsipidir; despotizm - bu, dövlət qanunlarının onları verənin özü tərəfindən təkbaşına icra
olunması prinsipidir; bu isə ümumi idarənin hökmdarın xüsusi iradəsi qismində çıxış etməsidir" (7, s. 267).
Hüquqi dövlət nəzəriyyəsinin inkişafına hüquqi dövlətin burjua pozitivist konsepsiyasının da mühüm
təsiri olmuşdur. Həmin istiqamət XIX və XX yüzillikdə hüquqi pozitivizmin müxtəlif cərəyanları tərəmdən
ayrı-ayrı variantlarda təzahür etmişdir. K.Gerber, A.Daysi, H.Ellinek, R.İyerinq, N.Korkunov, P.Laband, A.Esmen,
H.Kelzen və başqaları bu istiqamətin görkəmli nümayəndələri hesab olunurlar. Bunların hüquqi dövlət
konsepsiyasının mahiyyəti (özünün bütün müxtəliflikləri ilə) dövlətin bu və ya digər quruluşunu yaratmaq səyindən
ibarət olmuşdur. Həmin konsepsiyalara uyğun olaraq dövlət qanunvericilik normaları əsasında yaradılmalıdır.
Hüquqi dövlətin hüquqi-pozitivist yönümlü müxtəlif konstruksiyalarının daxili ziddiyyətləri və
çatışmazlıqları aydın nəzərə çarpır. Həmin konstruksiyalarda bir tərəfdən qüvvə üzərində bərqərar olan, özbaşına
hüquq yaradan dövlət hüquqdan yüksəkdə durur, digər tərəfdən isə hüququn özündə bəzi məhdudiyyətlər üçün
vasitələr nəzərdə tutulur. Belə hüquqların realizə olunması hakimiyyətin bilavasitə özündən asılı vəziyyətdə salınır.
Yəni hüququn, hüquq normalarının həyata keçirilməsi dövlət hakimiyyətinin mahiyyəti ilə (siyasi rejimlə)
əlaqələndirilir.
Pozitivist konsepsiyalarda söhbət mahiyyət etibarilə hüquqi dövlət deyil, "qanunların dövləti" (yuxarıda
adları çəkilən müəlliflərin özləri də bu ifadəni tez-tez işlədirlər) haqqında gedir. Bu qanunları yaradan dövlətin
özündə olduğu kimi, qanunlarda da ən başlıca olan - onların hüquqauyğunluğunun (legitimliyinin) obyektiv
məzmunlu kriteriyası çatışmır. Belə ki, həmin qanunlarda onları özbaşmalıqdan və qeyri-azadlıqlardan və bunların
formalarından fərqləndirən hüquqi xarakter çatışmır. Bununla belə, nəzəri cəhətdən aydındır ki (bunu praktika da
inandırıcı şəkildə təsdiq edir), qanunlar antihumanist, despotik, terrorçu, başqa sözlə, antihüquqi xarakterə malik
olduqları hallarda da verilə və icra oluna bilərlər.
Şübhəsiz ki, belə qanunlar və belə qanunçuluq hakimiyyətlərinin özbaşınalıqlarını və hakimiyyət altında
olanların hüquqsuzluğunu leqallaşdırır.
Hüquqi pozitivimizin nümayəndələrində öz mahiyyətinə görə nəzəriyyə və təcrübənin yuxarıda göstərilən
problemlərinə ziddiyyətli olmayan və inadcı görünən cavablar yoxdur.
