MÜSTƏQİL TƏHSİL SİYASƏTİ
Biz müstəqil dövlət olaraq özümüzün təhsil
sistemimizi istədiyimiz kimi qururuq.
Heydər Əliyev
Təhsilin mahiyyətinə dair
Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur.
Yeni biliklərin əldə edilməsi təhsilin yox, elmin funksiyasına aiddir. Təhsil isə artıq məlum olan bilikləri geniş kütlələrə və ya məqsəddən asılı olaraq əhalinin müəyyən qrupuna çatdırmaq (öyrətmək, mənimsətmək) üçün təşkil olunmuş geniş miqyaslı ictimai prosesdir.
Xüsusi tətbiqi məqsədlər üçün gizli saxlanan ən yeni biliklər istisna olunmaqla əvvəlki nəsillərin əldə etdiyi bütün biliklər – bəşəriyyətin ümumi bilik xəzinəsi bütün xalqlar və millətlər üçün açıqdır. Məsələn, avropalılar üçün ayrı, afrikalılar üçün isə ayrı bilik bazaları mövcud deyil. Habelə milli xüsusiyyətlərindən asılı olaraq uşaqların qavrama qabiliyyəti arasında böyük fərq yoxdur. Əsas fərq bu biliklərin yayılması, mənimsədilməsi prosesini necə təşkil etməkdədir.
Təhsil öz səviyyə və yönümündən asılı olaraq üç müxtəlif məqsədə xidmət edə bilər.
Birincisi, bilik və təcrübə bu və ya digər fəaliyyət sahəsində istifadə olunmaq, praktikada tətbiq edilmək üçün əldə edilir. Həkimlərin, mühəndislərin, bəstəkarların və s. tətbiqi fəaliyyəti (yaradıcılıq fəaliyyətindən fərqli olaraq hazır bilik və vərdişlərə əsaslanan fəaliyyət) bu qəbildəndir.
İkincisi, bilik və təcrübə başqalarına öyrətmək üçün əldə edilir. Müəllimlik sənəti qarşısına heç bir başqa praktik məqsəd qoymadan, yalnız təhsil sisteminin kadrla təmin olunmasına, başqa sözlə, onun öz inkişafına xidmət edir. Fənn müəllimləri əslində fizik, riyaziyyatçı yox, məhz fizika müəllimi, riyaziyyat müəllimi olduğu kimi, müəllim mühəndis, müəllim həkim də peşəsinə görə məhz müəllimdir.
Üçüncüsü, bilik və təcrübənin səviyyəsini yüksəltmək üçün, yeni biliklər əldə etmək üçün lazım olan fəaliyyət sahəsi – elmi iş də ilkin təhsil mərhələsini tələb edir. Yəni ancaq əvvəlki nəsillərdən miras qalan bilik və təcrübə öyrənildikdən sonra hər bir nəsl öz payını bura əlavə edə bilər. Yeni biliklərin alınması istiqamətində fəaliyyət nəzəri yaradıcılıq – alimlik, yeni təcrübə əldə etmək sahəsində fəaliyyət isə əməli yaradıcılıq (yaradıcı həkim və ya alim həkim, ixtiraçı mühəndis və s.) adlanır.
Birinci – bilik və təcrübənin tətbiqinə, ikinci – yayılmasına, üçüncü – artırılmasına xidmət edir. Lakin bu fərqlər təhsilin məqsədində və yüksək mərhələsində özünü göstərən fərqlərdir. İlkin mərhələdə isə hər üç istiqamət eyni geniş yoldan ayrılır, üst-üstə düşür. Yəni bütün hallarda əvvəlcə keçmiş nəsillərin əldə etdiklərini öyrənmək, mənimsəmək lazımdır. Bu isə sözün dar mənasında, məxsusi mənada təhsildir. Bu mərhələdə təhsil hələ başqa fəaliyyət sahələri ilə çarpazlaşmır və xalis təhsil sahəsi kimi mövcud olur.
Bünövrədə və ilk mərtəbələrdə daxili bölgü, şaxələnmə yoxdur. Yalnız məqsədə (müxtəlif məqsədlərə) yaxınlaşdıqca ümumi təhsil prosesində şaxələnmə başlanır və getdikcə dərinləşir. Hansı sahə üçün kadr hazırlanmasından asılı olaraq təhsil bu və ya digər ictimai fəaliyyət sahəsi ilə sıx surətdə əlaqələnmiş olur.
* * *
Müstəqil dövlət quruculuğu şəraitində həmçinin müstəqil təhsil siyasəti yeridilməsinə, sovet təhsil sisteminin stereotiplərindən uzaqlaşaraq ölkəmizin yeni miqyası, daxil olduğu yeni ictimai-iqtisadi münasibətlər sistemi, habelə milli və regional xüsusiyyətləri əsasında müstəqil təhsil konsepsiyası hazırlanmasına böyük ehtiyac vardır.
Dünyada nüfuz qazanmış, qərarlaşmış və bəzən artıq tarixin səhifəsinə çevrilmiş bir sıra ənənəvi təhsil sistemləri mövcuddur. Bunlara ilk növbədə müasir Qərb təhsil sistemi, rəqabətə tab gətirmədiyindən artıq unudulmaqda olan Şərq təhsil sistemi və yenə də xarici təsirlərlə sıxışdırılan, lakin bir çox ölkələrdə əsasən saxlanmaqda olan sovet təhsil sistemi aiddir. Əlbəttə, bu sistemlərin özünə diferensial surətdə yanaşdıqda çoxlu daxili qatlar, forma müxtəlifliyi ortaya çıxır. Lakin böyük miqyasda götürdükdə bu cür bölgü tamamilə məqbuldur.
İstər Avropada, istər hər hansı Şərq ölkəsində, istərsə də MDB ölkələrində qəbul olunmuş təhsil strukturu bu gün bizi qane edə bilməz. Biz Avropa standartlarını, xarici ölkələrin müsbət təhsil ənənələrini nəzərə almazdan əvvəl öz müstəqil mövqeyimizi müəyyənləşdirməliyik.
Əgər Azərbaycan müstəqil təhsil siyasəti yeridirsə, təhsilin təşkilati strukturu onun məzmununa, məzmun isə məqsədə uyğunlaşdırılmalıdır. Deməli, müstəqil təhsil sistemi ilk növbədə məqsəd müəyyənliyi tələb edir.
Doğrudan da, təhsil nə üçündür?
– Sadəcə bilikləri mənimsətmək üçünmü? Əgər belədirsə, onda hansı bilikləri, hansı səviyyədə və hansı yolla?
– Gəncləri şəxsiyyət kimi formalaşdırmaq, kamil mənəviyyatlı, vətənpərvər və humanist insan nəsli yetişdirmək üçünmü? Əgər belədirsə, bunun yolları hansılardır və buna necə nail olmaq mümkündür?
– Sərbəst düşüncə, əməli fəaliyyət, praktik quruculuq vərdişləri aşılamaq üçünmü? Əgər belədirsə, onda hansı vərdişləri və necə? Bu zaman bilik və əməli vərdişin əlaqəsi və nisbəti necə olur? Buna uyğun təşkilati struktur necə seçilir?
Bu üç istiqamətdən hansına üstünlük verilməsi, biliyin, əməyin, yoxsa tərbiyənin əsas tutulması, habelə tərbiyənin yönümündən asılı olaraq təhsilin Şərq, yoxsa Qərb dəyərlərinə əsaslandığını söyləmək mümkündür.
Böyük miqyasda yanaşdıqda Şərq təhsili ikinci istiqamətə – insan mənəviyyatının kamilləşdirilməsinə, onun əxlaq və şəriət normalarını mənimsəməsinə, Qərb təhsili üçüncü istiqamətə – praktik iş qabiliyyəti olan və bunun üçün şübhəsiz ki, həm də müəyyən ixtisas biliyinə yiyələnmiş olan kadrlar yetişdirilməsinə, sovet təhsili isə birinci istiqamətə – oxumaq və biliklərə yiyələnməyə (ancaq hafizə və ya hətta əzbərçilik hesabına da olsa) üstünlük verir.
