«GEO Strategiya».-2013.- № 03 (15).-S.40-44.
AZƏRBAYCAN SSR-İN NOMENKLATURA ELİTASI KÜTLƏVİ REPRESSİYALAR ƏRƏFƏSİNDƏ
(1936-1938)
ASLAN XƏLİLOV
Tarix üzrə fəlsəfə doktoru
1 dekabr 1934-cü ildə, uzun illər İ.Stalinin ən sadiq tərəfdarı olan S.Kirovun bütün sovet cəmiyyətini
şoka salan müəmmalı qətli kütləvi repressiyalar başlamağa fürsət axtaran Baş Katib üçün tutarlı bəhanə oldu. Elə
həmin gün axşam SSRİ MİK RH-nin, sonralar “1 dekabr qanunu” adını almış, “Terror aktlarının hazırlanması və ya
həyata keçirilməsi işlərinin baxılması qaydaları” adlı qərarı verildi. İ.Stalin Konstitusiyanı kobud şəkildə pozaraq
həmin qərarı MİK sessiyasında təsdiq etdirməmiş, onu yalnız SSRİ MİK RH katibi A.Yenukidze imzalamışdı.
Yeni qaydalara əsasən siyasi cinayətlər dövlət cinayətlərindən fərqli olaraq məhkəməsiz, xüsusi siyahılar
üzrə baxılırdı. Bir çox hallarda, güllələnməyə məhkum edilmə barədə əvvəlcədən hazırlanmış qərarlarla yekunlaşan
həmin proseslər zamanı hər işə cəmi bir neçə dəqiqə ayrılırdı.
Bu cür proseslərdə günahın əsas və yeganə sübutu məhkumun törətdiyi “cinayəti” boynuna alması hesab
olunurdu. “1 dekabr qanununa” görə elan edilmiş güllələnmə cəzası dərhal yerinə yetirilməli idi. Qurduğu rejimin
əleyhdarları hesab etdiyi insanlara qarşı total terror aktlarının “qanuni bazasını” daha da möhkəmləndirmək üçün
İ.Stalin, sonrakı dövrdə də, bu istiqamətdə bir sıra addımlar atdı. 13 may 1935-ci ildə, ÜK(b)P MK-nın “Partiya
sənədlərinin dəyişdirilməsi haqqında” qərarı meydana çıxdı. Məhz həmin qərarda, ilk dəfə olaraq, “xalq düşməni”
formulu yer aldı.
ÜK(b)P MK-nın həmin qərarına əsasən “xalq düşmənlərinin” ləğv edilməsinə rəhbərlik etmək üçün
Siyasi Büronun Təhlükəsizlik üzrə Xüsusi Komissiyası yaradıldı. Həmin qərarda partiya daxilində yoxlamalar
aparılması zərurəti vurğulanırdı. Bu yoxlamalar iki istiqamətdə: a) partiya nizamnaməsinin əksinə olaraq, MNK
komissiyaları tərəfindən deyil, partiya komitələri tərəfindən aşkar şəkildə; b) eyni zamanda, hər bir kom- munistin
siyasi simasını müəyyənləşdirmək məqsədi ilə XDİK tərəfindən gizli formada həyata keçirilməli idi. ÜK(b)
PMK-nın 13 may 1935-ci il qərarı hər bir partiya üzvü və üzvlüyə namizəd qarşısında “xalq düşmənlərinin” ifşa və
ləğv edilməsi məqsədi ilə yuxarı instansiyalara qapalı məktubla müraciət etmək vəzifəsi qoyurdu. Bu, əslində,
kütləvi donosçuluğa və “əcinnə ovuna” birbaşa çağırış idi. Əlamətdar haldır ki, bu tip çağırışlar sənədlərdə, o
cümlədən, ÜK(b) P MK 29 iyul 1936-cı il tarixli qapalı məktubunda da əks olunmuşdu.
