«geo strategiya». 2013. №03 (15). S. 40-44. Azərbaycan ssr-in nomenklatura elitasi küTLƏVİ repressiyalar əRƏFƏSİNDƏ



Yüklə 192,57 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü192,57 Kb.
#54523


«GEO Strategiya».-2013.- № 03 (15).-S.40-44. 

AZƏRBAYCAN SSR-İN NOMENKLATURA ELİTASI KÜTLƏVİ REPRESSİYALAR ƏRƏFƏSİNDƏ

(1936-1938)

ASLAN XƏLİLOV 

Tarix üzrə fəlsəfə doktoru

1  dekabr  1934-cü  ildə,  uzun  illər  İ.Stalinin  ən  sadiq  tərəfdarı olan  S.Kirovun  bütün  sovet  cəmiyyətini

şoka salan müəmmalı qətli kütləvi repressiyalar başlamağa  fürsət  axtaran Baş Katib üçün tutarlı bəhanə oldu. Elə

həmin gün axşam SSRİ MİK RH-nin, sonralar “1 dekabr qanunu” adını almış, “Terror aktlarının hazırlanması və ya

həyata keçirilməsi işlərinin  baxılması qaydaları”  adlı qərarı verildi.  İ.Stalin Konstitusiyanı kobud  şəkildə  pozaraq

həmin qərarı MİK sessiyasında təsdiq etdirməmiş, onu yalnız SSRİ MİK RH katibi A.Yenukidze imzalamışdı.

Yeni qaydalara əsasən siyasi cinayətlər dövlət cinayətlərindən fərqli olaraq məhkəməsiz, xüsusi siyahılar

üzrə baxılırdı. Bir çox hallarda, güllələnməyə məhkum edilmə barədə əvvəlcədən hazırlanmış qərarlarla yekunlaşan

həmin proseslər zamanı hər işə cəmi bir neçə dəqiqə ayrılırdı.

Bu cür proseslərdə günahın əsas və yeganə sübutu məhkumun törətdiyi “cinayəti” boynuna alması hesab

olunurdu. “1 dekabr qanununa” görə elan edilmiş  güllələnmə cəzası dərhal yerinə yetirilməli idi. Qurduğu rejimin

əleyhdarları hesab  etdiyi  insanlara  qarşı total  terror  aktlarının “qanuni  bazasını”  daha  da  möhkəmləndirmək  üçün

İ.Stalin,  sonrakı dövrdə  də,  bu  istiqamətdə  bir  sıra  addımlar  atdı.  13  may  1935-ci  ildə,  ÜK(b)P  MK-nın  “Partiya

sənədlərinin dəyişdirilməsi haqqında” qərarı meydana çıxdı.  Məhz həmin qərarda, ilk dəfə olaraq, “xalq düşməni”

formulu yer aldı.

ÜK(b)P  MK-nın  həmin  qərarına  əsasən  “xalq  düşmənlərinin”  ləğv  edilməsinə  rəhbərlik  etmək  üçün

Siyasi  Büronun  Təhlükəsizlik  üzrə  Xüsusi  Komissiyası  yaradıldı.  Həmin  qərarda  partiya  daxilində  yoxlamalar

aparılması zərurəti  vurğulanırdı.  Bu  yoxlamalar  iki  istiqamətdə:  a)  partiya  nizamnaməsinin  əksinə  olaraq,  MNK

komissiyaları tərəfindən deyil, partiya komitələri tərəfindən aşkar şəkildə; b) eyni zamanda, hər bir kom- munistin

siyasi  simasını  müəyyənləşdirmək  məqsədi  ilə  XDİK  tərəfindən  gizli  formada  həyata  keçirilməli  idi.  ÜK(b)

PMK-nın 13 may 1935-ci il qərarı hər bir partiya üzvü və üzvlüyə namizəd qarşısında “xalq düşmənlərinin” ifşa və

ləğv  edilməsi  məqsədi  ilə  yuxarı  instansiyalara  qapalı  məktubla  müraciət  etmək  vəzifəsi  qoyurdu.  Bu,  əslində,

kütləvi  donosçuluğa  və  “əcinnə  ovuna”  birbaşa  çağırış  idi.  Əlamətdar  haldır  ki,  bu  tip  çağırışlar  sənədlərdə,  o

cümlədən, ÜK(b) P MK 29 iyul 1936-cı il tarixli qapalı məktubunda da əks olunmuşdu.

