21
axşamlar yüz kilometrdən çox yol gəlib getməsi hər
dəfə yadına düşəndə necə əsəbiləşirdisə, bəzən özü-
nü saxlaya bilməyib işçilər arasında İslah İdarəsinin
kadrlar şöbəsinin rəis əvəzi işləyən yerlisini söyürdü:
–Ay kişi, adamı bir işə göndərəndə çağırıb özü-
nə deyərlər, insan hesab edib yaşadığı yeri də nəzərə
alarlar. Yoxsa ki, gözünü yumub, sərfəsizlik edib iş-
çini hara gəldi göndərərlər?..
–Günah
onda deyil, – həmkarı,
onun sayaq baş-
qa müəssisədən bura “sürgün edilmiş” digər dəstə
rəisi Şərif də Zəfərin sözünə laqeyd qalmırdı, – gü-
nah əmrinə qol çəkəndədir. Qol çəkən maraqlanma-
lıdır ki, nəyə qol çəkir, niyə qol çəkir? Kadra nə var,
o, göstəriş yerinə yetirəndir.
–Bəs vicdan? Şöbənin rəis əvəzi məni yaxşı ta-
nıyır, harada yaşadığımı bilir. Heyf ki, yerlimdir, tor-
pağın adını batırandır...
–Olmayan şeydən danışmazlar. İstəyəndə qa-
nuna da türürürlər. Orada əsasən özlərinə sərf edən
sənədə baxırlar, – sağ əlinin baş barmağını digər qat-
lanmış barmağına sürtdü, – başa düşdün? Yerliliyin
məsələyə dəxli yoxdu. O misra yadındadı: keçmə na-
mərd körpüsündən, qoy aparsın sel səni... Görəsən
Gülbaxta heç öz istəyi ilə işləməyə gələn olub? Bura-
ya ya təzə işləməyə başlayan gələr, ya da digər mü-
əssisədə işindən çıxarılanlar – Gülbaxtın yay ayları-
nın qum tufanlarından xəbəri olmayanlar...