Çuğulçuluğa geniş rəvac verən bu kimi rəsmi partiya sənədləri yerlərdə, o cümlədən, Azərbaycanda çox
ciddi əks-səda verdi. AK(b)P MK-nın 3 avqust 1936-cı il tarixli Büro iclasında MK-nın qeyd olunan qapalı
məktubu müzakirə edildi. İclasın qərarına əsasən AK(b)P MK-nın ikinci katibi A. Akopova Azərbaycanda
trotskiçi-zinovyevçi terrorçu qrup haqqında konkret material hazırlamaq tapşırıldı. Bundan başqa, respublikanın
bütün RK, ŞK və vilayət partiya komitələri qarşısında hər 5 gündən bir, ÜK(b)P MK-nın qapalı məktubu ilə
əlaqədar məlumatları AK(b)P MK-ya göndərmək vəzifəsi qoyulurdu. Bakı şəhəri üzrə bu kimi materialların
toplanması məsuliyyəti BK-nın ikinci katibi M.Nərimanovun üzərinə qoyulurdu. AK(b)P MK-da toplanan bütün
materiallar isə dərhal Moskvaya göndərilməli idi. M.C.Bağırovun imzaladığı həmin sənəddə deyilirdi: “ÜK(b)P
MK-nın göstərişinə uyğun olaraq, 3 gündən sonra, 7 avqustda, 29 iyul qapalı məktubu ilə əlaqədar, ilk məlumat
ÜK(b)P MK-ya göndərilsin, sonra isə, 5 gündən bir, bütün mövcud faktlar barədə məlumatlar toplanılsın və
ÜK(b)P MK-ya məlumat verilsin. Ətraflı və vaxtında verilmiş məlumatlara görə məsuliyyət Akopovun üzərinə
düşür” (3).
Beləliklə, bütün Sovetlər birliyində olduğu kimi Azərbaycanda da rəsmi olaraq çuğulçuluqla məşğul
olmaq hər bir sovet vətəndaşı, o cümlədən, vəzifəli şəxslər qarşısında bir vəzifə kimi qoyulurdu.
Bununla yanaşı, partiyanın çuğulçuluğa geniş meydan verən çağırışlarından «ruhlanan», müxtəlif
səbəblərdən biri-birinə qarşı ədavət bəsləyən minlərlə insan, kütləvi şəkildə, həm mərkəzi, həm də, yerli partiya və
cəza orqanlarına donoslar göndərməyə başladılar.
Azərbaycandan mərkəzə ünvanlanan donos və şikayətlər elə bir vüsət almışdı ki, hətta, Moskva bundan
ciddi şəkildə narahat olmağa başlamışdı. 23 aprel 1938-ci ildə, SSRİ XKŞ sədri V.Molotov M.C.Bağırova və
T.Quliyevə göndərdiyi teleqramda bu narahatçılığı belə ifadə edirdi: “Mən artıq dəfələrlə yoldaş Bağırova İttifaq
XKŞ-a Azərbaycandan gələn şikayət seli barədə demişəm. Sizə 1937-ci ilin ikinci yarısına aid şikayətləri (onların
sayı 1477-dir) və 1938-ci ilin üç ayı üçün olanlan (699) göndərirəm. Burada nə isə düz getmir, Azərbaycanın sovet
orqanlarında müxtəlif şikayətlərə səbəb olan ciddi çatışmamazlıqlar var” (4, v.25).
15 may 1938-ci ildə, AK(b)P MK Bürosunun iclasında V.Molotovun məktubunda qaldırılan məsələyə
münasibətini bildirən M.C.Bağırov təəssüf və qəzəb hissini gizlədə bilməmişdi: “9 ay ərzində Molotovun adına
2200 ərizə qəbul edilib... Bunun yarısı qədər, yəqin ki, yoldaş Kalininə göndərilib. Yəqin ki, yoldaş Stalinə, heç də,
az ərizə göndərilməyib: 6-7 min ərizə alınır...” (4, v.275 ).
M.C.Bağırov həmin arayışda üç şəxsin ünvanına göndərilən donos və şikayətlərin təqribi miqdarmı
göstərmişdi. Əslində isə Azərbaycandan istər qeyd olunan şəxslərə, istərsə də, digər sovet rəhbərlərinə ün- vanlanan
ərizə və donosların miqdarı göstəriləndən daha çox idi. Məsələn, V.Molotov tərəfindən qeyd olunan dövr ərzində
yalnız Bakı Soveti aparatının fəaliyyəti ilə əlaqədar mərkəzə 12-13 min şikayət göndərilmişdi (4, v.277).
