Mövzu 1. Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və
onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti
1. BİM-in mahiyyəti, predmeti və formaları
2. BİM-in milli iqtisadiyyatlar üçün əhəmiyyəti, onun göstəricilər sistemi və qarşılıqlı
iqtisadi asılılıq
3. BİM-in inkişaf amilləri və meylləri
4. Dünya təsərrüfatının mahiyyəti, xüsusiyyətləri və onun inkişafınfa müasir meyllər
5. Dünya təsərrüfatında qloballaşma prosesi və qlobal problemlər
6. BİM-də ölkələrin təsnufləşdirilməsi göstəriciləri və meyarları
1. BİM-in mahiyyəti, predmeti və formaları
Bəşər cəmiyyətlərinin müxtəlif təşkilati formaları dövründə iqtisadi əlaqələrin inkişafı
böyük tarixə malikdir ki, bu barədə əvvəlki mövzuda məlumat verilib. İlk vaxtlarda bəsit
məzmun daşıyan iqtisadi münasibətlər ən müxtəlif amilllərin təsiri nəticəsində daim
genişlənərək və inkişaf edərək hazırkı formasına gəlib çatmış, bütün ölkələrin maraqlarına
və mənafelərinə uyğun olan mürəkkəb münasibətlər sistemi halına düşmüş, beynəlxalq
iqtisadi münasibətlər formalaşmışdır.
Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü,
mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı
fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı
müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli
təsərrüfat əlaqələri kompleksidir.
BİM-in predmeti kimi iki əsas tərkib hissəsi çıxış edir: BİM-in özü və bu
münasibətlərin reallaşdırılması mexanizmi. BİM bir elm kimi xarici ölkələrin iqtisadiyyatını
deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir.
BİM, ümumilikdə iqtisadi münasibətlər kimi insan fəaliyyətinin bir sferasıdır və o,
təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarına tabe olur. BİM obyektiv olaraq əmək
bölgüsü prosesindən, istehsalın və elmin beynəlxalq ixtisaslaşmasından, təsərrüfat
fəlaiyyətinin beynəlmiləlləşməsindən çıxış edir.
BİM-ə milli təsərrüfatların iqtisadi cəhətdən qarşılıqlı əlaqə və asılılıq münasibətləri
sistemi kimi də baxıla bilər. BİM-in formalaşması və inkişafı yrı-ayrı ölkələrin
iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir.
Bununla belə, bütün bu qarşılıqlı yaxınlaşma və əməkdaşlıq prosesləri ziddiyyətli,
dialektik xarakter daşıyır. BİM-in dialektikası özünü onda göstərir ki, iqtisadi müstəqilliyə
səy göstərmə, ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək istiqamətində həyata
keçirdikləri məqsədyönlü tədbirlər son nəticədə dünya təsərrüfatının daha çox
beynəlmiləlləşməsinə, milli iqtisadiyyatların xarici aləm üçün daha çox açılmasına,
beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır.
BİM milli iqtisadiyyatların bazar xarakterini də əks etdirir. BİM-in inkişaf etmiş
bazar təsərrüfatı sahəsi kimi əlamətləri aşağıdakılardır:
1)
BİM-in iştirakçılarının beynəlxalq əmək bölgüsü və milli sərhədlər bazasında iqtisadi
xüsusiləşməsi;
2)
istehsal amilləri və nəticələri ilə beynəlxalq mübadilə nəticəsində əmtəə, xidmət,
kapital, iş qüvvəsi, texnologiya dünya bazarlarının yaranması və fəaliyyət göstərməsi.
BİM özlüyündə məhsulların və xidmətlərin ölkələrarası çoxsaylı axınlarını əks etdirir
ki, bu şəraitdə də dünya bazarları formalaşır və bu bazarlarda daimi sistematik
xarakter kəsb edən alqı-satqı əməliyatları baş verir;
3)
BİM çərçivəsində tələb, təklif, qiymət qanunlarının tam surətdə fəaliyyəti;
4)
istehsalçılar, satıcılar və alıcılar arasında olan rəqabət mübarizəsi;
5)
istehsalın və satışın inhisarlaşması.
Bununla yanaşı, BİM, onu digər iqtisadi münasibətlərdən fərqləndirən bir sıra
xüsusiyyətlərə malikdir. Onların sırasına aşağıdakıları aid etmək olar:
1.
Təsərrüfat münasibətləri milli sərhədlər çərçivəsindən kənara çıxır, geniş ərazini
əhatə edir, mübadilə həcmi daha yüksəkdir, subyektlərin sayı müqayisəolunmaz
dərəcədə çoxdur;
2.
Ayrı-ayrı ölkələrin sərhədlərindən kənara resursların, istehsal amillərinin və istehsalın
nəticələrinin hərəkəti baş verir, milli iqtisadiyyata əlavə
resurslar cəlb olunur;
3.
İstehsalçılar, satıcılar və alıcılar arasında daha geniş miqyaslı, bəzən qlobal və kəskin
rəqabət mübarizəsi mövcud olur;
4.
BİM-in ayrı-ayrı formaları daxili bazarda mövcud olan əlaqələrə nisbətən daha
yüksək qarşılıqlı əlaqəyə və asılılığa malikdir;
5.
Qarşılıqlı təsirin xüsusi alətləri və mexanizmləri işlənilir və istifadə edilir. BİM-in
milli səviyyədə (dövlətin xaici ticarət siyasəti formasında), ikitərəfli səviyyədə
(ikitərəfli sazişlər çərçivəsində), regional səviyyədə (inteqrasiya birlikləri
çərçivəsində), beynəlxalq səviyyədə (beynəlxalq təşkilatların rəhbərliyi altında)
tənzimlənməsinin xüsusi sistemləri yaradılır. Əsas xüsusiyyət isə ondan ibarətdir ki,
BİM dövlət sərhədləri vasitəsilə həyata keçirilir.
BİM-in öyrənilməsi onun makrosəviyyədə və mikrosəviyyədə mahiyyətinin açılışını
tələb edir. Makrosəviyyədə BİM dünya təsərrüfatında milli iqtisadiyyatların əlaqələrinin
forma və üsullarıdır: xarici ticarət, istehsal amillərinin beynəlxalq miqrasiyası və s.
Mikrosəviyyədə BİM beynəlxalq əmək bölgüsünə əsaslanan, xarici iqtisadi əlaqələrə
istiqamətlənən milli iqtisadi vahidlərin xüsusi fəaliyyət sahəsidir. Milli istehsalçılar və
istehlakçıların nöqteyi-nəzərindən BİM əmtəələrin, xidmətlərin, kapitalın, texnologiyaların
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, istehsalın beynəlxalq kooperasiyası və s. kimi başa
düşülür.
BİM-in obyekti kimi çıxış edirlər:
1)
maddi formada olan əmtəələr (xammal və ərzaq malları, hazır məhsullar, emal
sənayesinin məhsulları və s.);
2)
xidmətlər (beynəlxalq injinirinq, konsaltinq, audit, lizinq, turizm, daşımalar,
köçürmələr və s.);
3)
texnologiyalar (patentli və patentsiz lisenziyalar, əmtəə nişanları və s.);
4)
kapital (birbaşa və portfel investisiyaları, beynəlxalq kredit və s.);
5)
işçi qüvvəsi və s.
Yuxarıda qeyd edildiyi kimi, BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür
edə bilər ki, onun da subyektləri aşağıdakılardır: