37
YERİ VAR
Xəyalım günəşin bathabatında,
İlhamım hisslərin dəli atında.
Bu aylı, ulduzlu göyün atında
Sonsuz ah yeri var, aman yeri var.
Bax bu qürub yeri, bax bu dan yeri,
Bax bu sirli gecə oddan don geyir.
Neçə sabahlarım yuxuma girib,
Ömrümün könlümə daman yeri var.
Arzumun səsinə oyannam hər gün,
Min qəmin önündə dayannam hər gün,
Günəş tək al rəngə boyannam hər gün,
Sinəmin əbədi yanan yeri var.
38
***
Nə tərif deyən dilim var,
Nə də əl çalan əlim.
Nə yarımağa bir kimsə,
Nə yarınmağa könlüm...
Alıb - satmaq vərdişinlə,
Pulun var, pul istəsən.
Kiməsə qul olmaz məndən,
Qulun var, qul istəsən.
Sən ayrı yolun yolçusu,
Mən yollar ayrıcında...
Könlümdə ki bu SEVDA var;
Yol ollam, yol istəsən.
Sən fanidə səfa çəkdin,
Min cəfasi könlümün!
Sığınmışam Yaradana;
Təcallası könlümün.
39
DÜNYA
Bir qayğısız uşaq kimi,
Şirincə yaşayan dünya.
İndi rəngin avazıyıb,
Dərdimə oxşayan dünya.
Küləklərin-inad yeri,
Sevgilərin- imdad yeri.
Beşikdən-qəbrə dad yeri,
Daha yadlaşıram, dünya.
Yön tutdun çovğuna, qara,
Qıydın qönçə arzulara.
Uçurumlu bu yollara,
Dedim:-Mən naşıyam, dünya.
İzin hanı, yolun hanı?
Yol tutmaz, yolu tutanı
Yol üstündə qəbristanı,
Görüb yavaşıyan dünya.
Əskilmədi duman çənin,
Əyləncən-ömrünə qənim.
Mən doğranmış bir Vətənin
Qanlı yaddaşıyam, dünya.
40
BELƏCƏ
Dərdim-piltə, ürəyim-şam,
Yandırıb yaxdım beləcə.
Yandım səhər, yandım axşam,
Əriyib axdım beləcə.
-Qoca dünya gör-götürdü,
Kim qazandı?-Mən itirdim.
Yenə bir çiçək bitirdim,
Bir ömür yapdım beləcə.
Bu yollar çiçək-çiçəkdi,
Nə kövrəkdi, nə göyçəkdi!
Əvvəli-sonu ürəkdi,-
Bir yola çıxdım, beləcə…
Günahlarım savab ikən,
Savablarım günah oldu.
Dərdim, qəmim Allah oldu,
Boylanıb baxdım beləcə…
41
ADAMI
İlahi, sən özün qoru,
Bu ömrü düyün adamı,
Tor gözlərin görmədiyi,
Özün gördüyün adamı.
Qoru bu dostsuz, yağısız,
Dastanı qələm-kağızsız,
Hamıya dilsiz-ağızsız,
Sənə ərköyün adamı.
Bəndələrin sırasında,
Yernən-göyün arasında,
Axtar,çölü qaydasında,
İçi ləleyin adamı.
Sinəsinə bağlayıb daş,
Qonum-qonşu, qohum-qardaş.
Qoru, hər canlıdan yavaş,
Dərdləri yeyin adamı.
Qıyma batsın qəm selində,
Min bir gül Adın dilində.
Canı adamlar əlində,
Ruhu didərgin adamı.
42
ƏRKİNƏ HEYRANAM
Ərkinə heyranam, qadir Allahım!
Bir az da yaxından ərk elə, görüm.
Ən şirin ağrıyla, çəkilməz dərdlə,
Məni bu dünyaya görk elə, görüm.
Elə alışmışam sinəm göynəyə,
Hələ gümanım var qanlı köynəyə,
Belə dirigözlü dərdi görməyə,
Doğma adamları türk elə görüm!
Dərdin «şərbət kimi içilir» indi,
Döyülür, tapdanır, keçilir indi.
Səni ucaldanlar kiçilir indi,
Ərkini bir az da bərk elə, görüm.
Bax, bir gör nəyim var, bir gör nəyim yox,
Görünən yerlərdə görünməyim yox.
Xalıya, xalçaya bürünməyim yox,
Əynimə dərdləri kürk elə, görüm.
43
EYLƏSİN
Eldar Baxışa, Ağamalı Sadiqə və bir də…
Qəbirqazan bu məzarı
Bir azca dayaz eyləsin.
Çovğunlu gün olsa, yenə
Hava bir ayaz eyləsin.
Qarğımayıb bəxt yazana,
Bilsin qədər nə, qəza nə!
Bacım, barmaqdan təzanə,
Tellərindən saz eyləsin.
Bülbüllər qəmli ötüşsün.
Qalan nakamlar tutuşsun
Anamın ruhu yetişsin,
Dünyanı bəyaz eyləsin.
Dövran ki var, gülməlidi,
Gülənə, söylər; dəlidi.
Son nəyinsə əzəlidi;
Hərə bir muraz eyləsin.
Sevib ölüsün, dirisin,
Gec ağlayanlar kirisin.
Bu qış da belə ərisin,
Allah yenə yaz eyləsin.
44
OLUR
Günahkar insandı, dünya neyləsin?
Qəlbi genişlərin yeri dar olur.
Haqqı ürəyində məşəl edənin
Yolu çovğun olur, yolu qar olur.
Ötübmü zamanı mərdin, qoçağın?
Ovxarı azalıb kəsən bıçağın.
Bu gün ciblərini güdən alçağın
Sabahı ən böyük tamahkar olur.
Kimi bir ömürə satır dünyanı,
Kimi də dörd əllə tutur dünyanı,
Hərə bir tərəfə dartır dünyanı;
Bir fağır, arxasız günahkar olur.
Qardaş, yorduq əbəs qələm-dəftəri,
Duyan olacaqmı ülvi hissləri?
Elə bizim kimi sadəlövhləri
Yaşadan yalançı arzular olur.
45
***
Qərib-qərib dərdlərini
Həyansız qoya bilmirəm.
Sən ölçüsüz, göz yaşım az,
Mən tənha, yuya bilmirəm.
Sıxma, ürəyim qanlıdı,
Uca dağlar dumanlıdı
Qara başım fərmanlıdı,
Günləri saya bilmirəm.
Ey aşikar, gizli dünya!
Ey dönük yar üzlü dünya!
Günəşli, gündüzlü dünya!
Mən səndən doya bilmirəm…
Dostları ilə paylaş: |