Sovet təhsili, bir tərəfdən, dünyəvi biliklərin, fundamental elmlərin əsaslarını, uşaq üçün çox çətin də olsa, mürəkkəb proqramlar əsasında öyrətməyə çalışır, verilən informasiyanın həcminə görə hətta Qərb standartlarını arxada qoyurdu. Bu ən çox Qərbdəki sərbəstliyi və könüllülüyü icbariliklə əvəz etmək hesabına əldə edilirdi. Digər tərəfdən, şagirdlərin və tələbələrin dünyagörüşü də icbari yolla ideoloji çərçivələrə salınırdı ki, bu da təhsildə ifrat şərqçiliyin təzahürü idi. Beləliklə, sovet təhsil sistemi əslində yeni bir şey olmayıb, ifrat Qərb və ifrat Şərq mövqelərinin eklektik qatışığından ibarət idi. Bu ifrat təzahürlərdən vəhdətə keçmək isə mümkün olmamışdı.
Sovet paytaxtında müəyyənləşdirilən və milli xüsusiyyətlərindən, inkişaf səviyyəsindən asılı olmadan bütün regionlara tətbiq olunan standart təhsil siyasəti neçə onilliklər ərzində ölkəmizdə mütəxəssis hazırlanması işinə böyük ziyan vurmuşdur. Təəssüf ki, Sovetlər dağılsa da, onun qalığı olan bu bürokratik mərkəzləşmə sistemi indi də davam edir.
Real həyati tələbat əsasında deyil, ideoloji meyarlar və sxolastik prinsiplər əsasında qurulmuş təhsil sistemi həqiqi mütəxəssis hazırlanmasından daha çox, "diplomlu kadrlar" hazırlanmasına xidmət edirdi. Özü də bu ənənələr ifrat mərkəzləşmiş təhsil sistemində elə dərin kök atmışdı ki, ictimai həyatın başqa sahələrində həyata keçən yeniləşmə meylləri burada ciddi çətinliklərlə üzləşirdi. Aşağıdan başlanan və yerli şəraitin tələblərindən irəli gələn hər hansı təşəbbüs bütün ölkə üçün müəyyənləşdirilmiş vahid qəlibdən kənara çıxdığına görə hələ beşikdə ikən məhvə məhkum idi.
Biz bunlardan ona görə keçmiş zamanda danışırıq ki, son vaxtlarda Azərbaycanın müstəqillik əldə etməsi və yeni iqtisadi münasibətlərə keçidlə əlaqədar olaraq ifrat mərkəzləşmiş bürokratik sistemin dağılması prosesi, yeniləşmə meylləri artıq təhsil siteminə də nüfuz etməyə başlamışdır. Lakin ölkəmizin müstəqilliyi bir siyasi akt olaraq həyata keçsə də, yeni təhsil qanunu qəbul olunsa da, biz hələ əsasən sovet dövründə hazırlanmış təlimatları rəhbər tuturuq. Təhsil siyasətində ciddi dəyişikliklər edilməsinə hələ ehtiyatla yanaşırıq. İş o dərəcəyə çatır ki, Təhsil Nazirliyinin ali məktəbləri yoxlayan komissiyası tədris planlarında ilbəil dəyişiklik edilməsini böyük nöqsan hesab edir. Guya sovet dövründə olduğu kimi, yenə də tələbə qəbul olarkən hansı tədris planı təsdiqlənibsə, axıradək həmin plan üzrə oxumalıdır və bura heç bir dəyişiklik edilə bilməz. Əlbəttə, artıq stabilləşmiş, qərarlaşmış, hətta durğunlaşmış sovet cəmiyyətində 5 il dəyişilməyən planla işləmək adi bir hal idi. O vaxt təkcə təhsil yox, bütün ölkə beşillik planlar əsasında işləyirdi. Lakin indi, yeni ictimai-iqtisadi münasibətlərə keçid dövründə, milli özünüdərk və ənənəvi dəyərlərə qayıdış mərhələsində, həm cəmiyyətin, həm də şüurların hər il deyil, hər gün yeniləşdiyi bir vaxtda beşillik toxunulmaz plan əsasın- da işləmək tələbi keçmiş qayda-qanunların bizim təhsil məmurlarının beynində çox dərin iz saldığından və onu silməyin asan olmayacağından xəbər verir.
Bəli, müasir Azərbaycan təhsil sisteminin əsasında yenə də ənənəvi sovet təhsil standartları dayanır. Biz, bir tərəfdən, bu durumdan ayrılmaq, təhsilimizi müasir tələblər səviyyəsində yenidən qurmaq istəyirik. Digər tərəfdən də, təhsilin indiki real vəziyyəti sovet təhsilinin çürüməkdə, uçulub-tökülməkdə olan halına uyğun gəldiyindən 20 il bundan əvvəlki klassik sovet təhsilinə həsrətlə, nisgillə baxırıq. Lakin təhsil sistemində islahat apararkən qarşıya sovet təhsilini bərpa etmək yox, müstəqil Azərbaycanın ictimai-iqtisadi və mədəni-mənəvi aspektlərdə keçdiyi inkişaf yolu ilə həmahəng olan, ölkəmizdə yeni dövlət və cəmiyyət quruculuğunun memarı olan Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf proqramını həyata keçirməyə imkan verən müstəqil təhsil siyasəti işləyib hazırlamaq və həyata keçirmək məqsədi qoyulmalıdır.
Təhsil strateji sahədir
Təhsilin təşkili sahəsində müstəqilliyin təmin olunması işi, əlbəttə, kortəbii şəkildə, inzibatçılıq yolu ilə deyil, elmi surətdə əsaslandırılmış proqram üzrə həyata keçirilməlidir. Müstəqilliyə və yeni ictimai-iqtisadi münasibətlərə keçid Respublikamızda təhsil sisteminin real maddi və mənəvi bazasının, mövcud potensial imkanlarının yeni tələblər baxımından nəzərdən keçirilməsini, artıq qərarlaşmış təlim-tərbiyə işi ilə milli-mənəvi xüsusiyyətlər və adət-ənənə arasındakı uyğunsuzluqların tədricən aradan götürülməsini, lazımsız ixtisasların və fənlərin ləğv olunmasını və yeni ixtisaslar üzrə kadr hazırlanmasını, ali məktəb şəbəkəsinin genişləndirilməsini və təhsil müəssisələri arasında səmərəli rəqabət atmosferi yaradılmasını tələb edir.
