Dürat da yaxşı çıxdı. Əmək itirmədi. Ancaq Qırata tay ola bilməz.
Qıratın tayı-bərabəri çarx altında tapılmaz. Həmişə qorxulu səfərlərə,
düşmən üstünə, qəflə sındırmağa, qalalar almağa Qıratı minərsən.
Qırat səni çox darlardan, çox ölümlərdən qurtarar. Qıratın qədrini yaxşı
bil, onu candan əziz saxla.
Sonra Alı kişi bir ah çəkib dedi:
– Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan intiqam
almaq vaxtı çatıbdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqqhesabımızı
çəkək.
Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş
tapmışdı. Daş
balaca idi, amma çox ağır, samballı bir daş idi. Daş işırişır
işıldayır, parıl-parıl parıldayırdı.
Rövşən daşı yerdən götürüb, örüşdə otlayan bir buzova atdı. Daş
buzova dəymədi, amma buzov onun yelindən yerə yıxılıb öldü. Rövşən
qayıtdı, əhvalatı atasına danışdı.
Qoca Alı təcrübəli adam idi, dünya görmüşdü, çoxlarını yola
salmışdı. Rövşənin sözlərinə qulaq asıb, dedi:
– Oğul, Rövşən, get buzov yiyəsini tap, cəriməsini ver, razı sal,
sonra da haman daşı götür, gətir mənim yanıma.
Rövşən getdi, əzəl buzov yiyəsini razı elədi. Sonra haman daşı
tapıb gətirib atasına verdi. Alı kişi daşı əli ilə yoxladı, o üzünə, bu
üzünə çevirdi, bildi ki, bu, göydən düşmüş ildırım parçasıdı.
Sabahısı gün Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb
tapdana-tapdana bir ustanın yanına getdi. Salam-əleykəssalamdan sonra
daşın bir balaca tikəsini ustaya verib dedi:
– Usta, bu daşdan mənə bir biz qayır.
Usta bir daşa baxdı, bir də dönüb diqqətnən Alı kişiyə baxdı. Daşı
qaytarıb verdi ki, sən ya özünü dolamısan, ya da ki, məni. Daşdan da
biz olar?
Çox çənə-boğazdan sonra axırı Alı kişi ustanı razı elədi ki, daşı bir
zindanın üstünə qoyub döysün, görsün döyülür, ya yox. Alı kişi özü
bilirdi ki, daş nə daşdı. Bilirdi ki, daş dəmir kimi döyülər. Usta baxdı
ki, ədə bu daş mum kimi bir şeydi. Alı kişiyə dediyi sözlərə peşiman
olub daşdan bir biz qayırıb ona verdi. Alı kişi ustanın haqqını verib bizi
cibində gizlətdi. Daşın qalanını bir qılınc qayıranın yanına apardı ki,
bəs, usta bundan mənə bir qılınc çək. Bu usta əvvəlkindən də uzunçu
idi. Qərəz, çox baş ağrısı olmasın, uzun çək-çövürdən sonra Alı kişi bu
ustanı da razı elədi.
Usta yeddi günə daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu,
usta baxdı ki, nə qılınc? ...Vallah bu elə bir qılınc oldu ki, almas kimi
par-par parıldayır, gün kimi yanır, ay kimi işıq salır.
Ustanın qılınca gözü düşdü. Elə ki, vədə tamam oldu, Alı qılınc
üçün gəldi. Usta ona öz qılıncını verməyib, əvəzində ayrı bir qılınc
verdi. Ancaq qoca Alı işini əvvəldən möhkəm tutmuşdu. Dinməzsöyləməz
cibindən bizi çıxardıb, qılıncın tiyəsinə basdı. Biz qılıncı
dəlib, o tərəfə keçdi.
Usta baxdı ki, işlər xarabdı. Alı kişini aldada bilməyəcək, axırda
naçar qalıb, onun öz qılıncını verdi. Alı kişi qılıncı götürüb evlərinə
gəldi. Bu barədə oğlu Rövşənə heç bir söz demədi. Elə ki, Rövşən
Qıratı, Düratı ifçin yəhərləyib aatsının barabarına çəkdi, Alı kişi hər
şeyi hazır görəndə evə girdi, qılıncı gizlətdiyi yerdən götürüb, oğlu
Rövşənə verdi. Dedi:
– Rövşən, al bu qılıncı belinə bağla. Bu qılınc özgə qılınclara
bənzəməz. Adi qılınc deyil. Bu qılınca ildırım qılıncı deyərlər. Bu elə
bir qılıncdı ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan
kəsər, tökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan.
Bu qılınc ilə müxənnəslər, namərdlər, qarı düşmanlar sənin
əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan, qəflələr,
karvanlar dağıdacaqsan. Ancaq bunun ildırım qılınc olduğunu heç
kəsə bildirmə. Bundan sonra bunun adına Misri qılınc deyərsən. Nə
qədər ki, sən Qıratın belindəsən, qılınc da sənin belindədi, heç bir
düşman sənə bata bilməyəcək.
Rövşən qılıncı atasından alıb belinə bağladı. Gözləri çıxarılmış Alı
kişi Dürata, Rövşən də Qırata minib yola düşdülər. Atlar ildırım kimi
gedirdilər. Qırat yolu dəstələyib əlinə almışdı. Az getdilər, çox getdilər,
axırda gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə
dayandı. Qoca Alı kişi Düratı imarətin qabağına sürüb Həsən xanı
çağırdı. Həsən xan çıxıb Alı kişini yalmanına əl çatmayan, uzun yallı
bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü Alının oğlu
Rövşən də buradadı. Özü də bir ata minib, bir ata minib ki, ruzigarın
gözü hələ belə at görməyib.
Alı kişi dedi:
– Həsən xan, bu atlar sənin bəyənmədiyin, o çöpüklü daylardı. Sən
bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax, gör indi necə at
olublar. Mən sənə yaxşılıq eləmək istədim, sən anlamadın. Yaxşılığımın
əvəzində məni dünya işığına həsrət qoydun. İndi səndən qısasımı
almağa gəlmişəm. Əlindən gələni əsirkəsən kişi deyilsən.
Həsən xan Alının bu sözündən acıqlandı, qılıncını çəkib ona
hücum etmək istədi. Rövşən Qıratı onun üstünə sürdü. İldırımdan qayrılmış
Misri qılıncın göydə parıldamağı ilə xanın başının yerə dığırlanmağı
bir oldu. Səs-küy qopdu. Qoşun yeridi. Rövşən özünü qoşuna
vurdu. Bir yandan Qırat, bir yandan Dürat, bir yandan da Rövşən Misri
qılıncla qoşunun əvvəlinci dəstəsini əldən, ayaqdan salıb qırıb dağıtdılar.
Qoşunun dalı kəsilmədi. Dəstə dəstənin dalınca gəlirdi. Qarışqanın
sayı var idi, qoşunun sayı yoxudu.
Qoca Alı kişi bunu başa düşüb dedi:
– Oğul, bu qədər qoşuna sən tək cavab verə bilməzsən. Axırda ya
öldürərlər, ya da tutarlar. Sür atları, özümüzü bu qoşundan salamat
qurtaraq.
Rövşən əzəl atasının sözünə baxmadı, yenə də özünü qoşuna vurdu.
Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. Ancaq kor atasının
tutulmağına qorxub əlacsız davadan əl çəkdi. Atası ilə bərabər