Həmin şikayət ərizələrinin adresatları arasında, əvvəllər olduğu kimi, yenə də, Azərbaycanı özlərinin
votçinaları hesab edən S. Orconikidze və A. Mikoyan xüsusi yer tuturdular.
Cənub Qafqazda əsas dayaqlarından (V.Lominadze, Ruben, L.Mirzəyan və s.) məhrum olan
S.Orconikidze və A.Mikoyan, nəyin bahasına olursa olsun, yenidən bu regionda öz hökmranlıqlarını bərpa etməyə
cəhd edirdilər. L.Beriya və M.C.Bağırovun simasında çox güclü maneə ilə üzləşən S.Orconikidze və A.Mikoyan
əlbir hərəkət etməyi də mümkün sayırdılar. S.Orconikidzeyə “səmimi” münasibət bəslədiyini nümayiş etdirməyə
çalışan A.Mikoyan, hətta, öz oğullarından birinin adını, keçmiş rəqibinin şərəfinə, Serqo qoymuşdu.
S.Orconikidzenin liderlik etdiyi yeni alyans L.Beriya və M.C.Bağırovdan, hər hansı səbəbdən, narazı
qalan şəxsləri himayə edərək öz tərəfinə çəkir, onları qruplaşdırırdı. Təsadüfi deyildi ki, inciklərin böyük
əksəriyyəti ən kritik vaxtlarda məhz S.Orconikidze və A.Mikoyana üz tutur, onlardan kömək diləyirdilər. Bu şəxslər
arasında Ə.Qarayev, H.Cəbiyev, Ə.Əzizbəyov, Q.Camalbəyov və digərləri ilə yanaşı B.Talıblı kimi şəxslər də var
idi. 20-ci illərdə qatı millətçi kimi tanınan sabiq Respublika Prokuroru B.Talıblı 1935-ci ildə M.C.Bağırovun
təzyiqləri ilə üzləşən zaman məhz A.Mikoyandan yardım istəmişdi.
Mövcud vəziyyətdən sui-istifadə edən S.Orconikidze və A.Mikoyan ZÖK və AK(b) P MK rəhbərliyinə
qarşı inciklərdən təşkil edilmiş yeni qruplaşmalar yaradırdılar. Kütləvi repressiyalar dövründə Azərbaycanda
“əks-inqilabi millətçi mərkəzlərin” mövcudluğu barədə irəli sürülən ittihamlar üçün əsas rolunu oynayan həmin
qruplaşmaların məqsədi, sovet hakimiyyətini deyil, L.Beriya və M.C.Bağırovu devirmək olmuşdu. 1937-ci ildə
“əksinqilabçı-millətçi ehtiyat mərkəzinin” rəhbəri elan edilən, XDİK-nın məsul işçiləri tərəfindən ağır işgəncələrə
məruz qoyulan XKŞ sədri H.Rəhmanov həmin ilin payızında Y.Sumbatova yazdığı ərizədə qeyd edirdi ki,
Azərbaycan SSR-in rəhbər işçiləri qrupu, o cümlədən, o, görüşərək Azərbaycanda rəhbərlik məsələsini müzakirə
edir, rəhbərliyin (yəni Bağırovun) dəyişdirilməsi zərurətindən danışırdılar (1, v. 108).
M.C.Bağırov əleyhinə yönəlmiş, tərkibində respublikanın bir çox rəhbər işçilərini birləşdirən
qruplaşmaya R.Axundov, H.Rəhmanov və Ə.Qarayev rəhbərlik edirdilər. Qruplaşma rəhbərliyində birincilik
R.Axundova məxsus idi.