Hazırda Azərbaycanda mövcud olan dövlət ali məktəbləri şəbəkəsi və burada verilən ixtisaslar sovet dövründəkindən çox az fərqlənir. Hələ yeni tələblərə cavab verən elm və təhsil konsepsiyası müəyyənləşdirilmədiyindən dövlət təhsil sistemində heç bir köklü islahat, heç bir ciddi struktur dəyişikliyi aparılmamışdır. Yeni konsepsiya yoxdur, keçmiş ənənəyə əsaslanan fəaliyyət isə özünü heç cür doğrultmur. Məsələn, sovet dövründə ali məktəblərə qəbul planı beşillik sosial-iqtisadi inkişaf planları əsasında Dövlət Plan Komitəsi tərəfindən müəyyənləşdirilirdi. İndi isə ölkəmizə hansı sahələrdə və nə qədər kadr lazım olduğu peşəkar səviyyədə araşdırılmadığı halda, yenə də plan təsdiqlənir və bu məsələni hansı isə dövlət kabinetində oturan bir məmur ağlı kəsdiyi kimi həll edir. Ali məktəblərin özünün verdiyi qəbul planlarının layihəsi həmin dövlət məmurunun öz kabinetindən çıxmadan və heç bir meyara əsaslanmadan apardığı redaktədən sonra qüvvəyə minir və icra üçün TQDK-ya göndərilir. Yeni iqtisadi münasibətlərə keçid dövründə kadrlara ehtiyacı bazar (tələb-təklif prinsipi) tənzimləməli olduğu halda, müəyyən dövlət orqanları buna heç cür yol vermək istəmir, planlı təsərrüfat strategiyasından əl çəkdiyimiz halda, mücərrəd plan əsasında kadr hazırlığından əl çəkmək istəmirik və hətta bu planları müəyyənləşdirməyin yollarını da düşünmürük. Ali məktəb qəbul planı verərkən ölkənin ehtiyaclarından deyil, özünün real potensialından, bu və ya digər sahədə kadr hazırlamaq imkanlarından və subyektiv amillərdən çıxış edir. Nəticədə gələcəyimiz keçmişimizin ayağına bağlanmış olur.
Bununla yanaşı, yeni imkanlar şəraitində Respublikamızın təhsil sistemində artıq müəyyən dəyişikliklər edilmiş, özəl universitetlər, kolleclər, liseylər açılmış, ilk dəfə məhz özəl ali məktəblərdə bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Ali təhsildə ikipilləli sistemə keçilmiş, qabaqcıl universitetlərdə magistraturalar açılmışdır. Bizcə, bu istiqamətdə tədbirlərin davam etdirilməsinə və bu işdə xarici ölkələrin təcrübəsindən geniş istifadə olunmasına böyük ehtiyac vardır.
Əlbəttə, yeni tipli məktəb və ya fakültələr açılması, ali və orta ixtisas məktəblərinin statusunun dəyişdirilməsi özlüyündə hələ heç nə vermir. Əgər təhsil sistemində həqiqətən ciddi dönüş yaratmaq istəyiriksə, əsas məqsəd yeni təhsil müəssisələrində tədrisin müasir tələblər səviyyəsində təşkili və sağlam mənəvi iqlim yaradılması olmalıdır. Bizcə, yeni açılan təhsil müəssisələrində bunu həyata keçirmək artıq mənəvi səfalət virusları ilə yoluxmuş ali və orta ixtisas məktəblərini müalicə etməkdən asan olar. Sonuncuların müalicəsi də ancaq sağlam rəqabət atmosferində mümkündür. Lakin nəzərə alınmalıdır ki, yeni təhsil müəssisələrinə təmiz mənəviyyatlı, yüksək ixtisaslı müəllim və təşkilatçı kadrlar cəlb etmək zəruri olsa da, kafi şərt deyil. Kənar təsirlərin qarşısını almaq üçün sağlam elmi-pedaqoji mühitlə yanaşı, sağlam iqtisadi maraq da təmin edilməlidir.
Təhsil sahəsində həyata keçirilməsi nəzərdə tutulan yeni tədbirlər içərisində ali məktəblərə onların real imkanları müqabilində müxtəlif statuslar verilməsi və məzunlara müxtəlif səviyyəli diplom vermək hüququ xüsusilə perspektivli görünür. Hələ indiyədək yaxşı oxuyan da, pis oxuyan da eyni hüquqlu diplom alır. Və çox vaxt iş elə gətirir ki, təhsili birtəhər başa vuranlar cəmi bir neçə il sonra xüsusi istedad sahibi olan keçmiş tələbə yoldaşlarına rəhbərlik edir, onlara yol-iz göstərirlər. Bu halın davam etməsi xalqın tərəqqisinə böyük zərbə endirir. Halbuki, bəzi xarici ölkələrdəki kimi, səviyyəsindən asılı olaraq məzunlara müxtəlif dərəcəli diplomlar vermək praktikası bizdə də tətbiq olunarsa, bərabərçilik bəlasından yaxa qurtarmaq üçün heç olmazsa potensial imkan açılmış olar. Tam şəkildə isə bu bəladan yalnız o zaman xilas olmaq mümkündür ki, attestat və diplom vermiş təhsil müəssisəsi məzunun sonrakı mütəxəssis fəaliyyətində üzə çıxan çatışmazlıqlar üçün məsuliyyət daşısın. Belə ki, üstünlüyü ancaq real bilik və vərdişlər verə bilər və bazar iqtisadiyyatı şəraitində bu, gec-tez yeganə amilə çevriləcəkdir. Hazırda mövcud olan müsabiqə və attestasiya sistemi, çox təəssüf ki, bu tələblərə cavab vermir.
Praktik həyatla məktəb arasında əks-əlaqə sistemi yoxdur. Hətta abituriyentin ali məktəbə qəbul zamanı yığdığı ballarla attestat arasındakı kəskin uyğunsuzluqlara görə heç bir tərəf məsuliyyət daşımır və ya heç olmazsa müvafiq araşdırma aparılmır.
Orta ümumtəhsil məktəblərində vəziyyət olduqca acınacaqlıdır. Biz təkcə məktəblərin düşmüş olduğu vəziyyəti, orta məktəb müəllimlərinin səviyyəsini və işə münasibətini nəzərdə tutmuruq. Bu gün müvafiq dövlət orqanları tərəfindən orta məktəb sahəsində yeridilən təhsil siyasəti ümummilli lider Heydər Əliyevin gənclərin tərbiyəsi sahəsində qarşıya qoyduğu vəzifələrlə bir araya sığmır. O, gənclərlə bağlı bütün söhbətlərində onlarda milli-mənəvi keyfiyyətlərin formalaşdırılmasını, vətəndaşlıq tərbiyəsini ön plana çəkir, gənclərin öz xalqına, Vətəninə məhəbbət ruhunda tərbiyə edilməsinin, tariximizlə, mədəniyyətimizlə bağlı biliklərə mükəmməl yiyələnməyin zəruriliyini dönə-dönə qeyd edirdi. Lakin bu gün orta məktəblərdə buraxılış imtahanlarına nəzər yetirsək görərik ki, ancaq təbiət elmləri üzrə imtahan aparılması nəzərdə tutulur. Halbuki orta ümumtəhsil attestatı alan şəxsin fizikanı, kimyanı, biologiyanı necə bilməsindən daha çox, tarixi, coğrafiyanı, cəmiyyətşünaslığı necə bilməsi yoxlanılmalıdır. Bizcə, hələ nə qədər ki, gec deyil, buraxılış imtahanlarında dəyişiklik edilməlidir. Ümumiyyətlə, orta təhsilin humanitarlaşdırılması işi müstəqil Azərbaycanın milli-mənəvi prioritetləri nəzərə alınmaqla yenidən qurulmalıdır.
Orta məktəbdə keçilən fənlər müəyyənləşdirilərkən sovet təhsilindən qalmış stereotiplər rəhbər tutulur və bura bəzən heç bir konsepsiyaya əsaslanmayan, çox vaxt təsadüfi və volyuntarist düzəlişlər edilir. Halbuki orta təhsilin məzmunu taleyüklü ümumxalq məsələsidir və vahid konseptual sistemə əsaslanmalıdır.
Bizcə, rus dilli (yaxud ingilis dilli və s.) məktəblərdə müvafiq dərslər başlıca olaraq Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair materiallar əsasında keçilməlidir. Uzun müddət ərzində rus dilli məktəblərdə Azərbaycan mədəniyyəti, əxlaqı və düşüncə tərzi əvəzinə kosmopolit dünyagörüşü təbliğ olunduğundan, hələ indi də müəyyən dairələrdə milli-mənəvi dəyərlərimizə etinasızlıq hallarına rast gəlinir.
