Ruben Dario poeziyası ilə doludur. Bu mənada, əsərin mütərcimlərinin hansı
çətinliklər qarşısında qaldıqlarını yaxşı təsəvvür edirəm. Mütərcimlər üçün
problem ondan ibarətdir ki, nikaraqualı şair Ruben Darionun poeziyası ispan
dünyasından, Latın Amerikasının hüdudlarından kənarda az bəllidir. Bu poeziya,
ayrı dillərə demək olar ki, tərcümə olunmayıb. «Patriarxın payızı» isə əslində
Ruben Dario poeziyasının dili üstündə qurulub.
***
Mən «Patriarxın payızı»nı «Yüz ilin tənhalığı»ndan qabaq yazmağa başlamışdım,
amma nədənsə iş ləng gedirdi.
…Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam
edilməsinə imza atdı. Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı
ilə açıq məhkəmədə baxılırdı. Bu, həyatımda gördüyüm ən müdhiş mənzərələrdən
idi. Onun törətdiyi bütün qanlı cinayətlər, şübhəsiz ki, sübuta yetirildi və müttəhim
ölümə məhkum edildi. Sarsıntılar içində kirimişcə oturub dinləyirdim. Ölüm
hökmü oxunanda, mən Blanko ilə üz-üzə dayanmışdım: onun sifətində bircə əzələ
də tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu
və düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur.
Lakin sonralar çox götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları –
məktubları, bioqrafiyaları, reportajları oxudum. Yazmağa başlayanda isə həmin
faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki, mənim qəhrəmanım
mövcud diktatorlardan heç birinin əkiz tayı olmasın.
***
…Mənim yaratdığım diktator obrazında Samosadan da, Truxilyodan da,
Frankodan da, Qomesdən də nə isə var. İkihücrəli qəfəsi qoca Samosa ixtira
etmişdi – bu qəfəsin bir hücrəsinə siyasi dustaqları salırdılar. Bununla belə,
Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O ki, qaldı Qomesə – Xuan
Visenta Qomes ayrı aləm idi… O, elə bir nadir şəxsiyyət idi ki, venesuelalılar
özlərini saxlaya bilməyib, ona, görəkəmli bir venesuelalı kimi bəraət də
qazandırmışdılar. Bütün diktatorlardan ən çox isə, məni Qomes maraqlandırırdı və
mənim personajım daha çox ona oxşayır.
4
PATRİARXIN PAYIZI
(roman)
Tərcümə: A.Məsud
Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident
sarayına doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri
dəyişilməyən kifsəmiş havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm
yuxusuna getmiş şəhər, bazar ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı...
biz, yalnız bundan sonra içəri girməyə ürək elədik və artıq, nə bəzi qoçaqların
dediyi kimi, qədim qala divarlarına dırmaşmağa, nə də o birilərin düşündüyü kimi,
giriş qapılarını öküz qoşqularıyla dağıdıb-sökməyə ehtiyac olmadı, bir vaxtlar
Uilyam Deymperin gürzlərinə şərəflə davam gətirən binanın qapıları, yüngülcə
toxunmaqla öz-özünə açıldı və biz, ötüb keçən əsrə qədəm qoyduq, sakitliyinin özü
belə köhnə və kövrək olan, içindəki əşyalarıyla bir bu kövrəkliyin və ilğımın içində
dumanlanan bu qəsrin xarabalıqlarında az qala boğulduq; döşəməsi, az qala
buludlara dirənən qanqalın ağırlığından çatlayıb cadar-cadar olmuş birinci həyətdə
biz, saray qarovulunun, qəfil düşən qovhaqovdan, tələm-tələsik ora-bura atıb
qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq qalan naharın
niməçələrdə çürüyən artıqlarını, bir vaxt dəftərxana yerləşən yarıqaranlıq tikilini,
bu tikilinin divarlarını basmış rənbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri
yaddan çıxdığından, gedişatı məzmunsuz həyatın özündən də uzun çəkən, lakin
baxılmadığından, qovluqlarının araları araları mamır bağlayan şəxsi işləri, qüllələri
az qala buludlara dirənən bu sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç
suyuna çəkildiyi iri çəni, həyətin lap qurtaracağında vitse-kralın anbarı kimi
işlədilən tövləni, orda güvə dumanı içində qaralan Böyük Qalmaqal dövrünün
karetini, Taun dövrlərindən qalan üstübağlı faytonu və Dünyanın Birinci Əsrinin
əfsanəvi limuzinini gördük; bunların hamısı yaxşı vəziyyətdəydi, hər biri milli
bayraq rəngində rənglənmiş halda, qalın tozun və hörümçək torlarının altında
bozarmaqlarına davam edirdilər; o biri həyətdə isə, dəmir çəpərin o biri üzündə,
sanki ay tozundan tökülmüş gümüşü rəngli qızılgüllər açmışdı; bir vaxtlar bu
güllərin kölgəsində cüzamlı xəstələr sığınıb yatardı, indi isə baxımsızlıq üzündən,
bu əfsanəfi gül kolları çoxalıb az qala bütün həyəti bürümüşdü və bu səbəbdən,