Artıq qeyd edildiyi kimi, R.Axundov hələ 1927-1929- cu illərdə, M.C.Bağırovun siyasi karyerasının ən
ağır dönəmində, sonuncunun ən yaxın tərəfdarlarından biri olmuşdu. 1930- cu ildə, M.C.Bağırov yenidən
Azərbaycandan kənarlaşdırılandan az sonra, R.Axundov və H.Rəhmanov da eyni ittihamla - respublika rəhbərliyinə
qarşı qruplaşma yaratma ittihamı ilə respublikanı tərk etməyə məcbur olmuşdu. 1930-1932-ci illərdə Moskvada
yaşayıb - işləmək məcburiyyətində qalan M.C.Bağırov, R.Axundov və H.Rəhmanov Azərbaycana dönmək uğrunda
birgə mübarizə aparmışdılar. H.Cəbiyev 1937-ci ilə aid olan bir arayışında M.C.Bağırovun 1932-ci illərdə Moskva
həyatından bəhs edərək yazırdı: “... 1930-1932-ci illərdə, Moskvada o, Lominadzenin yaxın tərəfdarları kimi ifşa
olunaraq Zaqafqaziyada işdən azad edilmiş Axundov, həmçinin, Rəhmanovla yaxın əlaqələr saxlayırdı... Yoldaş
Bağırov Azərbaycanda, əvvəlcə, XKŞ sədri sonra AK(b)P MK katibi kimi işə başlayarkən o, Ruhulla Axundovu və
Hüseyn Rəhmanovu Azərbaycanda yüksək vəzifələrə gətirdi...” (6, v.218).
M.C.Bağırov, R.Axundov və H.Rəhmanov arasında işbirliyi və dostluq münasibətlərinin mövcud olması
barədə digər mənbələrdə də məlumatlar vardır. Məsələn, R.Axundovun yaxın tərəfdaşlarından biri olan, AK(b)
MK-nın RPO şöbəsinin gələcək müdiri, gələcək BK katibi G.Vasilkin 5 fevral 1932-ci
il tarixli məktubunda belə
yazırdı: “Çox tez-tez öz uşaqlarımızla səni, C. və H-nı xatırlayırıq, əziz Ruhulla, əgər bu üçlükdən Azərbaycanda
istifadə edilsə biz necə qabağa gedərik... biz səni, Cəfəri və Hüseyni təşkilatımızda görmək üçün mümkün olan hər
şeyi edirik...” (5, v.33).
Məhz bu səbəbdən də, M.C.Bağırov Azərbaycan SSR XKŞ sədri təyin edildikdən sonra R.Axundov və
H.Rəhmanovun da respublikaya qayıtmasına şərait yaratdı. H.Rəhmanov, əvvəlcə, AK(b)P MK-nın üçüncü (may
1933), az sonra MK-nın ikinci katibi (sentyabr 1933), 1933-cü
ilin dekabrında isə M.C.Bağırovun əvəzinə XKŞ
sədri oldu.
1933-cü ilin aprelində Azərbaycanda Sovet hakimiyyətinin 13 illiyi münasibəti ilə respublikanın
Qırmızı Əmək Bayrağı ordeninə layiq görülən 16 nəfər məsul işçisi arasında R.Axundovun da adının olması
təsadüfi deyildi. Heç şübhəsiz, bu addım, sonuncunun Azərbaycanda məsul vəzifəyə dönüşünü asanlaşdırmaq üçün
M.C.Bağırovun təşəbbüsü ilə atılmışdı.
R.Axundov 1933-cü ilin iyulunda S.Şaumyan adına İnstitutda Leninin əsərlərinin Azərbaycan dilinə
tərcüməsi üzrə redaktor, 1934-cü ilin iyununda SSRİ EA-nın Azərbaycan filialının direktoru, 1936-cı ilin fevralında
isə o, əvvəlki vəzifəsini saxlamaqla, eyni zamanda, XKŞ İncəsənət İdarəsinin rəhbəri təyin edildi.
R.Axundov 1934-cü ildə BK və MK-nın, 1936-cı ildə isə ZÖK-nin üzvü seçilsə də, stalinizm şəraitində
onun bu vəzifələri formal xarakter daşıyırdı.
O zamankı respublika nomen - klatura elitası daxilində siyasi təcrübə və intellektual cəhətdən xüsusi yeri
olan, yaxın keçmişdə AK(b)P MK katibi və digər yüksək vəzifələr tutmuş R.Axundova yeni iqtidar tərəfindən
təqdim edilən bu vəzifələr nə onun özünü, nə də tərəfdarlarını qane etmirdi.