Orta məktəbi bitirən şagirdlər bir ay ərzində iki dəfə imtahan verirlər: buraxılış imtahanları və ali məktəbə qəbul imtahanları. Həm də birinci imtahanlar əsasən formal surətdə keçirilir və ancaq attestat almağa xidmət edir. Orta məktəbi hətta əla qiymətlərlə bitirmək şagirdə sonrakı təhsil üçün heç bir hüquq vermirsə, buraxılış imtahanları görəsən nəyə lazımdır? Keçən il1 test üsulu ilə müvəffəqiyyətlə imtahan verib ali məktəblərə qəbul olunmuş bir sıra abituriyentlər xeyli müddət keçdikdən sonra guya attestatları saxta olduğuna görə xaric edildilər. Halbuki, orta məktəb attestatlarının 90%-dən çoxunun formal xarakter daşıdığını hamı bilir. Əgər belədirsə, artıq TQDK yoxlamasından yüksək balla keçərək özünü təsdiq etmiş abituriyentlərə qarşı belə qəddar münasibət özünü nə dərəcədə doğruldur?
Bizcə, orta məktəbin buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanları əlaqələndirilməli və ya hətta birləşdirilməlidir. Daha doğrusu, buraxılış imtahanlarının nəticələri şagirdlərə bu və ya digər ali məktəbin qəbul müsabiqəsində iştirak etmək üçün əsas kimi götürülməlidir. Buraxılış imtahanlarının məktəb müəllimləri tərəfindənmi, yoxsa mərkəzləşmiş qaydadamı aparılması, canlı sorğu iləmi, yoxsa test üsulu iləmi keçirilməsi isə ayrıca bir məsələdir.
Yeri gəlmişkən, tələbə qəbulu zamanı istifadə olunan testlər çətinlik dərəcəsinə görə məktəblərin verdiyi real bilik səviyyəsindən çox fərqlidir. Görünür, testlər abituruyentlərin real bilikləri əsasında deyil, orta məktəb proqramları əsasında qurulur. Proqramlar isə yenə də sovet təhsil ənənələri əsasında hazırlanır və nəinki şagirdlərin, hətta müəllimlərin real səviyyəsini nəzərə almır. Proqramla gerçək imkanlar arasındakı ziddiyyət məktəbi fiksiyaya çevirir. Nəticədə məktəb kənarda qalır, yüksək bal toplamaq istəyən şagirdlər repititorlarla məşğul olurlar. Ona görə də, bizcə, indiki şərait tədris proqramlarında yüngülləşmə istiqamətində dəyişikliklər aparılmasını tələb edir.
Bəli, təhsil sahəsində problemlər çoxdur və keçid dövrünün ağır sınaqları şəraitində Azərbaycanda təhsil sistemini dağılmaqdan qoruya bilsək də, mövcud vəziyyət bizi heç cür qane edə bilməz. Təsadüfi deyildir ki, Heydər Əliyev Azərbycan Respublikasının Prezidenti olarkən təhsildə köklü dəyişikliklər aparılması zərurətini nəzərə alaraq "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası" yaradılması barədə sərəncam vermişdi. Lakin bizcə, bütün ziyalıların, alimlərin, mütəxəssislərin səyləri səfərbər edilmədən ən mötəbər komissiya da belə məsul və taleyüklü vəzifəni həyata keçirməkdə çətinlik çəkər. Ümid edirik ki, təhsildə islahatların elmi əsaslara söykənməsi üçün bu sahədə geniş müzakirələr keçiriləcək və ilk növbədə mütəxəssislərin rəyi nəzərə alınacaqdır.
Təhsil Qanununun dəyişdirilməsi zərurəti?!
Qanun ancaq ciddi keyfiyyət yeniləşməsi tələb olunarkən dəyişdirilə bilər. Lakin biz yeni Təhsil Qanununu əvvəlki qanunu sadəcə olaraq təkmilləşdirmək xatirinəmi qəbul edirik?
Ötən altı il ərzində cəmiyyətimizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də ciddi islahatlar aparılmasına ehtiyac olduğu özünü göstərir. Müstəqilliyimiz möhkəmləndikcə təhsil sahəsində də daha inamlı addımlar üçün şans yaranır. Heydər Əliyev Azərbaycan müəllimlərinin qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir: "Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək... Bu gün biz müstəqil Azərbaycanda bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır."
Təhsil sisteminin milli zəmin üzərində, ümumbəşəri dəyərlərə əsaslanaraq yenidən qurulması və ona müvafiq hüquqi baza yaradılması zərurəti şübhə doğurmur. Təhsil Qanununun Milli Məclisin müzakirəsinə təqdim olunmuş layihəsi də göstərir ki, bu sahədə həqiqətən böyük zəhmət çəkilmiş, təhsilin inkişaf strategiyasına söykənən təfərrüatlı, hüquqi mexanizm işlənib hazırlanmışdır. Lakin təhsil elə taleyüklü bir məsələdir ki, burada tələsikliyə heç cür yol verilə bilməz.
Son illərdə cəmiyyətimizdə, əlbəttə, müəyyən ictimai-iqtisadi dəyişikliklər baş vermişdir. Lakin ictimai həyatda əsas yeniliklərdən biri kimi cəmiyyətin demokratikləşdirilməsi prosesində mühüm bir mərhələ olacaq bələdiyyə idarəçiliyi hüquqi şəkildə hələ təsbit olunmadan yeni Təhsil Qanununun qəbul olunması nə dərəcədə məqsədəuyğundur?
Məsələ burasındadır ki, sovet dövründə bizim ancaq dövlət təhsil müəssisələri haqqında təsəvvürümüz var idi. İndi özəl təhsil müəssisələrinin yaradılması və fəaliyyəti ilə əlaqədar bu sahədə təsəvvürümüz genişlənmiş və bu yenilik Təhsil Qanununda da təsbit edilmişdir. Lakin xarici ölkələrin praktikası göstərir ki, mülkiyyət formasına görə və bunun nəticəsində maddi-texniki imkanlarına və regional yönümünə görə başqa tip təhsil müəssisələri də ola bilər; bu, ilk növbədə bələdiyyə məktəbləri, bələdiyyə universitetləridir.
Məsələn, təhsil sisteminə ən çox diqqət yetirən ölkələrdən birində – ABŞ-da təhsilin idarə olunması və maliyyələşdirilməsi ancaq qismən mərkəzləşdirilmişdir. Təsadüfi deyildir ki, ABŞ-da ibtidai və orta təhsil sahəsinə çəkilən xərclərin 96%-i ştatların və yerli idarəetmə orqanlarının payına düşür. Almaniyada təhsil sistemində qanunvericilik və idarəçilik əsas etibarilə əyalətlərin səlahiyyətindədir. Burada həm də xüsusi məktəblər şəbəkəsi (gimnaziyalar, Valdorf məktəbləri və s.) fəaliyyət göstərdiyindən, dövlət qarşısında əyalət məktəbləri və xüsusi məktəblərin uzlaşdırılması (unifikasiyası) problemi dayanır.
Böyük Britaniyada dövlət məktəbləri 3 qrupa bölünür: 1) yerli hakimiyyət tərəfindən idarə olunan və maliyyələşdirilən ərazi məktəbləri; 2) əsasən dini təriqətlər tərəfindən açılmış könüllü məktəblər; 3) qrantlar vasitəsilə maliyyələşdirilən özünüidarə məktəbləri. Digər ölkələrdə də yerli idarəetmə orqanlarının təhsildə rolu böyükdür.
Bir sözlə, orta təhsildə mərkəzləşdirilmiş idarəetmənin, bələdiyyə və ya əyalət idarəçiliyi, məktəb özünüidarəsinin statusu və xüsusiyyətləri müəyyənləşdirilmədən Təhsil Qanununu tamamlanmış hesab etmək olmaz.