Keçmiş SSRİ-də sovet hüquqi dövlət problemi hüquq elmində XX yüzilliyin 70-ci illərinə doğru müzakirə
edilməyə başlamışdı. Ümumxalq dövləti qismin-də qələmə verilən sovet sosialist dövləti hüquqi dövlət probleminə
perspektivdə olan istiqamət kimi yanaşırdı. Yenidənqurma şəraitində isə SSRİ-də hüquqi dövlət perspektivinin
bütün puçluğu üzə çıxdı. Çünki nə dövlət, nə də onun verdiyi qanunlar hüquqi dövlətin xarakterinə və təbiətinə
uyğun gəlmirdi. Çünki SSRİ qanunun və ya hüququn aliliyini deyil, yalnız dövlətin hər şeydən, hətta insanın
özündən belə üstünlüyünü qeyri-şərtsiz qəbul edirdi. Xüsusi və ümumi hüquq totalitar dövlətə tamamilə yad
hüquqlar idi. Birpartiyalı sistem insan hüquq və azadlıqlarının təminatından daha çox partiyanın qərarlarının yerinə
yetirilməsini ön plana çəkmişdi. Kommunist partiyası və onun nüfuzu dövlətin özünün də nüfuzunu üstələmişdi.
Təsadüfi deyildir ki, dövlətlərarası rəsmi görüşlərdə SSRİ-də dövlətin başçısının adı deyil, ilk növbədə partiyanın
liderinin (Sov.İKP MK-nın Baş katibinin) adı çəkilirdi. Bu isə inkişaf etmiş demokratik dövlətlərin liderlərinin
təəccübünə, bəzi hallarda isə hətta onlarda ikrah hissinin oyanmasına səbəb olmaya bilməzdi.
Sovet dövlətçiliyinin və hüququn inkişaf istiqaməti kimi hüquqi dövlət ideyasının gerçəkləşməsinə sovet
dövlətinin yaxın keçmişi də mane olurdu. Tarixi təcrübə göstərir ki, inzibati-amiranəlik forması və siyasi
hakimiyyətin bu sistem üzrə təşkili hüquqi dövlətin humanist ideyasının tələblərinə heç bir vəchlə cavab vermirdi.
Belə ki, keçmiş SSRİ-də hakimiyyətlərin bölgüsü, şəffaf seçkilərin keçirilməsi qeyri-mümkün idi. Bazar
iqtisadiyyatı haqqında söhbət belə gedə bilməzdi.
Hüquqi dövlətin sosialist konsepsiyası yalnız sözdə xalq suverenliyinin demokratik ideyasını ifadə edən
prinsipləri, institut və hüquq normalarını və bunların mükəmməl bir sistem təşkil etdiyini bəyan edirdi. Məhz xalq
suverenliyinin dövlət suverenliyinin mənbəyinin olduğu bəyan edilsə də, əslində xalqın adından sui-istifadə
olunurdu. Mərkəzdə (Kremldə) qapalı şəraitdə nələrin baş verdiyindən xalqın əsla xəbəri olmurdu. Kütləvi
informasiya vasitələrində saxtalaşdırılmış və təhrif edilmiş məlumatların tamamilə yalan olduğunu əhali yalnız
xarici radio kanalları (hərçənd ki, belə verilişləri dinləmək qadağan olunmuşdu) vasitəsilə öyrənə bilirdi.
Nəzərə almaq lazımdır ki, dövlət və ümumiyyətlə hüquq kimi, hüquqi dövlət və hüquqi qanun da məqsəd
deyil, sosial-tarixi cəhətdən şərtləşən ümumi ifadə forması, insanlar arasındakı ictimai münasibətlərdə azadlığın
təşkili və qaydaya salınmasıdır. Azadlıq həmişə qeyri-azadlığa qarşı dayanmışdır. Azadlıqla qeyri-azadlıq arasında
sərhədlər tarixən müəyyən edilmişdir və bu sərhədlərin özü qeyri-müəyyəndir. Hər hansı cəmiyyətdə azadlığı
olmayanların hüquqları da olmur. Yaxud hüquqları boğulanların azadlığı haqqında söhbət gedə bilməz.
İnsanın, vətəndaşın hüquq və azadlıqlarının realizəsi, onların müdafiəsi və təminatı, hüquqi prinsiplərinin
həyata keçirilməsindəki ardıcıllıq və dövlət hakimiyyətinin məhz hüquqi prinsiplər əsasında təşkil edilməsi - bütün
bunlar hüquqi dövlət, hüquqi qanun və hüquqi qanunçuluq deməkdir. Hüquqi dövlət ideyası məhz hüquqi qanunları
dövlətin fəaliyyətinin əsas hərəkətvericisi hesab edir. Hüquqi dövlət ideyası insan, şəxsiyyət amilini ön plana
çəkərək, dövlətin tərəqqisini, gələcəyini və həyata keçirilməli olan ən yaxın və uzaq perspektivlərini insanın,
şəxsiyyətin fövqündə görür.