Çuğulçuluğa geniş rəvac verən bu kimi rəsmi partiya sənədləri yerlərdə, o cümlədən, Azərbaycanda çox

ciddi  əks-səda  verdi.  AK(b)P  MK-nın  3  avqust  1936-cı  il  tarixli  Büro  iclasında  MK-nın  qeyd  olunan  qapalı

məktubu  müzakirə  edildi.  İclasın  qərarına  əsasən  AK(b)P  MK-nın  ikinci  katibi  A.  Akopova  Azərbaycanda

trotskiçi-zinovyevçi  terrorçu  qrup  haqqında  konkret  material  hazırlamaq  tapşırıldı.  Bundan  başqa,  respublikanın

bütün  RK,  ŞK  və  vilayət  partiya  komitələri  qarşısında  hər  5  gündən  bir,  ÜK(b)P  MK-nın  qapalı  məktubu  ilə

əlaqədar  məlumatları  AK(b)P  MK-ya  göndərmək  vəzifəsi  qoyulurdu.  Bakı  şəhəri  üzrə  bu  kimi  materialların

toplanması məsuliyyəti  BK-nın  ikinci  katibi  M.Nərimanovun  üzərinə  qoyulurdu.  AK(b)P  MK-da  toplanan  bütün

materiallar  isə  dərhal  Moskvaya  göndərilməli  idi.  M.C.Bağırovun  imzaladığı  həmin  sənəddə  deyilirdi:  “ÜK(b)P

MK-nın  göstərişinə  uyğun  olaraq,  3  gündən  sonra,  7  avqustda,  29  iyul  qapalı məktubu  ilə  əlaqədar,  ilk  məlumat

ÜK(b)P  MK-ya  göndərilsin,  sonra  isə,  5  gündən  bir,  bütün  mövcud  faktlar  barədə  məlumatlar  toplanılsın  və

ÜK(b)P  MK-ya  məlumat  verilsin.  Ətraflı  və  vaxtında  verilmiş  məlumatlara  görə  məsuliyyət  Akopovun  üzərinə

düşür” (3).

Beləliklə,  bütün  Sovetlər  birliyində  olduğu  kimi  Azərbaycanda  da  rəsmi  olaraq  çuğulçuluqla  məşğul

olmaq hər bir sovet vətəndaşı, o cümlədən, vəzifəli şəxslər qarşısında bir vəzifə kimi qoyulurdu.

Bununla  yanaşı,  partiyanın  çuğulçuluğa  geniş  meydan  verən  çağırışlarından  «ruhlanan»,  müxtəlif

səbəblərdən biri-birinə qarşı ədavət bəsləyən minlərlə insan, kütləvi şəkildə, həm mərkəzi, həm də, yerli partiya və

cəza orqanlarına donoslar göndərməyə başladılar.

Azərbaycandan mərkəzə ünvanlanan donos və şikayətlər elə bir vüsət almışdı ki, hətta, Moskva bundan

ciddi  şəkildə  narahat  olmağa  başlamışdı.  23  aprel  1938-ci  ildə,  SSRİ  XKŞ  sədri  V.Molotov  M.C.Bağırova  və

T.Quliyevə  göndərdiyi  teleqramda  bu  narahatçılığı belə  ifadə  edirdi:  “Mən  artıq dəfələrlə  yoldaş  Bağırova  İttifaq

XKŞ-a Azərbaycandan gələn şikayət seli barədə demişəm. Sizə 1937-ci ilin ikinci yarısına aid şikayətləri (onların

sayı 1477-dir) və 1938-ci ilin üç ayı üçün olanlan (699) göndərirəm. Burada nə isə düz getmir, Azərbaycanın sovet



orqanlarında müxtəlif şikayətlərə səbəb olan ciddi çatışmamazlıqlar var” (4, v.25).

15  may 1938-ci  ildə,  AK(b)P  MK  Bürosunun  iclasında  V.Molotovun  məktubunda  qaldırılan  məsələyə

münasibətini  bildirən  M.C.Bağırov  təəssüf  və  qəzəb  hissini  gizlədə  bilməmişdi:  “9  ay  ərzində  Molotovun  adına

2200 ərizə qəbul edilib... Bunun yarısı qədər, yəqin ki, yoldaş Kalininə göndərilib. Yəqin ki, yoldaş Stalinə, heç də,

az ərizə göndərilməyib: 6-7 min ərizə alınır...” (4, v.275 ).

M.C.Bağırov  həmin  arayışda  üç  şəxsin  ünvanına  göndərilən  donos  və  şikayətlərin  təqribi  miqdarmı

göstərmişdi. Əslində isə Azərbaycandan istər qeyd olunan şəxslərə, istərsə də, digər sovet rəhbərlərinə ün- vanlanan

ərizə və donosların miqdarı göstəriləndən daha çox idi. Məsələn, V.Molotov tərəfindən qeyd olunan dövr ərzində

yalnız Bakı Soveti aparatının fəaliyyəti ilə əlaqədar mərkəzə 12-13 min şikayət göndərilmişdi (4, v.277).