Bizdə yerli özünüidarə, bələdiyyə mülkiyyəti haqqında qanun olmadığından müvafiq təhsil müəssisələri də təbii ki, hələ yoxdur. Lakin bu, ən yaxın gələcəyin reallığıdır. Təhsil Qanununun layihəsində isə bu barədə heç nə yoxdur. Belə çıxır ki, yaxın gələcəkdə biz Təhsil Qanununda yenə dəyişiklik etmək məcburiyyətində qalacağıq. Halbuki, yeni Təhsil Qanunundan öncə əlaqədar ictimai-iqtisadi və mədəni-mənəvi mühit kontekstində yeni elm-təhsil konsepsiyası yaradılarsa, yerli özünüidarə haqqında qanun hazırlanarkən bələdiyyə orqanlarının təhsil sahəsindəki funksiyaları və səlahiyyətləri də öz əksini tapar və bu iki qanun arasında mümkün ziddiyyətlərin qarşısı irəlicədən alınmış olar.
Ona görə ayrıca təhsil konsepsiyası yox, vahid elm-təhsil konsepsiyası yaradılmalıdır ki, Elm haqqında qanun da bir sıra sahələr üzrə Təhsil qanunu ilə kəsişir və onların uzlaşması məsələsi irəlicədən həll edilməlidir. Əks təqdirdə elmin inkişaf konsepsiyası və Elm qanunu müzakirə olunarkən Təhsil Qanununa bir də baxılması zərurəti ortaya çıxacaqdır. Bu ehtimal ən çox elmin inkişaf konsepsiyası müəyyənləşdirilmədən elmi dərəcələrlə əlaqədar bölmənin Təhsil Qanununa (layihəyə) daxil edilməsi ilə bağlıdır.
Beləliklə, Təhsil Qanununun dəyişdirilməsini zəruri edə biləcək mühüm səbəblərdən bəziləri layihədə nəzərə alınmamışdır. Bəs onda bu dəyişikliyi zəruri edən səbəblər nədən ibarətdir? Bu səbəblər öyrənilmişdirmi, elmi müzakirə obyektinə çevrilmişdirmi? Əgər biz təhsil sahəsindəki bərbad vəziyyətdən çıxış ediriksə, onda bu vəziyyətin səbəblərini məhz qanundamı axtarmaq lazımdır? Bu qanunun məhz hansı maddələri təhsil islahatının uğurla aparılmasına imkan vermir? Bizə elə gəlir ki, bu suallara cavab vermək üçün yaxın keçmişdə, keçid dövründə təhsilin vəziyyəti – hansı real durumdan hansı ideala doğru hərəkət etməsi və indi hansı məqamda olması aydınlaşdırılmalıdır.
Orta təhsil və onun strukturu
Biz hamımız o quyudan su içmişik.
Heydər Əliyev
Müstəqil Azərbaycanın 1992-ci ildə qəbul olunmuş ilk Təhsil Qanununun həyata keçirilməsi praktikası nə göstərdi? Bu sətirlərin müəllifi o vaxt Təhsil Qanununu hazırlayan işçi qrupuna daxil olduğundan həmin dövrdəki müzakirə və mübahisə mövzularını yaxşı xatırlayır. Belə ki, müzakirə mərhələsində irəli sürülən bir sıra dəyərli ideyaların Qanunun son variantında öz qətiyyətli ifadəsini tapmaması və ötən dövrdə həyata keçirilməməsi həmin ideyaların bu gün bir növ "unudulması" ilə nəticələnmiş və ya bu ideyaların guya özünü doğrultmadığı qənaəti yaranmışdır.
O vaxt "əsas təhsil" və onun icbariliyi haqqında, orta təhsilin sonrakı mərhələsinin isə təmayüllü olması barədə ideya tam inkişaf etdirilmədi və Qanuna da yarımçıq, tam formalaşmamış halda daxil edildi. Əsas təhsilin başlıca missiyası düzgün dərk edilsə idi, onun 8 il yox, 9 il olması haqda təklif qəbul edilərdi. Bu, çox prinsipial məsələ idi. 6 yaşdan başlanmış 8-illik təhsildə (14 yaşına qədər) hamı üçün zəruri olan ümumi təhsilin əhatə olunması mümkün deyildir. Bu mərhələ istər-istəməz tamamlanmamış qalırdı. Digər tərəfdən, ayrıca təmayüllü liseylər açmaq əvəzinə elə həmin məktəblərin yuxarı siniflərinin təmayüllü məktəb və ya yüksək orta məktəb pilləsi kimi qəbul olunması yeni sxemə doğru qətiyyətli addımlar atılmasına yol vermədi. Nəticədə orta məktəblər Təhsil Qanununun açdığı yeni imkanlardan istifadə etmədi; köhnə təhsil forması saxlandı və 8-ci sinfi bitirənlər hamısı növbəti siniflərə keçməyə can atdı. Peşə liseyləri şəbəkəsi nəinki genişləndirilmədi, əksinə, sovet dövründən qalan texniki peşə məktəbləri də tədricən dağıldı, onların onsuz da aşağı olan nüfuzu bir az da aşağı düşdü. Halbuki, keçid dövründə yaxşı hazırlanmış peşəkar sənət adamlarına, ustalara, texniklərə, orta təhsilli xidmət personalına, kompüter işçilərinə və s. böyük ehtiyac vardır.
Xüsusən, Konstitusiya qəbul olunduqdan sonra icbari ümumi orta təhsil müddəası təhsilşünaslarımız tərəfindən düzgün şərh edilmədiyindən şagirdlərin bir qismini 9-cu sinifdən sonra peşə məktəblərinə yönəltmək daha da çətinləşdi. Halbuki, inkişaf etmiş ölkələrin çoxunda texniki peşə məktəbləri böyük uğurla fəaliyyət göstərir. Məsələn, Almaniyada orta məktəb şəbəkəsində peşə məktəbləri aparıcı yerlərdən birini tutur.
Sovet dövründə bütün başqa sahələrdə olduğu kimi təhsil sisteminin də mərkəzində ideya-siyasi tərbiyə dayanmış, iqtisadi tərbiyə, ekoloji tərbiyə və ilk növbədə politexniki tərbiyə kölgədə qalmışdır. Bu hal müxtəlif təhsil formalarına münasibətdə də öz əksini tapmışdır.
9-cu sinifdən sonra üç əsas istiqamət var: tam orta təhsil verən ümumtəhsil məktəbi (gimnaziya), o cümlədən təmayüllü məktəb, orta ixtisas təhsili verən məktəb, texniki peşə məktəbi. Etiraf edək ki, bu axırıncı təhsil forması əslində tam orta təhsil kimi nəzərdə tutulmur və uzun illər ərzində onun yarıtmaz təşkili bu təhsil formasına qarşı mənfi ictimai rəy yaratmışdır.
Real vəziyyət belədir ki, texniki peşə məktəbinə uşaqlar müəyyən sahədə xüsusi fərasətlərinə, müsbət amilə görə deyil, əksinə, ümumtəhsil üçün yararsız olduqlarına görə seçilir. Bu cür yanaşma isə cəmiyyət üçün çox lazımlı bir sahəyə qabiliyyətli adamları cəlb etməyə imkan vermir.
Bazar iqtisadiyyatı müəssisələrin yüksək ixtisaslı kadrların hazırlanması ilə maraqlanmasını, kadr hazırlığına vəsait ayırmasını və kadrların peşə yönümünün real texnoloji imkanlara uyğunluğuna nəzarət etməsini zərurətə çevirir.
Xüsusən texniki peşə təhsilinin məhz bilavasitə sifarişçi müəssisə tərəfindən maliyyələşdirilməsinə, sifarişçi müəssisələrdə praktika keçilməsinə və onların nümayəndələrinin məzunların attestasiyasında iştirak etməsinə böyük ehtiyac vardır.