İndiki şəraitdə hüquqi dövlət ideyası hakimiyyətlərin bölgüsünü ən vacib amil hesab edir. Hələ XIX
yüzilliyin 70-ci illərində böyük alman mütəfəkkiri F.Engels qeyd edirdi ki, hakimiyyətlərin bölgüsü sadələşdirmə və
nəzarət etmə məqsədilə dövlət mexanizminə tətbiq edilən əməyin işgüzar bölgüsündən başqa bir şey deyildir (10, s.
203). Məhz hakimiyyətlərin bölgüsü özündə təşkilati-hüquqi mexanizmləri və onların qarşılıqlı fəaliyyətini ehtiva
edir. Hakimiyyətlərin bölgüsü bütövlükdə dövlətin və hüququn intensiv inkişafının xülasəsi və başlıca
göstəricisidir. O, dövlətin hüquqi xarakterinin təşkilati ifadəsidir. Hakimiyyətlərin bölgüsü hüququn və hüquqi
qanunçuluğun hökmranlıq rejimi üçün zəruri zəmindir.
Hüquqi dövlət ideyası müasir Qərb hüquqşünaslarının və siyasətçilərinin, eləcə də sosioloqlarının
əsərlərində xeyli işıqlandırılmış və inkişaf etdirilmişdir. Bu, düzünə, hər şeydən əvvəl isə dolayı formada cari
qanunvericilik aktlarında, hətta bir sıra Qərb dövlətlərinin konstitusiyalarında təsbit edilmişdir.
Məsələn, hüquqi dövlət ideyası İspaniyanın 1978-ci il Konstitusiyasında birbaşa təsbit edilmişdir. Belə ki,
Konstitusiyanın 1-ci maddəsinin 1-ci bəndində deyilir: "İspaniya - bu, sosial, hüquqi və demokratik dövlətdir,
azadlıq, ədalət, bərabərlik və siyasi plüralizm onun ali sərvətidir". Həmin ideya Almaniya Federativ
Respublikasının 1949-cu il tarixli Əsas Qanununun 20 və 28-ci maddələrində belə bəyan edilir: "Almaniya
Federativ Respublikası demokratik və sosial federativ dövlətdir" və "torpaqların konstitusiya quruluşu bu əsas
qanunun ruhunda respublika, demokratiya və sosial-hüquqi dövlətin əsas prinsiplərinə uyğun olmalıdır".
Hüquqi dövlət ideyası özünün dolayı təsbitini Avstraliyanın, Yunanıstanın, İtaliyanın, Fransanın, İsveçin,
İsveçrənin və bir sıra başqa yüksək inkişaf etmiş dövlətlərin konstitusiyasında tapmışdır.
İstifadə olunmuş mənbələr:
1. Aristotel. Siyasət. Böyük etika / Tərc. F.Təbibi. Bakı, 2006
2. Platon. Dövlət / Tərc. A.Tağıyev. Bakı, 1999
3. Античная литература. Рим: Хрестоматия. М., 1981
4. Аристотель. Афинская политика. М., 1937
5. Аристотель. Сочинения: В 4-х томах. Т.4. М., 1983
6. Кант И. Сочинения. Т.4, Ч 11
7. Кант И. Сочинения. Т.6
8. Локк Дж. Избранные философские произведения. Т. 11, М., 1960
9. Марк К., Энгельс Ф. Соч., Т.26, 4.1
10. Маркс К., Энгельс Ф. Соч., Т.5
11. Монтескье Ш.Л. Избранные произведения. М., 1955
12. Цицерон. Диалоги. М., 1966
Dostları ilə paylaş: |