F.
Köçərli adına
Respublika Uşaq Kitabxanası
Azərbaycan folklorunun vurğunu Firidun bəy Köçərli
Firidun bəy Köçərlinin 155 illik yubileyi münasibətilə mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana
filialları üçün hazırlanmış metodik vəsait
Bakı - 2018
2
Tərtibçi: Ruhiyyə Məmmədli
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Azərbaycan folklorunun vurğunu Firidun bəy Köçərli:
Firidun bəy Köçərlinin 155 illik yubileyi münasibətilə
mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər,
qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik
vəsait / Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi, F. Köçərli ad.Respublika Uşaq Kitabxanası ; tərt.ed.
R. Məmmədli ; ixt.red. və burax.məsul Ş. Qəmbərova ; red.
K. Ağazadə. - Bakı : F. Köçərli ad.Respublika Uşaq Kitabxanası,
2018. - 69 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Firidun bəy Köçərli Azərbaycanın tanınmış ədəbiyyatşünası,
pedaqoq və publisistidir. Onu böyüklü, kiçikli hamı sevir.
Mütəxəssislərin də təsdiqlədikləri kimi folklorşünaslığın
yaranması şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib
nəşr olunmasında Firidun bəy Köçərlinin böyük xidmətləri
olmuşdur. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün
keçmişimizi diriltdi, şairlərimizin ülvi ruhlarını canlandırdı. O,
Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə
aparmışdır. Bəli, Firidun bəy Azərbaycan folklorunun vurğunu
idi və hesab edirdi ki, xalqımız yalnız böyük keçmişindən,
soyundan-kökündən bəhrələnərək xoşbəxt gələcək qura bilər.
Odur ki, bir maarifçi kimi xalqın savadlanması yolunda əlindən
gələni edirdi. O hesab edirdi ki, xalqın müdrikliyinin, sevinc və
kədərinin, adət-ənənələrinin, parlaq şəkildə əks olunduğu bu
nağıllar, uşaq oyunları, tapmacalar, atalar sözləri, məsəllər,
yanıltmaclar, bayatılar, laylalar, oxşamalar millətin yoluna işıq
salan əbədi mayakdır. “Balalara hədiyyə” o dövrdə Azərbaycan
uşaq ədəbiyyatının inkişafında böyük hadisə idi. Bir çox
yazıçı və şairlərimiz Firidun bəyin sevə-sevə topladığı bu
folklor incilərindən ruhlanaraq, sizlər üçün gözəl-gözəl əsərlər
yaradıblar. Abdulla Şaiq, Seyid Hüseyn, Fərhad Ağazadə,
Eynəli bəy Sultanov kimi mütərəqqi ziyalılar kitabdan “vətən
qoxusunun, dağların ətrinin gəldiyini” yazır, onu “milli
duyğularımızı oyadan”, “keçmişimizi, özümüzü özümüzə
tanıdan” gözəl töhfə kimi qiymətləndirirdi. Onun uşaqlar üçün
yazdığı “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli
sərvətlərindəndir. Müəllif bu kitabda ən çox şifahi xalq
ədəbiyyatı nümunələrindən istifadə etmişdir.
Firidun bəy
Köçərlinin fikrincə,
uşaq dünyası çox zəngindir. Uşaqlarda
poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı
4
təfəkkürünə uyğundur. Uşaq ədəbiyyatı böyüməkdə olan nəslin
tərbiyəsində böyük əhəmiyyətə malikdir. Yüksək səviyyəli uşaq
əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olub. Uşaqlar
üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulmalı, coşqun və
qaynar həyatımız öz bədii inikasını tapmalıdır. Bu uşaq
yazıçılarını düşündürən aktual problemdir. Müasir dövrün indiki
mərhələsində xalqımıza kamil, şüurca yetkin insanlar daha çox
lazımdır. Belə insanların yetişdirilməsində uşaq ədəbiyyatının
misilsiz əhəmiyyəti vardır. Məhz elə buna görə də uşaq
ədəbiyyatının ideya-bədii səviyyəsinin yüksəldilməsinə həmişə
qayğı göstərilməlidir. Firidun bəy Köçərli uşaq dünyası nəsri
sahəsində səmərəli xidmət göstərən ədiblərimizdəndir. Onun
yaratdığı əsərlərə həmişə ehtiyac vardır. Qeyd edim ki,
1965-ci il yanvarın 1-dən Mədəniyyət Nazirliyinin qərarı ilə
kitabxanamız Firidun bəy Köçərlinin adını daşıyır. F. Köçərli
adına Respublika Uşaq Kitabxanası olaraq bu sahədə üzərimizə
çox mühüm vəzifələr düşür. Bizim ən ümdə vəzifəmiz böyük
ədibimizi oxucularımıza tanıtmaq, onun dəyərli əsərlərini onlara
sevdirməkdir. Çünki ulu öndər Heydər Əliyevin söylədiyi kimi
kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan
keçir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nifrət,
beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün biz kitabxanaçılar
çox çalışmalıyıq. Biz inanırıq ki, illər ötsə də hər dəfə uşaq
ədəbiyyatından söz düşəndə uşaqların da, böyüklərin də
sevimlisi Firidun bəy Köçərli hörmətlə anılacaq, yada düşəcək.
Bu il sevimli ədibimizin 155 illik yubileyi qeyd olunacaq.
Yubileylə əlaqədar hazırlanmış “Azərbaycan folklorunun
vurğunu Firidun bəy Köçərli” adlı metodik vəsaiti təqdim edirik.