Həmin  şikayət  ərizələrinin  adresatları  arasında,  əvvəllər  olduğu  kimi,  yenə  də,  Azərbaycanı özlərinin

votçinaları hesab edən S. Orconikidze və A. Mikoyan xüsusi yer tuturdular.

Cənub  Qafqazda  əsas  dayaqlarından  (V.Lominadze,  Ruben,  L.Mirzəyan  və  s.)  məhrum  olan

S.Orconikidze və A.Mikoyan, nəyin bahasına olursa olsun, yenidən bu regionda öz hökmranlıqlarını bərpa etməyə

cəhd  edirdilər.  L.Beriya  və  M.C.Bağırovun  simasında  çox  güclü  maneə  ilə  üzləşən  S.Orconikidze  və  A.Mikoyan

əlbir  hərəkət  etməyi  də  mümkün  sayırdılar.  S.Orconikidzeyə  “səmimi”  münasibət  bəslədiyini  nümayiş  etdirməyə

çalışan A.Mikoyan, hətta, öz oğullarından birinin adını, keçmiş rəqibinin şərəfinə, Serqo qoymuşdu.

S.Orconikidzenin  liderlik  etdiyi  yeni  alyans  L.Beriya  və  M.C.Bağırovdan,  hər  hansı səbəbdən,  narazı

qalan  şəxsləri  himayə  edərək  öz  tərəfinə  çəkir,  onları  qruplaşdırırdı.  Təsadüfi  deyildi  ki,  inciklərin  böyük

əksəriyyəti ən kritik vaxtlarda məhz S.Orconikidze və A.Mikoyana üz tutur, onlardan kömək diləyirdilər. Bu şəxslər

arasında Ə.Qarayev, H.Cəbiyev, Ə.Əzizbəyov, Q.Camalbəyov və digərləri ilə yanaşı B.Talıblı kimi şəxslər də var

idi.  20-ci  illərdə  qatı  millətçi  kimi  tanınan  sabiq  Respublika  Prokuroru  B.Talıblı  1935-ci  ildə  M.C.Bağırovun

təzyiqləri ilə üzləşən zaman məhz A.Mikoyandan yardım istəmişdi.

Mövcud vəziyyətdən sui-istifadə edən S.Orconikidze və A.Mikoyan ZÖK və AK(b) P MK rəhbərliyinə

qarşı  inciklərdən  təşkil  edilmiş  yeni  qruplaşmalar  yaradırdılar.  Kütləvi  repressiyalar  dövründə  Azərbaycanda

“əks-inqilabi  millətçi  mərkəzlərin”  mövcudluğu  barədə  irəli  sürülən  ittihamlar  üçün  əsas  rolunu  oynayan  həmin

qruplaşmaların  məqsədi,  sovet  hakimiyyətini  deyil,  L.Beriya  və  M.C.Bağırovu  devirmək  olmuşdu.  1937-ci  ildə

“əksinqilabçı-millətçi ehtiyat mərkəzinin” rəhbəri elan edilən, XDİK-nın məsul işçiləri  tərəfindən ağır işgəncələrə

məruz  qoyulan  XKŞ  sədri  H.Rəhmanov  həmin  ilin  payızında  Y.Sumbatova  yazdığı  ərizədə  qeyd  edirdi  ki,

Azərbaycan  SSR-in  rəhbər  işçiləri  qrupu,  o  cümlədən,  o,  görüşərək  Azərbaycanda  rəhbərlik  məsələsini  müzakirə

edir, rəhbərliyin (yəni Bağırovun) dəyişdirilməsi zərurətindən danışırdılar (1, v. 108).

M.C.Bağırov  əleyhinə  yönəlmiş,  tərkibində  respublikanın  bir  çox  rəhbər  işçilərini  birləşdirən

qruplaşmaya  R.Axundov,  H.Rəhmanov  və  Ə.Qarayev  rəhbərlik  edirdilər.  Qruplaşma  rəhbərliyində  birincilik

R.Axundova məxsus idi.