R.Axundov Azərbaycanda yüksək partiya postuna iddialı olduğu halda onun respublikanın siyasi
həyatından demək olar ki, tədric edərək, yalnız elmi-mədəni sahəyə yönəldilməsinin çox ciddi səbəbləri var idi. Bu,
ilk növbədə, İ.Stalinin R.Axundova qarşı olan soyuq münasibətindən qaynaqlanırdı. R.Axundovun siyasi
fəaliyyətinə və şəxsiyyətinə yaxşı bələd olan Baş Katib onu özünün opponentləri sırasında görürdü. Hələ 20-ci
illərin sonlarından başlayaraq, İ.Stalin R.Axundovu respublikanın siyasi həyatından tədric etmək yollarını aramış,
bu işdə ona yardımçı ola biləcək şəxslərə xüsusi tapşırıqlar da vermişdi. Məsələn, sovet “demokratiyasından”
totalitarizmə doğru “əsaslı dönüş ili” elan edilən 1929-cu ildə, H.Cəbiyev belə bir tapşırıq almışdı. H.Cəbiyev
1937-ci ilə aid olan bir arayışında bunları qeyd edirdi: “... 1929-cu ildə, mən, Azərbaycandakı işlər barədə yoldaş
Stalin tərəfindən (mənə Nalçikdə verilən) tapşırıqları - “solçulara”, eyni zamanda, R.Axundova qarşı...,
R.Axundovun burjua “ziyalı radikalizminə” qarşı mübarizə aparmaq haqqındakı göstərişlərini Azərbaycanın partiya
təşkilatına çatdırdım...” (6, v.215).
R.Axundovun respublikanın əsas siyasi fiqurlarından birinə çevrilməsinə mane olan səbəblərdən biri də
onunla M.C.Bağırov arasında get-gedə pisləşən münasibətlər olmuşdu. Belə ki, respublikanı birlikdə idarə etməyi
planlaşdıran üçlük (M.C.Bağırov, R.Axundov və H.Rəhmanov) hakimiyyət bölgüsü məsələsində ortaq məxrəcə gələ
bilməmişdilər. Buna əsas səbəb M.C.Bağırovun Azərbaycanı təkbaşına idarə etmək istəyi olmuşdu. “Triumvirat”ın
əsas üzvlərindən biri olan Rəhmanov, qısa müddət ərzində yüksək partiya və hökumət postlarına layiq görülsə də,
əslində o, respublikanın “sahibinin” - M.C.Bağırovun fonunda marginal bir fiqura çevrilmişdi. Bu mənada,
R.Axundov daha ağır vəziyyətlə üzləşmişdi. Xalq Torpaq Komissarlığının məsul işçisi Qulam Nuriyev
M.C.Bağırov və digərlərinin məhkəməsi zamanı öz ifadəsində aşağıdakıları göstərmişdi: 1936-cı ilin sonlarında
mən Kommunist küçəsində, AK(b) MK-nın binası yanında Ruhulla ilə rastlaşdım. O dilxor və həyacanlı idi, dedi
ki, hansısa məsələyə görə Bağırovla mübahisə edib, Bağırovu ona görə tənqid edib ki, sonuncu Azərbaycanı
təkbaşına idarə etmək istəyir və tamamilə, heç kimlə hesablaşmaq istəmir...” (1, v.87).
M.C.Bağırov və R.Axundov arasında “fikir ayrılıqları” sonuncunun respublikaya qayıdışından az
sonraya təsadüf etmişdi. 11-12 yanvar 1934-cü ildə olmuş AK(b)P-nin XII qurultayı zamanı bu “fikir ayrılıqları”
özünü daha aşkar şəkildə biruzə verdi. Qurultaydakı çıxışında Azərbaycanda milli məsələnin vəziyyətinə toxunan
R.Axundov onun qeyri-qənaətbəxş olduğunu qeyd etmişdi. Milli məsələnənin həllində yalnız mədəni quruculuq
məsələləri ilə kifayətlənməyin düzgün olmadığını vurğulayan R.Axundov deyirdi: “Biz SSRİ-nin geridə qalmış
əyalətlərində sənaye ocaqları yaratmalı, geridə qalmış millətlərdən özümüz üçün milli proletariat yaratmalıyıq,
iqtisadi bərabərsizliyi ləğv etməliyik...” (2, v.92).