havadan da qızılgül ətri gəlirdi… bu ətrə, bağın dərinliyindən yayılan digər
üfunətli iylər də – toyuq hininin, mal təzəyinin, qatı əsgər sidiyinin iyləri
qarışmışdı; biz qızılgül kollarının boğanağından keçib, içinə qərənfil, ətirli astra,
inciçiçəyi basdırılmış dibçəklərlə dolu tacşəkilli artırmaya çıxdıq; bura onun,
qadınlarıyla əyləndiyi yer idi, üst-üstə qalanmış qarmaqarışıq tullantılardan,
müxtəlif növ zir-zibildən və saysız-hesabsız tikiş maşınlarından təxminən bilmək
olurdu ki, bu barakda nə qədər qadın və nə qədər, bəlkə də azı minəcən vaxtından
tez doğulan uşaqlar yaşayıb; biz həmçinin, çoxdannan bəri işlənməyən kimsəsiz
mətbəxlərdəki iyrəncliyi - ləyənlərdə qalıb iylənmiş yaş camaşırı, kişilər və
5
qadınlar üçün genişləndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar Kiçik Asiyanın
torpağında bitib göyərən, həmin torpaqla da doldurulub nəhəng çəlləklərdə
gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış vavilon söyüdlərini də
gördük; söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir qəfəsləriylə bir
kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm, qəzəbli
evi ucalırdı; bizə, qapıları sındırmaq lazım olmadı, onlar elə öz-özünə, elə bil
səsimizin gücünə açıldılar və biz, daş pillələrə salınmış, inək dırnağı altında
tapdanıb eybəcər kökə düşən təmtəraqlı, teatral xalçaların üzəriylə qalxaraq,
binanın əsas mərtəbəsinə daxil olduq, birinci artırmadan axıracan – mərtəbənin lap
qurtaracağındakı yataq otağına qədər bütün otaqlara baş çəkdik, xidməti yerlərdən
saysız-hesabsız qəbul otaqlarına keçdik və hər yerdə, üzləri heç nə ifadə eləməyən
inəklərlə rastlaşdıq; onlar məxmər pərdələri çeynəyir, isti təzək və mebel sınıqları
arasında saralan müqəddəs ikonaları və sərkərdələrin portretlərini tapdalaya-
tapdalaya, kresloların ipək üzlüklərini isladır, zəhlətökən moultularla moulaya-
mouldaya qonaq otağında, konsert zalında ağa kimi gəzişirdilər; hər yer inəklə
dolu idi… biz, sınıq domino və bilyard stollarını, üstləri, inəklərin sanki indicə
otlayıb yalın qoyduqları yamyaşıl çəməni xatırladan açıq yaşıl rəngli mahudu,
künclərin birində, öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz həsrətini
unutdurmaq üçün işlədilən küləklər maşınını - dəniz küləyinin səsini çıxaran
əcayib qurğunu, bir də, hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş
qəfəslərini gördük; saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki, qədəm
qoyduğu taleyüklü bazar ertəsinin ciddiliyini dərk eləməyən nəhəng əjdaha
görünürdü… şəhərdən sonra isə, bir vaxtlar dənizin yaşıl suları dalğalanan, indi isə
ay külünə bənzər kələ-kötür yarğanlar və vulkan dəlikləri açılan ucsuz-bucaqsız
çöllər uzanırdı; onun gizli iş otağından isə, bizlərdən yalnız bəzilərinin, hələ bu
hadisədən bir qədər əvvəl ürəklənib daxil olduğu yerdən üfunətli çürüntü və
cəmdək iyindən boğulub təngiyən quzğunların nəfəsi eşidilirdi və biz, bu üfunətli
qoxunun iziylə qartalların ardınca gedib, iclas zalına çıxdıq və orda da yenə həmin
inəkləri - bu dəfə, zavallı heyvanların qurd basmış cəmdəklərini, bu cəmdəklərin,
zalın nəhəng güzgülərində birə on artmış ayrı-ayrı əzalarını gördük; sonra biz,
onun iş otağına aparan gizli qapını - arxa qapını itələdik və orda nəhayət ki, onun
özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız işıldıyan
həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca
vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü
balışa basan tək, ovuclarına basıb gizlətmiş vəziyyətdə, döşəmədə üzü ütə
uzanmışdı; olsun ki, həmin bu görkəmdə o, öz qəddar -kahin ömrünün neçə-neçə
saysız-hesabsız, bitib-tükənməz, gecələrini yatmışdı; amma biz onu kürəyi üstə
çevirib üzünə baxanda, həmin dəqiqə başa düşdük ki, onun şəxsiyyətinin təsdiq
edilməsi, təkcə, saraya doluşan quzğunların, onun üzünü dimdikləyib tanınmaz
hala saldığı üçün yox, həm də sağlığında heç birimiz bu üzü əməlli-başlı
görmədiyimiz səbəbindən baş tutan məsələdeyil və hərçənd ki, onun, əjdaha şəkilli
bayraqla təsvir olunmuş, cansız əlini sinəsinə bərk-bərk sıxdığı, qızılı çərçivəli,
litoqrafik portreti hər saat, hər dəqiqə hamının gözləri qarşısındaydı və profili
dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt markalarının, qarınağrı
dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə çəkilmişdi,
6
Dostları ilə paylaş: |