Artıq qeyd edildiyi kimi, R.Axundov hələ 1927-1929- cu illərdə,  M.C.Bağırovun siyasi karyerasının ən

ağır  dönəmində,  sonuncunun  ən  yaxın  tərəfdarlarından  biri  olmuşdu.  1930-  cu  ildə,  M.C.Bağırov  yenidən

Azərbaycandan kənarlaşdırılandan az sonra, R.Axundov və H.Rəhmanov da eyni ittihamla - respublika rəhbərliyinə

qarşı  qruplaşma  yaratma  ittihamı  ilə  respublikanı  tərk  etməyə  məcbur  olmuşdu.  1930-1932-ci  illərdə  Moskvada

yaşayıb - işləmək məcburiyyətində qalan M.C.Bağırov, R.Axundov və H.Rəhmanov Azərbaycana dönmək uğrunda

birgə mübarizə aparmışdılar. H.Cəbiyev 1937-ci ilə aid olan bir arayışında M.C.Bağırovun 1932-ci illərdə Moskva

həyatından  bəhs  edərək yazırdı: “...  1930-1932-ci  illərdə,  Moskvada  o,  Lominadzenin  yaxın  tərəfdarları kimi  ifşa

olunaraq  Zaqafqaziyada  işdən  azad  edilmiş  Axundov,  həmçinin,  Rəhmanovla  yaxın  əlaqələr  saxlayırdı...  Yoldaş

Bağırov Azərbaycanda, əvvəlcə, XKŞ sədri sonra AK(b)P MK katibi kimi işə başlayarkən o, Ruhulla Axundovu və

Hüseyn Rəhmanovu Azərbaycanda yüksək vəzifələrə gətirdi...” (6, v.218).

M.C.Bağırov, R.Axundov və H.Rəhmanov arasında işbirliyi və dostluq münasibətlərinin mövcud olması

barədə  digər  mənbələrdə  də  məlumatlar  vardır.  Məsələn,  R.Axundovun  yaxın  tərəfdaşlarından  biri  olan,  AK(b)

MK-nın RPO şöbəsinin gələcək müdiri, gələcək BK katibi G.Vasilkin 5 fevral 1932-ci 

il  tarixli  məktubunda  belə

yazırdı: “Çox tez-tez öz uşaqlarımızla səni, C. və H-nı xatırlayırıq, əziz Ruhulla, əgər bu  üçlükdən  Azərbaycanda

istifadə edilsə biz necə qabağa gedərik... biz səni, Cəfəri və Hüseyni təşkilatımızda görmək üçün mümkün olan hər

şeyi edirik...” (5, v.33).

Məhz bu səbəbdən də, M.C.Bağırov Azərbaycan SSR XKŞ sədri təyin edildikdən sonra R.Axundov və

H.Rəhmanovun  da  respublikaya  qayıtmasına  şərait  yaratdı.  H.Rəhmanov,  əvvəlcə,  AK(b)P  MK-nın  üçüncü  (may

1933), az sonra MK-nın ikinci katibi (sentyabr 1933), 1933-cü

ilin  dekabrında  isə  M.C.Bağırovun  əvəzinə  XKŞ

sədri oldu.



1933-cü  ilin  aprelində  Azərbaycanda  Sovet  hakimiyyətinin  13  illiyi  münasibəti  ilə  respublikanın

Qırmızı  Əmək  Bayrağı  ordeninə  layiq  görülən  16  nəfər  məsul  işçisi  arasında  R.Axundovun  da  adının  olması

təsadüfi deyildi. Heç şübhəsiz, bu addım, sonuncunun Azərbaycanda məsul vəzifəyə dönüşünü asanlaşdırmaq üçün

M.C.Bağırovun təşəbbüsü ilə atılmışdı.

R.Axundov  1933-cü  ilin  iyulunda  S.Şaumyan  adına  İnstitutda  Leninin  əsərlərinin  Azərbaycan  dilinə

tərcüməsi üzrə redaktor, 1934-cü ilin iyununda SSRİ EA-nın Azərbaycan filialının direktoru, 1936-cı ilin fevralında

isə o, əvvəlki vəzifəsini saxlamaqla, eyni zamanda, XKŞ İncəsənət İdarəsinin rəhbəri təyin edildi.

R.Axundov 1934-cü ildə BK və MK-nın, 1936-cı ildə isə ZÖK-nin üzvü seçilsə də, stalinizm şəraitində

onun bu vəzifələri formal xarakter daşıyırdı.

O zamankı respublika nomen - klatura elitası daxilində siyasi təcrübə və intellektual cəhətdən xüsusi yeri

olan,  yaxın  keçmişdə  AK(b)P  MK  katibi  və  digər  yüksək  vəzifələr  tutmuş  R.Axundova  yeni  iqtidar  tərəfindən

təqdim edilən bu vəzifələr nə onun özünü, nə də tərəfdarlarını qane etmirdi.