Dövlət tərəfindən maliyyələşdirilən və tam orta təhsil verən və ya peşə, sənət təhsili verən məktəblərə – lisey və kolleclərə keçid tədrici olmalı, daha doğrusu, tədricən əvvəlki sistemə alternativ təhsil sistemi yaradılmalıdır.
Bunun üçün texniki peşə məktəblərindən bir qismi tədricən peşə və sənət liseylərinə çevrilməlidir. Bu liseylər dövlət maliyyələşdirilməsindən müəssisələrlə birbaşa kontraktlar əsasında təsərrüfat hesabına keçməlidirlər.
Təsərrüfat hesabı ilə işləyən və daha çox müstəqilliyə malik olan, xarici ölkələrlə birbaşa əlaqələr yaradan, öz əmlakını tədricən dövlətdən satın almaqla özəlləşən peşə və sənət liseyləri ilə dövlət texniki-peşə sisteminin paralel mövcudluğu azad rəqabət şəraitində hər iki formanın inkişafına təminat verər.
Bizim ölkədə indiki şəraitdə orta məktəb məzunlarının çox az qismi ali məktəblərə qəbul olunduğundan texniki peşə məktəblərinin dirçəldilməsinə böyük ehtiyac vardır. Lakin bunun əvəzinə Təhsil Qanununun yeni layihəsində "peşə təhsili" ifadəsinin qarşısına "ibtidai" sözü artırılmaqla peşə məktəblərinin daha da nüfuzdan düşməsinə şərait yaradılır.
İndiki mərhələdə ilk müstəqil Təhsil Qanununun artıq beş illik fəaliyyəti dövründə Azərbaycanda real təhsil müstəvisində gedən prosesləri diqqətlə izləsək aparılan yarımçıq islahat cəhdlərinin çox vaxt uğursuz nəticələndiyini qeyd etmək məcburiyyətindəyik. Lakin, bizcə, layihədə təklif edildiyi kimi geriyə çəkilmək yox, həmin ideyaları daha mükəmməl və daha qətiyyətli surətdə həyata keçirmək lazımdır. Bunun üçün 9 illik ümumi orta təhsilin (bu zaman icbari təhsil müddəti 15-16 yaşa qədər olur) vahid proqramı hazırlanmalı və o, təmayüllü liseylər, orta ixtisas məktəbləri, orta təhsil kollecləri və peşə liseyləri üçün baza rolunu oynamalıdır. Hazırda mövcud olan orta məktəblər öz funksiyasını 9 illik ümumi təhsildən sonra bitirməlidir. Lisey, kollec, peşə məktəbləri şəbəkəsi isə ümumi orta təhsildən sonrakı pillə olmaqla müstəqil surətdə fəaliyyət göstərməlidir. Əsasən 2-3 illik təhsil müddətini əhatə edən təmayüllü məktəblərdə təhsil könüllü surətdə seçilməlidir. Burada – yüksək orta təhsil pilləsində icbariliyə yol verilə bilməz, çünki bu, 16 yaşına çatmış gənclərin hüquqlarının tapdalanması olardı.
Digər tərəfdən, ümumi orta təhsil pilləsindən fərqli olaraq yüksək orta təhsil pilləsində bələdiyyə məktəblərinin və özəl məktəblərin geniş şəbəkəsi yarana bilər ki, bu da büdcədən maliyyələşən lisey və kolleclərin gərgin rəqabət şəraitində fəaliyyət göstərməsinə, həmçinin burada məsuliyyət hissinin artmasına təkan verər. Bu baxımdan, xüsusi orta məktəblərin açılmasında dövlət özü maraqlı olmalıdır. Təsadüfi deyildir ki, ölkə prezidenti müəllimlərin qurultayında çıxış edərkən "şirkətləri, iş adamlarını təhsilə vəsait sərf etməyə və təhsilin inkişafına qoşulmağa" çağırmışdır. İş adamının təhsilin inkişafına qoşulması müxtəlif formalarda ola bilər. Təhsilin məzmununa müdaxilə etmədən və tədrisin keyfiyyətinə heç bir şərt qoymadan dövlət təhsil sisteminə sadəcə maddi köməklikdən fərqli olaraq, kim isə həm də məzmun baxımından fərqlənməklə, özünəməxsusluğu, özəlliyi olan yeni məktəblərin açılmasını üstün tuta bilər. Əlbəttə, burada özəllik, kiminsə adı ilə bağlılıq mütləq pullu təhsil kimi başa düşülməməlidir.
* * *
Azərbaycan Respublikasının Konstitusiyasına "dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" maddəsi daxil edildikdən sonra təhsil sahəsində mütəxəssislərin bir qismi böyük narahatlıq hissi keçirməyə başladılar. Əlbəttə, bu müddəa Azərbaycanın bu günündən daha çox gələcəyi üçün nəzərdə tutulmuşdur. Hələ keçid dövründə olan, keçmiş sovet iqtisadi məkanı və sosialist iqtisadi münasibətləri dağıldıqdan sonra yeni iqtisadi prinsipləri hələ təzə-təzə həyata keçirən və heç şübhəsiz, maliyyə qıtlığı hiss edən bir ölkə üçün bu, həddindən artıq böyük zinət sayıla bilərdi. Ona görə də, Konstitusiyanın layihəsi müzakirə olunarkən çoxları ya icbarilik haqqında dövlət öhdəçiliyinin çıxarılmasını, ya da layihədə olduğu kimi, ancaq səkkiz illik natamam orta təhsilin icbariliyini təklif edirdi. Lakin Konstitusiyanın son variantına daxil edilən "icbari ümumi orta təhsil" şərti çoxlarını çaş-baş saldı. Ona görə də, vəziyyətdən çıxış üçün "icbari" sözünün heç də "məcburi" demək olmaması barədə, yaxud icbarilik şərtinin şagirdin təhsil almasına deyil, dövlətin təhsil üçün şərait yaratmasına aid olması haqqında yumşaldıcı fikirlər, şərhlər irəli sürülürdü. Lakin nə üçünsə, "ümumi orta təhsil" ifadəsinin dünya praktikasına uyğun olaraq yenidən mənalandırılması yada düşmürdü və indi də yada düşmür.
Belə ki, Kostitusiyada "ümumi orta təhsilin" neçə il olması barədə heç nə yazılmamış və "ümumi" predikatının açılışı da verilməmişdir. Belə olan halda dünya praktikasını nəzərə almaq və müxtəlif ölkələrdə "ümumi orta təhsilin" necə qəbul olunduğunu öyrənmək əvəzinə, onu qeyd-şərtsiz sovet dövründən qalmış 11 illik təhsil kimi başa düşməyin heç bir nəzəri və təcrübi əsası yoxdur.
İnkişaf etmiş Qərb ölkələrində icbari təhsil hüdudlarının dəyişilmə xronologiyasına nəzər yetirsək, görərik ki, texniki tərəqqinin, iqtisadiyyatın, maliyyənin, ümumi mədəni-mənəvi inkişafın səviyyəsinə uyğun olaraq əvvəlcə ibtidai təhsil məcburi olmuş, sonra isə məcburi təhsil yaşı tədricən hər 20-30 ildə 1 yaş artırılmışdır. Məsələn, Böyük Britaniyada 1880-ci ildə 5-10 yaş arasında olan uşaqlar üçün məktəbə getmək məcburi oldu. 1918-ci ildən məktəbdə 14 yaşına qədər oxumaq məcburi oldu. 1944-cü ildə qəbul olunan yeni Təhsil Qanununa əsasən məktəblər ibtidai və orta məktəblərə bölündülər və məcburi təhsil yaşı 15-ə qaldırıldı. Bütün uşaqlara orta təhsil verildi. 11 yaşında olan uşaqlar arasında test keçirilərək onları müxtəlif orta məktəblərə yerləşdirdilər. 60-cı və 70-ci illərdə bu sistem tədricən bütün şagirdləri əhatə edən ümumtəhsil məktəbləri ilə əvəz olundu. 1972-73-cü illərdə icbari təhsil yaşı 16-ya qaldırıldı.
