M.P.Vaqif
və müasirlik
483
keçirilməsi ilə bağlı xalqın tələbləri mütəmadi çap edilirdi. Qəzetin daha bir üstün cəhəti ondan ibarət idi ki,
sadə insanlar da bu qəzetə məktub şəkilində müraciət edə bilirdilər. Məmurlar tərəfindən incidilənlərin,
hüquqları tapdananların, konstitusiyanın qaydalarını kobudcasına pozan ünsürlərin əməllərindən xəbərdar
olanların etiraz məktubları tez-tez qəzet səhifələrində dərc olunurdu.
“Əncümən” qəzeti İranda antiimperialist mövqeyi ilə də tanınırdı. Çar Rusiyasının və İngiltərə
hökumətinin İrana qarşı hərbi-müdaxilə planları qəzetdə çox kəskin şəkildə tənqid olunurdu. 1907-ci ildə
ingilis-rus sazişi ilə bağlı “Əncümən” qəzetində belə bir siyasi şərh dərc edilmişdir:
“İngiltərə və Rusiya dövlətinin bu müahidəni bağlamaqdan ... əsl məqsədlərini işğalçılıq,
müstəmləkəçilik, özlərinin siyasi, eyni zamanda iqtisadi-ticarət mənafeilərini təmin etməkdədir” (4, s.246).
Qəzetdə dərc edilmiş bu sitat bir daha sübut edir ki, “Əncümən”də çalışanlar təkcə gündəlik xəbərlər
verməklə kifayətlənmir, həm də siyasi-analitik şərhlərlə ictimai rəyin formalaşmasında da vacib rol
oynayırdılar. Məhz bu tipli yazılar İranda insanlar arasında antiimperialist qüvvələrin sayının artmasına rəvac
verirdi.
Qəzetin adının altında bu sözlər yazılmışdır: “Xalqın və tacirlərin istəyi üzərində bu qəzet çox sadə
dildə yazılmışdır”. (1, s.52). Bu sözlər “Əncümən” qəzetinin dili haqda fikir yürütməyə imkan verir. Bundan
əlavə Əhməd Kəsrəvi özünün “İranın Məşrutə inqilabı tarixi” əsərində qəzetin dili barədə belə yazırdı:
“O, (“Əncümən” qəzeti) sadə dildə yazılmış daş üzərində çap olunurdu. Faydalı qəzetlərdən biri idi”
(3, s.319). Qəzet daha çox fars dilində nəşr olunsa da, bəzi nömrələrində türkcə yazılara da rast gəlinirdi.
“Əncümən” qəzetində əsas dilin fars dili olması, çox güman ki, oxucu auditoriyasının daha çox savadlı
insanlardan ibarət olması ilə əlaqədar idi. Bura Əncümən üzvlərinin seçilməsi ilə bağlı şərtləri də əlavə
etmək olar. Belə ki, Əncümən üzvləri xalqın səsi ilə seçilməli, seçicilər İran təbəəsi olmaqla bərabər, yaşı 21-
dən yuxarı olmalı idi. Seçkidə qadınlar iştirak edə bilməzdilər. Namizədlər isə ən azı 30 yaşında olub, mütləq
fars dilində bilməli, yazıb oxumağı bacarmalı idilər. Məşrutə qanununda rəsmi dildən heç bir söz
açılmamasına baxmayaraq fars dili demək olar ki, rəsmi səviyyədə idi. Farsca bilməyənlərin Əncümənə üzv
seçilə bilməməsi də bütün bunlara sübutdur. Türk dili isə o dövrdə daha çox məişət səviyyəsində istifadə
edilirdi. Yuxarıda qeyd edilənləri nəzərə alsaq “Əncümən” qəzetinin niyə məhz fars dilinə üstünlük verdiyi
aydınlaşmış olur. Qəzetdə işıq üzü görən yazıların böyük əksəriyyəti fars dilində olsa da, ara-sıra türkcə
yazılara da rast gəlinirdi. Türk dilində olan yazılar daha çox maariflə bağlı olurdu. Məmmədrza Heyət
qəzetdə Azərbaycan türkcəsinin durumu ilə bağlı yazırdı:
“Qəzetin bəzi saylarında çıxan bir neçə şeir istisna olmaqla tamamilə farsca nəşr olunurdu. Amma
qəzetə verilən elan və xəbərləri nəzərə alsaq bəzi hallarda türkcə olurdu” (5, 1384, № 138-139).