Çıxışında İ.Stalindən iqtibas gətirən R.Axundov Ukrayna və Belorusiyadan fərqli olaraq Zaqafqaziya və
Azərbaycanda milli təmayülün deyil, hakim millətçi şovinizmin əsas təhlükə olduğunu və ona qarşı mübarizə
aparılması zərurətini vurğuladı. Türk (Azərbaycan) dilinin Azərbaycan SSR-in dövlət dili elan edilməsinə
baxmayaraq, bu dilin respublikanın dövlət və ictimai təşkilatlarında, hələ də, tətbiq edilməsi və işlədilməsi
məsələsində çox ciddi nöqsanların olduğunu qeyd edən R.Axundov deyirdi: “Azərbaycan dili mövcuddurmu?
Yoldaşlar, mən sizə deməliyəm ki, mövcud vəziyyət açıq şəkildə göstərir ki, Azərbaycan dili yoxdur” (2, v.38).
R.Axundov respublikanın məsul vəzifəli şəxslərinin hələ də türk (Azərbaycan) dilini bilməməsinin,
onlardan bir çoxlarının hələ də, yeni əlifba ilə yazıb-oxumağı bacarmamasını, türk qəzetlərinin köhnə əlifba ilə nəşr
edliməsinin və kargüzarlığın türk dilində aparılmamasının milli məsələnin həlli prosesində çox ciddi maneəyə
çevrildiyini göstərdi. “Bu vaxta qədər bizdə türk dilində əsl qrammatika yoxdur. İkinci beşillikdə buna yol vermək
olarmı?! ... ən vacib məsələ terminologiyadır... biz türk dilində ucdantutma rus sözləri işlədənlərə qarşı mübarizə
aparmalıyıq...” (2, v.42).
Əlamətdar haldır ki, R.Axundovun milli məsələ üzrə XII qurultaydakı çıxışı onun 1923-cü ildə XII
Ümumbakı partiya konfransında həmin məsələyə dair nitqi ilə demək olar ki, eyniyyət təşkil edirdi. O zaman
olduğu kimi, indi də, siyasi tədriclə üzləşən R.Axundov yenidən milli məsələni əlində bayraq edərək onun obyektiv
həllinə mane olanlara - respublika rəhbərliyinə qarşı mübarizəyə çağırırdı. Bir müddət sonra R.Axundovu
millətçilikdə və ziyankarlıqda ittiham edərək məhv edəcək əleyhdarları onun XII qurultayda milli məsələyə dair
çıxışından gen-bol yararlanacaqdılar.
Lakin R.Axundovun qeyd olunan nitqinə ilk reaksiya, elə qurultayın gedişi zamanı, M.C.Bağırov və
kütləvi repressiya illərində onun ən yaxın köməkçilərindən birinə çevrilmiş Orconikidze RK katibi (1935-1936-cı
illərdə BK katibi) Müzəffər Nərimanov tərəfindən verilmişdi. M.Nərimanov R.Axundovun milli məsələyə dair irəli
sürdüyü müddəaları “səhv və ziyanlı ifadələr”, “zərərli formullar” kimi dəyərləndirərək kəskin tənqid etmişdi.
Mövcud şəraitdə sinfi mübarizənin daha da kəskinləşdiyini qeyd edən M.Nərimanov R.Axundovun yerli
millətçiliyin zəif olması barədə irəli sürdüyü tezisin kökündən yanlış olduğunu, “sinfi düşmənə” qarşı qətiyyətlə
savaşmağın vacibliyini xüsusilə vurğulamışdı.
M.Nərimanovun bu çıxışının sifarişli olması və onun arxasmda məhz M.C.Bağırovun durmasını yaxşı
başa düşən R.Axundov opponentinə belə cavab vermişdi: “Mən bunu yoldaş Müzəffər Nərimanovun çıxışı barədə
bəyan etmək istəyirəm. Mən inanıram ki, bu çıxış həqiqətə uyğun şəkildə yozulacaq... Mən bu çıxışı belə anlayıram
ki, burada yoldaşlar, bizim rəhbər yoldaşlar dəqiq və qeyri-dəqiq ifadələri kimisə vurmaq üçün qurdalamırlar...” (2,
v.129).