R.Axundov  Azərbaycanda  yüksək  partiya  postuna  iddialı  olduğu  halda  onun  respublikanın  siyasi

həyatından demək olar ki, tədric edərək, yalnız elmi-mədəni sahəyə yönəldilməsinin çox ciddi səbəbləri var idi. Bu,

ilk  növbədə,  İ.Stalinin  R.Axundova  qarşı  olan  soyuq  münasibətindən  qaynaqlanırdı.  R.Axundovun  siyasi

fəaliyyətinə  və  şəxsiyyətinə  yaxşı  bələd  olan  Baş  Katib  onu  özünün  opponentləri  sırasında  görürdü.  Hələ  20-ci

illərin sonlarından başlayaraq, İ.Stalin R.Axundovu respublikanın siyasi həyatından tədric  etmək yollarını aramış,

bu  işdə  ona  yardımçı  ola  biləcək  şəxslərə  xüsusi  tapşırıqlar  da  vermişdi.  Məsələn,  sovet  “demokratiyasından”

totalitarizmə  doğru  “əsaslı  dönüş  ili”  elan  edilən  1929-cu  ildə,  H.Cəbiyev  belə  bir  tapşırıq  almışdı.  H.Cəbiyev

1937-ci ilə aid olan bir arayışında bunları qeyd edirdi: “... 1929-cu ildə, mən, Azərbaycandakı işlər barədə yoldaş

Stalin  tərəfindən  (mənə  Nalçikdə  verilən)  tapşırıqları  -  “solçulara”,  eyni  zamanda,  R.Axundova  qarşı...,

R.Axundovun burjua “ziyalı radikalizminə” qarşı mübarizə aparmaq haqqındakı göstərişlərini Azərbaycanın partiya

təşkilatına çatdırdım...” (6, v.215).

R.Axundovun respublikanın əsas siyasi fiqurlarından birinə çevrilməsinə mane olan səbəblərdən biri də

onunla M.C.Bağırov arasında get-gedə pisləşən münasibətlər olmuşdu.  Belə ki, respublikanı birlikdə  idarə  etməyi

planlaşdıran üçlük (M.C.Bağırov, R.Axundov və H.Rəhmanov) hakimiyyət bölgüsü məsələsində ortaq məxrəcə gələ

bilməmişdilər. Buna əsas səbəb M.C.Bağırovun Azərbaycanı təkbaşına idarə etmək istəyi olmuşdu. “Triumvirat”ın

əsas üzvlərindən biri olan Rəhmanov, qısa  müddət ərzində yüksək partiya və hökumət postlarına layiq görülsə də,

əslində  o,  respublikanın  “sahibinin”  -  M.C.Bağırovun  fonunda  marginal  bir  fiqura  çevrilmişdi.  Bu  mənada,

R.Axundov  daha  ağır  vəziyyətlə  üzləşmişdi.  Xalq  Torpaq  Komissarlığının  məsul  işçisi  Qulam  Nuriyev

M.C.Bağırov  və  digərlərinin  məhkəməsi  zamanı  öz  ifadəsində  aşağıdakıları  göstərmişdi:  1936-cı  ilin  sonlarında

mən Kommunist küçəsində, AK(b) MK-nın binası yanında Ruhulla ilə rastlaşdım. O dilxor və həyacanlı idi, dedi

ki,  hansısa  məsələyə  görə  Bağırovla  mübahisə  edib,  Bağırovu  ona  görə  tənqid  edib  ki,  sonuncu  Azərbaycanı

təkbaşına idarə etmək istəyir və tamamilə, heç kimlə hesablaşmaq istəmir...” (1, v.87).

M.C.Bağırov  və  R.Axundov  arasında  “fikir  ayrılıqları”  sonuncunun  respublikaya  qayıdışından  az

sonraya  təsadüf  etmişdi. 11-12  yanvar  1934-cü  ildə  olmuş  AK(b)P-nin  XII qurultayı zamanı bu  “fikir  ayrılıqları”

özünü daha aşkar şəkildə biruzə verdi.  Qurultaydakı çıxışında  Azərbaycanda  milli  məsələnin  vəziyyətinə  toxunan

R.Axundov  onun  qeyri-qənaətbəxş  olduğunu  qeyd  etmişdi.  Milli  məsələnənin  həllində  yalnız  mədəni  quruculuq

məsələləri  ilə  kifayətlənməyin  düzgün  olmadığını  vurğulayan  R.Axundov  deyirdi:  “Biz  SSRİ-nin  geridə  qalmış

əyalətlərində  sənaye  ocaqları  yaratmalı,  geridə  qalmış  millətlərdən  özümüz  üçün  milli  proletariat  yaratmalıyıq,

iqtisadi bərabərsizliyi ləğv etməliyik...” (2, v.92).