“Əncümən” qəzetinin 9-cu sayında dərc edilmiş elan böyük maraq doğurur. Elanda Təbrizin
“Ədəbiyyə” məktəbində heç vaxt məktəbə getməmiş 7 yaşlı uşaqlara 4 ay içində fars, türk və ərəb dilində
yazıb-oxumağı öyrətmək təklifi irəli sürülürdü. Qəzetin 32-ci sayında yenə “Ədəbiyyə” məktəb şagirdlərinin,
müəllimlər ilə birlikdə Təbriz Əncüməninə gedib türkcə şeir oxuduqları, Əncümənin məktəbə 25 tümən
yardım etdiyi və qəzetin hər həftə 60 nüsxə öyrəncilərə pulsuz göndərilməyi xəbəri dərc edilmişdir.
Tanınmış tədqiqatçı M.Heyət “Əncümən” qəzetinin saylarını araşdıraraq bu haqda xüsusi məqalə dərc
etmişdir. Həmin məqalədə müəllif “Əncümən” qəzetinin Təbrizin müxtəlif məktəblərində oxuyan şagirdlər
üçün təşkil etdiyi tədbirlərdən oxunan şeirləri də olduğu kimi təqdim edir:
Məktəbdir ənbiyadə nəbilik əlaməti,
Məktəbdir ovliyadə vəlilik səadəti.
Məktəbdir aləmdə yetirən hər hidayəti,
Məktəbdir orgədən bizə əmri-şəriəti.
Məmmədrza Heyətin yazmış olduğu məqalə ilə tanış olduq da məlum olur ki, “Əncümən” qəzeti
Şimali Azərbaycanda nəşr olunan qəzetlərlə də əlaqələr qurur və bu qəzetlərdə dərc edilən yazıları yaxından
izləyirdi. Dediklərimizə sübut olaraq “Əncümən” qəzetinin 1907-ci ildə nəşr edilmiş 1-ci sayını misal
göstərə bilərik. Qəzet bu sayında “Füyuzat”da dərc edilmiş böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” yazısını vermişdir. Həmin il qəzetin 10-cu sayının 1-ci
səhifəsində isə Parisdən “Osman və iqtisadi tərəqqi cəmiyyəti” tərəfindən Təbriz milli əncuməninə
göndərilən bir məktub və ikinci səhifədə əncümən tərəfindən verilən cavab yayınlanmışdır (1, s.54).
“Əncümən” qəzeti Təbriz məktəbləri haqda yazılarla təhsilin daim diqqət mərkəzində saxlanılmalı
olduğunu göstərirdi. Qəzetin müxtəlif nömrələrində “Nübar”, “Səadət”, “Pərsəriş”, “Ədəbiyyə”, “Rüşdiyyə”
və digər məktəblər barədə yazılar işıq üzü görürüdü. Bu tipli xəbərlər daha çox türk dilində yazılırdı.
“Əncümən” qəzetinin 116-cı sayının sonluğu, 3-cü səhifənin isə yarısı türk dilində dərc edilmişdir.
“Əncümən” qəzetinin fəaliyyəti yuxarı dairələrdə o qədər də isti qarşılanmırdı. Məşrutə inqilabının
əsas təbliğat vasitəsi, “Azərbaycan əyalət əncüməni”nin mətbu orqanı olan bu qəzet şah hökumətində qıcıq
yaradırdı. Təsadüfi deyil ki, başda müctəhidlər olmaqla bir sıra dövlət və hökumət adamları “Əncümən”