Qurultaydakı çıxışlarından birində M.C.Bağırov da milli məsələyə dair öz mülahizələrini söyləyərək,
dolayısı ilə, M.Nərimanovun mövqeyini dəstəkləmişdi. İ.Stalinin ÜK(b)P-nin XVI qurultayında milli məsələyə dair
irəli sürdüyü tezislərə də özünəməxsus düzəlişlər edərək Azərbaycanda “müdafiədən hücuma keçməkdə olan türk
millətçiliyinə”, xüsusilə də, onun “partiya daxilindəki təmayüllərinə” qarşı kəskin mübarizə aparmağın vacibliyini
vurğulayan M.C.Bağırov deyirdi: “Türk millətçiliyinin hər cür təzahürünün od və qılıncla, amansızcasına kökünü
kəsmək, məhv etmək türk kommunistinin müqəddəs vəzifəsidir” (2, v. 167).
Heç şübhəsiz, M.C.Bağırovun “türk millətçiliyinin partiya daxilindəki təmayülü” ifadəsi birbaşa,
R.Axundova və onunla bir sırada duranlara şamil edilirdi.
AK(b)P XII qurultayında və sonralar ən həssas məsələ olan milli məsələdən ona qarşı bir vasitə kimi
isitfadə etməyə çalışan siyasi opponentlərini tərksilah etmək məqsədi ilə M.C.Bağırov bu mühüm sahədə bir sıra
profilaktik tədbirlər həyata keçirmişdi. Bu tədbirlər sırasında Azərbaycan dilinin statusu məsələsi ilə bağlı tədbirlər
xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, 1935-ci ilin yanvarında olmuş VIII Ümumazərbaycan Sovetlər qurultayında
respublika Konstitusiyasına edilmiş dəyişikliklər nəticəsində Azərbaycan SSR-in dövlət dili ilə əlaqədar olan 15-ci
maddə meydana çıxmışdı. Həmin maddədə birmənalı olaraq qeyd edilirdi: “Azərbaycan Sosialist Sovet
Respublikasının dövlət dili türk dilidir” (7, c.24).
Daha çox dekorativ xarakter daşıyan, eyni zamanda, respublikanın yerli əhalisi tərəfindən böyük ruh
yüksəklikliyi ilə qarşılanan həmin maddə cəmi 2 il 2 ay qüvədə qaldı və 1937-ci ilin martında qəbul edilmiş
Azərbaycan SSR-in yeni Konstitusiyasından dil haqqında maddə, ümumiyyətlə, çıxarıldı.
M.C.Bağırovun respublikadan kənarda yaşayan əleyhdarlarına Ə.Qarayev və M.D.Hüseynov rəhbərlik
edirdilər. Əsasını H.Cəbiyev, M.Quliyev, İsgəndər Əliyev və digər “inciklər” təşkil edən qruplaşmaya bir müddət
sonra M.Cuvarlinski, T.Əliyev, Ş.Mahmudbəyov, Əli Məmmədov və Azərbaycanda məsul vəzifələrdən azad
edilmiş digər şəxslər də daxil idilər. 1933-cü ildə Qazaxıstan vilayət partiya komitəsinin birinci katibi təyin edilən
L.Mirzəyan da R Axundov, Ə.Qarayev və digərləri ilə six əlaqələr saxlayırdı. H.Cəbiyev yuxarıda qeyd olunan
arayışında yazırdı: “1933- cü ilin payızında bir qrup yoldaşlarla - yoldaş Mirzəyan və digərləri ilə, onların təkidli
tələbi ilə, onlarla birlikdə, mən, bir dəfə, evdə ağır xəstə yatan Ruhulla Axundova baş çəkdim...” (6, v.216).
Respublika rəhbərliyinə M.C.Bağırov gəldikdən sonra L.Mirzəyanın Azərbaycanın kommunist
müxalifəti ilə əsasən siyasi məsələlərə həsr edilmiş bu tip görüşləri və yazışmaları daha intensiv xarakter daşıyırdı.