Çıxışında İ.Stalindən iqtibas gətirən R.Axundov Ukrayna və Belorusiyadan fərqli olaraq Zaqafqaziya və

Azərbaycanda  milli  təmayülün  deyil,  hakim  millətçi  şovinizmin  əsas  təhlükə  olduğunu  və  ona  qarşı  mübarizə

aparılması  zərurətini  vurğuladı.  Türk  (Azərbaycan)  dilinin  Azərbaycan  SSR-in  dövlət  dili  elan  edilməsinə

baxmayaraq,  bu  dilin  respublikanın  dövlət  və  ictimai  təşkilatlarında,  hələ  də,  tətbiq  edilməsi  və  işlədilməsi

məsələsində  çox  ciddi  nöqsanların  olduğunu  qeyd  edən  R.Axundov  deyirdi:  “Azərbaycan  dili  mövcuddurmu?

Yoldaşlar, mən sizə deməliyəm ki, mövcud vəziyyət açıq şəkildə göstərir ki, Azərbaycan dili yoxdur” (2, v.38).

R.Axundov  respublikanın  məsul  vəzifəli  şəxslərinin  hələ  də  türk  (Azərbaycan)  dilini  bilməməsinin,

onlardan bir çoxlarının hələ də, yeni əlifba ilə yazıb-oxumağı bacarmamasını, türk qəzetlərinin köhnə əlifba ilə nəşr

edliməsinin  və  kargüzarlığın  türk  dilində  aparılmamasının  milli  məsələnin  həlli  prosesində  çox  ciddi  maneəyə

çevrildiyini göstərdi. “Bu vaxta qədər bizdə türk dilində əsl qrammatika yoxdur. İkinci beşillikdə buna yol vermək

olarmı?!  ...  ən  vacib  məsələ  terminologiyadır...  biz  türk  dilində  ucdantutma  rus  sözləri  işlədənlərə  qarşı mübarizə

aparmalıyıq...” (2, v.42).



Əlamətdar  haldır  ki,  R.Axundovun  milli  məsələ  üzrə  XII  qurultaydakı  çıxışı  onun  1923-cü  ildə  XII

Ümumbakı  partiya  konfransında  həmin  məsələyə  dair  nitqi  ilə  demək  olar  ki,  eyniyyət  təşkil  edirdi.  O  zaman

olduğu kimi, indi də, siyasi tədriclə üzləşən R.Axundov yenidən milli məsələni əlində bayraq edərək onun obyektiv

həllinə  mane  olanlara  -  respublika  rəhbərliyinə  qarşı  mübarizəyə  çağırırdı.  Bir  müddət  sonra  R.Axundovu

millətçilikdə  və  ziyankarlıqda  ittiham  edərək  məhv  edəcək  əleyhdarları onun  XII  qurultayda  milli  məsələyə  dair

çıxışından gen-bol yararlanacaqdılar.

Lakin  R.Axundovun  qeyd  olunan  nitqinə  ilk  reaksiya,  elə  qurultayın  gedişi  zamanı,  M.C.Bağırov  və

kütləvi repressiya illərində onun ən  yaxın köməkçilərindən  birinə  çevrilmiş  Orconikidze  RK  katibi  (1935-1936-cı

illərdə BK katibi) Müzəffər Nərimanov tərəfindən verilmişdi. M.Nərimanov R.Axundovun milli məsələyə dair irəli

sürdüyü  müddəaları  “səhv  və  ziyanlı  ifadələr”,  “zərərli  formullar”  kimi  dəyərləndirərək  kəskin  tənqid  etmişdi.

Mövcud  şəraitdə  sinfi  mübarizənin  daha  da  kəskinləşdiyini  qeyd  edən  M.Nərimanov  R.Axundovun  yerli

millətçiliyin  zəif  olması barədə  irəli  sürdüyü  tezisin  kökündən  yanlış  olduğunu,  “sinfi  düşmənə”  qarşı  qətiyyətlə

savaşmağın vacibliyini xüsusilə vurğulamışdı.

M.Nərimanovun  bu  çıxışının  sifarişli olması və  onun  arxasmda  məhz  M.C.Bağırovun  durmasını yaxşı

başa  düşən R.Axundov opponentinə belə cavab vermişdi: “Mən bunu yoldaş Müzəffər Nərimanovun çıxışı barədə

bəyan etmək istəyirəm. Mən inanıram ki, bu çıxış həqiqətə uyğun şəkildə yozulacaq... Mən bu çıxışı belə anlayıram

ki, burada yoldaşlar, bizim rəhbər yoldaşlar dəqiq və qeyri-dəqiq ifadələri kimisə vurmaq üçün qurdalamırlar...” (2,

v.129).