Qeyd etmək lazımdır ki, təhsilə cəlbetmənin icbarilik dövrü yuxarı yaşlara doğru deyil, aşağı yaşlara doğru genişləndirilir. Belə ki, icbari təhsil dövrü əvvəllər 6 yaşdan başlayardı, sonra 5 yaşdan, indi isə bir sıra ölkələrdə 4 yaşdandır. Bu sosial tələbatı çoxları hələ də dərk edə bilmir. Heydər Əliyev bu məsələdə də təhsilşünas alimlərimizi qabaqlayaraq diqqəti buna yönəltmişdir: "...Bəzən heç altı yaşına çatmamış uşaqlar var ki, çox istedadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək lazımdır. Hesab edirəm, bu barədə də lazımi tədbirlər görülməlidir".
Hazırda ən çox inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da, icbari təhsil müddəti siniflə və ya tam orta təhsil anlayışı ilə deyil, yaşla müəyyən olunur və bir qayda olaraq 16 yaşı keçmir. ABŞ-da da digər inkişaf etmiş ölkələrdəki kimi icbarilik təhsil səviyyəsinin deyil, yalnız uşağın orta məktəbdə təhsil almasının yaş həddini müəyyən edir. Ştatların əksəriyyətində məcburi yaş həddi 16-dır.
Fransada orta məktəb məhz icbarilik dövrü baxımından iki yerə ayrılır. 16 yaşa qədər icbari təhsil alan şagirdlər orta təhsilin bundan sonrakı mərhələsində könüllü oxuyurlar.
Ölkələr arasında orta təhsilə ən çox vaxt ayıran (12-13 il ərzində tam orta təhsil verilir) Almaniyada da müxtəlif orta məktəb formaları içərisində ümumi məktəblər önəmli yer tutur. Belə məktəblərdə uşaqlar ibtidai təhsildən sonra, 5-ci sinifdən 10-cu sinfə qədər oxuyurlar. Almaniyada tam orta təhsil almaq üçün ümumi orta məktəbdən sonra təmayüllü və ixtisaslaşmış məktəblərdə, xüsusən gimnaziyalarda və peşə məktəblərində 2-3 il müddətinə təhsil davam etdirilir.
İngiltərədə də ümumi orta məktəb və tam orta məktəb fərqləndirilir. Tam orta təhsil əsasən 18 yaşda başa vurulduğu halda, ümumi orta məktəb (middle schools) 14 yaşadək nəzərdə tutulur. Sonrakı illərdə təmayüllü və ya ixtisaslaşmış təhsil verilir.
Türkiyədə də icbari ümumi təhsil pilləsindən sonra təmayüllü liseylər şəbəkəsi geniş yayılmışdır. Burada məslək liseylərinin (texniki peşə məktəblərinin) xüsusi payı kifayət qədər böyükdür.
Hələ keçmişdə böyük SSRİ imperiyasında təhsil islahatına rəhbərlik edən, başqa sahələrdə olduğu kimi, elm və təhsilə münasibətdə də çox incə məqamların ayırd edilməsində qeyri-adi fəhm nümayiş etdirən ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası o vaxt haqlı olaraq "8-illik əsas təhsil" və ya "natamam orta təhsil" anlayışını layihədən çıxarmış, "ümumi orta təhsil" anlayışı ilə əvəz etmişdir. Dərin məntiqi təhlil "əsas təhsil" və "natamam orta təhsil" ifadələrinin nə dərəcədə uğursuz olduğunu aşkar etdikcə Konstitusiyadakı bu düzəlişin mənası və əhəmiyyəti də o qədər çox aydın olur. "Ümumi" sözü hamı üçün eyni olan, hamıya lazım olan və buna görə də, icbariliklə həmahəng olan mənanı çox gözəl ifadə edir. Belə ki, təmayüllü, ixtisas və peşə yönümlü orta məktəblər üçün də ilkin ümumi təhsil pilləsi zəruri sayılmalıdır. Ümumi təhsil insan üçün ən zəruri bilikləri verməklə, müasir cəmiyyətin bərabərhüquqlu üzvlərinin yetişməsinə, gənclərin bir vətəndaş kimi formalaşmasına ilkin zəmin yaradılmasına xidmət edir. Kimin gələcəkdə hansı sahədə ixtisaslaşmasından asılı olmadan insanların cəmiyyət üçün hazırlanması cəmiyyətin insan qarşısında qoyduğu icbari şərtdir. Şagirdlərə icbari yolla differensial hesabını, triqonometriyanı, loqarifm cədvəlini, üzvi kimyanın təfərrüatlarını, mürəkkəb texniki bilikləri öyrətməyə lüzum yoxdur. Ümumi icbari təhsil proqramına daxil edilməli olan təbii-elmi biliklərin miqdarca və məzmunca düzgün müəyyən edilməsi xüsusi bir məsələdir. Lakin bir şey aydındır ki, şagirdlər yaşadıqları cəmiyyətin qayda-qanunlarını, siyasi sistemini, əxlaq və hüquq normalarını, mənəvi dəyərlərini, milli mənafeləri, dövlət dilini və s. bilməyə borcludur. Ancaq hamı üçün ümumi olan biliklər icbari yolla öyrədildikdən sonra şagirdlər seçəcəyi ixtisaslara uyğun olaraq, təhsillərini təmayüllü məktəblərdə başa çatdırmalıdırlar. Və ya bir çox ölkələrin praktikasına uyğun olaraq yuxarı siniflərdə şagirdlərə fənləri könüllü surətdə seçmək üçün şərait yaradılmalıdır.
Bu gün bəzilərinin iddia etdikləri kimi, Konstitusiyada düzəliş edərək onu guya gerçək vəziyyətə və gerçək imkanlara uyğunlaşdırmaq deyil, Təhsil qanununda düzəliş edərək, "ümumi orta təhsil" anlayışının daha düzgün hüquqi və pedaqoji statusunu və elmi şərhini vermək vacibdir. Lakin çox təəssüf ki, Təhsil qanununun Milli Məclisin müzakirəsinə təqdim olunmuş layihəsində* real imkanlarla heç cür uzlaşmayan variant saxlanmaqda davam edir. Yəni "ümumi orta təhsil" anlayışı dövrün tələblərinə uyğun surətdə müəyyənləşdirilmir, hətta buna heç cəhd də göstərilmir. Halbuki, qanun Konstitusiyadakı maddələrin açılışına xidmət etməli, Konstitusiyada artıq təsbit olunmuş terminləri rəhbər tutmaqla, təfsilatlı hüquqi mexanizm hazırlanmalıdır.
İcbarilik şərtinin 11 illik təhsilə aid edilməsinin hətta ən zəngin, ən çox inkişaf etmiş ölkələr üçün də çətin olması və buna görə də qabaqcıl ölkələrin əksəriyyətində icbariliyin ancaq 14-16 yaşa qədər tətbiq olunması faktı ilə yanaşı, məsələnin başqa bir aspekti də mütləq nəzərə alınmalıdır. Belə ki, artıq 16 yaşına çatmış şəxslərə, hətta onların öz xeyri üçün belə icbariliyin tətbiq olunması insan hüquqlarına dair beynəlxalq tələblərə uyğun gəlmir.