Əleyhdarlarının bu kimi fəaliyyətlərindən yaxşı xəbərdar olan AK(b)P MK rəhbəri onlara ağır zərbə
vurmaq üçün fürsət axtarırdı. M.C.Bağırov, ilk zərbəni S.Orconikidze tərəfindən himayə edilən və Azərbaycanın
hüdudlarından kənarda yaşayan, bu səbəbdən də, respublika rəhbərliyi üçün əsas təhlükəyə çevrilən əzəli opponenti
Ə.Qarayevə vurmağı planlaşdırırdı. Ə.Qarayev hələ 1931-ci ildə Gəncə partiya təşkilatının rəhbərliyindən azad
edilərək Moskvaya aparılmış, burada о əvvəlcə, Qırmızı Professorlar İnstitutunda təhsil almış, sonra ÜK(b)P MK
yanında Partiya Kadrlarının Qiyabi Təhsili İnstitutuna, 1934-cü ilin yanvarından isə Kominternin İcraiyyə
Komitəsinin Şərq şöbəsinə rəhbərlik etmişdi. Bu, onun son vəzifəsi olmuşdu.
M.C.Bağırova qarşı mübarizədə Ə.Qarayevin ən yaxın silahdaşına çevrilmiş M.D.Hüseynov isə məhz
1933- cü ildə Tacikistan K(b)P MK- nın birinci katibi vəzifəsindən azad edilərək Moskvaya aparılmış, burada o,
RSFSR Xalq Maarif Komissarlığının Qeyri-rus məktəbləri üzrə şöbə müdiri vəzifəsində çalışmışdı. Ə.Qarayev
kimi о da, demək olar ki, rəsmi olaraq böyük siyasətdən kənarlaşdırılaraq əsasən pedaqoji fəaliyyətlə məşğul olmaq
məcburiyyətində qalmışdı. AK(b)P və Tacikistan K(b)P-in ilk rəhbəri olmuş M.D.Hüseynov bu vəziyyətlə qətiyyən
razılaşmaq fikrində deyildi.
Ə.Qarayev və M.D.Hüseynovun eyni cəbhədə birləşməsində onlarla M.C.Bağırov arasında, əsası hələ
20-ci illərdə qoyulmuş ədavət və soyuq münasibətlər də az rol oynamamışdı.
Beləliklə, hər iki düşərgədə həlledici toqquşmaya ciddi hazırlıq getməkdə idi.
QEYDLƏR:
1. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.44, iş 250, v.87. v.108.
2. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.74, iş 17, v.92, v.38, v.42, v.129, v.167.
3. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.74, iş 432, v.2.
4. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.74, iş 503, v.25, v.275, v.277.
5. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.122, iş 91/7, v.33.
6. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.122, iş 223, v.215.
7. Azərbaycan Respublikası SPİHMD'X: f.l, siy.122, iş 223, v.216.
8. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.122, iş 223, v.218.
9. Конституция (Основной Закон) Азербайджанской Социалистической Советской
Республики. Баку: Издание Центрального Исполнительного Комитета Азербайджанской
Социалистической Советской Республики, 1935, 24 с.
10. O культе личности и его последствиях. Доклад Первого Секретаря ЦК КПСС тов.
Хрущева Н.С. XX съезду ЦК КПСС, 1989, №3, с.128-170.
The nomenclature elite of Azerbaijan SSR on the eve of mass repression (1936-19^8)
Açar sözlər: Nomenklatura elitası,siyasi qruplar,milli məsələ,”xalq düşmənləri”,kütləvi repressiyalar
Ключевые
слова:
Номенклатурная
элита,политические
группы,
националеный
вопрос,’’народные враги”,массовые репрессии
Keywords: nomenclature elite,political groups,national question,’’people enemies”,mass repressions
SUMMARY
The research work presented retrospection of political strug gle in communist establish ment of the
Second Azerbaijan Republic on the eve of mass repression (1936-1938).
In the research, there is pointed out dramatic and tragic character of the fight for power between
different political groups
Номенклатурная элита Азербайджанской ССР на кануне массовых репрессий (1936-1938)
РЕЗЮМЕ
Исследовательский материал, представляющий ретроспекции политической борьбы в
коммунистическом истеблишменте Второй Азербайджанской Республики на кануне массовых репрессий
(1936- 1938).
В работе отмечается драматический и трагический характер борьбы за власть между различными
политическими группами.
Dostları ilə paylaş: |