Qurultaydakı çıxışlarından  birində  M.C.Bağırov  da  milli  məsələyə  dair  öz  mülahizələrini  söyləyərək,

dolayısı ilə, M.Nərimanovun mövqeyini dəstəkləmişdi. İ.Stalinin ÜK(b)P-nin XVI qurultayında milli məsələyə dair

irəli  sürdüyü tezislərə də özünəməxsus düzəlişlər edərək Azərbaycanda  “müdafiədən  hücuma  keçməkdə  olan  türk

millətçiliyinə”, xüsusilə də, onun “partiya daxilindəki təmayüllərinə” qarşı kəskin mübarizə aparmağın vacibliyini

vurğulayan M.C.Bağırov deyirdi:  “Türk  millətçiliyinin  hər  cür  təzahürünün  od  və  qılıncla,  amansızcasına  kökünü

kəsmək, məhv etmək türk kommunistinin müqəddəs vəzifəsidir” (2, v. 167).

Heç  şübhəsiz,  M.C.Bağırovun  “türk  millətçiliyinin  partiya  daxilindəki  təmayülü”  ifadəsi  birbaşa,

R.Axundova və onunla bir sırada duranlara şamil edilirdi.

AK(b)P  XII  qurultayında  və  sonralar  ən  həssas  məsələ  olan  milli  məsələdən  ona  qarşı  bir  vasitə  kimi

isitfadə  etməyə  çalışan  siyasi  opponentlərini  tərksilah  etmək  məqsədi  ilə  M.C.Bağırov  bu  mühüm  sahədə  bir  sıra

profilaktik tədbirlər həyata keçirmişdi. Bu tədbirlər sırasında Azərbaycan dilinin statusu məsələsi ilə bağlı tədbirlər

xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, 1935-ci ilin yanvarında olmuş VIII Ümumazərbaycan Sovetlər qurultayında

respublika Konstitusiyasına edilmiş dəyişikliklər nəticəsində Azərbaycan SSR-in dövlət dili ilə əlaqədar olan 15-ci

maddə  meydana  çıxmışdı.  Həmin  maddədə  birmənalı  olaraq  qeyd  edilirdi:  “Azərbaycan  Sosialist  Sovet

Respublikasının dövlət dili türk dilidir” (7, c.24).

Daha  çox  dekorativ  xarakter  daşıyan,  eyni  zamanda,  respublikanın  yerli  əhalisi  tərəfindən  böyük  ruh

yüksəklikliyi  ilə  qarşılanan  həmin  maddə  cəmi  2  il  2  ay  qüvədə  qaldı  və  1937-ci  ilin  martında  qəbul  edilmiş

Azərbaycan SSR-in yeni Konstitusiyasından dil haqqında maddə, ümumiyyətlə, çıxarıldı.

M.C.Bağırovun  respublikadan  kənarda  yaşayan  əleyhdarlarına  Ə.Qarayev  və  M.D.Hüseynov  rəhbərlik

edirdilər. Əsasını H.Cəbiyev, M.Quliyev, İsgəndər Əliyev və digər “inciklər” təşkil edən  qruplaşmaya  bir  müddət

sonra  M.Cuvarlinski,  T.Əliyev,  Ş.Mahmudbəyov,  Əli  Məmmədov  və  Azərbaycanda  məsul  vəzifələrdən  azad

edilmiş  digər şəxslər də daxil idilər. 1933-cü ildə Qazaxıstan vilayət partiya komitəsinin birinci katibi təyin edilən

L.Mirzəyan  da  R  Axundov,  Ə.Qarayev  və  digərləri  ilə  six  əlaqələr  saxlayırdı.  H.Cəbiyev  yuxarıda  qeyd  olunan

arayışında yazırdı: “1933- cü ilin payızında  bir qrup yoldaşlarla - yoldaş  Mirzəyan və digərləri ilə, onların təkidli

tələbi ilə, onlarla birlikdə, mən, bir dəfə, evdə ağır xəstə yatan Ruhulla Axundova baş çəkdim...” (6, v.216).

Respublika  rəhbərliyinə  M.C.Bağırov  gəldikdən  sonra  L.Mirzəyanın  Azərbaycanın  kommunist

müxalifəti ilə əsasən siyasi məsələlərə həsr edilmiş bu tip görüşləri və yazışmaları daha intensiv xarakter daşıyırdı.