Təhsil qanununun layihəsində Konstitusiyadan fərqli olaraq "ümumi təhsil" və "natamam orta təhsil" anlayışlarından istifadə edilir. Qanun layihəsində ümumi təhsil üç pilləyə bölünür: ibtidai siniflər (I-IVsiniflər), natamam orta təhsil (V-IX siniflər) və orta təhsil (X-XI siniflər). Halbuki, "natamam orta təhsil" anlayışının tamamlanmış təhsil pilləsi kimi qələmə verilməsi praktikası heç bir ölkədə yoxdur. Orta təhsil bir qayda olaraq, ibtidai təhsildən sonrakı mərhələni əhatə edir və 6-8 il olur. 2-3 illik son mərhələ isə "yüksək orta təhsili", "tam orta təhsili", "təmayüllü orta təhsili", "peşə təhsilini" və s. əhatə edir. "Natamam orta təhsili başa vurmağın" nə demək olduğunu, əlbəttə, məntiq çərçivəsində anlamaq mümkün deyil. Orta məktəbi bitirdikdən sonra 3-4 il oxuyub ibtidai təhsil almaq və bundan sonra təhsili orta peşə-ixtisas məktəbində davam etdirərək yenidən ümumi orta təhsil almaq haqqında müddəalar isə məntiqsizlikdən də o tərəfə keçir.
Ona görə də, layihədəki təfərrüatları təhlil etməyə lüzum bilmədən, bir daha yada salmaq istəyirik ki, qanun hazırlanmazdan əvvəl vahid, mükəmməl konsepsiya olmalıdır və istifadə edilən anlayışlar dəqiqləşdirilməlidir. Məsələn, "ümumi təhsil", "təmayüllü təhsil", "peşə təhsili" və "ixtisas təhsili" anlayışlarının elmi təhlilinə böyük ehtiyac vardır. Bunları aydınlaşdırmadan, olduqca qeyri-müəyyən "peşə -ixtisas" anlayışından istifadə edilməsi yolverilməz haldır. "Peşə" və "peşə-ixtisas" anlayışlarının fərqinə varmadan onların qarışıq şəkildə pillələnməsi məntiq qaydalarına uyğun gəlmir və istər-istəməz əlavə şərh tələb edir.
Təhsilin strukturundakı dəyişiklik onun məzmununa uyğun olaraq aparılmalıdır. Mübahisələr gedir ki, ibtidai təhsil neçə il olmalıdır, ümumi orta təhsil və tam orta təhsil müddəti neçə il olmalıdır. Lakin bunu müəyyənləşdirmək üçün əvvəlcə hər bir təhsil pilləsinə, onun məzmununa qoyulan tələblər müəyyənləşdirilməlidir. Hər bir təhsil pilləsi, əgər o doğrudan da ayrıca bir pillədirsə, mərhələdirsə müəyyən bir məqsədin icrasına xidmət etməlidir. Məsələn, sual oluna bilər ki, ibtidai təhsilin məqsədi nədir və bu mərhələni bitirərkən uşaq nəyə nail olmuş olur? Bu pillədə əsas məqsəd heç şübhəsiz, oxuyub-yazmağın öyrədilməsidir. Lakin bununla yanaşı, uşaqların ilk hesab əməliyyatlarını yerinə yetirməsi, rəsm və musiqi qabiliyyətlərinin inkişaf etdirilməsi, bir sözlə, ilkin zehni və estetik biliklərə və əməli vərdişlərə yiyələnməsi də ibtidai təhsil mərhələsində həyata keçir. Bu pillədə ən mühüm cəhətlərdən biri uşaqların sosial normalara, nizam-intizama uyğunlaşması, əxlaq qaydalarını mənimsəməsi, tədricən cəmiyyətin bir üzvünə çevrilməsidir. Biz hamısını sadalamırıq, lakin elə deyilənlər də, ibtidai təhsil pilləsinin nə dərəcədə önəmli olduğunu göstərir. Ancaq ilkin formalaşma mərhələsini keçdikdən sonra uşaqlar elmi biliklərin sistemli öyrənilməsi mərhələsinə qədəm qoya bilərlər.
İkinci mərhələdə uşaqların dünyagörüşünün, mənəvi aləminin və məntiqi mühakimə qabiliyyətinin formalaşması, onların bir vətəndaş kimi yetişməsi, habelə istənilən ixtisas sahəsinə getmək üçün ilkin hazırlıq mərhələsini keçməsi nəzərdə tutulur.
Üçüncü pillədə şagirdlər artıq seçəcəyi ixtisasın istiqamətinə uyğun olaraq, təmayüllü məktəblərdə oxuyur və ali məktəbə daxil olmaq üçün hazırlıq mərhələsini tamamlayırlar.
Orta məktəbin axırıncı pilləsi (yüksək orta təhsil) ilə ali təhsilin ilk pilləsi məzmun və mahiyyətcə çox yaxındır. Bəzi ölkələrdə bunlar hətta üst-üstə düşür. Məsələn, Fransada təmayüllü kolleclər artıq bakalavr dərəcəsi verir.
Sovet təhsilində (Azərbaycan təhsil sistemində də belədir) orta məktəbin ikinci və üçüncü pillələri keyfiyyətcə fərqlənmir. 9-cu sinifdən sonra (bəzən 8-ci sinifdən sonra) ümumi orta təhsil pilləsində əldə edilmiş biliklər bir az dərinləşdirilərək, yenidən təkrar olunur. Yenə də bütün fənlər tədris olunur və heç bir təmayül verilmir. Nəticədə, ali məktəbə hazırlaşan şagirdlər orta təhsillə yanaşı əlavə bir hazırlıq kursu (adətən, repetitorların köməyi ilə) keçməli olurlar. Başqa sözlə, bizdə orta təhsilin yüksək pilləsi real həyati tələbata cavab vermir. Dünya praktikasında isə bu son pillə məhz konkret ixtisas istiqaməti üzrə ali təhsilə hazırlıq pilləsidir.
Ali məktəblərdə orta məktəb proqramları ilə əlaqə sistemli xarakter daşımır. Təhsilin permanentliyi itir. Çox vaxt ya məlum olanlar təkrar edilir, ya da keçid yaradılmadan birbaşa yeni səviyyədə dərslər başlanır.
Biz indi ancaq təhsilin məzmunu ilə əlaqədar bəzi məsələlərə toxunduq. Lakin təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklər öyrədilməsi ilə məhdudlaşmır. Uşaqların cəmiyyətin bir üzvü kimi hazırlanması ictimai biliklərin öyrədilməsilə yanaşı fəal ictimai praktika da tələb edir. Məktəb təkcə uşağın başına biliklərlə doldurmaq üçün deyil, həm də onu həyata hazırlamaq üçündür. Orta məktəb uşağı ümumiyyətlə həyata hazırlayır. Ali məktəb isə onu bir peşəkar kimi müəyyən bir sahənin mütəxəssisi olaraq həyata hazırlayır. Bu axırıncı mərhələdə həyata hazırlanmaq gənclərin ali məktəbi bitirdikdən sonra çalışacaqları istehsal və ya xidmət müəssisələrindəki real şəraitə və tələblərə uyğun surətdə əməli vərdişlərin mənimsənilməsini nəzərdə tutur. Digər tərəfdən, tələbələrin həm də bir vətəndaş kimi yetişməsi, onların siyasi və hüquqi mədəniyyətlərinin formalaşması üçün ali məktəb bu sahədə sadəcə biliklər verməklə kifayətlənməyərək, ictimai həyatın fəal iştirakçısı kimi fəaliyyət göstərməlidir.
Çağdaş Azərbaycanda təhsil sisteminin qarşısında duran vəzifələri düzgün müəyyənləşdirmək, təhsil sahəsində zamanın tələblərinə uyğun islahat apara bilmək üçün əvvəlcə ümumiyyətlə təhsillə bağlı nəzəri və praktik biliklərin sistemləşdirilməsi, təhsilin təşkilati, sosial, iqtisadi müstəvilərdə nəzərdən keçirilməsi tələb olunur.
Dostları ilə paylaş: |