Əleyhdarlarının  bu  kimi  fəaliyyətlərindən  yaxşı  xəbərdar  olan  AK(b)P  MK  rəhbəri  onlara  ağır  zərbə

vurmaq  üçün  fürsət  axtarırdı.  M.C.Bağırov,  ilk  zərbəni  S.Orconikidze  tərəfindən  himayə  edilən  və  Azərbaycanın

hüdudlarından kənarda yaşayan, bu səbəbdən də, respublika rəhbərliyi üçün əsas təhlükəyə çevrilən əzəli opponenti

Ə.Qarayevə  vurmağı  planlaşdırırdı.  Ə.Qarayev  hələ  1931-ci  ildə  Gəncə  partiya  təşkilatının  rəhbərliyindən  azad

edilərək Moskvaya aparılmış, burada о əvvəlcə, Qırmızı Professorlar İnstitutunda təhsil almış, sonra ÜK(b)P  MK

yanında  Partiya  Kadrlarının  Qiyabi  Təhsili  İnstitutuna,  1934-cü  ilin  yanvarından  isə  Kominternin  İcraiyyə

Komitəsinin Şərq şöbəsinə rəhbərlik etmişdi. Bu, onun son vəzifəsi olmuşdu.

M.C.Bağırova  qarşı  mübarizədə  Ə.Qarayevin  ən  yaxın  silahdaşına  çevrilmiş  M.D.Hüseynov  isə  məhz



1933-  cü  ildə  Tacikistan  K(b)P  MK-  nın  birinci  katibi  vəzifəsindən  azad  edilərək  Moskvaya  aparılmış, burada  o,

RSFSR  Xalq  Maarif  Komissarlığının  Qeyri-rus  məktəbləri  üzrə  şöbə  müdiri  vəzifəsində  çalışmışdı.  Ə.Qarayev

kimi о da, demək olar ki, rəsmi olaraq böyük siyasətdən kənarlaşdırılaraq əsasən pedaqoji fəaliyyətlə məşğul olmaq

məcburiyyətində qalmışdı. AK(b)P və Tacikistan K(b)P-in ilk rəhbəri olmuş M.D.Hüseynov bu vəziyyətlə qətiyyən

razılaşmaq fikrində deyildi.

Ə.Qarayev  və  M.D.Hüseynovun  eyni  cəbhədə  birləşməsində  onlarla  M.C.Bağırov  arasında,  əsası hələ

20-ci illərdə qoyulmuş ədavət və soyuq münasibətlər də az rol oynamamışdı.

Beləliklə, hər iki düşərgədə həlledici toqquşmaya ciddi hazırlıq getməkdə idi.



QEYDLƏR:

1. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.44, iş 250, v.87. v.108.

2. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.74, iş 17, v.92, v.38, v.42, v.129, v.167.

3. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.74, iş 432, v.2.

4. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.74, iş 503, v.25, v.275, v.277.

5. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.122, iş 91/7, v.33.

6. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.122, iş 223, v.215.

7. Azərbaycan Respublikası SPİHMD'X: f.l, siy.122, iş 223, v.216.

8. Azərbaycan Respublikası SPİHMDA: f.l, siy.122, iş 223, v.218.

9. Конституция  (Основной  Закон)  Азербайджанской  Социалистической  Советской

Республики.  Баку: Издание  Центрального  Исполнительного  Комитета  Азербайджанской

Социалистической Советской Республики, 1935, 24 с.

10. O  культе  личности  и  его  последствиях.  Доклад  Первого  Секретаря  ЦК  КПСС  тов.

Хрущева Н.С. XX съезду ЦК КПСС, 1989, №3, с.128-170.

The nomenclature elite of Azerbaijan SSR on the eve of mass repression (1936-19^8) 

Açar sözlər: Nomenklatura elitası,siyasi qruplar,milli məsələ,”xalq düşmənləri”,kütləvi repressiyalar 

Ключевые

 слова:

 Номенклатурная

 элита,политические

 группы,


 националеный

вопрос,’’народные враги”,массовые репрессии 



Keywords: nomenclature elite,political groups,national question,’’people enemies”,mass repressions

SUMMARY

The  research  work  presented  retrospection  of  political  strug gle  in  communist  establish ment  of  the

Second Azerbaijan Republic on the eve of mass repression (1936-1938).

In  the  research,  there  is  pointed  out  dramatic  and  tragic  character  of  the  fight  for  power  between

different political groups 

Номенклатурная элита Азербайджанской ССР на кануне массовых репрессий (1936-1938)



РЕЗЮМЕ

Исследовательский  материал,  представляющий  ретроспекции  политической  борьбы  в

коммунистическом  истеблишменте  Второй  Азербайджанской  Республики  на  кануне  массовых  репрессий

(1936- 1938).

В работе отмечается драматический и трагический характер борьбы за власть между различными

политическими группами.



Yüklə 192,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə